Tofiq kazimovu xatirlayarkəN



Yüklə 85,72 Kb.

tarix08.07.2018
ölçüsü85,72 Kb.
növüYazı


TOFİQ KAZIMOVU XATIRLAYARKƏN...

 

1951-52-ci  illərdə  Moskvada  ali  rejissorluq  təhsili  alıb  gəlmiş  Tofıq  Kazımov  M.Əzizbəyov 



adına  teatrda  türkmən  yazıçısı  Hüseyn  Muxtarovun  bir  pyesini  tamaşaya  qoymuşdu. 

H.Muxtarovun  pyesində  konflikt  kolxoz  sədrinin  rayondan  gələn  qonaqlara  kolxozun  birmi-

ikimi  toğlusunu  kəsməyinin  üstündə  qurulmuşdu.  Kişi  nə  qədər  haray  salırdı  ki,  «toğluları  alıb 

yerinə qoyacam», yenə də ondan əl çəkmirdilər. Pyes vulqar sosiologizmin tipik nümunəsi idi. 

Tofıqin bütün cəhdinə baxmayaraq, tamaşa quru, sönük çıxmışdı. Sonralar o pyes barədə söhbət 

düşəndə Tofiq hirslənib qışqırırdı ki: 

- Məni məcbur elədilər! Öz xoşumla qoymamışdım!.. 

Və bu, doğrudan da, belə idi. Mən hərdən gedib Tofıqin məşqlərinə baxırdım. Onun bədii-estetik 

ifadə tərzi, personajlara orijinal münasibəti xoşuma gəlirdi. 

Həmin  bu  vaxtlar  mən  «Atayevlər ailəsi» pyesini  yazmışdım. Tofıq pyesi oxuyub  bəyənmişdi. 

Əvvəllər  iki  pyesimi  -  «İşıqlı  yollar»la  «Bahar  suları»nı  tamaşaya  qoymuş  və  aramızda  həm 

şəxsi, həm də yaradıcı dostluq yaranmış rejissor Adil İsgəndərov məşğul idi və mən ona dedim 

ki, «Atayevlər ailəsi»ni istəyirəm verim Tofıqə. Etiraz eləmədi: 

- Neynək, qadam, - dedi, ürəyin istəyir, inanırsan, ona ver. Adil alicənab insan və alicənab da 

sənətkar idi. 

«Atayevlər  ailəsi»nin  quruluşu  üzərindəki  işdə  Tofıqin  ilk  müvəffəqiyyəti  rolları  aktyorlar 

arasında  çox  sərrast  bölməsindən  başladı.  Hansı  rolu  hansı  aktyorun  daha  təbii  ifadə  edə 

biləcəyini düzgün təyin etmək hissi, yaradıcılıq intuisiyası, Adil kimi, Tofıqdə də çox güclü idi. 

O, rol bölgüsünü rejissor işində mühüm məsələ hesab edirdi. 

O deyirdi: 

- Rejissor gərək aktyorun nəyə qadir olduğunu, sənətkarlıq potensialını qabaqcadan düzgün hiss 

eləyə  bilsin.  Ancaq  belə  olduqda,  aktyordan  istədiyini  tələb  eləyə  bilər.  Sonra  da  nəyə  isə 

hirslənərək əlavə edirdi: 

- Axı, bu rejissorluq sənətinin «əlif-beyi»dir! 

O, coşğun bir həvəslə «Atayevlər ailəsi»nin məşqinə başladı. Ümumiyyətlə, Tofiq xoşuna gələn, 

ürəyincə olan əsərə həmişə coşğım ilhamla girişirdi və onun emosionallığı, ilhamı aktyorlara da 

sirayət  edirdi.  Onun  məşqi  həmişə  olduqca  canlı  keçirdi.  Aktyor  ifasında  qeyri-təbii,  saxta 

hərəkəti  duymaqda  onun  qeyri-adi  bir  həssaslığı  var  idi.  Buna  görə  də,  tez-tez  əsəbiləşir, 

özündən çıxıb qışqırırdı. O, aktyor ifasında ən incə ştrixləri belə nəzərdən qaçırmırdı. Aktyorun 

təbəssümü-gülüşü, ya baxışı təbiidirmi? Yerindədirmi? Səsinin ahəngi bu vəziyyətə, bu ruhi hala 

uyğundurmu? 

O,  eyni  zamanda,  nəinki  obrazın  daxili  aləminin,  hətta,  hər  mizanın,  hər  bir  detalın 

aydınlaşmasına,  tamaşaçılara  təsir  etməsinə  çalışırdı.  O,  obrazın  xüsusilə  psixoloji  cəhətdən 

dürüst  çıxmaşına  birinci  dərəcəli  məsələ  kimi  baxırdı.  Tofiq,  əlbəttə,  realist  rejissor  idi.  Lakin 

tamaşaçının,  oxucunun  qəlbinə  təsir  eləməyən,  insanın  ruhi  aləmini  sarsıtmayan  quru,  soyuq 

realizmdən onun zəhləsi gedirdi. O, tez-tez mənə deyirdi: 

-  İstər pyes,  istərsə də tamaşa, bİrinci  növbədə, ürəkdən gəlməlidir. Birinci  növbədə,  yazıçının, 

rejissorun qəlbinin, psixoloji sarsıntılarının tərcümanı olmalıdır. 

Məşq elədiyi «Atayevlər ailəsi»ndən misal gətirərək deyirdi: 

-    Məsələn,  əgər,  Lətafətin  tragediyası  məni  sarsıtmasa,  yırtıcı  təbiətə  malik  Dilşad  xanımın 

xalqa, vətənə sadiq, namuslu bir adam olan Xosrov Atayevin başına gətirdiyi faciəni, onun ruhi 

əzablarını  Xosrov  Atayevin  özü  kimi  hiss  eləyə  büməsəm,  aktyora,  dolayısıyla  da  tamaşaçıya 

necə təsir eləyə bilərəm?! 

O, Stanislavski sisteminin tərəfdan idi. O deyirdi: 

- Bəzi rejissorlar unudurlar ki,  bu  sistem  yeri gələndə,  hadisələrin cərəyanı  ilə əlaqədar olaraq, 

eyni zamanda, şairanə romantika, psixoloji sarsıntıların dərinliyini tələb edir. Bunlardan məhrum 

olan  quruluşlarda,  elə  bil  ki,  hər  şey  ölçü-biçi  ilədi.  Hər  şey  öz  yerindədi,  professionaldı,  irad 

tutmaq olmaz. Ancaq insanın qəlbi ilə işi yoxdu! Tragik vəziyyətdə belə, olsa-olsa, beyinə təsir 

eləyir,  ürəyə  yox.  Sənət,  o  cümlədən,  səhnə  sənəti  yalnız  ürəyə  təsir  elədiyi  zaman,  insan 



qəlbinin  dərinliklərinə  işləyə  bildiyi  zaman  öz  gücünü  göstərə  bilər.  Əlbəttə,  söhbət  ağıllı 

əsərdən gedir. 

«Atayevlər ailəsi»ndən bəhs edərək deyirdi: 

- Xosrov Atayevin faciəsi mənə Lətafətin faciəsindən çox təsir edir. Çünki Xosrov Atayev kimi 

yaxşı  insanlar  çox  zaman  Lətafət  kimi  qadınların  səhvlərinin,  ağılsız  hərəkətlərinin  qurbanı 

olurlar. Lətafət, Şahsuvarovu sevən kimi, Dilşad xanım da Xosrov Atayevi sevmişdi. Ancaq fərq 

orasında idi ki, Şahsuvarov daxilən əclaf idi. Xosrov Atayev isə namuslu, alicənab... Dünyabina 

olandan  bəri  insanları  öz  səhvləri  bədbəxt  eləyir.  Daima  dövr  eləyən  bu  səhvlərdə  də  həmişə 

mənfı hisslərlə müsbət emosiyalar əlbəyaxa olur. Mən zarafatyana: 

-  Atmosferdəki müsbət-mənfi elektrik cərəyanları kimi... - dedim. 

-  Sən zarafat eləyirsən... Amma mən həmişə fikirləşirəm ki, bu dünyada canlılar da, cansızlar da 

daima əlbəyaxa vuruşdadırlar. 

- Cansızlar da! 

- Bəs necə... Cansızlar bir-birini məhv etməkdə heç də canlılardan geri qalmırlar... Yağış yağır, 

torpaqdan  yaşıl  otlar,  güllər,  çiçəklər  qalxır...  Sonra  yay  gəlir...  Günəşin  zəbanə  çəkən  qızmar 

istisi  bu  yaz  otunu,  yaz  güllərini  yandırıb  qurudur...  İldırım  çaxıb  illər-əsrlər  yola  salmış  qoca 

palıdları  qara  kömürə  döndərir...    Küləklər...    Sellər...  Təbiət  bir  tərəfdən  qurur,  yaradır,  bir 

tərəfdən  də  vurub  dağıdır.  Səhnə  də  həyatın  bir  parçasıdır.  Ona  görə  də,  vuruş  olmayanda, 

personajların daxilində hisslərin, fikirlərin çarpışması olmayanda, tamaşaçı darıxmağa başlayır. 

Tamaşa ona maraqsız görünür. Səhnədə gərək həyat qaynasın! Tərəflərin, hisslərin vuruşu gərək 

tamaşaçının gözünü açmağa qoymasın. 

«Atayevlər  ailəsi»  Tofıqin  Akademik  Dram  Teatrımızda  ilk  müvəffəqiyyətli  quruluşu  oldu. 

Bizim sənətkarlarımız Mustafa Mərdanov,  Əjdər Sultanov, Əli Zeynalov, Hökümə Qurbanova, 

Leyla Bədirbəyli, Məhluqə Sadıqova, Məlik Dadaşov şəxsən mənim heç zaman unutmayacağım 

kamil səhnə obrazları yaratdılar. 

Sonra mən «Söyüdlü arx», «Körpüsalanlar» romanları və müxtəlif hekayələr üzərində işləməyə 

başladığım üçün dramaturgiyadan aralandım  və  yalnız 1963-cü  ildə  «Sən  həmişə  mənimləsən» 

pyesini yazdım. 

O pyesin yazılması tarixi bir mahnının təsirilə başladı. «Qaragilə» adlı xalq mahnısını mən çox 

xoşlayıram.  Hər  dəfə  qulaq  asanda,  mənə  elə  gəlirdi  ki,  o  mahnı  ilə  əlaqədar  nə  isə  demək 

istəyirəm. Elə bil ki, o mahnıdakı avazın demək istədiyi «nə isə»ni onun sözləri tam ifadə eləyə 

bilmir... Amma mən bu təsiri sözlə eşitməsəm də, deyə bilməsəm də, hiss edirəm. 

Bir axşam teatrın təzə binasında Tofıqin kabinetində oturub söhbət edirdik. Müğənnilərdən biri 

televizorda  «Qaragilə»  xalq  mahnısını  oxuyurdıı.  Biz  ikimiz  də  söhbəti  kəsib,  bir  qədər  qulaq 

asdıqdan sonra mən dedim: 

- Həmişə bu mahnıya qulaq asanda, nə isə, nakam bir məhəbbət əhvalatı yazmaq istəyirəm... 

- Yaz! - deyə o, həyəcanla səsləndi. - Ancaq, sən Allah, təbliğatdan-zaddan yazma, lirik-psixoloji 

bir dram əsəri yaz! 

Bir qədər susub əlavə elədi: 

- Bəlkə «Söyüdlü arx»ı pyes eləyəsən! Nuriyyə surəti heç yadımdan çıxmır... 

- Yox, - dedim. Mən nəsr əsərimi səhnə əsərinə çevirməyi xoşlamıram. Bu mənə «Aşığın sözü 

qurtaranda dalay-dalay deyər» məsəlini xatırladır. 

-  Onda,  -  deyə  Tofiq  ilhamla  davara  elədi,  -  lirik-psixoloji  planda!  Mən  inanıram  ki,  sən  onu 

yazarsan... 

Mən də zarafatyana dedim: 

- Yaxşı, indi ki, sən inanırsan... 

-  Bax,  gözləyəcəyəm  ha!..  -  deyə  qalxıb  piano  arxasına  keçərək,  müğənninin  bayaq  oxuduğu 

«Qaragilə» mahnısını çalmağa başladı. 

Onun hərdən zövqlə, təsirli piano çalmağı da vardı və mən də onun çalğısını xoşlayırdım... 

Sonra  qalxıb  teatrdan  çıxdıq.  Xoş  havalı  bir  yaz  gecəsi  idi.  Axşamdan  xeyli  keçməsinə 

baxmayaraq, heç birimiz yatmaq istəmirdik. O, dərindən nəfəs alıb: 

- Gözəl gecədir... - dedi. 




Sonra hisslə aşıq Alıdan bu misraları söylədi: 

 

Aydın... gündü gəlib keçir ömürdən, 



Tələsirik, görən yaza nə qaldı?

 

 



0, el mahnılarını, aşıq qoşmalarını çox sevirdi, çünki onları hiss edirdi, duyurdu. Sonra: 

İstəyirsən, - dedi, - gedək bir kruşka pivə içək!.. Biz gəzə-gəzə gəlib çıxdıq köhnə «İnturist»in 

yanına. 


- Gedək, - deyə mən «İnturist»in binasma işarə elədim. 

-  Ora  yox!  Gedib  oturan  kimi,  görəcəksən  bir  qəmiş  gəlib  başladı  zəvzəməyə...  Qoymurlar  bir 

azad nəfəs alasan. 

Onun  qələbəlikdən  xoşu  gəlmirdi.  Ona  görə  də,  böyük  restoranlara  getmək  istəməzdi.  Gedib 

balaca bir meyxanada əyləşdik. O, yenə də pyes barədəki söhbətimizə qayıdıb: 

-  Xahiş  edirəm,  -  dedi,  -  sən  günü  sabahdan  başla  işləməyə.  Boşun  tutma,  sən  Allah!..  Birdən 

qızışaraq (beləcə birdən qızışmağı vardı): 

-  Fəhlə  zavodda  namusla  işləyir.  Yarışır,  planı  yerinə  yetirir,  -  dedi.  -  Ayda-ildə  bir  dəfə  də 

istirahət günü arvad-uşağı ilə gəlib teatr tamaşasına baxmaq istəyir. Dincəlmək istəyir. Başqa bir 

aləm görmək istəyir. Zəhmətkeş adamın bu təbii ruhi tələblərini hiss etməyən bəziləri isə, bizdən 

tələb  edirlər  ki,  həmin  zəhmətkeş  adamın  yalnız  zavodda, tarlada  gördükləri  işləri,  konfliktləri 

təzədən ona göstərək... Yəqin məsələdir ki, bu da o kişini bezikdirib zəhləsini tökəcək. 

Mən dedim:. 

-    Əlbəttə,  zəhmətkeş  adamın  zavodda  da,  kolxoz  tarlasında  da  gordükləri  işləri,  konfliktləri 

gostərmək olar. Bu lazımdı da! Ancaq bu şərtlə ki, sən zəhmət adamını robota döndərməyəsən. 

Öz quru, standart tələblərini plakat kimi yazıb onun döşünə yapışdırmayasan. Tərəf-müqabilləri 

bir-birilə buynuzlaşan şüursuz qoçlara döndərməyəsən! 

-  Döndərirlər!  -  deyə  o  əsəbiləşib  qışqırırdı.  -  Hətta,  elə  yazılara  mükafat  da  verirlər!  Mən 

Hüseyn Muxtarovun pyesini tamaşaya qoyanda tanımadığım bir tamaşaçı zəng eləyib mənə dedi: 

«Ay yoldaş rejissor, qoyunu kəsən adam hey deyir ki, vaxtsız hörmətli qonaqlar gəldi rayondan, 

tələsiklik olduğu üçün, məcbur oldum fermanın qoyunundan kəsim... Əvəzində də lap dördünü 

alıb  yerinə qoyaram. Day  bundan ötəri  nə  həngamə  açıb  bizim də  vaxtımızı  alırsınız?  Belə də 

teatr  olar?..»  Tamaşaçılar,  axı,  bizim  səhnəyə  çıxardığımız  robotlardan  deyillər!  Hər  şeyi  başa 

düşən ağıllı tamaşaçılar var. Sən belə əsərlərlə onları teatrdan uzaq sala bilərsən, amma ürəyinə, 

fıkrinə təsir eləyə bilməzsən! 

Mən  bu  söhbətdən  təxminən  bir  ay  sonra  «Sən  həmişə  mənimləsən»  pyesini  ona  verdim.  Elə 

həmin günün axşamı, gecə saat on ikidə mənə zəng eləyib mütəəssir ifadə ilə: 

- Pyesin axırında ağlamışam, - dedi. - Sabah gəl teatra. Gözləyəcəm. 

Tofıq olduqca kövrək, həssas adam idi. Sanki o bədii əsəri də, muğamatı da, aşıq qoşmalarını da 

bütün vücudu ilə hiss edirdi. Ona görə də, istər pyesdə və istərsə də aktyor ifasında personajın 

daxili  aləminə,  qəlbinə,  hissiyyatına  aid  heç  bir  saxta  ştrix,  saxta  situasiya  onun  nəzərindən 

yayınmazdı. Məşq zamanı belə hal görəndə zaldan səhnəyə qışqırırdı: 

- Olmadı! O anda insan elə axmaqcasına gülümsəməz! 

...  Səhəri  gün  mən  onun  yanına  gələndə  pyes  haqqında  heç  bir  söz  demədən,  birbaş  Nargilə 

surətindən başladı: 

- Bu saat mənim üçün ən mühüm iş bu surəti kimə tapşırmaq məsələsidir.  

Sonra öz-özü ilə danışırmış kimi: 

-  Gərək  elə  aktrisa  olsun  ki,  onu  əsərdəki  qədər  təbiiliklə  yarada  bilsin,  -  dedi.  -  Bu  bizim 

səhnəmiz  üçün  tamam  yeni  surətdir.  Teatrda  onu  ifa  edəcək  aktrisa  görmürəm...  Bir  qədər 

fikirləşəndən sonra əlavə elədi: 

- İncəsənət institutunda bir qız oxuyur. Onu yoxlamaq lazımdır. Pyes bədii şurada oxunub qəbul 

olunandan sonra, Tofıq rolları bölüb institutdan çağırdığı on səkkiz yaşlı Amalya Pənahova ilə 

məni  tanış  elədi.  Məşqlər  başladı.  Həsənzadə  rolunu  Əli  Zeynalova  vermişdi.  Lakin  Tofiqin 

özünü də, məni də, birinci növbədə, Nargilə surətinin ifası maraqlandırırdı. Mən də, Tofıq də bu 

cavan  qızın  çox  həssas  və  güclü  hissiyyata  malik  olduğunu  hiss  eləsək  də,  sonralar  mənim 



doqquz  pyesimdə  doqquz  baş  rol  ifa  etmiş  o  gənc  Amalyanın  o  zaman  Nargilə  surətini 

yaradacağına  özümü  inandıra  bilmirdim.  Nargilə  psixoloji  cəhətdən  daima  haldan-hala  düşən, 

tez-tez  gah  sevinən,  gah  kədərlənən,  gah  gülən  və  özündən  iyirmi  altı-iyirmi  yeddi  yaş  böyük 

Həsənzadəni  sevən  gənc  bir  qız  idi.  Mənə  elə  gəlirdi  ki,  bu  təcrübəsiz  gənc  tələbə  qız  öz 

hisslərini lazımi anda cilovlamaqda çətinlik çəkir. Danışdığı zaman duyğularının coşğunluğunun 

qabağını saxlayıb, fıkrini sərrast ifadə etmək üçün tez-tez danışmağa məcbur olur. Ona görə də, 

bir neçə məşqdən sonra Tofıqə dedim: 

-  Sən  də,  mən  də  bilirik  ki,  tamaşanın  müqəddəratı  Nargilə  surətinin  necə  alınacağından  asılı 

olacaq... Bəlkə bu rol üçün ayrı bir qız da yoxlayasan... 

Tofiq həyəcanla: 

- Mən ölüm, - dedi, - üç-dörd gün də hövsələ elə... 

Mən  görürdüm  ki,  qız  da  mənim  narazılığımı  hiss  edir.  «Bəlkə,  -deyə  fıkirləşdim,  -bu  onu 

çaşdırır?»  Buna  görə  də,  üç-dörd  gün  məşqə  gəlmədim.  Sonra  bir  gecə  Tofıqə  zəng  eləyib 

zarafatla soruşdum: 

- Nə oldu, Nargilə Həsənzadəni sevə bilir? 

-  Sevir!  -  deyə  Tofiq  həyəcanla  səsləndi.  -  Obraz  alınır...  Qiyamət  olacaq!..  Bilirəm  niyə 

gəlmirsən, amma gəl! Mən ölüm, sabah gəl! 

Səhəri  gün  teatra  gedib,  zalın  qaranlıq  yerində  hiss  olunmadan  oturdum  və  məşqə  tamaşa 

eləməyə başladım. 

Doğrusunu  deyim  ki,  qızın  bu  dəfəki  oyunu  məni  xeyli  təəccübləndirdi.  O  bu  üç-dörd  günün 

içində, yaxşı mənada, tamam başqa qız olmuşdu. Birdən-birə açılışmış, hərəkətləri olduqca təbii, 

səmimi olmuşdu... Səhnə nöqteyi-nəzərindən o tələbə qız böyük istedad sahibi, təcrübəli sənətkar 

Əli Zeynalova layiq bir tərəf-müqabil olmuşdu. Məşq davam elədikcə, gənc aktrisanın istedadı 

da  sanki  sürətlə  açılırdı.  Pyesdə  psixoloji  bir  moment  var:  zavodda  Rəşid  adlı  gənc,  yaraşıqlı, 

hamı  tərəfindən  sevilən  bir  oğlan  işləyir.  O,  səhnədə  gorünmür.  Lakin  biz  onun  Nargilə  üçün 

oxuduğu «Qaragilə» mahnısını eşidirik. Nargilə hiss edir ki, adı onun adına oxşayan «Qaragilə» 

mahnısını Rəşid onun üçün oxuyur. Buna görə də, hər dəfə Rəşid o mahnını oxuyanda, Nargilə 

hirslənib  Həsənzadənin  yanında  Rəşidin  bədinə  danışır.  Həsənzadə  ağıllı  adam  olduğu  üçün, 

Rəşidə qarşı Nargilənin bu səbəbsiz əsəbiliyinin psixoloji mahiyyətini başa düşür... Ona görə də, 

Nargilə  əsəbiləşib  Rəşidin  əleyhinə  danışanda,  Həsənzadə  mülayimliklə  gülümsəyib  Rəşidi 

rnüdafıə edir. Məşq zamanı mən Nargüə - Amalyadan zarafatyana soruşdum: 

- Nə üçün gənc, gozəl, yaxşı bir oğlan olan Rəşidin mahnısı Nargiləni əsəbiləşdirir? 

O gülümsəyib cavab verdi ki: 

- Özünüz səbəbini bilirsiniz... Sonra əlavə etdi: 

-  Nargilə  Həsənzadəyə  olan  məlıəbbətini  qoruyur...  Rəşid  məhz  hamı  tərəfinden  sevilən  gənc, 

gözəl  oğlan  olduğu  üçün,  Nargilə  qəlbinin  harasında  isə  özünün  də  ondan  xoşu  gəldiyini  hiss 

elədiyi  üçün,  qeyri-şüuri  Rəşiddən  qorxur...  Həsənzadəyə  olan  məhəbbətinə  görə  qorxur... 

Həsənzadə isə, bunu başa düşür. 

Əlbəttə, gənc aktrisa  bu  fıkrini  belə rəvan  yox, çəkinə-çəkinə, qırıq cümlələrlə  bildirdi.  Ancaq 

onun hadisənin təhtəlşüur mənasını düzgün hiss eləməsi, doğrusu, mənim çox xoşuma gəldi. 

Gənc Amalya ilə mənim bir-birimizi beləcə dəqiqliklə başa düşməyimiz sonrakı pyeslərimdə də 

özünü  göstərdi.  0  mənim  bir  cümlə  ilə  də  müəyyən  psixoloji  situasiyada  nə  demək  istədiyimi 

dərhal başa düşürdü. 

Əlbəttə, Amalyanı bir aktrisa kimi Tofıq kəşf eləmişdi. Bu, onun sənətkarlıq zövqünün yeni bir 

təzahürü idi və Amalyanın sonrakı lirik-psixoloji rolların ifasındakı müvəffəqiyyətlərində də, bir 

sənətkar kimi yetişməyində də Tofıqin əməyi böyükdür. 

Tofıq  yalnız  Nargilə,  ya  Həsənzadənin  deyil,  bütün  personajların  psixoloji  detalları,  çalarları 

təbii  ifadə  etmələrinə  çalışır  və  buna  müvəffəq  olurdu.  Azərbaycan  teatrının  böyük 

sənətkarlarından Əli Zeynalov da Həsənzadə rolu ilə teatrımıza tamam yeni bir surət gətirdi. Bu 

surət öz ləyaqəti, təmkinli görkəmi ilə, ürəyindəki böyük dərdi və yüksək insani keyfıyyətlərilə 

tamaşaçılara  (elə  mənim  özümə  də!)  dərin  təsir  edirdi.  Hamı  onun  gənc  Nargiləyə  göstərdiyi 

alicənablıqdan mütəəssir olurdu. Onun yalqız həyatının yeganə təsəllisi insanlara xidməlində idi. 




Əli Zeynalovun ifasında hamı inanırdı ki, on səkkiz yaşlı gənc Nargilə belə bir insanı sevə bilər... 

Və  Nargilə  -  Amalya  Pənahova  bu  sevgini  əvəzsiz  bir  təbiiliklə  ifa  edirdi.  Onun  iztirabları, 

Həsənzadədən  ayrıldığı  səhnə  zalı  sarsıdırdı  (Tofıq  hər  dəfə  «Sən  həmişə  mənimləsən» 

tamaşasında lojaya çıxıb onun fınalına baxaraq, gözləri yaşarmış halda qayıdırdı). 

Mən  ümid  edirəm  ki,  oxucu  bu  sözlərimdə  qeyri-təvazökarlıq  görməyəcək.  Söhbət tamaşadan, 

bizim gözəl sənətkarlarımızdan gedir və mən bütün bunları yalnız həqiqət naminə yazıram. 

Nəhayət,  tamaşa  hazır  oldu.  Böyük  müvəffəqiyyət  qazandı.  Amalya  birdən-birə  bütün 

respublikada məşhurlaşdı, şöhrət sahibi o-du. Hətta rayonlardan da «Sən həmişə mənimləsən»in 

tamaşasına  gəlirdilər.  Doğrusu,  mən  hər  dəfə  axşam  tamaşaya  gələndə  adamların  teatrın 

bayırında  əldən  bilet  axtardıqlarını  görəndə  mütəəssir  olurdum.  Bu  mənə  Nargilə  təmizliyinin, 

saflığının,  məsumluğunun,  Həsənzadə  alicənablığının  bir  təntənəsi  kimi  təsir  edirdi.  Öz-özümə 

fıkirləşirdim ki, bu dünyada insani hisslərin təntənəsi kimi də yüksək bəşəri bir qələbə varmı?! 

Yaxşı yadımdadı, Bakıya gəlmiş SSRİ xalq artisti M.Tsaryov gənc Amalyanın oyununa heyran 

olmuşdu. Məşhur teatrşünas A.Anastasev də onun haqqında eyni heyranlıqla danışırdı... 

Və bütün bunlardan öndə isə, əlbəttə, Tofıq istedadının yeni və parlaq təzahürü dayanırdı. 

...  «Sən  həmişə  mənimləsən»dən  sonra  Tofiq  mənim  «Unuda  bilmirəm»  pyesimin  quruluşuna 

başladı.  Bu  da  lirik-psixoloji  planla  yazılmış  bir  əsər  idi.  Əsas  rollarda  Həsənağa  Turabov, 

Amalya  Pənahova,  Məmmədrza  Şeyxzamanov,  Hamlet  Qurbanov,  Sofya  Bəsirzadə,  Muxtar 

Avşarov oynayırdılar. 

Həsənağa Turabov Tofıqin çox ümid bağladığı gənc və istedadlı artist idi. Onun səsini, danışıq 

tərzini,  rolun  mahiyyətinə  nüfuz  etmək  bacarığını,  aktyor  kimi  ağayana  təmkinini  Tofıq  çox 

qiymətləndirirdi.  «Unuda  bilmirəm»də  baş  rolları  -  Kamranı  Həsənağa  Turabov,  Nərmini  isə 

Amalya oynayırdı. 

Əsərlərlə  tanış  olandan  sonra,  Tofıqi,  birinci  növbədə,  pyeslərin  finalı  maraqlandırırdı.  Əgər, 

final  mütəəssir  etməsəydi,  sarsıtmasaydı,  əsər  onu  açmırdı.  Elə  bil  ki,  fınaldan  başlayıb  geri 

qayıdırdı.  Lakin,  bununla  belə,  o,  finalın  möhkəm  düşünülmüş  məntiqi  nəticə  kimi  meydana 

çıxmalı  olduğunu  da  unutmurdu.  Onun  üçün  mühüm  məsələ  personajın  daxilindəki  konfliktin, 

yuxarıda dediyim kimi, əlbəyaxa olan hisslərin səhnədə düzgün təbii təzahürü idi. Konyunktura 

xatirinə  yazılan,  mövzu  dalında  gizlənən  «əsərlər»dən  zəhləsi  gedirdi.  Belə  pyesləri  oxumaq 

üçün ona verəndə hirslənib qışqırırdı: 

- Ay canım, - deyirdi, -  belə əhvalatlar üçün qəzetlər, jumallar var... Axı, niyə qoymursunuz bu 

yazıq teatr sənətlə məşğul olsun! 

Onun  vaxtında  belə  «əsərlər»,  doğrudan  da,  səhnə  üzü  görmürdü.  0,  dünya  dramaturgiyasına, 

teatr  sənətinə  yaxşı  bələd  idi.  Tenessi,  Uilyams,  Artur  Miller  kimi  müasir  dramaturqları, 

Şekspiri, Şilleri, Bernard Şounu çox sevirdi.  Amma,  məsələn, Bertold Brexti  sevmirdi. Məlum 

olduğu kimi, Brextin pyeslərinin çoxunun süjeti başqa müəlliflərdən götürülmüşdür. O isə, belə 

şeyi xoşlamırdı. 

-    Gərək,  -  deyirdi,  -  hər  bir  səhnə  əsərinin  süjeti  müəllifin  öz  qəlbinin  dərinliklərindən,  məhz 

özünün  həyatdan  aldığı  təsirdən,  öz  sarsıntılarından  doğsun.  Bəlkə  də,  buna  görədir  ki,  mən, 

Brextin pyeslərində, sənətkarcasına yazılmış olsalar da, nə isə, bir soyuqluq hiss edirəm. Bizim 

xalqımız cəsur olduğu qədər də emosionaldır. Ürəyi yumşaqdır. O, səhnədə soyuq mühakiməni 

sevmir,  uzun-uzadı  söhbətlərə  qulaq  asmağa  hövsələsi  çatmır.  Qızğın  ehtiraslar,  coşğun 

konfüktlər,  temperament,  dinamika  istəyir!..  Bu  nöqteyi-nəzərdən  Şekspirin,  Şounun, 

müasirlərdən Uilyamsın, Millerin dramaturgiyası bizim tamaşaçıların zövqünə daha uyğundur. 

- Bəs Çexov? 

-  Çexovun  dramaturgiyasını  mən  də  çox  sevirəm,  onun  dramaturgiyası  çəmənliyə  axan  sakit, 

şəffaf bulaq suyuna bənzəyir. Elə bil ki, adamın xəyalını da özü ilə çəkib hara isə aparır... 

O bir qədər susub əlavə edərdi: 

- Ancaq bizim tamaşaçını belə sakit lirizimlə çox məşğul eləmək olmur... Bizim tamaşaçı istəyir 

ki,  o  ahəstə  zümzümə  ilə  axan  bulaq  birdən-birə,  harda  isə,  dəhşətli  bir  uçuruma  rast  gəlib, 

gurultulu şəlaləyə çevrilsin! Dağı-daşı uçurub dağıtsın. Burda da təəccüblü bir şey yoxdur. Hər 

xalqın öz xarakteri, öz ruhi-emosional tələbi var. 




Tonqin  fıkirlərində,  bəlkə  də,  mübahisəli  nöqtələr  var.  Lakin  mən  bütün  bunları  olduğu  kimi 

oxucuya çatdırmaq istəyirəm və elə bilirəm ki, bu fıkirlər bir sənətkar kimi onu daha yaxşı başa 

düşməyə kömək edər. 

«Unuda bilmirəm»in tamaşası Tofıqin yeni yaradıcılıq qələbəsi oldu. Bu tamaşa da «Sən həmişə 

mənimləsən» kimi müvəffəqiyyətlə gedirdi. Teatra tamaşaçıların yeni axını başlamışdı (sonralar 

«Unuda bilmirəm» 450 dəfədən çox tamaşaya qoyuldu). 

Tamaşada Həsənağa Turabovun, Amalya Pənahovanın yeni yaradıcılıq imkanları, istedadlarının 

yeni-yeni çalarları üzə çıxırdı. Heç şübhəsiz, bu aktyorların istedadlarının beləcə parlaq təzahürü, 

birinci   növbədə, Tofıqin xidməti idi.  «Unuda bilmirəm»in ilk tamaşasından bir neçə gün sonra 

gecə biz Tofıqlə dəniz qırağına çıxmışdıq. Gəzə-gəzə gedib sahildəki balaca çayxanada oturduq. 

Bu  çayxana  gecə  saat  üçə-dordə  qədər  açıq  olurdu.  Hərdən  biz  də  gecələr  Tofıqlə  orda  -  açıq 

havada oturub çay içə-içə söhbət edərdik. 

Bu dəfə o, papiros yandırıb dedi: 

-  Akademik  teatrda  bu  yeni  lirik-psixoloji  mərhələnin  inkişafında  gərək  qoymayaq  ki,  ara 

kəsilsin. 

Sonra zarafatla əlavə elədi: 

- Səndən hərəkət, məndən bərəkət... 

Və  mən  fıkrimdə  dolanan  «Məhv  olmuş  gündəliklər»  pyesinin  süjetini  elə  həmin  gecə  ona 

danışdım. Əhvalat Tofıqi götürdü: 

- Ancaq, - dedi, - Ədalətin mənfı hərəkətlərini çox açıb töksən, pyes sənin stilindən çıxar. 

Mən dedim: 

-  Yox... Onun haqqındakı şübhələr gərək eyhamlarla, dolayı, sözaltı mənalarla meydana çıxsın. 

-  Elədir...  Amma  Anjeli  indidən  görürəm,  qiyamət  olacaq.  Həmişə  xoş  həyəcanlı  vaxtlarında 

olduğu kimi, uzun, qəribə müştüklərindən birinə papiros qoyub yandırdı və bir-iki nəfəs alandan 

sonra: 

- Gəlsənə, - dedi, - adama bir qədəh konyak meyl eləyək.  



Dedim: 

- Eləyək... 

Mən artıq  yazmışam ki, pyeslərimin  ilk  işığı  fıkrimə  həmişə  hansı  mahnıyla,  muğamlasa daxil 

olmuşdur. «Sən həmişə mənimləsən»də «Qaragilə» mahnısı, «Mahnı dağlarda qaldı»da «Aman 

ovçu, vurma məni» mahmsı... və sairə... 

«Məhv  olmuş  gündəliklər»  pyesi  mənim  fıkrimə  «Pəncərədən  daş  gəlir...»  mahnısıyla  daxil 

olmuşdu  və  mən  xəyalən  üç-dörd  oğlanın  o  mahnını  gənc,  gözəl  bir  qızın  evinin  yanında 

oxuduqlarını elə hey eşidirdim. Oğlanlardan biri o qızı sevirdi... (Sonra rol bölgüsü zamanı Tofıq 

həmin  qızın  rolunu  on  doqquz-iyirmi  yaşlı  Vəfa  Fətullayevaya,  oğlanın  rolunu  isə,  gənc 

Səməndər  Rzayevə  vermişdi.  Bu  gün  bu  iki  istedadlı,  unudulmaz  sənətkarlar  həyatda  yoxdur. 

Gozəl,  mehriban  Vəfa  da,  məğrur,  ağayana  Səməndər  də  nakam  getdüər.  Həyatdan  da  nakam 

getdilər,  sənətdən  də.  İndi  bu  sətirləri  yazarkən  onların  o  əbədi  gedişi  məni  yenə  də  ağrıdır, 

sarsıdır...) 

Tofıqin təkidi ilə mən «Məhv olmuş gündəliklər»i iyirmi beş günə qurtarıb teatra təqdim etdim. 

... «Məhv olmuş gündəliklər»də Tofıq, Vəfa ilə Səməndərdən başqa Şəfiqə Məmmədova, Fuad 

Poladov kimi gənc artistlərə də mühüm rollar vermişdi və bu istedadlı gənclərin hamısı, əslində, 

Tofiqin kəşfı idi. Onlar birinci dəfəydi ki, elə mühüm rollar ifa edirdilər. 

Şəfıqənin yaratdığı Anjel Akademik teatrın güclü qadın surətlərindən olub, sonralar da uzun illər 

yaddan çıxmırdı. Tofıqin yozumunda Şəfıqə bu obrazı böyük taktla, rəngarəng çalarlarla, yalnız 

özünəməxsus təbii əlamətlərlə ifa edirdi. Mən indi o günləri xatırlayanda, bu çox istedadlı, güclü 

aktrisanın səhnəni həmişəlik tərk eləyib getməsinə həm təəssüf eləyirəm, həm də təəccüb! Necə 

oldu ki, o cür parlaq surətlər yaradan, tamaşaçıları heyran eləyən Şəfiqə Məmmədova birdən-birə 

səhnədən  uzaqlaşdı!  Səhnəsiz  yaşaya  bildi!  Onun  müvəffəqiyyətləri  təsadüfi,  ötəri  bir  hadisə 

deyildi. O müvəffəqiyyətlərin sirri onun qüvvətli istedadında idi. 

Mən  Tofıq  haqqında  yazdığım  bu  kiçik  qeydlərdə,  istər-istəməz,  ayrı-ayrı  artistlərdən  də  bəhs 

edirəm və bu təbiidir. Ona görə ki, Tofıq yalnız öz-özlüyündə tamaşa qoymurdu, eyni zamanda, 




Azərbaycan səhnəsi üçün sənətkarlar yetişdirirdi. Bu gün onun xidmətlərinin obyektiv mənzərəsi 

bunu bir daha təsdiq edir. 

Tofıq təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi. 

İstər  əsərdə,  istərsə  də  aktyor  oyununda  psixoloji  momentləri  dərindən  duyurdu  və  özü  də 

həyatda  belə  idi.  Yalançı  pafosdan,  zahiri  təmtəraqdan,  tamaşaçıları  güldürmək  üçün  yalançı 

komizmdən  bərk  acığı  gəlirdi  və  özü  də  həyatda  belə  idi.  O,  həqiqi  sənət  üçün  yaranmış  bir 



istedad idi... 

1988 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə