Ticarət gəMİÇİLİYİ MƏCƏLLƏSİ


Gəmİ heyətİ. Gəmİ kapİtanı



Yüklə 0,87 Mb.
səhifə4/20
tarix02.01.2018
ölçüsü0,87 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Gəmİ heyətİ. Gəmİ kapİtanı


Maddə 41. Gəmi heyətinin statusu

41.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi heyətinin hüquqi statusu, həmçinin gəminin istismarında iştirak edən heyət üzvləri və gəminin heyət üzvləri ilə gəmi sahibi arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilir.

41.2. Bu Məcəllənin 41.1-ci maddəsində göstərilən münasibətlər Azərbaycan Respublikasının yurisdiksiyası şamil edilən sularda başqa dövlətin bayrağı altında üzən gəmidə yarandıqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, gəmi sahibi ilə gəmi heyəti üzvlərinin arasında bağlanmış müqavilənin şərtləri əsasında, gəminin bayrağı altında üzdüyü dövlətin qanunvericiliyi ilə tənzimlənir.

Maddə 42. Gəmi heyətinin tərkibi

42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir.

42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə bilər.

42.3. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdır.



Maddə 43. Gəmi heyətinin minimal tərkibi

Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyətinin minimal tərkibi gəminin növündən, üzdüyü rayondan və təyinatından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.



Maddə 44. Gəmi heyəti üzvlərinin ixtisaslarına olan tələblər

44.1. Gəmi heyəti üzvlərinin vəzifələrini tutmağa müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən gəmi heyəti üzvlərinə sertifikat (diplom) verilməsi haqqında əsasnamə ilə müəyyən edilmiş qaydada sertifikat (diplom) almış şəxslər burxılır.

44.2. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) gəmi heyəti üzvlərinə, onlar gəmidə əmək stajına, yaşa, sağlamlığın vəziyyətinə, peşə hazırlığına dair tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması nəticələrinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

44.3. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) belə sertifikatların (diplomların) müəyyən edilmiş tələblərə uyğun verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir.

44.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin vurulması təhlükəsi yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onların qüvvədə olmasını dayandıra bilər.

44.5. Təsdiqlənmiş sertifikatın (diplomun) qüvvədəolma müddəti bitdikdə, o geri götürüldükdə, ləğv edildikdə, yaxud qüvvədəolma müddəti dayandırıldıqda bu Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuş təsdiqnamə qüvvəsini itirir.



Maddə 45. Gəmi heyəti üzvlərinin sağlamlığına dair tələblər

Gəmidə işləməyə, belə işə sağlamlığının yararlığını təsdiqləyən sertifikatı olan şəxslər buraxılır. Sertifikatın forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 46. Gəmi heyəti üzvlərinin vətəndaşlığı

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin gəmi heyətinin tərkibinə, gəmi kapitanı, gəmi kapitanının böyük köməkçisi, böyük mexanik və radiomütəxəssis vəzifələri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil edilə bilər.



Maddə 47. Gəmidə əmək münasibətləri

47.1. Gəmi heyəti üzvlərinin əmək münasibətləri, o cümlədən onların işəgötürmə müqavilələri işdən kənarda əmək fəaliyyəti ilə bağlı münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Məcəllə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsi ilə tənzimlənir.

47.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 48. Gəmi sahibinin vəzifələri

48.1. Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir:

48.1.1. təhlükəsiz əmək şəraitini;

48.1.2. sağlamlıqlarının mühafizəsini;

48.1.3. xilasetmə vasitələrinin mövcudluğunu;

48.1.4. fasiləsiz olaraq ərzaq və su təchizatını;

48.1.5. müvafiq iş və istirahət yerlərini;

48.1.6. mədəni və məişət şəraitini.

48.2. Gəmi sahibi və/və ya gəmi mülkiyyətçisi aşağıdakıları sığortalamağa borcludur:

48.2.1. gəmi heyəti üzvlərinin əmək haqlarını və onlara çatacaq digər məbləğləri, o cümlədən repatriasiya xərclərini;

48.2.2. gəmi heyəti üzvləri əmək funksiyalarını yerinə yetirərkən onların həyat və sağlamlıqlarını.

Maddə 49. Gəminin idarə olunması və gəmi kapitanının digər vəzifələri

Gəmi kapitanına gəmini idarə etmək, o cümlədən gəminin səfərə çıxmasını və səfərdə təhlükəsizliyini təmin etmək, dəniz mühitini mühafizə etmək, gəmidə nizam-intizamı saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının alınmasını təmin etmək üçün tədbirlərin görülməsi həvalə olunur.



Maddə 50. Gəmi kapitanının dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərmək vəzifəsi

50.1. Gəmi kapitanı öz gəmisinə və onda olan şəxslər üçün ciddi təhlükə yaratmamaq şərti ilə dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərməyə borcludur.

50.2. Bu Məcəllənin 50.1-ci maddəsində göstərilən vəzifəsinin pozulmasına görə gəmi kapitanı Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

Maddə 51. Gəmilərin toqquşmasından sonra gəmi kapitanının yardım göstərmək vəzifəsi

51.1. Gəmilər toqquşduqda, toqquşan gəmilərin kapitanlarının hər biri, əgər bu onun sərnişinlərinə, gəmi heyəti üzvlərinə və gəmisinə ciddi təhlükə yaratmırsa, toqquşmadan dərhal sonra digər gəmiyə, onun sərnişinlərinə və gəmi heyəti üzvlərinə yardım göstərməyə borcludur.

51.2. Gəmi kapitanları, əgər bu mümkündürsə, öz gəmilərinin adlarını, qeydiyyata alındıqları limanların, habelə səfərə çıxdıqları və təyinat limanlarının və ya daxil olacaqları yaxın limanların adını bir birlərinə xəbər verməyə borcludurlar.

51.3. Gəmi kapitanı tərəfindən bu Məcəllənin 51.1. və 51.2-ci maddələrində göstərilən vəzifələrin pozulmasına görə gəmi sahibi məsuliyyət daşımır.



Maddə 52. Gəmi kapitanının təcili tibbi yardım göstərmək vəzifəsi

52.1. Gəminin dənizdə olma müddətində gəmidə olan şəxsin göstərilməsi mümkün olmayan təcili tibbi yardıma ehtiyacı varsa, gəmi kapitanı gəmi sahibinə xəbər verməklə yaxındakı limana daxil olmağa və ya həmin şəxsi yaxındakı limana çatdırmaq üçün tədbirlər görməyə borcludur.

52.2. Gəmi xarici limana daxil olduqda və ya həmin şəxs xarici limana çatdırıldıqda gəmi kapitanı Azərbaycan Respublikasının səfirliyini və ya konsulluq idarəsini bu barədə məlumatlandırmalıdır.

Maddə 53. Hərbi əməliyyat halında və hərbi təhlükə olan digər hallarda gəmi kapitanının vəzifəsi

Gəminin səfərə çıxma və ya təyinat limanlarının yerləşdikləri rayonda, gəminin keçəcəyi rayonda hərbi əməliyyatlar aparıldıqda, habelə hərbi təhlükə olan digər hallarda gəmi kapitanı gəminin, gəmidə olan insanların, sənədlərin, yüklərin və digər əmlakın məhv olunmasının, zədələnməsinin və zəbt olunmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur.



Maddə 54. Gəmi heyətinin gəmini tərk etməsi

54.1. Gəmi kapitanının fikrincə gəmi məhv olmaq qarşısındadırsa, gəmi kapitanı sərnişinlərin xilas edilməsi üçün bütün tədbirləri gördükdən sonra gəmi heyətinin üzvlərinə gəmini tərk etməyə icazə verir.

54.2. Gəmi kapitanı gəmi, radio və maşın jurnallarının, habelə səfərə aid olan xəritələrin, naviqasiya cihazları lentlərinin, sənədlərin və qiymətli əşyaların xilası üçün bütün mümkün tədbirləri gördükdən sonra, gəmini sonuncu olaraq tərk edir.

54.3. Gəmi məhv olduqda, gəmi heyətinin hansı dövlətin ərazisinə çatdırılmasından asılı olmayaraq, gəmi kapitanı gəmi heyətinə münasibətdə hüquqlarını saxlayır və öz vəzifələrini icra edir.



Maddə 55. Gəmidə nizam-intizamın saxlanılması

Gəmidə nizam-intizamın təmin olunması Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.



Maddə 56. Gəmi kapitanı təhqiqat orqanı kimi

Səfərə çıxmış gəmidə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildikdə, gəmi kapitanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, təhqiqat orqanının funksiyalarını yerinə yetirir.



Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm baş verdikdə gəmi kapitanının vəzifələri

57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. Gəmi kapitanının təsdiq etdiyi vəsiyyətnamə notariat qaydasında təsdiq edilən sənədlərə bərabər tutulur.

57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında müvafiq qeyd aparmalıdır.

57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini və ya həyat yoldaşını məlumatlandırmağa və onun cənazəsini vətəninə göndərmək üçün tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə olması zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni dəniz adətlərinə uyğun olaraq dənizə tapşırmaq hüququ vardır.

57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib edilməsini və saxlanmasını təmin edir.

Maddə 58. Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi kimi

Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin digər nümayəndələri olmadığı halda gəminin, yükün və ya icra edilən səfərin ehtiyacları üçün zəruri olan əqdlərə, habelə ona tapşırılmış əmlaka dair iddialara münasibətdə gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi hesab edilir.



Maddə 59. Səfəri davam etdirmək üçün təcili maddi tələbat

59.1. Səfəri davam etdirmək, xüsusilə gəminin təmiri və ya gəmi heyətinin saxlanılması, səfər zamanı təcili maddi tələbat yarandıqda və gəmi sahibindən sərəncam almaq üçün imkan və ya vaxt olmadıqda, gəmi kapitanının səfəri davam etdirmək üçün ona tapşırılmış zəruri olmayan əmlakın bir hissəsini satmaq hüququ vardır.

59.2. Səfəri davam etdirmək üçün vəsaitin əldə edilməsinin gəmi sahibi və yük sahibi üçün ən az zərər verən üsulu seçmək gəmi kapitanının borcudur.

59.3. Yükün satılması ilə əlaqədar zərərə ümumi qəza əlamətlərinin şamil edildiyi və ya yükün satılması yalnız yükün mənafeyi naminə həyata keçirildiyi hallar istisna olmaqla, gəmi sahibi satılmış yükün dəyərini onun sahibinə ödəyir.



Maddə 60. Gəmi kapitanının vəzifələrinin gəmi kapitanının böyük köməkçisinə həvalə edilməsi

Gəmi kapitanının ölümü, xəstəliyi halında və ya xidməti vəzifələrini yerinə yetirməyə mane olan digər səbəb olduqda, gəmi sahibinin sərəncamı alınana qədər gəmi kapitanının vəzifələri gəmi kapitanının böyük köməkçisinə həvalə edilir.

V fəsil


: mecelleler -> doc
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
doc -> Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikası Prezidentinin Fərmanı
doc -> Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ
doc -> Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə