Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları



Yüklə 0,71 Mb.
səhifə1/8
tarix24.02.2018
ölçüsü0,71 Mb.
növüQaydalar
  1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ

 

 



Ümumi hissə

 

I bölmə

 

Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları

 

I fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Cəzaların icrası qanunvericiliyi



 

Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 2. Cəzaların İcrası Məcəlləsinin məqsəd və vəzifələri



 

2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır.

2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir.

2.3. Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir.

 

Maddə 3. Cəzaların İcrası Məcəlləsi və beynəlxalq hüquqi aktlar



 

3.1. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktları nəzərə alır.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

3.3. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin alçaldılmasına yol verilməməsinə əsaslanır. 

 

Maddə 4. Cəzaların icrasına dair normativ hüquqi aktlar



 

Müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ hüquqi aktlar qəbul edə bilərlər.

 

Maddə 5. Cəzaların İcrası Məcəlləsinin məkana və zamana görə qüvvəsi



 

5.1. Bu Məcəllə Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edilir.

5.2. Cəzaların icrası, habelə məhkumlara islah edilmə vasitələrinin tətbiqi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi onların icrası zamanı qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.

 

Maddə 6. Cəzaların icrasının əsasları



 

Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.

 

Maddə 7. Cəzaların icrası qanunvericiliyinin prinsipləri



 

Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır.

 

Maddə 8. Məhkumların islah edilməsi və onun əsas vasitələri



 

8.1. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır.

8.2. Məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır:

8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim);

8.2.2. tərbiyə işi;

8.2.3. ictimai faydalı əmək;

8.2.4. ümumi təhsil;

8.2.5. ilk peşə-ixtisas təhsili və peşə hazırlığı; 

8.2.6. ictimai təsir.

8.3. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.

 

II fəsil

 

Məhkumların hüquqi vəziyyəti

 

Maddə 9. Məhkumların hüquqi vəziyyətinin əsasları



 

9.1. Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.

9.2. Cəzaların icrası zamanı məhkumlara dair Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar və istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir. Məhkumlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq və azadlıqlardan irəli gələn vəzifələr daşıyırlar.

9.3. Əcnəbi və ya vətəndaşlığı olmayan məhkum şəxslər Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar istisna edilməklə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar.

9.4. Məhkumların hüquq və vəzifələri, habelə bu hüquq və vəzifələrin məhdudlaşdırılması cəza növünün icrası və çəkilməsi qaydaları və şərtləri nəzərə alınmaqla bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyənləşdirilir.

 

Maddə 10. Məhkumların əsas hüquqları



 

10.1. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.

10.2. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:

10.2.1. cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;

10.2.2. ictimai faydalı əməklə məşğul olmaq;

10.2.2-1. bədən tərbiyəsi və idmanla məşğul olmaq;

10.2.3. istirahət etmək;

10.2.4. pensiya və ya sosial müavinət almaq;

10.2.5. ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;

10.2.6. öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;

10.2.7. hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;

10.2.7-1. cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;

10.2.8. dini ayinlərin icra edilməsində iştirak etmək;

10.2.9. hüquqi yardım almaq;

10.2.9-1. psixoloji yardım almaq; 

10.2.10. təhsil almaq və peşə hazırlığı keçmək;

10.2.11. əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;

10.2.12. cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.

10.3. Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər.

10.4. Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.

10.5. Məhkumların hüquqlarının həyata keçirilməsi qaydası bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilir.

10.6. Məhkumların hüquqlarının həyata keçirilməsi zamanı normativ hüquqi aktların, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulmasına yol verilmir.

 

Maddə 11. Məhkumların əsas vəzifələri



 

11.1. Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər.

11.2. Məhkumlar bu Məcəllənin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.

11.3. Məhkumlar cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməlidirlər.

11.4. Məhkumlar cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar.

11.5. Məhkumlar üzərinə düşən vəzifələri, habelə cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

 

Maddə 12. Məhkumların şəxsi təhlükəsizlik hüququ



 

12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər.

12.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir.

12.3. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir.

 

Maddə 13. Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi



 

13.1. Məhkumların vicdan və dini etiqad azadlığına təminat verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər.

13.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumların xahişi ilə onlara cəzanın icra edildiyi inzibati ərazi vahidi hüdudları daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.

13.3. Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin din xadimləri məhkumların xahişi ilə cəzaçəkmə müəssisələrinə dəvət olunurlar. Məhkumlara cəzaçəkmə müəssisələrində dini ayinləri yerinə yetirməyə, dini ləvazimat və ədəbiyyatdan istifadə etməyə icazə verilir. Bu məqsəd üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq yer ayırır.

13.4. Din xadimlərinin şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında, intizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda saxlanılan məhkumların yanına buraxıla bilərlər.

13.5. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə yetirmək üçün cəzaçəkmə müəssisələrinə dəvət oluna bilərlər.

 

Maddə 14. Məhkumların müraciətləri və onlara baxılması qaydaları



 

14.1. Məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər.

14.2. Azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər.

14.3. Məhkumların cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxslərinin qərar və hərəkətlərinə dair təklif, ərizə və şikayətləri həmin qərarların və hərəkətlərin icrasını dayandırmır.

14.4. Məhkumların təklif, ərizə və şikayət göndərdiyi orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər.

14.5. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumları müəyyən edilmiş və onlara bildirmiş günlərdə və saatlarda qəbul edir.

 

III fəsil

 

Cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət

 

Maddə 15. Cəzanı icra edən müəssisə və orqanlar



 

15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə və əmlak müsadirəsi növündə cəzalar isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir.

15.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

15.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri üzrə icra məmuru və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən icra edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barəsində hökmün tələbləri məhkumun iş yeri üzrə, həmçinin qanuna uyğun olaraq fəaliyyətin müvafiq növü ilə məşğul olmağa icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir.

15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir.

15.5. İslah işləri növündə cəzanı icra məmuru icra edir.



15.6. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq cəzaçəkmə müəssisələri həyata keçirirlər.

15.7. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəza hökmü çıxaran məhkəmə tərəfindən icra edilir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barəsində hökmün tələbləri həmin rütbəni, fəxri adı və ya dövlət təltifini verən orqan tərəfindən həyata keçirilir.

15.8. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə bu məqsədlər üçün yaradılmış hərbi hissənin komandiri tərəfindən icra edilir.

15.9. Şərti məhkum edilmiş məhkumlara nəzarəti icra məmurları həyata keçirir.

15.10. İntizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

15.11. Cəzaları icra edən müəssisələr və ya orqanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılır və ya ləğv edilir.

 

Maddə 16. Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi



 

16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.

16.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir.

 

Maddə 17. Məhkumlara tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi



 

17.1. Məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir.

17.2. Məhkumun cəza müddəti ərzində alkoqolizmə və ya narkomaniyaya düçar olması və ya anlaqlılığı istisna etməyən psixi pozuntusunun olması müəyyən edildikdə, cəzanı icra edən müəssisə və ya orqan həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə təqdimat verir.

17.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər müvafiq qanunvericiliyin və bu Məcəllənin tələbləri nəzərə alınmaqla tətbiq edilir.

 

Maddə 17-1. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri

 

17-1.1. Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir.



17-1.2. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara təyin edilmiş məcburi müalicə kursu başa çatdıqda, müvafiq icra hakimiyyəti orqanının həkim-məsləhət komissiyası (bundan sonra - həkim-məsləhət komissiyası) aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsini həyata keçirir. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin həkim-məsləhət komissiyası tərəfindən qiymətləndirilməsi qaydası bu Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.

17-1.4. Cəzaçəkmə müəssisəsində cəza çəkən narkoloji xəstə məhkumların səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşması səbəbindən barəsində təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının tibbi rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə cəzanın çəkildiyi yer üzrə məhkəmə tərəfindən həll edilir.

17-1.5. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.

17-1.6. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

17-1.7. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.

17-1.8. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

17-1.9. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı əsasında həyata keçirilir.

 

Maddə 18. Cəzaların icrasına müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti



 

Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.

 

Maddə 19. Məhkəmə nəzarəti



 

19.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.

19.2 Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir.

19.3. Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir.

 

Maddə 20. Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı



 

20.1. İctimai təşkilatlar məhkumların islah edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər.

20.2. İctimai təşkilatların məhkumların islah edilməsində iştirakı və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.

 

Maddə 21. Prokurorluğun cəzaların məqsədinə nail olunmasında iştirakı



 

Prokurorluğun məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılarkən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 22. Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi



 

22.1. Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər.



22.1-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.

22.2. Kütləvi informasiya vasitələrinin nümayəndələri və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər.

22.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.4. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir.

22.5. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.

 


: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə