Ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 114,33 Kb.
tarix26.01.2018
ölçüsü114,33 Kb.
#22474

ASİYA

ÜMUMİ İCMAL


Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.


Asiya yer kürəsinin ən böyük qitəsidir. Asiya çox böyük məsafədə qərbdən şərqə və cənubdan şimala uzanır. Ucqar nöqtələri şimalda Çelyuskin burnu, cənubda Piay burnu, qərbdə Baba burnu, şərqdə Dejnev burnudur. Cənubda Asiya qitəsinə aid edilən Malay arxepalaqı adaları 11º c.e qədər, şimalda isə Şimal Torpağı adaları 81ºşm.enliyinə qədər uzanır. Beləliklə Asiya ərazisi meridian istiqamətində cənubdan şimala 93º-yə qədər,enlik istiqamətində,qərbdən şərqə 63º.50´ uzanır. Qitənin ən geniş yeri subtropik enliklerdə yerləşir.

Asiyanın sahəsi Qafqaz və Zaqafqaziya ilə birlikdə

43 448min km2-ə çatır. Bundan 8 milyon km2 yarımadaların, 2mln.km2-dən bir qədər artığı adaların payına düşür. .Xarici Asiyanın sahəsi 26 mln.km2-dir. Qitənin şimal sahilləri nisbətən zəif parçalanmışdır. Burada Taymır, Yamal və Qıdan yarımadaları,qitə dayazlığı üzərində isə Şimal Torpağı, Novosibir arxipelaqları və Vrangel adası yerləşir. Şərq sahil çox parçalanmışdır. Şərqdə böyük yarımadalardan Kamçatka, Koreya,adalardan Kuril adaları, Yapon, Ryukyu, Tayvan və Filippin adaları və s.göstərmək olar. Şərq sahildə qövs şəklində şimaldan cənuba uzanan adalar ilə qitə arasında dərin kənar dənizlər- Oxot, Yapon, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri yerləşir. Qitənin cənub-şərqində Hind Çin yarımadası və Malay arxepalağı adaları (Kalimantan, Yava,Sumatra, Sulavesi və s.)yerləşir. Cənub və cənub-qərb sahil zəif parçalanmışdır. Burada Asiyanın Hindistan, Ərəbistan,qərbdə Kiçik-Asiya kimi böyük yarımadaları vardır.Şimal-şərqdə Asiya ilə Şimali Amerikanı ensiz (85km) və dayaz Berinq boğazı ayırır. Suveyş kanalı çəkilənə qədər cənub-qərbdə Suveyş bərzəxi Asiyanı Afrika ilə birləşdirirdi. Avropa ilə sərhəd qurudan keçir. Asiya ərazisinin böyüklüyü və yığcamlığı ilə əlaqədar olaraq onun daxili vilayətləri dəniz sahillərindən 2-2.5min km uzaqda yerləşir (Avropada 600km)

Asiya orta yüksəkliyinə görə də qitələr arasında birinci yerdə durur.(Asiya 940 m,Afrika 750 m,Avropa 320 m) . Ərazinin böyüklüyü,oroqrafik quruluşunun mürəkkəbliyi və daxili vilayətlərin dənizlərdən çox uzaqda,yüksək dağlar arxasında yerləşməsi,qitənin daxili və kənar hissələrində tamamilə müxtəlif landşaft komplekslərinin inkişafına səbəb olmuşdur. Xarici Asiyanın kənar hissələri (Qabaq Asiya müstəsna olmaqla) dəniz və okeanların təsiri altında qalır. Buna görə də,qitənin kənar hissələri üçün rütubətli musson iqlimi səciyyəvidir. Qitənin daxili hissələrini şərq və cənubdan əhatə edən yüksək dağ silsilələri dənizlərdən gələn rütubətli musson havalarına çevrilmiş yamacları olduqcaq bol yağıntı aldığı halda,həmin dağların daxili yamacları quru iqlimə malikdir. Qitənin daxili hissələrinin qapalı və yarımqapalı sahələri kəskin kontinental iqlim və arid landşaftı ilə səciyyələnir.

Asiya dünyada ən yüksək dağ silsilələrinin,dağlıq yaylaların və axarsız hövzələrin olması,eyni zamanda geoloji inkişafının daha mürəkkəbliyi ilə də başqa qitələrdən seçilir. Qitənin ayrı-ayrı morfostruktur sahələri bir-birindən kəskin sürətdə fərqlənir. Asiyada fiziki-coğrafi zonallıq olduqca mürəkkəbdir. Bu bir tərəfdən qitənin böyük məsafədə qərbdən şərqə uzanması ilə,digər tərəfdən daxili sahələrlə kənar sahələrin rütubətlənmə dərəcəsində ciddi fərq olması ilə izah edilməlidir. Yuxarıda qısa şəkildə göstərilən əlamətlərdən aydın olur ki, Asiya yer kürəsində ən mürəkkəb ,ən maraqlı təbii-coğrafi xüsusiyyətlərlə zəngin bir qitədir.

Asiyanın şimal hissəsi SSRİ ərazisində yerləşir. Həmin hissənin fiziki coğrafiyası SSRİ fiziki coğrafiyası kursunda keçildiyi üçün burada söhbət yalnız xarici Asiyadan gedəcəkdir. .

GEOLİJİ QURULUŞU

VƏ İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ


Başqa qitələrdən fərqli olaraq Asiya bir neçə qədim platforma özəyinə malikdir. Şimalda Sibir platforması, mərkəzdə və şərqdə Çin platforması,cənubda və cənub-qərbdə Hindistan və Ərəbistan platformaları yerləşir. Bu platformalar arasında öz inkişafını paleozoy və mezozoyda qurtarmış geosinklinallar üzərində yaranmış geniş ərazi tutan cavan platforma və orogen sahələri vardır. Qitənin şərq və cənub-şərqində aktiv vulkanizm,güclü zəlzələlər və kəskin təzadlı tektonik hərəkətlər sahəsi olan müasir geosinklinallar mövcuddur. Asiya qitəsinin geoloji inkişaf tarixində aşağıdakı böyük mərhələlər ayrılır:Kembridən əvvəlki mərhələ,paleozoy, mezozoy və kaynozoy mərhələləri.

Kembridən əvvəlki mərhələdə Asiyada yerləşən platformaların qırışıq əsası yaranmışdır. Müəyyən edilmişdir ki,qitənin qədim platformaları sahəsində bir çox qədim geosinklinallar mövcud olmuşdur. Bu geosinklinallarda arxey və proterezoy eralarında quvvətli qırışıqlı hərəkətlər, vulkanizm,maqmatizm,metamorfizm hadisələri baş vermişdir. Müasir üsullarla aparılan tədqiqatlara əsasən müəyyən edilmişdir ki, Sibir platformasındakı Anbar və Aldan qalxanlarında , Çin ,Hindistan və Ərəbistan platformalarında ən qədim qırışıqlıq, Rus platformasında olduğu kimi, Saam qırışıqlığıdır. Aldan qalxanında Saam qırışıqlığı çox qalın (15-20km) geosinklinal çöküntü kompleksini əhatə etmişdir. İstər Aldan qalxanında, istərsə də Asiyanın qalan platforma sahələrində Saam qırışıqlığı sahəsi ətraflardan Kareliya, Satpur və Baykal qırışıqlıqları sahələri ilə əhatə olunur. Lakin hər



qalxan daxilində qədim qırışıqlıq komplekslərinin hamısı eyni dərəcədə və kompleks şəkildə iştirak etmir.Məs: Satpur kompleksi qırışıqlığı yalnız Hindistan platformasında müəyyən edilmişdir. Karelya və Baykal qırışıqlığı isə Asiya və Avropanın bütün platformalarında geniş yer tutur. Qədim platformaları təşkil edən süxur qatlarının litoloji xüsusiyyətləri, əksər platformalarda Ukrayna qalxanı Saam qırışıqlığı üçün xarakter olan dəmirli kvarsitlərdən ibarətdir. Bu xüsusiyyət, həm də müasir üsüllarla süxurların yaşının təyin edilməsi, qədim platformalarda geosinklinal rejimin yaranması və başa

çatmasının təxminən eyni geoloji dövrdə olmasını müəyyən etməyə imkan verir. Beləliklə Asiyanın kristallik və metamorfik süxurlardan ibarət platformaları kembridən əvvəlki dövrdə,təxminən 2 milyard 2200 mln.il davam edən arxey və proterozoy eralarında mürəkkəb geotektonik bir şəraitdə yaranmışdır.

Hər bir geosinklinal inkişaf tsikli başa çatdıqda stabil sahələr yaranmış və çox vaxt həmin sahələrin yenidən aktivləşməsi nəticəsində onların üzərində geosinklinal əyilmələr yaranmışdır. Məsələn, müəyyən edilmişdir ki, Kareliya geosinklinalları Saam qırışıqlığı nəticəsində stabilləşmiş sahələrdə, Tetis geosinklinalı isə Baykal qırışıqlığı əsası üzərində yaranmışdır. Kembridən əvvəlki uzun sürən geoloji inkişaf tarixi nəticəsində Asiyada Sibir, Çin, Hindistan və Ərəbistan platformaları yaranmışdır. Kembrinin başlanğıcına qədər, hələ Baykal qırışıqlığı davam etdiyi bir dövrdə, həmin platformaların böyük struktur vahidləri (antekliz və sineklizlər) formalaşmağa başlamışdır. Kembridən çox əvvəllər yaranmış bəzi anteklizlər sonrakı geoloji dövrlərdə öz struktur sərbəstliyini,inkişafında permanentliyi saxlamış və heç zaman dəniz transqressiyalarına məruz qalmamışdır (Anabar və Aldan qalxanları, Ərəbistan-Nubiya anteklizi və s.)

Asiyanın paleozoy erası tarixində iki əsas mərhələ ayrılır:

1)aşağı paleozoy, yaxud kaledon qırışıqlığı mərhələsi

2)yuxarı paleozoy, yaxud hertsin qırışıqlığı mərhələsi.

Kaledon qırışıqlığı Asiyada az sahə tutur. Bu qırışıqlıq əsasən Sibir platformasının cənub,cənub-qərb, cənub-şərq kənarlarında (Sayan, Altay, Şimali Tyanşan, Nanşan dağlarında, cənub-şərqi Çində və mərkəzi Qazaxıstanda , Sibir və Çin platformaları arasındakı geosinklinallarlda) olmuşdur. Qabaq Asiya yaylalarının özəyi kaledon qırışıqlığı zamanı yaranmışdır. Kaledon qırışıqlığı iki əsas mərhələdə baş vermişdir. İlk kaledon qırışıqlığı- bu əsasən kembri dövrünün axırında başa çatmışdır. Son kaledon qırışıqlığı isə ordovik və silur dövrlərində baş verməklə, devon dövrünün başlanğıcına qədər davam etmişdir. Kaledon geosinklinalı Baykal əsası üzərində yaranmışdır. Burada evgeosinklinal və miogeosinklinal çöküntü kompleksləri ayrılır. İlk kaledon qırışıqlığı çox kicik sahələrdə Sayan dağlarında müəyyən edildiyi halda, son kaledon qırışıqlığı Avropada olduğu kimi nisbətən geniş sahədə özünü göstərmişdir. Kaledon qırışıqlığı Sibir və Çin platformaları arasındakı geniş sahədə müəyyən qalxmalar zonası əmələ gətirmişdirsə də, hələ paleozoy erasının ikinci yarısında qitənin olduqca geniş əraziləri geosinklinal və epiplatforma dənizləri ilə örtülü idi. Bu dənizlərdə olduqca müxtəlif litoloji tərkibli və müxtəlif mənşəli çöküntülər toplanırdı. Geosinklinal hövzələrdə onlar daha müxtəlif və çox qalın (məs, Nanşanda 12-15 km) epiplotforma dənizlərində az-çox yekçins və nazik qatlar əmələ gətirmişdir.

Yuxarı paleozoyda Asiyanın geosinklinal sahələrində qüvvətli tektonik hərəkətlər nəticəsində hertsin qırışıqlığı zonaları əmələ gəlir. Bu qırışıqlıq özündən əvvəl olmuş kaledon qırışıqlığına nisbətən daha geniş sahədə baş vermiş, bəzi yerlərdə isə kaledon qırışıqlığı zonaları da tektonik hərəkətlərə məruz qalmışdır. Hertsin qırışıqlığı Uralda (qırışıqlıq Ural dağlarının müasir şərq ətəyindən 100-200 km şərqə və 500km-ə qədər uzanan daha geniş bir sahəsində olmuşdur), Manqışlaqda, Taymırda, Mərkəzi Asiyanın geniş bir sahəsində, Tarim massivivindən cənubda Kunlun,Sinlin dağları zonasında qırışıq dağlar əmələ gətirmişdir. Hertsin qırışıqlığı alp geosinklinalı zonasında yerləşən və az-çox kaledon qırışıqlığına məruz qalmış sahələrdə də (adalarda) özünü göstərmişdir. Bu qırışıqlıqdan sonra həmin sahələr xeyli sabitləşmiş və alp geosinklinalı zonasında sabit aralıq massivlərə çevrilmişdir. Uzun müddət sabit qalan bu aralıq massivlər arabir mezozoyda və kaynozoyda dəniz transqressiyalarına məruz qalmış və onların üzərində çöküntü süxür örtüyü toplanmışdır. Alp qırışıqlığı və orogeni zamanı bu massivlər xeyli aktivləşmiş, parçalanmış, tektonik dəyişikliyə məruz qalmışdır.

Asiyanın hertsin qırışıqlığı sahələrində yuxarı paleozoyda böyük qırışıqlı, qırışıqlı-faylı qalxmalar (meqantiklinoriumlar), dağarası və dağətəyi çökəklər (tektonik əyilmə zonaları) kimi struktur vahidlər yaranır. Əyilmələr sahəsində əsasən dəniz, qismən kontinental çöküntülər,dağarası çökəklərdə həm də vulkanogen çöküntülər toplanırdı. Hertsin qırışıqlığı nəticəsində Çin və Sibir platforması arasındakı geniş bir ərazi mürəkkəb relyefi olan quruya çevrilir və qitənin ərazisi xeyli genişlənir. Bununla bərabər Çin platforması aktivləşir,onun üzərində müxtəlif istiqamətli (şərqdə əsasən meridian istiqamətli) çökəklər əmələ gəlir və nəticədə platforma ayrı-ayrı massivlərə bölünür (Tarim, Sıçuan, Şandun-Koreya, cənubi Çin və Hind-Çin massivləri)

Mezozoy erasında Asiyanın Tetis geosinklinalı zonasında əyilmə və dəniz şəraitində çöküntü toplanması davam edir. Qitənin geniş daxili hissələri kontinental şəraitdə inkişaf edir. Burada əhəmiyyətli dəyişikliklər baş vermir, əksinə, əvvəlki mərhələdə yaranmış dağların əksəriyyəti qüvvətli aşınır,geniş sahələr platforma rejimində inkişaf edir. Peneplenlər əmələ gəlir. Platformaların zəif əyilməkdə olan hissələri (sineklizlər) və qalxanların bunlara yanaşan ətəkləri

(Sibirdə, Ərəbistanda ),əyilməkdə olan tavalar dəniz transqressiyalarına məruz qalır. Mezozoyda Çin platformasının əyilmə sahələrində yanşan qırışıqlığı nəticəsində tektonik inversiya başlayır, platforma tipli qırışıqlı,qırışıqlı-faylı dağlar əmələ gəlir., vulkanizm baş verir və platformanın tektonik quruluşu xeyli mürəkkəbləşir. Yeni əmələ gəlmiş dağlara nisbətən, sabit massivlər relyefdə mənfi formalar əmələ gətirir. Mezozoyda Çin platformasında olan hərəkətlər qitə sahəsini genişləndirmir. Bu dövrdə qitənin şərqində vulkanizm böyük bir güclə özünü göstərir. Mezozoyun axırlarında xeyli yüksəyə qalxmış Nubiyə-Ərəbistan qalxanın künbəz hissəsində, Qondvananın şimal qəlpəsi olan Hindistan platformasında böyük tektonik qırılmalar əmələ gəlməyə başlayır. Dekan yaylasında sahəvi püskürmələr baş verir, tektonik hərəkətlər daha da aktivləşir.

Asiyanın geoloji inkişafında kaynozoy erası xüsusi bir mərhələ kimi ayrılır. Bu era geoloji hadisələrlə olduqca zəngindir. Bu vaxt tektonik hərəkətlər istər alp geosunklinalı sahəsində, istər qədim platformalarda və həmçinin qitənin şərq “Sakit okean odlu dairəsinə “aid olan hissəsində böyük qüvvə ilə özünü göstərmişdir. Asiyanın Alp qırışıqlığı zonalarının kaynozoy tarixində iki əsas mərhələ:1) Alp qırışıqlığı, 2)orogen mərhələ (axırıncı aktivləşmiş platformalara da aid edilir) ayırmaq mümkündür. Əvvəlki eralarda geosinklinal rejimə malik olan Alp geosinklinalı (Tetis və Alp geosinklinalı sinonim kimi işlədilə bilər ) qapanır. Bu dövrdə həm qırışıqlıq ,həm də orogen fazalar əsasən başa çatır. Bu zonanın meqantiklinoriumlarının mərkəzi hissələri hələ mezozoyun axırlarında inversiyaya başlamışdır. Paleogendə isə Alp geosinklinalında əsas qırışıq zonalar yaranır. Qabaq Asiyanın aralıq massivlərini (Anadolu və İran yaylaları) şimaldan və cənubdan əhatə edən qırışıq,qırışıq-faylı dağ silsilələri əmələ gəlir(şimalda Pont, Kiçik Qafqaz, Talış, Əlburz, Kopetdağ, Pamir;cənubda Tavr, Zaqros, Süleyman dağları). Hindiquş,

Himalay və Birma dağlarında həm güclü qırışıqlıq,həm də şaquli qalxma gedir. Alp qırışıqlığının əsas mərhələsi zamanı qalxmaqda olan silsilələr arasında və ətəyində yaranan çökəklərdə dəniz və qismən kontinental çöküntülər toplanır (aşağı molass çöküntüləri),daxili zonalarda qüvvətli vulkan püskürmələri baş verir.

Paleogendə hələ Alp qırışıqlığı zonasının daxili massivləri az yüksəkdə yerləşdiyindən arabir dəniz transqressiyalarına məruz qalırdı. Mərkəzi Asiyanın aşınmış qədim qırışıqlıq sahələri (cavan platformalar) bir qədər aktivləşir. Tibet və Himalay dağları daha intensiv qalxır. Ziddiyyətli tektonik hərəkətlər sahələrində dərin tektonik qırılmalar yaranır və bu qırılmalar üzrə intensiv vulkan püskürmələri baş verir. Tektonik hərəkətlər çox gərgin olan sahələrdə üfüqi təzyiq nəticəsində şaryaj quruluşu inkişaf etməyə başlayır. Paleogenin axırları və neogenin əvvəllərində istər Alp-Himalay zonasında,istərsə də Asiyanın başqa sahələrində tektonik hərəkətlər bir qədər zəifləyir. Qabaq Asiyanın alp qırışıqlığı zonasındakı dağlar xeyli aşınır,geniş sahələrdə hamarlanma səthləri intişar edir,qitənin daxili vilayətlərində də tektonik hərəkətlər bir qədər zəifləyir.

Bu dövrdə Şərqi Asiyada intensiv çökmə və qalxma gedir.Yapon adaları, Tayvan və Filippin adalarında çox qalın paleogen və miossen çöküntüləri toplanır,çox yerdə vulkanizm aktiv davam edir və dərinlik tektonik qırılma zonaları yaranır. Asiyanın geoliji inkişafı tarixində neogen və dördüncü dövr hadisələri xüsusi yer tutur. Neotektonik, yaxud orogen mərhələdə (neogen-dördüncü dövr) Alp-Himalay zonasında tektonik hərəktlər böyük bir sürətlə özünü göstərir. Qabaq Asiya yaylalarını şimaldan və cənubdan əhatə edən dağ sıralarının yüksəkliyi (bunlar meqantiklinoriumlara müvafiq gəlir) 2000-3000 m, bəzən 4000-5000m-ə qədər artır,dağarası və dağətəyi çökəklərdə əyilmə daha da sürətlənir və burada çox qalın iri qırıntılı çökütülər (yuxarı molass formasiyası)toplanır.

Pliosen və dördüncü dövrdə isə bu çöküntülər qırışıqlıqda yığılaraq böyük dağ silsilələrini kənardan haşiyələyən alçaq dağları və tirələri əmələ gətirir.

Neotektonik mərhələdə aralıq massivlər də xeyli yüksəyə qalxır (800-2000m) və bəzən yerlərdə olduqca güclü vulkan püskürməsi baş verir,lava yaylaları,nəhəng vulkan konusları yaranır.(Şərqi Anadoluda, Ermənistan yaylasında,Cənubi Azərbaycanda). Bu mərhələdə Alp-Himalay zonasında qırılmalar üzrə üfüqi hərəkətlər də baş verir,şaryaj quruluşu daha geniş miqyasda inkişaf edir.(Himalayda və s.). Himalay dağları daha intensiv qalxır. Neotektonik mərhələnin bir əlamətdar cəhəti də ondadır ki,bu mərhələdə Mərkəzi Asiyanın cavan platformaları sahəsində tektonik aktivləşmə daha kəskin olmuşdur. Altay,Sayan,Tyan-Şan,Kunlun,Nanşan,

Sinlin dağları sistemi çox böyük bir sürətlə qayma şəklində qalxmağa başlamışdır. Həmin dağların qalxması qədim platformaların sabit massivlərinə də öz təsirini göstərmişdi (Tarim, Ordos və s.). Qazaxıstan qırışıq təpəliyi,Ural,Sibir platformasının bəzi sahələri və Şimal-Şərqi Asiyada böyük sahələr qalxma və enmə hərəkətlərinə məruz qalmışdır. Bu hərəkətlər nəticəsində yüksək dağlar daimi qar xəttindən xeyli yüksəyə qalxmış və böyük dağ-dərə buzlaqları yaranmışdır. Digər tərəfdən Mərkəzi Asiyanın çökək və yaylalarını hər tərəfdən əhatə edən dağların çox yüksəyə qalxması,okeanlardan gələn rütubətli hava axınlarının qarşısını kəsdiyindən,qitənin daxili hissələrinin iqliminin quraqlaşma dərəcəsi artmışdır. Neogen-dördüncü dövrdə baş verən hərəkətlər qitənin müasir sərhədləri daxilində formalaşmasının əsas amili olmuşdur. Bu dövrdə Şərqi Asiyada və İndoneziyada daha böyük dəyişikliklər baş vermişdi. Şərqi və cənub-şərqi Asiyanın kənar dənizlərinin,adalar qrupunun,onları əhatə edən dərin çökəklərin yaranması neogen və dördüncü dövrün tektonik hərəkətləri ilə əlaqədardır. Çox dərinlərə gedən tektonik qırılmaların əmələ gəlməsi və yer qabığı dərinliklərində gedən ciddi dəyişikliklər

Şərqi Asiyada Sakit okean zonasında və İndoneziyada indiyə qədər davam edən güclü vulkanizmin və dəhşətli zəlzələlərin əsas səbəbidir. Asiyanın geoloji inkişafı,müasir strukturunun böyük elementləri,relyefin əsas formalarının ərazidə paylanması qitənin dərinlik quruluşu ilə sıx əlaqədardır. Yüksək dağ silsilələri və yaylalar sahəsində yer qabığı və eləcə də qranit təbəqə çox (50-65km) qalındır. Ovalıq və çökəklik sahələrdə yer qabığının qalınlığı xeyli (30-45km) azalır. Ümumiyyətlə Asiya qitəsi üçün materik tipli yer qabığı xarakterikdir. Lakin şərqi Asiyanın müasir geosinklinal qurşağı sahəsində yer qabığı kontinental və okean tipli qabıq arasında keçid təşkil edir. Üçüncü və dordüncü dövrdə bu qurşağın yer qabığı quruluşunda böyük dəyişikliklər baş verir. Görünür həmin qurşağın yüksək dərəcədə oynaqlığı, burada güclü müasir vulkanizm və zəlzələlərin baş verməsi yer qabığında və mantiyada gedən hadisələrlə bilavasitə əlaqədardır.

Asiya qitəsində baş verən bu mürəkkəb geoloji-tektonik hadisələr nəticəsində qitənin mürəkkəb quruluşlu yer qabığı yaranmışdır. Materikin geniş ərazisində kontinental yer qabığı, Şərqi Asiyanın böyük adaları zonasında isə daha mürəkkəb keçici yer qabığı yaranmışdır.

Qitədə yer qabığı müxtəlif qalınlığı böyük tektonik və orfoqrafik sahələrin konturuna müvafiq şəkildə paylanmışdır. Ön Asiyanın dağlıq yaylalarında, Mərkəzi Asiyada və Sibirin dağlıq və yüksək yaylaları sahəsində yer qabığının qalınlığı 45km-dən artıqdır. Bu rəqəm Tibetdə 55-65 km, Pamir, Tyan-Şan dağlıq sahəsində 70 km-ə qədər artır. Qitənin platforma yaylalarında (Ərəbistan,Hindistan) və düzənliklərində (Qərbi Sibir,Şərqi Çin və s) yer qabığı qalınlığı 35-40-50 km-ə çatdığı halda, dənizlərdə 10-15 km-ə qədər azalır. Hər yerdə materik tipli yer qabığı ilə okean tipli yer qabığı arasında sərhəd kəskin, keçid zona isə çox ensizdir. Bütün bu xüsusiyyətlər relyefdə də özünü aydın göstərir.
FAYDALI QAZINTILARI
Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir. Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır. Daş kömürün böyük yataqları şimal və şimal-qərbdə Tunqus, Lena, Çeremxova, Kuznetsk hövzələri, Karaqanda, Saxalin və s.yerlərdədir. Xarici Asiyada isə daş kömür yataqları Yaponiyada,Şimal-Şərqi Çində, Koreyada, Hindistanda və s. ölkələrdədir.

Asiyanın neft yataqları platformaların çöküntü örtük qatı ilə, orogen sahələrdə isə dağarası və dağətəyi çökəklərin molass çöküntüləri ilə əlaqədardır. Platforma örtüyünün zəif qırışmış çöküntü qatlarında olan böyük neft-qaz ehtiyatları Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində əyilmələr sahəsində məlumdur. Hazırda bu iki platforma neft-qaz yataqlarının zənginliyinə görə dünyada görkəmli mövqe tutur. Dağətəyi və dağarası əyilmələr sahəsinin tektonik strukturları ilə əlaqədar olan böyük neft-qaz yataqları İraqda, İranda, Zaqafqaziya depressiya sahəsində, Türkmənistanda və Mərkəzi Asiyanın bəzi çökəklərində, Cənubi və Cənub-Şərqi Asiyada yerləşir. Şimal və Ön Asiya qitənin başqa böyük sahələrinə nisbətən bu cəhətdən daha zəngindir. Hazırda neft çıxarılmasına görə Ön Asiyada İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur.

Asiyada böyük dəmir filizi yataqları qədim qırışıqlıq sahələrində skarn intruzivləri və metamorfik komplekslərlə əlaqədardır. Qazaxıstanda, Yenisey təpəliyində, Zabaykalyedə, Anqara sahillərində, Xarici Asiyada isə Mancuriya-Koreya dağlarında, Hindistanda Çuxota-Nakpur yaylasında dəmir filizi yataqları istismar edilir. Xromitin dünya əhəmiyyətli yataqları Türkiyədədir. Asiyada əsas əlvan metal yataqları qitənin qədim kristallik,metamorfik və qırışıqlıq sahələri ilə əlaqədardır.
Qazaxıstanda (Çezqazqan, Baykonur və s.), Filizli Altayda, Salair təpəliyində, Şərqi Asiyada, Ön Asiyanın Alp qırışıqlığı sahəsində bir çox əlvan metal yataqları məlumdur. Qızılın ən məşhur yataqları Sibirdə , Uzaq Şərqdə, Hindistanda və başqa sahələrdədir. Asiyanın şərq və cənub-şərqində Sakit okean filizli qurşağında zəngin polimetal yataqları (qalay, quğuşun, civə,sürmə və s.) yerləşir. Bu qurşaqda dünya əhəmiyyətli olan polimetal yataqları vardır.Qiymətli qeyri-metal faydalı qazıntılardan almaz yataqları son zamanlar Yakutiyada müəyyən edilmiş və hazırda istismar edilməkdədir. Daşduzun əhəmiyyətli yataqları Ön Asiyada ( İran, Pakistan və s.) və Sibirdədir. Mirablit Qaraboğaz-Qol körfəzində çıxarılır.

Asiya müxtəlif tikinti materialları və mərmərlərlə də ( Sibir və cənubi Asiya )olduqca zəngindir. Asiyanın böyük çaylarının hidroenerji ehtiyatları tükənməzdir.

RELYEFİ
Asiyanın müasir relyefinin başlıca formaları (böyük morfostrukturlar) əsas tektonik zonalara tam uyğun gəlir. Asiyada geniş yer tutan böyük ovalıq, düzənlik və yaylalar paleozoydan əvvəl və qismən aşağı paleozoyda yaranmış platformalara ( Sibir, Çin, Ərəbistan, Hindistan, Qazaxıstan qırışıq təpəliyi və i.a) Mərkəzi və Şərqi Asiyanın aktivləşmiş sahələrindəki dağ silsilələri paleozoy və mezozoy qırışıqlığı zonalarına ; Alp-Himalay zonası dağları kaynozoy-alp qırışıqlığı sahələrinə,nəhayət Şərqi və Cənub-Şərqi Asiyanın adalar qurşağı isə yuxarı kaynozoy geosinklinalı qalxmalarına uyğun gəlir. Beləliklə, dağlar qırışıqlıq sahələrinə,düzənliklər isə əsasən platformalara və dağarası çökəklərə müvafiqdir. Xarici Asiya relyefinin ən böyük elementlərindən biri Alp-Himalay zonasının dağ silsilələri və yaylalarıdır. Bu zona

qərbdə Egey dənizi sahillərindən,cənub-şərqdə İndoneziyaya qədər böyük məsafədə uzanır.

Ön və ya Qərbi Asiya daxilində,alp qırışıqlığı zonası bir-birinə təxminən paralel uzanan üç morfostruktur zona əmələ gətirir: 1) Şimal kənar sıra dağları zonası, 2) Cənub kənar sıra dağları zonası və 3) Daxili yaylalar zonası. Şimal kənar dağları zonası qərbdə Bosfor sahillərindən başlayıb, şərqdə Hindiquş dağlarına qədər uzanan və bir-birini əvəz edən qövsvari sıra dağ silsilələrindən ibarətdir. Bu zona qərbdə Pont dağları ilə başlayır. Bir neçə paralel sıra əmələ gətirən Pont dağları Anadolu yaylasını şimaldan əhatə edir. Pont dağlarının şərqə davamı Kiçik Qafqaz dağlarına keçir(SSRİ ərazisində yerləşir). Bir neçə silsilədən ibarət olan Kiçik Qafqaz (Acar-İmeretiya, Trialet, Samxet,Şahdağ,Mrovdağ,Qarabağ, Zəngəzur silsilələri)

Ermənistan vulkanik yaylasını şimaldan əhatə edir. Araz çayından cənub-şərqdə bu dağların davamını Talış, Boqrovdağ, Elbrus silsilələri, bundan şərqdə isə Türkmən –Xorasan dağları, Kopetdağ və Hindiquşun şimal qolları təşkil edir.

Cənub kənar dağlar silsiləsi qərbdə Tavr dağları ilə başlayır və Qərbi,Mərkəzi və Şərqi Tavr dağlarına ayrılır. Şərqi Tavr dağlarından şərqə cənub kənar dağları zonası ,istiqamətini cənub-şərqə döndərərək Kürdüstan və Zaqros dağlarına keçir. Bu istiqamətdə də dağlıq zona xeyli genişlənir və 10-12 paralel sıra dağ əmələ gətirir.

Zaqros dağlarının cənub-şərq davamında Məkran dağları yerləşir. Bundan şərqdə yerləşən Kirtxar dağları artıq cənub-qərbdən şimal-şərqə istiqamət alaraq, Süleyman dağlarına,buradan isə Hindiquşun cənub-şərq qollarına və şimal-qərbi Himalaya qədər davam edir. Qərbi Asiyanın alp qırışıqlığı zonasının şimal və cənub kənar dağları arasında geniş daxili yaylalar vardır; daxili yaylalar üç böyük hissədən ibarətdir. Qərbdə Anadolu yaylası, ortada bir qədər kiçik Ermənistan vulkanik yaylası, şərqdə isə daha geniş ərazi tutan İran yaylası yerləşir.

Qərbi Asiyada alp qırışıqlığı zonası oroqrafiyasının əsas xüsusiyyətləri aşağıdakılardır: 1) Ərəbistan və Hindistan platformalarının şimal çıxıntıları qarşısında dağlıq zona xeyli daralır, kənar sıra dağlar bir-birinə maksimal yaxınlaşır və dağlar şimala tərəf əyilmiş böyük qövslər yaradır. Bu çıxıntılar arasında dağlıq zona (həmçinin daxili yaylalar) genişlənir, kənar dağlar xeyli cənuba meyl edən qövslər şəklində uzanır; 2) dağlıq zona genişlənən yerlərdə daxili yaylaların orta yüksəkliyi xeyli azdır (800-1500m), onun çox sıxılmış ensiz sahələrində isə, əksinə,daxili yaylaların orta və mütləq yüksəkliyi kənar dağlıq zonalarınkına nisbətən xeyli artıqdır. Ermənistan yaylası isə vulkanik relyefin hakim olması ilə digər iki yayladan kəskin fərqlənir; 3) kənar dağlıq zona arasıkəsilməz zəncir əmələ gətirir. Bir neçə yerdə isə dağların oroqrafik ardıcıllığını köndələn çökəklər pozur; 4) şərqdə yerləşən Hindiquş dağlarının ox hissəsi qərbdə kənar dağlar silsiləsinə deyil, İran yaylasının daxili hissələrinə uzanır və burada gömülərək yox olur.

Ön Asiyanın geniş alp qırışıqlığı zonası Hindiquş və Pamirdə xeyli daralır,dağların yüksəkliyi isə çox artır. Burada alp qırışıqlığı zonası dağlarını daha qədim paleozoy qırışıqlığı dağları əvəz edir. Pamir-Hindiquş sahəsindən şərqə doğru Asiyanın dağları üç böyük qola ayrılır: cənub, orta və şimal qollarına . Cənub qol alp qırışıqlığı zonasnın şərqə davamında yerləşən dünyanın ən yüksək dağ silsilələsi olan Himalay dağlarına ( Nanqa- Parbat 8126m, Comolunqma 8882m və s.) keçir. Himalay dağları qövs şəklində şimal-qərbdən cənub-şərqə uzanır. Brahmaputra çayının sol sahillərində (Qərbi Birmada) dağlar istiqanətini kəskin dəyişib cənuba uzanır (Patkay və Aeakan-Yoma sıra dağları). Himalay dağları qədim kristallik, metamorfik və çökmə süxurlardan , Qərbi Birma dağları isə mezozoy və üçüncü dövr çöküntülərindən ibarət olan qırışıq dağlardır. Bu dağlıq zonanın tektonik davamı Andaman və Nikobar adalarına, oradan Sumatra,Yava

adalarına uzanır və İndoneziya adalarının cənuba əyilmiş böyük qövsünü əmələ gətirir. Orta qol Hindiquşdan şərqə uazanan Kara-korum (Coqori 8611m),Kunlun, Altıntaq, Nanşan, Sinlin sıra dağlarını əmələ gətirir. Bu zonanın dağları arasında Saydam çökəyi yerləşir. Himalay və Kunlun dağları arasında dünyada ən yüksək yayla olan Tibet yaylası ucalır (Orta yüksəkliyi 4500m). Onun üzərindəki ayrı-ayrı silsilələr 6500-7000m yüksəyə qalxır.

Pamir dağlarından şimal-şərqə enlik istiqamətində uzanan Tyan-Şan, Cunqar, Alatay, Tarbaqatay, Altay, Monqol Altayı, Sayan dağları böyük bir dağlıq sahə əmələ gətirir. Baykal gölündən şərqə isə cənub-qərb,şimal-şərq istiqamətində uzanan qədim dağlar silsiləsi yerləşir. Bu dağlıq zona qitənin şimal-şərq ucqarına qədər davam edir.

Mərkəzi Asiyanı şimaldan əhatə edən Tyan-Şan-Sayan dağlıq zonasını əmələ gətirən silsilələrin əksəriyyəti, Zabaykalyenin dağları,kaledon və hertsin qırışıqlığı mərhələlərində,şimal-şərqi Asiya dağlarının əksəriyyəti isə mezozoy qırışıqlığı zamanı əmələ gəlmişdir. Bu dağların hamısı neogen-dördüncü dövrdə tektonik qalxmaya məruz qalmaqla, xeyli cavanlaşmış faylı-qayma dağlardır. Dağlıq zonada bir çox dağarası çökəklər vardır (Cunqariya, Monqolustanda böyük göllər çökəyi və s.). Dağlıq sahədən qərbdə geniş Turan ovalığı, Qazaxıstan qırışıq təpəliyi, şimalda Qərbi Sibir ovalığı, Orta Sibir yaylası, Verxoyan dağları və Cersk yayalası, cənubda isə Mərkəzi Asiyanın sabit platforması əsasına müvafiq gələn və neotektonik mərhələdə zəif qalxmış yaylaları yerləşir. Tyan-Şan və Kunlun dağları arasında Təkləməkan səhrası geniş sahəni tutur. Bundan şərqdə Beyşan yaylası, Alaşan, Ordos səhraları vardır. Mərkəzi Asiya yaylalarının geniş bir hissəsi Qobi adlanır. Qobi yaylası şərqdə Böyük Xinqan dağlarına qədər uzanmaqla, cənubda səhra, orta hissədə yarımsəhra, şimalda isə çöl landşaftına malikdir. Mərkəzi Asiya yaylalarının yüksəkliyi 800-1500 m arasında

arasında dəyişir. Bəzi dağlıq səhralar daha yüksəkdir. Horst tipli İnşan və Alaşan dağları dik yamaclarla yayla üzərindən 1500-2000m ucalır. Eyni zamanda Mərkəzi Asiyada qurunun ən dərin çökəyi olan Turfan (154m) çökəyi yerləşir.

Asiyanın şərqində relyefin əsas formalari əsasən şimaldan cənuba uzanan orta yüksəkliyi olan dağlardan, dağarası çökəklərdən və ovalıqlardan ibarətdir. Burada Böyük Xinqan, Kiçik Xinqan, Mancuriya-Koreya dağları, Yunnan, Quycjoy, Nanlin, cənub-şərqi Çin yaylaları, Qırmızı hövzə çökəkliyi, Böyük Çin və Mancuriya ovalıqları relyefin böyük formalarını təşkil edir. Mancuriyadan şimal-şərqdə Zeya və Sixote-Alin dağları, bunlarin arasında isə Amur-Ussuri ovalığı vardır. Şərqi Asiya dağları Yanşan (mezozoy) qırışıqlığı zamanı əmələ gəlmiş faylı-qırışıq dağlar olub ovalıq və dağarası çökəklərdən tektonik qırılmlar zonası ilə ayrılır. Kaynozoyda bu dağlar yenidən şaquli qalxma hərəkətlərinə məruz qalmış,ovalıq və dağarası çökəklər isə əyilməkdə davam etmişdir. Ovalıqlarda çayların dağlardan yuyub gətirdiyi yumşaq allüvi çöküntüləri toplanmışdır.

Çayları və gölləri

Asiya ərazisində çay şəbəkəsinin sıxlığı iqlim və relyefdən asılı olaraq çox müxtəlifdir. Səth axarının ərazidə qeyri–bərabər paylanması ilə əlaqədar olaraq, qitədə sıx çay şəbəkəsi olan sahələrlə bərabər, daimi axarı olmayan sahələr də geniş yer tutur. Qitə ərazisindən bütün okeanların hövzələrinə çaylar axır. Şimal Buzlu okeanı, Sakit və Hind okeanına tökülən çayların ümumi hövzəsi təxminən bərabərdir. Atlantik okeanı hövzəsinə Ön Asiyanın Aralıq və Qara dənizlərinə tökülən kiçik çayları daxildir (cədvəl 2).

Yağıntıların illik miqdarı, bunun mümkün olan buxarlanmaya nisbəti və ərazinin meylindən asılı olaraq qitədə səth axarı müxtəlif paylanmışdır. Şimali Asiyada (Sibirdə) bu, 200 mm-dən artıqdır. Yalnız Qərbi Sibirin cənubunda, Lena–Vilyuy çökəkliyində və Kolıma–İndiqirka hövzələrində səth axarı 200 mm–dən azdır.

Mərkəzi, Orta və Ön Asiyada, yüksək dağlıq ərazilər müstəsna olmaqla, səth axarı 50 mm–dən azdır. Şərqi və Cənubi Asiyanın musson iqlimi sahələrində səth axarı yenidən artır və öz maksimal həddinə çatır. Səth axarı Uzaq Şərqdə 200–400 mm, Çin və Yaponiyada 600–1000 mm (bəzi yerlərdə 1500 mm), Himalay dağlarının cənub yamaclarında, Arakan Yoma və Qərbi Qat dağlarının cənub –qərb yamaclarında və Malay arxipelaqı adalarının əksər sahəsində 1500 mm-ə çatır və bundan da artıq olur. Səth axarının rütubətli musson iqlimi sahəsində çox olması, burada yağıntıların bolluğu ilə, Sibirdə kifayət qədər olması isə buxarlanma qabiliyyətinin və daimi donuşluq şəraitində filtrasiyanın azlığı ilə izah edilməlidir.

Asiyanın ən böyük çayları öz mənbəyini Mərkəzi Asiyanın şimal, cənub, qərb və şərqdən əhatə edən dağ sistemlərinin kənar (okeanlara baxan) yamaclarından götürür. Bəzən çaylar bu dağları yarıb öz mənbələrini Mərkəzi Asiyanın daxilindəki yaylalara qədər irəlilətmişlər. Beləliklə yüksək dağlar hər yerdə suayırıcı rolunu ifa edə bilmir. Qeyd etmək kifayətdir ki, dünyanın ən yüksək dağ silsiləsi olan Himalay yalnız kiçik çayların suayrıcısıdır. Hind, Brahmaputra və bunların bəzi qolları onu dərin dərələrlə kəsir. Qitənin rütubətli sahələrində çox sulu böyük çay sistemləri inkişaf etmişdir. Bu çayların hamısı böyük məsafə qət edərək okeanlara və onların dənizlərinə tökülür. Arid sahələrdə daimi axarlı çaylar olduqcq azdır, bunlar öz sularını çox vaxt daxili hövzənin dəniz və göllərinə belə çatdıra bilmir və səhra qumlarında (subaeral deltalarda) yox olurlar. Arid sahələrin əksəriyyətində yalnız dövri çaylara rast gəlmək mümkündür. Bir neçə ildən bir dəfə həmin çayların yataqları su ilə dolur. Asiyanın arid sahələrində quru dərə sisteminin (məsələn Ərəbistanda yaxşı inkişaf etmiş vadi şəbəkəsi, Mərkəzi Asiyada quru göl çalalarının olması) plüvial dövrdə (buzlaşma dövründə) həmin sahələrdə yağıntıların indi olduğundan xeyli çox düşməsini göstərir. Həmin dövrdə arid sahələrdə daha çox daimi və müvəqqəti çaylar olmuş və onların əksəriyyəti əz sularını müəyyən dəniz və göllərə çatdırmışlar.

Asiyanın iqlim və geomorfoloji şəraiti çox müxtəlif olduğu kimi, çayların qidalanması, illik səviyyə rejimi, eroziya, nəqletmə və akkumulyasiya fəaliyyəti, nəhayət onların təsərrüfata yararlılığı da olduqca müxtəlifdir.

Sibir çaylarının (Ob,Yenisey, Lena və bunların qolları, bir çox orta və kiçik çaylar) qidalanması əsasən qarların əriməsindən yaranan suların və qismən də yağış sularının hesabınadır. Bu çaylar yazda qarların əriməsində daşır, qışda isə onlarda su sərfi minimuma enir. Qışda Sibir çayları uzun müddət donurlar (kiçik çaylar dibə qədər buz bağlayır). Sibir çaylarının donması şimaldan, buzlardan azad olması isə cənubdan başlayır. Bu hal çaylarda iki dəfə səviyyənin qalxmasına səbəb olur. Lakin çayların buzlardan azad olduğu dövr qarların əriməsi dövrünə təsadüf edir və beləliklə çaylarda səviyyə daha çox qalxır, bəzən buz yığınları yaranır, ovalıq çayları öz yatağından çıxıb geniş əraziləri basır. Sibir çaylarının böyük xalq təsərrüfat əhəmiyyəti vardır. Böyük çaylar buzdan azad olduqdan sonra nəqliyyatda mühüm rol (qışda qalın buzlar üzərində, xizəklə yük daşınır). Bu çayların hidroenerji ehtiyatlarından geniş miqyasda istifadə edilir. Anqara, Yenisey, İrtış və s. çaylar üzərində böyük hidrotexniki komplekslər yaradılmışdır. Gələcəkdə Sibir çayları hesabına Orta Asiyada böyük süni göl və suvarma şəbəkəsi yaradılması nəzərdə tutulur.

Şərqi Asiya (Uzaq Şərq və Çin) çayları musson rejiminə malik olub, yağış və qar suları ilə qidalanırlar. Burada şimaldan cənuba hərəkət etdikcə çayların qidalanmasında yağış sularının payı artır, qar suları isə azalıb yox olur. Uzaq Şərq vəŞimali Çin çayları qışda uzun müddət buzla örtülür, Orta və Cənubi Çin çayları isə donmur. Bununla əlaqədar olaraq, Şərqi Asiyanın musson rejimli çayları iki tipə ayrılır: Amur tipi və Çin tipi. Amur çayı yuxarı və qismən orta axarında Sibir çayları ilə eyni rejimə malikdir. Qidalanmasında qar sularının rolu bir qədər artır. Aşağı axarında isə çayın qidalanması əsasən musson yağışları hesabınadır. Burada da çay qışda uzun müddət donur. Çay hövzəsində buxarlanma az olduğundan yayda səviyyə az aşağı düşür. Çinin böyük çaylarından Xuanxe və Yantszı da musson rejimli çaylardır. Bunlar əsasən yağış suları ilə, yuxarı axarlarında isə daimi qar və buzlaqlardan qidalanırlar. Bu çaylarda (xüsusilə Xuanxedə) dəhşətli daşqınlar olur. Xuanxe çayı Lyos yaylasından keçdikdə külli miqdar qırıntı məhsul aparır və ovalıqda çökdürür, deltasını genişləndirir. Yantsızı hövzəsində daşqınlar əsasən yayda olur. Çayın üzərində Duntin–xu və Poyan–xu göllərinin olması daşqınları xeyli tənzim edir və çayın rejimini qaydaya salır. Daşqın zamanı çaydan həmin göllərə, çayda səviyyə endikdə isə əksinə, bu göllərdən çaya axın yaranır. Yantsızı öz mənbəyində daimi qar və buzlardan qidalanır. Beləliklə yayda bütün çay boyu səviyyənin qalxması müşahidə olunur. Yantsızı çayında səviyyə tərəddüdü Xuanxedə olduğu qədər kəskin və sıçrayışlı deyildir.

Yapon adalarının çayları musson rejimlidir. Bu çayların hövzəsi kiçik, özləri isə qısa olmasına baxmayaraq, olduqca böyük hidroenerji ehtuyatına malikdir və bu ehtiyatdan Yaponiyada geniş miqyasda istifadə edilir (elektrik enerjisi istehsalının 2/3–ni çaylar üzərində tikilmiş hidroelektrik stansiyaları verir). Adaların çayları əsasən yağış suları, qərb sahilin çayları isə yağış və qar suları ilə qidalanır. Cənub və cənub–şərq sahilin çaylarında maksimum səviyyə yay mussonları zamanı olur. Qərb sahil çayları yazda, qalın qar örtüyünün əriməsindən daşır və yayda bu səviyyəni yağış suları saxlayır. Qışda da həmin çaylar bol sulu olurlar.

Hindistan və Hind–Çinin çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqcq aşağı düşür. Hindistan və Hind–Çinin böyük çayları (Hind, Qanq, Brahmaputra, İravadi, Saluin, Mekonq və s.) öz mənbələrini yağıntısı az olan yüksək Tibet yaylasının cənub və cənub–şərq yamaclarından alır. Bu hissədə çaylar az sulu olmaqla buzlaqların əriməsi hesabına, qismən də qar suları hesabına qidalanırlar. Bu çaylar orta və aşağı axarlarında (Hind çayından başqa) yay mussonlarının ən güclü olduğu sahələrdən keçir. Beləliklə onların əksəriyyəti ya tamamilə, yaxud da əsasən yay musson yağışları hesabına qidalanmaqla, mussonların qızğın vaxtı daşır. Himalayda, Qaraqorumun cənub yamaclarında çoxlu miqdarda böyük buzlaqların və daimi qarların şiddətli surətdə əriməsimusson yağışlarından əmələ gələn daşqınları daha da gücləndirir (Bu hal Qanq üçün daha səciyyəvidir). Hind çayı Hind düzənliyindən keçdikdə buxarlanmaya çox su itirir; o mənsəbində başqa cənubi Asiya çaylarına nisbətən az suludur. Cənubi Asiya çaylarının suvarma və gəmiçilikdə olduqca böyük əhəmiyyəti vardır. Bu çayların tükənməz hidroenerji ehtiyatlarından hələlik az istifadə edilir.

Ön Asiyanın çayları başlıca olaraq yağış sularından qidalanır. Yüksək dağlardan axan çayların qidalanmasında qar sularının, vulkanik yaylalardan axan çaylarda isəyeraltı suların rolu artır. Daxili yayla çaylarının bir qismi səhra qumlarında itir (Hilmend və s.), bir çoxu isə sahildəki dağları yararaq kənar dənizlərə axır (Qızılüzən, Qızıl İrmak və s.). Ön Asiyadan Aralıq dənizinə axan çaylar qışda çox sulu olur, yayda dayazlaşır, bəzi çaylar isə tamamilə quruyur. Çaylardan suvarmada geniş miqyasda istifadə edilir.

Mərkəzi və Orta Asiyada böyük çaylar (Amudərya, sırdərya, Tarim və s.) axmaz hövzə çayları kimi xarakterizə edilir. Ön Asiyada olduğu kimi, burada da çayların əksəriyyəti öz sularını qapalı hövzənin böyük göl və dənizlərinə çatdırmadan dağ ətəyindəki qumluqlar arasında itirlər (Edzan – qol, Tarim, Murqab, Təcən və s.). Yalnız ən böyük çaylar Amudərya və Sırdərya öz sularını Aral dənizinə çatdırır.

Mərkəzi və Orta Asiyanın ən böyük çayları öz mənbələrini yüksək dağlıq zonanın daimi qar və buzlarından götürürlər. Bu çaylar yayda çox daşırlar, qışda isə dayazlaşırlar. Dağlardan düzənliyə çıxdıqdan sonra onlar qol qəbul etmir və yayda buxarlanma və suvarmaya çox su itirirlər. Öz mənbələrini orta və alçaq dağlardan götürən çayların qidalanmasında yeraltı sular əsas yer tutur. Mərkəzi, Orta və Ön Asiyanın dağətəyi və düzənlik sahələrində yeraltı suların böyük təsərrüfat əhəmiyyəti vardır. Iran yaylasında bu sular çox zaman şor olduğundan istifadə edilmir. Yeraltı sulardan kəhrizlər vasitəsi ilə istifadə olunur.

Gölləri. Asiya qitəsi müxtəlif mənşəli göllərlə zəngindir. Qitədə ən çox textonik mənşəli böyük və kiçik göllərə təsadüf edilir. Dünyanın ən böyük və ən dərin gölləri Asiyada yerləşir (Xəzər və Aral dənizləri, Baykal gölü–dərinliyi 1620 m, Balxaş gölü və s.) Asiyada göllər bir neçə tektonik sahədə yerləşirlər. Bunlardan birincisi və ən əsası Pamirdən Stanovoy dağlarına qədər uzanan Mərkəzi Asiya yaylaları ilə Sibir və Orta Asiya düzənləri arasında yerləşən ərazidir. Bu ərazinin böyük göllərindən İssık–kul, Balxaş, Alakul, Ebinur, Baqraşkul, Zaysan, Ubsu–nur, Xubsuqul və Baykalı göstərmək olar. Baykal, Zaysan, Xubsuqul və İssık – kuldan başqa qalan göllər axarsız olmaqla, şor göllərdir.

Mərkəzi Asiya yaylalarında Lobnor və Qaşun – nur gölləri, Nanşan dağlarında Kukunor gölü yerləşir. Tibet yaylasında çoxlu göllər vardır. Çinin böyük gölləri Duntin – xu və Poyan–xu gölləridir. Cənubi Asiyada göllər azdır. Burada ən böyük göl Hind–Çindəki Tonle–sap gölüdür. Ön Asiya yaylalarında bir çox textonik və vulkanik–bənd mənşəli, habelə karst gölləri vardır. Burada ən böyük göllər Rizayə, Van, Sevan və Tuz gölüdür. İran yaylasının şərqində dayaz və şor göllər (Dəryaçəyi nəmək və s.) vardır.

Torpaq və Bitki örtüyü

Asiya qitəsi bitki örtüyünün olduqca zənginliyi, torpaqlarının isə daha müxtəlifliyi ilə Avropadan kəskin fərqlənir. Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü tamamilə müxtəlif iqlim şəraitində inkişaf etmiş və formalaşmışdır. Cənubi Asiyanı əhatə edən Paleotropik bitki sahəsi iqlimində üçüncü və dördüncü dövrlərdə dəyişiklik olmamışdır. Bunun nəticəsində həmin sahədə üçüncü dövrün bitkiləri dəyişmədən inkişaf etmiş və zənginləşmişdir. Bu sahənin bitki örtüyündə hətta mezozoy erasının bitkiləri belə saxlanmaqdadır.

Qitə ərazisinin olduqca geniş bir hissəsini tutan Qolarktika sahəsi də bitki örtüyünün zənginliyi ilə seçilir. Burada Aralıq dənizi quru subtropiklərindən və Şərqi Asiya rütubətli subtropiklərindən tutmuş, Orta və Mərkəzi Asiyanın arid iqlim qurşağında təşəkkül tapmış səhra və yarımsəhra bitkilərinə, mülayim qurşağı yarpağını tökən enli yarpaqlı meşələrinə, nəhayət qitənin Şimal Buzlu okeanın sahillərinin meşə - tundra və tundra bitkilərinə qədər olduqca geniş və müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür.

Şimali Asiya dördüncü dövr buzlaşmaları tam örtük əmələ gətirə bilmədiyinə görə Avropada olduğu kimi boreal meşələr çox ziyan çəkməmiş, tayqa və hətta enliyarpaqlı meşələr zonası Avropada olduğu kimi dəfələrlə məhv edilməmiş, yalnız müəyyən dəyişikliyə məruz qalmışdır. Dördüncü dövürdə iqlim soyuqlaşması Xarici Asiya şimal və şimal–şərqində üçüncü dövrə aid bitki örtüyünün müəyyən sahələrdə özünə sığınacaq tapmasına mane ola bilməmişdir. Mərkəzi Asiyanın hələ üçüncü dövrdən arid və kontinental iqlimə malik olması, burada yarımsəhra və səhra bitkilərinin formalaşmasına şərait yaratmışdır. Qitənin şərqində bitki və heyvanların şimaldan cənuba və əks istiqamətdə miqrasiyasına mane ola biləcək oroqrafik sədlərin olmaması subtropik və boreal bitkilərin geniş məsafədə qarışmasına və xüsusi daurflora sahəsinin yaranmasına gətirib çıxarmışdır.

Asiyanın böyük flora sahələrindən Malayya arxipelaqı və Malakka yarımadasını əhatə edən Maleziya yarımvilayəti bitki örtüyü çox rəngarəngliyi və endemik növlərlə zəngin olması ilə seçilir. Burada 65 mindən çox bitki növü vardır. Cənubi Asiyanın qalan ərazisini tutan (Hindistan, Hind–Çin, Cənubi Çin) Hind–Afrika yarımvilayətində isə 21 mindən çox bitki növü qeydə alınmışdır.

Asiyanın Qolarktika flora sahəsinə daxil olan başqa bitki yarımvilayəyləri növcə xeyli kasıbdır. Bəzi yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr öz yerini çöl, yarımsəhra və səhra bitkilərinə verir (Mərkəzi Asiya, Ön Asiyanın arid sahələri və s.). Asiyada ən cavan flora sahəsi Tibetdir. Burada bitki örtüyü buzlaşma dövründən sonra formalaşmışdır. Tibetin müasir bitki örtüyü Şərqi Asiya, Himalay və qisməndə Mərkəzi Asiya (13%) bitkilərinin miqyası hesabına yaranmışdır. Asiyanın oroqrafik quruluşunun çox mürəkkəb olmasına baxmayaraq burada torpaq və bitki örtüyünün coğrafi zonallığı özünü yaxşı göstərir (şəkil21).

Asiyada cənubdan şimala aşağıdakı əsas landşaft zonaları bir–birini əvəz edir: ekvatorial qiley meşələri; subekvatorial rütubətli musson meşələri; savannalar, seyrək meşələr və kolluqlar; tropik səhralar və yarımsəhralar zonası; subtropik qurşağın səhra, yarımsəhra, çöl, arid və rütubətli (musson) meşə və kolluqlar zonası; mülayim qurşağın səhra, yarımsəhra, çöl, meşə-çöl və iynəyarpaqlı meşələr zonası; soyuq qurşağın meşə-tundra zonası, nəhayət Şimal Buzlu okeanın Asiya bölməsində yerləşən adalarında Arktika səhrası zonası. Buradan aydın olur ki, heç bir qitə coğrafi zonallığın dolğunluğuna görə Asiya ilə müqayisə edilə bilməz. Asiyanın konfiqurasiyası və böyük məsafədə qərbdən şərqə uzanması, daxili hissələrinin okean və dənizlərin təsirindən çox uzaqlarda yerləşməsi, eyni coğrafi qurşağın daxilində olduqca müxtəlif torpaq və bitki növlərinin yayılmasına şərait yaratmışdır.

Bu hal özünü mülayim və subtropik qurşaqlarda daha kəskin göstərir. Avrasiya miqyasında götürülərsə, həmin qurşaqların qərb və şərq okeansahili bölmələrində müxtəlif meşələrin, daxili kontinental bölmələrində isə səhra, yarımsəhra və çöl bitkilərinin yayılmasını görərik. Onsuz da xeyli mürəkkəbxarakteri olan coğrafi zonallıq qitənin daxili hissələrində, xüsusilə subtropik enliklərdə oroqrafik quruluşla əlaqədar olaraq daha da mürəkkəbləşir. Dağlarda torpaq və bitki zonalarını şaquli zonallıq əvəz edir, böyük dağarası çökəklərdə arid landşaftlar, yüksək yaylalarda isə kserofit bitki örtüyü zonaları yaranır. Tundra, meşə-tundra və Sibirdə olduqca geniş bir sahə təşkil edən tayqa zonası orta enliklərdə yerləşən qurşaqlara nisbətən qərbdən şərqə getdikcə az dəyişikliyə uğrayır. Məsələn, tayqa Asiyada Uraldan tutmuş Sakit okean sahillərinə qədər uzanır və onun strukturunda yalnız növdaxili dəyişikliklər baş verir. Tropik qurşağın özündə də qərbdən şərqə bitki örtüyü kəskin dəyişir. Qərbdə arid (səhralar) və şərqdə humid (rütubətli musson meşələri, savannalar) sahə landşaftları inkişaf etmişdir.

Beləliklə, enlik təbii zonallığını yalnız Asiya daxilində nəzərdən keçirsək, ekvatorial qurşaqdan və Sibir tayqasından başqa, bütün qalan qurşaqların şərq Sakit okean bölmələrində meşələrin (musson meşələrinin), daxili hissələrdə isə çöllərin, səhraların,yarımsəhraların, nəhayət arid kolluqların yayılmasını görərik. Daxili və qərb bölmələrdə meşələrə çox rütubət alan dağ yamaclarında rast gəlinir.

Ekvatorial qurşaqda həmişəyaşıl və bütün il boyu rütubətli meşələr (qileylər), Malay arxipelaqı adalarında (Yava, Sumbava, Flores,Timor adalarından başqa), Malakka yarımadasında və Filippin adalarında yayılmışdır. Müxtəlif boylu ağac növləri ilə zəngin olan Asiya qileylərində palmaların bir çox növləri: Hebanq, saq, kariot, şəkər palmaları, liana–palma, rotanq və fikusların bir çox başqa növləri, ağacabənzər qıjılar, nəhəng rasamala, Braziliyadan gətirilmiş kauçuk palması və s. geniş yayılmışdır. Bu meşələrdə olduqca faydalı ağac növləri də vardır ki, onların meyvəsindən, yarpaqlarından və oduncağından müxtəlif məqsədlərdə istifadə edilir. Palma ağaclarının bəzi növlərinin yarpaqlarının eni 2.5 m, uzunluğu isə 6 m–ə çatır. Bu flora sahəsində banbuk cəngəlləkləri də geniş yer tutur. Ekvatorial qurşaqda mədəni bitkilərdən çay, çəltik, cüt, xurma, tropik və subtropik meyvələr, kauçuk plantasiyaları geniş yayılmışdır.

Dağlıq sahələr bitki örtüyü ilə daha zəngindir. Ekvatorial qleylər Sumatra, Kalimantan və Flores adalarındakı dağların yamaclarında 1000–1500 m-ə qədər yüksəyə qalxır. Daha yuxarıda tropik və subtropik meşələr yayılmışdır. Bu zonaların əsas torpaqları qalın qırmızımtıl, laterit torpaqlardır. Dağlarda dağ lateritləri inkişaf etmişdir.

Subekvatorial qurşaq Cənubi Asiyanın geniş bir hissəsini: Hindistanı, Hind-Çini, Cənubi Çini, Malay arxipelaqının ən cənub adalarını əhatə edir. Fəsillər üzrə rütubətlənmə şəraitində tropik musson meşələri geniş yayılmışdır. ərazinin oroqrafik quruluşu qeyri–bərabər paylanmasına səbəb olur. Qanq–Brahmaputra ovalığında, Hind–Çinin daha çox yağıntı alan qərb sahillərində daima rütubətli həmişəyaşıl meşələr inkişaf etmişdir. Bu meşələrdəki ağacların əksəriyyəti ekvatorial meşələrdəki ağac növləridir. Yağıntıların miqdarı 1000 mm–dən az olan yayla və düzənliklərdə, dağarası çökəklərdə quraq dövrdə yarpağını tökən tropik mussonlar meşəsi, savannalar və kserofit kolluqlar yayılmışdır. Meşələrdə palmaların bir çox növləri, sal, tik, sandal ağacları, akasiyalar və s., savannalarda taxıl otları yayılmışdır. Bu qurşaqda həmçinin çörək (bambuk), şüşə ağacları, yemiş ağacı, hind qozu və s. rast gılinir. Mədəni landşaftda çay plantasiyaları, cüt, qənd qamışı, çəltik zəmiləri və s. geniş yer tutur. Müxtlif tropik meyvəçiliyi ikişaf etmişdir.

Torpaq örtüyü əvəlki qurşağa nisbətən bir qədər müxtəlif növlüdür. Dekan yaylasında geniş ərazidə qara tropik torpaqlar (requrlar), quru savannaların qırmızı qonur və səhralaşmış savannaların qırmızımtıl–qonur torpaqları, rütubətli meşələr altında qırmızımtıl laterit torpaqları inkişaf etmişdir.

Bu qurşaqların tipik heyvanları Hindistan fili, meşələrdə çoxlu və müxtəlif quşlar, zolaqlı kaftar, pələng, qərbdə savannalarda şir, meymunların bir çox növləri, canavar, qaban, kərgədan, zəhərli ilanlar və s.- dir.

Tropik qurşaqda əsasən səhra və yarımsəhra bitkiləri yayılmışdır. Bura Tar səhrası, İran yaylasının cənub, ucqar hissəsi və Ərəbistan yarımadasının cənub yarısı daxildir. Ilboyu passat sirkulyasiyası təsirinə məruz qalır, yağıntıların miqdarı 100 mm – dən, çox yerdə isə 50 mm – dən az olduğu halda, buxarlanma qabiliyyəti 2000–2500 mm-ə çatır. Hərəkətdə olan qumlar səhrasında torpaq örtüyü inkişaf edə bilməmişdir. Daşlı səhralar geniş yer tutur. Bir qədər çox yağıntı olan sahələrdə torpaqda humus toplanır. Adətən, belə sahələrdə səhra boz torpaqları yayılmışdır. Çox yerdə qırmızımtıl dəmirli–manqanlı aşınma qbığına rast gəlinir. Bu qat qədimdə rütubətli sahələrdə torpaq əmələ glmə prosesi nəticəsində yaranmışdır. Bitkilərin olduqca kasıb olub, tikanlı kollardan, efemerlərdən ibarətdir. Vahələrdə palma “meşəliyi”, yağıntısı xeyli çox olan Yəmən və Oman dağlarında isə seyrək meşələr, savanna və səhralaşmış savanna bitkiləri yayılmışdır. Bu zona ilə eyni enlikdə şərqdə subekvatorial qurşağın yuxarıda qısa təsviri verilən musson meşələri və savannaları yerləşir.

Subtropik qurşaq Asiyada Aralıq dənizi sahillərindən Sakit okean sahillərinə qədər böyük məsafədə uzanır və bir çox torpaq bitki bölmələrinə ayrılır. Qərbdə bitki örtüyü Aralıq dənizi subtropiki üçün səciyyəvi olan bərk yarpaqlı daima yaşıl meşələrdən və kolluqlardan ibarətdir. Burada iqlimin bir qədər kontinentallığı ilə əlaqədar olaraq kserofitlərin və Ön Asiya yaylaları üçün səciyyəvi olan dağ kserofit formasiyasının rolu artır. Kiçik yarpaqlı palıddan ibarər olan makvis kolluqları meşələr qırılan sahələrdə yayılmışdır. Meşələrdə Aralıq dənizi iynəyarpaqlılarına (şamın bir neçə növü) da tez–tez rast gəlinir. Ön Asiyanın Aralıq dənizi bitkiləri vilayətində dağ–meşə qəhvəyi torpaqları, düzənlərdə laterit torpaqlar inkişaf etmişdir.

Aralıq dənizi sahillərindən şərqə uzaqlaşdıqca suptropik enliklərdə yağıntıların miqdrı azalır və meşə bitkiləri yaylalarda dağ–çöl, dağ–yarımsəhra formasiyaları, dağ kserofitləri ilə, yalnız bəzi yerlərdə, xüsusilə Şərqi Anadolu və Ermənistan vulkanik yaylasında, dağ–çəmən, dağ–çöl formasiyaları ilə əvəz olunur. İran yaylasının bitki örtüyü yarımsəhra (dağlarda çox yüksəksəyə qalxır), çökəklərdə isə səhra formasiyalarından ibarətdir. Meşələr yalnız dağların rütubətli (kənar) yamaclarında (Kürdüstan dağlarının qərb, cənub–qərb, Elbursun Hirkan meşələri yayılmış şimal yamacları) yayıla bilmişdir.

Mərkəzi Asiyanın subtropik qurşaqda yerləşən, kəskin kontinental iqlimi olan yüksək yaylalarında, dağlarında və qapalı çökəklərində əsasən səhra,dağ–səhra və dağ–kserofit bitkiləri (kolluqlar), çökəklərdə isə halofitlər yayılmışdır.

Ön Asiyanın yaylaları və dağlarında dağ qonur – meşə torpaqları, dağ qəhvəyi torpaqlar, dağ boz–qəhvəyi torpaqlar, boz torpaqlar, dağ boz torpaqları, yüksək dağlarda çimli dağ–çəmən torpaqları, dağ çöllərində isə dağ–qara torpaqları inkişaf etmişdir. Mərkəzi Asiyada boz səhra torpaqları, çox yerdə torpaq örtüyündən məhrum olan qumlu və daşlı səhralar, dağlarda dağ–şabalıdı, dağ–qonur torpaqları, Tibetdə yüksək dağ səhra torpaqları inkişaf etmişdir.



Subtropik qurşağın Sakit okean bölməsində (Çində, cənubi Koreyada və Yapon adalarının cənubunda) iqlim şəraiti və xüsusilə musson yağıntılarının bolluğu burada meşə bitkilərinin geniş yayılması üçün olduqca əlverişlidir. Cənub–Şərqi Çinin dağ və yaylalarında, dağ ətəyində, Yapon adalarının cənubuda qarışıq, həmişəyaşıl meşələr və həmişəyaşıl dağ meşələri geniş yer tutur. Bu meşələrdə yarpağını tökən ağaclara, şamın bir neçə növünə, palıd, kamfora və s. ağaclara rast gəlmək mümkündür.
Yüklə 114,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə