Udk 04. 056; 316. Mahmudova R.Ş



Yüklə 86,14 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü86,14 Kb.
#1079


İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

32                                                                  www.jpis.az 



 

 

UDK 004.056; 316.7 



Mahmudova R.Ş. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

rasmahmudova@gmail.com

 

CƏMİYYƏTDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏDƏNİYYƏTİNİN 

FORMALAŞDIRILMASI MƏSƏLƏLƏRİ HAQQINDA 

Müasir  dövrdə  mövcud  olan  informasiya  təhlükələri  və  onların  insanın  mənəvi-psixoloji 

sağlamlığına  neqativ  təsirləri  araşdırılmışdır.  Cəmiyyətdə  informasiya  təhlükəsizliyi 

mədəniyyətinin formalaşdırılmasına dair təkliflər verilmişdir. 

Açar  sözlər:  informasiya  təhlükəsizliyi  mədəniyyəti,  informasiya  təsirləri,  informasiya 

təhlükələri, şəxsiyyətin informasiya təhlükəsizliyi. 

Giriş 

 

İnformasiya-kommunikasiya 

texnologiyalarının 

(IKT) 


sürətli 

inkişafı 

əməyin 

səmərəliliyinin  artırılması,  eləcə  də,  insanın  intellektual  və  mədəni  inkişafı  baxımından  yeni 



imkanlar  açır.  Peyk  əlaqəsi  və  mobil  şəbəkələrin  inkişafı  hər  bir  insanın  dünyanın  informasiya 

resurslarına  çıxışına,  müxtəlif  növ  virtual  şəbəkə  cəmiyyətlərinin  tərkibində  (elm,  təhsil, 

iqtisadiyyat  və  s.  sahələrdə)  başqa  insanlarla  əməkdaşlıq  etməsinə,  yaratdığı  informasiya 

resurslarını  paylaşmağa, müzakirə etməyə şərait yaradır. Digər tərəfdən, yeni  texnologiyalardan 

və  informasiyadan  insanların  düşüncəsini,  davranışını  manipulyasiya  etmək,  onların  mənəvi-

psixoloji  sağlamlığına zərər vurmaq üçün də istifadə edilir. Bununla əlaqədar, texnosferada baş 

verən köklü transformasiyalar insanın təfəkküründə və davranışında da dəyişikliklərin edilməsini 

tələb edir. İnformasiya məkanında şəxsiyyətə təsir sahəsindəki situasiyanın ciddiliyini, bu prosesi 

izah etmək üçün istifadə edilən terminologiya da sübut edir: informasiya müharibəsi, informasiya 

silahı,  informasiya  təxribatı,  informasiya  terrorizmi,  informasiya  killeri.  Bütün  bu  problemlər 

cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasının zəruriliyini meydana 

çıxarır.  



Şəxsiyyətin informasiya təhlükəsizliyi problemləri 

Məlum  olduğu  kimi,  informasiya  təhlükəsizliyinin  əsas  obyektləri  şəxsiyyət  (onun  hüquq 

və  azadlıqları),  cəmiyyət  (onun  maddi  və  mənəvi  dəyərləri)  və  dövlətdir  (onun  konstitusiya 

quruluşu, suverenliyi, ərazi bütövlüyü, iqtisadiyyatı, hərbi sistemi və s.). Şəxsiyyətin informasiya 

təhlükəsizliyi,  əsasən,  psixikanın,  şüurun  təhlükəli  informasiya  təsirlərindən  (manipulyasiya, 

dezinformasiya) qorunması ilə xarakterizə olunur. Bu, həm fərdin şəxsi keyfiyyətlərindən, həm 

də cəmiyyətdə olan mənəvi, sosial və hüquqi şəraitdən asılıdır.  

Hazırda insanın fiziki sağlamlığına olan təhlükələrdən qorunmasının hüquqi təminatı daha 

yüksəkdir,  nəinki  mənəviyyatına  və  psixikasına  olan  təhlükələrdən.  Bıçaqla  yüngülvari  xətər 

yetirən cinayətkar cəzalandırılır, psixikanın şikəst edilməsi üçün isə heç bir cəza tətbiq edilmir. 

İnformasiya  ilə  təsir  insanın  fiziki  sağlamlığı  üçün  elə  bir  təhlükə  törətməsə  də,  mənəvi 

sağlamlığını böyük zərbə altında qoyur. 

Məlumdur ki, hazırkı dövrdə informasiya ilə kontakt olmadan insanın mükəmməl inkişafı 

və  cəmiyyətin  normal  fəaliyyəti  mümkün  olmazdı.  İnformasiya  əlaqəsinin  kəsilməsi  müxtəlif 

psixi anomaliyalara gətirib çıxara bilər. İnformasiya bolluğu da insanın fiziki və psixi sağlamlığı 

üçün təhlükəlidir. Ümumiyyətlə, nəinki ətraf informasiya mühiti ilə daimi ünsiyyət və  ya onun 

kəsilməsi,  qəbul  və  emal  edilən  informasiyanın  həcmi,  məzmunu  və  strukturu  da  insana  çox 

böyük təsir göstərir. Bu baxımdan, informasiya təhlükələrini 2 qrupa ayırmaq olar: həcminə və 

məzmununa görə təhlükələr.  

İnformasiyanın  həcmi  ilə  bağlı  təhlükələr.  İKT-nin,  xüsusən  də,  İnternetin  meydana 

çıxması  nəticəsində  yaranan  informasiya  bolluğu  insan  üçün  müxtəlif  problemlər  yaradır. 

İnformasiya mənbələrinin artması insanların davranışına, sağlamlığına və psixologiyasına zərər 



İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

 



       www.jpis.az                                                                      33 

 

vurur.  İnformasiya  ilə  həddən  çox  yüklənən  insanlar  stress  vəziyyətinə  düşürlər.  Bu  isə  insan 



təfəkküründə  “informasiya  yorğunluğu  sindromu”  adlanan  psixoloji  xəstəliyin  yaranmasına 

gətirib çıxarır .    

İnformasiya bolluğu insanın  “dayanıqlı”lığını zəiflədir, qərar qəbul  etməsini  çətinləşdirir. 

Şəxsiyyət o zaman dayanıqlı hesab edilir ki, o, mənimsədiyi informasiyanı kritik analiz etmək, 

qiymətləndirmək,  həmçinin  bu  informasiyanın  əsasında  obyektiv  qərar  qəbul  etmək  iqtidarında 

olsun. Lakin böyük həcmli, eyni zamanda, müxtəlif daşıyıcılardan (çap, elektron, audio, video və 

s.) informasiyanı  qəbul  və emal etmək, onun həqiqiliyini,  mötəbərliliyini müəyyən etmək asan 

deyil. Belə bir şəraitdə adekvat qərar qəbul etmək çətinlik törədir.  

Bu  məsələlərin  ciddiliyi  informasiya  bolluğunun  yaratdığı  problemlərin  təhlili  ilə  məşğul 

olan    yeni  elm  sahəsinin  -  “informasiya  ekologiyası”nın  yaranmasına  gətirib  çıxarmışdır. 

İnformasiya ekologiyasının tədqiq etdiyi problemlərin siyahısına informasiya məkanının həddən 

çox  yüklənməsi;  qərar  qəbul  etmək  üçün  yararlı  olan  informasiya  resurslarının  çatışmazlığı; 

mötəbər informasiyanın axtarışına çox vaxt sərf edilməsi və s. daxildir [1].  

İnformasiyalaşdırmanın  və  informasiya  bolluğunun  mənfi  sosial-psixoloji  nəticələrini  ilk 

dəfə  görkəmli  informasiya cəmiyyəti nəzəriyyəçisi  E.Toffler

 

“Gələcəyin şoku” (“Future shok”) 



əsərində  qeyd    etmişdir  [2].  O,  bu  nəticələrin  aradan  qaldırılması  üçün  yeni  yaşayış 

strategiyalarının işlənib hazırlanmasını vacib hesab edir.  



İnformasiyanın məzmunu ilə bağlı təhlükələr. İnformasiyanın məzmunu da insanın psixi və 

ya fiziki sağlamlığına təsir göstərir. Hazırda İnternet vasitəsilə ekstremizmin, sektantlığın təbliği, 

mistik və ezoterik  bilik və  təcrübənin,  magiya və  şamançılığın  yayılması təhlükəli həddə  çatıb. 

Bu  isə  sosial  və  şəxsi  dezadaptasiya,  bəzi  hallarda  isə  insanın  psixikasının  pozulması  ilə 

nəticələnir.  

İnternet  vasitəsilə  ədəbsiz  və  əxlaq  normalarına  zidd  informasiyanın  yayılması,  zərərli 

vasitələrin (siqaretin, narkotikanın, spirtli içkilərin və s.) təbliğ edilməsi daha təhlükəlidir. Uzun 

müddət  davam  edən  belə  təsir  cəmiyyətdə  mənəvi-psixoloji  atmosferi  formalaşdırır,  kriminal 

mühitə şərait yaradır, psixi

 

xəstəliklərin artmasına səbəb olur. 



Bu tip informasiyanın mənfi təsirinə ən çox məruz qalan isə uşaq və yeniyetmələrdir. Şüur 

səviyyəsi  və  dünyagörüşü  yetərincə  formalaşmadığı  üçün  belə  informasiya  onların  mənəvi-

psixoloji sağlamlığı üçün olduqca zərərlidir. 

Kütləvi  informasiya  vasitələri  (KİV)  də  gənc  və  yeniyetmələrdə  mənəvi  dəyərlərin 

formalaşmasına çox güclü təsir göstərir. Bu kontekstdə televiziya xüsusi rol oynayır. Televiziya 

ekranlarından  başqa  xalqlara  xas  mədəniyyəti,  həyat  tərzini  təbliğ  edən  filmlərin  nümayişi 

nəticəsində  gənclərin  Qərbdəki  həyat  standartlarına  yönlənməsi  müşahidə  olunur.  Tədqiqatçılar 

hesab  edirlər  ki,  məhz  bunun  təsiridir  ki,  son  dövrlərdə  gənclər  asan  yolla,  daha  az  səy 

göstərməklə  uğur  qazanmaq,  varlanmaq,  vəzifə  tutmaq  istəyirlər.  Bu  da  get-gedə  maddiyyata 

daha  çox  önəm  verilməsinə,  mənəviyyat,  vətənpərvərlik,  milli  dəyərlərə  hörmət  kimi  hisslərin 

arxa plana keçməsinə səbəb olur [3].    

Cəmiyyətdə  informasiyalaşdırma  proseslərinin  sürətlənməsi  ilə  informasiya  mühitinin 

insanların psixikasına, onların cəmiyyətdə və şəxsi həyatdakı davranışına, milli-mənəvi və dini 

dəyərlərə  münasibətinə  təsiri  daha  çox  hiss  edilməyə  başladı.  Ona  görə  də  XXI  əsrin 

əvvəllərindən  başlayaraq  informasiya-psixoloji  təhlükəsizlik  yeni  qlobal  problem  kimi  dərk 

edilməkdədir.  İnformasiya-psixoloji  təhlükəsizliyi  dedikdə,  şəxsiyyətin,  müəyyən  qrupun  və  ya 

bütöv  cəmiyyətin  informasiya-psixoloji  təsirlərdən  qorunma  səviyyəsi  nəzərdə  tutulur  [4,5]. 

İnformasiya-psixoloji  təhlükəsizliyə  ictimai  rəyin  manipulyasiyası,  reklam  və  virtual  oyunlarla 

təsir, neqativ məzmunlu məlumatların təsiri aid edilir.  

Tədqiqatçılar qeyd edir ki, şüurun manipulyasiyası insanın yalnız sosial davranışına deyil, 

onun sağlamlığına da çox ciddi təsir göstərir. Məsələn, televiziya ekranlarından davamlı olaraq 

neqativ məzmunlu informasiyanı (zorakılıq, qəddarlıq, dağıdıcılıq və s.) qəbul etmək insanların 

psixikasını  deformasiyaya  uğradır,  onları  aqressivləşdirir.  Eyni  zamanda,  müntəzəm  neqativ 

psixoloji təsir insan orqanizminin müqavimətini zəiflədir və immun sisteminə zərər vurur.    




İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

34                                                                  www.jpis.az 



 

Xüsusi  informasiya  texnologiyalarının  köməyi  ilə  ictimai  rəyin  manipulyasiyası  hazırda 

siyasi mübarizədə yüksək səmərəli vasitə hesab olunduğu üçün müxtəlif ölkələrdə geniş istifadə 

edilir ki, bu da yalnız şəxsiyyət üçün deyil, həmçinin cəmiyyət və dövlət üçün təhlükə törədir.  

Bazar  iqtisadiyyatının  prinsiplərinə  uyğun  olaraq  KİV-in  kommersiyalaşması  nəticəsində 

televiziya ekranlarından insanların üzərinə reklam axını gəlir. Bunu “insanların şüuruna icazəsiz 

daxilolma”  da  adlandırmaq  olar.  Televiziyada  hökmranlıq  edən  “reklam  fasiləsi”  prinsipi, 

əslində, insan hüquqlarına ziddir və azad seçim hüququnun pozulması deməkdir [6].  

İnsanlar  elektron  poçt  və  mobil  telefon  vasitəsilə  də  çoxlu  sayda  reklam  xarakterli 

məlumatlar alırlar. Belə məlumatların neqativ təsiri ondan ibarətdir ki, özlərinin razılığı olmadan 

göndərilən  bu  reklamlar  insanları  qıcıqlandırır.  Digər  tərəfdən,  bu  məlumatlarda  göstərilən 

ünvana daxil olmaq və ya telefona zəng etmək insanın vaxtını alır. Nəticədə aqressiya və qəzəb 

kimi mənfi emosiyalar yaranır ki,  bu da insan orqanizminə fiziki zərər vurur. Bəzən də insanlar 

reklamın  təsiri  ilə  əslində  onlara  heç  də  lazım  olmayan  hər  hansı  əmtəə  və  ya  xidmətə  pul 

xərcləyirlər.  

İnformasiyanın  insana  təsirinin  mənfi  nəticələrindən  biri  də  kiberxəstəliklərdir.  Onlara 

insanların  televiziyadan  və  İnternetdən  psixoloji  asılılığını  misal  göstərmək  olar  [7].  Hazırda 

gənclərin  kompüter  oyunlarına  aludəçiliyi  olduqca  narahatlıq  doğurur.  Bu  oyunların  çoxu 

aqressivliyi,  qəddarlığı  və  zorakılığı  təbliğ  edir.  İnformasiya  inkişafı  yüksək  olan  ölkələrdə  bu 

daha  çox  yayılıb  və  cəmiyyətin  informasiyalaşdırılmasının  mənfi  təzahürlərindən  biri  kimi 

qiymətləndirilir.  

Çin alimlərinin araşdırmalarına görə, İnternetə həddən artıq aludəçilik beynin ağ cisminin 

strukturunda  olan  anomaliyalarla  əlaqədardır.  Çin  Elmlər  Akademiyasının  alimlərinin  PLoS 

ONE  adlı  on-layn  jurnalda  nəşr  etdikləri  məruzədə  qeyd  edilir  ki,  bu  pozğunluq  beynin 

emosiyaların  yaranmasında və emalında, konfliktlərin aşkar edilməsində və həllində, qərarların 

qəbulunda    iştirak  edən  hissələrini  birləşdirən  ağ  cismin  liflərinin  strukturunun  pozulması  ilə 

xarakterizə edilir [8].   

Şəxsiyyətin  informasiya  təhlükəsizliyinin  mühüm  məsələlərindən  biri  də  fərdi 

məlumatların  qorunması  ilə  bağlıdır.  Hazırda  müxtəlif  informasiya  sistemlərində  insanlar 

(onların  məşğuliyyəti,  mülkiyyəti,  pul  vəsaitləri,  xəstəlikləri,  səfərləri  və  s.)  haqqında  müxtəlif 

məlumatların  toplanması  və  saxlanılması  onları  informasiya  baxımından  “şəffaflaşdırır”.  Belə 

olan  halda  həmin  məlumatlardan  istifadə  edərək  insanlara  zərər  vurmaq  təhlükəsi  yaranır.  Ona 

görə  də  bir  sıra  ölkələrdə  “informasiya  ombudsmanı”,  “informasiya  tribunalı”  kimi  institutlar 

fəaliyyət  göstərir.  İnformasiya  ombudsmanları  BMT-nin  Ümumdünya  İnsan  Hüquqları 

Bəyənnaməsinin  həm  19-cu  (informasiya  azadlığı),  həm  də  21-ci  (fərdi  məlumatların  mühafizə 

vəziyyəti) maddələrinin reallaşdırma vəziyyətinin monitorinqini həyata keçirir [9].  

İnformasiya  məkanında  insanın  məruz  qaldığı  təhlükələrdən  biri  də  informasiya 

cinayətkarlığıdır.  Bura  İnternet  vasitəsilə  törədilən  cinayətləri  də  aid  etmək  olar.  İnternetin 

identifikasiya mexanizmi insanın əməliyyatları anonim olaraq həyata keçirməsinə, özünü başqa 

şəxs kimi qələmə verməsinə, bioqrafik məlumatlarını və ya sosial statusunu dəyişməsinə imkan 

verir. Bu da cinayətlərin daha asan və təhlükəsiz olaraq reallaşdırılması üçün zəmin yaradır. 

Bəzən  də  insanlar  bilməyərəkdən  özlərinə  qarşı  cinayət  törədilməsinə  şərait  yaradırlar. 

Məsələn, sosial  şəbəkələrdə  qeydiyyatdan keçən insanlar özlərinə  və  ailə  üzvlərinə aid  olan bir 

sıra  şəxsi  məlumatlarını  burada  yerləşdirirlər  ki,  bu  da  bədniyyətlilər  tərəfindən  onlara  qarşı 

cinayətlərin hazırlanması və törədilməsi üçün istifadə edilə bilər. 

Son  dövrlərdə  mobil  telefonla  çəkilmiş  videoların  oğurlanması  və  sonra  hər  hansı  vəsait 

müqabilində  və  ya  sahibinə  ziyan  vurmaq  (hörmətdən  salmaq,  biabır  etmək  və  s.)  məqsədilə 

İnternetdə  yerləşdirilməsi  halları  geniş  yayılmışdır.  İnternet  vasitəsi  ilə  başqasının  şəxsi 

yazışmalarına müdaxilə etmək, onun şəxsi məlumatlarına baxmaq mümkündür. İnternet insanları 

təhqir  etmək  üçün  də  geniş  şərait  yaradır.  Müxtəlif  sosial  şəbəkələrdə,  forum  və  çatlarda, 

elektron materiallara verilən rəylərdə təhqiramiz ifadələrə tez-tez rast gəlinir [10]. 

İnformasiya  təhlükəsizliyi  problemlərinin  içərisində  informasiya  müharibələri  xüsusi  yer 

tutur.  İnformasiya  müharibəsinin  mahiyyəti  ictimai  fikrə  təsir  etməklə  insanları  idarə  etmək  və 

onları  öz  maraqları  əleyhinə  fəaliyyət  göstərməyə  məcbur  etməkdən  ibarətdir.  Hazırda  bir  çox 



İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

 



       www.jpis.az                                                                      35 

 

ölkələr tərəfindən informasiya müharibəsi siyasi, iqtisadi və digər sahələrdə səmərəli qarşıdurma 



üsulu kimi geniş istifadə olunur.  

İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması mexanizmləri  

Göründüyü  kimi,  informasiya  cəmiyyətinə  keçidlə  əlaqədar  həyata  keçirilən 

informasiyalaşdırmanın  müsbət  aspektləri  ilə  yanaşı,  mənfi  təzahürləri  də  az  deyil.  Bu  da 

şəxsiyyətin  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  bir  sıra  zəruri  tədbirlərin  həyata 

keçirilməsini tələb edir. Bu tədbirlər siyahısına aşağıdakıları aid etmək olar: 

 



informasiya sferasına dair qanunvericiliyin təkmilləşdirilməsini; 

 



informasiya  məkanında  təhlükəsizlik  məsələləri  üzrə  beynəlxalq  əməkdaşlığın  inkişaf 

etdirilməsini;  

 

informasiya təhlükəsizliyinin humanitar problemləri ilə bağlı elmi araşdırmalara xüsusi 



diqqət ayrılmasını; 

 



insanlarda  informasiya  təhlükəsizliyi  mədəniyyətinin  formalaşdırılmasını  və  təhlükəli 

informasiya təsirlərindən qorunma bacarıqlarının inkişaf etdirilməsini. 

Qeyd  edilən  tədbirlərin  hər  biri  vacib  olsa  da,  informasiya  mədəniyyətinin 

formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilməlidir. Vətəndaşların informasiya sferasındakı 

yeni  təhlükələrdən  məlumatlı  olmaması  ölkədə  informasiya  cəmiyyətinin  lazımi  inkişafını  da 

çətinləşdirə  bilər.  Çünki  əhali  və  biznes  sektoru  üçün  çoxsaylı  elektron  xidmətlərin  tətbiq 

imkanları birbaşa əhalinin informasiya mədəniyyətinin səviyyəsindən asılıdır [11].   

Təsadüfi  deyil  ki,  2003-cü  ildə  BMT  tərəfindən  “Qlobal  informasiya  təhlükəsizliyi 

mədəniyyətinin  yaradılması”  haqqında  qətnamə  qəbul  edilmişdir  [12].  Qətnamədə  informasiya 

sistemlərini  və  şəbəkələrini  yaradan,  idarə  edən  və  onlardan  istifadə  edən  dövlət  orqanları, 

müəssisə  və  təşkilatlar,  eləcə  də,  fərdi  istifadəçilər  üçün  tələblər  müəyyənləşdirilmişdir.  Bu  da 

onu  göstərir  ki,  informasiya  təhlükəsizliyi  probleminin  həlli  texniki  və  texnoloji  üsul  və 

vasitələrlə yanaşı, həm də insanların mədəniyyətindən asılıdır. 

İnformasiya  təhlükəsizliyi  mədəniyyətinin  mahiyyəti  ilə  bağlı  yanaşmalarda  texnoloji 

aspekt  üstünlük  təşkil  edir.  Son  dövrlərə  qədər  informasiya  təhlükəsizliyi  problemlərinin  həlli 

zamanı texniki və texnoloji üsul və vasitələrin işlənib hazırlanmasına daha çox diqqət ayrılırdı. 

Ona görə də əksər müəlliflər informasiya təhlükəsizliyi mədəniyyətini texnoloji aspektdən izah 

edirlər. Amma fərqli yanaşmalar da mövcuddur. Məsələn, şəxsiyyətin informasiya təhlükəsizliyi 

mədəniyyəti həm də insanın informasiya sferasındakı hüquq və azadlıqlarını (dövlət informasiya 

resurslarına  çıxış  texnologiyalarını  bilməsi,  özünün  şəxsi  sirrini  və  intellektual  mülkiyyətini 

qoruya bilməsi) öyrənməsi və onları reallaşdırmağa qadir olması, sağlamlığı üçün təhlükəli olan 

neqativ informasiya təsirlərini ayırd edə bilməsi və onlardan qorunma texnologiyalarını bilməsi 

kimi izah olunur [13].  

Digər  bir  yanaşmada  isə,  informasiya  təhlükəsizliyi  informasiya-texniki  və  informasiya-

ideoloji  təhlükəsizliyin  məcmusu  kimi  nəzərdən  keçirilir.  Bu  yanaşmaları  ümumiləşdirərək 

demək  olar  ki,  informasiya  təhlükəsizliyinə  dair  texniki  bilik  və  bacarıqlar,  insanın  mənəvi-

psixoloji  sağlamlığı  üçün  təhlükəli  olan  informasiya  təsirləri  və  onlardan  qorunma  üsulları 

barədə  bilik  və bacarıqlar, informasiya resurslarından istifadə  zamanı hüquqi  və  etik normalara 

əməl  edilməsi  insanın  informasiya  təhlükəsizliyi  mədəniyyətinin  əsasını  təşkil  edir.  Yəni 

informasiya  təhlükəsizliyi  mədəniyyətinin  strukturuna  informasiya  təhlükəsizliyi  sahəsində 

texnoloji  mədəniyyət,  informasiya-psixoloji  mədəniyyət,  eləcə  də,  hüquqi-etik  mədəniyyətin 

komponentləri daxildir.  

İnformasiya məkanında təhlükəsiz davranmaq üçün texnoloji mədəniyyət böyük əhəmiyyət 

daşıyır. Hazırda informasiyanın toplanması, emalı və ötürülməsi proseslərinin kompüter, İnternet 

və  digər  texniki  qurğulardan  istifadə  edərək  həyata  keçirilməsi  konfidensial  informasiyanın 

başqalarının  əlinə  keçməsi  təhlükəsini  artırır.  Ona  görə  də  informasiya  sistemləri  ilə  işləyən 

mütəxəssislərlə  yanaşı,    istifadəçilərin  də  informasiya  təhlükəsizliyi  sahəsində  texniki  bilik  və 

bacarıqları (virusların törətdiyi fəsadlar və onlardan qorunma üsulları, təhlükəsizlik parollarından 

istifadə və s.)  lazımi səviyyədə olmalıdır ki, təhlükəsizliklə bağlı problemlər yaranmasın. 



İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

36                                                                  www.jpis.az 



 

İnformasiya  məkanında  dövr  edən  müxtəlif  məzmunlu    informasiya  axınlarının  insanın 

psixikasına neqativ təsiri müasir cəmiyyətdə insanın psixoloji təhlükəsizliyinin təmin edilməsini 

zəruri  edir.  İnsanların  şəxsi  və  peşə  tələbatlarını  ödəmək  üçün  həyata  keçirdikləri  informasiya 

prosesləri  zamanı  məruz  qaldıqları  təhlükələr  onların  mənəvi-psixoloji  sağlamlığına  zərər 

vurmaqla  bərabər,  ölkənin  milli  təhlükəsizliyini  də  təhlükə  altında  qoya  bilər.  Şüurun 

manipulyasiyası, zərərli ideologiyaların, baxışların təbliğ edilməsi, informasiya müharibələri və 

bu kimi informasiya təhlükələri, əslində, millətin varlığının əsas dayaqlarından olan milli-mənəvi 

dəyərlər sisteminin dağıdılması üçün nəzərdə tutulmuş gizli virus rolunu oynayır. Vətəndaşlar bu 

tip  təhlükələr,  onların  mənbələri,  növləri,  törədə  biləcəyi  fəsadlar  barədə  məlumatlı  olmalı,  bu 

təhlükələrdən  qorunma  üsulları  haqqında  bilik  və  bacarıqlara  yiyələnməlidirlər  ki,  öz 

təhlükəsizliklərini təmin edə bilsinlər.  

İnformasiya  məkanına  məxsus  etik  və  hüquqi  normalar  (intellektual  mülkiyyət,  müəllif 

hüquqları,  piratçılıq,  elektron  ünsiyyət  vasitələridən  istifadə  qaydaları  və  s.)  barədə  bilik  və 

bacarıqlar  da  informasiya  təhlükəsizliyi  mədəniyyətinin  tərkib  hissəsi  hesab  edilə  bilər.  Çünki 

bilməyərəkdən və ya qəsdən bu normalara əməl edilməməsi başqalarının hüquqlarının pozulması 

və ya onların sağlamlığına zərər dəyməsi ilə nəticələnə bilər.  

İnsanların  informasiya  fəaliyyəti  genişləndikcə  uyğun  olaraq  informasiya  təhlükələrinin 

sayı  da  artacaq.  Bu  təhlükələrin  qarşısının  alınması  üçün  əhalinin  məlumatlılıq  səviyyəsinin 

artırılmasına,  onların  maarifləndirilməsinə  yönəlmiş  tədbirlər  görmək  lazımdır.  Cəmiyyətin 

informasiya  təhlükəsizliyi  mədəniyyətinin  səviyyəsinin  kütləvi  şəkildə  yüksəldilməsi  tədris 

vasitəsilə mümkün ola bilər.  

Dünyanın  qabaqcıl  ölkələrinin  ali  məktəblərində  bu  məqsədlə  “İnformasiya  cəmiyyəti” 

fənni tədris olunur. Bu fənn çərçivəsində cəmiyyətin informasiyalaşdırılması proseslərinin sosial 

aspektləri, həmçinin  yeni  informasiya mühitində  bu proseslərin insanların həyat  və fəaliyyətinə 

təsiri öyrənilir. Ölkəmizin ali təhsil sistemində də bu problemlərin öyrənilməsi olduqca aktualdır. 

İnformasiya cəmiyyətinin müxtəlif problemlərinin tədris edilməsi sahəsində AMEA  İnformasiya 

Texnologiyaları  İnstitutunun  təcrübəsindən  istifadə  etmək  olar.  İnstitutda  neçə  illərdir  ki,  Bakı 

Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları” 

fənninin  tədrisi  həyata  keçirilir.  Bu  fənn  çərçivəsində  informasiya  mədəniyyəti,    informasiya 

təhlükəsizliyi,  informasiya  müharibələri,  İnternet  asılılığı  kimi  mövzular  tədris  edilir. 

“İnformasiya cəmiyyətinin əsasları” kursunun ölkəmizin bütün ali məktəblərində tədris edilməsi 

üçün zəngin təcrübə əldə edilmişdir.   

Nəticə 

Sivilizasiyanın  müasir  inkişaf  mərhələsi  olan  informasiya  cəmiyyətinə  keçid,  bütün 

fəaliyyət  sahələrinin  informasiyalaşdırılması  prosesləri  çox  sürətlə  gedir.  Lakin  insanların  bu 

cəmiyyətdəki  həyat  şəraitinə  hazırlanması  həmin  proseslərdən  xeyli  geridə  qalır.  Daha  çox 

informasiya

 

fəaliyyəti  ilə  məşğul  olan,  elektron  xidmətlərdən  istifadə  edən  vətəndaşlar  yeni  tip 



təhlükələrlə üz-üzə qalırlar və onlar bu təhlükələrlə mübarizə üsullarını bilmirlər.  

Yalnız  yüksək  informasiya  mədəniyyətinə  malik  olan  insan  informasiya  təhlükələrinin 

neqativ  təsirlərindən  sığortalana  bilər.  İnformasiya  təhlükəsizliyi  mədəniyyətinə  insanın  infor-

masiya  cəmiyyəti  şəraitindəki  yaşayışa  adaptasiya  mexanizmi  kimi  baxılmalıdır  və  kiçik 

yaşlardan başlayaraq hər kəsə bu mədəniyyət aşılanmalıdır.  

 



İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

 



       www.jpis.az                                                                      37 

 

Ədəbiyyat 

1.

 

Шапцев  В.А.  Информационная  экология  человека.  Постановка  проблемы  // 



Математические структуры и моделирование, 1999, вып.3. c.125-133. 

2.

 



Toffler A. Future Shock, New York, Random House, 1975, 562 p. 

3.

 



Воропаева А.В., Старовойтова Е.Н. Современные средства массовой информации как 

система 


формирования 

и 

трансляции 



социальных 

норм 


и 

ценностей,  

http://www.gosbook.ru/node/57586 

4.

 



Грачев  Г.В.  Информационно-психологическая  безопасность  личности:  состояние  и 

возможности психологической защиты, М., Изд-во РАГС, 1998, 125 с. 

5.

 

Колин  К.К.  Информационная  безопасность  как  гуманитарная  проблема //  Открытое 



образование, М., 2006,  № 1, с. 86-93. 

6.

 



Ковалева  Н.  Н.  Информационное  право  России.  Учебное  пособие,  М.,  Издательско-

торговая корпорация «Дашков и Ко», 2007, 148 с.  

7.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnformasiya  asılılığı  problemləri  və  onlarla  mübarizə 



yolları,  Ekspress-informasiya.  İnformasiya  cəmiyyəti  seriyası,  Bakı,  “İnformasiya 

texnologiyaları” nəşriyyatı, 2009, 62 səh. 

8.

 

http://www.computerworld.ru 



9.

 

Əliquliyev R.M., İmamverdiyev Y.N., Yusifov F.F. Cəmiyyətin informasiya təhlükəsizliyinə 



dair bəzi konseptual baxışlar // İnformasiya cəmiyyəti problemləri,  №2 (4), 2011, c. 3-9. 

10.


 

Дремлюга. Р.И. Интернет-преступность. Mонография, Изд-во Дальневост. ун-та, 2008, 

240 с. 

11.


 

Р.М.Алгулиев, 

Р.Ш.Махмудова. 

Структурный 

подход 

к 

формированию 



информационной культуры личности // Открытое образование, №4, 2011, стр. 64-74.  

12.


 

Создание глобальной культуры безопасности, 2002, http://www.un.org 

13.

 

Астахова  Л.В.  Сущность  понятия  «Культура  информационно-психологической 



безопасности»  и  ее  формирование  у  студентов  ВУЗА  /  Экономика.  Информатика. 

Безопасность,  сборник  научных  трудов  Международной  научно-практической 

конференции, Челябинск: Изд-во ЮУрГУ.  2006,  c. 93-99. 

 

 



 

 

 



 

 

 




İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38 

 

38                                                                  www.jpis.az 



 

УДК 004.056; 316.7 

Махмудова Расмия Ш. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

rasmahmudova@gmail.com 

О проблемах формирования культуры информационной безопасности  в обществе 

Исследованы виды существующей  информационной опасности и их негативное влияние 

на  морально-психологическое  здоровье  человека.  Предложены    рекомендации  для 

формирования культуры информационной безопасности в обществе.  



Ключевые  слова:    культура  информационной  безопасности,  информационные  влияния, 

информационные опасности, информационная безопасность личности. 

 

Rasmiya Sh. Mahmudova 

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

rasmahmudova@gmail.com 



About the formation security culture in society 

The available information security threats at the time and their negative impacts on a person’s 

moral and psychological health are analyzed. Proposals and recommendations for the formation 

of information security culture in society are given. 



Keywords: culture of information security, informational influence, information risk, information 

security of the person. 

 

 



Yüklə 86,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə