Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 66. Vəkilin iştirakının məcburiliyi



Yüklə 269,09 Kb.
səhifə4/26
tarix31.08.2018
ölçüsü269,09 Kb.
#65525
1   2   3   4   5   6   7   8   9   ...   26

Maddə 66. Vəkilin iştirakının məcburiliyi

 

66.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur.



66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir.

66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

 

Maddə 67. Şahid

 

67.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar.



67.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.

67.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.

67.4. On dörd yaşı tamam olmamış şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər.

67.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.



Qeyd: Bu maddədə “yaxın qohumlar” dedikdə - valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma və ögey qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.

 

Maddə 68. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər

 

68.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:



68.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;

68.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin müdafiəçisi;

68.0.3. nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onlara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.

 

Maddə 69. Hal şahidləri

 

69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.



69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.

69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.

69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.

69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.

 

Maddə 70. Mütəxəssis

 

70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur.



70.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:

70.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

70.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirilməsində iştirak etmək;

70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;

70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;

70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş hakimə, səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat vermək.

70.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır:

70.3.1. iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;

70.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə iştirak etdiyi prosessual hərəkətin predmetinə aid olan suallar vermək;

70.3.3. aparılan hərəkətlərə dair qeydlər etmək və izahatlar vermək.

70.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Maddə 71. Ekspert

 

71.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur.



71.2. Ekspertin vəzifələri aşağıdakılardır:

71.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

71.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;

71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) özü-özünə etiraz etmə haqqında məlumat vermək.

71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.

71.4. Ekspertin aşağıdakı hüquqları vardır:

71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;

71.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə vəsatət vermək;

71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə suallar vermək;

71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək.

71.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Maddə 72. Tərcüməçi

 

72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər.



72.2. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.

72.3. Tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur.

72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, tərcüməçi onu dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etiraz etmə haqqında məlumat verməlidir.

72.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

 

Maddə 73. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar

 

73.1. Əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər.



73.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:

73.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;

73.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə;

73.2.3. işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar olduqda.

 

Maddə 74. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edilən şəxslərə etiraz etmə

 

74.1. Bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar.



74.2. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizə icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.

74.3. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir.

 

FƏSİL 12



 

İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi

 

Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar

 

75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:



75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);

75.0.2. inzibati xəta törətmiş şəxs;

75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;

75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;

75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar;

75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait.

 

Maddə 76. Sübutlar

 

76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.



76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.

 

Maddə 77. Maddi sübutlar

 

77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir.



77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir.

77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir.

 

Maddə 78. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı

 

78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir.



78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.

 

Maddə 79. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları

 

79.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir.



79.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.

79.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir.

 

Maddə 80. Sənədlər

 

80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.



80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur.

80.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir.

 

Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri

 

81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır.



81.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.

81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilir.

 

Maddə 82. Ekspertiza

 

82.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.



82.2. Qərardadda aşağıdakılar göstərilir:

82.2.1. ekspertizanın təyin olunması üçün əsaslar;

82.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı;

82.2.3. ekspertin rəy verməli olduğu məsələlər;

82.2.4. ekspertin sərəncamına verilən materiallar;

82.2.5. ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi və bilə-bilə yalan rəy verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd.

82.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır.

82.4. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertizanın təyin olunması haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir.

82.5. Ekspert öz adından yazılı formada rəy verir və onu imzalayır. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir.

 

Maddə 83. Əlavə məlumatların tələb edilməsi

 

83.1. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər.



83.2. Məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

83.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar.

 

Maddə 84. Sübutların qiymətləndirilməsi

 

84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.



84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

 

Maddə 85. Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi

 

İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir.



 

FƏSİL 13

 

İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqi

 

Maddə 86. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirləri

 

86.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir:



86.1.1. gətirilmə;

86.1.2. inzibati qaydada tutma;

86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama;

86.1.4. nəqliyyat vasitəsinə baxış;

86.1.5. əşyaları və sənədləri götürmə;

86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma;

86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;

86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə.

86.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir.

 

Maddə 87. Gətirilmə

 

87.1. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər.



87.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz.

87.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 88. İnzibati qaydada tutma

 

88.1. İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda tətbiq etmək hüququna malikdirlər:



88.1.1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda,avaralıqla məşğul olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qanunsuz qaldıqda;

88.1.2. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;

88.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi - mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;

88.1.4. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya digər şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;

88.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət rejimi pozulduqda;

88.1.5-1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə;

88.1.6. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda.

88.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.

 

Maddə 89. İnzibati qaydada tutma müddətləri

 

89.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz.



89.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

89.3. Fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.



89.3-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.

89.4. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər.

89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.

89.6. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.

89.7. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

 


Yüklə 269,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə