Türk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR



Yüklə 1,55 Mb.
səhifə1/14
tarix30.12.2017
ölçüsü1,55 Mb.
#18826
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________




TÜRK XALQLARI FOLKLORU

IV KİTAB

ALTAY

DASTANLARI

VƏ ƏFSANƏLƏRİ

BAKI – 2016
Redaktoru: fil. ü.f.d. Əfzələddin ƏSGƏR

Tərcümə edəni: fil. ü.f.d. Səkinə Qaybalıyeva

Türk xalqları folkloru, IV kitab, Altay dastanları və əfsanələri, Bakı, Elm və təhsil, 2016, 312 səh.
Kitabda Qərbi Sibirin cənub-şərqində yaşayan altaylıların şifahi xalq yaradıcılığında geniş yayılmış qəhrəmanlıq dastanları, eləcə də Monqolustan Altayı türklərinin monqol dilinə keçmiş bəzi nağılları və şərhlər yer alır. Bu folklor nümunələrində Sibir xalqlarının adət-ənənələri, zəngin təbiəti, geniş coğrafiyası, adlar sistemi və s. öz əksini tapmışdır. Kitabda yer alan “Altay Buçıy”, “Maday-Kara”, “Altun-Mize”, “Boko bain Sartıktay”, “Xuşandra xan”, “Noyan-Xulaxay” və s. dastanlar və əfsanələr Altay folklorunun səciyyəvi nümunələrindəndir.
folklor.az

A 3202050000 Грифли няшр

098 - 2016


© Фолклор Институту, 2016.

ÖN SÖZ
Nikolay Yakovleviç Nikiforov bu dastan toplusunu Anos çayının 6 verstliyində Katun çayının sol sahilində yerləşən As­kat kəndində yaşayan altaylı “Kayçi” – söyləyici Çoltoşdan qey­də almışdır. Bu dastanları, demək olar ki, təkcə Çoltoş söy­ləmişdir.

N.Y.Nikiforov Anos kəndinin sakinidir, əslən altaylıdır, Ulala kəndində ruhani missiyasının nəzdindəki katexizator məktəbində təhsil almışdır. O, rus dilini çox mükəmməl bilir. Bu, ona qəzetdə müxbir işləmək imkanı yaratmışdır. “Si­bir­skaya jizn” qəzetində onun “Sincab ovçuluğu” və “Sidr isteh­salı” adlı iki məqaləsi çap olunmuşdur.

N.Y.Nikiforov nağılları tatar dilində qeydə almışdır. Bu­nun üçün o, Anosdan Askata getmiş, 2-3 gün Çoltoşun yur­dun­da qalmışdır. Bəzən də Çoltoş Anosa gəlmiş və bir neçə gün N.Y.Nikiforovun evində yaşamışdır.

N.Y.Nikiforov nağılları tatar dilində qeydə aldıqdan sonra rus dilinə tərcümə etmişdir. O, səhər tezdən mənim yanıma gəldi (mən həmin vaxt Anosda yaşayır­dım). Biz onunla gecə­dən keçənədək nağılları tərcümə etdik; o, cümlənin mənasını rus dilində ifadə edirdi, mən isə üslubu düzəldirdim.

Bu topluya mən öz şərhlərimi də əlavə etmişəm.
Qriqori Nikolayeviç Potanin

Tomsk, 15 mart 1914
TƏRCÜMƏÇİDƏN
Altay diyarı Qərbi Sibirin cənub-şərqində yerləşir. Altay­­lılar tarixən formalaşmış altı avtoxton türkdilli etnosun özünə­məxsus birliyinin ümumi adıdır. Avrasiyanın böyük səhraları ilə Mərkəzi Asiyanın geniş çöllərinin qovuşuğunda yerləşən Dağlıq Altayın etnosları əsrlər boyu yaxın ərazilərdə qaynayıb-qarışmış, dil və adət-ənənələri qorunub saxlanmışdır. Bununla belə müxtəlif dini və dünyagörüşü sistemləri ilə əhatə olun­ması onların mədə­niy­yə­tinə digər etnomədəni elementlərin qarışma­sına gətirib çıxar­mış­dır.

Altaylılarda belə bir təsəvvür mövcud olmuşdur ki, dünya iki allahın hökm etdiyi xeyir və şər qüvvələri tərəfindən idarə olunur. Onlar elliklə dua etməyə çox böyük əhəmiyyət verir, sə­­maya, suya, dağlara, müqəddəs qayınağacına sitayiş edir­dilər.

Altay folklorunda ən mühüm və geniş yayılmış janr qəh­rə­manlıq dastanlarıdır. Dastan nağıl, bahadırlıq nağılları, qəhrə­man­lıq nağılları, qəhrəmanlıq poemaları və s. kimi də adlan­dı­rılır. Hazırda xalq arasında bu ad “kay çörçök”, yəni “boğaz mah­nıları ilə ifa olunan nağıl” termini ilə yaşadılır. İlkin dövr­lərdə qəhrəmanlıq dastanları “ov das­­tanları” kimi yayılmışdır.

Altay ovçuları arasında belə bir adət vardı: onlar ovqabağı və ov zamanı nağıl danışırdılar. Bunun üçün onlar özləri ilə xüsusi nağılçı götürürdülər. Həmin nağılçı-söyləyici üçün ümu­mi qənimətdən pay ayrılırdı. Nağıl danışmaqda fövqəladə bacarığa, eləcə də nağıl mətnlərindən ibarət ayrıca repertuara malik olan bu nağılçı-söyləyicilər vəhşi heyvanlara, quşlara və onların hamisi olan ruh sahiblərinə müəyyən mənada təsir edə bilirdilər. Ovçuluqla bağlı rəvayətlərdə, bir tərəfdən ruhların nağıl və dastanlar dinləməyi sevdikləri və bunun müqabilində ovçuların uğurlu ova “icazə” aldıqları, digər tərəfdən isə onla­rın bu ifanı necə qəbul etdikləri və buna əsasən özlərini necə apar­dıq­ları deyilir. Bununla belə, ruhları yalnız bəsirəti açıq olan nağılçılar görə bilirdilər. Belə söyləyiciyə “eelə kayçı”, yəni ruhlarla əlaqə qura bilən nağılçı deyirdilər.

Altay qəhrəmanlıq dastanları “Altay Buuçıy”, “Maday Ka­ra”, “Altın Mize”, “Oçı bala” və b. dastanlarla təmsil olunur.

Altay dastan və nağıllarının toplanması və nəşrinə XIX əsr­dən başlanmışdır. 1860-61-ci illərdə V.V.Radlov Altayın ən uc­qar dağ bölgələrindən çox zəngin folklor materialları topla­mışdır. Altay folklorunun ilk dəfə elmi əsaslarla öyrənilmə­sin­də də V.V.Radlovun böyük rolu olmuşdur. O, 12 il Barnaulda dağ-mədən məktəbində alman və latın dillərindən dərs demiş, Altay etnoslarının maddi-mənəvi irsini öyrənmiş, dili mənim­sə­mişdir.V.V. Radlovun “Cənubi Sibirdə və Dzunqar çölündə ya­şayan türk tayfalarının xalq ədəbiyyatından nümunələr”ində ilk dəfə Altayın etnik qruplarının dilində 10-dan çox dastan nəşr olunmuşdur. Onun bu kitabı dil və ləhcə xüsusiyyətlərini özün­də əks etdirməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Altay xalq dastanlarının toplanması işində, həmçinin ilk al­tay yazıçısı M.V.Çe­val­kov V.V.Radlov, Q.N.Potanin, V.İ.Ver­­bitski ilə fəal əməkdaşlıq etmiş, bu əmək­daş­lıq sa­yə­sində çox zəngin materiallar toplanmışdır.

Altay dastanlarının toplanması və nəşri işi XX əsrin əv­vəllərində də davam etdirilmişdi. Bu istiqamətdə görülən işlə­rin uğurlu dövrünü XX əsrin 50-ci illərindən başlayaraq iz­ləmək mümkündür. 1952-ci ildə folklorşünas S.S.Surazakovun rəhbərliyi ilə yara­dıl­mış Qorno-Altay Tarix, Dil və Ədəbiyyat Elmi-Tədqiqat İnstitutu müxtəlif janrlı folklor materiallarının məqsədyönlü toplanması işinə başlamışdır. Altay qəh­rə­manlıq dastanlarının toplanması və nəşri işi S.S.Surazakovun fəaliy­yəti ilə məhsuldar bir dövr yaşamışdır. 1958-1980-ci illərdə çoxcildli “Altay baatırlar” xalq eposları seri­ya­sının (10 cilddə) nəşri bu gərgin əməyin bariz nümunəsidir. S.S.Su­ra­za­kov Al­tay qəhrəmanlıq eposunun inkişaf mərhələləri və tarixi poeti­ka­sının öyrə­nil­mə­si­nin əsasını qoymuş, hələ 1948-ci ildə aspi­rant olarkən ilk dəfə “Maaday Kara” dastanını gənc kayçı A.Kal­kindən 5720 misrada, 267 dəftər səhifəsində qeydə al­mış (həmçinin 1951-ci ildə A.Kalkindən topladığı “Oçi bala” (1008 misra) və “Maaday Kara” (270 misra) das­tan­la­rı ayrıca kitab halında nəşr olunmuşdur), 1964-cü ildə dastanı maqni­tofon len­tinə köçür­müş, dastan mətnini hazırlamış, tərcümə, söy­lə­yici, onun repertuarı, dastanın vari­ant­la­rı, bənzər süjet­lə­rini gös­tərmiş, şərhlər vermişdir. 1973-cü ildə ikidilli “SSRİ xalq­larının eposu” akademik toplusunda ümumi həcmi 7738 misra olan “Maaday Kara” dastanı nəşr olunmuşdur. O, həm­çinin “Al­tay Buuçay” dastanının tam 17 variantını qeydə al­mış, 1958-ci ildə dastanın maqnitofon lentində tam qeydlərini başa çatdırmış, söyləyici E.Taştamışovadan “Altın Bize” dasta­nının səsyazmasını həyata keçirmişdir. Onun tərtib etdiyi gös­təricidə altay qəhrəmanlıq dastanlarının 222 mətni və 51 söy­ləyicinin adı qeyd olunmuşdur.

Hazırda S.S.Surazakov adına Altayşünaslıq İnstitutunun folklor arxivində əlyazma, səsyazma və başqa videogörüntülər şəklində dastanlardan ibarət böyük fond yaradılmışdır.

Altay qəhrəmanlıq dastanlarının toplanması və nəşri işində “Anos toplusu”nun da özünəməxsus yeri vardır. Bu topluda yer alan nağıl və dastanları altay folklorunun toplayıcısı N.Y. Nikiforov tərtib etmişdir. Toplu 1915-ci ildə Q.N.Potaninin redaktəsi ilə çapdan çıxmışdı. Q.N.Potanin topluya yazdığı ön sözdə bu gərgin iş prosesini qısa şəkildə şərh etmişdir. Lakin bu cəfakeş toplayıcının faciəli taleyi ilə bağlı bir məqamı diq­qətə çatdırmaq istərdik. N.Y. Nikiforov V.V.Radlova altay di­li­ni öyrədən Yakov Nikiforovun oğlu, keşiş və yazıçı M.V.Çe­valkovun nəvəsi olmuşdur. O, 20-ci illərin əvvəllərində, Altay­da vətən­daş müharibəsi zamanı əks tərəfə keçmiş və öldürül­müşdür. Onun doğmaları repressiya qurbanları olmuş, arxivi isə saxlanmamışdır.

Bu topluda yer alan dastan və nağılların rus dilində veril­məsi tərcümə zamanı bizim də qarşımızda bir çox problemlər yaratdı. Bu problemlər, ilk növbədə, yazı dili ilə bağlıdır. Qeyd etmək lazımdır ki, altaylıların yazı dilində bir çox dəyişikliklər baş vermişdi. Hələ XIX əsrin ortalarında pravoslav missio­nerləri tərə­fin­dən kirill əlifbası əsasında işlənib hazırlanmış yazı dili 1928-ci ildə latın qrafikalı əlifba, 1938-ci ildə isə yenidən rus əlifbası ilə əvəz olunmuşdur. Bu əlifbada isə bəzi dilarxası (k, ğ)hərflərinin, eləcə də sağır nq və s. hərflərin olmaması, altayca sözün heç vaxt “y” hərfi ilə başlamaması (sözün əvvəlində “y-c” hərf paralelliyinə bəzən teleut şifahi nitqində rast gəlinir) və başqa səbəblər bir çox sözlərin (tasma – taspa, irqe – irgi, bi – biy, kiçu – keçü, tebiş – tepşi, kendık – kindik, tayqa – tayğa və s.), həmçinin şəxs adlarının (Altın-Ustyuk – Altın Cüstük, Sokor-Kara-Soqor-Qara, Sarı Elbeqen – Sarı Celbegen və b.), toponimlərin (Yelezin Böröl – Elesin Böröl, Tilar-Tilbas – Cılar-Cılbas, Umar-Timar – Umar-Cı­mar, Soqon-tu – Soğondu və s.) düzgün tələffüzündə prob­lem­lər yara­tmışdır. Biz tərcümə zamanı şəxs adları, eləcə də hey­van və coğrafi adların göstəricisini tərtib etmişdik. Çox təəssüf ki, yuxarıda qeyd etdiyimiz problemlər səbəbindən burada hə­min göstəricini vermək istəyimiz baş tutmadı. Çünki dastan­ların bu topluda yer alan təsviri mətnləri birbaşa orijinal mətn­dən (altayca) deyil, rus dilinə tərcümə olunmuş vari­an­tın­dan Azərbaycan türkcəsinə çevrilmişdir. Bu isə adların tərəfi­miz­dən olduğu kimi saxlanılması zərurətini doğurur.

Q.N.Potanin kitaba yazdığı şərhlərlə birgə bir neçə mon­qol nağılını (və ya Mon­­qo­lus­tan Altayı türklərinin monqol di­linə keçmiş nağılları) da topluya daxil et­miş­dir. Həmin nağıllar “Boko bain Sar­tık­tay”, “Təpəgöz-adamyeyən”, “Xuşandra xan”, “İrın Tyumin Xayrxan” və “Noyan Xu­la­xay” olmaqla beş nağılı əhatə edir. Burada göstərilən adlar və toponimlər də altaycadan deyil.

Toplunun rus dilindəki variantı bəzi nöqsanlardan da xali deyil. Belə ki, bəzi sözlərin və adların müxtəlif və eyni mətnlərdə fərqli şəkildə verilməsi (Cidu-tas -Yudu-tas, Cetı-Cabar -Yetı-Cabar, Uçkur-Konqur – Uçkur-Kara və s.), eləcə də bəzi ifadələrin təhrif olunaraq mənalarının dəyişdirilməsi (bala-sus– bala-su və s.) müəyyən anlaşılmazlıqlara səbəb olmuş, tərəfimizdən həmin sözlərin açıqlanmasına müdaxilə etmək zərurəti yaratmışdır.

Yuxarıda da qeyd olunduğu kimi, “Altay dastanları” adı ilə təqdim olunan bu kitab 1915-ci ildə Omsk vilayətinin Qor­no-Altaysk şəhərində Rus İmperator Coğrafiya Cəmiyyətinin Şərqi Sibir Şöbəsinin Qeydləri başlığı altında XXXVII cild “Anos toplusu” kimi rus dilində çap olunmuşdur.

Sonda əslən altaylı olan tarix elmləri namizədi Qriqori Petroviç Samayevə dərin təşəkkürümüzü bildirmək istərdik. Bu cəfakeş tədqiqatçı ilə uzun elektron yazışma­la­rı­mız nəticə­sində bir çox məqamlara aydınlıq gətirdik, ona göndərdiyimiz göstəriciyə əsasən bizə ünvanladığı təxminən 20 səhifəlik şərhi müasir dövrdə Altay folkloru və dilinin vəziyyəti ilə bağlı informa­siya zən­ginliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

DASTANLAR
ALTAY BUÇIY

(Söyləyici Çoltoşdan1 qeydə alınıb)
Bahadır Altay Buçıyın arvadı Temene-Koo2, bacısı Er­men-Çeçen3, qonaqları gəzdir­mə­­yə ağ xallı atı, göy xallı dəmir rəngli ov atı, dəmir kimi möh­kəm dırnaqlı kürən Te­mi­çi-Eren4 atı, iki böyük talalı tayqası5, biri süsən6, o biri ağgilli7 iki çə­mənliyi, iki Umar-Timar çayı, bir-birindən fərqlən­məyən iki qara qartalı, iki qoşa qara tayqıl iti, il­xılarının erdinesi, yelini borbıya8 bənzəyən boz madyanı vardı.

Bir gün Altay Buçıy dedi:

– Yeddi gün ovda olacağam, Altay dağlarının zirvələrini gəzəcəyəm. Qara tay­qıl­la­rımı zən­­cirdən açmayın, iki qara qar­talımı havaya buraxmayın!

Bahadır Altay Buçıyın adamları onun əmrinə itaət edib qa­ra qartalların başına-bur­nu­na qara qalpaq keçirtdilər, qara tay­qılları da zəncirlədilər. O, ağ şahini də götürüb dedi:

– Gecə-gündüz yanımda olacaq. Mənsiz obanızdan ayrıl­mayın, evlərinizdə qalın.

O, bunu deyib Altay dağlarına doğru üz tutdu. Dağ hey­vanlarını dağda öldü­rürdü, su heyvanlarını suda. Maralla-

rın1, eliklərin2 dərisini ata yükləyib3 qiymətli dəriləri4 qançığa qayışı ilə bağlayırdılar5.

Bacısı Ermen-Çeçen dedi:

– Bu nədir? Qardaşım bizə əmr edir ki, evdən çıxmayaq. Mən indi gedirəm.

O, biri süsənli, digəri ağgilli olan iki çəmənlə dövrələnmiş şiş təpəyə çıxdı, yüksəklikdən Altayı seyr edib oradan bütün ətrafa göz gəzdirdi. Umar-Timar çayında iki ördək üzürdü, on­dan bir az aşağıda iki xanlıq6 yerləşirdi. Bir az da yaxından baxdı: orada Aranay ilə Şara­nay qardaşları yaşayırdı.

Ermen-Çeçen ovuclarını bir-birinə sürtdü; göydən atın başına qədər ağappaq qar düşdü7 bərk şaxta oldu8. O, bir də ovuclarını sürtdü; günəş çıxdı9; böyük qardaşının (yəni Altay Bu­çı­yın) ağ şahini əlinin içinə qondu.

Qız ağ şahinə əmr etdi:

– Çayda üzən iki ördəyi10 mənə gətir; lələyi sınmasın, yumşaq tükü əzil­məsin.

O, ağ şahini buraxdı. Ağ şahin ağ buludlardan yüksəkdə, ay­-

dın səmadan alçaqda uçurdu1, gördü ki, Umar-Timar çayında iki

boz ördək üzür. Onun qanadları şaqqıldadı2, aypara caynaq­la­rı pərələnib açıldı. Ördəklərə fürsət verməyib onları cayna­ğı­na aldı, Ermen-Çe­çe­nə gətirdi; lələyi qırılmadı, yumşaq tükü əzilmədi.

Ermen-Çeçen ördəklərin qanadı altına məktub yazdı:

– Arvad ərsiz, sürü sahibsiz, camaat xansız qalıb. Aranay, Şaranay, gəlin!

Aranay-Şaranay qardaşlarının su nohurunda3 iki ördək4 üzür­dü. Qulluqçu dedi:

Mən suya getmişdim, tutmaq istədim, tuta bilmədim, qovdum get­mədi­lər, iki uçan ördək var, qanadlarının altında da məktub var.

Aranay ilə Şaranay tutanda tutulmayan, qovanda getmə­yən hə­min ördəkləri tut­du­­­lar, qanadının altında məktubu görüb dedilər:

– Altay Buçıy ölüb. Arvad ərsiz, sürü sahibsiz, camaat xansız qalıb.

Onlar məktubu oxuyub dedilər:

– Gedək, hamısını ələ keçirək.

Aranay ilə Şaranay qardaşları atlarını yəhərləyib məşvərət etdilər:

– Nə olur-olsun, ağsaqqallardan soruşaq. Atalarımız Altan ilə Şaltana deyək.

Atalarının yanına gəldilər, atdan düşmədən çığır-bağır sa­lıb soruşdular. Altan ilə Şal­tan onları qarşıladı:

– Altay Buçıyın bacısı Ermen-Çeçen ilə arvadı Temene-Koodan məktub gəlib ki, ge­dib onları gətirək.

Onların ataları Altan ilə Şaltan dedilər:

– Altay Buçıy niyə ölsün ki..? Hər şeydən uca Kuday onu yaradıb, ölümünü də bil­dirməyib; onun işkəncə ilə ölməyə belə ürəyi, axmağa, qızarmağa belə qanı yoxdur. Ba­­cısı Ermen-Çe­çen ilə arvadı Temene-Koo, hər ikisi sizi aldadır. Siz indi sağ­sınız, am­ma öləcəksiniz, indi burdasınız, yox olacaqsınız. Umar-Timar çayının mən­bə­yi Altay Bu­çıyın, mənsəbi də bi­zim­dir. Dayanın, uşaqlar! Əl çəkin bu işdən!

– Sizin dişləriniz qaralıb, qara başlarınız ağarıb, siz nə bilirsiniz? Niyə? Bəs Altay Bu­çıyın hazır sürüsünü, arvadını, aşağıdakı obasını1 ələ keçirməyək?

Onlar Altay Buçıyın qızıl at axurunun yanına gəlib atdan düşdülər. Bir-birinin da­lınca alaçığa girdilər, “ezen mendu”2 deyib hal-əhval tutdular.

Onların qarşısına altmış altı bucaqlı qızıl masa, masanın üstünə “alman-çikir”3 yeməyi qoydular. Qardaşlar “alman-çi­kir” yeməyini yedilər, koron arakını(tünd içki) içib dedilər:

– Altay Buçıy bəlkə də sağ qalar.

– Qorxursunuzsa, özümüz bir yol taparıq, acı xıltdan çaxır dü­zəldib Altay Buçıya verərik, o zaman siz də gəlib onu öl­dü­rərsiniz.

Aranay ilə Şaranay “Je” deyib aşağıya, öz obalarına yol­landılar4.

Bacısı Ermen-Çeçen ilə arvadı Temene-Koo ilxını bir yerə yığdılar, çeqen1 dü­zəlt­dilər, bir də arakı çəkdilər, zəhər (korop) hazırladılar. Yeddi gündən sonra Altay Buçıy gəldi; marallar, eliklər yüklənib, bahalı dərilər yəhərə bağlanıb, o qədər yükü var ki, atın təkcə quyruğu görünür. Altay Buçıy qızıl at axuru­nun yanında atdan düşüb alaçığa girdi. Arvadı qızıl masa qo­yub alman çikir yeməyi gətirdi. Altay Buçıy tikələri seçib yedi; ac idi, artıq doydu, yorulmuşdu, gümrahlaşdı. Çeqen içdi, “ezen yaqşı” deyib hal-əhval tutdu.

Arvadı oğlan doğmuşdu2. Uşaq beşikdə idi. Altay Buçıy dedi:

– Yeddi ay ovda olacağam; tək oğluma tilik-pörök3 gə­tirəcəyəm. İndi bu qədər!

O, belə deyib Temiçi-Eren atını yəhərlədi; “İndi”, “bu qədər” deyə-deyə4 Altay Bu­çıy Ezer-Bazar itlərini zəncirdən açdı, qartallarını havaya buraxdı, altmış altı düy­mə­li qızıl çü­münü5, üstündən doxsan doqquz düyməli his kimi qapqara zirehini6 əy­ni­nə gey­di, ağ xaçşəkilli almaz polad qılıncını7 bağ­ladı, yanıb kül olmuş meşəyə bənzər oxları qur­şağına keçirdiyi oxdana düzdü, qupquru ağac kimi nizəsini götürdü, ayağını üzən­gi­yə basan kimi iki-üç dəfə əyilib-qalxdı1, budur2 artıq o, Altay dağlarına çatıb qovaqların köl­gəsində3 özünə düşərgə salırdı. Bacısı Ermen-Çeçen dedi:

– Ay-hay, mən nə edirəm!
O, dəmir qəfəsdən boz şahini4 açıb havaya buraxdı, dedi:

– Bax, gör, Altay Buçıy hardadır? Sonra qayıt!

Boz şahin “Je” deyib havaya qalxdı, səmada, göyün yed­din­ci qatında5 Ak-Çol­mo­na6 çevrildi. Şahin gördü ki, Altay Bu­çıy Al­tay dağlarında, qovaqların kölgəsində dü­şər­gə salıb; iki yüz ma­ral iki addımlıqda (eki tış) qovrulub bişirilir. Altay Buçıy yə­həri başının al­tına qoyub üstünə də kedim-tokumu7 örtüb yatıb. Te­miçi-Eren atı dayanıb, iki tayqıl Ezer-Bazar bir-birinin ya­nında yatıb, iki qoşa qara qartal qovaqların başında oturub mür­güləyir.

Birdən yatmış iki tayqıl hürküb yerindən sıçradı, onlar səmadakı8 Ak Çol­mo­na dön­müş ağ şahini görmədilər. Temiçi-Erenin qulaqları həmin tərəfə şəkləndi, o da gö­yün qatında Ak Çolmona dönmüş ağ şahinə baxmadı. Ezer-Bazar Ak Çol­mon­la gö­rüşə yüyürdü. Qoşa9 qara qartallar da qanadlarını şaqqıl­dadıb Çolmona sarı üz tut­du­lar. Ak Çolmonu harda görmüş­dülərsə, ora uçdular.

Tayqıllar, qartallar soruşdu:

– Evdə nə olub?

Ağ şahin dedi:

– Bacısı Ermen-Çeçen dedi ki, bax, gör, böyük qardaşım Altay Buçıy hardadır, sonra qayıt. Siz Altay Buçıya deməyin ki, bacısı məni göndərib.

Qara tayqıllar geri dönüb yerdə uzandılar. Qartallar da qayıdıb mürgülədilər.

Ermen-Çeçen ağ şahindən soruşdu:

– Nə gördün, ağ şahinim?

Ağ şahin cavab verdi:

– Özünə qovaqların altında düşərgə salıb, iki addımlıqda iki yüz maralın cəm­də­yi­ni düzüb, kedim-tokumunu üstünə ör­tüb yatır Altay Buçıy. Bunları gördüm.

Altay Buçıyın yurda dönmək vədəsi yetişdi. İndi Altay Bu­çıy gedə-gedə deyirdi:

– Ət-çilik yığdım; tək oğlumu yedirtməyə bir şey olacaq.

Evə gedirdi; qara tayqıllar qabaqda gedir, qara qartallar ba­şının üstündə uçur­du.

Aranay ilə Şaranay qardaşları Umar-Timar çayının bərə­sində iki qara kötük kimi oturmuşdular. Qoşa qartallar bu iki qara kötüyün yanından pərvaz edib iki dəfə döndü­lər, onlara baxdılar. Qara tayqıllar da bu iki qara kötüyün yanından ötüb iki dəfə döndülər, onlara baxdılar. Qara tayqıllar gəlib dəmir as­tanada yerə uzandı, qara qar­tal­lar uçub alaçığın üstündə otur­du, mürgülədilər. Temiçi-Eren dayandı; qabaq ayaq­la­rını qaldır­madı, arxa ayaqlarını uzatmadı. Altay Buçıy soruşdu:

– Ya ölümümü, ya da dinc həyatımı görürsən, Temiçi-Eren atım?

Temiçi-Eren at cavab verdi:

– Evə çatanda məni qızıl axura bağlama. Bacın Ermen-Çeçen, arvadın Temene-Koo yəqin ki, arakı düzəldiblər. Ara­kını içmə, yemək bəsindi.

Sonra Altay Buçıy bir az da getdi, Umar-Timar çayını keç­­­di, qızıl axurun yanında at­dan düşdü. Bacısı Ermen-Çeçen çıxdı ki, atın başını tutsun. Altay Buçıy ona imkan ver­məyib dəmir dır­naq­lı kürən Temiçini açıb buraxdı, bacısı Er­men– Çe­çe­nə baxıb dedi:

– Salam, mənim balam!

O, alaçığa girib “Ezen mendu” dedi, arvadı ilə də salam­laşdı, körpə oğlunu quca­ğı­na alıb başını sığalladı.

Temene-Koo altmış altı bucaqlı qızıl masanı gətirib yemək qoydu, dedi:

– Ye, yeməkdir! Acmısan. Bunu da iç, yorulmusan.

O, qızıl taxtın1 baş tərəfindən dar boğazlı ağ dəri tajuur2 çıxartdı, qızıl çöqöçöy3 götürdü. Yüz tajuur çaxırdan bir tajuur düzəldib dedi:

– Sən ömür dostumsan. Ac, yorğun qayıdacağını bilirdim. Bu içkini hazır­la­dım.

Arvadı arakla dolu qızıl çöqöçöyü ona uzatdı.

Altay Buçıy heç ona baxmadı, bir söz də demədi.

Temene-Koo öz-özünə dedi:

– Nə etməli?

Bacısı Ermen-Çeçen qızıl çöqöçöyü götürüb özündən bö­yük qardaşı Altay Buçı­ya uzatdı. Qız oxumağa başladı:

– Münbit yerdə ot bitər, quru yerdə ağac yarpağını tökər. Niyə arvadın Teme­ne-Koonun istəyini rədd edirsən?

– Oho, mən bəyəm bilmirəm ki, içim, yoxsa içməyim, ye­yim, yoxsa yeməyim?

Ermen-Çeçen qızıl çöqöçöyü arvadı Temene-Kooya verdi. Temene-Koo qızıl çöqöçöyü aldı, oğlu Erke-Möndürü quca­ğı­na götürüb dedi:

– Tək oğlunun xatirinə bir çöqöçöy iç.

Altay Buçıy çöqöçöyü götürüb başına çəkdi:

– Düzəltdiyiniz bu içkidən daha yoxdurmu?

Temene-Koo qırmızı tajuuru gətirdi, bir çöqöçöy də verdi. O içməyə başladı; bu bir çöqöçöy iki yüz tajuur arak kimi təsir et­di. Sonra kefləndi; bədəni, sümükləri alışıb yanmağa başladı. O, acı arakı1 hey içirdi, qıpqırmızı qızarırdı. Altay Buçıy dilləndi:

– Temiçi-Eren atımı buraxın. Qara tayqıllarımı buraxın, qartallarımı azad edin!

Bacısı Ermen-Çeçen evdən çıxdı, Temiçi-Eren atın ayaq­larına dəmir buxov vur­du, atı qızıl axura bərk-bərk bağladı, qa­ra tayqılları zəncirə vurdu, qara qartalları da bağ­layıb geri qa­yıtdı. Altay Buçıy soruşdu:

– Temiçi-Eren atı buraxdınmı?

Qız dedi:

– Buraxdım.

– Tayqılları buraxdınmı?

– Buraxdım.

– Qara qartalları buraxdınmı?

Qız cavab verdi:

– Buraxdım.

– Bayaqkı içkidən daha yoxdurmu? Varsa, verin. Bir dəfə içdimsə, içəcəyəm. Bir də­fə yedimsə, yeyəcəyəm. Yenə varsa, xəsislik etməyin, heyfiniz gəlməsin, verin.

Temene-Koo öz ərinə arakıdan düzəldilmiş elə bir zəhər ver­mişdi ki, kim içsə, od tu­tub yanacaqdı. Onun içdiyi zəhər ağ­zında alova dönüb közərmiş qığılcım kimi bur­nun­dan tökü­lürdü. Bacısı Ermen-Çeçen bu alovu ayaqları ilə tapdalamağa başladı. Bu alov­dan divarlar od tutub yanırdı; tayqa bu alovdan alışıb yanmağa başladı. Alov qa­mış­lı dərədən çay boyu yayılıb gedirdi. Aranay ilə Şaranay bu alovu görən kimi atlarına minib Altay Buçıyın yurduna yollandılar. Ermen-Çeçen onları qarşı­ladı. Onlar soruşdu:

– Altay Buçıyın vəziyyəti necədir?

Bacısı dedi:

– İndi onun boynunu vurun!

Aranay ilə Şaranay atdan düşüb əllərində üçillik inəyin diş­ləri taxılmış şallaqla alaçığa girdilər. Altay Buçıy odda kö­zərmiş daş kimi, ölümcül halda oturmuşdu. Aranay ilə Şaranay onun hörüyündən tutub alaçıqdan çıxartdılar. Qardaşlar şallaq­la onun başı­na, bədəninə döyməyə başladılar.

Altay Buçıy yalvarırdı:

– Onsuz da acı zəhərlə keflənmişəm. İçim od tutub yanır. İlxımı, adamlarımı1 alın, aparın, bircə ömrümə qıymayın!

Qardaşlar susurdu, elə susa-susa da onu şallaqlayırdılar.

Altay Buçıy arvadı Temene-Kooya qışqırdı:

– Məni bu həmlədən qoruyun! Ermen-Çeçen, bacım, məni onların əlindən al! Ağ qılıncımı gətir, məni qorusun! İndi bunların boynunu vuraram!

Arvadı Temene-Koo ilə bacısı Ermen-Çeçen ağ qılıncı gə­tirib Altay Buçıya yox, qardaşlara verdilər. Aranay ilə Şaranay ağ qılıncı götürüb Altay Buçıyı ortadan böldü­lər. Qan çay kimi axırdı, ağ sümükləri tayqanı xatırladırdı. Birdən oğlu Erke-Mön­dür göz­­dən itdi; görmədilər yuxarı qalxdı, yoxsa aşağı düşdü. Arvadı Temene-Koo ala­çıq­dan bayıra qaçıb ətrafa bax­mağa başladı. O, uzaqdan gördü ki, oğlu sürünə-sürünə Su­mer-Ulan tayqasına qalxır. Anası onun ardınca qaçıb dedi:

– Məni tərk etsən də, südümü əm.

Oğlu anasını eşitdi, sürünə-sürünə geri döndü. Ana oturdu, oğlunu döşünə saldı, qara polad qayçı ilə oğlunun ayaqlarını kəs­di. Ayağını itirən oğlu iki əli üstündə Sumer-Ulan tayqasına tərəf sürünməyə başladı. Temene-Koo Altay Buçıyın əlinin iki baş bar­ma­ğını1 kəsib bir ata, uşağın ayaqlarını da o biri ata yüklədi. Yezelərlə bəzənmiş yurdu dağıtdılar, yurdun peyinli tor­pağını alt-üst etdilər2. İlxını pərən-pərən sal­dı­lar, camaatı dərbədər etdilər. Qara qartalları, tayqılları özləri ilə apardılar. Dəmir dırnaqlı Temiçi-Eren atında Aranay, dəmir rəngli, göy xal­lı ov atında Şaranay, ağ xallı qonaq atında da Ermen-Çeçen oturdu. Onlar ağ ilxını, camaatı qabaqlarına qatıb yola düşdülər.

İlxının başında gedən çuval boyda yelinli boz madyan ilxıdan ayrılıb geriyə, öz Altayına doğru qaçdı. Temiçi-Ereni minən Aranay atın ardınca çapdı. O, Sumer-Ulan tayqasının başına dolananda Temiçi-Eren tutuldu, yıxılıb boynunu sındır­dı. At öldü. Aranay qışqırdı:

– Tərifli at budurmu? Tez olun, tələsin! Göy xallı dəmir at hardadır?

Göy xallı dəmir atı minmiş Şaranay boz madyanın ardınca çapdı, Temir tayqaya çatmağa imkan tapmadı; at ayaqlarını dirəyib yerə uzandı. Şaranay dedi:

– Sən atanın sürekey atı ol!3

Belə deyib atı söyməyə, onun baş-gözünə döyməyə başladı, göy xallı atın yüyə­ni­ni, tərliyini çıxartdı, soruşdu:

– Ağ xallı at hardadır?

Şaranay bir də ağ xallı ata minib boz madyanın ardınca çap­dı. Ağ xallı at yorulub ye­rə yıxıldı. Qardaşlar öz atlarını min­di­lər; Ermen-Çeçenlə Temene-Koo onlara yaxın­laş­ıb soruşdular:

– Altay Buçıyın dəmir dırnaqlı Temiçi-Eren atı hardadır?

Onlara cavab verdilər ki, iki qoşa xallı at yorulub dayandı, Temiçi-Eren at da boy­nunu sındırdı. Qadınlar heyfsləndilər:

– Təəssüf, təəssüf1!

Temene-Koo dedi:

– Biz getməməliydik, gedirik, ölməməliydik, əfsus ölə­cəyik. Temiçi-Eren ölmə­yib, əslində o, sizi aldadıb. Bir də qa­çıb baxın, Temiçi-Eren yerində olmasa, axırımız ça­tıb. Sizin də boynunuz vurulacaq.

Aranay ilə Şaranay atlarını geriyə çapdılar, baxıb gördülər ki, xallı atlar yer­lə­rin­də yoxdu. Qadınlar dizlərinə döyməyə baş­ladılar. Onlar gözlərindən leysan kimi yaş axı­dıb ağı de­yirdilər:

– Yəqin nə biz arvadınız olacağıq, nə də siz ərimiz. Bəs öləndə necə öləcəyik? Yaxşı olardı ki, əzabsız-işgəncəsiz öldü­rəydi, onda canımız da rahat olardı.

Sonra onlar camaatı, ağ ilxını özlərindən uzağa qovdular. Beləcə gedirdilər ki, bir­dən qara tayqadan qızılı-sarı yunlu bir ayı çıxıb kənara hoppandı. Qardaşlar bağırdı:

– Qara tayqılları buraxın!

Buraxdılar. Sarı ayının arxasınca yüyürən itlər kırlanı2 aşdılar. Qardaşlar on­la­rın ardınca qaçıb gördülər ki, sarı ayı da, itlər də yoxdu. Bundan çox təəccüblənən Aranay ilə Şaranay geri qayıtdılar.

Onların qabağından at boyda qara maral3 qaçdı. Qoşa qar­talları onun ar­dın­ca buraxdılar. At boyda qara maralın ardınca şığıyan qara qartallar qara kırlanı aşdılar. Onların ar­dınca yü­yürən qardaşlar yenə baxıb gördülər ki, nə qara maral, nə də qar­tal­lar var.

Onlar geri dönəndə Ağ Altaydan1 qırmızı bir tülkü çıxıb qaçdı. Ağ qalpaqlı şahi­ni2 buraxdılar. Ağ şahin qırmızı tülkünü caynaqları ilə vura-vura qara kırlanı aşdı. Ar­dın­ca gedib bax­dılar; nə tülküdən, nə də şahindən əsər-əlamət yoxdu. Temiçi-Eren quyruğu, yalı ilə yada etdi; göydən atın başı ucalığında qar yağdırdı. Aranay ilə Şara­nay da­­yandılar, düşərgə saldılar. Altay Buçıyın baş barmaqları, Erke-Möndürün baldır­la­rı ilə tapaş3 düzəldib içinə sığındılar. Onların düşərgəsinə iki siçan gəldi, Altay Buçıyın bar­­maqlarını, Erke-Möndürün baldırlarını çeynə­məyə başladı. Ermen-Çeçen güd­dü:

– Yəni bunlar doğrudanmı siçandır? Bunlar Altay Buçıyın qoşa tayqıllarına necə də oxşayırlar. Bu, nə deməkdir?

Ona dedilər:

– Onlar niyə bura gəlsin? Bəyəm siçan görməmisən?

Komaya sarı iki boz qarğa uçub yem axtarmağa başladı. Temene-Koo dedi:

– Bunlar qoşa qartallara bənzəyir. Bunlar niyə qarğa olsun ki?

Ona dedilər:

– Təəccüblü nə var ki? Tutqun havada qarğalar komaya yem axtarmağa gəlib.

İki boz qarğa qoşa qartallara çevrilib səmaya uçdu. Dağa bənzəyən qanadları çırpıldı, aypara caynaqları şaqqıldadı. On­lar Erke-Möndürün baldırlarını caynaqlarına alıb uçdular. İki boz siçan qara tayqıllara çevrildi, Altay Buçı­yın baş barmaq­larını diş­lə­ri­nə alıb ağaclığa doğru yüyürdülər. Göz yaşları se­lə, burnundan axan su buza döndü.

Qardaşlar ilə qadınlar dedilər:

– Tez olun, öz yerimizə çatmalıyıq. Nə qədər ki ölmə­mi­şik, gərək yaşayaq.

Qara qartallar ilə qara tayqıllar Altay Buçıyın sümüklərini gətirib çatdırdılar. On­lar Altay Buçıyı dirildə, Erke-Möndürü sağalda bilmirdilər.

Temiçi-Eren at dedi:

– Altay Buçıyın doğulduğu yeri axtarmaq lazımdır. Deyə­sən, mən getməliyəm. Qa­ra qartallar, qara tayqıllar, Erke-Mön­dürü yedizdirin.

Sonra ağ şahinə tapşırdı:

– Qurd-quşu Altay Buçıyın sümüklərinə yaxın buraxma, gözün üstündə olsun.

Altay sıra dağları – ağ tayqa, Ağ tayqanın eezi ağ emeqen; axı Altay Buçıyın anası elə odur.

Temiçi-Eren at uzun yola çıxdı. Qarşısına nəhəng çaylar, sular çıxdı, dərin-da­ya­zı­na baxmadı, uca-alçaq dağlar çıxdı, uca-alçaqlığına məhəl qoymadı. Göydə uçan quş­lar kimi, gül­lədən də iti qaçdı. Beləcə, gəlib Altay dağlarına, Ağ tayqaya ye­tişdi. Ağ tay­qanın başına dolandı, yel kimi yürüyüb kişnədi; üç il Ağ tayqanın başına dolandı, üç ilin tamamında həmin yer­də bir qapı açıldı. Ağ paltarda, ağ saçlı Ağ emeqen bayıra çıx­dı. O, qızıl əsasına söykənmişdi. Soruşdu:

– Dəmir dırnaqlı Temiçi-Eren, niyə gəlmisən?

– Altay Buçıy ölüb. Onu diriltmək imkanımız yoxdur. Sənin belə imkanın var­mı?

O dedi:


– Tenere kaanın, Kün kaanın Ak Burxanı var; onun üç qızı var. Bunu tapsa, tapsa, onlar taparlar. Ak Burxanın qızı Ak Taci getmək istəsə, onu o dirildər.

Temiçi-Eren at Ağ emeqenə dedi:

– Gəlin gedək, baxın, kömək edin!

Qarı dedi:

– Deyəsən, getməli olacağam. Ak Burxanın qapılarını hələ açmamışam, ge­dib ba­xa­ram, görüm nə olur?

O, Temiçi-Eren ata minib yola düşdü.

Ağ Altayın ruhu, Ak emeqen yuxarı qata (üstüqi oron) qalx­dı. Temiçi-Eren atın qa­baq ayaqları sanki rəqs edirdi, arxa ayaq­ları yorğalayırdı. Qarı o qədər yuxarı qalx­­dı ki, arxasınca yal­nız qara toz qaldı. Göy xanının qızı (Tenere kaanıy balazı) Altın Taci göy-bozumtul dəmir rəngli atın üstündə oturmuş, soruşdu:

– Ağ tayqanın ruhu Ak Emeqen, siz hara gedirsiniz?

Qarı dedi:

– Ak Burxana qonaq gedirəm.

Altın Taci dedi:

– Mavi Altayın içində atların yorğasına baxaq?

Onlar öz yorğa atlarını irəli sürdülər. Ağ qarı Temiçi-Eren atın başını ora-bura dön­­dərdi. Onun dayandığı yerdə ancaq tozanaq qalmışdı. Ora-bura boylandı, Ağ qarı ar­tıq bir aylıq məsafədə gedirdi. Qarı gəlib çatdığı yerdə dayanıb Altın Tacini gözlə­mə­yə başladı. Altın Taci baxdı, çox təəccübləndi, dedi:

– Mən belə bir at sürməliyəm.

Sonra onlar bir az da getdilər; qabaqlarına burum-burum qalxan nazik toz qatı çıxdı. Gün xanının qızı Kümüş Tacı ge­dirdi, soruşdu:

– Ağ Altayın ruhu, Ak Emeqen, hara gedirsiniz?

Ak Emeqen cavab verdi:

– Burxana qonaq gedirəm.

Kümüş Tacı dedi:

– Bir az yorğasına baxaq?

Ak Emeqen Temiçi-eren atın başını ora-bura döndərdi. Onun durduğu yerdə yal­nız tozanaq qalmışdı. O tərəf-bu tərəfə boylanıb baxdılar; Ak Emeqen iki aylıq məsa­fə­də gedirdi.

Onlar dedilər:

– Kaş ki, belə bir atı biz sürəydik.

Ak Emeqen çatdığı yerdə qızları gözləyirdi. Bir az da getdilər. Ağ Altayın içində yenə də toz burumları qalxırdı. Ak Burxanın qızı Ak Taci gəldi, soruşdu:

– Ağ Altayın ruhu, Ak Emeqen, hara gedirsiniz?

Ak Emeqen cavab verdi:

– Ak Burxana qonaq gedirəm.

Ak Taci dedi:

– Bir az yorğasına baxaq?

Ak Emeqen Temiçi-eren atın ağzını ora-bura döndərdi. Həmin yerdə ancaq tozanaq qalmışdı. O tərəf-bu tərəfə boy­lanıb baxdılar; Ak Emeqen üç aylıq məsafədə gedirdi. Üçaylıq aralığın tamamında Ak Emeqen üç qızı gözləyirdi. Qızlar gələ-gələ məşvərətə başlamışdılar:

– Bu qarı öz atını üç günlüyə sürməyə versə necə olar? Verərmi?

Ak Burxanın qapısına gəldilər, altmış qollu qızıl axurun yanında atdan düşdülər.

Ak Emeqen qızılı-gümüşü örqöyə daxil oldu, Ak Burxa­nın əlini sıxıb görüşdü, altmış qatlı ağ xalının üstündə oturdu.

Ak Burxan dedi:

– Ağ Altayın ruhu, Ak Emeqen, sən qapılarımı hələ aç­mamışdın.

Ak Emeqen dedi:

– Qonaq gəlmişəm.

Ak Burxan:

– Qonaq gəlmisən, yaxşı eləmisən, əzizim.

Altmış bucaqlı masa qoydular, aliman-çikir yeməyi gə­tirdilər. Onlar olub-keçən­ləri xatırlayıb söhbət etməyə başla­dılar. Tenere xanın qızı Altın Tacı Ak Emeqen qarıya dedi:

– Atınızı mənə verin, bir az çapım, yorğasına baxım.

Ak Emeqen razı oldu:

– A,a, at yorulub. Amma nə etməli, çapın.

Üç qız bir-birinin dalınca qaçdı. Tenere xanın qızı Altın Tacı dedi:

– Mən sizdən bir az böyüyəm. Birinci gedib baxacağam.

Tenere xanın qızı ata mindi, “tap” edib atı yorğa çapdı. Elə təzəcə baxmışdılar ki, gördülər qız artıq üç aylıq yoldadır. Qız atı yel kimi çapıb geri qayıtdı, dedi:

– Bir dəfə oturursan, sonra atdan düşmək istəmirsən.

Gün xanın qızı Kümüş Tacı dedi:

– Dayanın, oturum, baxım.

O da “tap” eləyib atı yorğa çapdı. Bir nəfəs çəkib baxdılar ki, o, artıq altı aylıq yolu qət edib.

– Niyə Ak Burxan bizə belə bir at yaratmayıb?

Ak Burxanın qızı Ak Taci dedi:

– Mən sürüm, baxım.

Ak Burxanın qızı Ak Taci atın üstündə əyləşdi. Temiçi-Eren atın qabaq ayaqları san­ki rəqs edirdi; arxa ayaqları yorğa ça­pırdı. Gözləri oynayır, başını yırğalayıb qa­bır­ğasına çatdı­rır­dı. Ak Taci sanki ney səsi çıxarıb oxuyurdu. Bir azdan o, artıq yed­­di ay­lıq yolu qət etmişdi. Temiçi-Eren at yüyəni yeddi dişi­nin al­tın­da bərk sıxıb başını qa­baq ayaqlarının arasına sıxdı; vü­cu­dunu irəli verib Altayın zirvəsinə qalxdı1. Qız heç nə hiss et­mir­di. At güllədən iti qaçır, quş kimi uçurdu. O, gəlib Altay Bu­çı­yın sü­mük­lə­ri­nin ya­nın­da da­yan­dı. Ak Taci özünə gəldi. O, Al­tay Buçıyın sümük­lərini gör­­dü, yaxına gəldi. Temiçi-Eren at dedi:

– Yalnız Altay Buçıyın ruhu xatirinə səni gətirdim.

Ak Burxanın qızı Ak Taci qızıl yaylığını götürdü, dedi:

– Günah nədir bilməmişəm.

O, Altay Buçıyın sümükləri üstündən o yana-bu yana var-gəl etməyə başladı. Ölmüş Altay Buçıy ayağa qalxdı, ovuclarını bir-birinə sürtə-sürtə dedi:

– Adanın1...! Yaman yatmışam haa!

Ak Burxanın qızı Ak Taci Altay Buçıya əl verib görüşdü. Son­­­ra Ağ Altayın ruhu Ak Emeqen onların ardınca göydən enib dedi:

– Sönmüş alov alışdı, ölmüş cisim dirildi. Sənin xatirinə çox çalışdım, sənə görə Ak Burxanın qapısına elçi düşdüm. Amma bundan sonra özün köməyim olma­dan ya­şa­ma­ğı öyrən. Bir müharibəyə getsən, ya da hansısa bir xoşagəlməz hadisə ilə qarşılaşsan2, adımı tutma (yəni məni çağırma).

Sonra Altay Buçıy oğlu Erke-Möndürün iki baldırını sa­ğalt­dı. Yarım gün keç­mə­di, bir nəsil dəyişmədi ki, ayaqlarına “tomın” dərmanı qoydu. Erke-Möndür sa­ğa­ld­ı. Am­ma onun sürməyə atı yox idi.

Altay Buçıy dedi:

– Sən dəmir dırnaqlı Temiçi-Eren atı sürəcəksən.

Temiçi-Eren atın durduğu yer vardı, özü yox idi. Üç gün­dən sonra səmada (Tene­re­nin koynında) qara duman göründü. Göy guruldadı, dəmir səsi verdi, dəmir dırnaqlı Temiçi-Eren at körpə Erke-Möndürün yanına qaçıb dayandı. Uç-Kurbustan tanrının ya­nı­na qaçan at cavan dördillik at kimi yenidən doğulmuşdu; qapqapa yəhərdə; Erke-Mön­dür altmış düyməli qızıl kurmeni1, üstdən doxsan doqquz düyməli qara çumu ge­yin­di, ağ almaz qılıncını asdı, oxdanı qurşağına keçirtdi, ağ ağac kimi qupquru nizəni əlinə aldı, ayağını üzəngiyə qoyan kimi üç cəhdlə göv­dəsini əyib oturdu, irəli çapdı. Qara araqay çiynində idi. Ox­dandakı oxlar Aba-tişə2 bənzəyirdi. Qarşı tərəfdən ba­xan­da ba­hadır sıldırım qayaya bənzəyirdi. Qızılı-gümüşü Altay yaxşı görünürdü. O, atla tayqanı yel kimi dolandı. Umar-Timar çayının o tay, bu tayına da dolanıb gəldi.

Altay Buçıy öz qızıl örqösünü əvvəlki halına saldı, boz madyanı yelinlə doy­dur­du. Arxıtda3 çeqen4 saxlamışdı, arakı çəkmişdi, dedi:

– Erke-Möndür, oğlum! Mən gələnədək burda qal! Bor­cum var, qisas almalıyam.

O, göy xallı dəmir atına gümüşü yüyən bağladı, belinə yelan5 boyda tərlik keçirdi, bürünc artaşı atın üstünə qoydu, otuz qarınaltını çəkib bərkitdi. Özü alt­mış altı düyməli qızıl çum, üstündən doxsan doqquz düyməli qara zireh geyindi, çiy­ninə qara ox-yayı keçirtdi, ağ almaz qılıncı bağladı, atı minib yola düşdü. Çaylar keçdi, dağlar aş­dı, Umar-Timarın qovuşu­ğuna çatdı. Buralar Aranayla Şaranayın idi. Altay Buçıy iki ça­yın kəsişdiyi yerdə, dəmir axurun yanında atdan düşdü. Dəmir qapını açıb içəri girdi, gör­dü ki, arvadı Temene-Koo oturub. Altay Buçıy soruşdu:

– Natəmiz torpaqda tapılmış xeyirxah ərin hara gedib?

Qadın cavab verdi:

– Bilmirəm, dedi ki, ova gedirəm.

Altay Buçıy oturanda doqquz qat yorğan-döşəyin altın­dan çəkmələrin altını gör­dü. O, Aranayın ayaqlarından tutdu, dartıb yorğan-döşəyin altından çı­xart­dı. Aranay coşan suya düşmüş söyüd yarpağı kimi əsirdi, çox qorxmuşdu. Ara­nay durduğu yer­də çuxura düşmüşdü. Altay Buçıy onun ayaqla­rından tutub başıaşağı torpağa basdırdı. Aranayın alaçığından çıxıb Şara­nayın alaçığına qaçdı. Altay Buçıy soruşdu:

– Tək bacım, xeyirxah ərin hardadır?

Qadın cavab verdi:

– Heyvan, quş ovuna gedib.

Altay Buçıy baxdı, doqquz qat yorğan-döşəyin altından çəkmələrin altını gördü. Şaranayı dartıb ordan çıxartdı, ayaq­larından tutub başıaşağı torpağa basdırdı.

O, arvadı Temene-Koonu tutub soruşdu:

– Nəyin üstündə oturmaq istəyirsən: kınırakın1, yoxsa doğ­mamış madyanın?

Qadın cavab verdi:

– Qoca adama “kaarqış”2 etmək gərəkdir, ona xəncər ya­rıyar.

Altay Buçıy xəncərlə arvadını doğramağa başladı; ətini aşıqca, qanını qaşıqca et­di. Bacısı Ermen-Çeçendən soruşdu:

– Sənə nə lazımdır – xəncər yoxsa doğmamış madyan?

Qadın cavab verdi:

– Sürməyə madyan gərəkdir.

Altay Buçıy onun əl-qolunu dörd madyanın quyruğuna bağ­ladı. Atlar onu dörd şaq­qa etdi. Xəzə bürünmüş yurd dağı­lıb yerlə bir oldu. O, sürüləri, ilxını qovub çölə dağıtdı, camaatı pərən-pərən saldı. Altay Buçıy Altanla Şaltanın obasına gəldi. Qocalar baş əyib dedilər:

– İkimiz də onlara dedik, bizi eşitmədilər.

Altay Buçıy dedi:

– İlxınızı da çəkib gedin, ölsəniz, sümüklərinizi basdıra­ram.

İlxı irəliyə, öz doğma yurduna tələsirdi; artıq yolun yarı­sını qət edib obasına qa­yı­dırdı. Altay Buçıy ilxını otluğa, ca­maatı öz yurduna buraxdı. İlxı öz Altayında dayan­dı, camaat öz yerini rahatladı (tokunab).

Erke-Möndür dedi:

– Ak Taci, anam, sənin bilmədiyin bir şey, görmədiyin yer yoxdur. Elə bir qız yox­durmu ki, onunla evlənim? Eşitmə­mi­sən, harda var belə qız?

Ak Taci qızılı-gümüşü mücrüsünü (kayrı çaq) açıb baxma­ğa başladı; üç gün, üç gecə gözünü çəkmədən qızıl kitabda ya­zılanlara baxıb dedi:

– Kişi tərəfdə1 səksən səkkiz bucaqlı qızıl tayqa var. Qa­pı­nın qar­şısında (yəni şərq­də) yetmiş yeddi bucaqlı gümüş tay­qadır. Yer­­lə göyün (töz) birləşdiyi yerdə Altın xa­nın yurdu var. Artıq yeddi ildir, sən ora getməli, Altın xanın qızı Altın Çaçakı alma­lıy­dın.

O, bu sözləri eşidəndə hər şeyi gözə almışdı.

– Qoy xalqım firavan yaşasın, ilxım salamat olsun. Ak Taci, anam, Altay Buçıy, atam, mənə xeyir-dua verin.

Erke-Möndür bu sözləri deyib Altay Buçıyın qarşısında baş əydi, icazə istədi, Temiçi-Eren atın gümüş yüyənini, yelan kimi böyük tərliklərini keçirtdi, bürünc artaş yə­hə­ri qoydu, qarınal­tısını bərkitdi; özü altmış altı düyməli qızıl kurmeni, üstdən qapqara çum geyindi, çiyninə araqay saldı, almaz kimi möhkəm ağ polad qılıncını bağ­la­dı, ox­da­nı qurşağına keçirtdi, qupquru ağaca oxşar nizəni əlinə aldı, ayağını üzəngiyə qoydu, cəld sıç­rayıb ata mindi, yola düzəldi. Üstünə qalın qar yağmış çayı keç­di1, qalın tayqanı aş­dı. Neçə yay yola saldı, neçə qış qarşıladı. Uca-uca dağları yorulmadan aşdı, dərin-də­rin çayları dərinliyinə baxmayıb keçdi, getdikcə getdi. Qapqara zirehin səsi göy gu­rul­tu­suna bənzəyirdi. Qapqara ox-yayın səsi Altay-Xanqayda əks-səda verirdi. Uca-uca dağ­lar silkələnir, nəhəng çaylar şaqqıl­da­yırdı. Temiçi-Eren atın arxa dırnaqlarının zər­bə­sindən dənizlər, göllər təlatümə gəlir, qabaq dırnaqlarının altında təpələr (me­jelik) titrəyirdi; atın dırnaqları qayalardan od-alov qoparırdı.

Sizə deyim, Altın xanın sürüsündən. Onun sürüsü hələ Al­tay­dan çox-çox qabaqlar vardı; camaatı da bütün Altaya yayıl­mışdı. İti caynaqlılardan heç kim onu qor­xut­mur­du, canlı var­lıqlardan heç kim yamanlıq etmirdi; insanlar arasında müharibə istəyən yox idi, otlaqlarda ölüm olmurdu. Sən demə bu, mər­həmətli xan, çox imkanlı erdine bəy imiş. Altın xanın atı qızılı yunlu Ak Sarı qızıl axurun yanında dayanmışdı. Erke-Möndür gə­lib atından düşdü. Qızılı yunlu Ak Sarı atı gördü. At öz döv­ranını sürmüşdü. Artıq ya­­rım­əsr yaşamışdı, gözyuvası (kabaqa) bərkimişdi; əvvəllər qo­çaq at olub, indi də görü­nür ki, qocalıb. Erke-Möndür dəmir dır­naq­lı Temiçi-Eren atını yanaşı qoydu, baxdı. Göz gəzdirib gördü ki, Temiçi-Erenin boyu bir çərək uca­dır, çiyni bir qulac uzundur. Ça­xır tajuurunu götürdü, qaba ye­mək qoydu, qızıl dəbilqə-papağını qoltuğuna keçirtdi, iki­laylı qızıl qapını açıb içəri girdi, qapının yanında ocağa yaxın oturdu. Əlində qızıl çö­qö­çöyü tutub Altın xanın qabağına çıxdı, bir dizi üstə çöküb (çöqödö) dedi:

– Sənin olacağam..., tutağan itin (tukurqajıy it), dara düşsən, qalan, yüksəyə çıx­san, dayağın olacağam.

Altın xan dedi:

– Hər şeydən uca Tanrı göyləri yaradanda göbəyinizi kəs­di, kirpiklərinizi də dar­tıb uzatdı. Yeddi il də ona oynamaq azadlığı verdi1.

Çaylar boyda çaxır çəkdilər, dağlar boyda ət doğradılar. As­tanada itlər yedi, ca­vanlar o ki var içdilər. Doqquz il toy et­dilər, yeddi il çalıb-oynadılar. Arıq adamlar o qə­dər kökəldi ki, qulaq­ları görünmədi, arıq itlər o qədər piyləndi ki, quyruqları dimdik qal­dı. Doqquz il toy oldu, yeddi il çalıb-oynadılar, ta­mam oldu.

Toy qurtaranda Altın xanın, qayınatanın elçisi gəlib dedi:

– Buyurdu ki, gələsən.

Erke-Möndür Temiçi-Eren atını mindi, düşündü: “Altın xan niyə məni istəyir?”.

Qızıl axurun yanına gəldi, altmış igid onu atdan götürdü, yetmiş igid qolundan tutdu. Qızıl örqöyə girib qabaq küncə (tor) keçdi, altmış qatlı ağ xalının üstündə oturdu. Qızıl masa qoydular, aliman çikir yeməyi gətirdilər, dedi:

– Nə ehtiyac vardı, niyə çağırmısınız?

Altın xan dedi:

– Tək qızımı ərə verəndə kürəkənimin qulluğunu görməyi arzuladım. Qı­zıl­-gü­müş örqöm bir az çürüyüb. Yeddi Altayın o tayında vəhşi Karakul var. İki dişini gətir, örqömü düzəlt.

Atılan ox daşdan geri dönməz, yolçu yolundan qalmaz. Er­ke-Möndür ordan çıxıb Temiçi-Eren atına mindi, örqöyə gəldi.

Arvadı Altın Çaçak soruşdu:

– Xan atam nə istəyirdi?

Dedi:


– Deyir, qızıl-gümüş örqöm çürüyüb, vəhşi Karakulun dişini gətir, örqömü düzəlt.

– Getməyə söz verdin, yoxsa imtina etdin?

Atılan ox geri dönməz, yolçu yolundan qalmaz.

– Qocalıb da qəlbiqaralığından əl çəkmir?

Arvadı Altın Çaçak dedi:

– Ora gedənlərin izi qalır, özü qayıtmır. Hələ qismətində ölüm yoxdur, ölərsən, bu dünyadan getməli olmasan da, gedər­sən. Getmə.

Erke-Möndür dedi:

– İndi ki, söz vermişəm gərək gedəm! At qızıl deyil ki, çürüməsin; igid əbədi de­yil ki, ölməsin. Bəyəm atın sümük­lə­rini Altay, igidin sümüklərini torpaq seçir? Qis­mə­tim yaxşı olsa, qayıdacağam, pis olsa, öləcəyəm.

O, altmış altı düyməli qızıl kurmeni, üstdən qapqara çum, doxsan doqquz düy­mə­­li qapqara zirehini geyindi, çiy­ninə ara­qay saldı, möhkəm ağ almaz polad qılıncını bağ­­ladı, oxdanı qur­şağına keçirtdi, qupquru ağaca oxşar nizəni əlinə aldı, aya­ğını üzən­gi­yə qoydu, cəld sıçrayıb ata mindi, dedi:

– Salamat qal, aldığım. Ölsəm, altıqi tolbuda1 görüşərik, sağ qalsam, gələcəyəm.

Arvadı Altın Çaçakın gözündən axan yaş selə, burnundan axan su buza dönürdü.

Erke-Möndür yola düşdü. Qapqara zirehin səsi göy gurul­tu­suna bənzəyirdi. Qara yə­hər qaşı araqayın səsi Altay-Xan­qay­da əks-səda verirdi. Yeddi gün, gecə-gündüz da­yan­­madı, qap­qara zirehin səsi zınqırov kimi qulaqlarda eşidildi. Çaylar-sular sahillərə sığ­madı, tayqa-dağlar titrəyib əsdi. Budur artıq o, yeddi Altayı keçirdi. Uzaqdan Temir Tay­­qa görünürdü. Də­mir dağlara yeddi gün ərzində çatdı. Altayın ətrafına baxıb hər ye­rə göz gəzdirdi. Heç bir canlı varlıq özünü göstərmir, nəfəs alan bir məxluq gö­rün­mür­dü. Yeddi tayqanın arxasından yeddi çölün sonunda qapqara dağlar (Koo kara tayka) gö­rü­nürdü; sərt ağac­lar, parıldayan daşlar görünmürdü. Qapqara dağların sonun­da iki yumru qara göl, göllərin arasında da kiçik qara təpə görünürdü. Qapqara təpə­lə­rin ba­şın­da duman dolaşırdı.

Temiçi-Eren at soruşdu:

– Baxanda nə gördün?

Erke-Möndür dedi:

– Gözlərimə heç nə görünmür. Qapqara dağlar görünür, həm də iki yumru qara göl görünür. Qəribə dağlardır, göl də adi göl deyil. Bu, necə olacaq?

– Deyirsən, qəribə dağlardır? Bu, elə üstünə getdiyin hə­min vəhşi heyvandır. Dedi­yin iki yumru qara göl onun göz­ləri­dir, qara təpə də onun burnu olacaq. Qara duman təpələrin qa­bağında dolaşırsa, onda bu, onun nəfəsidir.

Heç nədən qorxmayan Erke-Möndür qorxdu: onun ürəyi sanki dondu, suya düş­müş söyüd kimi əsməyə başladı:

– Bunu bilsəydim bura gəlməzdim.

Karakul bir aylıq yoldan iyi aldı, ayağa qalxdı, elə nəril­dədi ki, lap yuxarı qat­lar­da eşidildi. Uç-Kurbustan da onun nə­riltisini eşitdi. Uzanıb nərildədi, lap aşağı qatlarda nəriltisi eşi­dildi. Altmış xanlığın camaatı, hamı eşitdi.

Altayın ruhu yerin üstündən dedi:

– O, niyə nərildədi? Bu Altayda onu qorxuda bilən bir kimsə doğulubmu?

Falçılar fal, kitabçılar kitab açdı, dedilər:

– Altay Buçıyın tək oğlu Erke-Möndür bacarar. Başqa heç kim ora gedə bil­məz.

Erke-Möndür ağzını açıb dişlərini qıcamış Karakulun qar­şısına çıxdı; onun bir ovur­­dunda yetmiş igidin, o biri ovurdunda altmış atın qurumuş sümükləri dişlərinin di­bi­nə yapışmışdı.

Temiçi-Eren at dedi:

– Tez ol, düş! Özünü gözlə ki, ölməyəsən.

Başqa yol yox idi, Erke-Möndür düşüb Temiçi-Eren atı buraxdı. Temiçi-Eren Ağ Çol­mona çevrilib göyə qalxdı. Er­ke-Möndür yerdən bir təpə qopardıb əlində saxladı, o bi­ri əli ilə alaçıq boyda qara daş götürüb gözlədi. Karakul Temir-Tay­qanın yanından Er­ke-Möndürə tərəf qaçdı. Erke-Möndür dedi:

– Ağzını yum!

O, alaçıq boyda qara daşı onun ağzının içinə atdı, kiçik təpə ilə gözlərini vu­rub kor etdi. Karakul üç dövrə vurdu. Erke-Möndür Temir-Tayqa dağlarından Ka­ra­ku­lun çiyninə oturub qulaqlarından tutdu. Karakul fırlanıb istəyirdi ki, Erke-Mön­dürü tutsun, üzüstə yıxılırdı; tutmaq istəyəndə başı qat­lanırdı. Tayqaya toxunanda ancaq yeri qalırdı, çaylara toxu­nanda di­binə qədər gedirdilər. Onların yaxınlığında yaşayan xanlar uzağa köçürdülər. Mülayim Erke-Möndür hirslənməyə başladı, qəzəbli olmasa da indi qəzəb­lə­nirdi, dedi:

– Sayılıb-seçilən vəhşi heyvan olsan da, döyüşdə səni ikiillik buzov bilirəm.

O, bir əli ilə onun quyruğundan, o biri əli ilə qulaqla­rından tut­du. Üç nəfəsə Ka­ra­kulu yuxarı qaldırdı, Temir-Tayqanın ya­xın­lığında, dəmir çölün ortasında arxası üstə yerə çırpdı. Kara­kulun nəriltisi bir dəfə yuxarı qatda, bir dəfə də aşağı qatda eşidildi, de­di:

– Qırmızı canıma qıyma! Öldürsən əlinə nə keçəcək? Kimsən? Hardan gəlib hara gedirsən? Adın nədir? Sən hardan gəlib məni tutursan?

Erke-Möndür dedi:

– Mən Temiçi-Eren atlı Erke-Möndürəm. Atılan ox geri qayıtmaz, yolçu yolun­dan qalmaz. Qayınatam Altın xanın xahişi ilə gəlmişəm; öz istəyimlə ziyan vurmağa gəlməmişəm. Altın xan mənə deyib ki, Karakulun dişlərini çıxart, gətir, qızıl-gümüş örqömü düzəlt.

Karakul dedi:

– Öldürməyə ehtiyac yoxdur! Mən anadan yox, torpaq­dan doğulan yeganə insa­nam. And içib iki dost olaq: öldüyün yerə mütləq gəlməliyəm, öləcəyim yerə də sən gəlməlisən. Dalınca gəldiyin dişimi götür. Dörd dişi götür, dördü də mənə qalsın.

Onlar nizələrin başını iyləyib qılıncların ağzını yaladılar. Erke-Möndür dörd dişi gö­türüb Temiçi-Eren ata yüklədi. Temiçi-Erenə iki yüz maral yüklənən vaxtlarda beli əyilmirdi, bu dörd dişi yükləyəndə atın beli əyildi. Erke-Möndür qızıl-gümüş Altaya tez çatmağı düşünüb gecə-gündüz at çapdı. Altın xanın yurduna çatıb qızıl axu­run yanında atdan düşdü. Dişlərin dördünü də doğrayıb aşıladı, qızıl-gümüş örqönü düzəltdi. İnsan yaşadıqca çürüməyəcək, bir daha heç kimi əziyyətə salmayacaq örqönü düzəldib qurtardı. Erke-Möndür dedi:

– Ata-anam qocalıb. Torpaqlı torpağına, yurdlu yurduna dön­mə­li­dir.

Altın xan dedi:

– Gözümün odu, ürəyimin1 qanı Altın Çaçak, tək qızım, sürümün, camaatımın ya­rı­­sını apar.

Altın Çaçak dedi:

– Mal-qara, çörək nəyimə lazımdır? Balıncın altındakı tut­qun-ağ tulunu1 versəy­din, götürərdim. Talkan2 ələyəndə la­zım olacaq.

Qoca Altın xan ilə arvadı üzlərini çevirib ağladılar, onlara baxıb gülümsədilər.

Tutqun-ağ tulunu verdilər, “Ezen mendu” deyib sağol­laşdılar.

Erke-Möndür qızıl yunlu ağ dişi atı Altın Çaçaka yəhər­lə­di. Sağ-sala­mat yola düş­dülər. İlxı kişnədi, Altın xanın ya­nında heç bir canlı qalmadı, bütün hey­van­lar Erke-Mön­dürün arxa­sın­­ca getdilər. Camaat başını aşağı salıb getdi; heç biri qal­ma­dı; hamı dəs­tə-dəstə getdi. Qızıl örqödə qoca ilə qarı ikisi qaldı.

Altın xanın arvadı alaçıqdan çıxıb yanıqlı səslə qışqırdı:

– Bizi ata-anan hesab edirsənsə, bir dəfə olsun dön!

Altın Çaçak üzünü geri çevirdi; ilxının yarısı, camaatın yarısı dayandı. Gecə-gün­düz bilmədən çapıb getdilər. Erke-Möndür bir dəfə silkinib yel kimi çapdı; ikin­ci dəfə qara maral kimi çapdı; üçüncü dəfə silkinib qara qartal kimi səmada süz­mə­yə başladı. Arvadı bir dəfə silkindi, qızıl yaylığa dönüb Erke-Möndürün boynuna-çiyninə dolan­dı; ikin­ci dəfə silkinib qırmızı tülküyə döndü, cəld qaçdı; üçüncü dəfə silkinib qızıl ququ qu­şuna döndü, atın başı üstündə, hər iki tərəfdə oxumağa başladı. Ar­tıq Umar-Timar çay­larını görürdülər. Onlar öz yer-yurdlarına gəldilər: ilxı öz yerin­də­, camaat sağ-sala­mat­dır. Altay Buçıy qızıl-gümüş örqö3 tikib. Çaylar boyda çaxır çəkilib, dağlar boyda ət doğranıb. Altay Buçıy dedi:

– Qoy doqquz il toy olsun, yeddi il çalıb-oynasınlar.

Artıq arıq adamlar uzandıqları yerdə söyürdülər, arıq itlər uzandıqları yerdə hürü­yür­dülər, kökəlmişdilər, ayağa qalxa bilmirdilər. Doqquz il toy oldu, yeddi il çalıb-oynadılar. Ot­laqlarda fəlakət olmadı, müharibələr terqeyə yaxın düşmədi. Özü zalımlıq edib müharibəyə yaxın getmədi, müharibə də zalım olub ona yaxın gəlmədi. Sakit, dinc ömür sürdü.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə