Türkiyədə Azərbaycan mühacirət mətbuatı



Yüklə 35,12 Kb.
tarix29.10.2017
ölçüsü35,12 Kb.
#7512

TÜRKİYƏDƏ AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI
Razim Məmmədli

Xəzər Universitəsi
Bu gün dünya ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətəndan miqrasiyası müxtəlif dövrlərə təsadüf edir. Etiraf olunmalıdır ki, həmvətənlərimizin öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması prosesi daha çox rusların Qafqazı işğalindan sonra başlamışdır. Bu proses 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, ölkəmiz sovetləşdikdən sonra özünün ən yüksək zirvəsinə qədəm qoymuşdur. Təqib, sürgün və həbsxanalardan yaxa qurtarmaq üçün xalqımızın minlərlə övladı müxtəlif ölkələrə mühacirət etmək məcburiyyətində qalmışlar. Qnların arasında elmi, siyasi və mədəni səviyyəsi yüksək olan ziyalılar əksəriyyət təşkil edirdi.

Mürəkkəb və ziddiyyətli bir dövrdə yaşamalarına baxmayaraq milli əqidəyə sadiq qalan yüzlərlə vətənpərvər soydaşlarımız mühacirət etdikləri ölkələrdə dinc həyat sürməklə kifayətlənməmiş, daim doğma Azərbaycanla maraqlanmış, onun milli istiqlalına nail olmaq üçün gecə-gündüz ideoloji mübarizə aparmışlar.

Azərbaycan mühacirləri öz arzularını gerçəkləşdirmək üçün ayrı-ayrı ölkələrdə ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər yaradır, milli mətbuatın nəşrinə böyük ehtiyac olduğunu yaxşı dərk edirdilər. Onlar inanırdılar ki, həmvətənlərimizin təşkilatlanmasında, əlaqələrin intensivləşməsində, milli istiqlaliyyətin gerçəkləşməsində həmişə demokratik mövqeyi ilə seçilən mətbuat böyük rol oynaya bilər. Odur ki, keçən əsrin 30-cu illərində qısa müddət ərzində Azərbaycan mühacirləri Fransa, Almaniya, İngiltərə, Polşa və s. ölkələrdə "Açıq söz" (1936), “Aydın yol” (1937), "Doğru söz" (1937), "Həqiqət" (1937), "Vətən səsi" (1937), "Vətən arzusu" (1937), "Milli atəş" (1938), "Millət andı" (1938), "İlham qaynağı" (1938), "Müqəddəs Odlar ölkəsi" (1938), "Haqqın səsi" (1938), "Dilək" (1939), "Haqq" (1939), "Həmlə" (1939), "Kutlu ad" (1936) və sairə kimi qəzet və jumalların nəşrinə müvəffəq olmuşlar.

Həmvətənlərimizin ən çox qəzet və jurnal çap etdikləri xarici ölkə isə Türkiyə Respublikası olmuşdur. Bu ölkədə mətbuatımızın əsası 1923-cü ildə nəşrə başlayan "Yeni Qafqaziya" ilə qoyulmuşdur. Sonralar isə "Azəri Türk" "Yaşıl yapraq" "Odlu Yurd", "Bildiriş" "Azərbaycan yurd bilgisi" "Türk yolu" "Türk izi" "Mücahid" "Türk birliyi" "Azərbaycan" və sairə kimi mətbuat orqanları işıqüzü görmüşdür.

Azərbaycan mühacirət mətbuatının ilki olan "Yeni Qafqaziya" jurnalının işıq üzü görməsində milli ideologiyanın alovlu carçısı M.Ə.Rəsulzadənin böyük əməyi olmuşdur. Bu jurnalın nəşri tarixi və ideya istiqaməti haqqında müxtəlif fikir və mülahizələr söylənilir. M.Ə.Rəsulzadə irsinin dəyərli araşdırıcısı olan Yavuz Akpinar "Bayraqlaşan şəxsiyyət: Məmməd Əmin Rəsulzadə" sərlövhəli məqaləsində yazır: "1922-ci ilin yazında İstanbulda olan Rəsulzadə 'Yeni Qafqaziya" dərgisini çıxarmağa başladı. Noyabr 1927-ci ilə qədər on beş gündə bir çıxarılan bu dərginin cəmi 100 nömrəsi nəşr edilir. Fəqət anlaşıla biləcək bəzi səbəblər üzündən dərginin "sahibi imtiyaz və müdiri məsul Seyid Tahir"dir.

Mühacirət mətbuatımızı araşdırıcısı "Yeni Qafqaziya"nın nəşrə başlaması haqqında konkret tarix göstərmədən yazır: "Ədəbi, ictimai və siyasi məcmuə olan "Yeni Qafqaziya"da "sahibi-imtiyaz və müdiri məsul Seyid Tahir rəhbərlik və redaktorluq edirdi" ("Azərbaycan mühacirət mətbuatı" kitabı, 2002, səh.20).

Fikrimizcə, "Yeni Qafqaziya" jurnalının nəşri tarixi haqqında ən müfəssəl məlumatı Səbahəddin Şimşir vermişdir. O, "Azərbaycanlıların Türkiyədə siyasi və mədəni fəaliyyətləri (1920-1991)" sərlövhəli dəyərli kitabında tərəddüd etmədən yazır ki, "Yeni Qafqaziya"nın ilk sayı 26 sentyabr 1923-cü il tarixində çıxmışdır. S.Şimşirin kitabında oxuyuraq: "Yeni Qafqaziya"nın 26 sentyabr 1923-cü il tarixində buraxılan ilk sayının baş məqaləsində bu cümlələri görməkdəyik: "Prometeyi dildənhunhar quş qartal idi. Bir əsrdən bəri Qafqazın köksünü dələn və ciyərini parçalayan Rusiya imperializminin daha bir qartalı deyilmi?!.. " (səh. 43).

S.Şimşirin kitabından о da aydınlaşır ki, jumalda Seyid Tahirin müdirliyi 15 dekabr 1925-ci il tarixinə qədər sürmüşdür. 6 fevral 1926-cı il tarixindən isə məcmuənin məsul müdiri Əhməd Həqqi olmuş, bu vəzifəni o, jurnal nəşrini dayandırana qədər aparmışdır.

"Yeni Qafqaziya" jurnalında M.Ə.Rəsulzadənin iştirakı məsələsi də kitabda ətraflı şərh olunmuşdur. Jurnalda onun "pərdə arxası rəhbəri" (S.Şimşir) M.Ə.Rəsulzadənin adı ilk dəfə "Zəruri bir izah" "(İdarəyə məktub)" yazısının müəllifi kimi 15 oktyabr 1923-cü il tarixli 4-cü nömrədə görünmüşdür. S.Şimşürin onu da qeyd edir ki, jurnalın 16 noyabr 1924-cü il tarixli nömrəsinin üzərinə "Baş mühərriri Rəsulzadə Məmməd Əmin" 6 fevral 1926-cı il tarixli sayının üzərinə isə "Sahibi və baş mühərriri Rəsulzadə Məmməd Əmin" sözləri yazılmışdır.

Jurnalın "Yeni Qafqaziya" adlandırılması təsadüfi xarakter daşımırdı. Belə ki, o, yalnız azərbaycanlıları deyil, ümumiyyətlə Qafqaz xalqlarının nümayəndələrini öz ətrafında birləşdirməyə səy göstərmiş, onları bolşeviklərsiz yeni Qafqaz uğrunda mübarizəyə səsləmişdir. Jurnal Qafqaz xalqlarının milli-azadlıq uğrunda birlik ideyasının ən fəal təbliğatlarından biri olmuşdur. "Yeni Qafqaziya"nın bu sahədə gördüyü işləri yüksək qiymətləndirən tarix elmləri doktoru X.İbrahimli "Azərbaycan siyasi mühacirləri" sərlövhəli kitabında yazır: "Dərginin "Yeni Qafqaziya" adlandırılmasından da görünür ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olmuşdur. Son dərəcə zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm də Türkiyə ictimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi cəhətdən hazırlamaq istiqamətində "Yeni Qafqaziya" çox işlər gördü" (səh.119).

M.Ə.Rəsulzadə, Ə.Cavad, A.Battal, A.Həmid, A.Şeyxislamzadə, Abdulla Cövdət, Əhməd Zəki Validi, Əli Mənsur, Əli Mərdan, Ayaz İsaki, Qurbanqulu, Azərbaycanlı Əli Kamal, Azəri, Cəfər Sadıq, Dəmirçioğlu, Gültəkin, Gürcü, Qara Hüseynzadə, Qafqaziyalı, Kazanlı, Krımlı Seyid Cəfər Əhməd, M.Qərib, Fuad Mahmud, Şəfi, Türküstanlı Əhməd Naim və başqaları "Yeni Qafqaziya" jurnalının ən fəal müəllif ləri idilər.

"Yeni Qafqaziya" jurnalı 1927-ci ilin sonlarında nəşrini dayandırmışdır.

Azərbaycan mühacirləri arasında milli azadlıq ideologiyasının fədakar təbliğatçısı olan "Yeni Qafqaziya" barəsində digər nüfuzlu mühacir mətbuatımız "Azərbaycan" jurnalı haqlı olaraq yazırdı: "Yeni Qafqaziya" özündən sonra gələn bütün milli nəşriyyat orqanlarının piridir" (1952, № 6).

"Yeni Qafqasiya”dan sonra Azərbaycan mühacirlərinin Türkiyədə nəşr etdirdiklərini ikinci mətbuat orqanı "Azəri Türk" jurnalı olmuşdur. Bu məcmuənin ilk nömrəsi 1 fevral 1928-ci il tarixində işıq üzu görmüşdür. Ədəbi, ictimai, siyasi və iqtisadi jurnal olan "Azəri Türk" ayda iki dəfə buraxılırdı. Onun məsul müdiri Məmməd Sadiq Aran idi.

"Azəri Türk" jurnalı qarşıya qoyduğu məqsədi belə müəyyənləşdirmişdir:


  • "Azəri Türk" jurnalı Azərbaycan istiqlal mübarizəsini müdafiə etmək vəzifəsini qarşıya qoyan millətpərvərlərin nəşr əfkarıdır.

  • Əsarətdə olan Türk ölkələrinin istiqlal və azadlığını müdafiə edir.

  • "Azəri Türk" bilavasitə ruslarla mübarizə aparır.

  • Qafqaz millətlərinin Rusiya əsarətindən azadlığına və müstəmləkəçi Rusiyanın özünün azad olunmasına qarşı birləşməyə tərəfdardır.

M.Ə.Rəsulzadənin məcmuənin birinci nömrəsində çap olunmuş "Tutduğumuz yol" sərlövhəli məqaləsində "Azəri Türk" jurnalının tutduğu yolu aydın gətirilmişdir. Məqalədə oxuyuruq:

"...bu yol çox məşəqqətli və tikanlı olmaqla bərabər, bəzi insanlar tərəfindən gedilmiş şanlı bir yoldur. Bu, haqq yolu və millət yoludur".

Bir yol ki, Avropa onu XVIII-XIX əsrdə getmiş, bir yol ki, müasir Şərq əhli hazırda ona sadik olmuşdur. Bir yol ki, sabiq Rusiya imperatorluğu daxilində yaşayan ... Millətlər də о yola girmişlər. Bir yol ki, şüarı millət və hədəfi istiqlaldır (1 fevral 1928, № 1).

"Azəri Türk" məcmuəsinin ən fəal müəllifləri M.Ə Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məmmədzadə, M.Sadıq, N.Yusifbəyli, Y.Azəri, Kamal, R.Əmircanlı, S.Tekin, R,Coşqun və başqaları olmuşdur.

Məcmuəmin son nömrəsi 1930-cu ilin fevral ayında çıxmışdır.

Türkiyədə çap olunan növbəti mühacir mətbuatımız "Yaşıl Yarpaq" adlanır. "Yaşıl Yarpaq" məcmuəsinin ömrü uzun olmamışdır. Onun ilk nömrəsi 16 iyun 1928-ci ildə buraxılmışdır. S.Şimşir bu məcmuəni kecən əsrin 20-ci illərinin sonlarında Türkiyədə Azərbaycan mühacirlərinin arasında başlayan çəkişmələrin və ya müxalif nümayəndələrinin ilk mətbu orqanı kimi dəyərləndirmişdir.

Məcmuənin birinci sayında cap olunmuş "Yolumuz" sərlövhəli yazıda onun qarşıya qoyduğu məqsəd belə açıqlanır: "Yaşıl Yarpaq" əsarət zənciri altında olmaq bədbəxtliyinə düşən Azərbaycanda illərdən bəri tutuşan faciəyə seyirci qalan dünyaya onun dərdlərini intişar etmək məqsədilə çap olunur".

Bundan əlavə jurnal Azərbaycan türklərinin özlərinə məxsus şərəfli mədəniyyətləri və ədəbiyyatları olğunu da təbliğ etməyi, qan düşmənlərimiz ermənilər haqqında tənqidi məqalələr çap etməyi planlaşdırmışdır.

Mühacirət mətbuatı tarixində öz yeri olan "Odlu Yurd" məcmuəsinin ilk nömrəsi 1929-cu ilin 1 martında işıq üzü görmüşdür. Məcmuənin imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal, baş mühərriri isə M.Ə.Rəsulzadə olmuşdur. Ayda bir dəfə buraxılması nəzərdə tutulan "Odlu Yurd" məcmuəsinin ideya istiqaməti Azərbaycan mühacirlərinin ondan əvvəl nəşr etdirdikləri "Yeni Qafqasya" və "Azəri-Türk" məcmuəsindən demək olar ki, fərqlənmirdi. Jurnalın 1 mart 1929-cu il tarixli birinci sayında çap olunmuş "Çöhrəmiz" sərlövhəli məqalədə bu amalı onun naşirləri də etiraf etmişlər. Həmin məqalədə deyilir: "Odlu Yurd" milli Azərbaycan fikrinin tərəqqisi olaraq intişar edir. Bu intişarla о özündən əvvəl "Yeni Qafqasya" ilə "Azəri Türk" məcmuələri tərəfindən gedilmiş ideal yolu davam etmək əzmindədir.

Qızıl istilanın tökdüyü məsum qanlarla söndürmək istədiyi bu ideal, bu müqəddəs od, Azərbaycan torpaqları altında görünən oda bənzər.

Milli məfkurəni, milli idealı, milli bayrağı, azadlıq mübarizəsini Azərbaycan mühacirlərinin qarşısrnda müqəddəs və aktual bir məsələ kimi qoyan "Odlu yurd" jurnalının özü də bütün aparıcı mövzuların əksəriyyətini doğma vətənin istiqlalı uğrunda ideoloji mübarizəyə həsr etmişdir. Jurnalın 1929-cu il 5-ci nömrəsində çap olunmuş "Milli Azərbaycan bayramı" sərlövhəli məqalədə oxuyuruq: "Milli şüuranın yüksəltməyə və bu sahədə milli varlığını, milli birliyini dərk etməyə müvəffəq olan millətimiz bütün bu müqqədəratını yaşatmaq, yüksəltmək və qorumaq üçün milli bir dövlət halında təşəkkül eləməyə, bunun üçün azadlıq və istiqlalına sahib olmağa möhtac idi. Çünki milli istiqlala, milli azadlığa və milli dövlətə malik olmayan bir dövlət milli varlığını, milli mövcudiyyətini, qoruya bilməz. 28 may 1918-ci il bəyannaməsi bu inkişaf və ehtiyac nəticəsində doğuldu.

Milliyətçi, istiqlalçı bir məcmuə olan "Odlu Yurd" jurnalı yalnız Azərbaycanın deyil, bütöv Qafqazın, xüsusilə də türk xalqlarının azadlığı uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoymuşdur.

Bu müqədəs amalları həyata keçirmək üçün "Odlu Yurd" jurnalında mübariz mühərrirlər ordusu formalaşmışdı. Bu ordunun önündə M.Ə.Rəsulzadə, M.В.Məmmədzadə, Ə.Cəfəroğlu, Məmməd Sadıq, Azəri, Kamal, Gültəkin, Azərbaycanlı Baykara, M.Ağaoğlu, Dəmirçioğlu, M.Ş.Əfəndizadə, Əşrəf, Ələddin Mətin, N.Nağı, N.Yusifbəyli və başqa həmvətənlərimiz gedirdilər.

"Odlu Yurd" məcmuəsinin son nömrəsi (30-31-ci birləşdirilmiş nömrəsi) 1931-ci ilin iyul - avqust aylarında buraxılmışdır.


Ədəbiyyat

  1. "Azərbaycan mühacirət mətbuatı" kitabı, 2002, səh.20

  2. "Azəri Türk" jurnalı (1 fevral 1928, № 1)

  3. "Azərbaycan" (1952, № 6).

  4. "Odlu Yurd" (30-31-ci birləşdirilmiş nömrəsi)


Summary
AZERBAIJAN IMMIGRATION WRITINGS IN THE TURKISH PRESS
Razim Mammadli

Khazar University
The article deals with the flourish of Azerbaijani emigration literature in different periods and countries in the 1920s, after dissolution of the Azerbaijan Democratic Republic. At the same time, the article discusses the activity of newspaper and journals that were published by emigrants during these periods.

Yüklə 35,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə