Tofiq babayev amea arxeologiya və



Yüklə 99,81 Kb.

tarix23.01.2018
ölçüsü99,81 Kb.


 

TOFİQ BABAYEV 

AMEA Arxeologiya və  

Etnoqrafiya  İnstitutu 

arxeetno@mail.ru

 

 

TÜRK-İSLAM MƏNƏVİ MƏDƏNİYYƏTİNDƏ AĞAC KULTU 



 

 

 

Türk-islam mənəvi mədəniyyətinin zəngin xəzinəsindəki  müxtəlif kultlar sırasında ağaca 



inam xüsusi yer tutur. Tariximizin ən qədim zamanlarından ulu əcladlarımız insanın yaşayış tərzi 

ilə  sıx  bağlı olan,  yaradıcı təbiətin  əsas  maddi  nemətlərindən  sayılan  ağacı, xüsusilə  barlı ağacı 

ilahiləşdirmiş,  onun  şəninə  ayin,  etiqad,  inanc  və  müxtəlif  mərasimlər  yaratmışlar.  Bu  maddi 

nemət  canlı  varlıq  kimi  həyatın  ulu  başlanğıcı,  yaradıcısı  olan  Dünya  ağacı  hesab  edilmişdir. 

Hələ  ibtidai dövrdən insanların bir çox ehtiyaclarının təmin edilməsində ağac  böyük əhəmiyyət 

daşımışdır. Zaman keçdikcə bəzi ağaclar təkcə əvəzsiz qida olmayıb, xilasedici maddi varlıq, bir 

çox dərdlərin əlacı kimi dərk edilərək müqəddəsləşdirilmiş, xalq inam və etiqadlarının, mərasim 

və  ayinlərin  əsas  predmetinə  çevrilmişdir.  Etiqadlara  görə  barlı  ağaclar,  onların  meyvələri 

insanlara cavanlıq, ölməzlik, nəsil - soy artırmaq bəxş etmişdir.  

 

Mənəvi  mədəniyyətin  mühüm  problemlərindən  olan  Azərbaycan  mifik  təfəkkürünün 



qaynaqları məsələsinə ayrıca əsər həsr etmiş professor Mirəli Seyidovun yazdığına görə, “... bəzi 

xalqlarda,  o  sıradan  türk    xalqlarında  doğum,  məhsuldarlıq  ilahəsi  ağacla,  çox  vaxt  isə  barlı 

ağacla birgə düşünülür. Belə ağaclar onların atributu kimi qəbul olunur. Ona görə ki, əski insan 

barlı ağacları artıb törəməyin, dünyanı yaradan Dünya ağacının – həyat, əbədiyyət, yaranış, artım 

ağacının simvolu  kimi qəbul etmiş və  buna görə də doğum, məhsuldarlıq  ilahəsini  ağacla qoşa 

düşünmüşlər” (24, s.33). 

 

Ağacın həyat verən tanrı sayılması və onun meyvəsinin insanı cavanlaşdırması bütün türk 



xalqlarının,  o  sıradan  Azərbaycan  türklərinin  də  mifoloji  təfəkküründə  və  folklorunda  geniş 

yayılmış, ona sitayişi şərtləndirmiş, onların şəninə müxtəlif mərasimlər icra edilmişdir. “Kitabi-

Dədə  Qorqud”da  Salur  Qazanın  dili  ilə  deyilən  “Yonma  ağacı  -  tanrıdır”,  sözləri  ağacın 

müqəddəsliyini, onun qam-şaman mədəniyyəti ilə bağlılığını təsdiq edir (15, s.375; 7, s.12). 

 

Görkəmli türkoloq, akademik B.A.Qordlevskiyə görə, azərbaycanlılarda ağacı müqəddəs 



saymaq,  ona  xüsusi  münasibət  göstərmək  adəti  geniş  yayılmışdır.  Müəllif  yazır  ki, 

“azərbaycanlılar qoşa ağaca, qırx ağaca, bəzən ağaclığa, ormana tapınır  və həmin ağacların  bir 

budağını belə sındırmağa heç kəs cürət etmir. Onlar sitayiş etdikləri ağaca and içir, ildə bir dəfə 

isə qurban kəsirlər” (17, s.245).  

 

İslamaqədərki türklərin (hunların) mənəvi dünyagörüşündə ağaca dərin ehtiram və inam 



haqqında Moisey Kalankatuklunun verdiyi məlumat da maraq doğurur. Onun yazdığına görə (16


 

s.  161) onlar  qollu-budaqlı  palıd  ağacına  etiqad  edir,  ona  qurban  olaraq  at  kəsir,  qanını  ağacın 

yarpaqlarına  çiləyir,  kəlləsini  və  dərisini  budaqlarından  asırdılar.  Palıdı  bütün  ağacların  anası, 

xilaskar,  həyatverən,  bütün  nemətləri  bəxş  edən  sayır,  onun  kəsilməsi  ilə  özlərinin  məhv 

olacaqlarına  inanırdılar.  Bütün  türk  dünyasında  əsrdən-əsrə,  nəsildən-nəslə  ənənəvi  olaraq 

ötürülən  bu  kult  ağacı  həyat  rəmzinə,  totemə,  bütün  insanların  ulu  anasına  çevirmişdi.  Bu 

baxımdan “Kitabi Dədə Qorqud” dastanında Təpəgözü öldürən qəhrəman Basatın “Anamın adını 

soruşsan  Qaba  ağacdır”,  sözləri  ağaca  olan  sonsuz  hörmət  və  ehtiramı  nümayiş  etdirir  (15, 



s.347). 

 

Müqəddəsləşdirilmiş  ağaca  etiqad  məqsədilə  yaranmış  pirlər  Azərbaycanın  çox  yerində 



olduğu kimi Naxçıvanda da ənənəvi ziyarət yeri olmuşlar. Belə ki, burada da  bir çox ağaclar – 

dağdağan,  söyüd,  fısdıq,  palıd,  çinar,  alma,  nar,  tut,  üzüm,  zoğal,  qoz  və  başqaları  müqəddəs 

sayılır  və  pir-ocaq  hesab  edilir.  Ağac  inamı,  ağaca  tapınma  Naxçıvan  əhalisinin  mənəvi 

mədəniyyətində dərin iz buraxmış, minillər boyu yaşadılmış və ona bu gün də sitayiş edirlər. El-

obada belə hesab edirlər ki, ağac ilahi qüvvələrin, müxtəlif ruhların məskənidir.  

 

Naxçıvanda  ağacla  bağlı  xalq  yaradıcılığı  nümunələrinin  toplanması,  nəşri,  elmi 



ictimaiyyətə  və  geniş  oxucu  kütləsinə  çatdırılması  baxımından  H.Q.Qədirzadə,  H.F.Səfərli, 

Məhərrəm  Cəfərli,  V.Baxşəliyev,  A.Bağırov,  R.Babayev,  T.Qədirzadə,  Məhsəti  İsmayıl,  A. 

Orucov  tərəfindən  xeyli  təqdirəlayiq  işlər  görülmüşdür.  Lakin  gərgin  zəhmət  bahasına 

topladığımız ədəbiyyat və çöl- etnoqrafik materiallarının bolluğu bizi də həmin yöndə araşdırma 

aparmağa sövq etdi. Əlimizdə olan bütün bu sirli-hikmətli deyimlər, ayin və mərasimlər, inam və 

etiqadlar  haqqında  məlumat,  onlarla  bağlı  uzun  əsrlər  boyunca  formalaşmış  adət-ənənələr 

Naxçıvan folklor irsinin zənginliyinin göstəricisidir.   Onlar canlı həyatın, xalq məişətinin bu və 

ya digər tərəflərini özündə təcəssüm etdirən poetik biçimli sənət nümunələridir. 

 İslamaqədərki  mədəniyyətimizin,  tarixi  yaddaşımızın  bir  parçası  olan  ağaca  etiqad 

müsəlman  azərbaycanlıların  da  mənəvi  dünyagörüşündə  özünəməxsus  yer  tutmuş,  ağaca  olan 

ilkin  inam  unudulmamışdır.  Bu  baxımdan  islam  dövrünün  ilk  çağlarından  xəbər  verən  “Kitabi 

Dədə  Qorqud”  dastanındakı  bir  neçə  sujetdən  ağaca  olan  rəğbətin  nəinki  azaldığı,  hətta  islami 

dəyərlərlə  birləşdirilərək,  bəlkə,  əvvəlkindəndə  də  artıq  olduğu  görünür.  Belə  ki,  ağacın 

müqəddəs “Məkkə ilə Mədinənin qapısı, Museyi Kəlimin əsası, Əlinin qılıncının qınıyla dəstəyi, 

İmam Həsənlə Hüseynin beşiyi” adlandırılması türk mənəvi mədəniyyətinin yeni mənimsənilən 

islami dəyərlərlə zənginləşdirilməsinə misaldır (7, s. 12).    

Tarixi  –  etnoqrafik  material  təsdiq  edir  ki,  uluların  ənənələrindən  bəhrələnən  naxçivanlı 

bağbanlar  yüzillik  ağacın  da,  körpə  fidanın  da  bir  övlad  kimi  qayğısına  qalmış,  yeni  meyvə 

ağacları  növlərinin  yetişdirilməsi,  qocaman  ağacların  yeri  boş  qalmasın  deyə  cavan  qələmlərin 

əkilməsi,  onların  böyüyüb  ərsəyə  çatması,  yaxşılaşdırılması  sahəsində  böyük  empirik  təcrübə 




 

toplamışlar.  Xalq  atalar  sözlərində  rast  gəldiyimiz  –  “Barlı  ağacın  başına  dolanarlar”  fikri  ilə 



ömür  sürmüş  ulularımız  yaşıllığa,  ağaca  həyat  mənbəyi  kimi  baxmış,  ağac  əkməyi,  ona  qulluq 

etməyi  insanın  doğuluşu  və  kamilliyi  qədər  müqəddəs  saymış,  “Ağacı  arx  qırağında  ək  ki, 

yıxılanda  el-obaya  körpü  olsun”  “Ağaclı  kəndi  sel  basmaz”,  “Ağacı  çox  olan  elin  məzarı  az 

olar”,  “Həyətində  ağac  əkənlərə  təbib,  loğman  lazım  olmaz”,  “Dərdini,  dərmanını  ağacların 

kölgəsində ara,” - demişlər.   

Ağaca inamla bağlı geniş yayılmış, çox əski zamanlardan müqəddəs sayılmış ağaclardan  

olan alma ağacına inamı xüsusi qeyd etmək lazımdır. Bu ağacın seçilməsi heç də təsadüfi deyil. 

