Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

“Sarı gəlin”i çalanda bilirəm ki, Nənə balkonun

bir küncünə sığınıb mənə qulaq asır. 

Söhbətdən yayınmayaq, yaz gələndə hərdən

səhərlər balkona çıxıram. Bir neçə il bundan əvvəl

balkonda oturub asetonla dırnaqlarımın lakını

silirdim. Birdən qulağıma Nənənin səsi gəldi.

Kiminləsə şirin-şirin danışırdı. 

- Harda qalmışdın, səhərdən balalarının gözü

yoldaydı. Hara getsən, tez qayıt gəl, onnarın səndən

başqa kimi var? Bir də belə eləmə, başına dönüm,

Nənə də narahat olur. Qocalmışam, dərd belimi

əyir, ürəyim də əski kimidir, bir himə bənddir ki,

uça...

Cavab eşitmədim. Ehtiyatla başımı qaldırdım.



Boz bir sərçə balkondan uçdu. Yenə ağlıma bir şey

gəlmədi. Amma sonralar dəfələrlə şahidi oldum ki,

Nənə ovcunda çörək ovxalayıb sürahinin üstünə

səpir. Boz sərçə də çörəyi dimdikləyib ağacdakı

yuvasına daşıyır. 

Bir gün isə həyatım boyu unuda bilməyəcəyim

bir söhbətin şahidi oldum. O ərəfələrdə Nənənin

həkim qızı anama demişdi ki, anamın vəziyyəti

yaxşı deyil. Özünə qapanır, heç kimlə kəlmə kəsmir.

Elə bil, bütün dünyadan küsüb...

... Balkonda idim. Yenə Nənənin həlim səsini

eşitdim. “Bax, səni and verirəm balalarının canına,

qanadlarını bərkit, uç get mənim vətənimə. Dağların,

meşələrin, gül-çiçəyin arasında balaca bir kənd

görəcəksən. Ermənidən qorxub eləmə, Allah

vurmuşdu onnarı, o kənd bizim kəndimizdir. O

kəndin üstündə bir dövrə vur, doyunca nəfəs al,

imkanın olsa, bulaqların birindən  bir dimdik də su

iç, de ki, Nənə bütün dərdlərini unutdu, amma o

torpağı unuda bilmədi. Get başına dönüm, axır ki,

o yerlərdən mənə bir xəbər gətir. Bunu səndən

başqa heç kim eləməyəcək...”  

Sərçə sürahinin üstündə hoppana-hoppana sanki

Nənənin dediklərini yaddaşına yazırdı. 

Sükutu yenə Nənənin səsi pozdu:

“Yuvandan nigaran qalma, Nənə öz yuvasını

qoruya bilmədi, amma  kimsə sənin yuvana toxuna

bilməz. Di tələs, vaxtıma az qalıb, dayanma, uç...”

Sərçə Nənənin tapşırığını alandan sonra bir

xeyli yuvasının həndəvərində  qanad çalıb, sonra

uç ub gözdən itdi. Nənə tələsik içəri keçib bir kasa

su ilə geri döndü. Suyu sərçənin dalınca atanda

yaylığı başından sürüşüb çiyinlərinə düşdü, gümüşü

saç ları ağ buluda oxşadı. Nənə məni görməsin deyə,

sivişib evə keçdim. Və ürəyimə çökən bu kədərin

ağırlığı altında “Sərçə, son ümid  və müharibə”

süitasını yazdım.  O hadisədən sonra bir də boz

sərçəni Nənənin balkonunda görmədim. Nənə isə

hələ də yay-qış balkona çıxıb sərçənin yolunu

gözləyir... 



ÇOLAĞIN 

ZƏRİF UÇUŞU

Oyun başa çatandan sonra stadion birdən-birə

boşaldı. Yerdə alqışlardan başını itirən boş meydança,

hələ istisini itirməmiş oturacaqlar, məğlub olmuş

tərəfin inamsız ayaq izləri, əsəbi-əsəbi çırtlanmış

tum qabıqları, boş pivə qabları, qəzet cırıqları və

bir də havaya hopmuş nəmiş tər qoxusu qaldı.

Oyundan qalmış izləri, xatirələri, tör-töküntüləri

silib-süpürmək süpürgəçilərin  işidi.  İndi də stadionun

oyunçuları onlar idi. Deyinə-deyinə, söyə-söyə

oturacaqların arasındakı zir-zibili təmizləyirdilər.

Bircə çolaq  süpürgəçi deyinmirdi. Əksinə, nəşəli

18

I

ULDUZ




görünürdü, elə bil, udan komandanın məşqçisiydi.

Sevdiyi komandanın vurduğu üç uğurlu topdan

sonra taytax ayağıyla meydançanın başına dolanırdı.

Növbəti su qabını əyilib götürəndə küncdə

gizlənmiş top maqnit kimi onu özünə  çəkdi. Çox

güman ki,  oyundakı toplardan biri idi, gözdən

yayınıb küncdə gizlənmişdi. Əlindəki kisəni yerə

qoyub  ehtiyatla topu götürdü və qəribə hisslər

keçirdi. Sanki içindəki köhnə hisslər dirildi.  Bu

hiss onu meydana tərəf sürüklədi. O da çolaq ayağı

ilə atlanıb düşə-düşə gedib meydançanın tən ortasında

-  ekvator xəttinin üstündə dayandı. O yerdə  dayandı

ki, o yerdən oyun başlayırdı. Topu xəttin üstünə

qoyanda duyğuları  illərin o üzünə qaçdı. 

...Onda 12 yaşı vardı. Məhəllədə tək yaşıdlarından

yox, hamıdan yaxşı top-top  oynayırdı. Başqalarından

yeganə üstünlüyü də bu idi. Yetim uşaq başqa necə

fərqlənə bilər ki? 

O, top oynamırdı, topla rəqs edirdi, süzürdü,

göz qırpımında topa ürək sözlərini deyirdi, ondan

məsləhətlər istəyirdi  və bu xoşbəxt anlarında

arzuları qanad açıb top kimi göyə uçub onu iri

futbol meydançalarına səsləyirdi. 

Bu səsin ardınca uçurdu. 14 yaşı olanda hamı

onu gələcəyin Pelesi sayırdı,  15 yaşı olanda hamı

futbolun gələcəyini onda axtarırdı. 16 yaşı olandasa

uçuş başa çatdı,  o, futbolla biryolluq vidalaşdı.

Maşın qəzasında sağ ayağı xıncım-xıncım oldu.

Həkimlərin səyi çolaq ayaqla nəticələndi.

O, futboldan ayrıldı, amma stadiondan, futbolun

nəşəsindən, səs-küyündən, nəfəsindən  ayrıla bilmədi.

Çolaq ayağı ilə ilk dəfə stadiona gələndə məşqçisi

onu həmişəki təbəssümlə yox, soyuqqanlılıqla

qarşıladı, dodaqlarını bir-birinə sıxıb bir xeyli susdu.

Ardınca  “futbolun gələcəyinə” dedi:

- Burda sənə görə münasib iş yoxdu, stadionda

xadimə yeri boşdu, əgər istəsən... 

O gecə gözündən futbol topu boyda  iri  yaşlar

axıb balıncının içindəki qaz tüklərinin arasında

gizləndi, səhərsə gözünün yaşını silib məşqçinin

təklifini qəbul etdi.

Uğultu, havada uçan top, alqış, həyəcan, qol!-

dan sonra ilk dəfə işə stadionun mərkəzindən yox,

stadionun küncündən  başladı. Yola küncdən başlamaq

o deməkdir ki, mərkəz sənlik deyil, nahaqdan ora

can atırsan,  ömür itkisindən başqa qazancın

olmaycaq.  O vaxtdan nə az, nə çox, 25 il keçirdi... 

... Mərkəz xəttinin üstündəki topa baxa-baxa

uğultu eşidirdi, hardansa alqış səsləri gəlirdi,

rəngbərəng  toplar havada rəqs edirdi. Ayağının

ucuyla topa zərbə vurdu, elə bil bədəni quşa döndü,

rəqs edə-edə qapıya yaxınlaşdı. Həyəcanlı idi.  Çolaq

ayağı ilə  qapını nişan aldı. Ha istədi ki, topu qapıya

vursun, vura bilmədi,  çolaq ayaqla topa toxunmağa

ürəyi gəlmədi. Əslində, topa qıymadı, qıyammadı,

topu yerdən qaldırıb dodağına yaxınlaşdırdı, doğma

balası kimi bağrına basdı. O, hələ də bir möcüzə

nəticəsində çolaq ayağının sağalacağına, meydançada

külək kimi uçacağına, heç kimin xəyal belə eləmədiyi

topları qapıdan keçirəcəyinə inanırdı. Boş futbol

meydançası, boş oturacaqlar və bir də, bir də sinəsinə

sıxdığı futbol topu, hər şey fırlanırdı...                                         




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə