Türkiyə-Azərbaycan müttəfiqliyi regionda sabitlik və inkişafa ciddi təminatdır



Yüklə 139,1 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü139,1 Kb.
#74713


Azərbaycan”.-2010.-14 sentyabr.-N 199.-S.2.

  Xarici siyasət: Azərbaycan-Türkiyə münasibətləri.



Türkiyə-Azərbaycan müttəfiqliyi regionda sabitlik və inkişafa ciddi təminatdır

Hər  bir  dövlətin  xarici  siyasətdə  xüsusi  önəm  verdiyi  müttəfiqlər  olur  və  bu  prizmadan

Azərbaycan-Türkiyə  münasibətlərinin  də  tarixin  sərt  sınaqlarından  uğurla  çıxdığını  əminliklə  demək

mümkündür.  İki  dost  ölkə  arasında  strateji  müttəfiqlik  münasibətləri  ötən  müddətdə  ən  yüksək  pilləyə

yüksəlmiş,  əbədi  və  dönməz  xarakter  almışdır.  Ölkələrimiz  arasında  əlaqələr  tarixi-siyasi  zəmin  üzərində

inkişaf  etməklə,  bütövlükdə  regionun  siyasi  taleyinin  müəyyənləşməsində  mühüm  rol  oynayır.  Bu  gün

bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləş dirmək mümkün deyildir.

Münasibətlərin hazırkı inkişaf  mərhələsinə yüksəlməsi ilk növbədə tarixi təmələ söykənir. Hələ 1918-ci ilin

28  mayında  müsəlman  Şərqində  ilk  demokratik  dövlət  kimi  yaranmış  Azərbaycan  Xalq  Cümhuriyyətinin

daxili-xarici  həmlələrdən  müdafiəsində  və  möhkəmlənməsində  o  zamankı  Osmanlı  Türkiyəsi  yaxından  iştirak

etmişdir.  Bakının  "Sentrokaspi  diktaturası"ndan  -  menşevik-eser  və  daşnak  qoşunlarından  azad  olunduğu  15

sentyabr tarixini bu mənada xüsusi xatırlatmaq lazımdır. General Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu

1918-ci  ilin  iyunundan  başlayaraq  Azərbaycanın  bir  çox  bölgələrinin  bolşevik-daşnak  işğalından  azad  olunması

üçün gərgin döyüşlər keçirmiş, nəhayət, 1918-ci ilin 15 sentyabrında xilaskar qismində Bakıya daxil olmuşdur. Bu

möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən

Bakıya köçürülmüş, Azərbaycanda dövlət quruculuğuna start verilmiş, bir neçə ay sonra isə parlamentə demokratik

qaydada seçkilər keçirilmişdir. 

Bütün  bunlar  təsdiqləyir  ki,  hələ  1918-ci  ildə  məhz  Türkiyənin  dəstəyi,  bilavasitə  iştirakı ilə  Azərbaycanın

müstəqilliyi,  ərazi  bütövlüyü  təmin  olunmuş,  bolşeviklərin,  daşnakların  Bakı  və  ətraf  rayonlarda  ağalığına  son

qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu hadisə yanlış kontekstdə izah olunsa da, Azərbaycan xalqı türk

əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində yaşatmışdır.  Bakının erməni-bolşevik işğalından  azad

edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi daim ehtiramla xatırlanır.

Azərbaycan  ötən  əsrin  sonlarında  dövlət  müstəqilliyini  əldə  etdikdən  sonra  Türkiyə  ilə  münasibətlərin

inkişafı üçün  geniş  siyasi  və  hüquqi  imkanlar  yaranmışdır.  Xüsusi  vurğulamaq  lazımdır  ki,  Türkiyə  1991-ci  ildə

Azərbaycanın  dövlət  müstəqilliyini  ilk  tanıyan  dövlət  olmuş,  bu  qətiyyətli  addım  ikitərəfli  münasibətlərin

inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. "Biz bir millət iki dövlətik" devizindən çıxış edən ulu öndər

Heydər  Əliyev  1993-cü  ildə  xalqın  istəyi  ilə  hakimiyyətə  qayıtdıqdan  sonra  Türkiyə  Cümhuriyyəti  ilə

münasibətlərin  inkişafına  xüsusi  diqqət  və  qayğı  ilə  yanaşmışdır.  Ümummilli  lider  90-cı  illərin  ortalarında

Azərbaycan  neftinin  Qərbə  nəqli  ilə  bağlı  strateji  əhəmiyyətli  neft  boru  kəmərlərinin  məhz  Türkiyə  ərazisindən

keçməsini  hərtərəfli  əsaslandırmış,  qardaş  ölkə  ilə  strateji  tərəfdaşlıq  münasibətlərini  möhkəmləndirən  ciddi

addımlar  atmışdır.  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin  2006-cı  ilin  iyulunda  istifadəyə  verilməsi

Azərbaycan  və  Türkiyənin  sosial-iqtisadi  inkişafında,  regional  təhlükəsizliyin  möhkəmlənməsində,  qarşılıqlı

əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır. 

Türkiyə  ilə  Azərbaycan  arasındakı  iqtisadi  münasibətlər  heç  də  sırf  enerji-kommunikasiya  layihələri  ilə

məhdudlaşmır. Bu gün türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmalarına, qeyri-neft sektorunda mühüm

layihələr  həyata  keçirmələrinə  bütün  zəruri  imkanlar  yaradılmışdır.  Respublikamızdakı  əlverişli  sərmayə  mühiti

türk  iş  adamlarının  ölkəmizə  inamını  getdikcə  artırır.  Bunun  nəticəsi  olaraq  ölkələrimiz  arasında  ticarət

dövriyyəsinin  həcmi  də  ildən-ilə  artır.  2003-cü  ildə  Azərbaycanla  Türkiyə  arasında  ticarət  dövriyyəsi  300  milyon

ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm 2 milyard dollara çatmışdır. Azərbaycan neftinin əsas alıcısı olan

İtaliyanı istisna  etsək,  hazırda  Türkiyə  Azərbaycanın əsas  ticarət  partnyoru  sayılır.  Hazırda  respublikada  230-dan

artıq  türk  şirkəti  fəaliyyət  göstərir  və  həmin  şirkətlərdə  30  mindən  artıq  Azərbaycan  vətəndaşı  çalışır.  Türk  iş

adamları indiyədək ölkəmizə 2 milyard dollardan artıq sərmayə yatırmışlar. 

Azərbaycanla Türkiyə arasında mədəni-humanitar və elmi-texniki əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm

və  təhsil  sahəsində  əməkdaşlıq,  tələbə  mübadilələri,  incəsənət  xadimlərinin  qarşılıqlı  səfərləri,  birgə  mədəni

tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf

etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3000 nəfərə çatır. Azərbaycanlı kursantlar

Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaq imkanı

əldə  edirlər.  Müstəqil  dövlət  quruculuğu  yolunda  Azərbaycana  siyasi  və  iqtisadi  yardım  göstərən  Türkiyə

Cümhuriyyəti  müstəqil  dövlətçiliyin  əsas  atributlarından  olan  ordu  quruculuğu  sahəsində  də  öz  potensialından

bəhrələnməyə imkan yaratmışdır. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan

ordusu  üçün  zabit  kadrların  hazırlanmasında,  hərbi  təlimlərin  keçirilməsində,  maddi-texniki  bazanın

möhkəmləndirilməsində,  bir  sözlə,  ordumuzun  NATO  standartları  səviyyəsində  qurulmasında  mühüm  rol

oynamışdır. 

Son illərin geosiyasi reallıqları göstərir ki, Türkiyə Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında

əsasən  qərbyönlü,  NATO  ölkələri  ilə  uzlaşdırılmış  siyasət  yeritməsinə  rəğmən,  bir  sıra  milli  məsələlərdə  öz



maraqları çərçivəsində çıxış edir. Qardaş  ölkə  ilə  Yunanıstan  arasında Kiprlə  bağlı problemin  olması, Türkiyənin

islam  aləminə  mənsubluğu,  əhali  resurslarının genişliyi, sürətli  demoqrafik  artım və  digər  məsələlər  bəzi  Avropa

dövlətlərinin qısqanc münasibəti ilə qarşılanır. Fələstin problemi, habelə Qəzza bölgəsinə humanitar yardım aparan

"Azadlıq"  donanmasına  məlum  silahlı  hücumla  bağlı  Türkiyə-İsrail  münasibətlərinin  gərginləşməsini  də  buraya

əlavə etmək olar. 

Türkiyənin  Yaxın və  Orta  Şərq  dövlətləri,  müsəlman  dünyası, Cənubi  Qafqaz  və  digər  region  dövlətləri  ilə

münasibətlərində  həm  Qərbin,  NATO-nun  və  beynəlxalq  hüquq  normalarının  tələbləri,  həm  də  dini,  etnik  və

regional faktorlar nəzərə alınır. Və bu da bəzən rəsmi Ankaranı Qərbdəki müttəfiqləri ilə üz-üzə qoyur. Türkiyənin

Avropa Birliyinə gedən yolunda müxtəlif süni maneələrin ortaya atılması da məhz Türkiyənin regionda artan roluna

və potensialına Avropadakı ehtiyatlı münasibətin təzahürüdür. Bütün bu reallıqlar fonunda rəsmi Ankara regionda

güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunun da yaxşı fərqindədir. 

Strateji  müttəfiq  ölkələr  müxtəlif  beynəlxalq  təşkilatlarda  bir-birinin  mövqeyini  dəstəkləyir,  ortaq

maraqlardan  çıxış  edirlər.  Türkiyə  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  Azərbaycanın  haqlı  mövqeyini  müdafiə

edir, rəsmi Bakı öz növbəsində uydurma "erməni soyqırımı"nın ifşa  olunmasında rəsmi Ankara ilə birgə addımlar

atır.  Xatırlatmaq  lazımdır  ki,  2009-cu  ilin  fevralından  rəsmi  Ankaranın  Ermənistanla  sərhədləri  açacağı ilə  bağlı

yayılan məlumatların istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılanması, ciddi

müzakirəyə  çevrilməsi  iki  dost,  qardaş  ölkə  arasındakı münasibətlərin  əlahiddə  xarakterindən  irəli  gəlirdi.  Lakin

siyasətdə  nə  qədər  çətin,  mürəkkəb  situasiyalar  olsa  belə,  müəyyən  mənəvi-əxlaqi  dəyərlər,  milli  maraqlar  sonda

sözünü deyir. Zəngin  dövlətçilik  təcrübəsinə,  iqtisadi,  siyasi  və  hərbi  potensiala  malik  Türkiyə  də  yayılan əsassız

məlumatlara rəğmən, sonda milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yetirmək niyyətində olduğunu sübuta

yetirdi.  Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğan,  o  cümlədən  Prezident  Abdullah  Gül  bu  məlumatların

reallıqdan uzaq olduğunu bəyan etdilər. 

2010-cu  ilin  aprelində  bədnam  erməni  lobbisinin  təsiri  altında  Amerika  Konqresində  qondarma  "erməni

soyqırımı"  məsələsinin  ciddiliklə  gündəmə  gəlməsi  rəsmi  Ankaranı  xarici  siyasətdə  ümumtürk  birliyi  xəttini

gücləndirməyə  sövq  edir.  Türkiyə  hökuməti  terrorçu  PKK  təşkilatına  qarşı  mübarizədə  müttəfiq  saydığı  Qərb

dövlətlərindən  gözlədiyi  siyasi  və  mənəvi  dəstəyi  məhz  Şərqdə  - tarixi  tellərlə  bağlı olduğu  türkdilli  dövlətlərdən

ala  biləcəyini  yaxşı  başa  düşür.  Rəsmi  Bakı  bununla  yanaşı,  həm  də  qondarma  "erməni  soyqırımı"nın  ABŞ

Konqresinin  Nümayəndələr  Palatasının  Xarici  Əlaqələr  Komitəsində  tanınması,  habelə  İsrail  hərbi  dəniz

qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən  ziddiyyətli  və  mürəkkəb  proseslər,  "ikili

standartlar"  fonunda  türk  xalqlarının  birliyinin  vahid  ümumbəşəri  məqsədlər  naminə  təmin  edilməsi  vacibliyini

daim  önə  çəkməklə  yanaşı,  konkret  addımları  ilə  onun  gerçəkləşməsinə  çalışır.  Prezident  İlham  Əliyevin

fəaliyyətini  yaxından  izləyən  hər  kəs  təsdiqləyə  bilər  ki,  bu  gün  Azərbaycan  türk  dövlətlərinin  inteqrasiyası

prosesinin,  sadəcə,  iştirakçısı  deyil,  həm  də  ən  fəal  təşəbbüskarlarındandır.  Rəsmi  Bakı  Avropa  və  ümumilikdə

Qərblə, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə

nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini də diqqətdən kənarda

qoymur. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir

daha gücləndirir.

Azərbaycan Prezidentinin türkdilli  xalqların ideya  birliyinin  təmin  edilməsi  istiqamətindəki  fəaliyyətinin  ən

başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa

çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə

qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid

məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı

mütəşəkkil  mübarizəyə  qoşulması Azərbaycan  Prezidentinin  başlıca  məqsədlərindən  biridir.  Cənab  İlham  Əliyev

Türkdilli  dövlətlərin  və  topluluqların  10-cu  dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurultayındakı  çıxışında  erməni

lobbisinin  ifşa  edilməsi  üçün  səylərin  daha  da  artırılması  vacibliyini  önə  çəkmişdir:  "Bəzi  hallarda  bizim

haqqımızda  süni  şəkildə  mənfi  rəy formalaşdırılır  və  bunun  arxasında  Türkiyə  və  Azərbaycana  qarşı düşmənçilik

mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox

böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni

lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa  etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox.

Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir". 

2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk

birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamı olmuşdur.

Türkdilli  ölkələrin  -  dövlət  başçılarının  2009-cu  ilin  oktyabr  ayında  Naxçıvanda  keçirilmiş  IX  zirvə  görüşü  də

Türkiyə,  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  arasında  münasibətlərin  keyfiyyətcə  yeni  mərhələdə  intensiv

inkişafı,  ümumi  səylərin  vahid  məqsədlər  naminə  səfərbər  olunması  baxımından  mühüm  nəticələrlə  yadda

qalmışdır.  Hesab edirik ki,  2010-cu  il  sentyabrın 15-16-da  Türkdilli  dövlətlərin  liderlərinin  İstanbulda keçiriləcək

növbəti  zirvə  toplantısı  da  faydalı  müzakirələrlə  yadda  qalacaq,  əməkdaşlığın  daha  da  dərinləşdirilməsinə  töhfə

olacaqdır. 

Xüsusi vurğulamaq istərdim ki, rəhbəri olduğum "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq




Mərkəzi" (ATXƏM) İctimai Birliyi qondarma "erməni soyqırımı" kampaniyasına qarşı effektiv əks tədbirlər həyata

keçirməklə yanaşı, cəmiyyət üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edir, türkdilli xalqlar arasında hərtərəfli

inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır. Təşkilat türk

dövlətlərinin  siyasi,  mənəvi  və  mədəni  birliyinə  xidmət  edən  müxtəlif  səmərəli  təşəbbüslərlə  çıxış  edir,  mühüm

tarixi günlərlə bağlı tədbirlər keçirir. Hər il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi

təşkilatımız  tərəfindən  əsl  zəfər  günü  kimi  qeyd  edilir.  Bu  gün  -  sentyabrın  14-də  təşkilatımız  Türkiyənin

Azərbaycandakı  səfirliyi  ilə  birlikdə  Bakının  Qafqaz  İslam  Ordusu  tərəfindən  işğaldan  azad  olunmasının  92-ci

ildönümünə həsr olunmuş kütləvi-mədəni tədbir keçirməyi planlaşdırır. 

Ümumiyyətlə, son illərin reallıqları göstərir ki, bu gün Azərbaycan və Türkiyənin bir-biri qədər yaxın dostu,

strateji  müttəfiqi  yoxdur  və  bundan  sonra  da  olmayacaqdır.  İki ölkəni  birləşdirən  dəyərlər  -  ilk  növbədə,  onların

ortaq tarixi, soykökü, mədəniyyəti, ənənələri, dili, dini, ortaq maraqlarıdır. Konkret olaraq Türkiyə və Azərbaycanın

timsalında bu strateji müttəfiqliyin region üçün də nə qədər aktual, gərəkli, əhəmiyyətli olması real təsdiqini tapır.

Regionda 2 ildə cərəyan edən mürəkkəb siyasi proseslər fonunda Türkiyə-Azərbaycan müttəfiqliyinin daha bir ciddi

sınaqdan uğurla çıxdığını əminliklə söyləmək olar. 



İlham İSMAYILOV,

"Azərbaycanlıların və digər 

Türkdilli Xalqların Əməkdaşlıq 

Mərkəzi" İctimai Birliyinin sədri 

 

 

Yüklə 139,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə