Uot 316. 77 Məmmədova L. R



Yüklə 124,22 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü124,22 Kb.
#8578


İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39  

 

 



       www.jpis.az                                                                      31 

 

UOT 316.77 



Məmmədova L.R. 

Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan   

leylarashid@mail.ru 

YENİ MEDİA İCTİMAİ SFERANIN YENİ MODELİNİ  YARADAN FAKTOR KİMİ 

Məqalədə yeni media kontekstində ictimai sferanın formalaşma prosesi araşdırılır. İnformasiya 

cəmiyyətində  demokratik  və  kollektiv  ünsiyyət  platformasının,  ictimai  sferanın  yaradılmasında 

yeni medianın imkanları, unikal xüsusiyyətləri və konsepsiyaları müzakirə edilir. “İctimai sfera” 

anlayışı  və  onun  tarixi-fəlsəfi  əsaslarının  ümumi  xarakteristikası  verilir,  yeni  media  ictimai 

sferanın  yeni  nəzəri  modeli  kimi  tədqiq  edilir.  İctimai  sferanın  mövcud  vəziyyəti  və  spesifik 

xüsusiyyətləri  təhlil  olunur,  cəmiyyətin  mühüm  problemlərinin  həllində,  ictimai  həmrəylik  və 

vətəndaş  dialoqunun  qurulmasında    ictimai  sferanın  rolu  araşdırılır.  Yeni  medianın 

mərkəzləşdirmə,  interaktivlik  kimi  spesifik  xüsusiyyətləri,  şəbəkə  strukturu,  dövlət  tərəfindən 

nəzarətin  olmaması,  informasiyanın  əldə  olunmasında,  ötürülməsində  və  paylanmasında 

analoqu olmayan rahatlıq imkanları və məkan-zaman sərhədsizliyi  konsepsiyası sayəsində  yeni 

ictimai sferanın formalaşması əsaslandırılır. 

Açar sözlər: yeni media, ictimai sfera, informasiya cəmiyyəti, vətəndaş cəmiyyəti, sosial şəbəkə, 

ifadə azadlığı

Giriş  

Bu gün sürətlə inkişaf edən informasiya cəmiyyəti vətəndaşların informasiya fəaliyyətinin 

artırılması,  sosial  strukturun  ən  dinamik  sahələrinə  informasiya  sənayesinin  transformasiyası, 

çevik  şəbəkə  strukturlarının  geniş  yayılması  sayəsində  ictimai  təşkilat  və  əməkdaşlığın  bütün 

modellərinin  dəyişikliyi  kimi  fundamental  xüsusiyyətlərlə  xarakterizə  olunur.  İnformasiya 

cəmiyyətinin  inkişafı  ilə  paralel  olaraq  müasir  vətəndaş  cəmiyyətinin  də  formalaşma  prosesi 

gedir.  Vətəndaş  və  informasiya  cəmiyyətlərinin,  demokratiya  ideologiyasının  təməl 

nöqtələrindən biri olan ifadə azadlığının, fikir formalarının meydana çıxmasında əhəmiyyətli rol 

oynayan kütləvi  informasiya vasitələri (KİV) həm  də düşüncə formaları, fikir istehsal edir. Bu 

mənada,  yeni  media  demokratik  və  azad  fikir  sahəsi  olub,  ənənəvi  mediadan  fərqli  olaraq, 

auditoriyanın mediada davamlı və azad  şəkildə iştirakını təmin edir, interaktivlik xüsusiyyəti və 

çoxqatlı  quruluşu  ilə  insanlara  özünü  ifadə  etmək,  sosial-siyasi  prosesləri  müzakirə  etmək  və 

onların  iştirakçısına  çevrilmək  imkanı  verir.  Media,  eyni  zamanda,  aid  olduğu  sosial  sistemin 

formalaşmasında  və  interpretasiyasında  təsirli  bir  vasitədir.  Bu  kontekstdə  “İnternetin 

imkanlarına əsaslanan və əvvəlki KİV formalarının hamısını öz qanadı altına yığan yeni media 

qlobal  informasiya  məkanının,  cəmiyyətinin  ən  mühüm  atributu  və  əsas  təkanverici  

qüvvəsidir”  [1].  Yeni  medianı  yaradan  və  yeni  medianın  da  təqdim  etdiyi  nəzəri  baxışlar 

postmodern, postsənaye, informasiya cəmiyyətinə xas elmi-nəzəri fikir, konseptual modeldir. Bu 

nəzəri  baxışlar  qloballaşma  və  modernləşmə  şəraitində,  ən  böyük  əmtəənin  informasiya  halına 

gəldiyi,  hər  cür  məlumatın  anında  qəbul  edilmə  və  ötürülmə  sürəti  ilə  coğrafi  məsafələrin 

ortadan qalxdığı informasiya cəmiyyətində zaman, məkan və həqiqət anlayışlarının yeni təhlilini, 

kommunikasiya  vasitələrinin  və  yeni  metodlarının  formalaşdırılması,  vətəndaş  fəallığı    üçün 

naməlum  imkanların  aşkar  olunması  və  informasiya-şəbəkə  sisteminin  müasir  ictimai  həyatda, 

xüsusilə,  sosiallaşma    proseslərində    oynadığı  rolun  qiymətləndirilməsi  məsələlərinin  tədqiqini 

zəruriləşdirir.  Yeni  medianın  spesifik  xüsusiyyətlərinin,  məkan  və  zaman  sərhədsizliyi 

konsepsiyalarının diskriminasiyasız, bərabər və azad kommunikasiya mühiti, təcrübə və fəaliyyət 

məkanı, demokratik bir ictimai sfera yaratma potensialı xüsusi araşdırma tələb edir.  

 



İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39 

 

32                                                                  www.jpis.az 



 

Yeni media informasiya cəmiyyətinin  nəzəri modeli  kimi 

XX  əsrin  sonu  -  XXI  əsrin  əvvəllərində  informasiya  texnologiyalarının  təkamülü 

keyfiyyətcə  yeni  kommunikasiya  muhitini,  qlobal  İnternet  şəbəkəsini  meydana  gətirdi. 

İnformasiya  texnologiyalarında  yaşanan  bu  inkişafla    İnternet  unikal  informasiya  və 

kommunikasiya    resursu  olaraq    KİV-in  əvvəlki  formalarını  özündə  birləşdirən  yeni  media 

sistemini  formalaşdırdı. Yeni media anlayışı kütləvi kommunikasiya vasitələrilə hər cür istehsal, 

paylaşma və ünsiyyət formasını müəyyənləşdirən, bütün mediaları ehtiva edən fenomen, ictimai 

platforma  kimi  ifadə  ounur.  ABŞ-ın  San-Dieqo  Universitetinin  professoru,  yeni  media  üzrə 

tanınmış  mütəxəssis  Lev  Manovic  “Yeni  media  dili”  (“The  Language  of  New  Media”)  adlı 

kitabında bu anlayışı interfeyslər, məlumat bazaları və s. kimi quruluşa dair xüsusiyyətlərin necə 

bir ifadə  daşıdığını uğurlu şəkildə  izah edir. O, “qrafiklərin, şəkillərin, animasiyaların, səslərin, 

məkanların  və  mətnlərin  kompüter  məlumatı  halına  gəlməsiylə  ənənəvi  KİV-in  yeni  mediaya 

çevrildiyi”ni vurğulayır [2]. 

Yeni  medianın  KİV-in  mərkəzləşdirmə,  şəbəkə  strukturu,  onlayn  rejim,  dövlət 

nəzarətinin  olmaması,  informasiyanın  əldə  edilməsində,  ötürülməsində  və  paylanmasında 

analoqu  olmayan  rahatlıq,  elastiklik,  açıqlıq,  əlyetərlilik,  fərdi  yanaşma,  hipermətn  özəlliyi, 

həcm  məhdudiyyətinin  olmaması,  ucuzluq,  multimedia  özəlliyi,  arxivləşdirmə  imkanı, 

interaktivlik,  obyektivlik  kimi  spesifik  xüsusiyyətləri  [3,  4]  onu  ənənəvi  mediadan  üstün  edən 

faktor,  demokratik  və  kollektiv  ünsiyyətə  əsaslanan  ictimai  sahə  yaratma  potensialının 

göstəricisidir. 

Yeni  medianın  informasiyanın  təqdimatında  hiperistinad,  bağlantı  qurma  imkanı 

simulyasiya yaradır. Fransız filosofu Yan Bodriyyara görə, inkişaf edən texnologiyalarla birlikdə 

dünyanın  simulyasiya  edilməsi-  modelləşdirilmə  prosesinin  başlanması  ilə  gerçəklə  görünüş 

arasındakı sərhədlər getdikcə silinir, belə bir dövrdə - postsənaye cəmiyyətinə keçid zamanında 

artıq televiziya hər şeydir; hər bir şey televiziyada danışılır, televiziyada yaşanır [5]. Onun bəhs 

etdiyi simulyasiya dünyasında - zaman və məkan asılılığı olmadan ən böyük əmtəənin məlumat 

halına  gəldiyi  informasiya  cəmiyyətində,  yeni  medianın  nəzəri  formaları  zaman,  məkan  və 

həqiqət anlayışlarına yeni yanaşma tələb edir.  

Postmodern  dövrü  üçün  xarakterik  olan  şəxsiyyət  və  içində  yaşadığı  sistemin 

parçalanması,  ikitərəfli  müxaliflik,  böyük  povestlərin  sonu,  multikulturalizm  kimi 

xüsusiyyətlərin  yeni  mediaya  üçün  də  keçərli  olduğunu  deyə  bilərik.  Bu  baxımdan,  dövrün 

xüsusiyyətləri  ilə  bu  dövrün  məhsulu  olan  medianın  xüsusiyyətləri  bir-birilə  harmoniya  təşkil 

edir. L.Manovic, haqlı olaraq, köhnə media məntiqinin sənaye cəmiyyəti məntiqinə, yeni media 

məntiqinin  isə  postsənaye  cəmiyyəti  məntiqinə  uyğun  olduğunu  irəli  sürür  [3].  İnformasiyanın 

əsas  istehsal  məhsuluna  çevrildiyi,  daha  azad  bir  cəmiyyət  olub-olmadığı  müzakirə  mövzusu 

olan postmodern cəmiyyətinin  məhsulu kimi  yeni  medianın  imkanları   demokratik və  kollektiv 

ünsiyyətlə şərtlənən sosial məkanı meydana gətirir. Yeni medianın özü ilə gətirdiyi nəzəri forma 

ideologiyanın  gizlənməsinə  xidmət  etdiyindən  bu  nəzəri  modelin  demokratik  və  kollektiv  bir 

ünsiyyət yaratma potensialı xüsusi araşdırma tələb edir.  

İctimai sfera anlayışı 

Müasir  vətəndaş  cəmiyyətinin  inkişafını  izah  edən  mövcud  nəzəriyyə  görkəmli  alman 

filosofu,  sosioloqu  və  politoloqu  Jurgen  Habermasın  “İctimai  sfera”  konsepsiyasıdır.  Onun 

“İctimai sferanın struktur çevrilişi” kitabında (1962) bəhs edilən “ictimai sfera”, sadələşdirilmiş 

mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera"  kimi 

izah  edilir  [6].  Y.Habermas  ictimai  sferanın  modelləşdirilməsində  Hegelin  sosial  fəlsəfəsinə 

əsaslanır.    Lakin  o,  ictimai  sferanı  Hegeldən  fərqli  olaraq,  dövlətdən  ayrı  və  müstəqil, 

K.Marksdan fərqli olaraq,  bazardan kənar yerdə axtarır və bu məkanı ictimai sfera hesab edir. 

Y.Habermasa  görə, ictimai  sferanın  inkişafında həlledici rol dövri mətbuatın inkişafı, xüsusilə, 

XVIII  əsrdə  siyasi  jurnalistikanın  vüsət  aldığı  vaxtda,  insanların  salonlarda,  mağazalarda  və 




İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39  

 

 



       www.jpis.az                                                                      33 

 

digər  ictimai  yerlərdə  qəzet  məqalələrini,  mövcud  problemlərə  həsr  olunmuş  materialları 



müzakirə  etmək  üçün  toplaşması  ilə  əlaqədardır  [7,  8].  Çap  mətbuatının  meydana  gəlməsi  və 

inkişafı  ilə  ictimai  sfera  qədim  yunan  variantı  Aqoradan  fərqli  olaraq,  sosial  problemləri  yeni 

səviyyədə  müzakirə  edən  fiziki  şəxslərin  “virtual”  icması  kimi  ortaya  çıxır.  Məhz  bu  sosial 

mühit,  mövcud  hökuməti  özünəməxsus  tənqid  ilə  yaranmaqda  olan  müxalifətin  potensial 

bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur.   

İctimai  sfera  anlayışı  müasir  cəmiyyət  nəzəriyyələrində  cəmiyyətin  ortaq  faydasını  təyin 

etmək  və  reallaşdırmaq  yönündə  fikir,  ifadə  və  hərəkətlərin  ortaya  qoyulduğu  və  inkişaf 

etdirildiyi  ortaq  ictimai  fəaliyyət  sahəsi  kimi  izah  edilir  [9].  İctimai  sferalar  mədəniyyətdən, 

dildən  və  ictimai  statusdan  asılı  olmadan,  hər  kəsə  təqdim  edilən  və  ya  açıq  sferalardır.  1950-

1960-cı  illərdə  “ortaq  sahələr”  və  ya  “vətəndaşlara  aid  sahələr”  şəklində  xarakterizə  edilmiş, 

1970-ci  illərdə  “ictimai  sfera”  anlayışına  çevrilmişdir.    Beləliklə  ictimai  sferanı,  şəxsi  yaşayış 

yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi 

elementi,  sosial  aspektdən  ortaq  bir  dünyanın  vasitəçisi,  demokratiyanın  qanunlaşdırıldığı  sfera 

kimi təyin etmək mümkündür. 

Elmi  ədəbiyyatda  ictimai  sfera  anlayışına  müxtəlif  aspektlərdən  yanaşmalar,  fərqli 

nəzəriyyələr,  mülahizələr  mövcuddur  [10].  Alman  alimi  Miriam  Hansen  alman  dilindəki 

öffenlichkeit” termininin ingiliscədəki qarşılığı olan “public sphere”dən daha geniş məna ifadə 

etdiyini,  sadəcə  məkan  anlayışını  bildirməyib,  eyni  zamanda,  bu  proses  içində  yaradılan 

kollektiv  birliyin  məzmunu  olduğunu  göstərir.  Digər  alman  alimləri  Oskar  Negt  və  Aleksandr 

Kluqeyə  görə,  ictimai  sfera  anlayışı,  bir  tərəfdən,  təcrübə  sahibi  olmaq,  əlaqələr  və  bağlantılar 

qurmaq,  reallıq  və  fantaziyaların  bir-birinə  keçidi  ilə  keçmişi  xatırlamaq və  başqa  bir  gələcəyi 

təxəyyül  etmək  qabiliyyətlərinə  söykənir,  digər  tərəfdən,  bu  qabiliyyətlərin  sənayeləşmə, 

urbanizasiya və müasir istehlak mədəniyyətinin təsiri ilə tarixən parçalanmasına və çevrilməsinə 

işarə edir.  

Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik 

Yunanıstanda  ictimai  sfera  vətəndaşlıq  üçün  lazım  olan  praktik  fəaliyyəti  ehtiva  etdiyi  halda, 

xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi. Aristotel 

üç  əsas  birlik  formasından  bəhs  edir:  törəmə  və  yaşamaq  üçün  ehtiyacların  ödənilməsi  ilə 

qurulmuş iqtisadi bir vahid olan ailə; birdən çox ailənin bir araya gəlməsindən ibarət olan kənd 

və ən yüksəyi yaxşını hədəfləyən və insan təbiətinin özünü tamamilə reallaşdıran siyasi bir birlik 

olan şəhər [11]. 

Feodalizm dövründə feodal öz mövqeyini ictimai kimi təmsil etdiyindən ictimai sfera bir 

idarəçinin  konkret  varlığına  bağlı  idi.  Görkəmli  ingilis  alimi  Eduard  Taylor  ictimai  sferanı 

cəmiyyət üzvlərinin ortaq bir görüş meydana gətirmək məqsədi ilə fikir  mübadiləsi apardıqları 

mühit  kimi  qəyərləndirir.  Digər  ingilis  alimi  Con  Lokk  fərdləri  romantikliyin,  duyğunun  və 

mərhəmətin  yer  aldığı  xüsusi,  yəni  qadınların sahəsi,  şüurluluğun, müqavilənin  və  mübadilənin 

də  reallaşdığı  ictimai,  yəni  azad  kişilərin  sahəsi  və  cəmiyyətin  xidmətindəki  polis,  prokuror  və 

əsgərlərin  siyasi  sahəsi  olaraq  qruplaşdırır.  Fransız  filosofu  Jan-Jak  Russo  və  alman  filosofu 

Hegel  isə  cəmiyyəti  qadınların,  uşaqların  və  əlillərin  dünyası  olan  xüsusi  sahəyə,  dövlətə 

sədaqətlə xidmət edən kişilərin dünyasını ictimai sfera adlandırırlar [12]. Romantiklik, mərhəmət 

kimi  xüsusiyyətlər  qadına,  müzakirə  və  mübadilə  xüsusiyyətləri  kişilərə  aid  sayılır,  qadın  ev 

daxili işləri yerinə yetirərkən, kişi evin xaricindəki işləri həll edir, qadın şəxsi həyata (və əslində 

kişinin  şəxsi  həyatına)  aid  olarkən,  kişi  ictimai  həyatda  etməsiylə  təyin  olunur.  Belə  olduqda, 

ictimai sferada kimlərin iştirak edə biləcəyi sualı əhəmiyyət kəsb edir.  

Xüsusi  və  ictimai  sfera  arasındakı  diskriminasiya  (ayrı-seçkilik),  XVIII-  XIX  əsrlərə 

təsadüf edən fərd və subyekt, “mən” anlayışlarının transformasiyası ilə əlaqədardır [13]. Xüsusi 

və ictimai sfera ayrı-seçkiliyi fərdin yalnız özünü maraqlandıran məsələlərlə cəmiyyətin ümumi 

mənafeyinə  dair  məsələlər  arasındakı  müasir  diskriminasiya,  inkişaf  edən  kommunikasiya 

texnologiyaları  sayəsində,  bir  tərəfdən,  bir-birlərinə  yaxınlaşarkən,  digər  tərəfdən,  getdikcə 



İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39 

 

34                                                                  www.jpis.az 



 

cəmiyyətdən  təcrid  olunan,  izolyasiyalı  müasir  insan  üçün  media,  içində  yaşadığı  dünyanı 

qavrayıb  mənalandırma,  ictimai  məsələlərdən  xəbərdar  olma    (informasiya),  digər  insanlarla 

əlaqə  qurma  (kommunikasiya),  öz  şəxsiyyətini  formalaşdırma  vasitəsidir.  Bu  baxımdan,  yeni 

medianın ictimai sfera yaratma imkanlarının  araşdırılması əhəmiyyət kəsb edir. 

Qərb modernistlərinin individualist yanaşmasına görə, ictimai sfera vətəndaşların müəyyən 

mövzularda  həmişə  birlikdə  müzakirə,  danışmaq  və  əylənmək  istəyi  ilə  bir  araya  gəlmələrini 

tələb  edir.  İctimai  və  xüsusi  olan  arasında  bir  ayrı-seçkilikdən  danışılması  üçün  xüsusi  sferaya 

aid,  yəni  fərdin  yalnız  özünü  maraqlandıran  məsələlər  ilə  ictimai  sferaya      aid  -  cəmiyyəti 

bütünlüklə maraqlandıran məsələlər arasında diskriminasiya lazımdır.  

Dünyanı öz baxış bucağından açıqlayıb, yalnız özünə güvən, şəxsi mənfəətlərini hər şeyin 

mərkəzinə  yerləşdirən  müasir  insanların  “ictimai”  məsələlərin  onların  məsələləri  olub-olmadığı 

da müzakirə edilməlidir. Xüsusi, ictimai sfera ayrı-seçkiliyinin özü ictimai məsələlərin fərdlərin 

məsələsi  olmadığı  eyhamını  daşıdığı  üçün  kapitalizm  fərdləri  ictimai  məsələləri  müzakirə, 

ictimai  sferada iştirak  etmə düşüncəsindən uzaqlaşdırır.  Lakin  informasiya cəmiyyətində siyasi 

proseslər və qərar qəbuletmə mexanizmlərindən uzaq olan vətəndaşlar İnternetin imkanları ilə bu 

proseslərin  fəal  iştirakçısına  çevrilir,  sosial-siyasi  proseslərə  təsir  etmək  fürsəti  qazanır,  yeni 

medianın yaratdığı yeni ictimai sferanın üzvləri həm də ictimai məsələlərin  müzakirəsində fəal 

olur. 

Beləliklə,  ictimai  sfera  individuallaşma  (fərdiləşmə)  və  sekulyarlaşma  (dünyəviləşmə) 



proseslərinin məhsulu olan müasir bir anlayışdır.  Bu sfera müxtəlif növ sosial qrupların qarışığı, 

qeyri-bərabər iştirakçılar arasında polemika, mübahisə, mühakimə və təcrübə məkanıdır, ictimai 

prosesdir.  Televiziya  və  radionun  bir  çox  diskussiya,  debat  proqramları,  intellektual,  əyləncə 

verlişləri  ictimai  sfera  yaratsa  da,  bu  sosial  məkan  məhdud  auditoriya,  iştirakçının  seçilməsi, 

davamsızlıq  ilə  xarakterizə  olunur.  Amma  yeni  medianın  yaratdığı  yeni  təcrübə  forması  bütün 

fərdlərə  bərabər  olaraq  azad  şəkildə  iştirak  etmək,  məkan  və  zaman  məhdudiyyəti  olmadan  öz 

bilik və təcrübələrini  bölüşmək imkanı verir. Bu mediada reallıq və fantaziya arasındakı sərhəd, 

demək  olar  ki,  tamamilə  silinir,  istənilən  cografi  məkana  qısa  vaxt  ərzində  səfər  etmək, 

hərəkətlilik, böyük bir kitabxana içində gəzişməyə bənzəyən səyahət, bu gündən keçmişə keçid, 

gələcəyin təxəyyül edilməsi kimi unikal xüsusiyyətlər  yeni ictimai sferanı müəyyən edir.  



Yeni media  ictimai sferanın  nəzəri forması kimi     

Media  kontekstində  ictimai  sfera  demokratik  şəxslərin  aktual  və  sosial  əhəmiyyətli 

hadisələr  haqqında  müzakirələri,  ictimai  fikrin  kollektiv  ifadəsinın    nəticəsi  olaraq  şərti  bir 

virtual  cəmiyyət  hesab  olunur.  İctimai  sfera  vətəndaş  cəmiyyətinin  mövcudluğu  üçün  mühüm 

şərtdir.  İctimai  sferası  inkişaf  etməmiş  vətəndaş  cəmiyyətlərində  siyasi  qərarların  qəbul 

edilməsində cəmiyyətin üzvləri iştirak etmir. Eyni əhəmiyyətli sosial inteqrasiya vasitəsi, sosial 

həmrəylik  formaları  və  sosial  fəaliyyət  tədbirləri  qismində  müzakirə  arenası  olması  ictimai 

sferanın  xüsusiyyətidir.  Qeyd  etmək  lazımdır  ki,  İnternet-media  çərçivəsində  ictimai  sferada 

elitar auditoriya kütlədən fərqlənmir, beləliklə də, vətəndaşların heç biri ictimai müzakirələrdən 

kənarda qalmır. 

J.Habermasın ictimai sferanın mahiyyətini əks etdirən və etikanın universal prinsipi kimi 

ədalət və həqiqət prinsipinə əasalanan nəzəri fikirləri bir çox alim tərəfindən tənqid olunmasına 

baxmayaraq,  İnternetin  inkişafının  müasir  mərhələsində  universal  etika  konsepsiyasının  əksər 

tələblərinin ödənildiyini deyə bilərik.  

Y.Habermasın  xarakterizə  etdiyi  ictimai  sfera  demokratik  radikal  əməliyyatların  zəmanət 

verdiyi,  bundan  əlavə,  gerçək  bir  bərabərlik  və  azadlıqla  şərtlənən  kommunikativ  rasionalizm 

vasitəsilə  yaradılmış  siyasi  sferadır  [14].  Bu  baxımdan,  yeni  medianın  kommunikativ 

rasionalizm  məzmununda demokratik ictimai  sfera  yaratma potensialının müzakirəsi  əhəmiyyət 

kəsb  edir.  Y.Habermas  müasirliyin  tamamlanmamış  bir  layihə  olduğunu  söyləyərək    müasir 

dövrdə təsvir edilən köhnə ideyaların aşkarlıq prinsipi ilə reallaşacağını irəli sürür. O, müasirliyi 




İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39  

 

 



       www.jpis.az                                                                      35 

 

səmərələşdirici  müddət  olaraq  görür  və  ictimai  sferanı  texniki  məsələlərin  sahəsinə  reduksiya 



edir. Yeni medianın hələlik kommunikativ rasionallığı, səmərəliliyi daha çox nəzarət mexanizmi 

funksiyası daşıyır. 

Fransız  filosofu  Jan  Fransua  Liotar  meta-povestlərin  sonunun  gəldiyi  və  hər  şeyin 

parçalandığı  postmodern  dünyada  mediasiyaya  əsaslanan  ictimai  sferanın  mümkünsüzlüyünü 

düşünərkən  Amerika  alimi  Devid  Harvey  “bütün  qrupların  öz  səsləriylə  danışma  və  bu  səsi 

qanuni  qəbul  etdirə  bilmə  haqqına  sahib  olmasının”  postmodernizm  üçün  təməl  bir  nöqtə 

olduğunu söyləyir [15,16]. 

Digər  amerikalı  alim  Duqlas  Kellner  informasiya-kommunikasiya  texnologiyalarının 

inkişafı  ilə  demokratiyanın  əlaqəsi  üzərində  dayanır,  yeni  texnologiyanın  və  demokratiyanın 

müdafiəçilərinin,  media  və  siyasətdən  təcrid  olunan  qrup  və  fərdlərin  adi  siyasi  müzakirələrin 

mövzusu  olmayan  fikirləri  yaymaq  və  ümumiyyətlə,  müxalifyönlü  müzakirə  və  dialoqlara 

qoşulmaq  imkanı  əldə  etdiyini  irəli  sürür  və  bu  baxışa  əsasən,  yeni  kommunikasiya 

texnologiyalarının demokratiyaya töhfə olduğunu göstərir [10]. 

Qloballaşma üzrə tanınmış Amerika tədqiqatçısı, sosioloq Saskiya Sassenə görə, “İnternet 

öz  transmilli  xarakteri  etibarilə,  bütün  səviyyələrdə  demokratik  iştirakın  təmin  olunması, 

vətəndaş  cəmiyyətinin  əsaslarının  möhkəmləndirilməsi,  siyasi  və  mülki  layihələrlə  dünyanın 

yeni  görünüşünün  formalaşdırılması  üçün  son  dərəcə  mühüm  vasitə  və  sferadır”  [17]. 

Y.Habermasa  müraciət  edən  görkəmli  ingilis  tədqiqatçısı  Frederik  Uebster  təsdiq  edir  ki,  XXI 

yüzilliyin  ictimai  sferasını  açıq  müzakirə,  hökumətin  tənqidi,  iqtisadi  maraqlardan  çıxış  edən 

şəxslərin  şəffaflığı və müstəqilliyi və dövlətə nəzarət  kimi xüsusiyyətlər şərtləndirir [18]. 

Beləliklə,  informasiya  cəmiyyətinin  əsas  konsepsiyası  olan  yeni  medianın  imkanları 

sayəsində  artıq  insanlar daimi  özünü ifadə  etmək hüququ qazanırlar, lakin  yaşanan bu vəziyyət 

fərdlərin, cəmiyyətin tam azadlığı anlamına gəlmir. Yeni media texnologiyaları, sosial şəbəkələr 

fərqli  və  hətta  zaman-zaman  sistemdən  təcrid  olan  qrupların  öz  səslərinin  eşidilməsinə, 

fikirlərinin  ifadəsinə  şərait  yaradır,  fərdlər  arasındakı  məkan  və  zaman  məhdudiyyətini  aradan 

qaldıraraq  yeni  media  formalarını  ictimai  platformaya  çevirir.  Y.Bodriyyar  qeyd  etdiyimiz 

ictimai platformanın hər hansı bir inqilab ya da azadlıq ortaya çıxaramayacağını, kütlələrə edilən 

çağırışın  hər  zaman  cavabsız  qalacağını  bildirir:  kütlələr  təmsil  edilə  bilmir,  fikirləri  nəzərə 

alınmayan fərdlərin yalnız  nə düşündükləri mövzusunda testlər edilir [5]. 2011-ci  ildən Tunis 

və  Misirdə  başlayıb  digər  ərəb  ölkələrində  davam  edən  qiyam  və  üsyanlar,  diktatorların  siyasi 

səhnədən  uzaqlaşdırılmasında  Facebook,  Twitter  və  Wikileaks  kimi  sosial  şəbəkələrin  rolu 

Y.Bodriyyarın nəzəri düşüncəsinin yalnış olduğunu göstərdi. Biz Y.Bodriyyarın fikirlərinin əksi 

olaraq,  Şimali  Afrikadan  başlayıb  Orta  Şərqə  yayılan  üsyanlara,  sosial  inqilablara  və  onların 

doğurduğu  demokratik  proseslərə  əsaslanaraq  hesab  edirik  ki,  yeni  media  informasiya-

kommunukasiya mühiti olmaqla yanaşı, demokratik məkan, ictimai platforma kimi cəmiyyətdə 

gedən sosial proseslərin real mənzərəsini yaradır, xalqın düşüncə və istəyini, hakimiyyətin hansı 

fəaliyyətlə  və  necə  məşğul  olduğunu  əks  etdirir,  eyni  zamanda,  siyasi  proseslər  və  qərar 

qəbuletmə  mexanizmlərindən  uzaq  olan  vətəndaşları  bu  proseslərin  fəal  iştirakçısına  çevirir  və 

dünyanın siyasi mənzərəsinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. 

Yeni medianın ictimai sfera yaratma imkanları 

İnformasiya-kommunikasiya  sisteminin  tamamilə  yeni  metod  və  vasitələrinin 

formalaşması sosial sferanın yeni strukturunu müəyyən edir. Yeni texnoloji və ideoloji İnternet 

paradiqmasına - Web 2.0-ə keçid və sosial şəbəkələrin ortaya çıxması, interaktiv ünsiyyət imkanı 

ilə  Y.Habermasın  vətəndaş  cəmiyyəti,  ictimai  sfera  konsepsiyası  aktuallaşdı.  Bu  səbəbdən, 

İnternet-medianın  imkanlarının  yeni  ictimai  sfera  yaratması  məsələləri  xüsusi  araşdırma  tələb 

edir. 

Qlobal  İnternet  şəbəkəsinin  mahiyyətin  əks  etdirən  mərkəzləşdirilmiş  rabitə  sistemi  



qarşılıqlı  əlaqənin  yeni  formalarını  yaradır,  istifadəçilər  arasında  münasibətlərin  yeni  növünü 


İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39 

 

36                                                                  www.jpis.az 



 

təqdim  edir,  vətəndaşlara  dövlətlərin  hüdudlarından  kənarda  dialoq  qurmaq  imkanı  verir.  Yeni 

medianı  ənənəvi  KİV-dən  ayıran    digər  mühüm  xüsusiyyəti  iri  həcmli  informasiyanı  ucuz 

qimətlə və ani olaraq böyük məsafələrə  yaymaq imkanıdır. 

Bu  gün  böyük  coğrafi  məkanları  birləşdirən,  uzaq  məsafələri  yaxın  edən  yeni  media 

texnologiyaları  əslində  məsafələri  artırmaqdadır.  Hadisə  nə  öz  xüsusi  məkanıyla,  nə  də  öz 

zamanıyla  məhdud  deyil,  çünki  hər  yerdə  yayımlana  və  dəfələrlə  təkrarlana  bilir.  Hadisənin 

özünün  onun  axtarışından  daha  əhəmiyyətsiz  hala  gəlməsindən  bəhs  edən  alman  alimi  Ernst 

Jünger göstərir ki, hadisə və hadisənin ötürülməsi arasındakı sərhədlərin tutqunluğu, təcrübənin 

zaman və məkan anlayışlarından qopması, bizim dünyaya baxan bir gözə çevrilməyimizə səbəb 

olmaqdadır  [6]. 

Ənənəvi  KİV-in  ideologiyasında  əyanilik,  mövcud  olmaq  anlayışı,  təsvir,  səs  və  görüntü 

ilə  şərtlənirdisə,  yeni  medianın  nəzəriyyəsində  mövcudluq,  varlıq  anlayışı  interaktivliyə 

əsaslanaraq, vizuallığa ekvivalent olur. İnteraktivlik xüsusiyyəti auditoriyanın mediada iştirakını 

və aktivliyini təmin edir, hadisələrə reaksiya vermək, münasibət bildirmək, şərh yazmaq, istinad 

göstərmək  imkanı  yaradır.  Televiziya  izləyicini  dünyada  baş  verən  hadisələrdən  xəbərdar 

edərkən, hadisələrin ard-arda düzüm məntiqi ilə proqramlaşdırılması, məlumatın subyekt-obyekt 

formatında  təqdim  edilməsi  insanı    passivləşdirir.  Yeni  media  isə,  qeyd  etdiyimiz  kimi, 

interaktivlik xüsusiyyəti sayəsində, sosial  forumlarda, distant təhsildə, onlayn oyunlarda iştirak 

edən  və    az  qala,  tamamilə  texnologiyaya  bağlı  olan  istifadəçinin  yerindən  durmadan  belə,  hər 

yerdə  və  hər  zaman  hərəkətdə  olduğunu  düşünməsinə  səbəb  olur.  Ənənəvi  media  auditoriyaya, 

əsasən, müşahidə etmək imkanı təqdim etdiyi halda, yeni medianın auditoriyası həm müşahidəçi, 

həm də iştirakçı funksiyasına sahib olur.  

Yeni medianın təməl perspektivi olan interaktivlik  onun arxasında dayanan ideologiyanı 

gizli saxlayır, gerçəkliyin dərk olunmasında simulyasiya funksiyası daşıyır. O, sadəcə məlumatı 

təqdim  etmir,  verilən  məlumatla  bağlı  saysız-hesabsız  şərhlərdə  informasiyanın  içərisindəki 

həqiqət, gerçəklik aydınlaşdırılır. 

Yeni  medianı  xarakterizə  edən  spesifik  xüsusiyyətləri  fərdə  müstəqillik  və  azadlıq  verir, 

lakin bu azadlıq, alman filosofu Herbert Marcusenin “məmnuniyyət provayderi azadlıqdır” [19] 

deyə  bəhs  etdiyi  formadadır;  İnternetdəki  məmnuniyyət  seçimi  istifadəçinin  özünəməxsus 

olduğu üçün azadlıq fikri yaranır. Lakin yeni mediada buradakı azadlıq mövcud olan, əvvəlcədən 

proqramlaşdırılmış  olanlar  arasından  istədiyini  seçmək  imkanı,  seçim  müstəqilliyidir.  Digər 

tərəfdən,  sosial  şəbəkələrdə  istifadəçinin  şəxsiyyətini  gizli  saxlaya  bilmək  imkanı,  yəni 

anonimlik ona fikir sərbəstliyi, ifadə  azadlığı  verir, beləliklə  də, öz fikirlərini  və  düşüncələrini, 

münasibət və mülahizələrini anonim və sərhədsiz şəkildə, heç bir senzura, qadağa olmadan ifadə 

edərək, azadlıq duyğusu yaşayır.  

Yeni medianın imkanları ictimai və xüsusi sferalar arasındakı sərhədləri qapalı, anlaşılmaz 

edir,  xüsusi  sferaya  aid  məsələlər  media  vasitəsi  ilə  ictimailəşir.  Hər  şeyi  qeyd  etmək, 

paylaşmaq,  yayınlamaq  imkanı  verən  cib  telefonları,  fərdlərin  özləri  ilə  bağlı  hər  cür  şəxsi 

məlumatı qeyd edən İnternet saytları, özəl və kollektiv bloqlar və FacebookTwitter kimi sosial 

şəbəkələr vizuallığın, mövcudluğun meyarı halına gəldiyi bu dünyada bir nümayiş etmək zövqü 

yaşanır.  Ənənəvi  KİV  auditoriyaya,  əsasən,  müşahidə  imkanı  verdiyi  halda,  yeni  media 

istifadəçilərinin müşahidə ilə bərabər, özünü təbliğ, nümayişetmə tələbatını təmin edir.  Bundan 

başqa,  bu  gün  artıq  xüsusi  sferalar  də  qlobal  İnternet  şəbəkəsinə  qoşularaq  media  vasitəsi  ilə 

ictimailəşir, sistemin tələblərinə uyğun fəaliyyətini formalaşdırır, fikir və düşüncələrini bölüşür. 

Sosial  media  qlobal  İnternet  mühitində  fərqli  insanların  bir-biriləri  ilə  qarşılaşdığı  bir  sahə 

olmaqla  yanaşı,  şəbəkə  istifadəçilərinin  fərdi  saytlar,  bloqlar  vasitəsilə  öz  şəxsiyyətlərini 

formalaşdırmalarına xidmət edir [20]. 

İKT-nin  inkişafı  ilə  qlobal  mühitdə  hər  şey  təsvirə  çevrilir.  Sosial  şəbəkələrin  bu  qədər 

populyar olmasının səbəblərindən biri də burada görünmək ehtiyacının ödənilməsidir. Çünki bu 




İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39  

 

 



       www.jpis.az                                                                      37 

 

gün  həqiqət  vizuallıqla  eyniyyət  təşkil  edir,  başqa  sözlə,  var  olmaq  təsvir  olunmaqdır.  Yeni 



medianın təsvir formasında hər kəs və hər şey əmtəə halına gəlmişdir.  

Sosial  medianın  ən  böyük  faydalarından  biri  çoxluğa  eyni  anda  istədiyini  çatdırmaqdır; 

artıq  iştirakçı  olmaq  üçün  fiziki  olaraq  bir  yerə  getməyə  ehtiyac  yoxdur.  İnternet  medianın  bu 

unikal  xüsusiyyəti    fərdləri  bir  ticari  və  mədəni  müstəvidə  birləşdirərək,  təsvir  və  müşahidə 

üzərində qurulan yeni ictimai sferanı formalaşdırır. 

Yeni  kommunikasiya  sistemi    rabitənin  müxtəlif  növlərinin  şəbəkə  inteqrasiyasına 

əsaslanır  və  özündə  fərdlər  üçün  mühüm  sosial  nəticələrə  yol  açan  bir  çox  mədəni  fenomeni 

ehtiva  edir.  Yeni  media  ənənəvi  qurumların,  xüsusilə,  dövlət  təşkilatlarının  gücünü,  tarixən 

təşəkkül tapmış, kodlaşdırılmış sosial təcrübədən (din, əxlaq, səlahiyyət, ənənəvi dəyərlər, siyasi 

ideologiya)  istifadə  olunan  idarəçiliyi  zəiflədir.  İnformasiya  cəmiyyətinin  üzvlərinin  bərabər 

şəkildə  məlumat  almaq  imkanı  bəzən  fərdlərin  iqtidara  qarşı  münasibətini  dəyişir,  hakim 

dairələrin  hərəkətlərinə  tənqidi  yanaşma  məcburiyyəti  yaradır.  Bununla  da,  informasiya 

cəmiyyətinin  yeni  kommunikasiya  rejimi  hakimiyyət-  cəmiyyət  münasibətlərində  monoloji 

formanın dağılmasına və ünsiyyətin dialoji formalarının yaradılmasına  yardım edən güclü amilə 

çevrilir. 

İnternet-media  istifadəçilərinə    mülki  vəzifələrin  və  aktual  sosial  problemlərin 

müzakirəsində iştirak baxımından bir sıra əhəmiyyətli üstünlüklər verir. Şəbəkədə ünsiyyət real 

vaxtda (onlayn), həm də gecikmə rejimində (offlayn) ismarıc almaqla yaradılır. Virtual məkanın 

ikinci əhəmiyyətli xüsusiyyəti ənənəvi KİV-lə müqayisədə informasiyanın əlyetərliliyi, məlumat 

qəbulunun nisbi rahatlığı hesab olunur. Bu iki üstünlüklə birlikdə iştirak azadlığı, məhdudiyyət 

olmadan  ünsiyyət  asanlığını  təmin  edən  nəzarətsiz  kommunikasiya  sahəsi  medianı,  sosial 

təcrübələr vasitəsilə vətəndaş hüquqlarını həyata keçirmək istəyən vətəndaşlar və müxalifət üçün 

ideal dislokasiya məkanına çevirir [25]. 

Müasir  kütləvi  informasiya  vasitələrinin  əsas  demokratik  funksiyaları  sosial  əhəmiyyətli 

informasiyanı  ictimailəşdirmək  və  vətəndaşlara  bu  informasiyanı  müzakirə  və  ifadə  imkanı 

verməkdən  ibarətdir. Lakin ənənəvi müxalifət KİV-i texniki baxımdan dialoq üçün şərait yarada 

bilmir.  Yeni  media  isə,  öz  növbəsində,  ictimai  ünsiyyət  və  dialoqa  əsaslanır.  Yeni  medianı 

şərtləndirən ictimai forumlar, bloqlar, onlayn qruplar və digər sosial şəbəkələr cəmiyyətin bütün 

təbəqələrinin  mediada  aktivliyini  təmin  edərək,  vətəndaş  jurnalistikasını  formalaşdırır.  Sosial 

mediada beynəlxalq münaqişələr, seçkilərin legitimliyi, dövlət büdcəsi xərclərinin uyğunluğu və 

digər  mühüm  mövzular  müzakirə  olunur,  fikir  mübadiləsi  aparılır.  Bu  müzakirələrin 

nəticələrindən  biri  kimi  qlobal  şəbəkədə  təşkilatlanan  yüz  minlərlə  insan  İraqdakı  hərbi 

əməliyyatlara  qarşı  etiraz  edib,  dünyanın  dörd  bir  yanında  aksiyalar  keçirdi.  Şimali  Afrikadan 

başlayaraq  Orta  Şərqə  yayılan  demokratik  inqilablarda  da,  vətəndaş  jurnalistikasının  gücü 

danılmaz  fakta  çevrildi,  yeni  medianın,  sözün  əsl  mənasında,  IV  hakimiyyət  statusunu, 

cəmiyyətlə iqtidar, xalqla dövlət arasında məlumatlandırma və aşkarlığı təmin etmə funksiyasını 

yerinə yetirdiyini sübut etdi. 

Bu  gün  sosial  mediada  iştirak  edənlərin  bir  çox  hallarda  şəxsiyyəti  ilə  eyniyyət  təşkil 

etməməsi,  sistemin  istifadəsinin  gizli  olması,  mediada  əyləncə  materialların  üstünlük  təşkil 

etməsi  sosial  media  və  İKT-nin  yaratdığı  xüsusi  sferaya  bağlanma,  özünə  qapanma,  İnternet 

asılılığı kimi təhlükələrinin olması kontekstində yeni medianın ictimai sfera yaratma imkanlarını  

məhdudlaşdırır.  



Nəticə 

XX  əsrdə  J.Habermas  tərəfindən  termin  və  konseptual  nəzəriyyə  şəklində  irəli  sürülən 

“ictimai sfera”, informasiya cəmiyyətində yeni medianın nəzəri formasına əsaslanan, vətəndaşlar 

arasında informasiya-kommunikasiya tələbatının təmin olunduğu, fikir və təcrübənin paylaşıldığı 

sosial, iqtisadi, siyasi fəaliyyət və əməkdaşlıq sferası, mərkəzləşdirilmiş, azad və  ayrı-seçkiliyə 

yol  verilməyən  media  məkanı  kimi  təqdim  edilir.  Yeni  media  fərdin  xüsusi  sferaya  tamamilə 




İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39 

 

38                                                                  www.jpis.az 



 

qapanmasına və real həyatda təkliyinə xidmət etməklə yanaşı, ona  bir birliyin üzvü, bir icmanın 

nümayəndəsi, sosial bir sferanın tərkib hissəsi olmaq  imkanı verir. Bu medianın nəzəri forması 

hər kəsə açıq və əlyetərli, sərhədsiz və keçidli, vaxtsız və məkansız bir dünya yaradır. 

Ənənəvi  KİV-lə  müqayisədə  bir  çox  əhəmiyyətli  fərqliliklərə  malik  olan  yeni  medianın 

nəzəri  forması,  texnoloji  və  ideoloji  İnternet  paradiqmasına  -  Web  2.0-ə  keçid  və  sosial 

şəbəkələrin ortaya çıxması istifadəçini bu medianın bir hissəsinə çevirir, interaktivlik xüsusiyyəti 

təməlindəki  ideologiyanı  müvəffəqiyyətli  şəkildə  gizlədir,  mövcud  olan  məxfilik,  gizlilik  və 

anonimlik  ictimai  sfera  anlayışını  şərtləndirən  hərəkət  və  təcrübə  məkanı  olmaq  imkanını 

daraldır.  Buna  baxmayaraq,  yeni  media  informasiyanın  hazırlamnası,  ötürülməsi  və  yayılması 

vasitəsi,  fərdlərin  və  qrupların  kommunikasiya  tələbatının  ödənilməsinə  xidmət  edən  qlobal 

sosial-kommunikativ mühit olmaqla yanaşı, insanlar arasında qarşılıqlı fəaliyyətin əks olunduğu 

təcrübə və əməkdaşlıq platformasına çevrilir.  

Baxılan problemin araşdırılması, elmi-nəzəri fikirlərin, materialların təhlili əsasında alınan 

nəticə  göstərir  ki,  yeni  medianın  şəbəkə  strukturu,  dövlət  tərəfindən  nəzarətin  olmaması, 

informasiyanın  əldə  olunmasında,  ötürülməsində  və  paylanmasında  analoqu  olmayan  rahatlıq 

imkanları,  zaman  və  məkan  sərhədsizliyi  konsepsiyaları,  mərkəzləşdirmə,  interaktivlik,  onlayn 

rejim və digər spesifik xüsusiyyətləri sayəsində ictimai sferanın yeni, unikal modeli formalaşır.  

 

Ədəbiyyat: 

1.

 



Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnternet  fenomeninə  çoxaspektli  baxış.  Ekspress-

informasiya, Bakı, “İnformasiya Texnologiyaları”, 2010, 96 s. 

2.

 

Manovic L. The Language of New Media, Massachusetts: MIT Press, 2001, 68 p. 



3.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnternet  medianın  meydana  gəlməsi  və  inkişafı:  əsas 



istiqamətlər  və  xüsusiyyətlər,  Ekspress-informasiya,  Bakı,  “İnformasiya  Texnologiyaları”, 

2012, 58 s. 

4.

 

Машкова С.Г., Интернет-журналистика: Учебное пособие, Тамбов, 2006, 80 c. 



5.

 

Baudrillard J. Sessiz Yığınların Gölgesinde Toplumsalın Sonu, Üçüncü Baskı, Ankara: Doğu 



Batı Yayınları, 2006, 88 s. 

6.

 



Хабермас Ю. Структурная трансформация публичной сферы, М., 1989, 276 c. 

7.

 



Трахтенберг А.Д. Интернет и возрождение «публичной сферы» // Научный ежегодник 

Института философии и права УрО РАН. Екатеринбург, 2007, № 7,    c. 224-230. 

8.

 

Habermas J. Moral Consciousness and Communicative Action, Cambridge. Mass. 1990, 122 p. 



9.

 

А.Семенов.  Гражданское  общество  и  публичная  сфера.  Электронный  ресурс.  



Перепечатка  с  сайта  Московской  школы  политических  исследований,    http://msps.su. 

http://www.civisbook.ru /files/File/ Semenov_56.pdf, c. 83-90 

10.

 

Özbek M. Kamusal Alan. İstanbul: Hil Yayınları.2004, s.141-150. 



11.

 

Keskin F. Kamusal Alan ve Yalın Yaşam, Ankara: Doğu Batı Yayınları, 1998, 106 s. 



12.

 

Çaha,  Ö.  İdeolojik  Kamusalın  Sivil  Kamusala  Dönüşümü  //  Doğu  Batı  Düşünce  Dergisi, 



2004, Sayı: 5, s. 74-95. 

13.


 

Gönül E.Ö. Bir görme biçimi olaraq yeni medya: kamusal bir alan imkanının araştırılması // 

Journal of  Yasar University, 2012, sayı 26(7), s. 4526 – 4547. 

14.


 

Harvey D. Conditionof postmodernity, First published, 1990, 379 p. 

15.

 

Lyotard J.F. The Postmodern Condition, http://eepat.net/doku. 



php?id=lyotard_and_philosophy_of_education 

16.


 

Sassen  S.  On  the  Internet  and  Sovereignty  //  Global  Legal  Studies  Journal,  1998,  vol.  5, 

No 2, p. 545-559. 

17.


 

Уэбстер Ф. Теории информационного общества, М., 2004, 400 с. 

18.

 

Habermas J. The Structural Transformation of the Public Spherepages, First MIT Press 



paperback edition, 1991, 149 p.  


İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39  

 

 



       www.jpis.az                                                                      39 

 

19.



 

Маркузе Г. Одномерный человек. Исследование идеологии развитого индустриального 

общества / Пер. с англ., M., «REFL-book», 1998, 368 с. 

20.


 

Boyd  D.,  Ellison  N. Social Network Sites:  Definition  History and Scholarship //  Journal  of 

Computer-Mediated Communication, 2007, 13(1), pp. 210-230. 

 

УДК 316.77 



Мамедова Лейла Р. 

Бакинский Государственный Университет, Баку, Азербайджан  

leylarashid@mail.ru 

Новые медиа как фактор создания новой модели публичной сферы 

Рассматривается  процесс  формирования    новой  публичной  сферы  в  контексте  новых 

медиа. Объясняются уникальные особенности, концепции и возможности новых медиа в 

создании  общественной  сферы  в  информационном  обществе.  Даются  общая 

характеристика  содержания  понятия  “публичная  сфера”  и  его  историко-философский 

базис. Анализируются современное состояние публичной сферы и его специфика, новые 

медиа,  представлена  новая  теоретическая  модель  публичной  сферы.  Раскрывается  роль 

публичной сферы в решении важных задач социума как развитие института гражданского 

диалога  и  формирование  социальной  солидарности.  В  статье  обосновывается 

формирование  новой  публичной  сферы  в  рамках  новых  медиа  благодаря  следующим 

свойствам  сети  Интернет:  децентрализации,  интерактивности,  сетевой  структуре, 

неподконтрольности  государству,  а  также  беспрецедентной  легкости  и  отсутствия 

пространственно-временных  границ  при  получении,  передаче  и  распространении 

информации. 



Ключевые  слова:  новые  медиа,  публичная  сфера,  информационное  общество

гражданское общество, социальные медиа, свобода выражения мнений. 

 

Leyla R. Mammadova  

Baku State University, Baku, Azerbaijan 

leylarashid@mail.ru 

New media as a factor in creating a new model of public services 

The  process  of  formation  of  a  new  public  sphere  in  the  context  of  new  media  is  researched. 

Democratic and collective intercourse platform in Internet society, capabilities of new media in 

the  creation  of  the  public  sphere,  its  unique  cheracteristics  and  concepts  are  dicussed.  The 

general characteristic of the concept of "public domain" and its historical and philosophical basis 

are provided.The current state of the public sphere and its specificity are analyzed, the role of the 

public sphere in solving important problems of society, development of civil dialogue and social 

solidarity  are  researched.The  article  justifies  the  formation  of  a  new  public  sphere  in  the  new 

media  through  the  following  properties  on  the  Internet:  decentralized,  interactive,  network 

structure beyond government control, and unparalleled comfortand lack of spatial and temporal 



boundaries in the preparation, transmission and rasprosranenie information. 

Keywords: new media, the public sphere, the information society, civil society, social media, 

freedom of expression. 

Yüklə 124,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə