Ümumi hissə Birinci bölmə Əsas müddəalar



Yüklə 2,96 Mb.
səhifə6/39
tarix14.06.2018
ölçüsü2,96 Mb.
#49021
1   2   3   4   5   6   7   8   9   ...   39

Maddə 86. Təhqiqatçı

 

86.1. Cinayət təqibini həyata keçirərkən təhqiqatçı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.



86.2. Təhqiqatçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

86.2.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;

86.2.2. şübhəli şəxsə tutulduğu andan hüquqlarını bildirmək və tutulmasının səbəblərini izah etmək;

86.2.3. şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq);

86.2.4. zərurət olduqda bu Məcəllənin 154—156, 160, 165—172-ci maddələrinin tələblərinə müvafiq olaraq şübhəli şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək;

86.2.5. qanuni əsaslar olmadan və ya bu Məcəllənin 148.4, 148.6, 148.7, 150.3 və 151.5-ci maddələrində nəzərdə tutulmuş müddətlərdən artıq tutulan şəxsi azad etmək; 

86.2.6. müvafiq şəxsləri cinayət işi üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımaq;

86.2.7. cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün tədbirlər görmək;

86.2.8. bu Məcəllənin 193-cü maddəsinə uyğun olaraq tutulmuş şübhəli şəxsi hüquqi yardım ödənişlərindən azad etmək;

86.2.9. prokurorun və müstəntiqin göstərişlərini və qərarlarını icra etmək;

86.2.10. prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək;

86.2.11. ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərini apardıqdan sonra cinayət işi başlanmasından 10 (on) gündən gec olmayaraq iş üzrə bütün materialları istintaq aidiyyəti qaydalarına uyğun olaraq istintaq orqanına göndərmək;

86.2.12. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

86.2.13. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə sadələşdirilmiş icraat şəklində aparılmış təhqiqat materiallarını təhqiqat başlanmasından 10 (on) gündən, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi) gündən gec olmayaraq yekun protokolu ilə prokurora göndərmək; 

86.2.14. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

86.3. Cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 

86.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı aşağıdakı hüquqları həyata keçirir:

86.4.1. hadisənin şahidlərinin izahatını almaq, hadisənin baş vermə şəraiti ilə tanış olmaq, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək;

86.4.2. şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq; 

86.4.3. dövlət orqanlarından tərcüməçinin, mütəxəssisin, ekspertin ayrılmasını tələb etmək; şəxslərin razılığı ilə onları müvafiq istintaq hərəkətlərinə hal şahidi, tərcüməçi, mütəxəssis və ya ekspert qismində cəlb etmək;

86.4.4. dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək;

86.4.5. müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq;

86.4.6. müdafiəçinin cinayət işinin icraatında iştirakını istisna edən hallar müəyyən edildikdə, onun cinayət işinin icraatında iştirak etməkdən kənarlaşdırılması barədə prokuror qarşısında vəsatət vermək;

86.4.7. hal şahidinə, tərcüməçiyə, mütəxəssisə və ya ekspertə edilmiş etirazlara baxmaq;

86.4.8. cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmaq;

86.4.9. cinayət prosesində iştirak edən şəxslərin şikayətlərinə baxmaq;

86.4.10. məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə, qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək;

86.4.11. cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul etmək və təsdiq olunması üçün prokurora təqdim etmək;

86.4.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

86.5. Təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyil.

86.6. Cinayət işi prokuror və ya müstəntiq tərəfindən icraata qəbul olunduqdan sonra təhqiqatçı ayrı-ayrı istintaq hərəkətlərini, habelə müvafiq əməliyyat-axtarış tədbirlərini yalnız prokurorun və ya müstəntiqin göstərişləri ilə işlədiyi təhqiqat orqanı vasitəsilə həyata keçirir.

86.7. Təhqiqat orqanının ixtisaslaşmış təhqiqat qurumunun rəhbəri bu Məcəllənin tələblərinə əməl edərək öz səlahiyyətləri daxilində: 

86.7.1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil edir, onlara baxılmasını, cinayət işi üzrə təhqiqatın və ya ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasını təhqiqatçıya, yaxud təhqiqatçılar qrupuna tapşırır;

86.7.2. təhqiqatçının cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir;

86.7.2-1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlar üzrə ilkin yoxlamanın, təhqiqatın və ayrı-ayrı istintaq hərəkətlərinin təhqiqatçı tərəfindən həyata keçirilməsi üçün zəruri təşkilati tədbirlər görür;

86.7.2-2. təhqiqatçının bu Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir;

86.7.2-3. zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir;

86.7.3. öz səlahiyyətləri daxilində fəaliyyət göstərən prokurorun təhqiqat //çıxarılıb// orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edir, habelə prokurorun və müstəntiqin göstərişlərinin və qərarlarının icrası üçün müvafiq tədbirlər görülməsini təşkil edir; 

86.7.4. məhkəmə qərarlarının yerinə yetirilməsini təşkil edir.

86.8. Təhqiqat orqanının əməkdaşı bu Məcəllənin tələblərinə əməl edərək öz səlahiyyətləri daxilində:

86.8.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin qarşısının alınması üçün tədbirlər görür;

86.8.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri tutur;

86.8.3. tutduğu yerdə tutulan şəxsin üstünü yoxlayır;

86.8.4. tutulan şəxsə onun hüquqlarını izah edir;

86.8.5. hadisə yerinin mühafizəsi, cinayətin izlərinin qorunması, hadisəni görən şəxslərin müəyyən edilib izahatlarının alınması üçün zəruri tədbirlər görür;

86.8.6. hadisə yerində prosessual hərəkətlərin həyata keçirilməsi üçün müstəntiqin və ya prokurorun göstərişlərini yerinə yetirir.

86.9. Təhqiqat orqanının rəhbəri təhqiqat orqanı əməkdaşlarının bu Məcəllə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsini, məhkəmənin, prokurorun, müstəntiqin və təhqiqatçının qərar, göstəriş və ya tapşırıqlarının icrası üçün müvafiq tədbirlər görülməsini təşkil edir, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edir.

 

Maddə 87. Zərər çəkmiş şəxs

 

87.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.



87.2. Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər.

87.3. Cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir.

87.4. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

87.5. Zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir.

87.6. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

87.6.1. ittihamın mahiyyətini bilmək;

87.6.2. ifadə vermək;

87.6.3. izahat vermək;

87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək;

87.6.5. etirazlar etmək;

87.6.6. vəsatətlər vermək;

87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;

87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək;

87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

87.6.11. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

87.6.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək;

87.6.13. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq;

87.6.14. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək;KM1

87.6.15. xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq;

87.6.16. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək;

87.6.17. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək;

87.6.18. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq;

87.6.19. cinayət işi üzrə icraat zamanı sərf edilmiş xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

87.6.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq;

87.6.21. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

87.6.22. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək;

87.6.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

87.7. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

87.7.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

87.7.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ifadə vermək;

87.7.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparılmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

87.7.4. onun barəsində cinayətin törədilməsi ehtimal edilən cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;

87.7.5. hadisəni düzgün dərk edib yenidən təsvir etmək qabiliyyətindən şübhələnməyə əsaslar olduqda, bu halların müəyyən edilməsi üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;

87.7.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

87.7.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

87.7.8. məhkəmə iclasında qaydaya riayət etmək;

87.7.9. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

87.7.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

87.8. Zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.

 

Maddə 88. Xüsusi ittihamçı

 

88.1 .Xüsusi ittihamçı qismində aşağıdakılar tanınır:



88.1.1. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək, keçirilərkən və ya sonradan, lakin məhkəmə istintaqı başlananadək xüsusi ittihamçı qismində məhkəmə baxışına buraxılması barədə vəsatət vermiş şəxs — vəsatət təmin olunan andan;

88.1.2. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, ibtidai araşdırma aparılmasını və onun zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmiş şəxs — başlanmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanındığı andan;

88.1.3. cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs — xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan.

88.2. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyəti olmadıqda, bu Məcəllənin 88.1-ci maddəsində nəzərdə tutulmuş vəsatəti, xahişi və ya şikayəti vermiş onun qanuni nümayəndəsi xüsusi ittihamçı hesab olunur.

88.3. Bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə baxışında iştirak etmək üçün buraxılması barədə vəsatət vermiş zərər çəkmiş şəxsin hüquqi varisi xüsusi ittihamçı qismində tanınır.

88.4. Xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada:

88.4.1. xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir;

88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir;

88.4.3. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçılarının vəsatətləri və məhkəmədə baxılan məsələlər üzrə fikrini söyləyir;

88.4.4. öz hesabına və ya məhkəmə vasitəsi ilə sübutların məhkəməyə təqdim edilməsini təmin edir;

88.4.5. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclasında işin materiallarının tədqiqində iştirak edir;

88.4.6. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirir;

88.4.7. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirir;

88.4.8. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda giriş sözü (xüsusi ittiham qaydasında şikayətin elan edilməsi), nitq və replika söyləyir, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış edir.

88.5. Xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir.

 

Maddə 89. Mülki iddiaçı

 

89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.



89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

89.3. Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir.

89.4. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

89.4.1. ittihamın mahiyyətini bilmək;

89.4.2. təqdim etdiyi iddia üzrə izahat və ifadə vermək;

89.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək;

89.4.4. etirazlar etmək;

89.4.5. vəsatətlər vermək, o cümlədən verdiyi iddianın təmin olunması üçün tədbirlərin görülməsi barədə vəsatət vermək;

89.4.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;

89.4.7. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edərkən, qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

89.4.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

89.4.9. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

89.4.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

89.4.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə rəsmi qərarların surətini əldə etmək, ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq;

89.4.12. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarının iddiaya dair hissəsindən apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək; KM1

89.4.13. cinayət prosesini həyata keçirən orqanın onun iddiasına dair hissəsindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş digər hallara etirazını bildirmək;

89.4.14. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək; 

89.4.15. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə fikrini bildirmək;

89.4.16. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə etirazını bildirmək;

89.4.17. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

89.4.18. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən imtina etmək;

89.4.19. cinayət prosesinin istənilən anında iddiadan imtina etmək;

89.4.20. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

89.4.21. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakını geri almaq;

89.4.22. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

89.5. Mülki iddiaçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

89.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

89.5.2. mülki cavabdehlərin sayına uyğun iddia ərizələrinin surətinin məhkəməyə təqdim olunmasını təmin etmək;

89.5.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

89.5.4. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

89.5.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

89.5.6. məhkəmə iclasında qaydaya riayət etmək;

89.5.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

89.5.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

89.6. Mülki iddiaçı cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

89.7. Mülki iddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə