Ümummilli Lider



Yüklə 0,72 Mb.
səhifə6/7
tarix25.06.2018
ölçüsü0,72 Mb.
#51571
1   2   3   4   5   6   7

Əfzələddin ƏSGƏR

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutunda

Türk xalqları folkloru” şöbəsinin müdiri


OZAN SƏNƏTİ
Fəxr edə bilərik ki, bizim mədəniyyətimiz qədim

zamanlarda da çox zəngin və yüksək olmuşdur.
Heydər ƏLİYEV
Oğuznamələri yaradan və yüz illər boyu türkman1 dün­yasının içərisində ifa edərək yaşadan sənətkarlar olmuşdur. Belə sənətkarlar qaynaqların verdiyi bilgiyə görə, ozan və ya ozançı adlanmışdır. Oğuznamə ifaçılarının həm ozan, həm də ozançı adlanması təsadüfi deyil. İş ondadır ki, ozan sözü omonim səciyyəli sözdür.

Ozan sözü və anlamları. Ozan sözünün semantikası araşdırıcıların nəzərindən yayınmamış, müxtəlif araşdırma­lar­da bu sözün etimoloji izahına cəhd göstə­ril­miş­dir­ (Təhma­sib M. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, 1972, s.28; Наджип Э.Н. Историко-сравнительный словарь тюркс­ких языков XIV века. Кн.1, Москва, 1975, с.314-316; Abbasov İ. Folklorşünaslıq axtarışları. Bakı, 2009, s.60-71; Seyidov M. Azərbaycan xalqının soykökünü düşü­nər­kən. Bakı, 1976, s.466-484; Qasımlı M. Aşıq sənəti. Bakı, 1996, s.59-68; Bəydili (Məmmədov) C. Türk mifoloji söz­lüyü. Bakı, 2003, s.294). Bu araşdırmalardan bir şeyi aydın­ca­sına seçib ayırmaq mümkündür: türk dilində uz/us köklü sözlər “bacarıqlı”, “mahir”, “sənətkar” anlamında işlənir (Над­­­­жип Э.Н. Историко-сравнительный словарь тюрк­с­ких языков XIV века. Кн.1, Москва, 1975, s.314-316). Ancaq sözügedən kökdən törəyən ozan sözü Oğuznamə söyləyən sənətkardan başqa, Oğuznamə və Oğuznamə ifaçı­lığı ilə bağlı müxtəlif anlayışları da ifadə edir. Qaynaqların verdiyi məlumatlara nəzər salaq.

Bəzi qaynaqlarda ozan sözü həm də Oğuznamənin “ifa tərzini və uyğun olaraq poetik formasını” ifadə edir. Şeyx Sü­leyman Buxarinin (XVII) “Lüğəti-cığatayi və türki-Osma­ni” adlı lüğətində ozan sözü aşağıdakı şəkildə izah olunur: “Mani tərzində vəznsiz və nəğməsiz bir təranədir ki, Oğuz xan hekayə və dastanında söylərlər” (Köprülü F. Ozan // Ede­biyat araştırmaları. Ic. Ankara, 1966, s. 141). Həmin söz eyni anlamda Budapeşt Akademiyasının kitabxanasında sax­la­­nan cığatayca-farsca köhnə bir lüğətdə də işlənir. Burada ozan sözü “Oğuz xan və Qara xan” hekayəsinin “ifa tərzinin və ya havasının adı” kimi verilir: “Yek tor xanendegi başəd dər miyan ətrak dər nəğl Oğuz xan və Qara xan qoftənd” (Köprülü F. Ozan // Edebiyat araştırmaları. Ic. Ankara, 1966, s.141). Ozan sözü həmin anlamda Oğuznamədə əks olunur.

Didaktik məzmunlu oğuznamələr əsasında tərtib olun­muş “Əmsali-Məhəmmədəli” adlı əlyazmasının mətnin­də belə bir atalar sözü var: “Kim ozan deyər, kim qissə deyər, eylə kim yıralar” (Oğuznamə. Bakı, 1987, s.52). Bu atalar sözündə müxtəlif tipli üç folklor hadisəsinin adı çəkilir. Qissə sözü ilk dəfə dini məzmunlu rəvayətlərə deyilmişdir (Бомбачи А. Тюркские литературы. Введение в истории и стиль // Зарубежная тюркология. Вып. 1, Мос­ква, с. 272). Ancaq zaman keçdikcə bu söz öz anlamını geniş­ləndirərək kitab mənşəli hekayə, rəvayət və dastanları da ifadə etmişdir. Belə mətnlərin söyləyicisinə qissəxan, kissaçi və ya məddah deyilirdi (Сагитов И.Т. Каракал­пакский героический эпос. Ташкент, 1962, с.27; Троицкая А.Л. Из прошлого каландаров и маддахов в Узбекистане // До­мусульманские верования и обряды в Средней Азии. Мос­ква, 1975, с.199-208; Каррыев Б.А. Туркменский герои­ческий эпос «Гёр-оглы» // Гёр-оглы. Туркменский герои­ческий эпос. Москва, 1983, с.9; Elçin Ş. Halk tiyatrosu // Türk Dünyası El Kitabı. III c., Ankara, 1992, s.370-371). Yır sözünün də mənası aydındır. Bu söz yır, jır, cır, ır və s. şəklində müxtəlif türk dillərində işlənməkdədir və avazla oxunan lirik, eləcə də epik mətnləri ifadə edir. Ehtimal ki, həmin söz ilkin çağlarda “nəğməli şeir” anlamı vermişdir. Sözügedən qaynaqda yır sözünün ır variantı “oxumaq” anla­mında işlə­nir: “Həmamda ırlamaq, ğəriblığda ögünmək qo­laydır” (Oğuznamə. Bakı, 1987, s. 93). Atalar sözünün mən­tiqi tələb edir ki, buradakı ozan sözü qissəyır kimi müəy­yən qanunauyğunluqları olan şifahi mətn tipi kimi qəbul olunsun. S.Əlizadənin bu atalar sözündəki ozon sözünü əzan sözünün dialekt variantı kimi şərh etməsi tamamilə yanlışdır (Oğuznamə. Bakı, 1987, s. 209). Yuxa­rı­dakı qaynaqların ozan sözünə verdiyi anlam bunu bütün aydın­lığı ilə göstərir. Sadəcə olaraq sonuncu qaynaqda bu söz fonetik variantı ilə əks olunur. Ozan sözünün deyilən anlamda başqa bir variantı isə Ə.Nəvainin “Mizanül-əvzan” əsərində işlənir. Əruz vəz­ninə həsr olunmuş bu əsərdə Ə.Nəvai yazır: “Ozanların oz­mağı, özbəklərin budubudayı heç bir vəznə uyğun gəlmir. Ona toxunulmadı. Əsərləri olsa da, onun əruz elminə dəxli yoxdur” (Mollaev N. Alişer Navoiy va xalk ijadiyoti. Toş­kent, 1974, s.73). “Mizanül-əv­zan”da əks olunan ozmaq sözü yuxarıdakı qaynaqlarda özünə yer tapan ozan-ozon sözü ilə bir kökdəndir və onlarla eyni anlam daşıyır. Maraqlıdır ki, ozmaq sözü, F.Köprülü­nün qeyd etdiyi kimi, “Məntik ət-Teyr”in Gülşəhri tərəfin­dən türkcə tərcüməsində də iki yerdə qopuzla əlaqəli şəkildə işlənir (Köprülü F. Ozan// Edebiyat araştırmaları. Ic. Ankara, 1966, s.143).

Bəzi qaynaqlarda Oğuznamə söyləyicisinin ozançı ad­lan­ması problemə nisbətən işıq tutur. Sözün ozançı şəkli 1439/40-da dünyaya gələn Hamidinin divanında əks olunur. Öncə Şirvanşah sarayında olan Hamidi 1459/60-da Sultan Mehmet Fatehin sarayına gəlmiş və Sultanın böyük iltifat­larına nail olmuşdur. Hamidi türkcə-farsca divanında Xəlili Səmərqəndi adlı bir şairin Şirvanşah sarayında bir ozançıya məğlub olduğunu söyləyir (Köprülü F. Ozan// Edebiyat araş­tırmaları. Ic. Ankara, 1966, s.39). Ozançı sözü Şeyx Sü­ley­man Buxarinin yuxarıda xatırlatdığımız lüğətində də işlə­nir. Burada ozan söyləyən şəxs ozançı adlanır və izahı ve­rilir: “Davul və dəf çalaraq ozan, yəni mani və şərqi oxu­yan adam” (Köprülü F. Ozan// Edebiyat araştırmaları. I c. An­ka­ra, 1966, s.141-142). Göründüyü kimi, bu lüğətdə ozan oxu­nan havanı, ozançı isə onu ifa edən şəxsi bildirir. Belə gö­rünür ki, poetik forma və onunla uzlaşan havanın ozmaq və ya ozon adlandığı bölgələrdə ifaçı, ozan, musiqili və mah­nılı mətnin ozan adlandığı bölgələrdə isə ifaçı ozançı adlan­mış­dır. Bu halda ozan sözünün öncə Oğuznamə havasının və poetik formasının, yaxud Oğuznamə söyləyicisinin adı olma­sı məsələsi problem olaraq qarşıda dayanır. Oxşar vəziyyət Oğuznamənin ifası zamanı istifadə olunan musiqi alətinə münasibətdə də müşahidə olunur. Şeybanilərin hakim oldu­ğu torpaqlarda yaşamış Hafiz Dərviş Əli Cəngi XVI əsrin sonlarında musiqi haqqında yazdığı risalədə “türklərin qə­dim və məşhur musiqi aləti olan qopuzun Cəlayir xanəda­nından Sultan Üveys zamanında (1356-1374) ozan adlı bir musiqi alətindən alındığını, ozanın isə oğuzlar arasında köh­nə zamanlardan çox məşhur olub, qəhrəmanların döyüşdən öncə, həmişə yanlarında gəzdirdikləri bu çalğını çaldıqlarını və bunu çala bilməyənləri yad sayıb şəhərdən qovduqlarını yazır” (Köprülü F. Ozan// Edebiyat araştırmaları. Ic. Anka­ra, 1966, s.138). Qopuzun ozan adlı çalğı alətindən alınması haqqında məlumatı çıxmaq şərtilə yerdə qalan məlumatlar tarixi vəsiqələrdən yox, Oğuznamədən baş götürür. Maraq­lıdır ki, qopuz “Zübdətül-ədvar” adlı musiqi əsərində də ozan adlanır (Köprülü F. Ozan// Edebiyat araştırmaları. Ic. Ankara, 1966, s.139). Onu da deyək ki, F.Köprülü məhz ozan adlı çalğı alətinə münasibətdə ozançı termininin mey­dana çıxdığını söyləyir (Köprülü F. Ozan// Edebiyat araş­tırmaları. Ic. Ankara, 1966, s.139).



Ozan sözü M.Kaşğarlı lüğətində yoxdur. Bu hal onu göstərir ki, M.Kaşğarlı zamanında Oğuznamə söyləyicisi ozan adlanmamışdır. Başqa şəkildə Oğuznamə yaradıcısının və ifaçısının adının M.Kaşğarlının nəzərindən qaçması müm­­­kün deyildi. Buradan belə nəticəyə gəlmək olar ki, Oğuz­namə ifaçısı anlamında ozan sözü XI əsrdən sonra ya­ranmışdır.

Ozan sözünün başqa türk dillərində, o cümlədən türk­mənlərdə olmamasına əsaslanan V.A.Qordlevski və F.Sumer bu terminin Yaxın Şərqdə ortaya çıxması qənaətinə gəlirlər (Гордлевский В.А. Происхождение османского слова «узан» // Изб. соч., Т.III, Москва, 1962, с.264-265; Sumer F. Oğuzlar (Türkmanlar), s.611). Hətta V.A.Qordlevski bir az da irəli gedərək bu sözü qusan sözü ilə bağlayır və ar­dın­ca yazır: “Qusanlar erməni padşahları olan Arşaqların saray­larını bəzəyirdilər. Erməni padşahlığı – “Böyük Ermə­nistan” süqut edəndə qusanlar incəsənətin hamisi olan səl­cuq­luların yanına getdilər. Ardınca isə Anadolunun Osmanlı bəylərinin yanında qaldılar” (Гордлевский В.А. Происхож­дение ос­ман­ского слова «узан» // Изб. соч., Т.III, Москва, 1962, s.265). V.A.Qordlevski kimi ciddi bir alimin vaxtilə məsə­ləyə bu qədər səthi yanaşması ancaq təəssüf doğurur. Müəllif məsələyə bu şəkildə yanaşarkən, ehtimal ki, epik söylə­yi­ci­lik sənətini türklər içərisinə ermənilərin gətirməsi, ozanların erməni olması və oğuznamələri erməni ozanların yaratması fikrini irəli sürdüyünü ağlına gətirməyib.

Göründüyü kimi, ozan sözünün Yaxın Şərqdə yaran­ması fikri Türkmənistan türkmənlərində ozan sözünün olma­ma­sından baş götürür. Ona görə də öncə Türkmənistan türk­mənləri arasında ozan sözünün olub-olmaması haqqında mübahisə doğuran məsələnin üzərində dayanmaq istərdik.

Türkmənistan türkmənlərində ozan sözünün yaşaması haqqında fikir V.Uspenskinin təkəli Nəfəslidən yazıya alaraq “Türkmən musiqisi” adlı kitabına saldığı aşağıdakı atalar sözündə işlənən ozon sözünə əsaslanır:

Haysı yere doulet qelse,

Baxşı bilen ozon qeler.

Haysı yerden doulet qitsə,

Toro bilən tezep qeler.



A.N.Samoyloviç isə bu atalar sözündəki ozon sözü­nün “Oğuznamə söyləyicisi” anlamında ozan ola biləcəyini ehtimal edir (Самойлович А.Н. Очерки по истории турк­менской литературы // Туркмения. Т.1, Ленинград, 1929, с.144). Ancaq bu atalar sözündəki ozon sözü V.Uspenskinin kitabında “qaçağan at” kimi tərcümə olunub (Успенский В., Беляев В. Туркменская музыка. Ашхабад, 1972, с.19). Fik­ri­mizcə, sözün doğru anlamı da elə sonuncudur. Burada sadə­cə olaraq dövlətli evinə baxşının ozon minərək şənliyə gedər kimi öndə gəlməsi, kasıb evinə isə yas mərasiminə gedər kimi mollanın toro (at) minərək gəlməsi deyilir. Para­le­lizm əsasında qurulan atalar sözünün mənası bundan iba­rət­dir. Bununla yanaşı, “Oğuznamə ifaçısı” anlamında ozan sözünün Türkmənistan türkmənlərindən qeydə alınma­ması türkman dediyimiz superetnosun Orta Asiyada yaşayan his­səsinin Oğuznamə söyləyən ozanlardan xəbərsiz olması an­lamına gəlmir. Böyük türkman dünyasının bir parçası kimi Türkmənistan türkmənlərinin Oğuznamə söyləyən ozanlara qulaq asması bizdə heç bir şübhə oyatmır. Ozan sözünün “pis səslə oxumaq” anlamı ilə ozandau (ozanlamaq) şəklində başqırd dilində olması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir (Наджип Э.Н. Историко-сравнительный словарь тюркс­ких языков XIV века. Кн.1, Москва, 1975, s.376) İstər-istəməz sual yaranır. Yalnız türkman etnik mühitində “epik ifaçı”, “epik nəğmə” və ya onu müşayiət edən “musiqi aləti” anlamı daşıyan bu sözün başqırd dilində varlığı nə ilə izah olunur? Başqırd xalqının etnik tərkibinə daxil olan tayfaların siyahısına göz gəzdirib orada törökpen qəbiləsinin adını oxuduqda (Кузеев Р.Т. Происхождение баш­кирского народа. Москва, 1974, с.376) məsələnin nə yerdə olduğunu anlamaq olur. Bu adın türkmən/türkman etnoniminin variantı olduğunu görmək heç də çətin deyil. Beləliklə, ozandau sözünü başqırd dilinə bu xalqın tərkib hissəsi olan török­pen­lərin verdiyini qətiyyətlə söyləmək olar. Qorqud kultunun başqırdlar, qazaxlar, qırğızlar, Oğuz ata inancının isə qırğız­lar arasında yaşaması da bu xalqların tərkibinə türkmanların qatılması ilə izah olunur. Bu baxımdan V.V.Bartoldun Qor­qud kultunu qazaxların oğuz yurdunda məskunlaşan qıpçaq­lar vasitəsilə mənimsəməsi fikri ilə razılaşmaq mümkün deyil (Жирмунский В.М. Тюркский героический эпос. Ле­нингард, 1974, с.545). Nəhayət, törökpenlərin Azərbay­can və ya Anadolu deyil, Türküstan mənşəli türkmanlardan qo­pub başqırdların içərisinə qatıldığını nəzərə alsaq, ozan sö­zünün nə vaxtsa Türkmənistan türkmənlərinin dilində olma­sına şübhə yeri qalmaz. Sadəcə olaraq Cığatay mədə­niy­yəti çevrəsinə daxil olan türkmənlər ozan sözünü bu mə­də­niyyət çevrəsində başqa anlamları ilə yanaşı, “dastan söyləyicisi” anlamında da işlənən baxşı sözü ilə əvəz etmək məcburiyyəti qarşısında qalmışlar. Bu hadisə, irəlidə ətraflı şəkildə bəhs edəcəyimiz kimi, türkman etnik sisteminin sınmasından və bunun nəticəsində Türkmənistan türkmənlə­rinin müstəqil etnosa çevrilməsindən sonra baş verə bilərdi.

Ozan sənəti. Oğuznamə ifaçılığı xüsusi sənət idi. Türk­man dünyasında bu işlə, deyildiyi kimi, ozanlar və ya ozan­çı­lar məşğul olurdular. Onlar bu etnik mühitin var oldu­ğu bütün bölgələri gəzərək məclislərdə bu xalqın əcdadları olan oğuzlar haqqında oğuznamələr söyləyirdilər. Onların çörəyi də Oğuznamə ifaçılığından çıxırdı. Topqapı Oğuznaməsində “Qazılıq atınıza binüb qaftan donunuz geyən ozan olsun, Ağır ağ altun ağ ağçanız alan ozan olsun” deyilir (Kitabi-Dədə Qorqud, 1988, s.83). “Bamsı Beyrək boyı”nda “ava­zım güdəlmədin, ünüm boğulmadın” deyib bir at ələ keçi­rərək sevinən ozandan bəhs olunur (Kitabi-Dədə Qorqud, 1988, s.60). Yenə də həmin boyda ozanın zəhmət haqqı olaraq aldığı bəxşişlərə işarə olunur:

Bir zaman ayıtma, ozan!

Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq.

Əgnimüzdən qaftanımız aldığı yoq.

Başımızdan gecəligümüz alduğu yoq.

Buynızı burma qoçlarımız alduğı yoq

(Kitabi-Dədə Qorqud, 1988, s.62).
Ozan şəxsiyyətinin əfsanədən elmə çevrilməsi üçün ozan sənətinin sosial mahiyyətinin öyrənilməsi vacibdir. Bu baxımdan M.Qasımlının məsələyə diqqət yetir­məsi təqdirə­la­yiqdir. Ancaq müəllifin birdən-birə məsələyə mistik yo­zum ver­məsi etiraz doğurur. Yuxarıdakı soylamaya nəzər salan müəllif yazır: “Görünür, ozana kön­lünün istəyincə pay, bəxşiş verilməsinin etnik və etik norma səviyyəsinə qalx­masında da onun ruhlar dünyası ilə bağlılığına inamın rolu az deyildir” (Qasımlı M. Aşıq sənəti. Bakı, 1996, s.26). Qeyd edək ki, cəmiyyətə xidmət edən sənətkarın haqqının ödənil­məsi sosial-iqtisadi münasibətlər sferasına aiddir və hər bir cəmiyyətin əsasında dayanır. Əlbəttə, sosial-iqtisadi münasi­bətlərin halallıq kimi mistik qatı da var. Ancaq bu mistik qat ozan və ya şaman sənəti ilə məhdudlaşmır. Ozanların “ruhlar dünyası ilə bağlılığına” gəldikdə isə deməliyik ki, bu ruhla­rın etnik anlamı ilə oğuz əcdadlardan ibarət olduğunu biz artıq bilirik.

Hər hansı bir sənətin sahibi olmaq üçün onu öyrənmək lazımdır. Ozanlar da Oğuznamə ifaçılığını hər hansı bir us­tad ozandan öyrənirdilər və bu sənətə yiyələnmək üçün il­lərlə ustad yanında təlim-tərbiyə görürdülər. Biz ustad sö­zünü şərti mənada işlədirik. Bu söz, bəllidir ki, aşıq sənətinə aiddir və bu sənətin yüksək səviyyəsinə çatmış aşığı ifadə edir. Biz aşıq sənətinin şəyird (şagird), yanşaq, ustad aşıq, haqq aşığı kimi dərəcələrinin olduğunu bilirik. Ancaq ozan sənətinin kateqoriyaları haqqında “Dəli Domrul boyı”n­da qarşımıza çıxan bir ifadədən başqa heç bir məlu­ma­tımız yox­dur. Söhbət alb ozan ifadəsindən gedir. Həmin boyun so­nunda deyilir: “Məndən sonra alb ozanlar söyləsün! Alnı açuq comərd ərənlər dinləsün” (Kitabi-Dədə Qor­qud, 1988, s.83). Bu ifadəni nəzərdə tutan F.Köprülü “alp ozanlar təbiri alplar, yəni qəhrəmanlar arasında da ozanlar yetiş­di­yini göstərməkdədir” deyir. Müəllif fikrini qüvvət­ləndir­mək üçün Hafiz Dərviş Əlinin verdiyi yuxarıda xatır­lat­dığımız məlu­mata üz tutur (Köprülü F. Ozan// Edebiyat araştırma­ları. Ic. Ankara, 1966, s.139-140). F.Köprülünün bu fikri aksiomatik həqiqət kimi bu günə qədər müxtəlif səviyyə­lərdə söylənilir. Qeyd etmək istərdik ki, görkəmli alim alb ozanlar ifadəsini Dədə Qorqud oğuznamələrində əlin­də qopuz gəzdirən alpları gözə alaraq deyilən şəkildə yoz­muşdur. Ancaq oğuzna­mələr­də özünə yer tapan motiv bədii yaradıcılıq sahəsinə aiddir və bu hadisənin müəyyən poetik semantikası var. Bu məsələdən irəlidə söz açılacaq. Burada onu qeyd etmək istəyirik ki, alb ozan ifadəsi aşıq sənə­tində ustad aşıq ifadəsinin tam qarşı­lığıdır. Oxşar hadisə qırğız dastan ifaçılığında çon jomokçu – “böyük jomokçu” adla­nır və böyük yaradıcılıq, eləcə də ifa­çılıq bacarığına malik manasçılara aid olunur (Мусаев С.М. Киргизский народ­ный эпос // Манас. Киргизский герои­ческий эпос. Кн.1, Москва, 1984, с.428). Uyğun olaraq alp sözünün “böyük”, “nəhəng” anlamı daşıdığını xatırlasaq, alb ozan ifa­dəsinin Oğuznamə ifaçılığının zirvəsinə çatmış “bö­yük, yaradıcı ozan” anlamında işləndiyini qətiyyətlə söylə­mək olar. Sözü­gedən cümlədə əcdadlar haqqında mətnin müba­rək­liyi vur­ğulanır. Bu mübarək mətni böyük ozanların ən yaxşı şəkildə söyləməsi və yalnız “alnı açuq comərd ərən­lər”in dinləməsi nəsihət (və ya vəsiyyət) edilir. Göründüyü kimi, burada cəngavər ozana heç bir yer yoxdur. Söhbət Oğuz­naməni ən yaxşı şəkildə ifadə edə biləcək ozandan və onu dinləməyə layiq olan auditoriyadan gedir.

Türk dastan ifaçılığı haqqında mövcud biliklərə söy­kənərək demək olar ki, alb ozanlar, çon jomokçular və ya ustad aşıqlar kimi, yüksək ifaçılıq və yaradıcılıq imkan­la­rı­na malik olublar. Şirvanşah sarayında Xəlili Səmərqəndi ilə söz yarışına girən ozançı, güman ki, belə ozanlardan olmuş­dur. Dədə Qorqud Oğuznamələrini söyləyən ozanın isə alb ozan olmasına şübhə etməmək olar. Oğuznamələrin söyləyi­cisi alb ozan kateqoriyasına məxsus ozan olmasaydı, bu ifa­dəni dilinə almazdı.

İstedada hər dəqiqə təsadüf olunmur. Şübhəsiz ki, adi Oğuznamə ifaçılarının sayı daha çox olmuşdur. Güman ki, təyinsiz ozan adı Oğuznamə ifaçılarına aiddir. Deyəsən, “Bam­­­sı Beyrək boyı”nda əziyyət çəkmədən bir at qazan­ma­sına sevinən ozan belələrindəndir. Sənətin zirvəsinə çatmış beş-on alb ozanı bütün türkman elləri tanımalı idi. Belə ozan­lar elat adətinə uyğun olaraq xüsusi elçilər vasitəsilə məclislərə gətirilirdi. Adi ozanlar isə qopuzunu götürərək “el­­dən elə, bəgdən bəgə” məclis axtarmaq məcburiyyətində idi. “Bamsı Beyrək boyı”nda da belə bir ozanla qarşılaşırıq. Şübhəsiz ki, sıravi ozanların da yaxşısı, pisi olmuşdur. Bu baxım­dan Əbu Hayyanda qarşılaşdığımız “yaxşı ozandır” ifa­dəsi çox şey deyir (Наджип Э. Н. Историко-сравни­тель­­­ный словарь тюркских языков XIV века. Кн.1, Мос­ква, 1975, s.315).

Əsrlər boyu böyük bir coğrafiyada yaşayan etnosun içə­­risində Oğuznamə ifaçılığı ilə məşğul olan ozanlar ifaçı­lıq xüsusiyyətlərinə, repertuarına görə fərqlənməli idi. An­caq belə məlumatlar günümüzə gəlib çatmadığı üçün təhlil imka­nından məhrumuq. Bununla bərabər, irəlidə ozan sənə­tinin başqa problemlərindən danışarkən yeri gəldikcə sözü­gedən cəhətlərə də toxunacağıq.

Sənətin ruhlar aləminin buyruğu ilə insana verilməsi Turan xalqlarının mədəniyyətinə məxsus bir hadisədir. E.S.No­vik onu “mədəni-psixoloji” qatda anlamağı təklif edir (Новик Е.С. Обряд и фольклор в Сибирском Шаманизме (Опыт сопоставление структур). Москва, 1984, с.194). Azərbaycan türkcəsində “Allah vergisi”, “Tanrı vergisi” adı alan bu hadisə, əsas etibarilə, şamanın adı ilə bağlıdır. İna­nışa görə, kimsənələrdən biri insanlar arasından birini seçə­rək onu şaman olmağa məcbur edir. Seçilən şəxs ruhi po­zun­tu halında olur. O, şaman olmağa razılıq verməyənə qədər bu hal davam edir. Namizəd ya şaman olmağa razılıq verir, ya da öldürülür. Şaman olmağa razılıq verən namizəd məra­simdən keçirilir. Burada onun hamiləri bəllənir və ona mə­rasim atributları verilir. Bu hadisədən sonra o, müstəqil şə­kildə mərasim keçirib insanların dadına çatır (Алексеев Н.А. Шаманизм трюкоязычных народов Сибири. Ново­си­бирск, 1984, с.98-178; Новик Е.С. Обряд и фольклор в Си­бирском Шаманизме (Опыт сопоставление струк­тур). Москва, 1984, с.191-205 və s.). Sənətin bu şəkildə ruh­lar aləmindən verilməsi dəmirçilik sənətinə də xasdır (Худяков И.А. Краткое описания Верхоянского округа. Ле­нинград, 1979, с.385-390; Новик Е.С. Обряд и фольк­лор в Сибирском Шаманизме (Опыт сопоставление струк­­тур). Москва, 1984, с. 195-196). Bu hadisə epik ifa­çı­­lıq sənətindən də yan keçməyib. Təsadüfi deyil ki, mə­həb­bət dastanlarının əksəriyyətində qəhrəman vergili aşıq­lar­dır. Bununla yanaşı, o, universal xarakterdə olub bütün türk das­tan söyləyiciliyini əhatə edir (Путилов Б.Н. Эпическое ска­зительство. Москва, 1997, с.45-52). Onun daha arxaik söy­ləyici tipi olan ozandan yan keçməsi mümkün ola bil­məz­di. Əgər vergili aşıq və ya haqq aşığı varsa, onda vergili ozan da olmalı idi. Yeni söyləyici tipi olan aşığın onu hazır şəkildə ozandan mənimsəməsi qəribə görünməməlidir. Bu baxımdan alb ozanın vergili ozan tipi olması güman oluna bi­lər. Ən nəhayət, əgər vergili ozan olubsa, onda bu verginin sahibi – piri də olmalı idi.



Ozanların piri. “Kitab”dakı oğuznamələrin “müəllifi”, onların sonunda deyildiyi kimi, Dədə Qorquddur. O, oğuz dünyasının sakini kimi burada baş verən hadisələrdən dastan yaradıb, onları dastanda sözügedən əməllərin sahibi olan xalqın adı ilə Oğuznamə – yəni oğuzlar haqqında dastan ad­lan­dırır. O, bu işi gələcək nəsillərin öz əcdadlarının əməl­lə­rini unutmaması xatirinə edir və bu vəzifəni deyin (və­siy­yət) olaraq alb ozanların boynuna qoyur. Onlar isə oğuz­namələri Dədə Qorqudun əmanəti kimi qoruyaraq varis­lər arasında söyləyirlər. Oxşar hadisə ilə başqa türk xalqları­nın folklo­run­da da qarşılaşırıq. Məsələn, saxa (yakut) xalqı olonxonun (qəhrəmanlıq dastanlarının) yaranmasını və ilk ifasını Seer­keen Sesenin adı ilə bağlayır. Seerkseen Sesen olonxo qəh­rəmanı kimi əsas qəhrəmanların məsələhətçisidir (Путилов Б.Н.Эпическое сказительство. Москва, 1997, с.45). Ox­şar cizgilərə qazax jıraularından Aktamberdi jırau, Tati Kara jırau, İiambet jırau, Sıpara İırau, Buxar İırau, “Manas”da Iraman oğlu Irçı uul, Caysan Irçı malikdir (Исмаилов Е. Акы­ны. Монография о творчестве Джам­була и других народных акынов, Алма-Ата, 1957, с.44-47; Рахма­тул­лин К.А. Творчество Манасчи // Манас. Героический эпос киргизского народа. Фрунзе, 1969, с.79; Мусаев С.М. Эпос «Манас». Фрунзе. 1979, с.34). An­caq onlardan fərqli olaraq Qorqud həm də ozanların piri olmuş­dur. A.B.Kunanbayevanın söylədiyinə görə, qazaxlar­da jırau o dünya varlıqlarının buyruğu ilə yaranır. Musiqiçi­lərin əcdadı və hamisi Korkut hətta heç vaxt oxumayan və dombra çal­mayan adamların yuxusuna girərək, onlara domb­ra ilə oxu­mağı əmr edir. Buyruğa qulaq asmayan adam əza­ba, xəs­tə­liyə, bədbəxtliyə düçar olur (Путилов Б.Н. Эпи­чес­кое ска­зительство. Москва, 1997, с.47). Burada söhbət qəhrəma­nımızın dastan ifaçılarına vergi verməsindən gedir. M.Qa­sım­lı qopuzu icad edən qazax Korkutu ilə “Kitab”dakı “Də­dəm Qorqud qopuzu” ifadəsini qarşılaşdırır (Qasımlı M. Aşıq sənəti. Bakı, 1996, s.40-41). Bu qarşılaşdırma dolayısı ilə qazaxlar arasında yaşayan inanışın Oğuznamə ifaçılığın­dan baş götürdüyünü ortaya qoyur. Belə məlum olur ki, Dədə Qorqud qazax jırauları kimi ozanların da piri olmuş­dur. Türkmanların bir etnos olaraq dağılmasından və yeni etnik birliklərin yaranmasından sonra Dədə Qorqudun bu funksiyası unudulmuşdur. Yeni yaranmış etnik mühitlər bax­şıaşıq kimi söyləyici tiplərini ortaya çıxarmış, uyğun ola­raq türkmənlər içərisində Baba Kambar və Aşıkaydın, Azər­baycanda və Anadoluda isə Xızır və Əli Dədə Qorqudun yeri­ni tutaraq baxşıların və aşıqların pirinə çevrilmişdir (Ба­силов В.Н. Культ святых в исламе. Москва, 1970, с.55-66; Təhmasib M. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, 1972, s.71-72). Düşünmək olar ki, Dədə Qorqudun Əh­­lət­dəki, Dərbənddəki, Sırdərya vadisindəki qəbirləri, Ba­ba Kambar və Aşıkaydın ocağı kimi, vaxtilə ozanların ziya­rətgahı olmuşdur.

Ən nəhayət, şifahi ənənədə mətnin bu şəkildə müəl­lif­ləşdirilməsi və ruhlar aləmindən vergi şəklində verilməsi mət­nin ruhlar aləmində hazır şəkildə mövcud olmasına ina­mı ifadə edir (Неклюдов С.Ю. Звучащее слово в фолькло­ре. www.ruthena.ru; Новик Е.С. Семиотические функции голоса в фольклоре и верованиях народов Сибири, www.ruthena.ru). Ona görə də V.J.Propp ifa aktını “ikinci can­lanma”, A.Hacıyev isə “söz haqqında söz” adlandırır (Нек­­людов С.Ю. Звучащее слово в фольклоре. www.rut­hena.ru; Hacıyev A. Mifopoetik təfəkkür fəlsəfəsi. Bakı, 2002, s.65).



Funksiya. Ozanın əsas işi ifaçılıq sənətidir. “Fərhəngi-şüuri” adlı farsca bir lüğətdə qısa və aydın şəkildə deyilir: “Ozan bir taifədir, tənbur çalıb türkü söyləyərlər və Oğuz­namə oxuyarlar. Türkcə ozan deyirlər” (Köprülü F. Ozan, // Edebiyat araştırmaları. Ic. Ankara, 1966, s.136). Başqa bir qaynaqda ozanlar “Oğuz qəzalarının hekayət əfruzları” şək­lində vəsf olunur ( Sumer F. Göstərilən əsər, s.421).

Epik söyləyicilik sənəti haqqında araşdırmalarda söy­ləyicinin şaman funksiyasından sıx şəkildə bəhs olunur. Dün­ya, eləcə də türk-Turan xalqlarının etnoqrafiya və folk­lorunda özünü göstərən bu hadisəyə aid çoxlu material top­lanmış və dəyərləndirilmişdir.

Söyləyici ifa vasitəsilə təbiətə təsir edir, xəstəni müa­licə edir, baş verə biləcək bədbəxtliyin qarşısını alır, epi­de­miyadan qoruyur, itiyin harada olduğunu söyləyir, ovun uğurlu olmasını təmin edir, gələcəkdən xəbər verir və bütün bunlar ifa sayəsində ruhların yardımı ilə mümkün olur (Зеленин Д.К. Религиозно-магическая функция фольклор­ных сказок // Сб. в честь 70-летию Ольденбурга. Мос­ква-Ленинград, 1934, с.215-240; Неклюдов С.Ю. Звуча­щее слово в фольклоре. www.ruthena.ru; Новик Е.С. Се­миотические функции голоса в фольклоре и верованиях народов Сибири, www.ruthena.ru). Bu halda epik söyləyici ilə şaman funksional baxımdan eyniləşir. Bu hadisə ter­mi­noloji səviyyədə də özünü göstərir. Özbək dilində baxşı sözü “təbib”, “şaman” və “dastan söyləyicisi” anlamında iş­lənir. Məsələyə münasibət bildirən V.M.Jirmunski “söyləyi­cilik sə­nətinin.... tədricən xalq mərasimindən qopduğunu” söy­ləyir. Müəllifə görə, əfsanədəki el ağsaqqalı Qorqud hə­min xalq söyləyicisinin qarışıq tipidir və qəhrəmanlıq dastanla­rının söyləyicisi ondan törəyib (Жирмунский В.М. Тюрк­ский героический эпос. Ленингард, 1974, с.402-403). Baş­qa sözlə, “müşgülləri həll edən” ağsaqqal, bilici, “qaib­dən dür­lü xəbərlər söyləyən” pir, dediyi olan, buyurduğu qəbul edilən, qopuz çalıb öyüd verən, dastanlar qoşan ozan tarixə­qədərki simadır. Əfsanə və dastanlarda qarşılaşdığımız Qor­qud Ata və ya Dədə Qorqud, Seerkeen Sesen, Sıpara İırau, Caysan Irçı və s. həmin simanın surətidir. Bizim tanı­dığımız dastan ifaçısı “o mübarək simadan” qoparaq müs­təqil fəaliy­yətə başlamış, ancaq özünün anadangəlmə cizgi­lərini müasir dövrə qədər yaşatmışdır.

Epik ifanın ruhlar aləminə təsir vasitəsi olması müasir dövrə qədər yaşamışsa, onda orta əsrlər dastan ifaçılığında bu hadisə daha canlı və etnoqrafik baxımdan daha aydın şə­kildə özünü göstərməli idi. Bu baxımdan Dədə Qorqud oğuznamələrində qarşımıza çıxan oğuz ərənləri, alp ərənlər, qazi ərənlər ifadəsi xüsusi maraq doğurur. Məlum olduğu kimi, ərən sözü şaman inanışlarında yardım edən ruhları ifa­də edir. Tuva şamançılığında eren adlanan bu ruhlara şa­manın əcdadları da aiddir (Алексеев Н.А. Шаманизм трю­коязычных народов Сибири. Новосибирск, 1984, с.91-95; Кенин Лобсан М.Б. Обрядовая практика и фольклор ту­винского шаманства. Новосибирск, 1987, с.56-77). Bu sö­zün əcdadların ruhunu və ya bütün kateqoriyalardan olan ruhları ifadə etməsi barədə aydın bir təsəvvür yoxdur. Bu­nunla bərabər, oğuznamələrin əcdadlar haqqında dastanlar olduğunu yada salsaq, buradakı ərən adının əcdadları ifadə etməsini qəti şəkildə söyləmək mümkündür. Ona görə də Oğuznamədə tez-tez qarşılaşdığımız alp ərənlər, bəy ərən­lər, oğuz ərənləri haqqa qovuşmuş əcdadların yaşayan ruh­larını ifadə edir. Bu ərənlərdən bəziləri Oğuznamədə pir kimi vəsf olunur:


Dədə Qorqud biliklü yeddi bilisün versün.

Əmir Süleyman uğurlu (uğurun) versün.

Salur Qazan səadətlü yeddi səadətün versün.

Bayandur xan dövlətlü yeddi dövlətün versün.

Alp Aruz ..... versün.

Bığı qanlu Bükdüz Əmən heybətlü yeddi heybətün versün.
Yaxud da:
Bay Biləcin bəgligün versün

Oqçı Kozan ərligün versün (Hacıyev T., Vəlıyev K. Azərbaycan dili tarixi. Bakı, 1983, s.76, 81).

Bu sıranın mətndə əks olunandan qat-qat uzun olması şübhəsizdir. Bu baxımdan bu gün sadəcə “uğuz qəbirləri” adı ilə anılan abidələrin vaxtilə “oğuz ərənlərinin” ziyarət­gahı olmasına şübhə etmirik. Qaynaqlarda onlardan bəzilə­ri­nin adları da çəkilir: Türkmənistanın Seraxs rayonunda və Təbriz yaxınlığında Qazan xanın, Urmiyada Burla xatunun, Sırdərya vadisində və Dərbənddə Qorqudun, Şərqi Anado­luda Bayandur xanın və Kayı xanın ...

Türk inanışlar sistemində əcdadlara tapınma xüsusi yer tutur və tarix etibarilə qədimdir (Ru J.P. Eskiçağ ve Or­ta­çağda Altay Türklerinde Ölüm. İstambul, 1999, s.188-214). Türkmanlar bu əcdadlara etnik ünvan verib, onların şə­rəfinə dastanlar qoşurdu (Ə.Əsgər. Oğuznamənin etnik audi­toriyası və funksiyası. “Azərbaycan” jur., 2007, № 9). Yu­xa­rıda deyilənlər kontekstində bu dastanların ifası oğuz əc­dadların ruhuna səsləniş və onlardan yardım istəmə kimi yo­zulur. Ozan sənəti ilə şaman sənətinin kök qohumluğu da bu məqamda üzə çıxır.

Repertuar. Ozanlar böyük türkman dünyasının hər tə­rəfinə yayılaraq müxtəlif məclislərdə Oğuznamə söylə­yir­di­lər. Onların ifa etdikləri oğuznamələr didaktik və epik olmaq etibarilə iki yerə bölünürdü. Oxşar repertuar qazax jırçı və akınlarına və ya başqırd sesenlərinə də xasdır (Киреев А.К. Башкирский народный героический эпос. Уфа: 1970, с.53; Кунанбаева А.Б. Казахский эпос сегодня: сказитель и сказания // Советская этнография, 1987, №4, с.103). Qorqudşünasların əksəriyyəti haqlı olaraq oğuznamələrin sayının “Kitab”dakı oğuznamələrdən qat-qat çox olması fik­rindədir. Bu halda epik dövriyyədə çoxsaylı oğuznamələrin olmasına şübhə yoxdur. Ancaq belə düşünmək olmaz ki, bü­tün ozanlar epik dövriyyədə olan Oğuznamələrin hamısını si­nədəftər bilmiş və ifa etmişdir. Hər hansı bir ozanın mən­sub olduğu məktəbdən və bir şəxsiyyət kimi zövqündən asılı olaraq repertuarı formalaşmalı idi. “Keçmişlər bu gün­lərə suyun suya bənzədiyi kimi bənzəyir” (İbn Haldun). Görmə­diyimiz ozanlardan fərqli olaraq gördüyümüz və az-çox bə­ləd olduğumuz aşıqların repertuarı da elə bu şəkildə forma­laşıb. Epik söyləyici nəinki bütün dastanları, hətta bir dasta­nın belə müxtəlif qollarını bilmir. “Koroğlu” dastanının ifası bu baxımdan, maraqlıdır. Məlum olduğu kimi, bu günə qə­dər “Koroğlu” dastanının məlum qolları bir aşıqdan yazıya alınmamışdır. Səbəbi aydındır! Aşıq epik dövriyyədə olan qolların bir hissəsini bilir. Maraqlı burasıdır ki, türkmən bax­­şıları da elə bu gündədir. Onlar yalnız yaxşı bildiyi və sev­diyi qolları söyləyirlər (Каррыев Б.А. Туркменский ге­роический эпос «Гëр-оглы» // Гëр-оглы Туркменский герои­ческий эпос. Москва: Изд. Наука, s.9-10). “Kitab”a başqa boyların yox, məhz bizə məlum olan boyların düşməsini də bu kontekstdə anlamaq olar. Deməli, ozan mötəbər məclisdə ən yaxşı bildiyi və sevdiyi boyları ifa etmişdir.

“Fərhəngi-şüuri”də ozanların Oğuznamə ilə yanaşı, türkü söyləməsi də vurğulanır. “Kitabi-Dədə Qorqud”da isə toyda qopuzun müşayiəti ilə rəqsdən və ozanın yelətmə çal­masından söz açılır (Kitabi-Dədə Qorqud, 1988, s.64-65; 90). Musiqi ilə bağlı olan bir ifaçı kimi ozanın xalq musi­qisini və mahnılarını bilməsi qəribə deyil. Bununla ya­naşı, ozan sənətinin bu üzünü məlumatların olmaması uc­batından təhlil imkanından məhrumuq.



Auditoriya. Qaynaqlardan görünür ki, ozanların fəaliy­yət meydanı geniş olmuşdur. Elat toylarından, şölənlərdən tutmuş, savaş meydanlarına, böyük saraylara qədər ozanların Oğuznamə söylədiyi məkanlar idi. Onlar ellər şəklində təşkil olunub bəylər tərəfindən idarə olunan türkman ellərini do­laşıb mümkün məclislərdə bu xalqın ataları barədə dastanlar söyləyirdilər. “Qolça qopuz götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər!” və ya “El-evünüzdə çalub ayıdan ozan olsun” aforizmi və alqışı bu gerçəkliyin ifadəsidir (Kitabi-Dədə Qorqud, 1988, s.32).

Oğuznamə ifaçılığının ordu və sarayla bağlılığı xü­susi maraq doğurur. Ozanların Səlcuqlu sarayı ilə əlaqəsi barədə elə bir məlumat yoxdur. Ancaq bu sarayın Sultan Al­parslan dövründən başlayaraq fars mədəniyyətinin təsiri al­tında olması bəllidir. Səlcuqlu sultanları Oğuz soyundan ol­duqlarını bilsələr də, onlar fars dili və ədəbiyyatının vur­ğunu idilər (Крымский А.Е. Низами и его современники. Баку, 1981, с.141-142). Ancaq sultanların verdiyi şölənlərin oğuz törəsinə uyğun şəkildə keçirildiyini və buraya, əsas etibarilə, türkman bəylərinin və əmirlərinin dəvət olundu­ğu­nu nəzərə alsaq (Гордлевкий В.А. Государство Сельджу­кидов Ма­лой Азии // Изб.соч., Т.1. Москва, 1960, с.80), be­lə məclis­lərin ozansız ötüşməsinə inanmaq çətindir. Bu­nunla yanaşı, Konya Səlcuq sultanlığının hüdudları da­xi­lində yaşayan türk­man ellərində ozanların tüğyan etməsi şübhə doğurmur. Sultanlığın dağılmasından sonrakı dövrlərdə türkman bəylik­lərinin ozanlara isti münasibət bəslədiklərini yaxşı bilirik. Maraqlıdır ki, tarixçi Əli, Germiyan bəyini vəzn bilməyən (əruz vəzni nəzərdə tutulur) ozanı təqdir et­diyinə görə onu cahil adlandırır (Köprülü F. Ozan, // Ede­biyat araş­tırmaları. Ic. Ankara, 1966, s.135). Buradan gö­rünür ki, Germiyan sa­ra­yında ozanlar xoş qarşılanmışdır. Bütün türk­man bəylik­lə­rinin ozana bu şəkildə xoş münasibət gös­tər­mə­sinə şübhə yoxdur. Ozanların Ağqoyunlu sarayında Oğuz­namə oxuması haqqında tarixi vəsiqə yoxdur. Ancaq “Ki­tab”dakı Oğuzna­mə­lərdə Bayandır soyunun Oğuz elinin ha­kiminə çevrilməsi Bayandır soyundan olan Ağqoyunlular sarayında ozanlara xoş münasibət bəslənilməsini göstərir. Qaraman bəy­liyinin aydın bir milli şüura sahib olduğunu nəzərə alsaq, bu bəy­liyin sarayında da ozanların sevildiyini yəqin etmək olar. Eh­timal ki, Topqapı Oğuznaməsində adı çəkilən Səlim oğlu Qaraman və onun barəsində günümüzə çatmamış Oğuz­namə Qaraman bəyliyinin ozanlara göstərdiyi iltifatın göstəri­ci­sidir.



F.Köprülü fransız alimi Quatremerenin Misir Məmlük tarixi ilə bağlı əsərində Məmlük ordu mərasimlərində ozan­ların iştirak etməsi barədə “Məsalükül-Əbsar”, “Kitabül-İnşa”, “Xitati-Makrizi” kimi qaynaqlar əsasında verdiyi mə­lumata diqqət yetirir və bu hadisəni Səlcuqlu imperiyasının təsiri ilə əlaqələndirir (Köprülü F. Ozan, // Edebiyat araş­tırmaları. Ic. Ankara, 1966, s.132-133). Fikrimizcə, Məmlük ordu mərasimlərində ozanların iştirakını Məmlük ordula­rın­da Səlcuqlu imperiyasını da yaradan türkmanların varlığında axtarmaq lazımdır. Əgər Məmlük ordularında türkmanlar var idisə, deməli, ozan da olmalı idi. Bir daha xatırladaq: türk­manların var olduğu yerlər ozanların fəaliyyət meydanı idi. Belə meydanlardan biri də Səlcuqlu ordusu olmuşdur. Səl­cuqlu ordularında türkmanların aparıcı yer tutduğunu nəzərə alsaq, F.Köp­rü­lü­nün­ “Səlcuqlu ordularında ozanların olma­ma­sı imkansızdır” fikri həqiqəti əks etdirir (Köprülü F. Ozan, // Edebiyat araştırmaları. Ic. Ankara, 1966, s.134-135). Bununla yanaşı, F.Köprülü və V.A.Qordlevski “Səl­cuq­namə”nin M.T.Xoutsma tərəfindən edilən tərcüməsinə dayanaraq Səlcuqlu ordusunda “ozanlar və qopuzçular” ol­du­ğunu söyləyirlər (Köprülü F. Ozan, // Edebiyat araş­tır­ma­ları. Ic. Ankara, 1966, s.134; Köprülü F. Türk Edebiyatında İlk Mutasavvıflar. Ankara, 1976, s.235; Гордлевский В.А. Государство Сельджукидов Малой Азии // Избран­ные со­чинения. Т. I, Москва: Изд. Восточной Литературы, 1960, с.192). Qaynaqda ifadə olunan məlumatı F.Köprülü aşağıdakı şəkildə verir: “Ozanlar və qopuzçular elfaz-i qarrâ birle bir sebil hikayət ayıttular” (Köprülü F. Türk Ede­biya­tında İlk Mutasavvıflar. Ankara, 1976, c.235). B.M.Jir­mun­ski isə E.Rossinin yenə də “Səlcuqnamə”yə əsasən verdiyi mə­­lumatı təkrar edərək yazır: “Solday (Sudak) qalasının türk­lər tərəfindən mühasirəsi zamanı qanlı döyüşdən sonra qopuz çalan ozanlar əsgərlərin qəhrəmanlıqlarını və mərd­liklərini tərif edirdilər” (Жирмунский В.М. Тюркский ге­рои­ческий эпос. Ленингард, 1974, s.535). Ancaq “Tarixi-Al-i-Selcuq”un son akademik nəşrində sözügedən məlumat başqa şəkildədir. Yazıçıoğlu Əli yazır: “Mütriblər bahadur­larun dilavarlıkların ve düşmeni kahr itdüklerin ve pehle­van­lar cəngin xub elhan ve kavli rast birle hazırlar cemine iriş­dü­rürlerdi” (Yazıçızade Ali. Tarih-i Al-i Selçuk, s.484). Mətn­də ozan sözü mütrib sözü ilə əvəz olunsa da, söhbətin ozanlardan getməsi şübhə doğurmur. “Səlcuqnamə”də qarşı­ya çıxan bu qeyd ozan sənətinin tarixi baxımından da xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, haqqında danışdığımız ta­rixi hadisə, yəni Sudakın alınması 1221/22-ci ildə baş verib. Əgər XIII əsrin başında ozanlar orduda tüğyan edirdilərsə, onda XII əsrin ozan yaradıcılığının ən qızğın çağı olmasına şübhə yeri qalmır. Nizami Gəncəvi kimi Oğuznamə audito­riyasından uzaq olan şəhərli bir “Xəmsə” və “Divan” şai­ri­nin ozan sayağı – bə qanuni-ovzan – oxumaqdan bəhs etmə­si (Araslı H. Nizamidə xalq sözləri, xalq ifadə və zərb-mə­səlləri // SSRİ EA Azərbaycan filialının xəbərləri. 1942, №8, s.3-4) XII əsrdə ozanların bu şəhərli şairin diqqətini cəlb edəcək dərəcədə geniş yayıldığını göstərirdi.

Elxanilərin ozanlara sevgisi barədə F.Sumerin heç bir qaynağa söykənmədən söylədiyi aşağıdakı fikir təəccüb doğurur: “...bu dastanları (oğuznamələri) qopuzları ilə oxu­yan ozanların vəzifəli olaraq monqol xanları və noyonlarının yanında olduqlarını bilirik” (Sumer F. Oğuzlar (Türkmen­ler). 3. baskı. Ana Yayınları. İstanbul: 1980, s.378). Bu fik­rin arxasında dayanan yeganə fakt monqol dövrünə aid tarixi əsərlərdə ozan sözünün (“Came-ət təvarix”, “Vassaf tarixi”) “işçilər”, “sənətkarlar” mənasında işlənməsidir. Quatreme­renin bu barədəki fikrini F.Köprülü olduğu kimi qəbul et­miş­dir (Köprülü F. Ozan, // Edebiyat araştırmaları. Ic. An­kara, 1966, s.143). Demək istəyirik ki, monqol dövrünə aid tarix kitablarında ozan sözünün qeyd olunan anlamda işlən­məsi maraqlı tapıntıdır. Ancaq bu tapıntı Oğuznamə ifaçısı olan ozanların “monqol xanları və noyonlarının ya­nın­da” ol­masını sübuta yetirmir. Ozanlar Oğuznamə ifaçıları idilər. Mon­qol sarayının və əyanlarının türkman etnik şüu­runun tö­rəməsi olan Oğuznaməyə heyranlığını anlamaq müm­kün deyil.

Ozanın Şirvanşah sarayında Xəlili Səmərqəndi ilə de­yişməsi barədə Hamidinin məlumatı xüsusi maraq kəsb edir. Bu fakt fars soyundan olmaları ilə öyünən Şirvanşahlar sa­rayının XV əsrdə əhəmiyyətli dərəcədə türkləşdiyini gös­tərir. Yeri gəlmişkən, ozanın söz yarışına çıxması – deyiş­məsi yalnız bu qaynaqda özünə yer tapır.

Osmanlı sarayının Oğuznaməyə marağından bəhs et­mişdik. Ozanların Osmanlı sarayında və ordusunda olması ba­rədə qaynaqlarda açıq məlumatlar var. F.Köprülünün diq­qət yetirdiyi bir hadisə bu baxımdan xüsusi maraq doğurur: Sultan II Muradın sarayında olan Bertrandon de la Broquiere ziyafət zamanı minestrellərin sultanın əcdadları haqqında qəhrəmanlıq nəğmələri – shanson de geste – oxuduqlarını söyləyir. Bu məsələyə münasibət bildirən F.Köprülü haqlı olaraq yazır: “...bunların ozanlar və qopuzçular olduğunu asanlıqla təxmin etmək olar” (Köprülü F. Ozan, // Edebiyat araştırmaları. Ic. Ankara, 1966, s.135). Cəlalzadənin “Taba­kat ül-memalik fi derecat il-məsalik” əsərində Muhac sa­va­şından (1526) bir gün öncə keçirilən şənlikdə “şeştarlar, tan­burlar, kopuzlar”la yanaşı, “oğuz qəzalarının hikayət əfruz­ları ozanlar”ın “çalıb-çağırıb şenliklər və şadiliklər” etməsi bildirilir (Sumer F. Oğuzlar (Türkmenler). 3. baskı. Ana Yayınları. İstanbul: 1980, s.421).

Ozanların müharibələr zamanı bir cəngavər kimi dö­yüşə girməsi haqqında qaynaqlarda heç bir qeydə təsadüf olunmur. Onların ordudakı yeri, qaynaqlara görə, hərbi mə­rasimlər və şənliklərdir. Bəzi araşdırmalarda ozanların hərb zamanı bir əsgər kimi döyüşə girməsi haqqında yer tutan fikirlər “Kitabi-Dədə Qorqud”da əks olunan qopuzlu alplar­dan baş götürür. Çalıb oxuyan alp tipi “Altın Mize” (Altay), “Akbök oğlu Kan Taci”, “Er Tarqın” (qazax), “Manas” (qır­ğız), “Canqar” (kalmık) və s. dastanlarda zəif şəkildədir. Bu­nun əksinə olaraq türkman dastan yaradıcılığı belə qəhrə­ma­nı özünün ideal cəngavər tipinə çevirir. Ancaq bütün hal­lar­da onlar ərənlər dünyasının, ideal aləmin sakinləridir, kəsəsi, şifahi epik yaradıcılığın məhsuludur.

Səfəvi sarayında və ordusunda ozanların olmasından, Mirzə Abbaslının verdiyi məlumata görə, “Cahanarayi-Şah İsmayıl Səfəvi” adı ilə tanınan qaynaqda söz açılır. Mirzə Ab­baslı bu qaynağa əsaslanaraq Sultan Hüseyn Bayqaranın Şah İsmayıla ozanlar göndərdiyini söyləyir və ardınca yazır: “Bu ozanlar məharətlə çukur çalıb-oxusalar da, qızılbaş ozanlarına bənzəmirmişlər. Buna görə də Şah İsmayıl sanki öz zövq və səliqəsini nümayiş etdirmək, sərkərdələrinin, or­du­sunun nələri dinlədiyini, nələrdən ləzzət aldığını dolayısı yol ilə bildirmək məqsədi ilə ordu ozanlarından böyük bir dəstəni hərbi geyimləri ilə elçiyə qoşdurub Herata göndərir.

Ozanlar Heratda bir neçə gün Sultan Hüseyn Bayqara sarayında çalıb-oxuyurlar. Axırda da Sultan Hüseyn Bayqara onlara çoxlu qiymətli hədiyyələr, eləcə də seçmə minik atları verib yola salır. Heratdan qayıtmış ozanları Şah İsmayıl İs­fahanda “Baği nəqşicahan”da qəbul edərək, səfər macəra­larını dinləyir, onların söhbətindən xoşlanaraq, şərəf­lərinə şad­lıq məclisi qurdurur.

Ozanlar, demək olar ki, Şah İsmayılın bütün yürüş­lə­rin­də iştirak etmiş, orduda hərbi nəqqarəxananın – hərbi orkes­trin rəhbərliyi mövqeyini tutmuş, türkü varsağıları, cən­giləri ilə Qızılbaş döyüşçülərinin rəşadət ruhunu oxşa­mışlar. Onlar başlarında Qızılbaş tacı, çiyinlərində pələng dərisi, bellə­rində qılınc, əllərində iri çukur – saz olduğu hal­da, dinclik zamanı dastanlar söylər, vuruş vaxtlarında isə çukur və saz­larını çiyninə aşırıb atlarına minər, döyüşçülərlə yanaşı vu­ruşarlarmış. Tarixi salnamədə bu barədə deyilir: “...ozanlar vuruş günlərində qalib yürüşlü ordunun müqa­bilində çukur­lar çalmaq, türkü varsağılar oxumaqla igidləri döyüş həvəsi ilə coşdururdular. Ozanların çalıb-oxumasın­dan onların vu­ruş əzmi güclənirdi. Onlar ruh yüksəkliyi ilə düşmən üzərinə yüyürüb özlərini hərb dəryasına vururdular” (Abbaslı M. Şah İsmayıl Xətainin ömrü miniatürlərdə. Bakı, 1981, s.21).

Qaynaqda verilən məlumatda ozanların sarayda, xüsu­silə orduda olması və hərbi yürüşlərdə iştirak edərək ordu­nun döyüş ruhunu qaldırması ozan sənəti haqqında ənənəvi təsəvvürlərə zidd deyil. Ancaq onların qopuz əvəzinə çukur çalması, “oğuz ərənlərinin” vəsfi əvəzinə “türkü varsağılar” söyləməsi bu sənətin tarixində yeni hadisədir. Görmək çətin deyil ki, burada fərqli bir ifaçı tipindən söhbət gedir və bu ifaçı tipi köhnə terminlə ifadə olunur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə