Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 280. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi



Yüklə 269,09 Kb.
səhifə14/26
tarix31.08.2018
ölçüsü269,09 Kb.
#65525
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

Maddə 280. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi

 

Enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-



fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.

 

Maddə 281. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması

 

281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə-



fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.

281.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulmasına görə-

fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 282. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması

 

282.1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -



fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

282.2. Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

FƏSİL 27



 

Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 283. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması

 

283.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:



283.0.1. dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;

283.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə uyğun gəlməyən damazlıq törədici heyvanlardan istifadə edilməsinə;

283.0.3. damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verilməsinə;

283.0.4. uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;

283.0.5. cinslərin rayonlaşmasına əməl edilməməsinə;

283.0.6. yerli heyvan genofonduna ziyan vurulmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 284. Atçılıq haqqında qanunvericiliyin pozulması

 

284.1. Müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə-



fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.

284.2. Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

284.3. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 285. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması

 

285.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni:



285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan addan fərqli ad verilməsinə;

285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adının verilməsinə;

285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;

285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;

285.0.5. dövlət reyestrində, ərizədə, ekspertiza və ya sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 286. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması

 

286.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:



286.1.1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardım göstərilməsinə;

286.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına;

286.1.3. Azərbaycan Respublikasının Milli Genbankının davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına;

286.1.4. Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

286.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə-

fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

 

Maddə 287. Toxumçuluq haqqında qanunvericiliyin pozulması

 

287.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni:



287.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə, səpininə, tədarükünə və satılmasına;

287.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə;

287.0.3. toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına;

287.0.4. patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan bitki sortlarının toxumlarından istifadə edilməsinə;

287.0.5. toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 288. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması

 

288.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:



288.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına və satışına; 

288.0.2. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə;

288.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;

288.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;

288.0.5. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;

288.0.6. istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;

288.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;

288.0.8. təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 289. Baytarlıq haqqında qanunvericiliyin pozulması

 

289.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:



289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə;

289.0.2. heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına;

289.0.3. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə;

289.0.4. yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 290. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması

 

290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:



290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;

290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;

290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;

290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;

290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;

290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına;

290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;

290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyrimüalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;

290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə-

iki yüz manat məbləğində cərimə edilir.

290.2. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

üç yüz manat məbləğində cərimə edilir.

290.3. Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.



Qeyd: Bu Məcəllənin 290.3-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması

 

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə-



beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 292. Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması

 

292.1. Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və ya aparılması qaydalarının pozulmasına görə-



fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının pozulmasına görə-

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

 

FƏSİL 28



 

Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalar

 

Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması

 

293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya qurğu yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə-



əlli manat məbləğində cərimə edilir.

293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə-

yüz manat məbləğində cərimə edilir.

293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

293.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə-

əlli manat məbləğində cərimə edilir.

293.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə-

dörd yüz manat məbləğində cərimə edilir.

 

Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi

 

Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə-



beş yüz manat məbləğində cərimə edilir.

 

Maddə 295. Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

295.1. Aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə-



vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

295.2. Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə-

 vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

295.3. Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə-

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

295.4. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə-

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

295.5. Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə-

fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 296. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt, təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulması

 

296.1. Hava yolu ilə sərnişin, baqaj, yük, poçt daşıma qaydalarının pozulmasına görə-



fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

296.2. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə-

təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadəkməbləğdə cərimə edilir.

 

Maddə 297. Hava nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

 

297.1. Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə-



yüz əlli manat məbləğində cərimə edilir.

297.2. Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə-

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 298. Hava gəmisində davranış qaydalarının pozulması

 

298.1. Hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə-



yüz manat məbləğində cərimə edilir.

298.2. Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə-

yüz manat məbləğində cərimə edilir.

298.3. Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə-

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 299. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə

 

Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-



yüz manat məbləğində cərimə edilir.

 

Maddə 300. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

300.1. Dəmir yolunun, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının və avadanlığının zədələnməsinə görə-



yüz əlli manat məbləğində cərimə edilir.

300.2. Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə-

fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.

300.3. Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə-

iki yüz manat məbləğində cərimə edilir.

 

Maddə 301. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması

 

301.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə-



əlli manat məbləğində cərimə edilir.

301.2. Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə-

otuz manat məbləğində cərimə edilir.

 

Maddə 302. Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsi

 

Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə-



yüz manat məbləğində cərimə edilir.

 

Maddə 303. Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması

 

Dəmir yolu nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulmasına görə-



xəbərdarlıq edilir və ya iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 304. Dəmir yolu nəqliyyatında yüklərin qorunması qaydalarının pozulması

 

304.1. Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə-



yüz manat məbləğində cərimə edilir.

304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə-

yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 305. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə

 

Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-



qırx manat məbləğində cərimə edilir.

 

Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması

 

306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə-



on beş manat məbləğində cərimə edilir.

306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə-

iyirmi manat məbləğində cərimə edilir.

306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə-

otuz manat məbləğində cərimə edilir.

306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə-

əlli manat məbləğində cərimə edilir.

306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə-

yetmiş manat məbləğində cərimə edilir.

306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə-

yüz manat məbləğində cərimə edilir.

 


Yüklə 269,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə