Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


İnsanın atasının adı Ər Soqotoxdu



Yüklə 1,61 Mb.
səhifə9/14
tarix13.12.2017
ölçüsü1,61 Mb.
#15381
1   ...   6   7   8   9   10   11   12   13   14
İnsanın atasının adı Ər Soqotoxdu,

Çoxlu əziyyət çəkmiş, dərdləri də lap çoxdu.

Ərəydex – Buruydaxçı ləqəbini vermişlər,

Yalqız yaşadığından ona belə demişlər.

Bir oba ortasında böyük bir evi varmış,

Bu evin dörd yanını gümüş köşəylə sarmış.

Bu ev əlli qapılı, qırx pəncərəli imiş,

Evin çatısı isə otuz girişli imiş.

Evdən içəri girib-gedənlər şərq yönünə,

Ağac Xaqana rastlar, gələrmiş lap önünə.

Çox əski bir əsinti əsərdi hey başında.

Ağac xaqan böyükdü, hər şeyin anasıydı,

Varlıq ona bağlıydı, göylə yer binasıydı.

Kökləri qapadardı yeraltı dünyasını,

Zirvəsi dələrdi göyün doqquz qatını.

Tam yeddi ayaq idi ağacın yarpaqları,

Ondan daha böyükdü sarqan qozaları.

Ağacın tam kökündə görünürdü bir qaynaq,

Həyat suyu idi bu, axıb gedirdi apağ.

Ağ və qara inəklər qopqoca olmuşdular,

Bu sudan içənlərsə yeni can bulmuşdular.

Ağacda uçan quşlar yorğun, bitab olurdu,

Gəlib bu sudan içən yeni qüvvət bulurdu.

Bu müqəddəs ağacın bir sahibi var idi,

Bir dişi tanrıçaydı, saçları da qar idi.

Özü çox qocalmışdı, köksü tam alaca,

Görənlər sanardı, bir kəklik kimi qırca.

Məmələri böyükdü, aşağı sallanırdı,

Uzaqdan baxan adam iki tuluq sanırdı.

Əslində isə bu ağac adi boyda, kiçikdi,

Ana tanrı gəlincə, ona ona görə böyürdü.

Böyüyərkən səs çxar, gurultu qopardı,

Bu səs yavaş-yavaş, getdikcə çoxalardı.

Ər Soqotox adlı ər, yalqız yaşayan adam,

Yakut türkünə görə, bu da bir növü Adəm,

Düşünmüş, “görən məni kimlə doğdu” deyə,

Mənə bu canı verib, meydana qoydu” deyə.



Getmiş, sormuş ağacdan, “anam kimdir” deyə,

Əlbət bir atam vardır, atam kimdir” deyə.



Ağac da dilə gəlib, soyunu sayıb tökmüş,

Ər Soqotox utanıb, sayqıyla diz çökmüş.

Göy Tanrısı Ər Toyon onun atasıymış,

Arvadı Gübey xatun onun anası imiş.

Əslində insanoğlu göydə doğmuş imiş,

Vücudu bütün müqəddəsliklərlə dopdolu imiş.

Amma gəlmiş bir gün ki, demiş ata-anası,

Haydı burdan enib get, topla darağı, tası.

Anası ona derkən ona “haydı, get sən elinə”,

Bir tuluq həyat suyu tutşdurmuş əlinə.

Demiş ki, sən bu suyu sol qoluna al, gəzdir,

Bu sənə həyat verər, vaxtı gələcəkdir.

Aradan zaman keçmiş, bu insan bir ər olmuş,

Hərb meydanında savaşlar edər olmuş.

Necə olmuşsa, biri köksünü oxla deşmiş,

Vermiş son nəfəsini, həyatı sona yetmiş.

Həyat suyundan Tanrı bircə damcı sıçratmış,

Bir kiçicik damcıcıq qəlbə qonub islatmış.

İnsan dərhal dirilib, canına həyat dolmuş,

Doqquz dəfə daha daha çox güclü, qüvvətli olmuş (Ögəl, 2006, 112-114).
Ər Soqotox dastanının ən yaxşı mətni məşhur alman linqvisti O. Böhtlinq tərəfindən toplanmış variantı hesab edilir. Onun məzmunu belədir:

Ər Soqotox adlı bir adam varmış. Anası-atası yox imiş. Göydənmi endiyini, yerdəmi çıxdığını özü də bilmirmiş. Bir qərib adam imiş. Boyu on geniş qarış, eni dörd geniş qarış, bir çiynindən də o biri çiyninə qədər beş qarış olarmış. Qolları qurumuş qayın ağacı kimi, gözləri isə at qantarğasının halqaları kimi yupyumru imiş. Burnu da inəyin omba sümüyü qədər böyük imiş.



O ki qaldı gücünə, donmuş ağacları belə kökündən çıxartmaq onun üçün heç nə imiş. Quru, azman qayın ağacından tutub, qırmaq ona ləzzət verirmiş. Bitmiş ağaclar kökündən çıxarıb atmaq onun üçün bir heç imiş. Sözləri göy gurultusunu, nəfəsi küləyi, səsi fırtınaları, baxışı isə ildırımları andırırmış. Yurdundakı çayırlar qalay kimi parlar, meşələr isə misdən qayrılmış bir yer parçasına bənzəyirmiş. Sular günəş kimi bərq vurarmış... Yurdunda bir süd dənizi varmış və heç qurumazmış. Ər Soqotox çaylarda yuyunar, meşələrdə ov edərmiş.

Həmin yurdun sərhəddində böyük bir dəniz də varmış. Bu dənizin qumları şüşə parçası kimi, dağları da eynən ağ gümüş kimi parlarmış... Meşələrində aslanlar dolaşır, acıqlı aylar gəzir və boz qurdlar olurmuş. Onun yurdunda heç quş yoxmuş. Ağaclarn üstündə qartallar qıy vurar, quşlar ötərmiş. Ağaclar yarpaqlarını heç tökməzmiş.

Evi onun yurdunun üstündə eynən mavi duman kimi görünürmüş . Qırx pəncərəli, qırx köşəli ev imiş. Hər köşəsi gümüşdən qayrılıbmış. Evin ortasında böyük bir salon varmış. Bu salonda da üç ocaq yerləşir və hər ocağın da üstündə bir bacadan tüstü qalxarmış. Hər ocağın da başında bir qadın oturarmış...

Evin şərq tərəfində bir çayırlıq varmış. Evin lap qabağında isə böyük bir ağac yüksələrmiş. Bu ağaca “Xan ağac” deyirlərmiş. Bu ağac elə böyük, elə böyük imiş ki, ortadakı budaqları belə göydəki mavi duman kimi görünürmüş. Zirvəsi doqquz göyü dəlib keçirmiş. Onun dibində də insanlara ölməzlik sirrini verən əbədi həyat suyu qaynarmış. Qocalar, qüvvədən düşmüş inəklər gəlir, bunun dibində gəzir, bu sudan içdikdən sonra yenidən gəncləşib – qüvvətlənərək , geri dönərmiş. Uçan və qaçan vəhşi heyvanlar bu ağacın budaqlarında gəzir, qaçır, şirələrini əmərək müqəddəs bir qüvvəyə sahib olurlarmış.

Evdən çıxıb cənuba baxanda, güneydə də böyük bir qayın ağacının yüksəldiyi görünürmüş. Bu qayn ağacı o qədər gözəl imiş ki, lap gözəl bir qıza bənzəyirmiş. Bir təpə üzərində yüksəlir və sanki bir adacıq əmələ gətirirmiş.

Qərbdə kolluq uzanır, onun arxasını da lədin meşələri örtürmüş. Şimala gəldikdə burada qadın şamanlar olur, möcüzəlr göstərib, dualar oxuyarmışlar. Şamanların arxasında da qoca bir ana oturarmış.

Ər Soqotoxun geyimləri də fövqəladə idi. Silahlarına gəlincə, bir yayı vardı ki, sümükdən qayrılmşdı və altı adam yığılsa, bu yayı çəkə bilməzdi. Oxları lap çəkicə oxşayırdı və ağacdan qayrılan balıqçı komaları qədər böyük idi. Sivri uclu bir oxunu bir obanın dəmirçisi, qaşığa bənzər oxunu da başqa bir obanın dəmirçisi çalışaraq qayırmışdı. Bunlardan başqa, ağır bir mizrağı, toppuzu və qlıncı da var idi. Onun atının tarixi isə çox uzundur...

Ər Soqotox 19 yaşına çatanda, ürəyi başqa cür vurmağa, qanı da için-için qaynamağa başladı... Dörd bir yanına baxdı, özünə yazığı gəldi. Dünya-aləmdə hamı cüt-cüt gəzirdi. “Belə olmaz, mən də öz tayımı tapmalıyam” deyib yola düşdü. Gedib evində yatdı, sabah qalxanda ilk işi “xaqan ağac”ın önünə getmək oldu. Ağacn önünə getməzdən öncə də Günəşə üz tutub, üç dəfə salam verdi. “Xaqan ağac”ın qarşısına çatan kimi diz çökdü və ağaca belə dedi:

-Mənim ağac Xaqanım! Ey müqəddəs ruh! Ey ulu xatun! Mənim yurdumun ruhu! Mən bir yetimdn başqa bir şey deyildim. Sən götürdün, məni böyütdün. Mən kiçik bir uşaq ikən, sən məni böyük bir adam etdin... Gəl mənim nə olacağımı, gələcəyimi də bildir. Mən nə edəcəyəm? Mən bundan sonra necə yaşayacağam? Ey ulu ana!..

İgid bunları söylədikdən sonra birdən göy üzü tutulmuş, buludlar yığılmış və göy müdhiş bir şəkildə gurlamağa başlamışdr. Az sonra iri-iri damlalı yağış yağmağa başlamış və ətrafı sellər basmışdır. Göydən ağ bir bulud uçmuş və bu buluddan da yerə ildırımlar enmişdir. Yer – göy titrəmiş, çaylar daşmş, dnizlər çalxalanmışdır. Az sonra ağ saçlı Ana Tanrı görünmüşdür. Yavaş – yavaş ağacın kökündən çölə çııxmş və oğlanın qarşısında durmuşdur. Eynən kəklik köksü kimi köksü, iki böyük tuluq kimi məmələri var imiş. Oğlana üz tutmuş və belə demişdir:

-Dinlə ey uşaq! Sənin atan Ər Toyon, anan isə Gübey xatun idi. Səni doğan və dünyaya gətirən onlardır. Göyün üçüncü qatından bir əmr gəldi və bu əmrdə sənin böyüdülmən və insanlara ata olmağın buyuruldu. Buna görə də mən səni götürüb böyütdüm. İndi atına min, güney tərəfə get. Bəlkə səfərin ağır və çətin olacaq. Ata Tanrı köməyin olsun. Hər şeydə müvəffəqiyyət səninlə olsun!

Ağ saçlı ana bu sözləri deyəndən sonra bir az da dirilik suyu vermişdir. Oğlan sarı atna minib yola düşmüşdür. Oğlan ayrıca 7 öküz və 7 inək də kəsmiş, ətlərini bişirmiş, dərilərindən tuluq qayrmış, ərzağn tuluqlara doldurmuş, tuluqlar da atn qulağından asmış, acıdqca əl atb buradan yemək götürərək yemişdir.

Xeyli yol getdikdən sonra Qaya qapısına çatmış, ordan Dəmir dağı keçmişdir. Dəmir dağı aşdıqdan sonra Qan irmağına yetişmişdir. Bu çayda su yerinə qan axrmş. Bu dəfə at çarə tapmış, uçaraq sahibini çayın o tərəfinə keçirmişdir.

Oradan Qara xanın ölkəsinə gəlmişdir. Bu qara xan Ulu Toyonun nəslindən idi. Xan Tanqranın da əqrabasıymış. Qara xann 10 oğlu və 9 qızı varmış. Qızlar o qədər gözəl imişlər ki, bu qızların gözəlliyinə hamı heyran imiş. Ər Soqotox başda- ayağa dəmir paltarda gəlmiş və Qara xanın ölkəsinə girmişdir...

Bundan əvvəl də Qara xanın ölkəsində bəzi qəribə şeylər olmuşdu. Göylər qaralmış, yerlər titrəmiş, cəhənnəm sahibi Buura – Doxsun gəlmiş və Qara xanın canını almaq istəmişdi. Qızlar ağlamış, oğlanlar çığrmışdılar. Tam bu vaxt Ər Soqotox gəlib çıxdı...

Qızlar belə bir igidin gəldiyini gördükdə, tez qabağını kəsmişlər, olan-bitən hər şeyi ona deyərək, ondan kömək istəmişlər. Oğlan cəhənnəm sahibi Buura- Doxsunu görüncə, tez hücum etmiş və başlamışlar döyüşməyə. Amma cəhənnəm zəbanəsi çox qüvvətliymiş, üstün gəlməyə başlamışdır. Oğlan lap heydən düşəndə görmüş ki, damarlarndakı Tanrıya məxsus qan, bədənində də getdikcə coxalan bir qüvvət dolaşmağa başlayır... Get-gedə güclənmiş və tutub cəhənnəm zəbanəsinin başını kəsmiş, vücudunu parça-parça edərək, göylərə sovurmuşdur. Zəbaninin ürəyinin yalnız bir qismi qalmış, o da bir qarğa olub uçmuşdur. Onun üçün bu quş pis-pis bağırır.

Qara xan bu fəlakətdən qurtulduğuna görə kiçik qızını Ər Soqotoxa vermişdir. Onlar da yer üzünə enərək yakut türklərini dünyaya gətirmişdir (Ögəl, 2006, səh. 119-121).

Təqdim olunan süjetlərin çox-çox əski zamanlarda formalaşdığı heç bir şübhə oyatmır. Bu, süjetlərin alt qatlarında yatan animistik təsəvvürlərdən açıq-aydın görünür. Eyni zamanda, dastanda nəsli ağaca bağlamaq hadisəsinin şahidi oluruq ki, bu da totemizmin ən ilkin mərhələsinin məhsuludur. Məsələyə belə yanaşma Altaydan toplanmış miflər üçün də xarakterikdir. Bu baxımdan “Yaradılış” dastanının V. V. Radlov variantı da istisna deyil:


Günlərdən bir gün idi, Tanrı dolanır idi,

Baxdı, bir ağac gördü, göyə uzanır idi.

Qəribə ağac idi, qolsuz, budaqsız idi.

Tanrı bunu görüncə öz-özünə söylədi:

Çılpaq qalmış bir ağac, belə qolsuz, budaqsız,



Gözləri heç oxşamır, görkəmi də çox dadsız”.

Tanrı buyurdu: “Bitsin doqquz qolu hələlik”.

Bitdi dərhal doqquz qol, doqquz budaq üstəlik.

Heç kim bilmir, Tanrının düşüncəsi nəidi,

Soylar törəsin deyə belə bir əmr verdi:

Doqquz kişi qılınsın doqquz qolun kökündən,



Doqquz oymaq törəsin həmin doqquz kişidən!
Eyni halla, yəni insanın həyat ağacı ilə bağlılığı motivi ilə bir qədər dəyişik formada İ. A. Xudyakovun qeydə aldığı, saxa-yakutlara aid başqa bir mifoloji mətndə də rast gəlirik:
Yakuta görə, dünya səkkiz guşəli imiş,

Yerin ortası isə sarı göbəkli imiş.

Dünyanın göbəyində bir də ağac var imiş,

Bu ağac böyük imiş, göylərə çıxar imiş.

Bu ağacın hər tərəfi Tanrıdan süslü imiş,

Qabıqları, kötüyü, sanki, gümüşlü imiş.

Ağacın gövdəsindən bir cür şirə axarmış,

Bu qutsal suyun rəngi altun kimi parlarmış.

Ağacın budaqları ta göylərə uzanmş,

Görən elə bilirmiş doqquz qollu şamdanmış,

Yarpaqları böyükmüş, budağından sarqarmış.

Yarpaqların hər biri at dərisi qədərmiş.

Ağacn təpəsindən bir cür şirə çıxarmış,

Köpülənib, qaynayb sarı rəngdə axarmış.

Bu ağacın yanına kimsə gedəmməzmiş,

Şirədən içən adam heç aclq hiss etməzmiş.

Bu sudan içən artıq məsud olarmış,

Hər şeyə çatarmış, Tanrıdan qut bularmış.

İlk insanın atası burada yaradılınca,

Həyatı əldə edib, dadını da alınca,

Dərhal ağacı görmüş, qaçıb altına girmiş,

Sudan doyunca içmiş, həyat əldə etmiş.

Bu ağacın zirvəsi lap göylərə yetərmiş,

Göylərin üç qatına çatıb, onu dələrmiş (Ögəl, 2006, səh. 114).
A.M.Saqalayev yazır ki, dağ və göllə yanaşı, ağac da türk dini və mifologiyasının ən qədim obrazlarından hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini və dərisini də budaqlarına asır­dılar (Сагалаев, 1991, c. 87).

N. Qoroxov tərəfindən toplanaraq yazıya alınmış variantdakı ağac obrazı da çox maraqlıdır:


...Dünyadan göyə çıxan bir dəmir ağac vardı,

O qədər böyükdü ki, yerlə göyü bağlardı.

Göylərin göbəyində qəm, kədər əskik idi,

Burada nə günəş batar hə də ki ay əskik idi.

Bu göbəkdə qış yoxdu, həmişə yaz olurdu,

Bircə qu quşu vardı hər kəsə saz olurdu.

İlk insanın atası yaradılmışdı burda,

Adı Ağ oğlan idi, göz açmışdı orda.

Gözünü açar-açmaz ətrafına baxmışdı,

Mən haradayam” deyərək, oyanıb qalxmşdı.



Bir ova uzanırmış uzaq şərqin yönünə,

Çox yüksək bir dağ çıxmış onun önünə.

Bu dağın üzərində böyük bir ağac varmış,

Ağacın şirələri parlaqmış, xoş qoxarmış.

Bu ağacın nəmli qabığı heç qurumazmış,

Suyu gümüş kimiymiş, yarpağ da solmazmış.

Süslü-süslü bardaqlar budaqlardan saqarmş,

Bunu görənlər onu bir tumurcuq sanarmış.

Bu ağacın zirvəsi yeddi göyü dələrmiş,

Göylər üstünə çıxıb, lap Tanrıya gedərmiş.

Ürünq Ayığ Toyon ki, yaradan Tanrı idi,

İnsanlara can verən, yaşadan Tanrı idi.

Bu Tanrı sahibiydi göylərin üst qatının,

Ağaca at bağlardı, qazığıydı atının.

Bu ağacın kökləri yer dibinə gedərmiş,

Tanrının məskəninə dikilmiş bir dirəkmiş,

Ağ oğlan güneylrə “Nə var” deyə baxmış,

Bir süd dənizi görmüş, rəngi süddən də ağmış.

Dənizin kənarında bəyaz çamurlar varmış,

Sanki süd turşuyaraq, köpüklənib qabarmış.

Quzey tərəflərisə qaranlıq meşə sarmış,

Yarpaqları titrəşib heyvan kimi oynarmış.

Bir dağ yüksəlirmiş ormanın arxasında,

Bəyaz papaq kimi ağlıq varmış başında.

Bir zirvə ki, bənzrmiş ağ dovşan dərisinə,

Rüzgarı durdurarmış, qoymazmış gerisinə.

Günbatan yönlərisə çox gözəl bolluq imiş,

Bu ovanın hər yeri çayır ilə dolu imiş,

Böyük şamlqlar varmış bu ovanın ardında,

Yayğın təpələr varmış şamlığın arxasında.

Insanın ilk atası gözünü ilk açınca,

Günəşin aydınlığı hər tərəf saçınca,

Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş,

Ağaca üz tutaraq ona belə səslənmiş:

Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam,



Mənə həyatı verən, ey mənim böyük anam.

Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur,

Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur.

Amma elə yalqızam, o qədər yalqız, bilsən,

Nolar mənə bənzəyən bir dost, bir qadın versən.

Dolaşıram dünyanı işsiz, gücsüz, başıboş,

Mənim gücümə görə bir yar ver, et məni xoş.

Mən də insan oğlunu tanımaq istəyirəm,

Mən də bir insan kimi yaşamaq istəyirəm.

Sənə sığınıran mən, qutunu əsirgəmə,

Mənə ümid ver, məni yalnız bəsləmə.

Başqa bir tanrım yoxdur, ancaq səni görürəm,

Qəlbim sayqıyla dolu, qarşında diz çökürəm”.

Bu sözlər üzərinə yarpaqlar yaşıllaşmış,

Üstünə su çilənib, hər tərəfi nəmlənmiş.

Yarpaqlar ağlar kimi sulanmış, daşmış tamam,

Bir nur kimi axaraq, oğlanı aşmış tamam.

İsti bir külək əsmin, qəlbləri sərinlətmiş,

Ağacdan gələn bir səs hər tərəfi inlətmiş.

Ağacın tam kökündən bir yarpaq yarılınca,

Bu yarıqdan ağaca bir dəlik açılınca,

Bir qadın çıxıb gəlmiş ağacın dəliyindən,

Ağacın kökündəymiş aşağısı belindən.

Qadının gur saçları uçuşaraq yanırmış,

İri məmələrindən süd axıb qaynayırmış.

Oğlan yaxınlaşmış ona, süd əmmiş məməsindən,

Əmmiş, əmmiş, doyaraq vaz keçmiş yeməsindən.

Südü əmən Ağ oğlan ilk dəfə doymuş imiş,

Vücudunun hər yri qüvəylə dolmuş imiş.

Bundan sonra anası ona demiş: qutlu ol!

Səadətlə dolub daş, həyatda sən mutlu ol!

Ağ oğluna anası su, od, dəmir vermiş,

Sonra da qeyb olaraq təkrar yerinə girmiş (Ögəl, 2006, səh. 115-117).
Sözün bu yerində Mirəli Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları”adlı monoqrafiyasından bir sitatı yenidən təkrar etməyə ehtiyac var:

Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq - doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər” (Seyidov, 1983, s. 37-38).

Azərbaycandan toplanmış “Keçəl və dayısı” adlı bir əfsanədə bildirilir:

...Dağın üstündə böyük bir ağac var, o ağac pirdi. Gərək ona yaxın getməyəsən. On beş metr aralıda dayanasan. Qollarını açasan, çağırasan. Özü də çağıranda səs verir. ”Ay pir “ deyəndə səs verir, ona nə sözün var ürəyində deyirsən, apardığın ayın-oyunu da qoyursan yerə, dala baxmadan qayıdıb gəlirsən” (Azərbaycan folkloru antologiyası, 2005, s. 309).

Qoroxovun qeydə aldığı mifdən belə görünür ki, ağac təkcə insanın əcdadı kimi yox, bütün canlı varlqların, o cümlədən heyvanların ulu əcdadı kimi gözdən keçirilir:
Bu ilk insan – Ağ oğlan duyğulanıb hisslənmiş,

Ağaca üz tutaraq ona belə səslənmiş:

Ey mənim sayqıdəyər , gözəl, ulu tanrıçam,



Mənə həyatı verən, ey mənim böyük anam.

Varlığım, nəyim varsa, hamı sənlə dolmuşdur,

Dünyadakı varlıqlar-hamı səndən doğmuşdur.
Bu fakt Azərbaycan dekorativ sənətinin, xüsusən də xalçalarımızın əsas və əvəzsiz bəzək elementlərindən biri kimi çıxış edən “vağ-vağı” naxışının daşıdığı mifoloji semantikanın məzmununu daha yaxşı dərk etməyimizə kömək edir. Ağac budaqlarını və hər budaqda meyvəni əvəz edən quş və heyvan başlarından ibarəd olan bu naxış barədə Lətif Kərimov ətraflı məlumat vermişdir (Керимов, 1983, с. 92-93).

B.Ögəl türklərin (qərbi hunların və altaylıların) göy tanrısının məkanını göstərəndə «Dünya və Göy Ağacı»nın təsvirini verir:

Gök yüzüne doğru büyük bir çam ağacı yükseliyordu. Gökleri delip çıkan bu ağacın tepesinde ise Tanrı Bay-Ülgen otururdu. Şaman davullarındakı bu ağacların kökleri dünyada değil; daha ziyade göğün başladığı yerden itibaren başlıyordu” (Ögel, 1989, s. 90-91).

Xakasların təsəvvüründə də ağac “insan”, “insanın canı”, “soy uruq” məfhumlarını ifadə edir (Bəydili, 2003 b, s.18). Telenqitlər də inanırdılar ki, hər ağacın ezzе-sahibi, ruhu var. Оnların inamına görə ağacın ezzi-sahibi ruhu (aqaştın ezzi) insan taleyini himayə edir (Seyidov, 1984, s. 31).

Mövzumuz baxımından Minusinsk tatarlarından qeydə alınmış bir dastanında söylənilənlər də xüsusi maraq doğurur, belə məlum olur ki, sözügedən ağacın aşağı hissəsi yeraltı dünyada - cəhənnəmdə yerləşir:
Çox-çox əski çağlarda qəhrəman bir qız varmış,

Adı Kubayko imiş, yer üzündə yaşarmış.

Bir gün savaş zamanı qızın qardaşı ölmüş,

Qız bu halı görüncə, sanki, dəliyə dönmüş.

Ölülərin xanıymış İrlə xan adlı bir xan,

Heç bir kimsə yox imiş məskənini tanıyan.

Qardaşının meyidi üstündə ağlar ikən,

Heç bir kimsə yox imiş məskənini tanıyan.

Qırx başlı bir öküzə İrlə xan minib gəlmiş,

Ölən ərin başını oğurlayaraq oğurlayaraq getmiş.

Cəsəd başsız olanda ölülər dirilməzmiş,

Nə bir həyat iksiri, nə də can verilməzmiş.

Qız qardaşını qoyub, xanın dalnca düşmüş,

Yerin altına enmək belə ağlına düşmaş.

Amma necə gedim mən?” deyə hər yana qaçmış,



Yurddan biri gələrək bu fikri qıza anlatmış:

Bu yolla düz gedərsən, sapma bu yoldan,” demiş,

Gedərkən baxma, saqın, heç sağa-sola” demiş:

Sən bu yolla gedib bir çaya varacaqsan,

Cayın hər iki yannda dağlar görəcəksən.

Bu, çox böyük çaydır, dağlar arsından axır,

Sahilindəki dağlar, sanki, göylərə ucalır.

Bu dağın kənarında sular axır hikkəli,

Daşdan bir ev də vardır, ətrafı qırx köşəli.

İrlə xanın evidir, xan özü orda durur,

Bu xanı axtaranlar ancaq orada bulur.

Bir qara ağac vardır bu evin lap önündə,

Doqquz ağac yüksəlir bu ağacın kökündə.


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə