Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədə­biyyatında müəllifi bəlli olan ilk şeirlər onun iki şeiridir



Yüklə 1,48 Mb.
səhifə3/14
tarix02.10.2017
ölçüsü1,48 Mb.
#2991
1   2   3   4   5   6   7   8   9   ...   14

Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədə­biyyatında müəllifi bəlli olan ilk şeirlər onun iki şeiridir:

"Bizim Tenqrimiz edqüsi redni tiyor,

Bizim Tenqrimiz edqüsi redni tiyor.

Rednidə yig mening edqü Tenqrim, adlım, bekrəgim,

Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim.

Beleküsuz yiti vajir tiyor.

Beleküsuz yiti vajir tiyor.

Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum

Vayirdə ötüy bilikligim,bilgəm,yanqam..."

Tərcüməsi:



"Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,

Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.

Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,

Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.

İtilənməmiş itidir almaz deyirlər,

İtilənməmiş itidir almaz deyirlər.

Almazdan daha kəskindir mənim hikmət sahibim, əsillim, igidim,

Almazdan daha kəskindir mənim hikmət sahibim, müd­rüküm, filim" (Heyət, 1993, s. 87-88).

Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlə­tin­də və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o, Azərbaycan, İran, Orta Asiya və Avropada yayılmışdı. Təbii ki o dövrdə və o məkanda da ma­nixey ədəbiyyatı nümunələri yaranmamış deyildi. Ən azı bu dinin əsasını qoymuş Maninin şeir yazdığı və öz dini-fəlsəfi görüşlərini qələmə almış olduğu məlumdur. Lakin çox təssüflər olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu üzdən də "Manici türk ədəbiyyatı " adı altında məlum olan bütün əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.

Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki, Qaf­qaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimal­da yerləşən ərazilərində xristianlığı möhkəmləndirən Vaçaqan cadugər, sehirbaz və bütpərəstlərə (şamanistlərə) qarşı mübarizə aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian məkəbləri açmışdı. Müəllif həmin dövrdə Albaniya və Ermənis­tanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir (Kalankaytuklu, 1993, s. 53-55,79).

Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və tə­riqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məc­bur idilər. Belələrindən biri də onuyğurlar idilər.

Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri də monofizit xristianlar, yəni nestorianlar idilər. Maraqlıdır ki, bu təzyiqlər nəticəsində Azərbaycanı tərk edərək Şərqə üz tutan uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər, yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar.

Uyğurların bir qismi əski dinlərinə - Göy Tenqri dininə si­tayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xris­tianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.

Soğd əlifbası İran mənşəli əlifbalardan biridir və bu əlif­banın yaradıcıları Orta Asiyada yaşayan irandilli soğdlar idilər. Xristian uyğurlar bir müddət bu əlifbadan istifadə etdikdən sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar ki, bu da elm aləmində "uyğur əlifbası" adı ilə məşhur olan əlifbadır. Uy­ğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini söyləyən İohannes Fridrix yazır:

"Soğd yazısı... soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur. Lakin bu qohumluğun xarakteri belədir ki, həm Suriya, həm soğd yazısı arami yazısının qədim və hələ məlum olmayan formasından qaynaqlanır və bir-birindən müstəqil, la­kin paralel inkişaf etmişlər... İndi uyğur yazısının soğd əlif­bası əsasında yaradıldığı ehtimalı daha ağlabatan görünür, belə ki, uyğurlar da digər türk xalqları kimi "p" səsini "b" sə­sindən və "k" səsini "q" səsindən ayırsa da, uyğur əlifba­sında ey­­nən soğd əlifbası kimi bu səslər eyni işarələrlə-"p" və "k" hərf­ləri ilə yazılırdı...Çünki soğd dilində "b" və "q" səs­ləri yox idi. Bundan başqa soğd dilində "l" səsi də olmamışdır. Odur ki, onlar xarici sözlərdəki "l" səsini ifadə emək üçün "r" hər­fi­nin dəyişik formasından istifadə edirdilər... Uyğur yazı­sında da... "l" səsini ifadə etmək üçün "r" hərfinin dəyişik for­ma­sın­dan istifadə edilmişdir" (Фридрих, 1979, c. 167).

Maninin dinini qəbul emiş türklər isə elm aləmində "ma­nixey əlifbası" adı ilə tanınan və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər. Soğd və uyğur əlifbalarından fərqli olaraq, bu əlifbada "p" və "b" səsləri, eləcə də "k" və "q" səsləri ayrı-ayrı hərflərlə ifadə olunurdu. Bu əlif­bada digər türk əlifbalarında olduğu kimi, "l" səsi üçün də ayrıca işarə var idi. İohannes Fridrix yazır:



"Şərqi Türküstandan İran və şərqi türk dilləində, arami mənşəli ayrı-ayrı əlifbalarla yazılmış maniçi mətnlər tapılmış­dır. Onlardan biri manixey əlifbası adlanır. Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində də rast gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımın­dan çox önəmlidir. M.Lindzbarski göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və deko­rativ Palmir yazısı ilə qohumdur...Bu yazıda bütün saitləri ifa­də edən işarələr var" (Фридрих, 1979, c. 167).

Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər türkcədir. Bu fakt sözügedən əlifbanın məhz türk dili materialı üçün yaradıldığını, yəni Maninin ana dilinin türk dili olduğunu sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyil­dir. Manixey əlifbasında "L" səsini ifadə edən ayrıca hərfin ol­ması faktı da deyilənlərə ən gözəl sübutdur. Məsələ bura­sın­dadır ki, qədim soğd dilində "L" səsi olmayıb (Фридрих, 1979, c. 167). Eyni sözləri digər İran dilləri barədə də söyləmək olar. Mə­sələn, fars dili üzrə tanınmış mütəxəssis V.İ.Abayevin yazdı­ğına görə, bu dildə əskidən "L" səsi olmamış və bu səs sözü­gedən dilə X əsrdə daxil olmuşdur (Kasım, 2001, s. 14).

Məlumat üçün bildirək ki, elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215-ci ildə Cənubi Azərbaycanın Hə­mədan şəhərində doğulmuşdur. O, məşhur Arsaklar sülalə­sindən idi. Bu sülalənin əsasını qoymuş Arsak isə sakların parn (baran, baranlu) qəbiləsindən idi (Azərbaycan Sovet Ensiklopediyası, I, 423, Arşakilər), yəni Arsaklar sak mənşəli idilər.

İlk fars-Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part. yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətinə (e.ə.250-b.e.224) son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün tor­paq­larının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Ərmə­niyyə (62-428) və Albaniya (I əsrin ortaları - 510) qalmışdı (Azər­baycan Sovet Ensiklopediyası, I, 423, Arşakilər).

Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üs­yana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına sürgün etdilər. Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı. Mani – dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşt filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.

Mani farsların gücünün onların dinlərində, yəni zərdüş­tilik­də olduğunu çox tez başa düşdü. Odur ki, bu ideoloji sistemə qarşı onu çürüdə biləcək, eləcə də türkləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ideoloji bir sistem qurmaq qərarına gəldi.

Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötür­müş Tərxanın qələminə mənsub "Xuastuanift" əsəri kömək edir:

"Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü top­layıb şeytanlara qarşı vuruşmağa enib gəldi. Bəd əməllər şey­tanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan, işıq o vaxt bir-birinə qarışdı. Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralan­dılar" (Cəfərov, 2002, s. 290).

"Xuastuanift" məhz bu cümlələrlə başlayır. Əsərdə zərdüş­tiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir. Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir. Mə­sələ də elə bundadır. Yəni bütün səhv mülahizələr də elə bura­dan qaynaqlanmaqdadır.

Fəqət tədqiqatçıların gözdən qaçırtdıqları və ya böyük əhə­miyyət vermədikləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan.

Məsələ burasındadır ki, maniçilikdə "Avesta"dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrə­man­larından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bə­zən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəl­ləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir (Cəfərov, 2004, s. 290). Maniçilikdə bu obrazın "Şimnu" adın­dan istifadə edilmişdir. Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?

Məlumat üçün bildirək ki, "Avesta”da iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

___________________________________________________ Qədim türkcə Yakut türkcəsində Avestada

------------------------------------------------------------------------------

Tenqri Menqu Tanqra Menqu Anqra Manyu
Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqü" də deyirdilər. "Menqü" qədim türk dilində əbədi de­mək­dir (ДТС, с. 342). Odur ki, bu halda söhbət əbədi olan Tan­rıdan gedir. Bəzi türk ləhcə və şivələrində "Tanrı", "Tenqri" əvəzinə "Tanqara" forması işlədilməkdə, "Tenqri Menqü" ifadə­si də "Tanqara Menqü" kimi səslənməkdədir (Алексеев, 1984, c. 35).

Avestanın türklərə dərin nifrət ruhunda qələmə alınmış yeni, yəni Sasani variantında Tanqra Menqu "Anqra Manyu" adı altında iblis elan edilmiş, ona qarşı Babil-Aşşur mifologiya­sından götürülmüş Ahura Məzda, yəni Hörmüz, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə fars tanrıları qoyulmuşdur, Hörmüz və fars tanrıları xeyrin, işığın rəmzi kimi qələmə ve­rilmişdir. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın, iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.

Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını farsların ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mifologiyasından götürdüyü Gün və Ay tanrılarını, eləcə də Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars tanrılarını isə onlardan aşağı tutmuşdur:

"...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır. Beş tanrını qurtarmaq, işığı-zülməti ayırmaq üçün işıq göydə dolanır" (Cəfərov, 2002, s. 291).

Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edil­mək­dədir (Алексеев, 1984, c. 43). Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni Təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var. Yalnız bundan sonra onlar Gün, Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər. Gördüyü­müz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.

Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də ha­mısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks et­dirir. Şübhəsiz ki, onlar daha arxaikdirlər:

"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!

Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!

Turunqlar,kamağ bəglər,kadaşlar,

Tanq Tenqriq ögəlim!

Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!

Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."

Tərcüməsi:



"Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!

Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!

Şəhərlər,bütün bəylər,qardaşlar,

Dan Tanrını öyəlim!

Parlaq Gün Tanrı, siz bizə nəzər salın!

Parlaq Ay Tanrı,siz bizi qurtarın!..." (Xudiyev, 1997, s. 55; Heyət 1993, s. 89; Cəfərov, 2002, s. 122-123).

Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tər­xanın "Xuastu-anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir. Lakin əldə olan və dili bu şeirin dilindən fərqlənməyən daha bir şeir var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:



"Tüzün bilgə kişilər, üriləlim,

Tenqrinin bitiqin biz işidəlim.

Törən iliq tenqrilərkə tapınalım,

Tört uluq emgəkdə kurtulalım.

Tört iliq tenqrilərdə tanıqmalar,

Tenqri nomun todaqmalar.

Tünerliq yeklərkə tapunuqmalar,

Tümənliq irincü kılıqmalar

Tüpüntə olunma ölməki bar,

Tünərliq tamuğa tüşməki bar.

Tümərlq yeklər gəlir tiyür,

Tumanlıq yeklər ayar tiyür."

Tərcüməsi:



"Düzülun bilikli kişilər, nəfəs dərəlim,

Tanrının kitabını biz eşidəlim.

Təntənə ilə tanrılara tapınalım,

Dörd ulu əzabdan qurtulalım.

Dörd ...tanrını tanımayanlar,

Tanrı qaydasına uymazlar.

Dörd zülm iblisinə tapınanlar,

On min günaha baş vurarlar.

Dibində olumun ölməyi də var,

Qaranlıq cəhənnəmə düşməyi də var.

Zülmət iblisləri gəlir deyir,

Duman iblisləri iş görür deyir"

(Cəfərov, 2002, s. 125-127).

Bu şerdə "Tenqri bitiyini", yəni Tanrı kitabını eşitməyə də­vət olduğu üçün onun maniçiliyin müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç bir şübhə yoxdur. Şeirin leksik bazası da Şərqdə yaranan və içi soğd və soğd dili vasitəsi ilə alınan arami sözləri ilə dolu olan maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəl­mə­lərindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçi­liyin əsas dini kitabının adı olan "Nom" kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Sasani dilindən götürülmüşdür (Гумилев, 2002, с. 424). Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin olması təbiidir. Nəzərə alsaq ki, buddizmin də əsas sutraları "Nom Bitik" (ДТС, с. 360) adlanırdı, Maninin bu kəlməni buddizmdən əxz etdiyini də dü­şünmək olar. Mətndə "Tenqri nomu" və "Tenqri bitiyi" termin­lərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şeir par­çası manixeylərin dini kitabı "Nom"dan bir parçadır və Maninin öz qələminə məxsusdur.

Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yara­dıl­dığını təsdiq edir. Çünki uyğurlar müəyyən qədər soğd mədəniy­yətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uy­ğurlar yalnız şərqdə yaşamırdılar, artıq qeyd etdiyimiz kimi, Av­ropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi. Mə­sələn, Prisk və Menandr onlardan "oqur" adı altında bəhs et­mişlər. Bu müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda olan sarı uyğurların adına da "saroqur" formasında rast gəlinir (Джафаров, 1985, c. 30). Uyğur boylarından saro­qur­ların (sarı uyğurların), utiqurların (otuzyğurların), kutiqurla­rın, onoqurların (onuyğurların) Atillanın başçılıq etdiyi Avropa Hun İmperator­luğunun həyatında önəmli rol oynadıqları məlum­dur (Плетнева, 1976, с. 15). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuş­lar. Hərçənd ki, Albaniya və Sasanilər imperi­yasındakı təqib və təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vila­yətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:



"Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbua­tında ("Ədəbiyyat və incəsənət" qəzeti) Arsaq barəsində X əsrdə qələmə alınmış "Uyğur səyahətnaməsi"nə əsaslanaraq verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan aydın olur ki, Arsaq əyaləti və onun baş şəhəri Arsaq indiki Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan dağ­larının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar yaşayırlar" (İsmayıl, 1955, s. 18).

Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin bu arsaqlar aparmışlar. Arsaqların qonşu və qohum xalqlar, başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi ol­duqları məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsak­lara çox sədaqətli idilər (Алиев, 1987, c. 35).

Bütün bu deyilənlərdən də göründüyü kimi, Azərbaycanda qeydə alınmış miflə uyğur mifi arasındakı bağlılıq qətiyyən təsa­düfi deyildir.

Təqdim olunan mifin Azərbaycan variantının ən maraqlı tərəflərindən biri də burada türklərin əcdadı rolunda Nuh oğlu Türkün (Yafəs, Bulca, Abulca, Olcay) çıxış etməsidir ki, bu hala bir çox türk etnoqonik mif, rəvayət, əfsanə və dastanlarında rast gəlirik.


NUH OĞLU YAFƏSLƏ (OLCAYLA) BAĞLI ETNOQONİK MİFLƏR
Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetə­rincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini tamamlamaqdadırlar. Həmin məlumatlara əsasən, Azər­bay­canda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin baş­lanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və ümumiy­yətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay (və ya Bulca, Abulca) adı ilə tanı­dıqları şəxsin adı çəkilir.

Vlll əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlu­matlar verməkdədir:



"Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona (əslində Qordiana, yəni Kürdüs­tan olmalıdır – B.T) qədər uzanıb, Midiyanı Babildən ayıran Dəc­lə çayının aşağı axarına çatırdı" (Kalankaytuklu, 1993, s. 14).

Bu məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl VII-V əsrlərdə Azərbaycan ərazisində möv­cud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan baş­la­yaraq III Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı VII fəslində Yafəsi Albaniyanın, yəni Azər­bay­canın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının II fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azər­baycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Al­baniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.

Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşahidə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur:

...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalılar, albanlar, qarqarlar.., sar­matlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar...



Yerləşdikləri ölkələr isə bunlardır; Midiya, Albaniya, Meo­­tiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...” (Алиев., 1987, с. 100).

Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir (Алиев., 1987, с. 96).

XIX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Ab­basqulu Ağa Bakıxanovun yazdığına görə, Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, XIII-XIV əsrlər müəllifi Həmdullah Müs­tövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi Xon­də­mirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğul­ları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir (Bakıxanov, 1951, s. 31).

Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini gös­tərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər hə­min mərkəz kimi “Şərq ölkələri və Türküstanın” adını qeyd et­məkdədirlər. Bu baxımdan XIV əsrin böyük Azərbaycan tarix­çisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir:

Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, - Allah ona rəhmət eləsin, - yer üzünün adamlar yaşayan hissəsini oğlanları arasında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O, səhrada yaşayırdı.

Olcay xanın yaylağı və qışlağı Türküstan torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə - Qaraqorum adı altında məşhur olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı. İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülk­lərinin yaxınlığındadır və Kaydudan asılıdır... Olcay xanın paytaxtı da burada yeləşirdi” (Rəşidəddin, 1992, s. 10)

Türklərin mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fik­rində bütün yəhudu, xristian və müsəlman mənbələri yekdil­dir­lər. Bu baxımdan türkologiyanın atası hesab edilən Kaşğarlı Mah­mudun söylədikləri də maraqlıdır:

Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Tür­kə qədər uzanır” (Oğuz, Tuncay, 2009, s. 190).

Olcay xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman tarixçilərinin verdikləri məlumatlar ilk baxışdan bir-birindən fərqli görünsə də, birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik. Əslində müsəlman tarixçilərin söylədikləri sələflərinin söylədiklərini inkar etmir. Məsələ burasındadır ki, xristian mənbələrində, o cümlədən “Al­baniya tarixi” kitabında Azərbaycanın şimalı, yəni Albaniya həm də “Şərq ölkəsi” adlandırılır (Kalankatuklu, 1993, s. 17-19), Fəz­lullah Rəşidəddin də “Şərq ölkələri” ifadəsini işlədir. “Tür­küstan” ifadəsinə gəlincə, bu ifadə müəyyən dövrdə Azər­baycanı da əhatə etmişdir və bunun ən gözəl sübutu “Kitabi – Dədə Qorqud”dur. Bu əsərdə Həm Qazan xan, həm də Bayandır xan “Türküstanın dirəyi” adlandırılırlar. Bu fikri başqa bir Azərbaycan tarixçisi Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin “Kitabi – Diyarbəkriyyə” əsəri də təsdiqləyir (Oğuz, Tuncay, 2009, s. 20). Həm yazılı mənbələr, həm də mövcud arxeoloji və yerüstü abidələr bir-birini heyrə­tamiz şəkildə tamamlayaraq, Yafəsin (Olcayın) atası Həzrət Nu­hun yaşayış yeri kimi Azərbaycan əra­zisinə işarə etməkdədir. De­yilənlərin ən əsas və təkzibedilməz sübutu Həzrət Nuh əley­hissəlamın məzarının Azəbaycanda, da­ha dəqiq desək, Naxçı­van­da olmasıdır (Oğuz, Tuncay, 2009, s. 190).

Mahmud Kaşğarlı da Azərbaycanı Türküstan, başqa sözlə, Turan sınırları içərisində göstərmişdir. Bu barədə Zəki Vəlidi Toğan belə yazmışdır:

“”Oğuz” dastanının əsas təməlini təşkil edən “Şu” və Tonqa Alp” rəvayətlərində, İran hökmdarları ilə hərb edikləri anladılan xaqanların mərkəzi Çu hövzəsində Balasağun və şərqi Türküstandakı Kaşğar şəhərləridir. Ancaq Azərbaycann şimalndakı Şabran ilə cənubundakı Qəzvin şəhərləri də bu Tonqa Alpın (Əfrasiyabın) şəhərləri olaraq göstərilməkdədir” (Oğuz, Tuncay, 2009, s. 190).

Həzrət Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda rast gəlirik. Tövrat və Qurani-Kərimdəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa, bütünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəmbər Utnapişti adı ilə yad edilmək­dədir. Baş verənlər isə onun öz dilindən nəql edilir. Xatırladaq ki, söhbət Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan süjetdən gedir.

Tövratda Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı dağı olduğu bildirilir. Qurani – Kərimdə isə söh­bət Cudi dağından gedir. ”Bilqamıs dastanı”nda isə bu dağ Nisir dağıdır. Bu halda söhbət Naxçıvandakı Nəhəcir dağından getmə­lidir. Azərbaycan rəvayətlərindən birində isə belə deyilir:



Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, sonra Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhəcir dağına ilişib dayanır. Nuh gə­mi­dən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir. “Naxçı­van” adı da buradan yaranıb (Oğuz, Tuncay, 2009, s. 194).

Hər halda, fakt budur ki, Nuhun qəbri Naxçıvandadır və minillərdir ki, xalq tərəfindən ziyarət edilir. Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də I-II əsrlərdə ya­şamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır. O, Nuhun Nuk­suanada, yəni Naxçıvanda yaşayıb burada öldüyünü, burada yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir (Oğuz, Tuncay, 2009, s. 194).

Maraqlıdır ki, Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqat­lar burada duz istehsalına minillər öncə, yəni təqribən Həzrət Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin məlumatını təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.

Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sərdabə tikildiyini, sonrakı əsrlərdə bir çox səyyahın bu sərdabəni ziyarət edərək, əsərlərində bu barədə qeydlər etdiyini əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət de­yil, real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətra­fında bir çox miflər uydurulduğu heç bir şübhə oyatmır (Oğuz, Tuncay, 2009, s. 194).

Tədqiqatçı Yusif Səfərov “Bir əfsanənin mənşəyi” adlı mə­qaləsində bölgədən toplanmış nümunələrin qısa məzmununu təqdim etməklə tarixi bir araşdırma aparmış, xalq dilindən söy­lənilən əfsanələrin şumer, akkad və yəhudi variantları arasındakı oxşar süjetlərin ilk mənbəyini araşdırmağa çalışmış və qədim akkad dilində olan Şumer əfsanəsini ilk mənbə kimi götürmüş­dür. Naxçıvan toponiminin yaranmasını əfsanəyə bağlayan müəl­lif sözün birinci tərkib hissəsi “Nax”ın Nuh sözünün fone­tik variantı olması ilə əlaqələndirmişdir (Səfərоv, 1982, s. 33).

Məlum olduğu kimi, dünya tufanı haqqında Nuh əfsanəsi mifоlоji dünyagörüşü özündə əks еtdirən, kеçmiş yaddaşdan qоpmağın mümkünsüzlüyünü göstərən fоlklоr nümunələrindən biridir. Əfsanənin səyyar süjеtinin təsiri nəticəsində Yaxın və Оrta Şərq xalqları arasında bir çоx variantlar yaranmışdır (Sə­fərоv, 1997, s. 33). Bu baxımdan Azərbaycan və onun bir guşəsi olan Naxçıvan da istisna deyil.

S.H.Kramеr tufan haqqında Babil mifinin mənbəyinin Şu­mеr əfsanələri оlduğunu bildirməkdədir (Kрамер, 1965 с. 175). Qədim Şumеr mənbələrində və Bibliyada yеr alan Nuh əfsanəsi ilə оxşar süjеt xəttinə malik оlan Azərbaycan fоlklоr nümunə­lə­rin­də də yaradılışın Adəmdən sоnrakı ikinci təşəkkülü Nuhla bağ­lı təsəvvür olunur. Belə nümunələrdən biri bu cümlələrlə başlayır:

Bir gün Nuhun arvadı sırfa açıb xəmir yоğururdu. Durub təndirə оd salmaq istədi. Duvağı qaldıranda quruyub qaldı. Təndir yarıya kimi suyla dоlmuşdu. Arvad gеdib əhvalatı ərinə söylədi... (AFA NF, 1994 s. 67).

Əfsanələrdə gəmi hazırlığında Nuh tək оlmur. Gəmi hazır­lığında оnun köməkçisi Ac pəhləvan xüsusilə sеçilir. Ac öz dо­yumsuzluğu ilə ətraf kəndlərə, insanlara zərər vеrirdi. Nuh Ac pəhləvanda xaraktеr dəyişikliyi еtməklə оnun mənəvi tərbiyəçisi kimi çıxış еdir. Əfsanənin məzmunundan bеlə aydın оlur ki, Nuh Acı dоyuracağına söz vеrir və bu sözünə еlə Acın öz əməyi ilə nail оlur. Əfsanəyə görə оn gün mеşədə ağacları qırıb tökən­dən sоnra Nuhun kəsdiyi öküzün bir budunu yеyib dоyanda Acı təəccüb bürüyür. Bu nеcə mümkün оla bilərdi. Nuh isə pəhlə­vana halal işin müqabilində dоya bildiyini dеyir və artıq Ac pəhləvan haramdan, оğurluqdan əl çəkir. Nuh halallığın dоğru yоlunu оna göstərir. Xalq оna məlum оlan pеyğəmbərlik, yəni sеçilmişlik kеyfiyyətini əfsanədə məhz tərbiyəçi kоntеkstində təqdim еdir. Əfsanədə Nuhun gəmisi, sənətkarlıqda mahir оlan yеddi usta tərəfindən bir aya hazırlanır.

Məshəti İsmayıl Rüstəm qızının fikrincə, əfsanədə zaman xüsusi əhəmiyyət daşıyır. Çünki Nuh Nəbi tufanın başlanma vaxtını bilmirdi. Vaxtın çatdığını Nuha arvadı xəbər vеrir. Tufa­nın ilkin əlaməti arvadının xəbər vеrdiyi kimi, təndirin yarıya kimi suyla dоlması idi. Əfsanədə dеyilir ki, Nuhun arvadı üç aylıq azuqə götürür. Nuh da ailəsini və hər hеyvandan bir cüt götürüb gəmiyə minir. Yalnız оğlanlarından biri “mən uca dağın başına çıxaram” dеyərək Nuha itaət еtmir. Qırx gün qırx gеcə yağış yağır bütün canlıları tələf еdir (İsmayıl Rüstəm qızı, 2008, 121-122).

“Nuhdaban” əfsanəsinə görə Nuhun gəmisi Gəmiqayada quruya оturur. Nuhun оğulları uca-uca dağların оd tutub yandı­ğını görəndə dəhşətlə bağırırlar:

Aman Tanrı! Günahımız nədi ki, indiyədək tufanda qal­dıq, indi də оd-alоva düşmüşük. Amma bu qоrxu çоx çəkmədi, gördülər ki, оd-alоv оnları yandırmır. Yaşıl çəmə­nə, gülə, çiçəyə də tоxunmur (AFA NF, 1994 s. 70).

Məshəti İsmayıl Rüstəm qızı yazır:

Yanan dağların biri Gəmiqaya, biri İlandağ, biri Ağrı dağı idi. Nuh Nəbi оğlanlarına gördükləri оdun möcüzəli оl­duğunu dеyərək bu arada yurd salmağı nəsihət еdir, bu üç dağın оnlara qüvvət, bərəkət vеrəcəyini, yağıdan, şərdən qоru­yacağını dеyib dayandığı yеrdən bir addım irəli atır. İlk əvvəl dabanı yеrə dəydiyinə görə bura “Nuhdaban” dеyirlər. Оğul­ları isə Nuhun sözünə əməl еdərək həmin yеrdə yurd salır. Göründüyü kimi, üçüncü mərhələdə yеni başlanğıc, tоrpağın möcüzəsi, Nuhun оğullarına nəsihəti, Nuhun adlandırmaları və qanunauyğunluğun dəyişilməsi mоtivi var. Bеlə ki, mоzalan və qaranquşun fоrma dəyişikliyi, yaxud insana qarşı təhlü­kəni ilk оlaraq qaranquşun anlaması, pеyğəmbərlik missiya­sını yеrinə yеtirən Nuhun hər üç mərhələdə canlı və cansız var­lıq­larla kоsmоlоji əlaqəsi bütün mətnlərdə əks оlunmuşdur. Əs­lində üçüncü mərhələdəki arxaik məzmun kеyfiyyət еtiba­rilə özündən əvvəlkilərin davamıdır. «Nuh tufanı» əfsanəsinin ikin­ci mərhələsində, yəni tufan bölümündə gəmi və xilas оlan­lara qarşı təhlükə gəminin özündə baş vеrir. Rеal təhlükə hеy­vanlara xas xüsusiyyətlə bildirilir” (İsmayıl Rüstəm qızı, 2008, 122-123).

Yazılı və şifahi ədəbi nümunələrdə rast gəldiyimiz adqоy­ma ənənəsini özündə yaşadan “Nuh tufanı” əfsanəsinə görə, Ağ­rı, İlandağ, Kəmki dağlarına adları məhz Nuh Nəbi vеrmişdir:



...Su qalxdı, dünyanın üzünü almağa başladı. Gəmi də suyun üzünə qalxdı… Günlər, həftələr dоlandı. Gəmi bir gün nəyəsə tоxunub kеçdi. Gövdəsi bərk yırğalandı. Nuh Nəbi bildi ki, gəmi dağa tоxundu.

- Pəh, nə ağır dağdı - dеdi. Başından hеç qarın əskik оlmasın.

Оdu-budu, dağın adı «Ağrıdağ» qaldı. Başından da qar əskik оlmadı. Bir həftə də kеçdi. Gəmi yеnə silkələndi. Nuh Nəbi gəmidəkilərə:

  • Bu da inan dağdı,- dеdi.

Bu dağın da adı «İnandağ» оldu. Zirvəsi də zərbədən iki yеrə haçalandı. Gəmi səfərə davam еtdi. Bir az gеtmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən sоruşdu:

- Bu dağ о dağdan kəm ki dеyil? Dağın adına «Kəmki» dеdilər… (AFA NF, 1994, s. 67-68).

Məshəti İsmayıl Rüstəm qızının yazdığına görə, zamanla «İnandağ» sözü fоnеtik dəyişikliyə uğrayaraq “İlandağ” kimi tələffüz оlunmuşdur:

Əfsanədən göründüyü kimi, Naxçıvanın çеvrəsində dağ adlarının Nuhla bağlanması dağa və dini dəyərlərə xalq ina­mının nəticəsidir. Türk xalqlarının təfəkküründə dağa, daşa inamın mövcudluğu bədii yaradıcılıq nümunələrində gеniş şəkildə əks оlunur. Qеyd еtdiyimiz kimi, kеçmişdən bu günə­dək yaşayan adət-ənənələrə görə yеni dоğulan körpəyə böyük­lər ad qоyar, müqəddəslər və ulular hər bir şеyə (canlı və can­sız varlıqlara) ad vеrər, alqış - qarğış söyləyərlər. Bu xüsusda qеyd еtmək lazımdır ki, Nuh əfsanələrində adlar müəyyən əlamətlər nəzərə alınmaqla Nuh Nəbi tərəfindən vеrilir. Buna bənzər еpizоd «Kitabi-Dədə Qоrqud» dastanında da vardır.

Tufandan sоnrakı ikinci törəyiş Nuhun оğulları ilə baş­layır. Tarixi saxtalaşdırmaqdan çəkinməyən еrmənilər Naxçı­vanı və hətta Nuh əlеyhissəlamı еrməniləşdirməyə cəhd еdir­lər. Lakin tarixi faktlar, çоxsaylı fоlklоr mətnləri, türk dilinin xüsusiyyətləri bu iddiaları təkzib еdir. Sözlərin mənşəyini ad­ları tədqiq еdən alim Firudin Rzayеv Nuhun övladı Yafəsi (Yafəti) özlərinə baba sayan еrmənilərdə bunu xatırladan hеç bir ada rast gəlinmədiyini, əksinə türklərdə Yafət, Yafəz, Yafəs kimi adların çоxluğunu bir fakt kimi irəli sürür. Akadеmik İsa Həbibbəyli bütövlükdə Naxçıvan sözünün «Nuhçıxan» ifadəsi ilə bağlı оla biləcəyini bildirmişdir” (İsmayıl Rüstəm qızı, 2008, 119-120).

İkiçayarasında uzun müddət arxeoloji qazıntılar aparmış və şumerlərin qədim Ur şəhərinin qalıqlarını üzə çıxarmaqla məş­hur­laşmış görkəmli amerikalı arxeoloq Leonard Vulli qazıntılar zamanı “Nuh tufanı” nın izlərini aşkarlamış və beləcə, sözüge­dən olayın mif olmadığını sübut emişdir. Deməli, Həzrət Nuh gerçək tarixi şəxsiyyət olduğu kimi, tufan da qədimdə baş vermiş gerçək bir hadisədir (Oğuz, Tuncay, 2009, s. 194).

Madam ki, bu belədir, deməli, xristian və müsəlman tarixçi­lərin Yafəsin türklərin ilk şahı olması və böyük bir dövlətə baş­çılıq etməsi barədə söylədiklərinə tam ciddi yanaşmaq lazımdır. Həmin mənbələr bu dövləti dünyann ilk dövləti kimi təqdim edir. Təsadüfi deyil ki, qədim şumer mənbələri ölkəmizin ərazi­sində mövcud olan və Şumer dövləti ilə iqtisadi-siyasi əlaqələr sax­layan bir dövlətdən söz açmaqdadır. Söhbət mixi yazılarda Aratta adı altında yad edilən və Şumer ilə eyni dövrdə mövcud olmuş qədim bir dövlətdən gedir (Oğuz, Tuncay, 2009, s. 195-196).

Görkəmli Azərbaycan alimi, qədim Şərq tarixinin gözəl bi­licisi, mərhum Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl lll minillikdə Azərbaycanda dövlət qurumlarının meydana gəldi­yi müşahidə olunur:

Cənubi Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yer­ləşirdi. İkiçayarası-nın qədim Azərbaycan tayfaları ilə er­kən siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi ya­zılarında əks olunmuşdur. Bu qaynaqlar göstərilən hadisə­lər­lə əlaqədar Aratta ölkəsini, kuti, lullu və su tayfalarını yad edir. Uruk şumer şəhər - dövləti Aratta ilə iqtisadi əlaqələr ya­rat­maq və hətta ölkəni özünə tabe etmək istəyirdi. Akkad hökm­darları kuti və lullu tayfalarının İkiçayarasına müdaxi­lə­sinə qar­şı mübarizə aparırdılar. Şumerlər və akkadlar Cə­nubi Azər­baycan, onun təbii sərvətləri barədə müəyyən tə­səvvürə ma­lik idilər” (Azərbaycan tarixi, 1994, s. 61).

Aratta dövləti Azərbaycan ərazisində yerləşirdi. Şumer və Aratta dövlətləri arasında əlaqələr “En - Merkar və Aratta hökm­darı”, “En - Merkar və En-Sukuşsiranna”, “En - Merkar və Lu­qal­banda”, “Luqalbanda və Hurrum dağı” kimi bir neçə şumer dastanında əks olunmuşdur. Sözügedən dastanların və digər mən­bələrin təhlili Arattanın ərazisinin Cənubi Azərbaycanın ərazisi ilə üst-üstə düşdüyünü, onun cənub sınırlarının Qəzvin və Həmədandan keçdiyini söyləməyə əsas verir (Azərbaycan tarixi, 1994, s. 61).

Aratta Cənubi Azərbaycanda miladdan öncə lll minilliyin birinci yarısında, bəlkə, ondan da qabaq meydana gəlmiş ilk dövlət qurumu idi. Bu dövlətin Şumer dövləti ilə diplomatik, siyasi və iqtisadi əlaqələri ümumdünya beynəlxalq diplomatiya, siyasət və iqtisadi əlaqələr tarixinin başlanğıc nöqtəsidir. Aratta və Şumer şahları arasındakı yazışma isə tarixin ilk diplomatik sənədləridir. Həmin sənədlərin məzmunu şumer mixi kitabələri sayəsində dövrümüzədək ulaşmışdır.

Mixi yazılardan belə aydın olur ki, Şumerə hökmranlıq edən, Uruk sülaləsindən olan En-Merkar, bugünkü dillə desək, Merkar (Berkə) xan Aratta xanından Uruka tabe olmağı tələb etmiş, Aratta xanı da öz növbəsində Uruku və bütün Şumer şə­hərlərini özünə tabe etmək üçün tədbirlər görmüşdür. Mənbə­lərin məlumatına görə, Şumer xanı Arattanı ziyarət etmiş, bu iki dövlətin başçıları arsında daim məktublaşma aparılmış, sami tayfalarının Şumerə hücumları zamanı Merkar xan Aratta xanına kömək üçün müraciət etmiş, o da Şumerdən yardım əlini əsir­gəməmişdir. Hətta Şumerin dağıdılmış məbədlərini bərpa etmək üçün ora tikinti materialları və sənətkarlar göndərmişdir.

Arattada çoxtanrıçılıq mövcud idi. Şumerdə olduğu kimi, Arattada da İninni və Utu kultları geniş yayılmışdı. Məhsul­darlıq və çobanlar tanrısı Dumuzi də böyük hörmət görməkdə idi. Lama adlı bir tanrıya sitayiş edildiyi barədə də məlumat var (Oğuz, Tuncay, 2009, s. 197-198).

Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun, mis, dağ daşı, lacivərd istehsal edirdi. Qiy­mət­li metallardan hazırlanan əşyalar və lacivərd Şumerə ixrac edilirdi.

Şumer mətnləri bizə təkcə Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət, onun mədəniyyəti, iqtisadiyyatı və xari­ci siyasəti barədə deyil, həmçinin Arattanın dövlət quruluşu barədə də çox önəmli məlumat verməkdədir. Bu mətnlərdən gö­ründüyü kimi, Arattanı ali kahin (qam, şaman) idarə edirdi. Bu isə dövlətin teokratik yapıya sahib olduğuna dəlalət edir. Ən maraqlı məlumat isə odur ki, Arattada parlament tipli bir şura da mövcud olmuş və hökmdar bəzi hallarda həmin şuranın fikrinə də müraciət etmişdir. Bu barədə Y. Yusifov yazır:

Şumer ilə Aratta arasında siyasi rəqabət gücələnirdi. Arat­ta hökmdarı En-Sukuşsiranna En-Merkarın onu ali hökm­dar kimi tanımasını tələb edir. En-Merkar isə ona əks tələb göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. Şura üzvləri ona En-Merkara tabe olmağı məsləhət görür. Aratta hökmdarı bu təklifi rədd edir...” (Azərbaycan tarixi, 1994, s. 65-66).

Şumer mənbələrindən göründüyü kimi, Azərbaycan ərazi­sində hələ e.ə III minillikdə parlament tipli bir qurum da olmuş­dur ki, bu qurumu dünya parlamentarizm tarixinin başlanğıc nöqtəsi kimi qəbul etmək olar və lazımdır. Fəqət hökmdarın bu qurumun təklifini rədd etməsi onun hüquqlarının məhdudluğuna dəlalət edir. Bununla belə, Şumer-Akkad mənbələri sübut edir ki, artıq e.ə III minillikdə ölkəmizin ərazisində dövlət başçısının seçilməsi, özü də bəlli bir müddətə seçilməsi praktikası da mövcud olmuşdur. Üstəlik də əcdadlarımız bu praktikanı haki­miyyətləri altına aldıqları Şumer və Akkad ərazisində də tətbiq etmişlər.

Yuxarda söylənilənlərdən belə aydın olur ki, Azərbaycan ərazisində mövcud olmuş ən qədim türk dövlətiylə, yəni Aratta ilə qədim Şumer dövləti arasında sıx iqtisadi, siyasi, diplomatik və mədəni əlaqələr mövcud olmuş, hər iki dövlət eyni tanrılara sitayiş etmişlər. Türklərin sitayiş etdikləri Tenqri qədim Şumer­də Dingir adı ilə məşhur idi. Bundan başqa hər iki ölkədə türk­lərin Odu və ya Qodu, şümerlrin isə Utu dedikləri eyni günəş tanrısına və türklərin Umay, Umay Nənə, Umay Ene (Ana) və ya da sadəcə Ana və ya Nənə, şümerlrin isə İninni və ya İnana adlandırdıqları doğum və bərəkət ilahəsinə sitayiş edilmişdir. Əldə olan şumer mətnləri bu günə qədər Azərbaycanda yaşa­maqda olan bəzi inanc və adətlərin Şumerdə də mövcud ol­du­ğunu göstərməkdədir (Azərbaycan tarixi, 1994, s. 65-66).

Maraqlıdır ki, ölkəmizin ərazisində kökü minilliklərin dərin­liklərinə, daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uza­nan “yağış çağırmaq” ovsunu Aratta dövləti dövründə (e.ə III-II mi­nilliklərdə) də davam etmişdir ki, bu barədə şumer mətnləri xəbər verməkdədir. Həmin mətnlərdən aydın olur ki, Aratta əhalisinin həyatında əkinçilik önəmli yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkin sahələrinin məhsuldar olması isə yağışın yağıb – yağmamasından asılı idi. Əsasən taxıl və noxud əkən Aratta əhalisi quraqlıq zamanı kahinə (şamana) müraciət edir, o da ovsun oxumaqla yağışın yağmasını təmin edirdi. Bu, şümer mixi kitabələrinin birirndə öz əksini belə tapmışdır:

Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çax­dırır, dağlara lərzə salır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir... yetişən buğdanı anbara... Arattanın ali kahini üçün gətirir və sarayda onun qabağına tökür...” (Azər­baycan tarixi, 1994, s. 66).

Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.

Şumer mənbələrində haqqında bəhs edilən olay bu ənənənin köklərinin ən azı lll minilliyə və Azərbaycan (Aratta) ərazisinə uzandığını sübut edir. Arxeoloji qazıntılar nəticəsində isə məlum olmuşdur ki, ölkəmizin ərazisində bu inam və adət hələ Eneolit dövründə (e.ə. VI-IV minilliklər) mövcud olmuşdur. Xatırladaq ki, arxeoloq H.Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun tə­si­rindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı ya­ğış “çağırmaq”mərasimi ilə bağlayırlar (Azərbaycan tarixi, 1994, s. 32).

Şumer mənbələri Arattanın mədəni səviyyə baxımından Şumerdən üstün olduğunu, bu üzdən də Şumer hökmdarı En – Merkarın (Merkar xanın) öz ölkəsində məbədlər tikdirmək üçün arattalı ustalara ehtiyac duyduğunu əks etdirməkdədir. Həmin mənbələrə görə, Şumer hökmdarı Aratta sənətkarlarına sahib olmaq üçün İniniyə (Umay Nənəyə) dua edərək deyərmiş :

Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parcaların­dan, qızıl-gümüş qatışığındn, təmiz lacivərddən... Urukda, açıq təpədə, sən yaşadığın “Anşan evində” qoy (məbəd) tiksinlər. İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı ibadətgahın) orta­sını, sən yaşadığın yeri Aratta (adamları) qoy mənim üçün bəzəsin... Aratta adamları dağlarından dağ daşı gətirsinlər, qoy mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi, (tanrılar) məbədini qoy parıldatsınlar. Mənim ayinlərimi kulabda qoy mənim üçün qoy düzgün ifadə etsinlər. İşıqlı dağa bənzər “abzu”(hovuz, şəlalə, fontan) qoy mənim üçün qur­sunlar, (meşəli) dağa bənzər “eredu” mənim üçün qoy təmiz­ləyib hazırlasınlar...” (Azərbaycan tarixi, 1994, s. 65-66).

Bu mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər tikmək üçün yox, həm də dini ayinləri düzgün icra etmək üçün arattalılara ehtiyac duymuşdur ki, bu da dolayısı ilə şumerlərin Arattanın dini təsiri altında olduğunu və ya hər iki ölknin eyni dini görüşləri paylaşdıqlarını göstərir. Başqa bir mətndən isə belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni yazıdan istfadə olunurdu. Həmin mətndə şumer qasidinin En-Merkarın məktu­bu­nu Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır və deyilir:

Arattanın ali kahini bişmiş gili (mixi kitabəni) elçidən aldı..., gilə baxdı, sözlər mismar kimi qalxdılar” (Azərbaycan tarixi, 1994, s. 64).

Musa Kağankatlı özünün "Albaniya tarixi" kitabında qeyd edir ki, Yafəsin oğullarından olan Kimerdən (Qamerdən) kim­mer (qamer) xalqı törəmişdir:

Yafəsin oğulları budur: Homer (Kimer) – hamirlər (kim­mer­lər) onun nəslindəndirlər...” (Kalankaytuklu, 1993, s. 14-15).

Kimmerləri e.ə. VIII əsrin Azərbaycan və Ön Asiya sakin­ləri kimi göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V əsrdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə iskit­lərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlan­dıq­larını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə gös­tərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçə­rək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urar­tunu tutduqları dəqiq məlum olan faktdır (Меликашвили, 1954, c. 278-281).

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər. (Гейбуллаев, 1991, c. 327-219). Rus və bəzi Avropa elmi ədə­biy­yatında yayğın olan fikrə görə bu xalq irandilli idi (Дья­ко­нов, 1951, c. 239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya "İlliada" və "Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan "at südü sağanlar" kimi bəhs etmişdir (Homer. İlliada, XIII, 1). At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə hala rast gəlinməmişdir.

Erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəz­siz mənbə hesab edilə bilər:

"...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar" (Oğuz, 2002, s. 20; Гейбуллаев, 1991, c. 96-97).

Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.

Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələ­rindən söz açan bölümündə həmin əfsanəni də təqdim edir:

Vaxtilə Kimmer kralınn Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çı­xır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və marall qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kənarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə-üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır (Ögəl, 2006, s. 575).

Hun türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xal­qın Anadoludan Şərqi Avropaya gəldiklərini, soy ağaclarının kim­merlərdən, deməli, Azərbaycan və Şərqi Anadoludan cücər­diyini söyləməyə tam əsas verir.

Yuxarıda qeyd etdik ki, Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Kimer idi və kimmerlər onun soyundandır (Kalankaytuklu, 1993, s. 14-15). Müəllif eyni za­man­da kimmerlərin soy babası olan Kimeri Azərbaycanın (Al­baniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir.

1933-cü ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təq­dim edilir. Mətnin naşiri R.Tompson "saka" (sak) ifadəsindən son­ra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslan­dırmaq istəmişdir. Lakin sonralar X Tadmor iddia etdi ki, ifa­dəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxu­maq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kim­mer­lərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduq­ları məlum olan sakların üzərində də hökm sahibi imiş (Гран­товский, 1960, c. 84).

Herodotun yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Tarixin atasının yaz­dığına görə, iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar (Гасанов, 2000, c. 24). Lakin mütəxəssislər həmişə nə­dənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmış­lar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və iskit-sakların ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir.

Musa Kağankatlı Yafəsin övladlarından, yəni oğullarından və nəvələrindən danışarkən, Əşkinazın (Aşkenaz, Askenaz) da adını xüsusi vurğulayaraq sarmatların onun soyundan olduq­ları­nı qeyd etmişdir:

Tirasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəd­didir...” (Kalankaytuklu, 1993, s. 15).

Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23) iskitləri əsasən iki yerə: roksolanlara və sarmat­lara bölmüş, ikncilərin isə çar sarmatları və kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır (Гасанов, 2000, c. 51). İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskit­lərin sarmat adlanan hissəsi" ifadəsini işlətməkdədir (Гасанов, 2000, c. 53).

Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü "sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş soy­lardan biri də sarmatlar olub (Абромзон, 1960, 116). Antik müəl­liflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdiva­cından törəmişlər və iskit dilində danışırdılar. Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara dəniz iskitlərindən və Don ça­yından şərqdə məskun idilər. Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol və Rostov bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları "savromat" da adlandırmışlar. Məsələn, Herodot "savromat" yazdığı halda, eradan əvvəl lV əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovi­diy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunan­ların sarmatları "savromat" adlandırdıqlarını bildirmişdir (Гей­бул­лаев, 1991, c. 329-330).

Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan, yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiyalıların törəmələri hesab etmiş­lər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla ey­niləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soyla­rından biri də sarmatlar olub və onlar qazaxların içərisində "şer­mat" və "sarmat teleu" adları ilə məşhur idilər (Гейбуллаев, 1991, s. 329-330, 334). Bu fakt qədim Atropatenanın paytaxtı­nın nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nə­dən qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur.

Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy baba­ları saydıqları maday xalqının da qazaxların etnogenezində iş­tirak etdikləri məlumdur (Востров, Муканов, 1968, c. 118). Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılar­kən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl IX-VIII əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan - maday xalqından və eradan əvvəl VII-VI əsrlərə aid mixi ya­zılarda isə bu xalqın Azərbaycanda qurduğu Madayya dövlətin­dən söhbət açılır. Qədim yunan müəllifləri, o cümlədən eradan əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti, xalqı­nı isə midiyalılar kimi qeyd etmişlər.

Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar (Востров, Муканов, 1968, c. 118). Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğız­ların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxın­dan iştirak etmiş soylardan biri də albanlardır (Велиханов, IV, c. 326; Abramzon, 1960, c. 66, 82; Кармышева, 1954, c. 16, tab­lo 2; Жданко, 1950, c. 41). Yafəsin soylarından biri olan al­banların adı ilk dəfə miladdan sonrakı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrdə baş vermiş olaylarla əlaqədar yad edilirlər.

Azərbaycandan iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən dar­madağın edildikdən sonra bir neçə istiqamətə yayılmışdılar. Bun­ların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın etnogenezində yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət bu ərazidə hökm sürmüşlər. Ücüncü qrup isə Britaniya istiqamətinə yürüş edərək orada Britaniya dövlətçiliyinin və ilk kral sülaləsinin əsasını qoymuşdular. İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot şəhər-dövlətinin və kral sülaləsinin əsa­sını qoyan ser Artur sarmat idi.O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının üzərində böyük bir kurqan ucaldıl­mışdı. Dördüncü qrup isə Quzey Afrikya qədər gedib çıxmışdı (Ковалевская, 1984, c. 75, 80-81).

Klavdi Ptolomey (II əsr) özünün "Coğrafiya bələdçisi" adlı əsərinin "Avropa Sarmatiyasının mövqeyi" adlı bölümündə bu ölkənin sakinlərindən biri kimi iskit - alanların da adını çəkmək­dədir (Гасанов, 2000, c.53). İosif Flaviy də özünün "Yəhuda savaşı haqqında" əsərində alanları iskitlərin bir qolu adlandırır (Гейбуллаев, 1991, s. 286).

Alanlara xüsusi bir tədqiqat əsəri həsr edən və var gücü ilə bu xalqın guya irandilli osetinlərin əcdadı olduğunu sübut etmə­yə çalışan V.B.Kovalevskaya məsələ antropologiyaya gəldikdə yazır:

"Katakomba tipli qəbirlərdən çıxan kəllələrin quruluşu bir çox mütəxəssis tərəfindən incələnmiş alanlar ensiz sifətli, uzun başlı cənubi avropoid irqinə məxsus olmuşlar və həm özləri ilə çağdaş olan girdəbaş tipli yerli əhalidən, həm də onların birbaşa varisləri olan müasir osetinlərdən fərqlən­miş­lər" (Ковалевская, 1984, c. 171).

Maraqlıdır ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən azı Mezolit dövründən tutmuş son Tunc dövrünə qədərki böyük bir zaman kəsiyini əhatə edən skeletlər uzunbaşlı kaspi-oğuz tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdəbaş kafkasion tipinin daşıyıcılarının bu bölgəyə çox-çox sonrakı dövrlərdə gəl-diklərini sübut etməkdədir.

Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:

Qafqaz ərazisində məskun olan xalqların sayının çoxlu­ğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki-coğrafi şəraitinin mürəkkəbliyi və bu mürək­kəb­liyin ayrı-ayrı etnosların təcridinə gətirib çıxarması etnoge-nez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo-antropoloji materialın önəmini artırmaq­da­dır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz”mağarasından ta­pıl­mışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır.Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz və Cənubi Azərbaycan üçün təkcə Mezolit döv­ründə deyil, Eneolit, yəni Mis-daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz” tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəri­cilərindən əsaslı surətdə fərqlənir” ( Мамедов, 2005, c. 123).

Antropoloji tədqiqatlar bütün Qafqaz və Cənubi Azərbay­can ərazisində Mezolit dövründə yaradılan zəngin mədədniy­yətin qurucularının məhz Azərbaycan türklərinin əcdadları oldu­ğunu birmənalı şəkildə sübut etməkdədir. Bu faktı Qobustan ərazisində təsbit edilən və ayrı-ayrı türk soy və boylarına aid soy tamğaları da sübut etməkdədir. F.Muradova deyir:

Qobustanda insan, heyvan, balıq və sairə təsvirlərilə yanaşı, müxtəlif işarə və tamğalara da rast gəlinməkdədir” (Mурадова, 2005, c. 130).

İskit, sak və sarmatları irandilli hesab edən bir çox elm ada­mı alanların da irandilli olduğunu söyləyərək, onların osetinlərin ulu babaları olduqlarını iddia etməkdədirlər. Lakin həmin alim­lər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skelet­lə­rin antropoloji cəhətdən irandilli osetinlərə deyil, qıpçaq mən­şəli, türkdilli qaraçay və balkarlara uyğun gəldiyini (Ковалев­ская, 1984, c. 171), həmin qəbirlərdən çıxan əşyaların üzərində türk-run yazılarına və türk tamğalarına rast gəlindiyini (Кова­левская, 1984, c. 172-173) etiraf etmiş, bunu izah etməkdə çə­tinlik çəkmişlər. Halbuki, bu halı izah etmək üçün alanların və asların dili haqqında Biruninin (XI əsr) söylədiklərini yada sal­maq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq və Xorəzm (karluq) dillərinin qarışığı olan xüsusi bir dildə da­nışdıqlarını yazmışdır (Якубовский, 1944, c. 54).

Musa Kağankatlı “Albaniya tarixi” kitabının “Yafəs və Arandan başlayaraq III Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam etdirilən şahlığın nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın (Türkün) adıını çəkir:

Yafəs, Homer (Kimer), Tiras, Toqarma (Türk)...” (Ka­lan­kaytuklu, 1993, s. 19).

Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məşhur məktubunda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını belə sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir (Плетнева, 1976, с. 7).

Bu fakt xəzərlərin etnogenezinin bilavasitə Azərbaycan və Şərqi Anadolu ilə bağlı olduğunu söyləmək üçün tamamilə ye­tər­lidir. Məktubun sonrakı hissəsində söylənilənlər də bu faktı təsdiqləyici mahiyyətdədir. Xaqan yazır ki, ən başda xəzərlər az saylı və zəif idilər, lakin sonralar özlərindən qat-qat güclü olan boylarla mübarizə aparıb onlara qalib gəldilər, onların torpaq­larına sahib oldular. Onlar qaçır, xəzərlər təqib edirdilər. Bu, rəqiblərin Kuştantiniya yaxınlığındakı Runa çayını keçmələrinə qədər davam etdi. Məktubda qaçanların kimlər olduğu da bil­dirilir: u-n-n-t-r. Bu məktubda deyilənləri şərh edən alimlər bu­radakı Runa çayının Dunay, Kuştantiniyanın Konstantinopol (İstanbul), “u-n-n-t-r” kimi oxunan xalqın isə onuyğurlar və ya utiqurlar (otuzuyğurlar), başqa sözlə, uyğurlar olduğu fikrində yekdildilər (Плетнева, 1976, с. 7).

Burada istər-istəməz, Diador Siciliyalının iskitlər haqqında söylədikləri yada düşür və hər iki müəllifin eyni hadisədən söhbət açdığı ehtimalı ağıla gəlir. Diador Siciliyalı yazır:

...Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayır­dılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə se­çilən bir savaşqan başçılarının başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə özlərinə ölkə əldə etdilər... Xeyli vaxt keçəndən sonra ...Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər...” (Ağasıoğlu, 2005, s. 101).

Məlumat üçün bildirək ki, Dunay çayının axdığı ölkələrdən biri də Bolqarıstandır və Trakiya bu ölkənin bir hissəsini əhatə edir. Həmin ərazi İstanbula yaxındır. Əgər hər iki halda eyni hadisədən söhbət gedirsə, - antik müəlliflərin bütün türkləri, o cümlədən xəzərləri iskit adlandırdığı məlumdur, - bu halda xəzərlərin öz tarixlərinin ən başında Araz çayı sahillərində ya­şadıqları heç bir şübhə oyatmır.

Söhbətin bu yerində xəzərlərin etnogenezinin ilkin mərhə­ləsinin Azərbaycanla bağlılığını təsdiq edən daha bir tarixi faktı, Təbərinin son dərəcə maraqlı bir məlumatını diqqətə çatdırmağa ehtiyac duyuruq. Salnaməçinin yazdığına görə, Sasani şahı Qubadın ömrünün son illərinədək Aran (Albaniya), Gürcüstan, Vaspurakan, Sisəcan (Sisakan // Zəngəzur) xəzərlərin əlində qal­mış..., Qəbələ hunların mərkəzi olmuşdur:

...Buna görə bu əyalətlərlə birlikdə Azərbaycana Xəzər məmləkəti demişlər” (İslam Ansiklopedisi, 1950, s. 90).

Xəzər xaqanı İosifin Yafəs soyundan Toqarmanın oğulları sırasında adlarını çəkdiyi üç nəfər, o cümlədən xəzərlərin soy babası Xəzər haqqında VII əsrdə yaşamış suriyalı salnaməçi İohan Efeslinin “Tarix” əsərində daha qədim mənbələrdən gö­türülmüş çox maraqlı bir qeyd var:

Bizans imperatoru Mavrikinin dövründə Daxili İskitiya­dan (İskitlər ölkəsindən) üç qardaş öz xalqları ilə birlikdə hə­rəkətə keçdilər. Qardaşlardan Bulqar adlı biri Roma imperi­yasının sərhədlərinə tərəf yollandı. Digər ikisi isə alanların Bersiliya adlandırılan ölkəsində məskunlaşdılar. Bu ərazi son­ralar qardaşlardan birinin-Xəzərin adı ilə Xəzər adlanmağa başladı” (Плетнева, 1976, с. 15).

Xəzər xaqanının məktubundan göründüyü kimi, Xəzər xa­qanı həm xəzərləri, həm də oğuz, uyğur, bulqar, savir və s. türk boylarını Albaniya, yəni Azərbaycan hökmdarının soyu ki­mi təqdim edir və bununla da türk xalqlarının ilkin etnoge­nezinin Azərbaycan ərazisi ilə bağlı olduğunu dolayısıyla təsdiq etmiş olur. Bu sırada oğuzlarn da adının çəkilməsi diqqətçəkicidir.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə