Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   2   3   4   5   6   7   8   9   ...   36

ASAN XİDMƏT

Açar sözlər: poçt qutusu, oyuq, gülən bığ

Bayramqabağı Novruzəli xırda-xuruş bazarlıq

eləmək, əyin-baş almaq,  bir də şəhərin qoxusunu

duymaq  üçün  yolunu şəhərdən saldı.  

Novruzəlinin külfəti bu xəbəri eşidəndə evin

divarları güldü,  qaragöz qızları gilənar  ağacı kimi

çiçəklədi, 9 yaşlı madar oğlu Məmmədhəsən  “dədə,

məni də apar”- deyib gözlərini kərtənkələ gözü

kimi dədəsinə zillədi. Novruzəli də eynən oğlu kimi

gözünü qırpmadan gədəsinin gözünün içinə baxıb

“yox!”-  dedi. Məmmədhəsən başını aşağı salıb

zırıldaya-zırıldaya qapıdan çıxdı.

Arvadı Qönçəgül iki daşın arasında ərinin adsız

barmağına qırmızı sap bağladı ki, hara gedirsə-

getsin, güzgüsüz evə dönməsin. Divardakı köhnə

güzgüləri bu qışdan salamat çıxmamışdı, yerə dəyib

çiliklənmişdi. Novruzəli səhər-axşam dəhlizdən

keçəndə istər-istəməz boynunu uzadıb güzgüyə,

daha doğrusu, güzgünün yerinə baxırdı. 

Müxtəsəri, Novruzəli bu xəbəri külfətinə deyəndə

gün əyilib axşam düşmüşdü. Qönçəgül odun peçinin

üstünə  bir vedrə su qoyub ərinin alt paltarlarını

yaxşı-yaxşı qaynatdı,  qızları dədələrinin üst

paltarlarına əl gəzdirdi, hikkəsi hələ ötüb keçməyən

Məmmədhəsən ortalıqda nə qədər fırfıra kimi

fırlansa da, heç kimin ona məhəl qoymadığını görüb

fürsət tapan kimi paltar sərən anasına yaxınlaşdı.

- Dədəmə denən maa tapançadan-zaddan alsın

- dedi. 

- Alajax, başına dönüm, alajax, - deyib Qönçəgül

Məmmədhəsəni başından elədi.

Sonra Qönçəgül yol tədarükü gördü, yumurta,

kartof qaynatdı, yanına da baş soğan qoydu ki,

Novruzəli yol adamıdı, ac qalmasın, qursağına bir

şey atıb mənzil başına sağ-salamat gedib çatsın. 

Qaranlıq hər tərəfi bürüyəndə Qönçəgül sərdiyi

paltarları yığıb evə gətirdi, peçin  yan-yörəsinə

sərdi ki, paltarlar səhərəcən qurusun. 

O gecə uzun bir gecə oldu, ilan vuran yatdı,

Novruzəli yatmadı. Elə bil yerinə qor dolmuşdu.

Səfər söhbətini açıb-ağartdığına görə indi it kimi

peşman idi.   Amma bir tərəfdən də şəhərdən ötrü

burnunun ucu göynəyirdi. Gör neçə illər idi, şəhərə

yolu düşmürdü. Görənlər deyirdi, şəhər aşıb-daşır,

alışıb-yanır. O da bu ölkənin balasıydı, üç uşağın

atasıydı, bu yerin sevincini dadmaq onun da haqqıydı.

Gedib o yerləri ziyarət eləsəydi, gözü-könlü sevinərdi,

tay-tuşları şəhərdən danışanda onun da deməyə

sözü olardı.  

Əslində, şəhərə getməkdə başqa  məqsədi də

vardı. Neçə illər idi ki, Novruzəlinin külfəti sosial

yardım ala bilmirdi. Kəndin icra nümayəndəsi  Hacı

Xudayar iki ayağını bir başmağa dirəyib sənin iki

inəyin var, sənə sosial yardım düşmür - deyib

Novruzəlinin gözündən basırdı. İnişil Novruzəlinin

əlacı kəsildi, inəyin birini payızda dəyər-dərməzinə

satdı. Satdı ki, Xudayarın gözü yığışsın, sözü

olmasın. Amma Xudayar yenə çəm-xəm eləyirdi.

Novruzəli ürəyinə yığmışdı ki, şəhərdə böyüklərin

yanına gedib çıxacaq, Xudayarın necə adam olduğunu

onlara deyəcək. Qoy Xudayarın atasını yandırsınlar!

Novruzəli Xudayarla vuruşa-vuruşa səhəri açdı.

Qönçəgül peçi qaladı, çay qoydu, Novrizəliyə

şirinçay qayırdı, Novruzəli də bəy balası kimi yeyib-

içdi, geyinib-kecindi.  

Qönçəgül yol tədarükünü Novrizəliyə uzadanda:

- Utanıf eləmə, ə, girəvə düşən kimi çörəyini

ye, kim kimədi, özünü ac saxlama. Sən ac olanda,

o qivlə haqqı, boğazımdan tikə keçmir, - dedi. - Bir

də səni and verirəm Abbas əmimin goruna, üstünə

düşsən, şəhərdən maa sarımsaqdöyən al. Yadından

çıxmaz ki?

Novruzəli qırtını çəkdi:

- Yaxşı, az, tapsam, alajam.  

- Di get, Allahın kölgəsi üstündə olsun, - dedi

Qönçəgül. Bu yerdə  səsi kimi dodaqları da titrədi.

Novruzəli də yuxa ürəkli arvadının sözlərinə

kövrəldi, amma dönüb geriyə-filana baxmadı,

dümdüz, şax yerişlə çıxıb getdi. 



Arxadan yenə Qönçəgülün səsi gəldi:

- Odey ha, Qurbanəlinin  avtobusu gəlir,  sağ

get, salamat qayıt balalarının içinə.

- Gələjəm, az, uşaq-zad deyiləm ha, ev-eşikdən

muğayat ol. 

Novruzəli yol maşınlarını dəyişə-dəyişə gəlib

şəhərə çıxdı. 

Şəhər, nə şəhər! Novruzəli axırıncı dəfə şəhərdə

sovet vaxtı olmuşdu. Allah rəhmət eləsin İskəndər

müəllimə, bir yol şəhərə gələndə onu da özüylə

gətirmişdi ki, Novruzəlinin dünyagörüşü artsın. O

səfər sonralar heç vaxt Novruzəlinin yadından

çıxmadı. Dənizi ilk dəfə onda gördü, tramvaya ilk

dəfə onda mindi, İskəndər müəllim onu kinoya

apardı, birlikdə dondurma yedilər, bəylik kostyumunu

da onda aldı... Amma, amması var, Novruzəli hay-

huy eləyib gözaltı eləyənəcən fəhlələrin və kəndçilərin

çiynində dayanmış şanlı sovet imperiyası çökdü,

kolxoz-sovxoz dağıldı, Novruzəli işsiz-gücsüz qaldı,

bəy kostyumunu da 15 ildən sonra geyinəsi oldu.

Atalar demiş, kasıb evlənəndə gecə qısalar. Bu,

Novruzəlinin də başına gəldi... 

İndi şəhərə baxıb gözü-könlü açıldı. Amma

ürəyində köhnə şəhər üçün darıxdı. O şəhərin başqa

bir qoxusu vardı, o şəhərin adamları da bir başqaydı,

ağbəniz,  gülərüz, mehriban... 

Novruzəli bütün olanları zamanın ayağına yazdı.

Özünü yaxınlıqdakı parka verib bir müddət gəlib-

gedənlərə heyranlıqla tamaşa elədi. Sonra gözucu

baxdı ki, görsün ona  məhəl qoyan var, ya yox.

Gördü heç onu saya salan da yoxdur, oturduğu

oturacağın üstündə özünə kefi istəyən  süfrə açdı.

Yumurtaları bir-birinə toqquşdurdu, kartofları soydu,

soğanın başına karlı bir yumruq vurub iki yerə

böldü,  çörəyini dad eləyə-eləyə yeyirdi ki, Allah

mərdimazara  nəhlət eləsin,  elə bil yer ayrıldı,

yerin altından bir paqonlu çıxdı. 

Novruzəli dəvikdi, oğurluq üstündə tutulan uşaq

kimi qızardı, amma özünü o yerə qoymadı:

- Salami-əleyküm, - dedi. 

Adam elə bil paya udmuşdu, dümdüz dayanıb

gözünü bərəltdi:

- Yığışdır, ə, bu zir-zibilini.

Yumurtanın parası  Novrizəlinin əlində qaldı.

Udqundu:

- Gəl, sən də bir loxma ye, - dedi.  

Adamın rəngi qızardı:

- Ə, sən kimsən ki, mənə belə söz deyirsən.

Dur, a kişi, dur ayağa, yığışdır bunları, özün də

əkil  burdan. Hər tərəf turistlərlə doludur, ayıbdı,

bizim haqqımızda nə düşünərlər?! 

Novruzəli bir açdığı süfrəyə, bir adama baxdı,

yumurtanın birinə hələ əl vurmamışdı. 

Yazıq-yazıq:

- Bə bunnarı neyləyim? - dedi.

Mühafizəçi cin atına mindi, nə mindi. Cibini

göstərib:

- Neyləyəcəksən, ə, gətir qoy bura, - dedi.

Novrizəli yerindən qımıldandı, gülümsədi,

ürəyində:

- Qarnının dərdi varmış, yumurta  istəyirmiş, -

deyib ayağa qalxmaq istəyirdi ki, adam cəld tərpənib

Novrizəlinin süfrəsini silib-süpürüb yaxınlıqdakı

zibil yeşiyinə atdı. 

- Özün də elə get ki, bir də ayağın bu tərəflərə

dəyməsin. 

Novruzəli ayaqlarına baxa-baxa parkdan güllə

kimi çıxdı. 

... Novruzəli yolun ucunu tutub gedirdi. Binalar,

adamlar, maşınlar, gözəl-göyçək qız-gəlinlər, bu

yerdə Novruzəli şeytanın onu yoldan çıxaracağından

ehtiyatlanıb “anam-bacım olsunlar!” - deyib nə isə

mızıldanırdı. 

Şəhərin gözəlliyi, əlvanlığı get-gedə Novruzəlinin

ağlını başından alırdı. Ortada heç nə yox idi, amma

elə bil nə isə içmişdi, öz-özünə xumarlanırdı. Bu

yerdə Novruzəlinin  zəif  bir cəhətini mütləq

deməliyəm. Allahdan gizli deyil, bəndədən nə gizlin,

Novruzəli qazlı su içəndə  başı gicəllənirdi, keflənirdi,



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə