Ticarət gəMİÇİLİYİ MƏCƏLLƏSİ



Yüklə 0,87 Mb.
səhifə7/20
tarix02.01.2018
ölçüsü0,87 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Dənİzdə batmış əmlak


Maddə 82. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq dairəsi

82.1. Bu fəsildə müəyyən edilmiş qaydalar Azərbaycan Respublikasının yurisdiksiyası şamil edilən sularda batmış əmlakın qaldırılmasına, uzaqlaşdırılmasına və məhv edilməsinə tətbiq edilir.

82.2. Qəzaya uğramış gəmilər, onların qırıqları, avadanlığı, yükləri və digər predmetlər su səthində və ya altında olmasından, su dibinə çökməsindən, habelə dayaz yerə və ya sahilə atılmasından asılı olmayaraq, dənizdə batmış əmlaka aiddir.

82.3. Bu fəslin qaydaları aşağıdakılara tətbiq edilmir:

82.3.1. dənizdə batmış hərbi əmlakın qaldırılmasına, uzaqlaşdırılmasına və məhv edilməsinə;

82.3.2. mədəniyyət xarakterli, arxeoloji və ya tarixi əhəmiyyətli əmlak suyun dibindədirsə, belə əmlakın qaldırılmasına.

82.4. Bu Məcəllənin 20-ci fəslində müəyyənləşdirilmiş qaydalara uyğun olaraq dənizdə batmış əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi xilasetmə əməliyyatı olduqda, bu fəsildə müəyyən edilmiş qaydalardan asılı olmayaraq, xilas edənlər üçün nəzərdə tutulmuş mükafatlandırma və xüsusi kompensasiya qaydaları tətbiq olunur.

Maddə 83. Dənizdə batmış əmlakın mülkiyyətçisi

83.1. Dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakı qaldırmaq niyyətindədirsə o, əmlakın batdığı gündən bir il ərzində, bu barədə ən yaxın dəniz limanının kapitanına məlumat verməlidir.

83.2. Dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması barədə əmlak mülkiyyətçisinin ərizəsinə bir ay ərzində baxır və həmin əmlakın qaldırılması qaydasını, bunun üçün zəruri olan müddəti (bir ildən az olmamaq şərti ilə) müəyyən edir.

83.3. Dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyi üçün ciddi və bilavasitə təhlükə və ya dəniz mühitinə əhəmiyyətli dərəcədə zərərvurma təhlükəsi yaradırsa, yaxud su bioloji ehtiyatlarının ovuna, limanın fəaliyyətinə və limanda işlərin aparılmasına (hidrotexniki və digər işlər) xeyli maneə yaradırsa, həmin əmlakın mülkiyyətçisi dəniz limanı kapitanının tələbi ilə və onun müəyyən etdiyi müddətdə dənizdə batmış əmlakı qaldırmalı və zəruri olan hallarda onu uzaqlaşdırmalı və ya məhv etməlidir.

83.4. Dənizdə batmış əmlakın mülkiyyətçisi məlum olmadıqda, dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması üçün müəyyən edilmiş müddət barəsində informasiya bülletenində məlumat verir. Dənizdə batmış gəminin bayrağı məlum olduqda, dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanına bu barədə bildiriş göndərir.

83.5. Əgər dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakın qaldırılması bərədə ərizə verməyibsə və ya bu Məcəllənin 83.2-ci maddəsinə uyğun olaraq təyin edilmiş müddətdə əmlakı qaldırmayıbsa, dənizdə batmış əmlaka mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilir.

83.6. Bu Məcəllənin 84-cü maddəsinə əsasən dənizdə batmış əmlak, əgər əmlakın qaldırılmasından bir ildən artıq müddət keçməyibsə, dənizdə batmış əmlakın qaldırılmasına sərf edilən və bununla bağlı aparılan digər xərclərin ödənilməsi şərti ilə qaldırılmış əmlakın mülkiyyətçisi tərəfindən geri tələb edilə bilər.

Maddə 84. Dənizdə batmış əmlakın liman hakimiyyət orqanları tərəfindən qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi

84.1. Liman hakimiyyət orqanları aşağıdakı hallarda dənizdə batmış əmlakı qaldıra və zərurət yarandıqda isə uzaqlaşdıra və ya məhv edə bilər:

84.1.1. dənizdə batmış əmlakın mülkiyyətçisi müəyyənləşdirilmədikdə və ya o, dənizdə batmış əmlakı qaldırmayıb, uzaqlaşdırmayıb və ya məhv etmədikdə onda dənizdə batmış əmlakın mülkiyyətçisi bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri həyata keçirməlidir;

84.1.2. dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyinə və ya dəniz mühitinə xeyli zərərin vurulmasına bilavasitə təhlükə yaratdıqda, su bioloji ehtiyatlarının ovuna, hidrotexniki və digər işlərin aparılmasına maneə yaratdıqda;

84.1.3. kifayət qədər əsas olduqda dənizdə batmış əmlakın mülkiyyətçisinə həmin əmlakı öz vasitələri və ya müvafiq təşkilatların vasitələri ilə qaldırmağa, uzaqlaşdırmağa və ya məhv etməyə icazə verilmədikdə.

84.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dənizdə batmış əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi belə əmlakın məlum olan mülkiyyətçisinin hesabına həyata keçirilir.



Maddə 85. Liman hakimiyyət orqanlarının çəkdiyi xərclərin əvəzinin ödənilməsi

Dənizdə batmış əmlakın bu Məcəllənin 84.1-ci maddəsinə müvafiq olaraq qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı liman hakimiyyət orqanlarının çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə dair tələbin həmin əmlaka yönəldilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən həyata keçirilir.



Maddə 86. Dənizdə batmış əmlakın təsadüfi qaldırılması

Dənizdə batmış əmlakın təsadüfi qaldırılmasından əmələ gələn hüquq münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

VIII fəsil

Dənİzlə yük daşınması müqavİləsİ


Maddə 87. Dənizlə yük daşınması müqaviləsinin tərifi

87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının, yükgöndərənin ona verdiyi və ya verəcəyi yükü təyinat limanına daşımağı və yükün alınmasına vəkil edilən şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən və ya fraxtedən isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində istənilən müqavilədir.

87.2. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament və ya digər yazılı sübutlarla təsdiq edilir.

87.3. Dənizlə yük daşınması müqaviləsi bağlana bilər:

87.3.1. dənizlə yük daşınması üçün bütün gəminin, onun bir hissəsinin və ya müəyyən gəmi yerlərinin verilməsi şərti ilə (çarter);

87.3.2. belə şərt olmadan.

87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsini yükgöndərənlə və ya fraxtedənlə və ya onun adından belə müqaviləni bağlamış olan şəxsdir. Faktiki daşıyıcı - daşıyıcının yükün daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi hər hansı bir şəxsdir, o cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir digər şəxsdir.

87.5. Fraxtedən bu Məcəllənin 87.3.1-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsini bağlamış şəxsdir.

87.6. Yükgöndərən bu Məcəllənin 87.3.2-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsini bağlayan, habelə daşıyıcıya yükü öz adından təhvil verən istənilən şəxsdir.

87.7. Tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmadıqda, bu fəsildə müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. Bu fəsildə birbaşa göstərilmiş hallarda tərəflərin razılaşması bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olmadıqda əhəmiyyətsizdir.



Maddə 88. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə

88.1. Dənizlə yükün müntəzəm daşımaları həyata keçirildikdə, daşıyıcı və yük sahibi dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə bağlaya bilərlər. Dənizlə yüklərin daşınması haqqında uzunmüddətli müqavilə bağlandıqda, yükün konkret partiyalarının daşınması belə müqavilə əsasında bağlanmış dənizlə yük daşınması müqaviləsinə əsasən həyata keçirilir.

88.2. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilədə yükün daşınmasının razılaşdırılmış şərtləri, əgər tərəflər başqası barədə razılığa gəlməyibsə, dənizlə yük daşınması müqaviləsinə daxil olunmuş hesab edilir.

88.3. Dənizlə yük daşınması müqaviləsinin şərtləri dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilənin şərtlərinə zidd olduqda, dənizlə yük daşınması müqaviləsinin şərtləri tətbiq edilir.

88.4. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilənin konosamentə daxil edilməmiş şərtləri, əgər üçüncü şəxs fraxtedən deyilsə, onun üçün məcburi xarakter daşımır.

Maddə 89. Yüklərin daşınma üçün qəbulunun müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması

89.1. Hərəkətdə fasilənin yaranmasına səbəb olan təbii fəlakət, qəzaya uğrama və ya qəza hallarında, habelə karantin elan edildikdə, liman hakimiyyət orqanlarının sərəncamı ilə dərhal müvafiq icra hakimiyyəti orqanı məlumatlandırılmaqla, yüklərin qəbulu müvəqqəti dayandırıla və ya məhdudlaşdırıla bilər.

89.2. Yüklərin qəbulunun müvəqqəti dayandırılmasının və ya məhdudlaşdırılmasının müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yüklərin qəbulunun müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması barədə liman hakimiyyət orqanları yükgöndərənləri və digər maraqlı şəxsləri dərhal xəbərdar edir.

Maddə 90. Çarterin (reys çarterinin) məzmunu

Çarterə (reys çarterinə) tərəflərin və gəminin adı, yükün növü və çeşidi barəsində məlumat, fraxtın məbləği, yükvurma yerinin adı, gəminin göndərildiyi yerin və ya təyinat yerinin adı daxil edilməlidir. Tərəflərin razılaşması əsasında çarterə digər şərtlər və qeyd-şərtlər daxil edilə bilər. Çarter daşıyıcı və fraxtedən və ya onların nümayəndələri tərəfindən imzalanır.



Maddə 91. Çarterin və konosamentin qarşılıqlı əlaqəsi

Daşıyıcı və dənizlə yük daşınması müqaviləsinin tərəfi olmayan yükalan arasında münasibətlər konosament ilə müəyyənləşdirilir. Konosamentdə yükalana istinad edildikdə, onun üçün çarterin şərtləri məcburidir.



Maddə 92. Çarter üzrə hüququn güzəşt edilməsi

92.1. Çarter üzrə yük daşınanda fraxtedənin daşıyıcının razılığı ilə, dənizlə yük daşınması müqaviləsinə dair hüquqlarını üçüncü şəxslərə güzəşt etmək hüququ vardır.

92.2. Fraxtedən, habelə onun hüquqlarının güzəşt edildiyi üçüncü şəxs dənizlə yük daşınması müqaviləsinin yerinə yetirilməsinə görə daşıyıcı qarşısında birgə məsuliyyət daşıyırlar.

Maddə 93. Gəminin səfərə hazırlanması

93.1. Daşıyıcı gəmini səfərə çıxmaq üçün yararlı vəziyyətdə verməyə - onun dəniz üzgüçülüyünə texniki yararlığını təmin etməyə, gəmini lazımi qaydada təchiz etməyə, gəmi heyəti ilə komplektləşdirməyə, habelə anbarları və gəmidə yüklərin daşınması üçün nəzərdə tutulan digər yerləri yükün lazımi qəbulunu, daşınmasını və saxlanılmasını təmin edən vəziyyətə gətirməyə borcludur.

93.2. Gəminin səfərə yararsız vəziyyətinin, lazımi qayğı göstərilməsinə baxmayaraq zahirən görünməyən qüsurlardan irəli gəldiyi sübut olunarsa, daşıyıcı gəminin səfərə yararsız vəziyyətinə görə məsuliyyət daşımır.

Maddə 94. Gəminin dəyişdirilməsi

Əgər yük müəyyən gəmidə daşınmalıdırsa, yükün digər gəmiyə vurulması, yükvurma əməliyyatı başlandıqdan sonra yaranan texniki zərurət nəticəsində yükün yenidən vurulması halları istisna olmaqla, yalnız fraxtedənin və ya yükgöndərənin razılığı əsasında həyata keçirilə bilər.



Maddə 95. Yükvurma limanı və yeri

95.1. Daşıyıcı gəmini çarterdə göstərilmiş və ya çarterin şərtlərinə uyğun olaraq fraxtedənin göstərdiyi dəniz limanına verməlidir. Fraxtedən təhlükəsiz yükvurma limanını göstərməyə borcludur.

95.2. Fraxtedən yükvurma limanını göstərmədikdə, düzgün göstərmədikdə və ya təhlükəsiz olmayan yükvurma limanını göstərdikdə, daşıyıcı dənizlə yük daşınması müqaviləsinin icrasından imtina edə və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

95.3. Yük çarter üzrə daşındıqda daşıyıcı gəmini fraxtedənin göstərdiyi yükvurma yerinə verməyə borcludur. Yükvurma yeri yükvurma üçün təhlükəsiz və yararlı olmalıdır.

95.4. Xətti daşımalar həyata keçirildikdə yükvurma yerini daşıyıcı müəyyən edir.

Maddə 96. Gəminin verilməsi

96.1. Çarterdə nəzərdə tutulmuş vaxtda gəmi verilmədikdə, fraxtedənin dənizlə yük daşınması müqaviləsindən imtina etmək və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

96.2. Gəmi yükvurma limanında və ya adətən həmin limanda gözləmə üçün nəzərdə tutulmuş yerlərdə olduqda, çarter üzrə daşıyıcı fraxtedənə və ya yükgöndərənə yazılı bildiriş verməlidir. Bildirişin verilmə günü və saatı tərəflərin razılaşması əsasında, belə razılaşma olmadığı halda isə həmin limanın adətləri ilə müəyyən edilir.

Maddə 97. Staliya vaxtı

97.1. Daşıyıcının gəmini yükvurma üçün verdiyi və fraxta əlavə ödənişlər edilmədən yükvurma altında saxladığı müddət (staliya vaxtı) tərəflərin razılaşması, belə razılaşma olmadıqda isə yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir.

97.2. Staliya vaxtının başlanması tərəflərin razılaşması əsasında müəyyən edilir. Staliya vaxtı iş günləri, saat və dəqiqələrlə hesablanır.

97.3. Yükgöndərəndən asılı olan səbəblərə görə, habelə gəmiyə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanılmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil edilmir. Fraxtedəndən asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil edilir.

97.4. Yükvurma staliya vaxtının axımının başlanmasından əvvəl başladıqda yükvurma üçün istifadə edilmiş faktiki vaxt staliya vaxtına daxil edilir.

97.5. Bu Məcəllənin 97.1-97.4-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir.



Maddə 98. Kontrstaliya vaxtı

98.1. Tərəflərin razılaşması ilə staliya vaxtı bitdikdən sonra əlavə gözləmə vaxtı (kontrstaliya vaxtı) müəyyən edilə bilər. Tərəflərin razılaşması olmadıqda, kontrstaliya vaxtı yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir.

98.2. Kontrstaliya vaxtı təqvim günləri, saat və dəqiqələrlə hesablanır.

98.3. Kontrstaliya vaxtına istirahət günləri, dəniz limanında iş günü hesab edilməyən, rəsmi qaydada müəyyən edilmiş səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmada yaranan fasilələr daxil edilir. Daşıyıcıdan asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt kontrstaliya vaxtına daxil edilmir.28

98.4. Bu Məcəllənin 98.1-98.3-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir.

Maddə 99. Kontrstaliya vaxtına görə haqq

Gəminin kontrstaliya vaxtında boşdayanmasına görə daşıyıcıya çatacaq haqqın (demerec) miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir. Tərəflər arasında belə razılaşma olmadıqda gəminin boşdayanmasına görə haqq gəminin və gəmi heyətinin saxlanması xərcləri ilə müəyyənləşdirilir.



Maddə 100. Yükvurmanın vaxtından əvvəl qurtarmasına görə mükafat

Tərəflərin razılaşması ilə yükvurmanın staliya vaxtının bitməsindən tez başa çatdırılmasına görə fraxtedən üçün mükafat (dispaç) müəyyən edilə bilər.



Maddə 101. Kontrstaliya vaxtı başa çatdıqda daşıyıcının gəmini səfərə göndərmək hüququ

101.1. Kontrstaliya vaxtı başa çatdıqda, daşıyıcıdan asılı olmayan səbəblərə görə şərtləşdirilmiş yük bütünlüklə gəmiyə vurulmadığı halda belə, daşıyıcının gəmini səfərə göndərmək hüququ var. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.

101.2. Yükün daşınması üçün bütün gəmi verildikdə və staliya və ya kontrstaliya vaxtı barədə razılaşma olduqda, daşıyıcı həmin vaxt bitənədək gətirilmiş yükün qəbulundan, yükün qəbulu və yerləşdirilməsi gəmini müəyyən edilmiş müddətdən artıq saxlasa belə, imtina edə bilməz.

101.3. Yükün daşınması üçün bütün gəmi verilməyəndə və staliya və ya kontrstaliya vaxtı barədə razılaşma olduqda, daşıyıcının həmin vaxt bitənədək təqdim edilmiş yükün qəbulundan, yükün gec təqdim edilməsi nəticəsində yalnız gəmini ləngitməklə onu gəmiyə lazımi şəkildə və başqa yüklərə zərər vurmadan yükləmək mümkün olduqda, imtina etmək hüququ vardır. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.



Maddə 102. Gəminin ləngidilməsinə görə vurulan zərərin əvəzinin ödənilməsi

Gəminin ləngidilməsi daşıyıcıdan asılı olmayan səbəblərdən baş veribsə, gəminin kontrstaliya vaxtından artıq ləngidilməsinə görə fraxtedən daşıyıcıya vurulan zərərin əvəzini ödəməyə borcludur.



Maddə 103. Fraxtedənin tələbi ilə gəminin səfərə vaxtından əvvəl göndərilməsi

Fraxtedənə daşıma üçün bütün gəmi verildikdə, daşıyıcı fraxtedənin tələbi ilə, hətta yükün hamısı gəmiyə vurulmadıqda belə, gəmini səfərə yola salmalıdır. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.



Maddə 104. Kənar yükün gəmidən boşaldılması

104.1. Yükün daşınması üçün bütün gəmi, onun bir hissəsi və ya müəyyən yerləri verildikdə, yükgöndərən kənar yükün gəmidən, onun bir hissəsindən və ya müəyyən yerlərindən gəminin yola salındığı limanda, daşıma üçün bütün gəmi verildikdə isə gəminin daxil olduğu istənilən limanda boşaldılmasını tələb edə bilər.

104.2. Kənar yük gəmidən, onun bir hissəsindən və ya müəyyən yerlərindən vaxtında boşaldılmasa, fraxtedən fraxtın müvafiq surətdə azaldılmasını və fraxtedənə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Maddə 105. Göyərtə yükü

105.1. Daşıyıcı yükü göyərtədə yalnız daşıyıcı ilə yükgöndərən arasında razılaşmaya əsasən daşıya bilər.

105.2. Yükün göyərtədə daşınması barədə daşıyıcı və yükgöndərən arasında razılaşma olduqda, daşıyıcı bu barədə konosamentdə və ya dənizlə yük daşınması müqaviləsinin olmasını təsdiq edən digər sənəddə qeyd aparmalıdır. Belə qeyd olmadıqda daşıyıcı yükün göyərtədə daşınması barədə yükgöndərənlə razılaşmaya gəldiklərini sübut etməlidir. Lakin daşıyıcı konosamenti vicdanla əldə edən şəxsə, o cümlədən yükalana münasibətdə belə üçüncü şəxsə münasibətdə razılaşmaya istinad edə bilməz.

105.3. Yükün göyərtədə daşınması bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirildikdə və ya bu Məcəllənin 105.2-ci maddəsinə müvafiq olaraq daşıyıcı yükün göyərtədə daşınması barədə razılaşmaya istinad edə bilmədikdə, daşıyıcı bu Məcəllənin 130-cu maddəsində müəyyənləşdirilmiş qaydalara baxmayaraq, yükün yalnız göyərtədə daşınması nəticəsində yükün itirilməsinə, zədələnməsinə və ya onun çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır. Daşıyıcının məsuliyyətinin hüdudları, şəraitdən asılı olaraq, bu Məcəllənin 132-ci və ya 134-cü maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq müəyyənləşdirilir.

105.4. Yükün anbarda daşınması barədə razılaşma olduqda, yükün göyərtədə daşınması daşıyıcının bu Məcəllənin 134-cü maddəsinə uyğun olaraq məsuliyyətinin məhdudlaşdırılması hüququnun itirilməsinə gətirib çıxaran daşıyıcının hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilir.

Maddə 106. Yükün qablaşdırılması və markalanması

106.1. Daşıma və yenidən yükləmə zamanı yükün tam saxlanılmasını təmin etmək üçün tarada daşınmalı və (və ya) qablaşdırılmalı olan yüklər daşımaya lazımi tara və (və ya) qablaşdırma vasitələrində təqdim edilməlidir.

106.2. Yükgöndərən yükü lazımi qaydada markalamalı və yük barəsində daşıyıcıya bütün zəruri məlumatları təqdim etməlidir. Yük xüsusi rəftar tələb etdiyi halda, yükgöndərən daşıyıcını yükün xüsusiyyətləri və onunla rəftarın qaydası barədə məlumatlandırmalıdır.

Maddə 107. Yükün dəyişdirilməsi

Növü və çeşidi çarterdə müəyyən edilmiş yük digər növ yükə yalnız daşıyıcının razılığı ilə dəyişdirilə bilər.



Maddə 108. Yükə aid sənədlər

Yükgöndərən liman, gömrük, sanitar və digər inzibati qaydalara müvafiq olaraq yük barədə tələb olunan bütün sənədləri vaxtında daşıyıcıya verməlidir və belə sənədlərin vaxtında verilməməsi, düzgün olmaması və ya tam tərtib edilməməsi nəticəsində vurulan zərərə görə daşıyıcı qarşısında məsuliyyət daşıyır.



Maddə 109. Konosamentin verilməsi

109.1. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğunu, yükün daşıyıcı tərəfindən qəbul edilməsini və vurulmasını təsdiqləyən və müqabilində daşıyıcının yükü təhvil vermək öhdəliyini üzərinə götürdüyü sənəd konosamentdir.

109.2. Konosament yük daşınma üçün qəbul edildikdən sonra verilir.

109.3. Yükgöndərən daşıyıcıya konosamentə daxil etmək üçün təqdim etdiyi məlumatların düzgünlüyünə təminat verir və belə məlumatların düzgün olmaması nəticəsində daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyır.

109.4. Daşıyıcının zərərin əvəzinin ödənilməsinə olan hüququ dənizlə yük daşınması müqaviləsi üzrə daşıyıcının yükgöndərən olmayan hər hansı bir üçüncü şəxs qarşısında məsuliyyətini aradan qaldırmır.

Maddə 110. Konosamentin əvəzinə digər sənədin verilməsi

Konosamentin əvəzinə dəniz qaiməsi və ya yükün daşınma üçün qəbul edilməsini təsdiqləyən digər sənəd verilə bilər. Daşıyıcı konosamenti olmayan yükün daşınma üçün qəbul edilməsini təsdiqləyən digər sənəd verdikdə, belə sənəd dənizlə yük daşınması müqaviləsinin bağlanmasının və yükün həmin sənəddə göstərildiyi kimi daşıyıcı tərəfindən qəbulunun sübutudur.



Maddə 111. Konosamentin məzmunu

111.1. Konosamentə aşağıdakı məlumatlar daxil edilməlidir:

111.1.1. daşıyıcının adı;

111.1.2. dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq yükvurma limanının adı və yükün daşınmaq üçün qəbul edildiyi tarix;

111.1.3. yükgöndərənin adı və olduğu yer;

111.1.4. dənizlə yük daşınması müqaviləsinə əsasən təyinat limanının adı;

111.1.5. yükalanın adı, əgər yükgöndərən tərəfindən göstərilibsə;

111.1.6. yükün adı, yükün identifikasiyası üçün lazım olan əsas markalar, müvafiq hallarda yükün təhlükəli xarakterinə və ya xüsusi xassələrinə dair göstəriş, yerlərin və ya predmetlərin sayı, yükün çəkisi və ya digər üsulla qeyd edilmiş miqdarı. Bu halda bütün məlumatlar yükgöndərənin təqdim etdiyi kimi qeyd edilir;

111.1.7. yükün və onun qablaşdırılmasının xarici vəziyyəti;

111.1.8. yükalan tərəfindən ödəniləcək fraxtın məbləği və ya fraxtın onun tərəfindən ödənilməsinə dair digər göstəriş;

111.1.9. konosamentin verildiyi yer və tarix;

111.1.10. konosamentin əsl nüsxələrinin sayı, əgər onların sayı birdən artıqdırsa;

111.1.11. daşıyıcının və ya onun adından hərəkət edən şəxsin imzası.

111.2. Tərəflərin razılaşması ilə konosamentə digər məlumatlar və qeyd-şərtlər əlavə edilə bilər.

111.3. Gəmi kapitanı tərəfindən imzalanmış konosament daşıyıcının adından imzalanmış hesab edilir.

Maddə 112. Konosamentdə qeyd-şərtlər. Konosamentin sübutedici qüvvəsi

112.1. Konosamentdə yükün adına, onun əsas markalarına, yerlərin və ya predmetlərin sayına, çəkisinə və ya miqdarına dair məlumatların faktik qəbul edilmiş yükə uyğun olmaması barədə daşıyıcının və ya onun adından konosament verən digər şəxsin kifayət qədər əsasları olduqda, daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentə həmin uyğunsuzluq barədə, uyğunsuzluqların və ya məlumatların yoxlanılması üçün ağlabatan imkanın olmadığına konkret göstərişlə, qeyd-şərt etməlidir.

112.2. Daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentdə yükün xarici vəziyyətini göstərmədikdə hesab edilir ki, konosamentdə yükün yaxşı xarici vəziyyəti göstərilib.

112.3. Bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq barəsində qeyd-şərt edilmiş məlumatlar istisna olmaqla, başqa hal sübuta yetirilmədikdə, konosament yükün daşınma üçün daşıyıcı tərəfindən konosamentdə təsvir edildiyi kimi qəbul edilməsinin sübutudur. Konosament, konosamentdə göstərilmiş yükün təsvirinə əsasən vicdanla hərəkət edən üçüncü şəxsə verildikdə, daşıyıcı tərəfindən əks halın sübuta yetirilməsinə yol verilmir.



Maddə 113. Konosamentin növləri

113.1. Konosament müəyyən bir yükalanın adına (adlı konosament), yükgöndərənin və ya yükalanın göstərişinə (orderli konosament) və ya təqdim edənə (adsız konosament) verilə bilər. orderli konosamentdə onun yükgöndərənin və ya yükalanın göstərişinə verilməsi qeyd olunmadıqda, konosament yükgöndərənin göstərişinə verilmiş hesab edilir.

113.2. Konosament aşağıdakı qaydaların gözlənilməsi ilə başqasına verilir:

113.2.1. adlı konosament adlı verilmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada başqasına verilə bilər;

113.2.2. orderli konosament adlı və ya blank verilmə qeydi üzrə başqasına verilə bilər;

113.2.3. təqdim edənə (adsız) konosament sadə təqdim edilmə yolu ilə başqasına verilə bilər.



Maddə 114. Konosamentin əsl nüsxələrinin çoxluğu

Yükgöndərənin arzusu ilə ona konosamentin bir neçə əsl nüsxəsi verilə bilər. Belə halda konosamentin hər bir əsl nüsxəsində konosamentin mövcud olan əsl nüsxələrinin sayı göstərilir. Konosamentin birinci təqdim edilmiş əsl nüsxəsinə əsasən yük verildikdən sonra onun qalan əsl nüsxələri öz qüvvəsini itirir.



Maddə 115. Yük üzərində sərəncam vermək hüququ

115.1. Yük yükalana verilənə kimi, habelə belə hüquq yükalana və ya üçüncü şəxsə verilənə kimi yükgöndərənin yük üzərində sərəncam vermək hüququ vardır. Yük üzərində sərəncam vermək hüququ yükalana və ya üçüncü şəxsə verildikdə yükgöndərən bu barədə daşıyıcını məlumatlandırmalıdır.

115.2. Yükgöndərənin, ona verilmiş konosamentin bütün əsl nüsxələrinin təqdim olunması və ya bu Məcəllənin 119.2-119.5 və 120-ci maddələrində müəyyən edilmiş qaydaları gözləməklə müvafiq təminat verməsi şərti ilə, gəmi səfərəçıxma yerindən yola düşənə kimi yükün qaytarılmasını, aralıq limanında yükün verilməsini və ya daşıma sənədində göstərilməyən yükalana verilməsini tələb etmək hüququ vardır.

Maddə 116. Daşıyıcının yükə münasibətdə vəzifələri

116.1. Daşıyıcı yükü daşınma üçün qəbul etdiyi andan onun verilməsi anına kimi yükü lazımi qaydada və səylə yükləməli, yerləşdirməli, daşımalı, ona qayğı göstərməli və boşaltmalıdır.

116.2. Əgər daşınma üçün qəbul edilmiş yük öz xüsusiyyətlərinə görə xüsusi rəftar tələb edirsə və bu barədə dənizlə yük daşınması müqaviləsində və yük yerlərində göstəriş varsa, daşıyıcı yükə belə göstərişlərə uyğun olaraq qayğı göstərməlidir.

116.3. Tərəflərin bu Məcəllənin 116.1-ci maddəsinə zidd olan razılaşmaları əhəmiyyətsizdir.



Maddə 117. Təhlükəli yük

117.1. Əgər tezalışan, partlayıcı və ya təbiətinə görə təhlükəli olan yük düzgün olmayan ad altında təhvil verilmişdirsə və yük qəbul ediləndə daşıyıcı xarici baxış yolu ilə onun xüsusiyyətlərinə əmin ola bilməzdisə, belə yük istənilən vaxt daşıyıcı tərəfindən şəraitdən asılı olaraq boşaldıla, zərərsizləşdirilə və ya məhv edilə bilər. Bu halda yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir.

117.2. Yükgöndərən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yükün gəmiyə yüklənməsi nəticəsində daşıyıcıya və ya üçüncü şəxslərə vurulan zərərə görə məsuliyyət daşıyır. Belə yükün daşınmasına görə fraxt qaytarılmır. Fraxt yükün göndərilməsi zamanı ödənilməmişdirsə, daşıyıcının onu tam həcmdə almaq hüququ vardır.

117.3. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yük daşıyıcının xəbəri və razılığı əsasında gəmiyə yükləndikdən sonra gəmiyə, gəmidə olan digər yükə və ya insanlara təhlükə yaradarsa, şəraitdən asılı olaraq daşıyıcının belə yükü gəmidən boşaltmaq, zərərsizləşdirmək və ya məhv etmək hüququ vardır. Bu halda, ümumi qəza istisna olmaqla, yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir və daşıyıcı yükün faktik daşınma məsafəsinə mütənasib olan məbləğdə fraxt almaq hüququnu özündə saxlayır.



Maddə 118. Gəminin təyinat limanına daxil olmasına maneələr

118.1. Müvafiq hakimiyyət orqanlarının qadağanı nəticəsində, təbiət hadisələrinə və ya daşıyıcıdan asılı olmayan digər səbəblərə görə gəmi təyinat limanına daxil ola bilmədikdə, daşıyıcı bu barədə yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə, əgər belə şəxs daşıyıcıya məlumdursa, dərhal məlumat verməlidir.

118.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə və daşıyıcının bildirişi göndərildikdən sonra ağlabatan müddət ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin yüklə nə etmək barədə sərəncamı daxil olmazsa, gəmi kapitanı öz mülahizəsinə əsasən yükgöndərən və ya fraxtedən, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxs üçün daha sərfəli hesab edilməsindən asılı olaraq yükü ya yaxın limanların birində boşaltmaq, yaxud yükü yola salındığı limana qaytarmaq hüququna malikdir.

118.3. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədikdə, gəmi kapitanı təyinat limanına çatdırıla bilməyəcək yükü yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamına müvafiq olaraq başqa limanda boşaltmalıdır. Daşıyıcının bildirişi göndəriləndən sonra 72 saat ərzində belə sərəncam alınmadıqda, gəmi kapitanının yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən yaxın limanların birində boşaltmaq hüququ vardır. Alınan sərəncamı gəmidə olan başqa yüklərin sahiblərinə zərər vurmadan icra etmək mümkün olmadığı halda da gəmi kapitanının belə hərəkət etmək hüququ vardır.

118.4. Daşıyıcının yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamını ağlabatan müddət ərzində gözləməsi ilə bağlı xərclərin və yük üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə, habelə yükün daşındığı faktik məsafəyə mütənasib olan məbləğdə fraxt almaq hüququ vardır.

Maddə 119. Dənizlə yük daşınması müqaviləsinin icrasından imtina

119.1. Əgər vurulmuş yükün dəyəri fraxtı və daşıyıcının yükə dair xərclərini örtmürsə və gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən fraxtı tam ödəməyib və əlavə təminat təqdim etməyibsə, daşıyıcının gəmi səfərə çıxana kimi dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etmək və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

119.2. Yükgöndərənin və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından, daşıyıcının bu müqavilənin icrası ilə əlaqədar çəkdiyi bütün xərcləri, boşdayanma haqqını və/və ya fraxtı, yaxud onun hissəsini ödəmək şərti ilə, imtina etmək hüququ vardır.

119.3. Gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü, hətta yükün boşaldılması gəmini müəyyənləşdirilmiş vaxtdan artıq ləngitsə belə, yükgöndərənə və ya fraxtedənə verməyə borcludur.

119.4. Gəmi səfərdə olduğu zaman yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, yükgöndərən və ya fraxtedən yükü yalnız gəminin dənizlə yük daşınması müqaviləsinə əsasən daxil olacağı təyinat limanında və ya zərurət qarşısında daxil olduğu digər limanda tələb edə bilər.

119.5. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədiyi halda yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü təyinat limanına çatdıranadək onu yükgöndərənin və ya fraxtedənin tələbi ilə yalnız bununla daşıyıcıya və digər yükgöndərən və ya fraxtedənə zərərin vurulmadığı halda verməyə borcludur.



Maddə 120. Tərəflərin dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etməsi

120.1. Gəmi dəniz limanından çıxana kimi aşağıda göstərilən hallar yarandıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin digər tərəfə vurulan zərərin əvəzini ödəməyərək, onun icrasından imtina etməyə hüququ vardır:

120.1.1. gəminin və ya yükün ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər əməliyyatlar;

120.1.2. gəminin yola düşdüyü və ya təyinat limanının blokadası;

120.1.3. dənizlə yük daşınması müqaviləsinin tərəflərindən asılı olmayan səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə gəminin saxlanılması;

120.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;

120.1.5. daşınma üçün nəzərdə tutulmuş yükün yola salınan yerdən çıxarılmasına və ya təyinat yerinə gətirilməsinə müvafiq hakimiyyət orqanları tərəfindən qadağanın qoyulması.

120.2. Əgər gəminin ləngiməsinin qısamüddətli olacağı gözlənilirsə, bu Məcəllənin 120.1.3 və 120.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar digər tərəfə vurulan zərərin əvəzini ödəmədən dənizlə yük daşınması müqaviləsindən imtina etmək üçün əsas ola bilməz.

120.3. Bu Məcəllənin 120.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri səfər vaxtı başladıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin müqavilənin icrasından imtina etmək hüququ vardır. Belə halda yükgöndərən və ya fraxtedən daşıyıcıya onun yüklə əlaqədar çəkdiyi bütün xərclərin, o cümlədən yükün boşaldılması ilə bağlı xərclərin əvəzini, habelə yükün faktiki daşındığı məsafəyə mütənasib olan məbləğdə fraxt ödəyir.

Maddə 121. İcrası mümkün olmayan dənizlə yük daşınması müqaviləsinə xitam verilməsi

121.1. Dənizlə yük daşınması müqaviləsi bağlandıqdan sonra və gəmi yükvurma limanından çıxana kimi tərəflərdən asılı olmayan aşağıdakı hallarda müqaviləyə, digər tərəfə müqavilənin xitamı ilə əlaqədar vurulan zərərin əvəzini ödəmək öhdəliyi olmadan, xitam verilir:

121.1.1. gəmi məhv olduqda və ya güc tətbiq edilməklə ələ keçirildikdə;

121.1.2. gəmi dəniz üzgüçülüyünə yararsız hesab edildikdə;

121.1.3. fərdi əlamətləri ilə müəyyənləşdirilmiş yük məhv olduqda;

121.1.4. növ əlamətləri ilə müəyyənləşdirilmiş yük yüklənilmək üçün təhvil verildikdən sonra məhv olduqda və yükgöndərən məhv olan yükün əvəzinə vaxtında başqa yük təhvil vermədikdə.

121.2. Dənizlə yük daşınması müqaviləsinə bu Məcəllənin 121.1-ci maddəsində göstərilən hallara əsasən səfər zamanı da xitam verilir. Belə halda daşıyıcıya xilas edilən və təhvil verilən yükün miqdarından asılı olaraq, faktiki daşınma məsafəsinə mütənasib olan məbləğdə fraxt çatmalıdır.

Maddə 122. Yükü almaq hüququ olan şəxs

122.1. Daşıyıcı boşaldılma limanında konosament əsasında daşınan yükü konosamentin əsli təqdim edildikdə aşağıdakı şəxslərə verir:

122.1.1. adlı konosament üzrə - konosamentdə göstərilən yükalana və ya adlı ötürülmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada konosamentin verildiyi şəxsə;

122.1.2. orderli konosament üzrə - göstərişinə konosament tərtib edilmiş şəxsə, əgər konosamentdə olan fasiləsiz ötürülmə qeydləri sırasında axırıncısı bu şəxsə verilmə qeydidirsə və ya axırıncı blank qeydi ilə konosamenti təqdim edən şəxsə;

122.1.3. təqdim edənə (adsız) konosament üzrə - konosamenti təqdim edən şəxsə.

122.2. Yükün daşınması dəniz qaiməsi və ya bu kimi digər sənəd əsasında həyata keçirildikdə, daşıyıcı yükü belə sənəddə göstərilmiş yükalana və ya yükgöndərənin göstərdiyi yükalana verə bilər.



Maddə 123. Yükün saxlamaya təhvil verilməsi

123.1. Yükün daşınması üçün bütün gəmi verilmədikdə və təyinat limanında yükalan bu yükü tələb etmədiyi və ya ondan imtina etdiyi, yaxud yükün müəyyən edilmiş vaxtda boşaldılmasına mane olan ləngitməyə yol verdiyi hallarda, daşıyıcının yükgöndərənə və ya fraxtedənə, habelə ona məlumdursa, yükalana bildiriş verməklə yükü, yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin hesabına və riskinə anbara və ya başqa etibarlı yerə saxlamaya təhvil verməyə hüququ vardır.

123.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə, yükün boşaldılması və saxlamaya təhvil verilməsi daşıcıyı tərəfindən staliya və kontrstaliya vaxtı bitdikdən sonra və staliya və kontrstaliya vaxtı ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin başqa sərəncamının olmaması şərti ilə, həyata keçirilir. Yükün saxlamaya təhvil verilməsinə daşıyıcının sərf etdiyi vaxt boşdayanma kimi qiymətləndirilir.

123.3. Gəminin limana gəldiyi gündən keçən iki ay ərzində saxlamaya təhvil verilmiş yük tələb olunmazsa və yükgöndərən bu daşıma ilə əlaqədar daşıyıcının çəkdiyi bütün xərclərin əvəzini ödəməzsə, daşıyıcı yükü müəyyən edilmiş qaydada sata bilər. Tələb edilməmiş tez xarab olan, habelə saxlanması dəyərindən baha başa gələn yük göstərilən müddət sona çatmamış da satıla bilər. Daşıyıcı yükün satıldığı barədə yükgöndərəni məlumatlandırmalıdır.

123.4. Yükün satışından əldə edilən məbləğ daşıyıcı tərəfindən, özünə çatacaq haqq, saxlama və satılma üçün sərf edilən xərclər çıxılmaqla yükgöndərənə və ya fraxtedənə verilir. Əgər yükün satışından əldə edilən məbləğ daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə, daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb etmək hüququ vardır.

Maddə 124. Yük verilərkən edilən ödənişlər və yükü saxlamaq hüququ

124.1. Yük verildikdə o, daşıyıcının yükün hesabına çəkdiyi xərcləri, gəminin boşaltma limanında boşdayanmasına görə haqqı, habelə, əgər bu, konosamentdə və ya yükün daşınması həyata keçirilən digər sənəd əsasında nəzərdə tutulmuşdursa, fraxtı və gəminin yükvurma limanında boşdayanmasına görə haqqı ödəməyə, ümumi qəza halında isə qəza haqqını ödəməyə və ya lazımi təminat təqdim etməyə borcludur.

124.2. Bu Məcəllənin 124.1-ci maddəsində göstərilən məbləğlər ödənilənədək və ya təminat təqdim edilənədək daşıyıcı yükü saxlamaq hüququna malikdir.

124.3. Yükalana məxsus olmayan saxlama anbarına yük təhvil verildikdə, daşıyıcı yükü saxlamaq hüququnu, anbar sahibinə bu barədə dərhal bildiriş vermək şərti ilə, özündə saxlayır.

124.4. Daşıyıcı, saxlamaq hüququnu ondan asılı olmayan səbəblərə görə yerinə yetirə bilmədiyi hallar istisna olmaqla, yükü təhvil verdikdən sonra yükalanın ona ödəmədiyi məbləğləri yükgöndərəndən və ya fraxtedəndən tələb etmək hüququnu itirir.

124.5. Yükü saxlayan daşıyıcının tələbləri yükün dəyəri hesabına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş həcmdə və qaydada təmin edilir.

124.6. Yükün satışından əldə edilən məbləğ, bu Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq daşıyıcıya çatacaq məbləğlər və yükün satışı ilə bağlı ağlabatan xərclər çıxılmaqla, yükalana verilir. Əgər yükün satışından əldə edilən məbləğ bu Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə, daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb etmək hüququ vardır.

Maddə 125. Yükün müayinəsi və ya onun vəziyyətinin yoxlanılması

Yükün faktik və ya ehtimal edilən itirilməsi, yaxud zədələnməsi hallarında yük yükalana verilənədək yükalan və daşıyıcı yükü müayinə etmək və ya onun vəziyyətini yoxlamaq üçün bir-birlərinə imkan yaratmağa borcludurlar. Yükün müayinəsi və ya vəziyyətinin yoxlanılması ilə əlaqədar xərcləri müayinəni və ya yoxlamanı tələb edən tərəf çəkir. Yükalanın tələbi ilə müayinə və ya yoxlamanın aparılması nəticəsində daşıyıcının məsuliyyət daşıdığı itirilmə və ya zədələnmə müəyyən edilərsə, yükün müayinəsi və ya vəziyyətinin yoxlanılması üçün xərcləri daşıyıcı çəkir.



Maddə 126. Yükün itirilməsi və ya zədələnməsi haqqında yazılı bildiriş

126.1. Yük verilənədək və ya verilərkən yükalan yükün itirilməsi və ya zədələnməsi barədə daşıyıcıya yükün itirilməsinə və ya zədələnməsinə dair, itirilmənin və ya zədələnmənin ümumi xarakterini göstərməklə, yazılı bildiriş vermədikdə hesab edilir ki, bunun əksini sübut edən dəlillər olmadıqda, yük konosament şərtlərinə uyğun olaraq alınıb.

126.2. Yükün itirilməsi və ya zədələnməsi onun adi üsulla qəbul edildiyi zaman müəyyənləşdirilərsə, yükalan yükü aldıqdan sonra 3 gün ərzində daşıyıcıya bu barədə yazılı bildiriş təqdim edə bilər.

126.3. Yükalan daşıyıcı ilə birgə yükü müayinə etdikdə və ya vəziyyətini yoxladıqda o, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş yazılı bildirişi verməyə bilər.



Maddə 127. Yüklərin daşınması zamanı haqlar

Daşıyıcıya çatacaq bütün haqlar yükgöndərən və ya fraxtedən tərəfindən ödənilir. Yükgöndərən və ya fraxtedənə daşıyıcı arasında olan razılaşmada nəzərdə tutulduqda və belə məlumatlar konosamentə daxil edildikdə, haqların yükalana ötürülməsinə yol verilir.



Maddə 128. Fraxtın həcmi

128.1. Fraxtın həcmi tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

128.2. Yük gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulandan artıq miqdarda vurulduqda, fraxtın miqdarı müvafiq olaraq artırılır.

128.3. Gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün əvəzinə, daşınması üçün fraxtı daha yüksək olan digər yük vurulduqda, fraxt faktiki yüklənən yükün daşınmasına görə götürülür.

128.4. Faktiki yüklənmiş yükün daşınması üçün fraxtın miqdarı dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün daşınması üçün fraxtdan az olduqda, dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulmuş fraxt ödənilir.

Maddə 129. Daşıma zamanı itirilmiş yükə görə fraxt

129.1. Daşıma zamanı itirilmiş yükə görə fraxt tutulmur və əgər əvvəlcədən ödənilibsə, qaytarılır. İtirilmiş yük sonradan xilas edildikdə, daşıyıcının gəminin keçdiyi məsafəyə mütənasib miqdarda fraxt almaq hüququ vardır.

129.2. Təbii xüsusiyyətləri və ya yükgöndərəndən asılı olan səbəblər nəticəsində məhv olmuş və ya zədələnmiş yükə görə fraxt tam miqdarda ödənilir.

Maddə 130. Daşıyıcının məsuliyyəti

130.1. Yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirə bilən daşıyıcı daşımaya qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud yükün çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşımır:

130.1.1. qarşısıalınmaz qüvvə;

130.1.2. dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükələr və ya təsadüflər;

130.1.3. dənizdə insanların xilas edilməsi üçün istənilən tədbirlər və ya əmlakın xilas edilməsi üçün ağlabatan tədbirlər;

130.1.4. daşıyıcının təqsiri olmadan baş verən yanğın;

130.1.5. müvafiq hakimiyyət orqanlarının hərəkətləri və ya sərəncamları (saxlanma, həbs, karantin və s.);

130.1.6. hərbi əməliyyatlar və xalq iğtişaşları;

130.1.7. yükgöndərənin və ya yükalanın hərəkətləri və ya hərəkətsizlikləri;

130.1.8. yükün zahirən görünməyən çatışmazlıqları, onun xüsusiyyətləri və ya təbii itkisi;

130.1.9. yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan çatışmazlıqları;

130.1.10. markaların lazımi qədər və ya aydın olmaması;

130.1.11. işin tam və ya qismən dayandırılmasına, yaxud məhdudlaşdırılmasına səbəb olan tətillər və ya digər hallar;

130.1.12. daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri olmadan yaranan digər hallar.

130.2. Yük dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan boşaltma limanında tərəflərin razılığa gəldikləri müddətdə, belə razılıq olmadıqda isə konkret halları nəzərə almaqla qayğıkeş daşıyıcıdan tələb olunan ağlabatan müddətdə verilmədikdə, daşıyıcı yükün çatdırılmasını gecikdirmiş hesab edilir.

130.3. Əgər yükboşaltma limanında bu Məcəllənin 130.2-ci maddəsində müəyyənləşdirilmiş müddətdən sonra 30 təqvim günü ərzində yükü almağa səlahiyyəti olan şəxsə verilməyibsə, daşıyıcıya qarşı yükün itirilməsi ilə əlaqədar tələb irəli sürməyə hüququ olan şəxs yükü itirilmiş hesab edə bilər.

130.4. Yükün daşınma üçün qəbul edildiyi andan onun verilməsi anına kimi daşıyıcı daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır.

130.5. Daşıyıcı yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin gəminin idarə edilməsində gəmi kapitanının, gəmi heyətinin digər üzvlərinin və ya dəniz bələdçisinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini sübuta yetirə bilsə (naviqasiya səhvi), məsuliyyət daşımır.

130.6. Təyinat limanına salamat yük yerlərində və yükgöndərənin salamat plombları ilə gəlmiş, yolda açılma izləri olmayan salamat tarada çatdırılmış, habelə yükgöndərənin və ya yükalanın nümayəndəsinin müşayiəti ilə daşınan yükün itirilməsinə və ya zədələnməsinə görə, əgər yükalan daşınma üçün qəbul edilmiş yükün daşıyıcının təqsiri nəticəsində itirilməsini və ya zədələnməsini sübuta yetirə bilməsə, daşıyıcı məsuliyyət daşımır.

Maddə 131. Yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətinin ölçüsünün hesablanması

131.1. Daşıyıcı yükün itirilməsinə və ya zədələnməsinə görə aşağıdakı ölçüdə məsuliyyət daşıyır:

131.1.1. yükün itirilməsinə görə — itirilmiş yükün dəyəri miqdarında;

131.1.2. yükün zədələnməsinə görə — yükün dəyərinin azalmasının məbləği miqdarında;

131.1.3. qiyməti elan edilməklə daşınma üçün qəbul edilmiş yükün itirilməsinə görə — yükün elan edilmiş qiyməti miqdarında.

131.2. Fraxt itirilmiş və ya zədələnmiş yükün qiymətinə daxil olmadıqda, daşıyıcı habelə aldığı fraxtı da qaytarır.

131.3. Ödənilməli olan ümumi məbləğ yük boşaldılan yerdə və gündə və ya müqaviləyə əsasən boşaldılacaq yerdə və gündə yükün mövcud qiymətindən hesablanır. Yükün qiyməti əmtəə birjasındakı qiymətindən, bu olmadıqda isə bazar qiymətindən, bunlar olmadıqda isə bu növ və bu keyfiyyətdə olan yükün adi qiymətindən hesablanır.

131.4. Yükün itirilməsi və ya zədələnməsi üçün əvəzi ödənilən məbləğdən yükün itirilməsi və ya zədələnməsinə görə yük sahibinin ödəmədiyi yükün daşınma xərcləri (fraxt, rüsumlar və s.) tutulur.



Maddə 132. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması

132.1. Yükün növü və çeşidi, habelə dəyəri yükgöndərən tərəfindən yük vurulanadək elan edilmədikdə və konosamentə daxil edilmədikdə, daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyəti, bir yerə və ya göndərilmənin digər vahidinə görə 666,67 hesablaşma vahidindən və ya itirilmiş və ya zədələnmiş yükün brutto çəkisinin bir kiloqramına görə iki hesablaşma vahidindən çox olmamaqla hansı məbləğin çox olmasından asılı olaraq qəbul olunur.

132.2. Daşınma üçün qəbul edilmiş yükün çatdırılmasının gecikdirilməsinə görə daşıyıcının məsuliyyəti dənizlə yük daşınması müqaviləsində ödənilməsi nəzərdə tutulmuş fraxtın məbləğindən çox ola bilməz.

132.3. Bu Məcəllənin 132.1 və 132.2-ci maddələrinə əsasən daşıyıcı tərəfindən ödəniləsi ümumi məbləğ bu Məcəllənin 132.1-ci maddəsinə müvafiq olaraq yükün tam itirilməsinə görə müəyyən edilə biləcək məsuliyyətin həddindən artıq ola bilməz.

132.4. Əgər yükün daşınması üçün konteyner, altlıq və ya digər qurğu istifadə edilirsə, konosamentdə sadalanan belə qurğuda bu kimi daşınan yerlərin miqdarı və ya göndərilmə vahidləri bu Məcəllənin 132-ci maddəsinin məqsədləri üçün yerlərin miqdarı və ya göndərilmənin vahidləri hesab edilir. Göstərilən hal istisna olmaqla, belə qurğu yük yeri və ya vahidi hesab edilir.

132.5. Dənizlə yük daşınması müqaviləsinin tərəfləri öz razılaşmaları əsasında bu Məcəllənin 132.1-132.3-cü maddələrində nəzərdə tutulanlardan daha artıq məsuliyyət həddi müəyyən edə bilərlər.



Maddə 133. Daşıyıcıya, onun işçilərinə və agentlərinə olan tələblər

133.1. Daşınma üçün qəbul edilmiş yükün itirilməsi və ya zədələnməsi, yaxud çatdırılmasının gecikdirilməsi ilə əlaqədar tələb daşıyıcının işçisinə və ya agentinə qarşı irəli sürüldükdə, belə işçi və ya agent, əgər öz vəzifəsi (səlahiyyəti) hüdudlarında hərəkət etdiyini sübuta yetirə bilsə, daşıyıcıya şamil edilən məsuliyyət və onun məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər.

133.2. Bu Məcəllənin 134-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, daşıyıcıdan, onun işçisindən və ya agentindən tutula bilən məbləğlər cəm halda bu Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət həddindən çox ola bilməz.

Maddə 134. Məsuliyyətin məhdudlaşdırılması hüququnun itirilməsi

134.1. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud onun çatdırılmasının gecikdirilməsinin daşıyıcının qəsdən və ya ehtiyatsızlıq nəticəsində törətdiyi hərəkətinə və ya hərəkətsizliyinə görə baş verməsi sübuta yetirildikdə, daşıyıcının bu Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur.

134.2. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud onun çatdırılmasının gecikdirilməsinin daşıyıcının işçisinin və agentinin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törətdiyi hərəkətinə və ya hərəkətsizliyinə görə baş verməsi sübuta yetirildikdə, daşıyıcının işçisinin və agentinin bu Məcəllənin 133.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur.

Maddə 135. Faktiki daşıyıcının məsuliyyəti

135.1. Yükün və ya onun bir hissəsinin daşınması faktiki daşıyıcıya həvalə edildikdə, daşıyıcı, bundan asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş qaydalara müvafiq olaraq, bütövlükdə daşıma üçün məsuliyyət daşıyır. Faktiki daşıyıcının icra etdiyi yükün daşınmasına münasibətdə daşıyıcı faktiki daşıyıcının, onun vəzifələri (səlahiyyətləri) çərçivəsində hərəkət edən işçilərinin və agentlərinin hərəkətləri və ya hərəkətsizliyinə görə məsuliyyət daşıyır.

135.2. Daşıyıcı və faktiki daşıyıcının razılaşmasına müvafiq olaraq, faktiki daşıyıcının icra etdiyi daşımaya görə məsuliyyətinə bu Məcəllədə daşıyıcının məsuliyyəti üçün müəyyən edilmiş qaydalar tətbiq edilir.

135.3. Bu Məcəllənin 135.2-ci maddəsində nəzərdə tutulmuş razılaşma əldə edildiyi halda tələb faktiki daşıyıcının işçisinə və ya agentinə irəli sürüldükdə, bu Məcəllənin 133.1, 133.2 və 134.2-ci maddələrində müəyyənləşdirilmiş qaydalar onlara da tətbiq edilir.

135.4. Daşıyıcının öz üzərinə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmayan öhdəliklər götürməsi və ya bu fəsildə müəyyən edilmiş qaydalarla verilən hüquqlardan imtina etməsi barədə hər hansı bir saziş faktiki daşıyıcıya, yalnız onun özü buna yazılı razılıq verdikdə, şamil edilir. Belə razılığın olub-olmamasından asılı olmayaraq, daşıyıcı belə sazişdən irəli gələn öhdəliklərlə və ya hüquqlardan imtina ilə bağlı olur.

135.5. Əgər məsuliyyət daşıyıcı və faktiki daşıyıcının üzərinə düşürsə, bu halda onların məsuliyyəti birgə olur.

135.6. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə daşıyıcıdan və faktiki daşıyıcıdan tutulmalı olan məbləğlərin cəmi bu Məcəllədə nəzərdə tutulan məsuliyyət həddindən çox olmamalıdır.

135.7. Bu Məcəllədə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-birinə reqress hüququna toxunmur.



Maddə 136. Yükün birbaşa daşınması

136.1. Daşıyıcı daşımanın bir hissəsinin digər şəxs tərəfindən icra olunmasını nəzərdə tutan birbaşa konosament verdikdə, birbaşa konosamentdə daşınma üçün qəbul edilmiş yükün itirilməsi və ya zədələnməsi, yaxud çatdırılmasının gecikdirilməsinə görə, əgər bunlar digər şəxs daşımanın bir hissəsini icra etdikdə yük onun ixtiyarında olduğu zaman irəli gələn hallar nəticəsində baş veribsə, daşıyıcının məsuliyyət daşımaması nəzərdə tutula bilər. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud çatdırılmasının gecikdirilməsinin belə hallar nəticəsində baş verməsini sübuta yetirmək vəzifəsi daşıyıcının üzərinə düşür.

136.2. Daşımanın bir hissəsini icra edən şəxs, yük onun ixtiyarında olduğu zaman, daşınma üçün qəbul etdiyi yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə bu Məcəllədə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 137. Yükgöndərənin və fraxtedənin məsuliyyəti

Yükgöndərən və fraxtedən, əgər zərərin vurulmasında onların yaxud hərəkətlərinə və ya hərəkətsizliyinə görə cavabdeh olduqları şəxslərin təqsirinin olmadığını sübuta yetirməsələr, daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyırlar.

IX fəsil


: mecelleler -> doc
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
doc -> Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikası Prezidentinin Fərmanı
doc -> Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ
doc -> Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə