- 4 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
ÍÀÊÙÆÙÛÂÀÍ ÑÒÀÒÅ ÓÍÛÂÅÐÑÛÒÉ. СЖЫЕНТЫФЫЖ WО РКС, 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ƏDƏBİYYATŞÜNASLIQ
ADİL BAĞIROV
AMEA Naxçıvan Bölməsi
e-mail: bagirovadil@yahoo.com
UOT: 82.0
BƏDİİ ƏSƏR ADLARI
Məqalə onomastik leksikanın ideonimlər qrupuna daxil olan nəzm əsərlərinin adlarının tədqiqinə həsr
olunmuşdur. Məqalədə dilimizin leksik sistemində özünəməxsus yeri və mövqeyi olan nəzm əsərlərinin adları xalq
şairi M.Araz və Naxçıvanda yaşayıb yaradan şairlərin şeir adlarından seçilmiş nümunələr əsasında
qruplaşdırılmış və təhlil edilmişdir.
Açar sözlər: poetik tapıntı, nəzm, nəsr, şeir adları, dağ adları.
Key words:
poetical finding, poetry, prose, poem names, mountain names
Ключевые слова: поетическая находка, поэзия, проза, названия стихотворений,
названия гор.
Dünyanın bütün dillərində olduğu kimi Azərbaycan dilində də bədii əsəri səciyyələndirən əsas
əlamətlərdən biri onun adı məsələsidir. İndiyə qədər çox az tədqiq olunmuş bədii əsər adları çox zəngin,
rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi
adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi
və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik
tədqiqatın daim diqqət mərkəzində olmalıdır.
Məlumdur ki, hər bir bədii əsərə janr xüsusiyyətləri, məzmunu və ümumi ruhu ilə bağlı ad
verilir. Bədii əsərə ad vermə sənətkarlıq məsələsi, yazıçı və şairin fərdi yaradıcılıq üslubunun
məhsuludur. Belə adlar asanlıqla başa gəlmir, qondarma, göydən düşmə olmur. “Ədəbiyyatşünaslıq və
ədəbi tənqid bu məsələyə nəzər yetirməsə də, heç kəs inkar etməz ki, bədii əsərin adı da özü kimi xüsusi
yaradıcılıq işidir” (4, s. 487). Bədii əsər adları yazıçı və şairin yaradıcılıq laboratoriyasında yaranır,
dəfələrlə saf-çürük edilir, bədii fikir süzgəcindən keçirilir, müəllifin qarşıya qoyduğu ideyaya uyğun
seçilir. Odur ki, bədii əsərə ad vermədə müəllif sərbəstdir. O yazdığı hər hansı şeirə, hekayəyə, povestə,
romana, poemaya ad verərkən müəyyən nəzəri prinsipləri gözləyir. A.Qurbanov yazır ki, bədii əsərə ad
vermədə aşağıdakı prinsiplərin gözlənilməsi vacib şərtlərdəndir: a) ad əsərin ideyasını özündə əks
etdirməlidir; b) ad qəliz olmamalıdır; c) ad dilimizin öz sözləri əsasında yaranmalıdır; ç) ad əsərin
mahiyyətindən doğmalıdır, qondarma olmamalıdır; d) bədii əsər adı milli xarakter daşımalıdır və s. (3, s.
440).
Təcrübə göstərir ki, hər bir yazıçı və şair yazdığı əsərə əvvəlcədən ad qoyur, yaxud yazıb
qurtardıqdan sonra ona ad verir və ya əvvəlcədən qoyduğu adı sonra dəyişə də bilir ki, bu da yaradıcılıq
iztirablarından doğan ad olur və ədəbiyyatşünaslıqda ən məqbul sayılan prinsiplərdəndir. Bu haqda
danışan Y.Seyidov yazır ki, “Əsərlərin əksəriyyətinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin
əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa
başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii və mənalı
görünür. Onlar yazıçının həmin mövzu üzrə yaradıcılıq ehtiraslarının coşduğu dövrə düşür, bədii
yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır, əslində onu axtarmaq lazım gəlmir, o, kəşf
olunur” (4, s.487).
İnsanın adı onun xarakterini ifadə etdiyi kimi əsərin adı da müəllifin ədəbi kimliyini
xarakterizə edir, onun yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin
ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır.
- 5 -
Bədii əsər nəşr olunduqdan sonra adı ilə tanınır, kataloqlarda əksini tapır. İnsan doğularkən onun adı
sənədlərdə rəsmiləşdiyi kimi, bədii əsərin də adı onun nəşrindən sonra təsdiqlənir, yazıçının tərcümeyi-
halına möhürlənir, yaddaşlara yazılır. Yazıçı yaxşı bilir ki, “oxucunun və ya tamaşaçının nəzərini birinci
növbədə, bədii əsərin adı cəlb edir. Əsərin adı oxucunu, tamaşaçını, bir növ aşağıdakı hadisələrə
hazırlayır, onda maraq oyadır. Bu cəhətdən bədii əsərin adı reklam xarakteri daşıyır. O, nə qədər
yığcam, bitkin, mənalı, əsərin məzmun və ideyasına uyğun olsa, oxucunu tamaşaçını bir o qədər də
maraqlandırar” (1, s. 168). Odur ki, hər bir müəllif çalışır ki, əsərin adı dilimizin qrammatik qanunlarına
uyğun, uğurlu, diləyatım, bədii dildə simvola çevrilə bilən, leksik-semantik cəhətdən məzmunlu, mənalı,
bitkin və diqqətəlayiq olsun.
Azərbaycan ədəbiyyatında bədii əsər adlarının fondu çox zəngindir. Bu adlar kəmiyyətcə
üstünlük təşkil edir, müxtəlif söz və söz birləşmələrindən ibarət olur, leksik tərkibinə, sintaktik
quruluşuna, xarakterik linqvistik əlamətlərinə, forma və məzmununa görə diqqəti cəlb edir.
Ədəbiyyatımızda bədii əsər adlarına nəzm əsərlərinin adları, nəsr əsərlərinin adları və dram əsərlərinin
adları daxildir. Söz yox ki, bir məqalə daxilində bədii əsər adlarını əhatə etmək, onların verilmə səbəbi,
leksik-semantik xüsusiyyətlərini təhlil etmək imkan xaricindədir. Odur ki, yazının həcmini nəzərə alaraq
nəzm əsər adlarının bəzi xarakterik xüsusiyyətləri haqda fikir və mülahizələrimizi bildirmək istəyirik.
Məlumdur ki, tarix boyu Azərbaycan dili və ədəbiyyat tarixində müxtəlif janrlarda saysız-
hesabsız poeziya nümunələri yaradılmış, hər bir əsərə bir-birindən mənalı, yadda qalan adlar verilmişdir.
Bu adlar müəllifin adına möhürlənmiş, şeirdə şairin şəxsiyyəti görünmüş, kimliyi bilinmiş, imzası
yaşamışdır. Məsələn, “Məni candan usandırdı...”, “Söz”, “Padişahi-mülk” qəzəlləri dilə gəldikdə şeir,
sənət aləminin ustadı Mövlanə Məhəmməd Füzuli, “Hayıf ki, yoxdur” dedikdə gözəllik aşiqi Molla
Pənah Vaqif, “Dağlar” dedikdə ustad sənətkar Aşıq Ələsgər, “Azərbaycan” dedikdə istedadlı şair
Səməd Vurğun, “Bakı, sabahın xeyir” dedikdə nəğməkar şair İslam Səfərli, “Vətən mənə oğul desə...”
dedikdə xalq şairi Məmməd Arazın adı yaddaşlarda əksini tapır.
Şeir adları şair təxəyyülünün məhsuludur. Odur ki, şeirə adqoyma hər bir sənətkardan işıqlı
zəka, obrazlı düşüncə, poetik duyum, az sözlə çox fikir ifadə etmək prinsipi tələb edir. Bu baxımdan
xalq şairi Məmməd Arazın şeir adları ədəbiyyata yüksək bədiilik gətirən vasitələrdən biri kimi qüvvətli
üslubi imkanlara malikdir. M.Araz şeirlərinə ad verərkən bu məsələyə yaradıcılıqla yanaşmış, hər bir
adın milli səciyyəsinə, bitkin, yığcam olmasına, konkret və dərin məna tutumuna diqqət etmişdir. Onun
şeirlərinin adı estetik məziyyətinə, məna çalarına görə oxucunu özünə çəkir. Oxucu şairin nə demək
istədiyini, şeirin nədən bəhs etdiyini şeirin adından oxuyur. Məsələn: “Bu millətin dərdi-səri”, “Ayağa
dur, Azərbaycan!”, “Ata millət, ana millət, ağlama”, “Azərbaycan-dünyam mənim”, “Vətən mənə oğul
desə...”, “Ya rəbbim, bu dünya sən quran deyil”, “Bu millətə nə verdik ki?”, “Şahım, qılıncına
söykənim”, “Məndən ötdü, qardaşıma dəydi”, “Babək qılıncı”, “Bizi Vətən çağırır” kimi şeir adları
xalqın tarixi taleyi, azadlıq uğrunda mübarizəsi ilə bağlı olduğunu diktə edir. “Ana yurdum, hər daşına
üz qoyum”, “Dağlar”, “Dağlar məni tanımadı”, “Dağlar küsüb”, “Qanadlı qayalar”, “Dağlara çağırış”,
“Həkim çay”, “Ağlayan qayalar”, “Daş qartal”, “Daş harayı”, “Murova qar yağdı”, “Qızıl qaya”,
“Məmməd Araz qayası”, “Çoban çörəyi, çoban ürəyi”, “Bu yerlər, o yerlər”, “Çinarla söhbət” kimi şeir
adlarında ana təbiətin gözəllikləri tərənnüm olunur, insana saflıq, təmizlik, gözəllik, əzəmət, vüqar verən
dağ adları sərgilənir. Şairin “Söznən zarafat eləmə”, “Artıran söz qədrini”, “Yoxdu sözüm, yoxdu daha”,
“Yoxdu” kimi şeir adlarında sözə yüksək qiymət verilir, sözün hikməti və qüdrəti oxucuya çatdırılır,
“Təəssüfə-təəssüf”, “Bu tərifə inansam”, “Qurd xasiyyəti”, “Bir natiqə tövsiyə” və s. şeir adlarında
cəmiyyətdə özünü gəstərən mənfiliklərə qarşı etiraz səsləri ucalır (2, s. 318).
Məmməd Araz şeirlərinin adı poetik tapıntıdır. Onun şeir adlarında yaradıcılıqla bərabər, elinə,
obasına, xalqına olan məhəbbəti, obrazlılıq, bədiilik əksini tapmış, şeir adları yığcam, düşünülmüş söz
və söz birləşmələri əsasında verilmişdir. Məsələn: “Yaşamağa nə var ki?”, “Mən Araz şairiyəm”, “Ad
günümə”, “Ay allah”, “Ata ocağı”, “Şuşada bir gecə”, “İnsan qayalar”, “Şöhrətə atılan güllə”,
“Yurdumuzun qızları”, “Ağarma, saçım, ağarma!”, “Nənəmin kitabı”, “Bulaq başında”, “Qonşu gəlini”,
“Səhər-səhər”, “Dənizçi”, “Kəklik”, “Ayrılıq”, “Şeirim”, “Ötən günlər”, “Durnaları dönməz oldu”, “Əl
dəydi, çaxmaq daşıyam”, “Gecə nağılı”, “Vəsiyyət”, “Haqqın yoxdu, haqqın var”, “Nə bilim” və s. kimi
şeir adlarında şair qəlbinin çırpıntıları duyulur.