Adamlar inanırdılar ki, o  insan ömrünü uzatmaq, qocaları cavanlaşdırmaq, uşaqsızlara uşaq bəxş 

etmək  qüdrətinə  malikdir.  Bir  sıra  türk  dastanlarına  (“Kitabi  Dədə  Qorqud”,  “Manas”, 

“Alpamış”,  “Koroglu”)  həsr  olunmuş  əsərlərin  müəllifi  olan  rus  alimi  V.M.Jirmunski  (1891-

1971)  yazırdı  ki,  «Sehirli  nağıllarda  magik  mayalındırmanın  əsas  vasitəsi  almadır.  Bu  almanı 

övladsız padşaha (bəzən isə onun vəzirinə) səyahət zamanı (yaxud onun yuxusuna girmiş) qoca 

dərviş bəxş edir və dərvişin verdiyi sehirli almanı yedikdən sonra padşah övlad sahibi olur. (11, 

s.229).  Nağıllarımızda,  dastanlarmızda,  aşıq  -  ozan  söyləmələrində  almanın  dirilik,  artım  və 

bolluq  rəmzi  olmasına  dair  istənilən  qədər  örnək  göstərmək  olar.  Uluların  nəzərincə  alma 

təbibdir, loğmandır, min dərdin min bir dərmanıdır. 

 

Yeri gəlmişkən qeyd edək ki, tarixi mənbələrdən, ədəbiyyat və etnoqrafik materiallardan 



məlum  olur  ki,  alma  kimi  elə  nar  da  eyni  məqsədə  xidmət  edir  və  “çox  sayda  sirləri  özündə 

birləşdirən  meyvə  kimi  xalq  arasında  “sirli  sandıqça”  adlandırılır”  (25,  s.104).  “Nar  qızı”  adlı 

Azərbaycan  nağılında  nardan  çıxan  qızın  payız  fəslinin  sonunda  ölməsi,  yazda  isə  yeni  həyat 

üçün doğulması – yaşıl ağaca çevrilməsi, ağacı kəsdikdə taxta parçasının qız olması kimi fikirlər 

də  başlanğıcını  əski  miflərmizdən  götürmüşdür.  Təsadüfü  deyil  ki,  nar  ağacının,  onun 

meyvəsinin,  tacaoxşar  çiçəyinin  rəsminin  ən  çox  istifadə  olunduğu  və  qorunub  saxlandığı  yer 

Azərbaycandır.  Alma  ilə  yanaşı  nar  meyvəsi  də  məhsuldarlıq  kultu  (inancı)  ilə  bağlı  olaraq 

doğum,  həyat,  xeyir-bərəkət  rəmzi  kimi  dəyərləndirilir  (5,  s.125-132). Tədqiqatlara  görə  “xalq 

yaradıcılığı örnəklərində, əfsanə, nağıl  və dastanlarda, eləcə də klassik Şərq  ədəbiyyatında şəfa 

mənbəyi,  cavanlaşdırma,  əbədi  həyat-ölməzlik,  uşaqvermə  və  digər  funksiyaları  yerinə  yetirən 

sehirli  alma”  bütün  türk  xalqlarının,  eləcə  də  Azərbaycan  türklərinin  də  mifologiyası  və 

folklorunda tez-tez rast gələn obrazlardandır (9, s.220).  

 

İslamaqədərki türklərin barsız olsa da qollu-budaqlı, sıx yarpaqlı, olduqca möhkəm palıd 



ağacına etiqadı digər, xüsusilə barlı ağaclara olan etiqadı heç də azaltmırdı. Naxçıvan bölgəsində 

ağaca,  xüsusilə  barlı  ağaca  inam  və  etiqadın  ən  qədim  izləri  Gəmiqaya  rəsmlərində  aşkar 

olunmuşdur.  Tanınmış  tarixçi  –  etnoqraf,  Naxçıvan  ənənəvi  mədəniyyətinin  görkəmli 

tədqiqatçısı Hacı Qadir Qədirzadə arxeoloji, toponimik, etnoqrafik, həmçinin ilkin mənbələrə və 




 

ədəbiyyat materiallarına söykənərək Gəmiqayadakı həm həyat ağacı, həm də həyat meyvəsi kimi 



təsvir  edilən  alma  ilə  bağlı  inamlardan  geniş  bəhs  etmişdir.  Müəllif  buranın  Dünya  tufanının 

sonrakı  ikinci  başlanğıcı  olduğu  kimi,  bu  meyvələrin  yeni  həyatvermə  mərkəzini,  yenidən 

yaşamanı,  çətinlikdən  qurtarmanı  simvolizə  etdiyi  qənaətinə  gəlir  (12,  s.151).  O,  həmçinin 

almanın  şəfa  mənbəyi,  doğum  və  artım  nişanəsi,  həyat  meyvəsi,  sonsuzluqdan  qurtarıcı, 

cavanlaşdırıcı  meyvə  kimi  müqəddəs  hesab  edilməsi  Naxçıvan  bölgəsi  əhalisinin  həyat  və  

məişətində,  həmçinin  folklorunda  və  mifik  görüşlərində  geniş  yer  tutması  barədə  məlumat 

vermişdir. Müəllif qeyd edir ki, ulu türkün düşüncəsində cənnət nişanəsi olan alma həm də eşq, 

məhəbbət, sevgi, gözəllik simvoludur, insana həyat bəxş edən nemətdir (13).  

 

Araşdırmalar  Naxçıvan  bölgəsində  ağaca  inam  və  etiqadın  əski  izlərinın  bir  sıra  qədim 



yaşayış  məskənlərindən  aşkar  olunmuş  arxeoloji  materiallarda  da  öz  əksini  tapdığını  göstərir. 

Əldə olunmuş bəzi  maddi  mədəniyyət nümunələri üzərində  yazın gəlişini  əks etdirən gül-çiçək 

təsvirləri, bolluq, nəsil artımıyla bağlı ağac rəsmləri, onların meyvəsinin, çiçəyinin, yarpaqlarının 

əksi  rəmzi  ornament  kimi  təsviri  sənət  əsərlərində,  xalılarda,  toxuculuqda,  qız-gəlinlərin 

geyimlərində, bədii tikmələrdə, qab-qacaq bəzəklərində həm təbii, həm də stilizə edilmiş şəkildə 

naxışlanmışdır. 

 

Naxçıvanın  bütün  rayonlarında  qədim  inanc  yerləri  olan  bir  çox  pirllər,  ocaqlar,  



ziyarətgahlar mövcuddur (23). Bu barədə  istənilən qədər məlumat var. Lakin biz onların yalnız 

birini qeyd etmək istərdik. Şərur rayonunun Havuş kəndindən şimalda Çoban piri adlı ziyarətgah 

var.  Pirin  ətrafında  olan  qayalar  və  ağaclar  müqəddəs  hesab  olunub  ziyarətgaha  çevrilmişdir. 

Ziyarətçilər  niyyət  edərək  ağaclara  müxtəlif  parçalar  bağlayır,  ağaca  and  içir,  ildə  bir  qurban 

kəsirlər  (19,  s.  69-70).  Bu  pirlərin  bəziləri  hər  şeydən  əvvəl,  ağacların  fantastik  qüvvəyə  malik 

olması  inancı,  insanların  islam  dininə  və  onun  müqəddəs  kitabı  Qurani-Kərimə  inam  və 

etiqadları    ilə  bağlıdır.  Əsrlərlə  formalaşmış  bu  inam  və  etiqadlar  insanların  məişətinə  və 

təfəkkürünə  elə  daxil  olmuşdu  ki,  hətta  sovet  imperiyası  dövründəki  bütün  qadağalara 

baxmayaraq onlar əhali tərəfindən ziyarət edilirdi. Bu pirlərin ətrafında bitən çoxlu sayda böyük 

ağaclar müqəddəs bilindiyindən onlar da ziyarətgaha çevrilimiş, əsas inam yerlərindən olmuşdur.  

Naxçıvan  şəhərindən  təqribən  12  km  aralı,  İlandağ  ilə  Nəhəcir  dağı  arasında  qədim  mağarada 

Əshabi-kəhf adlı müqəddəs ziyarətgah mövcuddur. Bu qədim mağara-ziyarətgahın cənnət bağına 

çıxan  yolunun  ən  hündür  yerində  bitən  üzüm  tənəyi  və  dağdağan  ağacı  müqəddəs  sayılır  və 

zəvvarlar  niyyətləri  və  diləkləri  ilə  bağlı  həmin  ağaclara  sitayiş  edirlər.  Rəvayətə  görə, 

ümumdünya su basqınından sonra Ağrı dağında quruya çıxmış Nuh peyğəmbərin əkdiyi ilk ağac 

məhz üzüm tənəyi olmuşdur ki, bu da yeni həyatın rəmzi kimi qavranılır.          

Ağaca  etiqadın  islamı  qəbul  etmiş  azərbaycanlılar  tərəfindən  də  davam  etdirilməsinə 

baxmayaraq,  artıq  yeni  dünyagörüşünün  təsiri  ilə  onun  yeni  məzmun  kəsb  etdiyini  görürük. 




 

Bununla  belə, türk-islam  mənəvi  mədəniyyətinin  ən  maraqlı  nümunələrindən olan ağac kultuna 



naxçıvanlılar  tərəfindən  fəal  surətdə  inam  göstərilməsi  qədim  mədəniyyətimizin  bu  gün  də 

yaşadığını təsdiq edir. Bu kultun Naxçıvanda yayılma arealına və icrasına bir daha nəzər salaq. 

Əski  çağlardan  etibarən  naçar  dərdlərdən  (şikəst,  ruhi  və  cismani  xəstələr)  əziyyət 

çəkənlər,  sonsuzluqdan  imdad  diləyən  qadınlar  qəlblərində  niyyət  tutub  pirlərə,  Tanrıya  ibadət 

etməyə gəlir, ağacın ətrafında müxtəlif ayinlər icra edib, nəzir verirdilər. Kimin nə niyyəti, diləyi 

olsaydı ağaca söyləyərdilər. Ağacın budaqlarına əski parçaları bağlayıb - nəzəri olanın gözünə, - 

deyərdilər.  Yaxud,  yerdən  bir  daş  götürüb  ağacın  dibinə  qoyardılar.  Arzu  və  niyyəti  hasil 

olduqdan  sonra  yenidən  ocağı  ziyarət  edərək,  ağacın  yanında  mərasim  qurar,  qənd,  noğul  və 

digər şirnilərdən xonça tutar, üç dəfə ağacın başına dolanar, şirni səpib üstünə  su tökər və nəzir 

olaraq qurban kəsərdilər. 

 

Şərur  rayonunun  Havuş  kəndində  eyniadlı  mağara  vardır.  Qədim  insan  məskəni  olması 



ehtimal  edilən  mağaranın  pirə  çevrilməsi  əcdadlar  və  onların  ruhlarına  olan  inamlarla  bağlıdır. 

Buradakı  tək  armud  ağacından  da  pir  kimi  istifadə  edilir;  övladı  olmayan  qadınlar    ağacın 

budağından nənni asar və arzularını diləyərdilər (19, s.155). Tədqiqatçı Məhsəti İsmayıl yazır ki, 

ağac  pirlərində  əsasən,  uşaq  diləmə  inancı  vardır.  Naxçıvanın  bütün  bölgələrində  ilin  axır 

çərşənbəsində,  əsasən  uşağı  olmayan  gəlinlər  həmin  gün  pirlərdə  olan  ağaclardan  nənni  asırlar. 

Nənni tərpənsə gələn il bu vaxta qədər onların uşaqları olacağına inanırdılar.  Və yaxud bir qisim 

pir  vardır  ki,  burada  yalnız  südlü  aş  ehsan  verilir.  Məlumdur  ki,  qədim  türk-oğuzlarda  süd  ağ 

olduğu üçün ondan bütün qorxunc ruhlara qarşı bir vasitə kimi istifadə edir, təzə yurda düşəndə 

ona süd səpir, görklü ağacın dibinə mərasimlərdə süd tökürdülər (18, s. 386-87). Ordubadda ağac 

çiçəkləyəndə  uşağı  olmayan  gəlinlər  onun  altına  gedib  salam  verir,  dilək  tutub  deyirlər:  “Ey 

bütün dünyanı, varlığı yaradan Allah! Mənə də pay ver”. 

 

Naxçıvan  ərazisində ənənəvi olaraq  yaranmış  inanca görə  ziyarətgahlardan odun gətirib 



yandırmaq  olmaz.  Xalq  arasında  belə  bir  deyim  var:  “pir  odunlarını  gətirib  evində  yandıran 

adamın  yuvası  dağılar”  (14,  s.  76).    Pirlə  bağlı  inamlara  görə,  oradakı  müqəddəs  ağacın 

meyvələrini dərib satmaq, qazanc götürmək, günah sayılırdı.  Aparıb  satdıqda  həmin  adamın  əli 

boşda qalar, xeyir görməz, xəstəlik tapar. Bir də söyləyirlər ki, belə ağacları, onların meyvələrini 

imkansız  adamlara,  ehtiyacı  olanlara,  çoxuşaqlı  analara  aid  edirlər  ki,  onlar  da  çəkinmədən 

məhsulu  yığa  bilsin.  Ağaca  sitayişin  əlamətləri  son  zamanlara  qədər  bir  çox  rayonların  əhalisi 

arasında  yaşayırdı.  Məsələn,  Naxçıvan,  Ordubad  və  bir  çox  şəhər  və  qəsəbələrin,  kəndlərin 

əhalisi həmişə yaşıl ağaclara, xüsusilə barlı ağaclara toxunmaz, onun qol-budağını sındırmazlar. 

Bu  yerlərin  sakinləri  həmin  ağacların  qol-budağını  sındırmağı  böyük  günah,  qəbahət  sayırlar. 

Guya, bu ağaclara toxunanı tanrı cəzalandırar (14, s. 76-79). 




 

 



Xalq  arasında  şabalıd  və  qoz  ağacları  bolluq,  yaşam,  firavanlıq  rəmzidir.  Etiqada  görə, 

onları qırmaq, kəsmək, yandırmaq günahdır: adamı qarğıyar, işi düz gətirməz. 

 

Bütün türk xalqları, o sıradan azərbaycanlılar çinar ağacını tanrı, yaxud tanrıdan ayrılmış 



bir  parça  hesab  edirdilər.  Deyirlər  ağacın  da  haqqı,  ruzusu  var  bu  dünyada.  İnama  görə,  öz 

ucalığı,  möhtəşəmliyi  ilə  səmaya  doğru  uzanan  qüdrətli  xan  çinar  Allahla  insanlar  arasında 

müqəddəs  vasitəçidir,  onların  arzu-istəklərini  Yaradana  yetirən  xeyirxah  qüvvədir.  Deyilənə 

görə, bu çinarın ziyarətinə  müqəddəs cümə günü gəlirdilər. El arasında çinar bir növ pir  – ocaq 

sayılır.  Çünki  azərbaycanlıların  dini-mifoloji  təfəkkür  tarixində  çinar  ağacına  müqəddəs, 

müalicəvi  qüvvəyə  malik,  dilək  ünvanı  kimi  böyük  inam  bəslənilmişdir.  Naxçıvanda  bununla 

bağlı  belə  bir  deyim  də  formalaşmışdır:  “Çinar  kimi  kölgəli  olasan”.  Burada  çinarın  adı 

təsadüfən  çəkilmir.  Yəni,  ulularımız  çinarın  timsalında  insanlara  çoxlu  qol-budaq,  yəni,  övlad 

diləmiş, onların xeyrini – kölgəsini görməyi arzulamışlar (22, s.81).  

 

Ədəbiyyat  materiallarından  məlum  olur  ki,  Ordubad  ərazisində  çinar  daha  müqəddəs 



sayılır.  Şərurda  isə  narbənd  ağacı  müqəddəs  hesab  edilir.  Naxçıvanda  tut  ağacına  böyük  inam 

mövcud olmuşdur. Bu ağacı kəsmək günah sayılmışdır. Çünki  inanclara görə, tut  ağacını Xızır 

peyğəmbər əkib. Onun  bəhərindən qohum qonşulara pay verərdilər. Yaşlılar tut  ağacını  “çörək 

ağacı” adlandırır və deyirlər ki, aclıq illərində tut çox insanları ölümdən qurtarıb, insanlar onun 

yaş və quru meyvəsi, bəkməzi, doşabı ilə dolanıblar (4, s. 92).  

İnanca görə ata-baba ruhları günündə - adna günü heç bir ağacı kəsməzdilər. Etnoqrafik 

və ədəbiyyat materiallarına əsasən Naxçıvanda belə bir etiqada inanılıb ki, həftənin birinci günü 

ağac  kəsmək  günah  sayılır.  Həmin  gün  kim  ağac  kəssə,  ağacın  ziyarətindən  qayıdan  ruhu  ona 

sədəmə vurar (3, s.234). 

El  arasında  ağacların  sağlam,  həm  də  bol  meyvə  verməsi  üçün  ayrı-ayrı  ovsunlardan, 

çarələrdən  istifadə  edilmişdir.  Ağac  bardan  qaldıqda  deyirlər  ki,  çilləyə  düşüb,  qısırlaşıb. 

Çilləsini  kəsmək  məqsədilə  ilin  axır  çərşənbəsində  meyvə  ağaclarını  zaminə  götürmə, 

ağacqorxutma  ayinlərini  icra  edirdilər.  Elə  ki,  Novruzun  topu  atıldı,  meyvə  ağaclarının  yanına 

gələr,  onlarla  danışardılar.  Ağacları  qorxutmaq  məqsədilə  bir  nəfər  əlinə  balta  və  yaxud  dəhrə 

alıb özünü elə göstərirdi ki, guya ağacı kəsmək istəyir. Bu zaman elin ağsaqqalı ona yaxınlaşıb 

soruşardı:  -  De  görüm  nə  etmək  istəyirsən,  ağacı  niyə  kəsirsən?  -Bu  bar-bəhər  gətirmir,  

kəsəcəyəm  onu,  -      deyə  birinci  şəxs  cavab  verərdi.  Ağsaqqal  məsləhət  görərdi  ki,  gəl  sən  bu 

ağacı kəsmə,  mən onu zaminə götürürəm, bu  il çox bar gətirəcək. Beləliklə, eyni qayda  ilə  bar 

verməyən  meyvə  ağaclarını  səksəndirib  zaminə  götürərdilər.  Bundan  sonra  ayağı  sayalı,  əli 

bərəkətli oğlan, yaxud qız uşağı ağacın kökləri üstə noğul, nabat, qovurğa tökərdi, şirin su səpib 

deyərdilər “mən üzə çıxdım, sən də çıx” (20, s.35). Bütün ailə sevinər, şadlıq edərdi, bir-birlərinə 

xeyir-bərəkət  arzulayardılar,  “barlı-bəhərli  olsun,  şirin  olsun”  -    deyərdilər.  Və  yaxud  baltanın 




 

küncü  ilə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub: “Nə yatmısan, oyan, bərəkət 



payını  götür”  –  deyərdilər.  Belədə  həmin  il  ağacların  bəhəri  bol  olurdu.  Bu  da  öz  növbəsində 

təzələnməyin,  yenidən doğulmağın tərkib  hissəsi  olub,  əski  etiqadların sorağıdır.  Bar verməyən 

ağac  məhsul  gətirsin,  barlı  -  bəhrəli  olsun  deyə  ağacı  qorxutmaq  və  bu  kimi  adlarla  bilinən 

adətlər digər türk xalqlarında da vardır (6, s. 18).      

 

Ordubad  rayonunun  Sabir  kənd  sakini  Məmmədov  İsrafil  Bəhlul    oğlu  (1935-ci  il 



təvəllüdlü) bizimlə söhbət əsnasında qeyd etdi ki, babam ağacı canlı sayardı, onu ağacla danışan 

görmüşəm.  Bar  verməyəndə  gələrdi  ağacın  yovuqluğuna.  Deyərdi:  “Ağaclarım  bar  gətir, 

ağaclarım bar gətir. Ay ağac nəvəm dil acır ey..... sən də çiçəkləsənə !”.  Baxardıq ki, düyməli 

tumurcuqlar səhərisi eynən al-qırmızı çiçəkdi...  Naxçıvanda ağacların  bar verməsi  ilə  bağlı  icra 

edilən daha bir ayin var. Hələ də qalan adətə görə, bar verməyən, yaxud məhsulu az olan ağaca 

qırmızı bağlayırlar (20, s.33).  

Bir də məşğuliyyəti  meyvəçilik olanlar yazın əvvəllərində bağ-bağatlı kənd həyətinin bir 

küncündə çır-çırpı yandırar və meyvə ağaclarını bədnəzərdən qorumaq üçün ona üzərrik atar və 

oxuyardılar: 

                                        Çıxdım Savalan dağına, 

                                        Çağırdım: «Ya Əli, ya Məhəmməd!» 

                                       Dedi: «Nədir, ey fağır biçarə?» 

                                       Dedim: «Nədir bu dərdə çarə?» 

                                        Dedi: «Kol-koslu üzərrik, 

                                        Başı börklü üzərrik!» 

                                        Üzərriksən, havasan! 

                                        Yetmiş dərdə davasan! 

                                        Göstər hökmünü üzərrik. 

                                        Bir, iki, üç, dörd, 

                                        Çatlasın, partlasın 

                                        Yaman gözlər pırtlasın. 

 

Sonra  elə  edərdilər  ki,  külək  onun  tüstüsünü  ağaclara  tərəf  aparsın.  Deyərlər  ki,  ağaclar 



tüstülənməsə  meyvələri  çürük  və  içiboş  çıxar.  Ocaq  söndükdən  sonra  onun  külünü  ağacların 

üstünə  səpirlər,  dibinə  tökürlər.  Bu  o  deməkdir  ki,  ağaclara  zaval  dəyməsin,  sağlam  olsun, 

meyvəsi  bol  olsun.  Naxçıvanda  meyvə  ağaclarını,  bağ  sahələrini  “yaman  gözdən”, 

“bədnəzərdən”  qorumaq  inamı  indi  də  yaşamaqdadır.  Bunun  üçün  ağacın  şərəfinə  qurban 

kəsirlər, bağ sahəsinə, ağacın başına heyvan (öküz, at, qoyun, it və s.) kəlləsi, üzərlik, həmçinin 

Qurani-Kərimin  müqəddəs  ayələrindən  birini  yazdırıb  asırlar.  Bununla  da  güman  edirlər  ki, 

onların məhsulları bol olacaq, hər cür bəladan qorunacaqdır.  



 

Naxçıvan  etnoqrafik    materiallarının  araşdırılması  göstərir  ki,  ənənəvi  toy  adətlərində 



alma  bolluq,  artım  simvolu  kimi  mühüm  yer  tutmuş  və  sevgili  seçmək  üçün  bu  meyvədən  bir 

vasitə kimi istifadə edilmişdir. “Almaatdı” adlı mərasimdə oğlan öz sevgisini qıza atdığı alma ilə 

bildirərmiş. Gəlingətirdi  toyunda gəlin qız ər evinə daxil olduğu zaman bəy oğlan sağdış, soldışı 

ilə birgə uca bir yerə - dama, eyvana qalxıb oradan gəlinin başına qırmızı alma atardı. Əgər alma 

qıza  dəyərdisə,  bəyin  yoldaşları  “qoy  qız  bu  evdə  xoşbəxt olsun  ,  çoxlu  övladı  olsun”  –  deyib 

göyə  atəş açardılar. İnama görə, həmin almanı  yeyənə tezliklə  toy qismət olardı. Onu da deyək 

ki,  gəlinin  başına  yalnız  qırmızı  alma  atılardı.  Çünki  qırmızı  rəngli  meyvələr  daha  müqəddəs 

sayılır. Məhz buna görə toy və şənliklərdə, bayramlarda daha çox qırmızı almaya önəm verilərdi. 

Digər  adətə  görə,  oğlan  qıza  alma  göndərirdi.  Qız  almanı  götürsəydi,  cavanlar  bir-biriylə  əhd-

peyman  bağlamış  olardılar.  Yaxud  əksinə,  oğlan  dəsmal  atdıqda,  əvəzində  qız  dəsmala  alma 

qoyardısa,  son  olaraq  sevgililərin  ilahi  vüsalı  başa  çatar,  təzə  ailələrin  bünövrəsi  qoyulardı  (1, 

s.6). 

Keçmiş  zamanlarda  ərə  verilən  qızların  cehizləri  arasında  bir  neçə  seçmə  barlı  ağac 

qələmi (alma, nar, üzüm və s.) də olardı. Bu ən yaxşı hədiyyə sayılırdı. Belə  hesab edirdilər ki,  

bu  ağaclar  gəlinin  ər  evinə  mehribançılıq,  çoxlu  nəvə-nəticə,  bolluq  gətirəcək.  Bir  də  həmin 

ağacların meyvələrini satmazdılar, xəstələrə, yetim-yesirə, qohum-qonşulara pay verərdilər.  

 

Naxçıvanda  toy  mərasimində  ağacla  bağlı  icra  edilən  daha  bir  ayin  var.  Hələ  də  qalan 



adətə  görə  toy  mərasimindən  sonra  bəylə  gəlinin  şərəfinə  “üzəçıxdı”  (buna  el  arasında 

“duvaqqapma”,  “elgördü”  də  deyilir)  ayini  icra  edilir



*

.  Bununla  əlaqədar  yaxın  qohumlardan 

birinin  8-12  yaşlı  ata-analı  oğlan  uşağı  əlindəki  oxlovla  xəlvətcə  gəlinin  duvağını  çəkib  həyətə 

qaçır və övlad sahibi olsun deyə onun örtüyünü barlı bir ağacın budaqlarına atır. 

 

Ordubadda gəlin ata evindən çıxanda başına halal çörək qoyurlarsa, ər evinin qapısından 



daxil olduqda onun başına bölüm-bölüm edilmiş alma atırlar. Belə hesab edirlər ki, bununla gəlin 

ər evinə həm xoşbəxtlik, həm də ruzi-bərəkət gətirəcək (21, s.26). Ordubadda alma ilə bağlı daha 

bir ayin var. Ürəklərində niyyət tutanlar Ordubaddakı Göygölün sahilinə gəlir, gölə alma atırlar. 

Gölə atılan almanı su fırladıb onu atan adamın yanından keçirərsə, deməli niyyəti hasil olur (8, s. 



24). 

Ağacla  bağlı  yuxuyozmalar  da  vardır.  İnanca  görə  yuxuda  ağac  görmək  bolluğa  – 

bərəkətə  işarədir.  Yuxuda  bağ-bağat    görsən  yaxşı  əlamətdir,  xeyrə  çatarsan.  İlin  axır 

çərşənbəsində  yuxuda  alma  görmək  dünyaya  oğlan  uşağının  gələcəyinin  əlaməti  kimi  yozulur 

(10, s.84). 

Beləliklə, Naxçıvanda ağacla bağlı bir sıra inam, etiqad, ayin, sınama və mərasimlər xalq 

həyatının  və  mənəviyyatının,  təbiət  və  cəmiyyət  hadisələrinə  baxış  və  münasibətin 

                                                             



*

 Bəzi bölgələrdə bu ayin gəlin ər evinə çatanda icra edilir. 


 

rəngarəngliyini  xatırladır  və  bir  sira  məhəlli  xususiyyətlərinə  baxmayaraq,  əsasən  Aərbaycanın 



digər bölgələri ilə ümumi səciyyə daşıyır. 

Yaşadığımız  müstəqillik  dövründə  siyasi-iqtisadi  nailiyyətlərimizlə  yanaşı  ulularımızın 

zaman-zaman  qazandığı  milli-mənəvi  sərvətləri,  dəyərləri  qorumalı,  hər  yeni  nəsilə  öyrətməli, 

sevdirməliyik.        

   

 

 



ƏDƏBİYYAT 

1.

 



Aslanov  Elçin.  Azərbaycan  toyu  (toy  mədəniyyətimizin  bələdçisi).  –  Bakı,  “Tutu” 

nəşriyyatı 2003, s. 9 Almaatdı. 

2.

 

Azərbaycan  ədəbiyyatı  tarixi.  6  cilddə  c.1,    -  Bakı,  2004.  Azərbaycan  folkloru 



antologiyası. Naxçıvan folkloru. c. 1, Naxçıvan, 2010: 

3.

 



Babayev Rafiq. Obrazın funksiyasının işarələndirilməsi (Naxçıvan materialları əsasında). 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Naxçıvan  Bölməsinin  Xəbərləri  (İctimai  və 

humanitar elmlər seriyası). 2015,  №3. 

4.

 



Babayev Tofiq. El ocaq başına yığışar (tarixi – etnoqrafik etudlər). Azərnəşr, 1998. 

5.

 



Babayev  Tofiq.  Azərbaycanlıların  inancı  sistemindənar.  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının Xəbərləri (ictimai elmlər seriyası). – Bakı, 2017,№2. 

6.

 

Bəydili (Məmmədov) Cəlal. Türk mifaloji sözlüyü. – B., “Elm”. 2003. 



7.

 

Dədə Qorqud kitabı. Ensiklopedik lügət. – Bakı, 2004. 



8.

 

El  sözü  –  yurd  yaddaşı  (Toplayıb  tərtib  edən  və  çapa  hazırlayan  Məshəti  Rüstəm  qızı 



İsmayıl). – Bakı, “Elm”, 2010. 

9.

 



Əliyev Oruc. Nağıllar (bax: Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, c.1),  - B., 2004.  

10.


 

Xalq  yaddaşının  izləri  (Toplayıb  tərtib  edən  və  çapa  hazırlayan  Məshəti  Rüstəm  qızı 

İsmayıl). – B., “Elm”, 2005. 

11.


 

Жирмунский В.М. Тюркский героический эпос (Избр.).- Ленинград, Наука, 1974. 

12.

 

Qədirzadə H.Q. Nuh peygəmbər, Dünya tufanı və Naxçıvan. Naxçıvan, 2008. 



13.

 

Qədirzadə  H.Q.  Azərbaycan  türklərində  alma  ilə  bağlı  inanclara  dair.  Naxçıvan 



Müəllimlər İnstutunun Xəbərləri. - Naxçıvan. 2005. 

14.


 

Qədirzadə  Türkan.  İslamaqədərki  adətlər,  inamlar  və  mərasimlər  (Naxçıvan  materialları 

əsasında). – Bakı, 2006.  

15.


 

Kitabi Dədə Qorqud. / Tərtib edəni Samət Əlizadə. – Bakı, 1999. 

16.

 

Kalankatuklu Moisey. Albaniya tarixi. – Bakı, 1993. 



17.

 

Гордлевски В.А. Избранные сочинения, т.1, Москва, 1960. 



18.

 

Məhsəti İsmayıl. Naxçıvandakı inanc yerlərində əski mifoloji düşüncə sistemi. Naxçıvan: 



ilk  yaşayış  və  şəhərsalma  yeri  kimi  (20-24  iyul  2011-ci  ildə  keçirilmiş  beynəlxalq 

simpoziyumu materialları). - Naxçıvan, 2012. 

19.

 

Naxçıvan abidələri ensiklopediyası, -  Naxçıvan, 2008. 



20.

 

Naxçıvan folkloru, I cild (Tərtib edənlər: Məhərrəm Cəfərli, rafiq babayev). –  Naxçıvan, 



2010. 

21.


 

Пашаев А. Город Ордубад в XIX-начале ХХ вв. – Баку., “Элм”, 1998. 

22.

 

Naxçıvanın hikmət xəzinəsindən (Toplayıb yazıya alanı və tərtib edənləri Adil Bağırov, 



Kamilə Bağırova, Bəxtiyar Məmmədov). - Bakı, 2005. 

23.


 

Səfərli H. F. Naxçıvan ziyarətgahları. Bakı, - 1998. 

24.

 

Seyidov Mirəli. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., Yazıçı. 1983. 



25.

 

Şahbazov Tahir. Azərbaycanda islamaqədərki inamlar. - Bakı, 2008.  





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə