Ümumi MÜDDƏalar maddə Qanunun məqsədi


Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərə müəlliflik hüququ



Yüklə 250,96 Kb.
səhifə2/2
tarix08.12.2017
ölçüsü250,96 Kb.
#14687
1   2
  Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərə müəlliflik hüququ

1.   Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərə (xidməti əsər) müəlliflik hüququ xidməti əsərin müəllifinə məxsusdur.

2.   Xidməti əsərdən istifadəyə müstəsna hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, müəllifin əmək münasibətlərində olduğu şəxsə (işəgötürənə) məxsusdur.

Xidməti əsərdən hər hansı formada istifadə olunarkən (xidməti əsərin təkrar nəşri, başqa dilə tərcüməsi, yenidən işlənməsi və s.), xidməti əsər müəllifinin qonorar almaq hüququ vardır. Xidməti əsərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və ödənilməsi qaydaları işəgötürənlə müəllif arasındakı müqavilə ilə müəyyənləşdirilir.[37]

3. Xidməti əsər işəgötürən (xidməti əsərin sifarişçisi) tərəfindən heç bir əsas olmadan 3 il müddətində istifadə olunmazsa, əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir. Bu müddət tərəflər arasında razılaşma yolu ilə azaldıla bilər.

4.   İşəgötürənin xidməti əsərdən hər hansı şəkildə istifadə olunarkən öz adını göstərmək, yaxud göstərilməsini tələb etmək ixtiyarı vardır.

5.   Bu maddənin müddəaları xidməti vəzifəsini və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış kollektiv əsərlərə (bu Qanunun 10-cu maddəsi) şamil edilmir.[38]

II fəsil


 MÜƏLLİFLİK HÜQUQLARI

Maddə 14.  Şəxsi (qeyri-əmlak) hüquqlar

1.   Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:

a)   əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);

b)   əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);

v)  əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və //çıxarılıb// müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);[39]

q)   istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ);

2.   Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

3.   Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə, əsərin açıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

Xidməti və audiovizual əsərlərə münasibətdə bu bəndin müddəaları tətbiq olunmur.[40]

Maddə 15.  Əmlak (iqtisadi) hüquqları

1.   Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2.   Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir:[41]

əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);[42]

əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);[43]

əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);[44]

əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);

əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);

əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);

kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ);

əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); [45]

kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (//çıxarılıb// kabellə kütləvi bildiriş hüququ);

əsəri tərcümə etmək (tərcümə hüququ); [46]

əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); [47]

dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).

memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır. [48]

Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.[49]

3.   Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir.[50]

Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibindəqalır.

       4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

5. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu qanunun 17-24-cü maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın.[51]

Maddə 16.  İncəsənət əsərləri əsəri ilə təmasda olmaq hüququ. İzləmə hüququ[52]

1.   Təsviri sənət əsərinin müəllifinin , habelə yazıçının və ya bəstəkarın mülkiyyətçidən və ya digər hüquq sahibindən öz əsərinin və ya əlyazmalarının surətini çıxarmaq ixtiyarının həyata keçirilməsinəimkan verilməsini tələb etmək hüququ vardır (təmasda olmaq hüququ). Bununla belə, mülkiyyətçidən əsərin müəllifə çatdırılmasını tələb etmək olmaz.[53]

2.   Bu maddənin 1-ci bəndində göstərilən əsərlərə mülkiyyət hüququnun müəllifdən başqa şəxsə keçməsi əsərin birinci satışı kimi qəbul edilir (əvəzi ödənilməklə və ya ödənilməməklə).[54]

Təsviri sənət əsərlərinin orijinallarının və ya yazıçı və bəstəkarın əlyazmalarının mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onların orijinallarının açıq (hərrac, təsviri sənət əsərləri qalereyası, bədii salon, mağaza vasitəsi ilə və s.) satışı zamanı müəllifin və ya onun vərəsələrinin, əgər sonrakı satış qiyməti əvvəlki satış qiymətindən 20% çox olarsa, satış qiymətinin 5%-ni almaq hüququ (izləmə hüququ) vardır.[55]

Göstərilən hüquq müəllifin sağlığında ayrılmazdır və ancaq qanun üzrə və ya vəsiyyətnamə ilə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müəllifin vərəsələrinə keçir.

Maddə 17.  Əsərlərdən və fonoqramlardan şəxsi məqsədlər üçün istifadə

1.   Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən, bu maddənin üçüncü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir.[56]

2.   Bu maddənin birinci bəndinin müddəaları aşağıdakı hallarda tətbiq olunmur:

memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin çıxarılması; [57]

məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin çıxılması;

bu Qanunun 24-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kompüter proqramlarının surətinin çıxarılması;

kitabların (bütövlükdə), not mətnlərinin və təsviri sənət əsərlərinin orijinallarının reprosurətinin çıxarılması (reprosurətçıxarma).[58]

       interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərin icazəsiz surətinin çıxarılması;

interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərdən normal istifadəyə zərər vuran və ya müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surətçıxarma.[59]

3. Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir.

Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[60]

4.   Bu maddənin üçüncü bəndində göstərilən qonorarın yığılması və bölüşdürülməsi müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən onların arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir (bu Qanunun 42-ci maddəsi). Göstərilən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qonorar aşağıdakı qaydada bölüşdürülür: 40% — müəlliflərə, 30% — ifaçılara, 30% — fonoqram istehsalçılarına.

Qonorarın məbləği və ödənilməsi şərtləri, bir tərəfdən göstərilən istehsalçı və ya idxal edən, digər tərəfdən müəllif, ifaçı və audiovizual əsər və fonoqram istehsalçıları, yaxud onların əmlak hüquqlarınıkollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə ilə, tərəflərin razılıq əldə edə bilmədikləri hallarda isə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[61]

Bu maddənin birinci bəndində göstərilən qaydada şəxsi məqsədlər üçün əsərin surətinin çıxarılmasına görə qonorarın bölüşdürülməsi müəlliflər və ya müəlliflik hüquqlarının digər sahibləri, ifaçılar vəfonoqram istehsalçıları arasında adi qaydada həyata keçirilir.

5.   Bu maddənin 3-cü bəndində göstərilən avadanlıq və maddi daşıyıcılar ixrac edildikdə və ev şəraitində istifadə üçün nəzərdə tutulmayan professional avadanlıq olduqda onlara görə qonorarödənilmir.

Göstərilən avadanlığı və materialları fiziki şəxslər ancaq şəxsi məqsədlər üçün idxal edərkən də qonorar ödənilmir.

Maddə 18.  Kitabxanalar, arxivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması

1.   Müəllifin və ya müəlliflik hüququnun digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını, götürülmə mənbəyini mütləq göstərməklə vəgəlir əldə etmək məqsədi olmadan, əsərin müəyyən məqsəd üçün lazım olan həcmdə reprosurətinin çıxarılmasına yol verilir:

a)   itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi məqsədi ilə qanuni əsasda çap edilmiş əsərlərin reprosurətinin çıxarılması üçün kitabxana və arxivlərə; başqa kitabxana və arxivlərin fondlarından itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi üçün əsərlərin nüsxələrinin verilməsinə, əgər adi şəraitdə belə nüsxələrin alınması başqa yolla mümkün deyilsə;

b)   qanuni əsasda çap edilmiş ayrıca məqalə və başqa kiçik həcmli əsərlərin və ya əsərin qısa parçasının, ya da yazılı əsərlərin (kompüter proqramları istisna olmaqla) qısa hissələrinin tədris, elmi və yaşəxsi məqsədlər üçün fiziki şəxslərin sorğusu üzrə kitabxanalar tərəfindən vahid nüsxədə reprosurətinin çıxarılmasına;

v)  ümumtəhsil müəssisələrində məşğələlər üçün qanuni əsasda çap edilmiş ayrı-ayrı məqalələrin və digər kiçik həcmli əsərlərin və ya yazılı əsərlərdən qısa parçaların (kompüter proqramları istisna olmaqla) surətinin çıxarılmasına.

//çıxarılıb// [62]

Maddə 19.  Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməkləaşağıdakı hallara yol verilir:

1)   elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə;

2)   qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə;

3)   müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirləverilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə;

4)   fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır;

5)   açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır;

6)   qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmışəsərlərdən başqa).

Maddə 20.  Sərbəst giriş üçün daim açıq olan yerlərdə əsərlərdən istifadə

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən, əsərin təsvirinin surətçıxarma və ya kütləvi bildiriş üçün əsas obyekt olduğu və ya əsərin surətinin kommersiya məqsədilə istifadə olunduğu hallar istisna olmaqla, sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və ya kütləvi bildirişinə yol verilir. [63]

Maddə 21.  Rəsmi və digər mərasimlər zamanı əsərlərin kütləvi ifası[64]

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən rəsmi və dini mərasimlərdə, həmçinin dəfn mərasimlərində qanuni dərc edilmiş musiqili əsərlərin belə mərasimlərin xarakterinə uyğun həcmdə kütləvi ifasına yol verilir.

Maddə 22.  Məhkəmə və inzibati məqsədlər üçün əsərin surətinin çıxarılması

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən əsərin məhkəmə və inzibati işlərin aparılması üçün lazım olan həcmdə surətinin çıxarılmasına yol verilir.

Maddə 23.  Efir yayımı təşkilatlarının qısamüddətli istifadə üçün yaratdıqları yazılmalar

Aşağıdakı şərtlər gözlənilməklə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və əlavə haqq vermədən efir yayımı təşkilatının efir bildirişi hüququnu aldığı əsərin qısamüddətli istifadə üçün yazılmasına hüququ vardır:

a)   yazılmanın efir yayımı təşkilatının öz avadanlığı vasitəsi ilə və onun öz verilişləri üçün hazırlanması;

b)   yazılmış əsərin müəllifi ilə daha uzun müddət haqqında razılıq əldə edilmədikdə, belə yazılmanın 6 ay müddətində məhv edilməsi; belə yazılma müstəsna sənədli xarakter daşıyırsa, müəllifin razılığı olmadan dövlət arxivlərində saxlana bilər.[65]

Maddə 24.  Kompüter proqramlarının və məlumat bazalarının surətinin çıxarılması. Kompüter proqramlarının dekompilyasiyası

1.   Kompüter proqramını və ya məlumat bazasını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən aşağıdakıları həyata keçirə bilər:

a)   kompüter proqramında və ya məlumat bazasında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək, həmçinin kompüter proqramının və ya məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin (bir kompüterin, yaxud kompüter şəbəkəsinə qoşulmuş istifadəçi kompüterin) yaddaşında saxlamaq, həmçinin //çıxarılıb//, aşkar edilmiş səhvləri düzəltmək;[66]

b)   qanuni sahibkarın kompüter proqramının və ya məlumat bazasının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdətutulmuş ehtiyat nüsxəni hazırlamaq.

2.   Kompüter proqramının və ya məlumat bazasının ehtiyat nüsxəsi bu maddənin birinci bəndi ilə nəzərdə tutulan hallardan başqa, digər məqsədlər üçün istifadə oluna bilməz, kompüter proqramına və ya məlumat bazasına sahiblik hüququna xitam verildiyi hallarda bu nüsxə məhv edilməlidir.

3.   Kompüter proqramının nüsxəsini qanuni əsasda əldə edən şəxsin müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin icazəsi olmadan və haqq vermədən kompüter proqramını dekompilyasiya etmək (surətini hazırlamaq və obyekt kodunu çevirməklə onu ilkin mətnə çevirmək) ya da əgər digər şəxs tərəfindən müstəqil qaydada işlənmiş kompüter proqramının başqa proqram və dekompilyasiya olunan proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün onların dekompilyasiya edilməsinin vacibliyi ortaya çıxarsa, bu halda həmin şəxsə proqramın dekompilyasiyasını aşağıdakışərtlər gözlənilməklə tapşırma hüququ vardır:

1)   proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan informasiya əvvəllər bu şəxsə başqa mənbələrdən məlum olmamışdır;

2)   göstərilən hərəkətlər dekompilyasiya edilmiş proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan hissələrlə məhdudlaşdırılır;

3)   dekompilyasiya nəticəsində alınmış informasiya ancaq müstəqil qaydada işlənmiş kompüter proqramının başqa proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün istifadəoluna bilər, digər şəxslərə verilə bilməz, həmçinin növünə görə dekompilyasiya edilmiş proqramla oxşar olan kompüter proqramının işlənməsi və ya müəlliflik hüquqlarını pozan digər hərəkətlərin həyata keçirilməsi üçün istifadə oluna bilməz.

III fəsil



 MÜƏLLİFLİK HÜQUQUNUN QÜVVƏDƏ OLMA MÜDDƏTİ

Maddə 25.  Müəlliflik hüququnun qüvvədə olma müddəti

1.   Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətindəqüvvədə qalır.[67]

Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.   Bu maddənin birinci bəndi və 26-cı maddə ilə nəzərdə tutulmuş müddətlərin hesablanması göstərilən müddətin əvvəli üçün əsas götürülən hüquqi faktın baş verdiyi ildən sonra gələn ilinəvvəlindən hesablanır.

3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddəti bitməmiş bütün əsərlərə şamil edilir.[68]

Maddə 26.  Müəlliflik hüququnun xüsusi müddətləri

1.   Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır.[69]

Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş əsərin müəllifi öz şəxsiyyətini açarsa və ya onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona 25-ci maddənin birinci bəndinin müddəalarıtətbiq edilir.

2.   Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 50 il müddətində qüvvədə qalır.

3.   Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 50 il müddətində qüvvədə qalır.

4.   Kollektiv əsərə bu Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlar belə əsərin dərc edildiyi, əgər dərc edilməmişdirsə, yaradıldığı tarixdən 50 il müddətində qüvvədə qalır.

Maddə 27.  İctimai varidat

1.   Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.

Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidat sayılır.[70]

Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir.

Azərbaycan folkloru nümunələri “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunur. [71]

İctimai varidata keçmiş əsərlərdən, bu maddənin ikinci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cümaddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir.[72]

2.   Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusiödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. [73]

IV fəsil


 MÜƏLLİFLİK HÜQUQLARININ KEÇMƏSİ. MÜƏLLİF MÜQAVİLƏLƏRİ

Maddə 28.  Müəlliflik hüquqlarının verilməsi və keçməsi

Müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir.[74]

Maddə 29.  Vərəsəlik qaydasında müəlliflik hüququnun keçməsi

1.   Müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir.

Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır.

2.   Müəllif vəsiyyətnamənin icrasını təyin etdiyi qaydada şəxsi hüquqlarının qorunmasını həvalə etdiyi şəxsi göstərə bilər. Belə şəxs öz səlahiyyətlərini ömürlük həyata keçirir.

Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquqlarının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarmışdısa, belə hüquqların qorunmasını həyata keçirən Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanıyerinə yetirir.

Maddə 30.  Müəllif müqavilələri üzr müəlliflik hüquqlarının verilməsi

1.   Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər.

Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.

2.   Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmişhəddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.

3.   Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyərazılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.

4.   Müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur.

Əsərin, əlaqəli hüquqlar obyektinin və onlardan istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatına görə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.[75]

Maddə 31.  Müəllif müqaviləsinin şərtləri və formaları

1.   Müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və(və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər.

Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər.

Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulmasıhaqqında 6 ay əvvəldən yazılı xəbərdar edilməlidir.

Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırılır.

2.   Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir.

3.   Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır.

4.   Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır.

 

 

 

III BÖLMƏ

 ƏLAQƏLİ HÜQUQLAR

Maddə 32.  Əlaqəli hüquqların subyektləri

1.   İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.

2.   Fonoqram istehsalçısı və yayım təşkilatı bu bölmədə nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrəaldığı hüquqlar həddində həyata keçirir.

3.   İfaçı bu bölmədə nəzərdə tutulan hüquqları, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir.

4.   Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün hər hansı formal qayda tələb olunmur. Fonoqram istehsalçısının və (və ya) ifaçının öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından istifadə etmək hüququ vardır; bu nişan fonoqramın hər nüsxəsində və (və ya) onun içinə qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur:

dairəyə alınmış R latın hərfi — ®;

əlaqəli hüquqların sahibinin adı;

fonoqramın ilk dəfə istehsal olunduğu il.

5. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir.[76]

Maddə 33.  İfaçının hüquqları

1.   İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır:

ad hüququ;

ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ);

ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq.

2.                İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:

a) ifanın efirlə və ya kabellə kütləvi bildirişi, əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə;

b) əvvəllər yazılmamış ifanın yazılması;

c) ifanın yazılmasının birbaşa və ya dolayı yolla surətinin çıxarılması;

ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi;

d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir;

e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;

ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).[77]

3.   Bu maddənin 2-ci bəndi ilə müəyyən olunan səlahiyyətlər ifaçı, ifanın kollektiv ifaçılar tərəfindən ifa olunduğu halda isə həmin kollektivin rəhbəri tərəfindən istifadəçi ilə bağlanmış yazılı müqaviləəsasında həyata keçirilir.

4.   İfaçı ilə yayım təşkilatı arasında ifanın efirlə və ya kabel televiziyası ilə bildirişi üçün müqavilə bağlanması, əgər bu, ifaçı ilə yayım təşkilatı arasında bağlanmış müqavilədə birbaşa nəzərdə tutulursa, bu maddənin 2-ci bəndinin “a”, “b” və “c” yarımbəndlərində göstərilən hüquqlarının ifaçı tərəfindən verilməsini bildirir. Bu cür istifadəyə görə ifaçıya veriləsi qonorarın məbləği göstərilən müqavilə iləmüəyyənləşdirilir. [78]

5.   İfaçı ilə audiovizual əsərin istehsalçısı arasında audiovizual əsərin yaradılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən bu maddənin ikinci bəndində göstərilən hüquqların verilməsini bildirir//çıxarılıb//. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, ifaçı tərəfindən belə hüquqların verilməsi audiovizual əsərlərin istifadəsi ilə məhdudlaşdırılır. Audiovizual əsərdə qeydə alınmış səs və təsvirlərdən ayrı-ayrılıqda istifadə hüququ istisna edilir. [79]

6.   İfaçı ilə fonoqram istehsalçısı arasında ifanın fonoqrama yazılmasına görə müqavilə bağlanması ifaçı tərəfindən fonoqramın kirayəyə verilməsi hüququnun verilməsini bildirir (bu maddənin ikinci bəndinin 4-cü yarımbəndi); ifaçı həmin fonoqram nüsxələrinin kirayəyə verilməsinə görə qonorar almaq ixtiyarını saxlayır.

7.   Xidməti vəzifə və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış ifaya görə ifaçının ad və şöhrətinə hörmət edilməsi hüququ vardır. Əgər aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, həmin ifadan istifadəyə müstəsna hüquq, ifaçının əmək münasibətlərində olduğu şəxsə məxsusdur.

8.   İfaçının bu maddənin ikinci bəndi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə üzrə başqa şəxslərə verilə bilər.

Maddə 34.  Fonoqram istehsalçısının hüquqları

1.   Fonoqram istehsalçısı, bu Qanunla nəzərdə tutulan hallardan başqa, fonoqramın hər hansı istifadəsinə görə haqq almaq hüququ da daxil olmaqla, fonoqramdan istənilən formada istifadə üçün müstəsna hüquqa malikdir.

2. Fonoqramdan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir:

a) fonoqramın birbaşa və dolayı yolla surətinin çıxarılması;

b) fonoqramda dəyişiklik edilməsi və ya onun başqa cür yenidən işlənilməsi;

c) fonoqramın orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqramın qanuni dərc olunmuş (buraxılmış) nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə mülki dövriyyəyə buraxılmışdırsa, həmin nüsxələrin sonradan fonoqram istehsalçısının razılığı olmadan və haqq ödənilmədən ölkə ərazisində yayılmasına yol verilir;

ç) fonoqram istehsalçısının icazəsi ilə istehsal edilmiş nüsxələr də daxil olmaqla, fonoqram nüsxələrinin yaymaq məqsədi ilə idxal edilməsi;

d) fonoqramın orijinalının və ya nüsxələrinin fonoqram istehsalçısının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi;

e) fonoqramın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).           [80]

//çıxarılıb// [81]

3.   Fonoqram istehsalçısının bu maddənin ikinci bəndi ilə nəzərdə tutulmuş müstəsna hüquqları müqavilə əsasında başqa şəxslərə verilə bilər.

Maddə 35.  Yayım təşkilatının hüquqları

Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır.

Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir:[82]

verilişi yazmaq;

v//çıxarılıb// verilişin yazılmasının surətini çıxarmaq; [83]

öz verilişinin eyni vaxtda  kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi;

öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək //çıxarılıb//;[84]

verilişin yazılmasını yaymaq.

televiziya verilişlərinin kütləyə çatdırılması məqsədi ilə bildirişi.[85]

Maddə 36.  İfaçının, fonoqram istehsalçısının və yayım təşkilatının hüquqlarının məhdudlaşdırılması

1.   Bu Qanunun 33—35-ci maddələrində nəzərdə tutulmuş hüquqlara Qanunun 36—38-ci maddələri ilə müəyyən olunan məhdudiyyətlər bu şərtlə tətbiq olunur ki, həmin məhdudiyyətlər ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən və onların yazılmalarından, həmçinin onlara daxil edilmiş elm, ədəbiyyat və incəsənət əsərlərindən normal istifadəyə ziyan vurmasın və ifaçının, fonoqram istehsalçısının, yayım təşkilatının və göstərilən əsərlərin müəlliflərinin qanuni maraqlarını əsassız şəkildə məhdudlaşdırmasın.

2.   İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının razılığı olmadan və qonorar verilmədən ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən və onların yazılmalarından aşağıdakı hallarda istifadəyə yol verilir:

1)   elmi, tədqiqat, polemika, tənqid və informasiya məqsədi ilə ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən məqsədə lazım olan həcmdə qısa parçalar formasında sitat gətirilməsi;

2)   müəyyən məqsəd üçün lazım olan həcmdə qısa parçalar formasında illüstrasiya xarakterli təlim, yaxud elmi-tədqiqat məqsədi ilə istifadə;

3)   ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən qısa parçaların cari hadisələr haqqında icmala daxil edilməsi;

4)   elm, ədəbiyyat və incəsənət əsərlərinin müəlliflərinin əmlak hüquqlarının məhdudlaşdırılmasına münasibətdə bu Qanunun ikinci bölməsinin müddəaları ilə müəyyən edilmiş digər hallarda.

Maddə 37.  Kommersiya məqsədi ilə buraxılmış fonoqramlardan istifadə

1.   Kommersiya məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı olmadan, lakin qonorar verilməklə aşağıdakılara icazə verilir:

fonoqramın kütləvi ifasına;

fonoqramın efirlə kütləvi bildirişinə;

fonoqramın kabellə kütləvi bildirişinə.

2.   Bu maddənin birinci bəndi ilə nəzərdə tutulmuş qonorarın yığılması, bölünməsi və ödənilməsi fonoqram istehsalçıları ilə ifaçıların hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar (bu Qanunun 40-cı maddəsi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, göstərilən qonorar fonoqram istehsalçısı ilə ifaçı arasında bərabər bölünür.

3.   Qonorarın məbləği və ödənilməsi şərtləri fonoqramın istifadəçisi və ya belə istifadəçilərin birlikləri (assosiasiyaları) ilə fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilir.

Qonorarın məbləği fonoqramdan istifadənin hər növünə görə müəyyən edilir.

Maddə 38.  Efir yayımı təşkilatlarının həyata keçirdikləri ifaların və verilişlərin qısamüddətli istifadə üçün yazılması

Efir yayımı təşkilatının aşağıdakı şərtlər gözlənilməklə, ifaçının, fonoqram istehsalçısının və yayım təşkilatının razılığı olmadan qısamüddətli istifadə üçün ifanı və ya verilişi yazmaq və həmin yazılmanın surətini çıxarmaq hüququ vardır:

1)   efir yayımı təşkilatının qısamüddətli istifadə üçün yazmaq, yaxud surətini çıxarmaq istədiyi ifanın və ya verilişin efirlə kütləvi bildirişinə əvvəlcədən icazə alması;

2)   efir yayımı təşkilatı tərəfindən öz avadanlığı vasitəsi ilə və məxsusi olaraq öz verilişləri üçün qısamüddətli istifadə üçün yazılmanın hazırlanması və surətinin çıxarılması;

3)   bu Qanunun 23-cü maddəsinin ikinci yarımbəndi ilə ədəbiyyat, elm və incəsənət əsərlərinin qısamüddətli istifadə üçün yazılmaları barəsində nəzərdə tutulmuş şərtlərlə belə yazılmaların sonradan məhv edilməsi.

Maddə 39.  Əlaqəli hüquqların qüvvədə olma müddəti

1.   İfaçının bu Qanunun 33-cü maddəsi ilə müəyyən olunmuş hüquqları ilk ifa edilən tarixdən 50 il müddətində qüvvədə olur. İfaçının şəxsi hüquqları 29-cu maddədə nəzərdə tutulan qaydada müddətsiz qorunur. Fonoqram istehsalçısının bu Qanunun 34-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqları fonoqramın ilk dəfə dərc edildiyi tarixdən 50 il müddətində, əgər fonoqram həmin müddətərzində dərc edilməmişdirsə, onun ilk yazılma tarixindən 50 il müddətində qüvvədə olur.

Efir yayımı (kabel televiziyası) təşkilatının bu Qanunun 35-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları həmin təşkilatın verilişi birinci dəfə efir (kabel televiziyası) vasitəsi ilə həyata keçirdiyi tarixdən 50 il müddətində qüvvədə olur.

2.   Bu maddədə nəzərdə tutulmuş müddətlərin hesablanması həmin müddətin əvvəli üçün əsas olan hüquqi faktın baş verdiyi ildən sonrakı ilin yanvar ayının 1-dən başlayır.

İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının bu bölmədə nəzərdə tutulmuş hüquqları vərəsələrə, hüquqi şəxslərə münasibətdə isə hüquqi varislərə bu maddədə göstərilmiş müddətlərin qalan hissələri həddində keçir.

3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddətləri bitməmiş bütün əlaqəli hüquqların obyektlərinə şamil edilir.[86]

 

IV BÖLMƏ

 MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ VƏ İDARƏÇİLİYİ

Maddə 40.  Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasəti və idarəçiliyi

Müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:

1)   elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində fəaliyyətin həvəsləndirilməsi;

2)   mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan qanunvericilik bazasının yaradılması;

3)   müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəçiliyinin təşkili;

4)   beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin ərazilərində hüquqlarının qorunması.

Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində:

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətini və idarəçiliyini həyata keçirir;

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir;

müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir;

elm, ədəbiyyat və incəsənət əsərlərinin dövlət qeydiyyatını aparır;

əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatları müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota alır və onların fəaliyyətinə nəzarət edir;[87]

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına hesabına maliyyələşdirilir. [88]

//çıxarılıb// [89]

Maddə 41.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların yaradılması

1.   Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. [90]

2.   Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə  və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır.[91]

Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir.

Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.[92]

       3. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan (akkreditasiyadan) keçirlər.

Bu qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir.[93]

Maddə 42.  Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların funksiyaları

1.   Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

1)   lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;

2)   idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;

3)   lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü bəndi, 17-ci maddəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci bəndi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır;[94]

4)   lisenziya üzrə və (və ya) bu bəndin 3-cü yarımbəndində nəzərdə tutulmuş qonorarı yığır;

5)   yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir;

6)   idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir;

7)   müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir.

2.   Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır.

Maddə 43.  Ödəmək hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri

1.   Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir:

1)   yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin razılığı və maraqları  əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır;

2)   yığılan qonorarı bu bəndin 1-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;

3)   qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək;

4)   Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək.

2.   Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci bəndinin 4-cü yarımbəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.[95]

3.   Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət  göstərən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı məlumatlarıtəqdim etməlidir:

1)   nizamnamədə dəyişikliklərə, qonorarın məbləğinə və ayırmalara dair qərarlar haqqında;

2)   təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla bağladığı müqavilələr haqqında;

3)   illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması haqqında;

4)   bu təşkilatları təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında;

5)   təşkilatın fəaliyyətinin bu Qanuna, başqa qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu yoxlamaq üçün vacib olan digər sənədlər.



 

V BÖLMƏ

 MÜƏLLİFLİK HÜQUQUNUN VƏ ƏLAQƏLİ HÜQUQLARIN MÜDAFİƏSİ[96]

Maddə 44.  Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların pirat nüsxələri[97]

1.   Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqlarıpozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.[98]

2.   İstehsalı (hazırlanması) və ya  yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.[99]

Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr hesab olunur.

      3. Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir:

      a) müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə;

       b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə.

Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır.[100]

 

 

 



 

Maddə  45. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları)

 

1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.



2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:

1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;

3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;

4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.

4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.

5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.[101]

Maddə 46.  Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı

1.   Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün iddia ərizəsi verdiyi hallarda dövlət rüsumu ödəmir.

2.   Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər. [102]

3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.[103]

Maddə 47.  Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 iyun 1996-cı il

№ 115-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

1.       12 oktyabr 2001-ci il tarixli 199-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 691)

2.       22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)

3.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

4.       10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

5.       1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

6.       1 aprel 2008-ci il tarixli 580-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 342)

7.       30 sentyabr 2010-cu il tarixli 1079-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2010-cu il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 937)

8.       30 aprel 2013-cü il tarixli 636-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 482)

 
Yüklə 250,96 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə