Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr



Yüklə 0,84 Mb.
səhifə1/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
  1   2   3   4   5   6   7   8   9


Uğursuz plan
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu il fitnəsi haqda çıxışlarından seçmələr

Tərcümə edən: Məhəmmədəli Hərəndli

Birinci fəsil: Onuncu prezident seçkiləri


Ölkənin daxili məsələlərindən biri də qarşıdan gələn seçkilərdir; bu barədə də danışmaq istəyirəm. Əlbəttə, seçkilərə hələ qalıb, əgər yaşasaq, lazım bildiyim sözləri əziz xalqımıza deyəcəyəm; gec deyil. İndi isə bir neçə məqama toxunmaq istəyirəm.
Seçkilərin əhəmiyyəti

Seçkilər İslam quruluşunun təməlidir!

Əvvəla bizim ölkəmizdə seçkilər simvolik bir hərəkət deyil. Bizim quruluşumuzun təməli bu seçkilərdir. Təməllərdən biri budur. Dini demokratiya sözlə hasil olmur. Dini demokratiya xalqın iştirakı, iradəsi, xalqın ölkənin hadisələri ilə düşüncə, ağıl və emosiya rabitəsi ilə yaranır. Bu da düzgün və ümumi bir seçkilər keçirilmədən və xalqın geniş iştirakı olmadan mümkün deyil. Bu demokratiya İran xalqının başucalığının amilidir.

Bu otuz il ərzində sizin böyük güclərin nərəsindən qorxmamanız, onların sizə əsaslı bir zərbə vura bilməməsi, ölkə gənclərinin müxtəlif sahələrdə belə şücaət və ixlas nümayiş etdirməsi dini demokratiyadan irəli gəlir. Mütləq bunun qədrini bilməliyik.

Seçkilər İran xalqının möhtəşəm sərmayə qoymasıdır. Sanki siz bankda böyük sərmayə yatırırsınız, bank onunla işləyir və siz qazancından istifadə edirsiniz. Seçkilər də belə bir şeydir. İran xalqı çoxlu sərmayə qoyur, böyük investisiya yatırır və onun qazancından bəhrələnir. Xalqın hər bir fərdinin səsi həmin sərmayə qoyuluşunda və investisiyada iştirak edir. Sizin qutuya saldığınız hər bir səs sanki investisiyanı təmin etdiyiniz pulun bir hissəsidir. Bir səs də əhəmiyyətilidir.

Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin qarşısındakı əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər. İran xalqının seçkilərdə iştirak etməsi onun əzəmətini nümayiş etdirir. Seçkilər budur. Mən bütün seçkilərdə xalqa birinci növbədə bunu deməyə çalışıram ki, sizin seçkidə iştirak etməniz mühüm məsələdir. Bu, İslam Respublikası quruluşunu təsdiq etmək və onu gücləndirməkdir.

Məsələ yalnız siyasi, fərdi və əxlaqi bir məsələ deyil, kompleks bir məsələdir. Seçkilər xalqın taleyi ilə əlaqədardır; xüsusən də prezident seçkiləri və ölkəni bir neçə il idarə etmək üçün icra hakimiyyətini bir nəfərə və bir qrupa tapşırmaq. Seçkilər bu qədər əhəmiyyətlidir.1


Ölkənin həssas, mühüm və taleyüklü məsələsi

Seçkilər bizim ölkəmizin həssas, mühüm və taleyüklü məsələsidir; istər parlament seçkiləri, istər Dini Ekspertlər Məclisinin seçkiləri, istər xüsusən də bir neçə gündən sonra keçiriləcək prezident seçkiləri. Mən seçkilərlə bağlı bir neçə məsələ haqda danışmaq istəyirəm.

Birinci məsələ budur ki, əcnəbi radiolar xalqı ruhdan salmaq üçün iki-üç ay öncədən ölkəmizdə keçirilən seçkiləri pisləməyə və gözdən salmağa başladılar. Bəzən dedilər ki, bu, seçki deyil, təyinatdır; bəzən dedilər ki, hökumət tərəfindən idarə olunan bir oyundur və namizədlərin özləri oyun oynayırlar; müxtəlif namizədlərin bir-biri ilə fikir ayrılıqlarının olduğunu görürsünüz, amma bunların hamısı yalandır, oyundur. Bəzən dedilər ki, seçkilər mütləq saxtalaşdırılacaq. Hər dəfə bir söz dedilər. Bütün bu təxribatlarda məqsəd bir şeydir: xalq seçkilərdə fəal iştirak etməsin. Onlar bunu istəyirlər. Mənim əzizlərim! Əziz İran xalqı! Ayıq və sayıq İran xalqı! Bu otuz ildə bütün çətin keçidlərdən keçən təcrübəli İran xalqı! Bilin ki, onlar sizin demokratiyanıza müxalifdirlər.2
İran xalqının düşmənlərin gözü önündə verdiyi böyük imtahanı

Bir səs də əhəmiyyətlidir. Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin gözündə əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər.3

Seçkilər İran xalqının düşmənlərin gözü önündə verdiyi böyük imtahanlarından biridir. Buna görə bizim seçkilərimiz üzərində bu qədər həssaslıq göstərirlər. İran xalqının düşmənlərinin informasiya şəbəkələri təxminən bir il öncədən mülayim şəkildə bu seçkilərin əleyhinə danışmağa və mətləb hazırlamağa başladılar. Təhlükəsizlik şəbəkələri də informasiya toplamaqla, fərziyyə və təklif irəli sürməklə məşğul oldular. Onlar bu seçkilər üzərində həssasdırlar. Siz bu gün də İran xalqına kin və ədavət bəsləyən müxtəlif xarici media qurumlarının xəbərlərinə baxsanız, bizim seçkilərimizə laqeyd qalmadıqlarını və öz qərəzlilikərini ortaya qoyduqlarını görərsiniz.4
Milli başucalığı

Seçkilər bizim milli inkişaf göstəricilərimizdən biri və milli başucalığımıza vasitədir. İran xalqının həvəs, şüur, kamil dərk və məlumatla seçki məntəqələrinə getməsinin mənası nədir? Mənası budur ki, xalq özü üçün səsvermə hüququ və gücü tanıyır, ölkənin gələcəyində rol oynamaq, ölkənin məmurlarını və əsas idarəçilərini seçmək istəyir.5

Əziz qardaş və bacılar! İslam başıuca və dinamik bir cəmiyyət yaratmaq üçün bəzi xüsusiyyətləri nəzərdə tutmuş və onlara çatmaq yolunu tarix boyu bütün müsəlman xalqlara və İslam ümmətinə izah etmişdir. Bu əlamət və xüsusiyyətlərdən biri milli başucalığıdır, izzətdir. Bir fərdin xar deyil, izzətli olmaq istədiyi kimi, bir xalqın böyük arzularından biri də izzətli olmaq və xar olmamaqdır. Milli başucalığı nədir? Milli başucalığı bir xalqın həqarət hissi keçirməməsindən ibarətdir. İzzət hissinin əksi həqarət hissidir. Bir xalq öz daxilinə - sərvətlərinə, tarixinə, tarixi irslərinə, özünün insan və düşüncə potensialına baxdıqda izzət və qürur hissi keçirsin, həqarət və xarlıq duymasın. Bu, bir xalq üçün mühüm məsələlərdəndir. Quran müxtəlif yerlərdə buna işarə vurmuşdur: "Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətlilər (münafiqlər) ən xar olanları (Peyğəmbəri və ona iman gətirənləri) mütləq oradan çıxaracaqlar!” – deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!" Münafiqlər öz-özlərinə danışırlar ki, biz izzətliyik və xar olan müsəlmanları Mədinədən xaric edəcəyik. Allah Peyğəmbərə (s) vəhy etdi ki, bunlar belə deyirlər, lakin möminlərin izzətli olduğunu anlamır, bilmirlər; izzət Allaha, onun Peyğəmbərinə (s) və Allaha iman gətirənlərə məxsusdur. Bu, həmişə İslam ümmətinin gözü önündə durası parlaq bir tablodur: milli başucalığı. Əgər bir xalq başucalığı hissi keçirməsə, yəni öz sərvətlərinə, adət-ənənələrinə, dilinə, əlifbasına, tarixinə, fəxrlərinə və böyüklərinə həqarət gözü ilə baxsa, onları kiçik saysa, özünün bir şeyi olmadığını duysa, bu xalq asanlıqla əcnəbilərin istismarı altına düşəcək.

Müstəmləkəçilər 16-17-ci əsrlərdən, Şərq, o cümlədən müsəlman torpaqlarına daxil olduqları zamandan bu xalqların əl-ayaqlarını əsarət kəməndi ilə möhkəm bağlayıb özlərinə əsir etmək üçün onları öz keçmişlərinə, sərvətlərinə, məzhəblərinə, adət-ənənələrinə və geyimlərinə qarşı bədbin etməyə başladılar. Bunlar ibarətamiz məsələlərdir. İş elə bir yerə çatdı ki, Məşrutə dövrünün əvvəllərində bu ölkədə bir ziyalı dedi ki, iranlı başdan-ayağa avropalaşmalıdır; yəni dinini, əxlaqını, geyimini, əlifbasını, keçmişini və fəxrlərini kənara qoymalı, unutmalı, Qərb mədəniyyətini, Qərbin adət-ənənələrini, təfəkkürünü və davranış tərzini qəbul etməlidir. Dinə arxa çevirənlər ölkəmizdə bu rəzil sözü dedilər. Bəllidir ki, bir ölkə hər şeyini əldən verib daxilən boşaldıqda İngiltərə müstəmləkəsi onun hər bir şeyinə - neftinə, ordusuna, sərvətinə və siyasətinə asanlıqla hakim ola bilər. Pəhləvi dövründə iş elə bir həddə çatmışdı ki, xain şah kimisə Baş nazir təyin etmək istəyəndə İngiltərənin və sonralar Amerikanın səfiri ilə söhbət etməyə, əslində isə onlardan icazə almağa məcbur idi. Bu bizim dərdli keçmişimizdir. Bu, milli başucalığının əks tərəfidir. Asılı və fəsadçı diktatorların hakimiyyəti İran xalqını izzət kürsüsündən endirdi; nə onun elmini inkişaf etdirdilər, nə dünyasını abadlaşdırdılar, hətta axirətini də alıb əyninə əsarət donu geydirdilər. İslam inqilabı belə bir vəziyyətə qarşı qiyam etdi. İslam inqilabı və Böyük İmam belə böyük bir bəlanın qarşısında dayandı və İran xalqı bu yolda canını fəda edib qələbəyə çatdı.

Bir xalqa belə bir ruhiyyə hakim olduqda o ölkənin siyasi rejimi və həmin xalq təbii olaraq kölə kimi olur; öz xalqı qarşısında yırtıcı it və qaniçən canavar kimi, düşmənlər qarşısında isə sakit bir quzu kimi. Rza xan xüsusən şahlığının ikinci yarısında öz xalqına qarşı çox kobud rəftar edirdi, xalqın nəfəs almaq cürəti yox idi, öz evləri daxilində ata övlada və övlad ataya inanmırdı, amma ingilislərin "taxtdan en" mesajı ilə ölü bir siçan kimi hakimiyyəti buraxdı və ölkədən getdi; Məhəmmədrza Pəhləvi də həmçinin. Məhəmmədrza Pəhləvi altmış və yetmişinci illərdə bu xalqa, mübarizlərə və azadlıq istəyənlərə qarşı heç bir şeyi nəzərə almadan ən sərt və kobud təzyiqlər göstərdi, amma həmin adam ABŞ və İngiltərənin səfirləri önündə təzim edir, sözlərini dinləyirdi; bundan xoşlanmırdı, amma məcbur idi. Milli başucalığından məhrum olan bir xalqın hökuməti belə olur.

İslam inqilabının İran xalqına bəxş etdiyi ən əsas məsələlərdən biri izzət hissi idi. Bizim böyük imamımız izzətin timsalı idi. İmam aşkar şəkildə "Amerika heç bir qələt eləyə bilməz" - deyəndə dünyada Amerikanın siyasi və hərbi iqtidarının zirvə dövrü idi. İmam bu xalqa izzət hissini qaytardı; inqilab İran xalqına izzət hissini qaytardı. Bu gün iranlı özünün iranlı və müsəlman olması ilə fəxr edir. Bu gün dünya gücləri də etiraf edirlər ki, onların İran xalqına qarşı təhdidinin, hərbi və siyasi təbliğat kampaniyasının heç bir təsiri yoxdur. İran xalqı seçdiyi yolu qüdrətlə gedəcək və məqsədinə çatacaq.

Mühüm olan bu milli başucalığını qorumaqdır. Mənim qardaş və bacılarım! Əziz Kürdüstan əhalisi və böyük İran xalqı! Buna hamımız diqqət yetirək, bu milli başucalığını qoruyaq. Milli başucalığı yalnız dillə, iddia ilə və şüarla qorunmur. Əgər bu gün İran xalqı başıucadırsa, dünyanın böyük siyasi məsələlərində nüfuzu varsa, səbəbi onun imanında, əməlində, təşəbbüsçülüyündə, şücaətli hərəkətində, vəhdət və birliyindədir. Bu amillərin hansını əldən versək, bizim başucalığımız təhdid olunacaq. Əgər biz öz birliyimizi və imanımızı əldən versək, Allahın lütfü ilə bu gün bütün xalqda, xüsusən də gənc nəsildə duyulan iş və fəaliyyət həvəsini əldən versək, başucalığımızı əldən verəcəyik. Bu, siyasi hadisələrin xüsusən gənclər üçün təhlilinə dair mühüm bir məqamdır.6

İmamın tövsiyələrinə, şüarlarına, xalqdan, məmurlardan və bütün dünya müsəlmanlarından etdiyi tələblərə kompleks nəzər saldıqda onun əlində iki uca bayraq görürük. Bizim böyük imamımız ölkəmizdə və İslam dünyasında yaratdığı bu əzəmətli hərəkatda həqiqətən iki bayrağı ucaltdı və yüksəkdə saxladı: bir bayraq İslamın dirçəlişi, bu əzəmətli və tükənməz gücü fəallaşdırmaq bayrağı, ikinci bayraq isə İranın və iranlının izzət və başucalığı bayrağıdır. Bizim böyük imamımız qüdrətli əlləri ilə bu iki bayrağı ucaltdı. İmamın dəvətinin və hərəkatının bir cəhətini təşkil edən birinci bayraq böyük İslam ümmətinə aiddir. İkinci bayraq da İran xalqına, İrana və iranlıya aid olsa da, İslamın həyatverici rolunun əməli təcrübəsi kimi İslam ümməti üçün ümidverici və hərəkət oyadandır. Çünki bu böyük hərəkat İranda İslam oyanışının və İslamın həyata keçməsinin əməli təcrübəsi idi. Buna əsasən, birbaş İrana və iranlıya aid olsa da, onun nəticəsi yenə də İslam ümməti üçün dəyərli və əhəmiyyətlidir.

İkinci cəhət İranın və iranlının başucalığına aiddir. Bu ikinci hissədə bizim böyük imamımızın gördüyü ilk və ən mühüm iş həqarət hissini İran xalqında yox etmək, onların ruhundan silmək idi. Bu çox mühüm məsələdir. Bizim xalqımız 100-150 il öncədən müxtəlif amillər səbəbindən həqarət hissi keçirirdi, özünü kiçik sayırdı; Qacarlar dövründəki müharibələrdən, ağır məğlubiyyətlərdən və həmin dövrdə müxtəlif şəhərlərin itirilməsindən tutmuş Pəhləvi dövrünə, Rza xanın zamanına, heç kimə nəfəs almaq imkanı verməyən diktaturaya və xalqa qarşı zor tətbiqinə qədər, birinci Pəhləvi dövründən sonra Məhəmmədrza xanın dövrünə, amerikalıların müdaxiləsinə, SAVAK və Təhlükəsizlik komitəsinin yaradılmasına, xalqa qarşı kobud rəftara və xalqın daha heç bir gücünün qalmadığını hiss etməsinə qədər. İran xalqı bir neçə mühüm məsələdə məğlubiyyət hissi keçirdi; Məşrutə məsələsində qələbə çaldıqdan sonra məğlubiyyətə uğradı. Milli hərəkat məsələsində yenidən möhtəşəm bir hərəkət etdi, lakin başçı və rəhbərlər onu qoruya bilmədilər və İran xalqı məğlub oldu. Sonra 1954-cü ildən 1978-ci ilə qədər sürən 24 il ərzində xalqa ağır bir diktatura rejimi hakim oldu. Xalqda daha heç bir həvəs qalmamışdı.

Digər tərəfdən, əksəri zalım hökumətin işçiləri olan qərbpərəst ziyalılar öz sözləri və əməlləri ilə xalqı başa salmışdılar ki, sizin bacarığınız yoxdur, heç bir iş bacarmırsınız, gərək digərlərini yamsılayasınız; elmdə yamsılayasınız, sənayedə yamsılayasınız, mədəniyyətdə yamsılayasınız, geyimdə yamsılayasınız, yeməkdə yamsılayasınız, danışmaqda yamsılayasınız. Hətta iş elə bir həddə çatdı ki, bir dəfə "biz əlifbamızı dəyişdirməliyik" - dedilər. Görün bir xalq müstəqillikdən və başucalığından nə qədər uzaq olmalıdır ki, kimlərsə ona "əlifbanı dəyişdirməlisən" - deməyə cürət etsin. Yəni min il elmi irsimizin yazıldığı fars əlifbasını dəyişdirib avropalıların əlifbasını götürək və onları yamsılayaq; vəziyyət bu həddə çatmışdı. İmam gəlib bu həqarət ruhunu məhv etdi. İmam inqilabın qələbəsindən on beş il öncədən on il sonraya qədər müxtəlif formalarda bu xalqa daim özünəinam ruhu aşıladı: siz bacarırsınız, biz bacarırıq, siz qadirsiniz, siz böyüksünüz, siz güclüsünüz.

Bu milli özünəinam hər bir ölkənin inkişafının əsas iki şərtindən biridir. Bir şərt maddi imkanlardır, amma onlar təklikdə kifayət etmir. Bir xalqın böyük maddi imkanları ola, amma inkişaf və tərəqqidən uzaq qala bilər, başıuca və qüdrətli olmaya bilər. İnqilabdan öncə bizim bu neftimiz vardı, qazımız vardı, möhtəşəm və qiymətli filiz mədənlərimiz vardı, parlaq istedadlarımız və güclü insan kapitalımız vardı, amma eyni zamanda dünyada üçüncü dərəcəli, ad-sansız, böyük güclərin qapazı altında, fəsadçı, muzdur və düşmənlərdən asılı bir hökumətin boyunduruğu altında yaşayan bir xalq idik. Deməli, maddi imkanlar kifayət etmir, mənəvi şərtlər də lazımdır. Bu mənəvi şərtlərin ən önəmlilərindən biri özünəinam, bir xalqın öz bacarığına inanmasıdır. İmam bizim xalqımızda bu inamı yaratdı ki, duruş gətirə, müqavimət göstərə, ölkəsini azad edə, özünün yaratdığı quruluşu çox qüdrətlə qoruya, dünyaya və beynəlxalq siyasətlərə təsir göstərə bilər; elə də oldu. Bu, sözügedən milli başucalığıdır. Mən iyirmi gün öncə Sənəndəcdə kürd qardaşlarımızın yanında bu haqda danışdım. Bir ölkə üçün milli başucalığı çox mühüm məsələdir. Bu milli başucalığı yalnız sözdə deyil, həyatımızın bütün sahələrində onun əməli tərcüməsi var.

Ölkə idarəçiliyində milli başucalığı budur ki, bir hökumət, bir quruluş öz xalqına arxalansın, xalqa güvənsin.

İqtisadi məsələlərdə milli başucalığı budur ki, ölkə özünü təmin etməyə qadir olsun, dünyada ehtiyacı olanı ala bilsin. Həmçinin dünyanın da ona ehtiyacı olsun və qarşılığında ondan alsın; məğlub olmasın.

Elmdə milli başucalığı budur ki, xalqın tələbə gənci, tədqiqatçısı, araşdırıcı alimi çalışıb elmin sərhədlərini keçsin və elmi istehsal etsin. Biz bunu Proqramlaşdırma və elm istehsalı hərəkatı adlandırmışıq. Elmi bu həddə çatdıranlar orta istedad baxımından bizdən geridə olmasalar da, öndə olmamışlar. Tarixdə bizim əsrlərlə parlaq elmi keçmişimiz olub, bu gün də elmi istehsal edə bilməli, yaratmalı, kəşf etməliyik və dünya elmində əsas payımız olmalıdır. Bu olur başucalığı.

Müxtəlif siyasətlərdə, digər ölkə, hökumət və böyük güclərlə münasibətdə bir xalqın başucalığı budur ki, onun fikir müstəqilliyi olsun, böyük güclər heç bir məsələdə onu öz iradələrinə tabe etdirə bilməsinlər.

Mədəniyyət sahəsində milli başucalığı budur ki, bir xalq öz ənənələrinə sadiq olsun, dəyər göstərsin, əcnəbi və düşmən mədəniyyətlərin təqlidçisi olmasın. Təəssüf ki, ölkəmiz inqilabdan qabaqkı yüz əlli il, yaxud daha artıq bir müddətdə Qərb mədəniyyətinin dağıdıcı fırtınasına məruz qaldı. Biz hələ də onun təsirlərini görür, əziyyətlərini çəkirik. Milli başucalığı budur ki, bir xalq öz adət-ənənələrinə əhəmiyyətli yanaşsın, hörmət etsin, onlarla fəxr etsin, digərlərinin "siz mürtəcesiniz" deməsinə etina etməsin. Bu gün bəzi Avropa ölkələri elə işlər görürlər ki, onları ağıllı və normal bir insana göstərsəniz, yalnız istehzalı təbəssüm edə bilər. Biz deyirik ki, nə üçün belə edirsiniz? Deyirlər ki, bu bizim ənənəmizdir. Onlar özlərinin köhnə və çürük ənənələrinə sadiq qalırlar, digər xalqlar öz ənənələrinə hörmət edəndə isə onları ələ salırlar. Xeyr, bu özünə inamsızlıq milli başucalığına müxalifdir. Milli başucalığı odur ki, bir xalq digərlərinin mədəniyyəti qarşısında özünü itirməsin. Milli başucalığı budur. Milli başucalığı həyatın bütün sahələrində əks olunur, onun nümunələri görünür.

Ölkə idarəçiliyində və insanlarla münasibətdə milli başucalığı budur ki, bir cəmiyyətdə hər bir insana hörmət olunsun: "Ya sənin din qardaşındır, ya da yaranışda oxşarın (sənin kimi insan)".7 Sizinlə eyni dində olsa da, hörmət etməlisən, eyni dində olmasa da. Cəmiyyətdə kim insandırsa, ona hörmət olunmalıdır. Bu, milli başucalığı yaradır. İmam milli başucalığının bu müxtəlif cəhətlərini tövsiyə edirdi.

İslam quruluşu bu otuz ildə həmin özünəinamla işləmişdir. Düzdür, enişi-yoxuşu olmuş, yıxılıb-qalxmış, amma dayanmamışdır; xalq dayanmamışdır. Bizim xalqımızın bu başucalığı dünyada əks-səda doğurur. Mən bizim xalqımızın öz əsas və prinsiplərinə sadiqliyinə görə dünyada xar olduğunu, gözdən düşdüyünü güman edən şəxslərin sözünü qəbul etmirəm. Əsla belə deyil. Bizim düşmənimiz var. Bizim düşmənlərimiz dünyanın müdaxiləçi və hegemon güclərindən təşkil olunan vahid bir cəbhəni təşkil edirlər. Öz peykləri kimi orbitlərində saxladıqları ölkələrdən biri onların orbitindən xaric olduqda - məsələn, İran ölkəsi İslam inqilabından sonra onların orbitindən xaric oldu - onunla mübarizə aparmağa, onu əzməyə və təhqir etməyə çalışırlar. İnformasiya resursları da güclüdür. Bunun mənası o deyil ki, biz öz başucalığımızı əldən verdik. Xeyr, imamın və İran xalqının hörməti İslamın və İslam Respublikasının düşməni olan həmin şəxslərin ürəyində də özünə yer açmışdır.

İmamın söz və tövsiyələrinin yetirməsi olan bu böyük xalqımızın inkişaf və tərəqqinin zirvəsinə doğru gedən yolu bütün sahələrdə bu milli başucalığını qorumaqdan ibarətdir. Bu xalq tərəqqinin zirvəsinə nail ola bilər. Bir xalq güclənəndə, maddi və mənəvi cəhətdən yüksələndə onun təhlükəsizliyi də tam təmin olunur; yəni təhlükələr aradan qalxır və düşmənlər ona tamah salmırlar. Əgər bizim xalqımız tam təhlükəsiz olmaq, düşmənlərin daha onu təhdid etməyə cürət göstərməməsini istəyirsə, həmin yolla getməlidir; əgər inkişaf və ədalət istəyirsə, həmin yolla getməlidir. Ölkəmiz üçün böyük təhlükə xalqdan ayrılmaqdır, İslam dəyərlərindən ayrılmaqdır, imamın mübarək xəttindən ayrılmaqdır. Bunlar ölkəmiz üçün təhlükəlidir. Əgər inqilabın yaratdığı bu güclü skelet qorunsa, zaman ötdükcə müxtəlif problemlərin çoxunu həll etmək olar. Bu güclü skeletin dağılmasına qoymayın. Əgər dağılsa, daha heç bir yara sağalmayacaq, işdən düşən heç bir hissə düzəlməyəcək. İslam quruluşunun imamın bizə öyrətdiyi güclü skeletinin qorumalıyıq. Mən Allaha şükür edirəm ki, bu otuz il ərzində İran xalqı və ölkə məmurları öz imkanları həddində bu yolu davam etdirə bilmişlər. Düzdür, azı-çoxu olmuşdur, yıxılıb-qalxması olmuşdur; bir dövrdə daha yaxşı olub, bir dövrdə bir qədər zəif; amma bu hərəkət bu günə qədər dayanmadan davam etmişdir. Allahın yardımı və siz xalqın, xüsusən də siz gənclərin səyi ilə bu yol son qələbəyədək davam edəcək.8
Bizim milli inkişafımızın meyarı

Mənim əzizlərim! Bizim xalqımız bir neçə əsr boyu ölkənin idarəsində təsirsiz bir qüvvə olmuşdu. Nə üçün? Çünki diktaturanın və şah üsul-idarələrinin xüsusiyyəti belədir; xalqın heç bir rolu yoxdur. Bu zaman xalqın vəziyyəti necə olur? Bu, yuxarıda əyləşən şəxsin insafından asılıdır. Əgər xalqın bəxti gətirsə və qəlbində bir qədər rəhmi olan bir diktator iş başında olsa, - bizim tariximizdə buna misal üçün Kərim xan Zəndin adını çəkirlər - xalqın vəziyyəti bir qədər yaxşı olacaq. Amma əgər quldur Rza xan, Nasirəddin şah və digər diktatorlar iş başında olsalar, bunlar ölkəni öz mülkləri, heç bir rolu olmayan xalqı da rəiyyətləri biləcəklər.

Tarixə baxın. Uzun əsrlərin tarixini demirəm, Məşrutə dövründən sonrakı tarixə baxın. Məşrutənin adı ölkədə yayıldı, amma Pəhləvi rejimi iş başına gələndən seçkilər tam simvolik bir hərəkətə çevrildi; milli hərəkatın qısa bir dövründən başqa. İkiillik dövrdə vəziyyət bir qədər yaxşı idi, amma onun da çoxlu problemləri vardı; parlamenti tətil etdilər, səlahiyyətlərini hökumətə verdilər və sair. Bunlar Müsəddiqin dövründə baş verdi. Digər dövrlərdə isə seçkilər əməlli-başlı teatr idi. Mən və mənim yaşımda olanların xatırladığı dövrdə seçkilərin əsla xalqın seçimi olmadığını hamı bilirdi. Hakim aparat – ozamankı saray bəzi şəxsləri seçirdi və onların arasında rəqabət aparılırdı; bir-biri ilə vuruşurdular da, amma onlar istədiklərini - müti, başıaşağı olan, onların maraqlarını təmin edən, onların qanunsuz maliyyə haqqını verən adamı gətirib parlamentdə oturdurdular. Xalq da özü üçün gedirdi. Bütün bu dövrün çox qısa bir dönəmində xalq səsvermədə iştirak etməli və ölkənin idarəsinə təsir göstərməli olduğunu hiss etdi. Əsla belə bir şey yox idi. Biz seçkilərin adını qəzetlərdə eşidirdik; yazırdılar ki, indi seçkilərdir, onun nə zaman keçiriləcəyini bilmirdik; xalq bilmirdi. Seçki zamanı bir yerdə bir neçə qutu qoyurdular. Özləri də bir qədər danışır, hay-küy salır, istədikləri işi görürdülər və məsələ bitirdi. Xalqın heç bir rolu yox idi.

İslam inqilabı vərəqi tamamilə çevirdi, xalqın roluna önəm verdi; yalnız parlament seçkilərində yox, prezident seçkilərində, rəhbəri seçməli olan Dini Ekspertlər Məclisinin seçkilərində, meri seçən bələdiyyələrin seçkilərində də. Bütün bu həssas mərhələlərdə xalqın fikri təyinedici oldu, konstitusiya bu əsasla yazıldı və bu gün inqilabdan otuz il ötür. Mən sizə deyirəm ki, bu iş bu günə qədər çox qüdrətlə davam etmişdir.

İnqilabdan öncə İran əcnəbilər üçün bir otlağa çevrilmişdi. İstismarçı və hakimlər buranın neftindən, bazarından, məhsullarından, canlı qüvvəsindən - nə vardısa, hər şeydən istifadə edirdilər; bir gün İngiltərə, bir gün ABŞ və sionistlər. İnqilab baş verəndə isə xalq iş başına gəldi, onların maraqları kəsildi. Odur ki, bu quruluşla düşmənlik etmələri təbiidir; otuz ildir düşmənlik edirlər.9
Törədilən əngəllər

Seçkilərin boykot olunmasına, yaxud soyuq keçməsinə cəhd

Birinci növbədə məqsədləri seçkilərin boykot olunmasıdır; yəni seçkilər keçirilməsin. Bir zaman müxtəlif hiylələrlə İslam Şurası Məclisinin seçkilərini pozmağa çalışdılar, ancaq Allah-Taala istəmədi, mömin insanların iradəsi qoymadı və bacarmadılar. Buna görə seçkiləri boykot etməkdən məyus oldular. Sonrakı mərhələdə məqsədləri seçkilərin zəif və soyuq keçməsidir; İran xalqının seçkilərdə fəal iştirak etməməsini istəyirlər. Əziz İran xalqı! Mən sizə deyirəm: Düşmənlərin istəyinin tam əksinə olaraq bizim hamımız seçkilərlərdə fəal iştirak etməliyik.10


Seçkiləri pisləmək və gözdən salmaq

İnqilabdan öncə İran əcnəbilər üçün bir otlağa çevrilmişdi. İstismarçı və hakimlər buranın neftindən, bazarından, məhsullarından, canlı qüvvəsindən - nə vardısa, hər şeydən istifadə edirdilər; bir gün İngiltərə, bir gün ABŞ və sionistlər. İnqilab baş verəndə isə xalq iş başına gəldi, onların maraqları kəsildi. Odur ki, bu quruluşla düşmənlik etmələri təbiidir; otuz ildir düşmənlik edirlər. Düşmənlər öz təbliğat şəbəkələrində xalqın bu dəyərli təsirini və ölkənin idarəsindəki rolunu inkar edir, yaxud görməzdən gəlirlər. Dəfələrlə açıq söhbətlərində və kinayəli sözlərində ölkəmizin seçkilərinə irad bildirmişlər. Xeyr, bizim ölkəmizin seçkiləri demokratiya iddiası edən ölkələrin əksərinin seçkilərindən daha azaddır, daha izdihamlı keçir. Həm də bu seçkilərdə xalq həvəslə iştirak edir, aktiv, yaxşı və sağlam seçkilər keçirilir. Düşmən isə irad bildirir. Düşməndən bundan başqa bir gözlənti də yoxdur. Nə gözlənilir?! Gözlənilməyən dostların, bu xalqdan olanların, həqiqəti görən, seçkilərin necə sağlam keçdiyini görən və eyni zamanda düşmənin sözünü danışanların hərəkətidir.11

Əcnəbi radiolar xalqı ruhdan salmaq üçün iki-üç ay öncədən ölkəmizdə keçiriləcək seçkiləri pisləməyə və gözdən salmağa başladılar. Bəzən dedilər ki, bu, seçki deyil, təyinatdır; bəzən dedilər ki, bu, hökumət tərəfindən idarə olunan bir oyundur və namizədlərin özləri oyun oynayırlar; müxtəlif namizədlərin bir-biri ilə fikir ayrılıqlarının olduğunu görürsünüz, amma bunların hamısı yalandır, oyundur. Bəzən dedilər ki, seçkilər mütləq saxtalaşdırılacaq. Hər dəfə bir söz dedilər. Bütün bu təxribatlarda məqsəd bir şeydir: xalq seçkilərdə aktiv iştirak etməsin. Onlar bunu istəyirlər. Mənim əzizlərim! Əziz İran xalqı! Ayıq və sayıq İran xalqı! Bu otuz ildə bütün çətin keçidlərdən keçən təcrübəli İran xalqı! Bilin ki, onlar sizin demokratiyanıza müxalifdirlər. Düşmən sizin bu fəallığınıza, bu seçiminizə müxalifdir. Onlar quruluşun xalqdan və xalqın səsindən ibarət olan dayağını məhv etmək istəyirlər. Onlar nə iş gördüklərini bilirlər.12
Xalqın vəzifəsi

Bütün gücü və fəallığı ilə seçkilərdə iştirak etmək

Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin gözündəki əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər. İran xalqının seçkilərdə iştirak etməsi onun əzəmətini nümayiş etdirir. Seçkilər budur. Mən bütün seçkilərdə xalqa birinci növbədə bunu deməyə çalışıram ki, sizin seçkidə iştirak etməniz mühüm məsələdir. Bu, İslam Respublikası quruluşunu təsdiq etmək və onu gücləndirməkdir.13

Əziz İran xalqı! Mən sizə deyirəm: Düşmənlərin istəyinin tam əksinə olaraq bizim hamımız seçkilərlərdə fəal iştirak etməliyik.

İran xalqının həvəs, şüur, kamil dərk və ayıqlıqla seçki məntəqələrinə getməsinin mənası nədir? Mənası budur ki, xalq özünə səsvermə hüququ və gücü tanıyır, ölkənin gələcəyində rol oynamaq, ölkə məmurlarını və əsas idarəçilərini seçmək istəyir. Prezidenti seçmək icra hakimiyyətinin başçısını və ölkənin əksər imkanlarının ixtiyarında olduğu şəxsi seçməkdir. Və görürsünüz ki, bir prezidentin fəallığı, həvəsi və iradəsi olsa, bu ölkəyə necə böyük xidmətlər edə bilər. Onlar bunun qarşısını almaq istəyirlər. Mən deyirəm: Hamınız seçkilərdə iştiraka israrlı olmalısınız. Mənim fikrimcə, seçkilərdə birinci məsələ bu və ya digər şəxsi seçmək yox, sizin fəal iştirakınızdır. Quruluşu və onun təməllərini möhkəmlədən, İran xalqının nüfuzunu artıran, ölkənin düşmənlər qarşısında müqavimətini çoxaldan, düşməni ölkəyə tamah salmaqdan, zərbə vurmaqdan, fəsad və iğtişaş törətməkdən daşındıran amil sizin iştirakınızdır. Bu çox əhəmiyyətli bir məsələdir. Deməli, birinci məsələ seçkilərdə iştirak etməkdir.14

Xalqın fəallığı düşməni məyus edə bildi. Əgər xalq bu otuz ildə seçkilərdə iştirak etməsəydi, 22 Bəhmən və Qüds günlərinin yürüşlərinə çıxmasaydı, müxtəlif mərasimlərdə iştirakını və İran xalqının böyük izdihamını düşmənlərə göstərməsəydi, şübhəsiz, İran xalqı bugünkü kimi güclü olmayacaqdı. Bu fəallığı qoruyun.

Bizim bütün seçkilərdə xalqın fəal olmasına və müxtəlif səhnələrdə iştirak etməsinə təkid göstərməyimiz bundan ötrüdür. Bu iştirak yalnız siyasət sahəsi və yalnız seçkilərlə məhdud olmur; quruculuq işlərində, iqtisadi işlərdə də xalq iştirak etməlidir.15

İran xalqı bu otuz ildə öz məmurlarını təyin etməsi ilə fəxr edir. Quruluşun ən yuxarıdan başlayaraq bütün yüksək rütbəli məmurları xalqın vasitəsi ilə seçilmişlər. Rəhbər də dini ekspertlər vasitəsi ilə xalq tərəfindən seçilir, prezident, İslam Şurası Məclisi və bələdiyyələr də. Bu, quruluşun fəxrlərindəndir. Quruluşun bununla gücləndiyini bildiklərinə görə bunu xalqdan almaq istəyirlər. Mən də sizə deyirəm: Kim bu quruluşun güclənməsini istəyirsə, kim İslamı və İran xalqını sevirsə, ağıl və şəriətin hökmü ilə mütləq bu seçkilərdə iştirak etməlidir.

Mənim xalqdan istədiyim budur ki, bütün gücü, qüvvəsi və fəallığı ilə seçki məntəqələrinə gedib səs versinlər. Allah-Taala düşünən, qərar verən, seçən, Allah üçün və Allah yolunda öz seçiminə əməl edən xalqladır.16

Adət üzrə mənim xalqdan istəyim budur ki, seçki başlayan kimi və səhər tezdən seçki məntəqələrinə getsinlər. Hamı gedib münasib bildiyi namizədə səs versin, ölkənin idarəsində və ali icra orqanını təyin etməkdə üzərinə düşən vəzifəni yerinə yetirsin. Bu bir hüquq və eyni zamanda bir vəzifədir. Fikir bildirmək bizim xalqımızın həm haqqı, həm də vəzifəsidir. Mənim fikrimcə, bu iş həm şəriət, həm də ağıl nöqteyi-nəzərindən vacib əməldir.17
Daha layiqli şəxsi seçmək

Ən yaxşısı ölkənin dərdini anlayan, xalqın dərdini bilən, xalqa doğma, səmimi, fəsaddan uzaq olan və öz aristokratlığı barədə düşünməyən şəxsdir. Aristokratlıq və dəbdəbəçilik bizim böyük bəlamızdır; bir məmur dəbdəbəçi və aristokrat olsa, xalqı aristokratlığa və israfa sarı sövq edər. Biz dedik ki, bu il İstehlak örnəyinin islahı ilidir. Yəni bu ildə İran xalqı israfla mübarizə aparmağa qərar verməlidir. Demirik ki, bir il ərzində bütün israflara son qoyulsun. Xeyr, biz bundan daha realistik. Bilirik ki, bu iş uzun illərin işidir. Lakin bu mədəniyyətin formalaşması üçün işləmək lazımdır. Gərək bu işə başlayaq.18

Bizim xalqımız, gənclərimiz, mütəfəkkirlərimiz, tələbələrimiz və gələcəyimizi quranlar Qərb ölkələrinin idarə üsullarının acizliyini görsünlər. İdarəçiliyin ən önəmli sahəsi olan iqtisadi idarəetmədə onların acizliyini görsünlər; mədəniyyət öz yerində, insani ənənələr öz yerində, insana etinasızlıq öz yerində, öz hakimiyyətləri daxilində etdikləri ayrıseçkiliklər öz yerində. Qərb mədəniyyəti bütün bu sahələrdə pis imtahan vermişdir. Buna görə də bizim xalqımız, məmurlarımız və xüsusən gənclərimiz bu prinsip əsasında düşünsünlər, ölkənin və bu böyük xalqın idarəsinin müxtəlif üsulları üçün yerli proqram və nüsxələr tapsınlar. Bunun üçün İslamı daha dəqiq araşdırmaq tələb olunur. İslamın insana, insaniyyətə və insani üsullara aydın və aydınlaşdırıcı baxışı var. Biz qapalı İslam tərəfdarı deyilik və bəzi İslam iddiaçıları kimi bütün məsələlərə çox dar baxışla yanaşan İslama dəvət etmirik. Biz əsl İslama dəvət edirik; insana xəbərdarlıq edən, insanı ağılla düşünməyə və fikirləşməyə yönəldən İslama, Quran İslamına, sünnə İslamına, Əhli-beyt (ə) İslamına; on illər sürən düşmən hökmranlığının çoxlu problemlərinə rəğmən, bizim böyük ölkəmizdə belə bir hərəkətə rəhbərlik etməyi bacaran, bu azadlığı və bu müstəqilliyi ərməğan edən İslama. Biz bu İslama dəvət edirik.

Bizim gənclərimiz, fikir adamlarımız, mədəniyyət xadimlərimiz düşünsünlər, dövlət məmurları İslam siyasətinə yaxınlaşsınlar. Bizim məmurlarımızın, yaxud indiki seçki ərəfəsində namizədlərimizin digərlərinin diqqətini cəlb etməkdən ötrü qərblilərin sözlərini təkrarlamaları heç bir üstünlük sayılmır. Üstünlük Qərbin sevdiyi sözü danışmaq deyil. Bunlar iranlı düşüncəsi ilə, İslam düşüncəsi ilə, İslam və iranlı kimliyinə müxalifdirlər. Allaha şükür edirik ki, İran xalqı bütün bu maneələrə qalib gələn inkişafı və lazımi ayıqlığı əldə etmişdir.19

Düşmənlər qarşısında əllərini qaldırıb İran xalqını rəzil etmək istəyən şəxslər xalqın səsi ilə iş başına gəlməsinlər; Qərbə, Qərb dövlətlərinə, hegemon və zorakı güclərə yaltaqlanmaqla beynəlxalq aləmdə özlərinə mövqe qazanmaq istəyən şəxslər iş başına gəlməsinlər. İran xalqı üçün bunların dəyəri yoxdur. İran xalqının düşmənlərinin xalqı bir-birindən ayırmağa, dinindən, prinsiplərindən və inqilab dəyərlərindən uzaqlaşdırmağa vasitə etmək istədiyi adamlar iş başına gəlməsinlər. Xalq ayıq olmalıdır.

Əgər müxtəlif siyasi, yaxud iqtisadi mərkəzlərdə imamın yolunu və imamın vasitəsi ilə təsvir olunmuş dəyər və prinsipləri davam etdirməyi düşünmək əvəzinə hansısa Qərb ölkəsinin, hansısa supergücün könlünü almaq barədə fikirləşən şəxslər iş başına gəlsələr, İran xalqı üçün fəlakət baş verəcək. Xalqa bu ayıqlıq lazımdır.20


Tərəfdarlar arasında dava-dalaş yaranmasından ehtiyatlı olmaq

Mənim əzizlərim! Müxtəlif namizədlərin hər birinin tərəfdarları, istəyənləri var. Bu namizədi sevənlər o biri namizədi sevənlərə etiraz edə bilməzlər ki, siz nə üçün onu sevir və mənim sevdiyim namizədi sevmirsiniz. Xeyr, bu bizim ölkəmizin fəxrlərindəndir. Müxtəlif şəxslər müxtəlif rəftarlarla, müxtəlif üsullarla, müxtəlif iş prinsipləri ilə xalqın qarşısına çıxırlar. Bir qrup bunu xoşlayır, bir qrup onu xoşlayır, bir qrup başqasını. Bu fəxrdir. Bu yaxşıdır. Möhtərəm namizədlərin hər birinin tərəfdarları var; bəziləri təəssübkeş tərəfdarlardır, öz namizədlərini çox sevirlər. Çox gözəl, eybi yoxdur, amma ehtiyatlı olun ki, bu sevgilər toqquşma ilə nəticələnməsin, iğtişaşa səbəb olmasın. Siz öz etiqadınız, öz imanınız üçün çalışırsınız; bu imanın və bu amalın düşməninin sizdən sui-istifadə etməsinə imkan verməyin.

Mən məlumat almışam ki, namizədlərin bəzi gənc tərəfdarları küçələrə çıxırlar. Mən indi küçələrə çıxmaq barədə bir söz demirəm, amma təkidlə deyirəm ki, bu işlər qarşıdurma, mücadilə, dava-dalaşla nəticələnməsin; ehtiyatlı olun. Əgər kiminsə iğtişaş və davaya israrlı olduğunu görsəniz, bilin ki, ya xaindir, ya da çox cahil.21

Son günlərdə və hətta bildiyim qədərincə gecələrdə də xalqın küçələrdə göstərdiyi bu fəallığa görə təşəkkür etməliyəm. Hər bir qrup öz istəyinə və fikrinə uyğun şüar verirdi, amma xalqın yetkinliyi və ayıqlığı xoşagəlməz hadisənin yaranmasına qoymadı; səhnədədirlər, şüarlarını verir, sevgilərini bildirirlər, lakin eyni zamanda öz yetkinliklərini, kamilliklərini və əqli inkişaflarını da göstərirlər. Seçkilərin təhlükəsizliyi çox mühüm məsələdir. Biz otuz ildir seçkilər keçiririk və Allaha şükür edirik ki, seçkilərdə həmişə təhlükəsizlik bərqərar olunmuşdur. Bu çox böyük nemətdir. Bu, ilahi lütfdən və bizim xalqımızın şüur və dərkindən irəli gəlir. Bu gün də mən ümidvaram və xalqdan xahiş edirəm ki, diqqətli olsunlar, həmin sabitlik, sakitlik, lazım olan həmin təmkin və vüqar yenə də onlarda mövcud olsun. Bəzi bədxahların seçki məntəqələrində iğtişaş yaratmağa çalışmaları mümkündür. Hər bir iğtişaş seçki məntəqəsinin zərərinə bitəcək; yəni xalqın və onun səsinin zərərinə. Əgər kimlərsə belə iğtişaş törətmək istəsələr, xalqın özü qoymasın, öz mətanəti, dözümlülüyü, səbri və vüqarı ilə bu xalqın bədxahlarının istəyinin həyata keçməsinə mane olsun.22


Namizədlərin vəzifələri

Təbliğat və çıxışlarda İran xalqının iqtidarını qorumaq

Namizədlər bilsinlər ki, seçkilər xalqın iqtidarını artırmaq və onu başıuca etmək üçün bir vasitədir, yalnız hakimiyyətə gəlmək üçün yox. Əgər belədirsə, deməli, namizədlər buna əhəmiyyətli yanaşmalı, təbliğat və çıxışlarında riayət etməlidirlər. Namizədlər öz seçki fəaliyyətləri əsnasında düşməni tamaha salan rəftar və çıxışlar etməsinlər; rəqabət və sözləri insaflı olsun. Təbii ki, hər namizədin öz sözü var və tərəf-müqabilinin sözünü rədd edir. Öz-özlüyündə bu rədd etməyin və irad bildirməyin eybi yoxdur, amma bu şərtlə ki, insafsızlıq olmasın, həqiqət gizlədilməsin. Meydan hamıya açıqdır; gəlib özlərini xalqa təqdim etsinlər.23

Namizədlər sayıq olsunlar. Prezidentliyə namizədlər öz təbliğatlarında düşmənləri sevindirən sözlər danışmasınlar, Allahın razılığını nəzərə alsınlar, övliyaların razılığını nəzərə alsınlar. Xalqın müqavimətinə və möhkəmliyinə səbəb olan amil meyar seçilməlidir və o da İslama güclü bağlılıqdır.24
Özünü təsdiq etmək üçün digərini inkardan çəkinmək

Möhtərəm namizədlər də ehtiyatlı olsunlar. Bir namizəd istər təbliğat nitqlərində, istər söhbətlərdə, istər televiziyada, istər digər yerlərdə özünü təsdiq etmək üçün digərini inkardan, özü də müxtəlif formalarla inkardan istifadə etməməlidir. Mənim fikrimcə, bu düzgün deyil.25


Diskussiya və çıxışlarda şəriət çərçivələrinə riayət etmək

Hər kəsin özünə görə bir məsuliyyət və vəzifə hissi var; məsuliyyət hiss edib səhnəyə çıxır. Mən diskussiya, mübahisə, müzakirə və tənqidə qarşı deyiləm, amma çalışın bu, şəriət və din çərçivələrində baş versin.26


Fikir ayrılıqlarının iğtişaşa və çəkişməyə çevrilməsinin qarşısını almaq

Ehtiyatlı olsunlar ki, bu çıxışlar, bu söhbətlər ədavətlə nəticələnməsin, qardaşlıq və mehribanlıq olsun. Əlbəttə, müxtəlif şəxsi və ümumi məsələlərdə fikir və üslub fərqi təbii bir məsələdir, eybi də yoxdur. Lakin bunun iğtişaşa çevrilməsinə qoymayın.27


Əməl və təbliğatda insafa riayət etmək

Namizədlər bilsinlər ki, seçkilər xalqın iqtidarını artırmaq və onu başıuca etmək üçün bir vasitədir, yalnız hakimiyyətə gəlmək üçün yox. Əgər belədirsə, deməli, namizədlər buna əhəmiyyətli yanaşmalı, təbliğat və çıxışlarında riayət etməlidirlər. Namizədlər öz seçki fəaliyyətləri əsnasında düşməni tamaha salan rəftar və çıxışlar etməsinlər; rəqabət və sözləri insaflı olsun. Təbii ki, hər namizədin öz sözü var və tərəf-müqabilinin sözünü rədd edir. Öz-özlüyündə bu rədd etməyin və irad bildirməyin eybi yoxdur, amma bu şərtlə ki, insafsızlıq olmasın, həqiqət gizlədilməsin.28


Təhdidlər

Bəzi dostların qədirbilməzliyi və seçkiləri gözdən salmaq üçün düşmənin sözlərini təkrarlaması

Allahın lütfü, qüvvə və qüdrəti ilə seçkilər sağlam keçiriləcək. Mən görürəm ki, bəzi adamlar iki-üç aydan sonra keçiriləcək seçkiləri indidən gözdən salmağa başlayıblar. Bu necə məntiqdir?! Bu necə düşüncədir?! Bu necə insafdır?! Bu otuz il ərzində təxminən otuz seçki keçirilib. Hər bir seçkidə məsul şəxslər rəsmi şəkildə öhdəlik götürmüş, seçkilərin doğruluğuna zəmanət vermişlər və seçkilər düzgün keçirilmişdir. Nə üçün əbəs yerə gözdən salır, xalqı məyus edir və şübhə yaradırlar? Əlbəttə, bizim əziz xalqımız bu sözlərlə şübhəyə düşməyəcək.29

Düşmən irad bildirir. Düşməndən bundan başqa bir gözlənti də yoxdur. Nə gözlənilir?! Gözlənilməyən dostların, bu xalqdan olanların, həqiqəti görən, seçkilərin necə sağlam keçdiyini bilən və eyni zamanda düşmənin sözünü danışanların hərəkətidir.

Düşmənlər öz təbliğat şəbəkələrində xalqın bu dəyərli təsirini və ölkənin idarəsindəki rolunu inkar edir, yaxud görməzdən gəlirlər. Dəfələrlə açıq söhbətlərində və kinayəli sözlərində ölkəmizin seçkilərinə irad bildirmişlər. Xeyr, bizim ölkəmizin seçkiləri demokratiya iddiası edən bu ölkələrin əksərinin seçkilərindən daha azaddır, daha izdihamlı keçir və xalq həvəslə səs verir.

İran xalqının yanında, İran xalqından olan və İran xalqının dəstəyini gözləyən şəxslər daha İran xalqının əleyhinə danışmasın, İran xalqının seçkilərini sual altına salmasın, daim təkrar etməsinlər ki, bu seçkilər sağlam deyil, seçki deyil. Nə üçün yalan deyirlər? Nə üçün insafsızlıq edirlər? Nə üçün həqiqətin əksinə danışırlar? Nə üçün bu xalqın və məmurların uzun illər çəkdikləri bütün bu zəhmətləri görməzliyə vururlar? Nə üçün? Nə üçün qədirbilməzlik edirlər?

Bundan qabaqkı seçkilər sağlam olmuşdur. Bəzi yerlərdə şübhə yaranmışsa, biz nümayəndələr göndərmişik, gedib araşdırmışlar.

Parlament seçkilərinin birində şayiə yayıldı ki, nəticələr saxtalaşdırılmışdır. Bəzi adamlar seçkilərin sağlam keçirilmədiyinə dair dəlil gətirdilər və sözlər danışdılar. Onlar bəzi mühüm şəhərlərdə, o cümlədən Tehranda nəticələrin ləğv olunmasını istəyirdilər. Biz peşəkar və məlumatlı şəxsləri göndərdik, araşdırıb gördülər ki, xeyr, seçkilərdə nöqsan yoxdur. Minlərlə qutunun üç-beşində nöqsanın olması mümkündür. Bu, seçkiləri korlamır. Bu da bəzən baş vermişdir.

Bəzən sizin tanıdığınız bu cinahlardan biri iş başında olub, lakin seçkilərin nəticəsi onların zərərinə və qarşı tərəfin xeyrinə bitib. Bu, dəfələrlə baş vermişdir.30


Prezident seçkilərində rəhbərin mövqeyi

Siz əzizlərə və bütün əziz xalqımıza bunu da deyim ki, seçkilərdə rəhbərin mövqeyi haqda təxmin və şayiələr həmişə olub və olacaq. Mənim bir səsim var, onu da qutuya salacaq və bir nəfərə səs verəcəyəm. Başqa heç kimə də deməyəcəyəm ki, kimə səs verin, kimə səs verməyin. Bu, xalqın öz seçimidir. Mən bəzən hökuməti dəstəkləyirəm, müdafiə edirəm. Bəzi adamlar bunun üçün yanlış məna qondarmaq istəyirlər. Xeyr, mən həmişə hökumətləri müdafiə edirəm. Lakin bir hökumət daha çox hücuma məruz qaldıqda və insafsız hücumların olunduğunu duyduğumda daha çox müdafiə edirəm. Mən insaf tərəfdarıyam; deyirəm ki, insaflı olmalıyıq. Gəlin əməllərə baxaq. Bunun seçkilərə dəxli yoxdur, insaf və insafsızlıq mövzusudur. Ölkəyə xidmət edənləri dəstəkləmək həm mənim vəzifəmdir, həm də hamının. Bunun seçki mövqeyi ilə əlaqəsi yoxdur. Mən hər bir yaxşı hərəkəti, hər bir yaxşı işi, hər bir inkişafı, xalqa göstərilən hər bir xidməti, məhrumlara edilən hər bir qayğını, zülm və hegemonluq qarşısında göstərilən hər bir müqaviməti yaxşı qarşılayıram, bu işləri görənlərə təşəkkür və minnətdarlıq edirəm; hansı hökumət olursa-olsun, hansı şəxs olursa-olsun. Bu mənim vəzifəmdir.31

Bu seçkilərdə mənim yalnız bir səsim var və məncə onu da heç kim bilmir. Kimlərsə təxmin vura bilərlər. Mən heç kimə demirəm, deməmişəm və deməyəcəyəm ki, kimə səs verin, kimə səs verməyin. Bu, xalqın işidir. Mənim səsim özümə aiddir. Mənim xalqdan istəyim budur ki, hamı seçki məntəqələrinə gedib səs versinlər.32

Şayiələrə çox qulaq asmayın. Mən gördüm ki, dünən göndərilən çoxlu mesajlarda guya mənim dediyim sözləri yayıblar. Bunların hamısı yalandır və həqiqət deyil. Səmimi və sağlam insanlar bu işləri görmürlər, qeyri-sağlam adamlar bu işləri görürlər. Bütün sahələrdə və bütün qruplarda az-çox pis niyyətli və qeyri-sağlam insanların olması mümkündür. Bu şayiələrə də diqqət yetirməsinlər. Bu gün də xalq arasında müxtəlif şayiələr dolaşa bilər. Əvvəldə və sonda birinci növbədə bizim inamımız Allahın lütfünə və ilahi yardımadır; Allah-Taaladan kömək istəyirik. İkinci növbədə isə xalqın ayıqlığına, yetkinliyinə və sayıqlığına arxalanırıq.33


Proqnoz: xalqın seçkilərdə həvəslə və səmimi iştirakı

Bütün İran xalqı düşmənlərin acığına qarşıdan gələn seçkilərdə də həvəslə və səmimi şəkildə seçki məntəqələrinə gedib düşmənləri qəzəbləndirən bir seçki nümayiş etdirəcəklər.34



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə