Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


------------------------------------------------------------------------------



Yüklə 1,48 Mb.
səhifə5/14
tarix02.10.2017
ölçüsü1,48 Mb.
#2991
1   2   3   4   5   6   7   8   9   ...   14

------------------------------------------------------------------------------

Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şu­mer dilində bu felə “q” sözdüzəldici şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir. Nəticədə yeni “uruq” kəlməsi yaranmışdır ki, bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur və tikili, şəhər mənalarını da ifadə edir. Eyni yolla, yəni “k” və ya “q” sözdüzəldici şəkilçisinin artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən üzgü, üzgüçü və ya da su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.

Bu sözlərdən göründüyü kimi ortada 5 min illik bir fasilə olsa da şumer dilinin sözləri ilə bugünkü dilimizin sözləri ara­sında fərq o qədər də böyük deyildir. Feldən isim düzəldilməsi mexanizmi də, bu zaman işlədilən sözdüzəldici şəkilçilər də eynidir.

Elməddin Əlibəyzadə yazır:

Artıq XIX əsrdən dünya tarixində yeni bir elm sahəsi - Şumerşünaslıq yaranıb və inkişaf etməkdədir. Dünyanın bir çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir. Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi, hansı müasir xalqların əcdadları olması problemidir. Problem ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və söylənilir. Bu, təbiidir; lakin bir həqiqət gün kimi aydındır ki, əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birin­dən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir: Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır; şumerlər müasir türk xalq­larının əcdadlarıdır.” (Əlibəyzadə, 1998, s. 61).

Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuş­dur ki, şumer dilində türk dilinə xas olan nümunəvi “imperativ + en və ya “-an” şəkilçisi = keçmiş zaman feli sifəti” sxemi də mövcud olmuşdur. Bu isə ümümi sintaktik quruluşdan xəbər verməkdədir. Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan “ra” yönlük hal şəkilçisinin Orxon-Yenisey kitabələrində hələ məhsuldar şəkilçi kimi çıxış etməsidir. Eyni şəkilçi bu gün də dilimizdə işlənir. Məsələn, “ora”, “bura”...

Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqa­yisə edərək, hər iki dilin leksikonunun eyni bazaya malik oldu­ğunu göstərmişdir. Özü də bu halda həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən seçilmişdir. Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində, yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 fai­zi bu gün də öz yaşarlılığını sürdürməkdədir. Məsələn:

Şumercə Türkcə

------------------------------------------------------------------------

AB, EB EV, OBA

EŞ EŞİK

ED GET

ZAQQİN YAXIN

QULŞE GÜLÜŞ

ME MƏN

QAŞ QUŞ

DEŞ DEŞİK

UŞ ÜÇ

HAME NƏ, NƏMƏNƏ

EN ƏN həyat (Süleymenov, 1993, s. 195-203).

------------------------------------------------------------------------
Elməddin Əlibəyzadənin sözlərinə görə, hazırda elmi ədə­biy­yatda çox-çox qədim və Şumerdən əzəli olan Kür-Araz mə­dəniyyətindən söz açılır. Kür-Araz mədəniyyəti, onun daha qə­dim­liyi, inkişafı, əhatə dairəsi barədə tədqiqatlar aparılır, fikir və mülahizələr söylənilir:

Azərbaycanın Kürlə Araz çaylarının qoynuna sığınmış Qarabağında, bu ana torpağın dağlı - düzənli yerlərində mi­lad­­dan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı kurqanlar məhz bu mədəniyyətin canlı yadigarları deyilmi? Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni, ocaqlarıdır” (Əlibəyzadə, 1998, s. 61).

Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:

..Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik, leksik və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şə­kil­də öyrənməyə şərait yaradırsa, digər tərəfdən də türk dillə­ri­nə məxsus sözlərin tərkibində daşlaşmış bəzi köklərin arxetip­lə­rini bərpa etməyə tutarlı əsas verir" (Məmmədov, 1989, s. 5).

Aydın Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini müəyyənləşdir­məkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir. Məsələn:
Şumercə Türkcə

-------------------------------------------------------

UZU OZAN

UD ÖD (zaman)

UŞ US, HUŞ (ağıl)

UŞ UŞAQ

İZİ İSTİ

ARA ARA (orta)

KAŞ QAÇ(maq)

AŞTAR AÇAR

E DE

UMA UMMAQ

DURU DURU

BAR BARDAQ

PA BAĞIR(maq)

PA BAĞ(lamaq)

SA SÖZ

DE DEMƏK

BE BƏY

BADARA BAYRAQ

SA SAĞ

SAA SAP (kəndir)

QUM QUM

SU SU

MƏMƏ (Məmmədov, 1989, s. 5-6).
Maraqlıdır ki, Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi istisna olmaqla, heç biri Oljas Süleymenovun 60 sözü ilə üst-üstə düşmür. Yəni bu halda tamam başqa sözlər müqayisəyə çəkilmişdir. Bu deyilənlərlə kifayətlənməyən alim “Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər məqaləsində müqayisələrdə daha da dərinə getmiş, bu dəfə ayrı-ayrı türk ləhcə və şivələrində rast gəlinən sözləri deyil, ümumtürk mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu tək­zibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra proto­türklərin, yəni əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı olduğunu qeyd etmişdir.

Şumer-türk paralellərinin və bu paralellər əsasında genetik qohumluq əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir. İstər fonetika, istər leksika, istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxaran alim müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları barədə deyir:

Şumercədə bəzi mütəxəssislər 4, bəziləri 6 sait qəbul edirlər. 18 samit qeydə alınmışdır. Bunlar müasir türk dilinin sait-samit sisteminə uyğun deyildir, ancaq həmin səslərin ha­mısı türk dilində var. Əlbəttə, bu, tipoloji uyğunluqdur və kök sözlərdə, iki heca həcmində yalnız eyni sait çıxış edir. Bu, ahəng qanununun ardıcıl izlənməsi deməkdir. Bu prinsip yal­nız alınma sözlərdə pozulur. Samitlərin inkişafında, əvəz­lən­məsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şu­mer­cə­dəki p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində də mövcuddur. Hətta müvafiq səs uyğunluqlarını tutuşdur­maq­la bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə alınır. Məsələn, şumercə də Tuş və suş, yəni düşmək, oturmaq, türkcədə tüş və düş. Burada əlaqə birbaşa görünür. Şumer dilində sipa, yəni çoban kəlməsini götürək. Həm şumercədə, həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.

Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uy­ğun­luqlar da müşahidə edilir. Şumer dilindəki “tibira”, yəni misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə bir kökdəndir. Buradakı “t” səsi qeyri-sabitdir. Eyni hal səma, göy mənasını verən “an” kəlməsində də görünür. Bu sözə “t” sə­sini artır-maqla göy anlamına gələn “tan” sözü alınır” (Ha­cı­yev, 1976, s. 22-23).

Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi, eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu əra­zisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi, qədim şu­merlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüş­dülər. Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.

Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildir­məkdədirlər. Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini, şümerlərin də bu sahədə bilik­ləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.

“Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki, arabanın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:



Vuruşdan sonra Oğuz Kağanın ordusuna, əsgərlərinə, el-gününə o qədər çox qənimət düşdü ki, yükləyib daşımağa at, qatır, öküz azlıq etdi. Oğuz Kağanın ordusunda təcrübəli, usta bir kişi vardı. Onun adı Barmaqluq Cosun Bilik idi. Bu usta bir araba qayırdı. Arabanın üstünə cansız qənimətləri qoydu, canlı qənimətləri arabaya qoşdu. Dartdılar, getdilər. Əsgərlər, el-gün bunu görüb mat qaldı. Arabalar düzəltdilər. Kanğa, anğa deməklə kanğa sözü belə yarandı. Bunun üçün də onlara kanğa adını qoydular (Bayat, 1993, s. 133-134).

Maraqlıdır ki, qədim mixi yazılarda şumerlər özlərini kən­gər və kanq adlandırırlar (Ağasıoğlu, 2005, s. 155). Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbay­can­dan köçüb getdiklərini sübut etməkdədir. Elə bu üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm da­şıyır. Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə müəyyən təsəvvür əldə etmiş oluruq. Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq.

Bu gün Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə hesab olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu ol­masına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqa­mıs” dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir. Bu isə o deməkdir ki, yola çıxan adamın ardınca su atmaq adə­tinin ən azı 5 min il yaşı var:

Sabunlu köklər ilə bədənini yudu o.

Öz qamətinə layiq gözəl paltar geydi o.

Sinəsinə yaraşan boyunbağı da asdı

Belinə qurşaq vurub, başına tac qoydu o.

İgidlərin ardınca bir cam təmiz su atdı.

Pillələrlə çıxıb o evin damına qalxdı

(Bilqamıs dastanı, 1985, s. 32)

Məlum olduğu kimi, qədim türk dilində “uçmaq” feli “öl­mək” felinin sinonimi kimi işlənmişdir. Orxon-Yenisey abidə­lə­rində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb. Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə deyilir:

Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım, yəni xa­qan atam öləndə səkkiz yaşımda idim.”

24-cü sətirdə isə deyilir:

Ecüm kağan uca bardı, yəni xaqan əmim öldü” (Rə­cə­bov, Məmmədov, 1993, s . 73).

Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində, şimal tərəfinin 1-ci sətrində, eləcə də Bilgə Xaqan abidəsinin cə­nub tərəfinin 10-cu (Rəcəbov, Məmmədov, 1993, s . 103), qərb tərəfinin 2-ci (Rəcəbov, Məmmədov, 1993, s . 104), Moyunçur abidəsinin 12-ci (Rəcəbov, Məmmədov, 1993, s. 146) sətirlərin­də və sairə üzləşirik. Qeyd etmək lazımdır ki, qədim türk dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Mə­həm­məd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlinməkdədir.

İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azər­baycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən "uçmaq" termini təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağ­lıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.

Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxu­sun­da görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə deyi­lənlərə ən gözəl misaldır:

Gecə öz yatağına tənha uzanan zaman,

Enkidunun içinə bir ağrı doldu yaman.

O, dərdini açaraq öz dostuna söylədi,

"Gecə yuxu görmüşəm, əziz dost, eşit, - dedi, -

Göylər haray salırdı, nida qalxırdı yerdən,

Onların arasında dayanmışdım təkcə mən.

Bir də bir adam vardı, tutqun idi üz-gözü,

Mən fırtına quşuna bənzətdim onu, düzü.

İti caynağı vardı, qartal kimi qanadı,

Saçımdan yapışaraq göz açmağa qoymadı.

Onu vurdum, tullanıb tez sıçradı kənara,

Sonra o məni vurdu, o dəm sağaldı yara.

Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı,

Ağır məngənə kimi başımı bərk sıxdı.

Dedim "Məni xilas et!" Sən xilas edəmmədin,

Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.

O mənə toxunaraq, məni quşa çevirdi,

Qanad taxtı çiynimə, adəti quş qanadı.

Üzümə baxdı, baxdı, sonra məni apardı,

İrkallanın evinə-zülmət evinə vardı

(Bilqamıs dastanı, 1985, s. 60-61).

Folklorşünas alim B.Abdullayev yazır:

"Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yo­lub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, öm­rünü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələr­dən olması barədə miflər var" (Vəliyev, 1985, s. 112).

Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:



"Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya "yuq" deyirdilər. Toplananlar üçün qonaqlıq dü­zə­lərdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı... Ölünü ağlamaq, cənazəsi üstündə saç yolmaq adət halını almışdı" (Haqverdiyev, l957, s. 392).

Maraqlıdır ki, qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcuddur. Əlbəttə ki, söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir:


O kəslər ağlayar ki, qədim adamlar kimi

səninlə öyünərdi,

O kəslər ağlayar ki, sənə öz süfrəsində

bir vaxt çörək verərdi.

Ayağına ətir-yağ çəkən kəniz ağlayar,

Sənə şərab içirən qulun göz yaşı axar,

Canına zeytun sürtən yava qadın ağlayar.

Sənin məsləhətinlə özünə arvad tapıb,

Nigah otağına ilk qədəm basan ağlayar.

Qardaşların ağlayar, bacı kimi hay salar,

Yaslara batar tamam, nalə çəkib saç yolar!

(Bilqamıs dastanı, 1985, s. 64).

Nəsir Rzayevin yazdığına görə, Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dolmenlərdən də söhbət etmək lazımdaır. Dolmenlər daşların şaquli vəziyyətdə yerə bas­dı­rılması nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbir­lər­­dir. Onların üstü sal daşla örtülür. Dolmenlərin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir. Bu qə­bir­lər tək, ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şək­lində olur. Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Ko­reya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onla­rın tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xo­calıda da dolmenlər üzə çıxarılmışdır:

"Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədə Günəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tik­məsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.

Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılma­mışdır. Günəş Azərbaycanın ən qədim kultlarındandır. Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı” (Azərbaycan incə­sənəti, 1977, s. 13).

Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də unutmamaq lazımdır. Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti çəkmək­dədir. Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir. Şumerlər inanırdılar ki, ölən insanlar ölülər dünyasına belə qayıqlarda yollanırdılar. Bunun üçün onlar Kur çayını keçməli idilər. Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına da keçmişdir. Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast gəlinməkdədir. Maraqlıdır ki, qədim yunan tarixçisi Herodot iskit xaqanlarını Kür çayının yuxarı axarında kurqanlarda basdırmaq adətindən söz açmışdır. Görünür, şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur, yəni Kür çayı barədə, eləcə də ölülərin bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski və­tən­lərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə mey­dana gəlmişdir. Hər halda belə düşünməyə ciddi əsaslar vardır. Əvvəla, Qobustanın gəmi təsvirləri və Herodotun iskit xa­qanla­rının dəfni ilə bağlı verdiyi məlumat, eləcə də Kür çayı­nın yu­xarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqan­larının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu göstərir. Deyilənlərə kurqanların “şüa sistemi”nə uyğun yerləş­diyini də əlavə etmək lazımdır.

Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərin­dən çox aydın hiss edilir. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dövr­də artıq öküz təsvirlərinə rast gəlinmir. Belə ki, Azər­bay­canın son Eneolit – erkən Tunc dövrlərə aid Şomu-təpə, Töyrə-təpə, Qarğalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsi kimi abi­dələrində tədqiqat aparmış arxeoloq D. Hacıyev həmin dövrlərdə insanların artıq iribuynyzlu heyvanların da ətindən istifadə et­dik­lərini təsbit etmişdir. Araşdırmalar nəticəsində Şomu-təpədən əldə edilən heyvan sümüklərinin 57 %-inin kiçikbuynuzlu hey­vanlara, 25 % - nin iribuynuzlu heyvanlara, 5,5 %-nin isə qa­bana aid olduğu üzə çıxmışdır. Töyrə-təpədən tapılan sümük­lə­rin isə 25,5 %-ni öküz sümükləri təşkil edirdi. Qarağalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsində isə bu göstəricilər müqabil olaraq 23,4 %, 36,5 % və 43,3 % idi (Гулузаде, 2005, с. 83).

Deməli, həmin dövrlərdən etibarən öküzləri yeməyə başla­mışlar. Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir sözlə, öküz kultu yerini tədricən günəş kultuna vermişdi. Bu da təbiidir. Çünki zaman keçdikcə insanların sayı durmadan artmış və bu da ərzaq probleminin yaranmasına gətirib çıxarmışdı. Öküz və inək isə həm zəngin ət, süd mənbəyi, həm də əkin­çi­lərin işini yüngülləşdirən səmərəli güc mənbəyi kimi çıxış etmək potensialına sahib idi. Artıq son Eneolit – erkən Tunc dövrlə­rindən etibarən öküzlərin kotana qoşulduğunu təsdiqləyən çox sayda fakt mövcuddur. Bununla belə, dövrümüzədək ulaşan və həmin dövrlərin yadigarları olan cütçü nəğmələrindən də görün­düyü kimi, öküzə hələ də son dərəcə xoş münasibət bəslənilir, o, marala, ceyrana bənzədilərək əzizlənirdi:



Huşa, huşa öküzüm,

Sel gəldi, ho, sel gəldi.

Huşa, huşa maralım,

Yel gəldi, ho, yel gəldi.
Huşa, huşa öküzüm,

Yar gəldi, ho, yar gəldi.

Huşa, huşa, ceyranım,

Qar gəldi, ho, qar gəldi.
Huşa, gülüm, bizə gəl,

Dağdan enib düzə gəl.

Boyunduruq nalçalı,

Torpağımı bizə gəl...
Huşa, huşa maralım,

Sel gəldi, ho, sel gəldi.

Huşa, huşa, ceyranım,

Yel gəldi, ho, yel gəldi.
Yel gəldi, ho, yel gəldi.

Yel gəldi, yel gəldi.

Yel gəldi, ho, yel gəldi.

Yel gəldi, ho, yel gəldi

(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 28)

Eyni münasibəti aşağdakı nəğmədə də görürük:

Hütə, hütə, hütə, ho,

Hütə, hütə, hütə, ho.

Öküzüm, maralım hütə,

Qaldı avalım, hütə.

Hütə, hütə, hütə, ho,

Hütə, hütə, hütə, ho.

Gün getdi, yağış gəldi,

Gəl, kalça kəlim, hütə.

Hütə, hütə, hütə, ho,

Hütə, hütə, hütə, ho”

(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)

Başqa bir cütçü nəğməsində isə öküz belə əzizlənir:

Ho-ho, ho-ho, öküzüm,

Ho-ho, ho-ho, öküzüm.

Budu bütə öküzüm,

Bir qarış yerim qalıb,

Ho, ho, ho,

Ho-ho, ho-ho, öküzüm

(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)

Digər bir nəğmədə öküzə “ala kəlim, qara kəlim, ana kə­lim” deyə müraciət edildiyini müşahidə edirik:

Ala kəlim, huş ho,

Qara kəlim, huş ho,

Ana kəlim, huş ho.

Huş ho, huş ho,

Huş ho, huş ho,

Huş ho, huş ho

(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)

Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qur­ban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir. Bu ba­xım­dan şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs das­tanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:

Dostum, mən də görürəm buğada çılğınlığı,



Bizi qorxuda bilməz onun bu azğınlığı.

O buğanı ikimiz bir yerdə öldürərik,

Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.

Buynuzuna zeytun yağı dolduru, Luqalbandaya çatdıraram.

Sən onun quyruğunun yapış yoğun yerindən,

Alnına, peysərinə xəncər vuracağam mən.”

Enkidu hərləyərək onun dalınca qaçdı,

Quyruğunun lap yoğun yerindən o yapışdı.

Bilqamıs öz dostunun igidliyini gördü,

Buğanın alnına, peysərinə xəncər vurdu.

Gətirdilər qoydular Utunun qarşısına,

Bir az kənarda durub, səcdə etdilər ona”

(Bilqamıs dastanı, 1985, s. 51)

Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən danışarkən Azərbaycanda “Çoban daşı” adı ilə məşhur olan men­hirlərdən də söz açmaq lazımdır. Dağ və dağətəyi zonalarda rast gəlinən, hündürlüyü təqribən 1 metr və daha çox olan və şaquli şəkildə yerə basdırılan bu abidələrə ancaq qəbiristan­lıq­larda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər Tunc dövründən sonra öz əhəmiyyətini itirmişdir. Qədim qəbri­s­tanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə sə­ciyyəvi abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar ara­sında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəl­mişlər. (Azərbaycan incəsənəti, 1977, s. 12).

Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların ölülərin qəbri üzərində ucaldığını “Bilqamıs dastanı” da təsdiq etməkdədir:



Ürəyini dinlədi, ürəyi vurmur daha,

O, dostunun üzünü örtdü gəlin tək.

Özü fırlanıb qartal kimi gəşt edirdi

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə