İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 35
UOT 338:04
Əliquliyev R.M.
1
, Mahmudov R.Ş.
2
1,2
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
1
secretary@iit.ab.az,
2
rasimmahmudov@gmail.com
İNTERNET CƏMİYYƏTİN İNKİŞAFININ HƏRƏKƏTVERİCİ QÜVVƏSİ KİMİ
Məqalədə İnternetin müasir cəmiyyətdə yaratdığı yeni reallıqlar, qlobal və virtual münasibətlər
analiz edilir. İnternetin təsiri ilə insan fəaliyyətinin bütün sahələrində baş verən keyfiyyət
dəyişiklikləri, yaranan imkanlar şərh olunur. Həmçinin İnternetin perspektiv inkişaf istiqamətləri
və mövcud təhlükələri göstərilir.
Açar sözlər: qloballaşma, virtuallaşma, İnternet iqtisadiyyatı, virtual əmək münasibətləri,
kosmik İnternet, biometrik İnternet, Əşyaların İnterneti, İnternet asılılığı, İnternet cinayətkarlığı.
Giriş
Ötən əsrin 40-cı illərində kompüterlərin, 60-cı illərində kommunikasiya və kompüter
texnologiyalarının konvergensiyası nəticəsində İnternetin əsası qoyuldu. İnternet şəbəkəsini
yaratmaq ideyası görkəmli Amerika alimi C.Liklayderin adı ilə bağlıdır. O, 1962-ci ildə yazdığı
“Qalaktika Şəbəkəsi” konsepsiyasında bir-birləri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdən ibarət
qlobal şəbəkə yaratmaq ideyasını irəli sürürdü. Müəllif bu şəbəkə vasitəsilə hər kəsin istənilən
kompüterdə olan verilənlərə və proqramlara ani giriş əldə etməsinin mümkünlüyünü göstərirdi.
Öz mahiyyətinə görə, həmin konsepsiya müasir İnternetin missiyasına çox yaxın idi. Məhz bu
xidmətlərinə görə C.Liklayderi haqlı olaraq “İnternetin atası” adlandırırlar [1].
Bu konvergensiya informasiyanın məkan üzrə yayılmasını daha da yüksək sürətlə təmin
etməklə, onun yadda saxlanılmasını həyata keçirməklə zaman problemini də həll etdi. İKT
inkişaf etdikcə bu imkanlar daha da yüksək sürətlə artmağa başladı. Artıq zaman və məkan
məhdudiyyətlərindən xilas olan hər cür informasiya İnternetə daxil edilir, hamı bu resurslardan
istifadə edir. Bunun nəticəsində İnternet ümumdünya informasiya anbarına (yaddaşına) çevrilir.
İnternet bəşəriyyətin sənaye cəmiyyəti mərhələsindən informasiya cəmiyyəti mərhələsinə
keçidinin əsasını qoydu. Minilliyin ideologiyası olan informasiya cəmiyyətinin əsas vəzifəsi
yaşından, dinindən, dilindən, irqindən, məkandan və zamandan asılı olmadan bütün insanların
informasiya tələbatını ödəmək, onların arasında sosial kommunikasiya mühiti yaratmaq, bilik və
düşüncələrini ictimaiyyətə çatdırmaqdır. İnformasiya cəmiyyətinin qarşısında duran bu vəzifələri
həyata keçirməklə insanlar min illərdən bəri miras qalmış qlobal sosial-iqtisadi və mənəvi
problemlərin – yoxsulluğun, səfalətin, savadsızlığın aradan qaldırılması, sağlamlığın qorunması,
demokratiyanın inkişafı, insan haqlarının və digər bəşəri dəyərlərin təmin olunması üçün fövqəl
və fenomenal imkanlara malik bir vasitəyə nail olacaqlar.
İnformasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən biri, görkəmli Amerika sosioloqu
E.Toffler “Üçüncü dalğa” əsərində sivilizasiyanın inkişafına təsir edən inqilabi dəyişikliklərin
istiqamətlərini təhlil edir. O, cəmiyyətin inkişaf mərhələlərini 3 dalğaya bölür – aqrar cəmiyyət,
sənaye cəmiyyəti və informasiya cəmiyyəti. E.Toffler informasiya cəmiyyəti şəraitində
informasiya və bilik mübadiləsinin rolunun artdığını, ənənəvi istehsal amillərinin – əmək, torpaq,
xammal və kapitalın əhəmiyyətinin azaldığını, ənənəvi pulların əvəzinə elektron informasiyanın
əsas mübadilə vasitəsinə çevriləcəyini, əmtəə və xidmət standartlarının əks olunduğu
informasiya uğrunda müharibələrin baş verəcəyini qeyd edir [2].
İnternet texnoloji yenilik kimi meydana gəlsə də, sivilizasiyanın tarixi boyu formalaşmış
informasiya dünyasının daxilində “zəlzələ” yaratdı. Bu qlobal şəbəkənin yaratdığı geniş imkanlar
insanların düşüncə tərzində, ünsiyyətində, fəaliyyətində və sosial münasibətlərində böyük
dəyişikliklərə səbəb olur.
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
36 www.jpis.az
2015-ci ilin sonuna olan məlumata görə, dünyada 3,3 milyard İnternet istifadəçisi (dünya
əhlisinin sayı 7,2 milyard nəfər təşkil edir) mövcuddur. Əgər 2005-ci ildə bütün dünyada ev
təsərrüfatlarının cəmi 18%-i üçün İnternet əlyetərli idisə, 2015-ci ildə bu göstərici 46% olub [3].
İnternet texnologiyaları çox yüksək sürətlə inkişaf edir və böyük perspektivlər vəd edir. Bu
inkişaf prosesi bir çox hallarda proqnoza yatımlı olmur. Yəni İnternet inkişafını, perspektivlərini,
təsirlərini, təhlükələrini dəqiq proqnozlaşdırmaq mümkün olmayan bir fenomendir. İnternetin
cəmiyyət həyatına bəxş etdiyi bir mütərəqqi yenilik özü ilə birlikdə müəyyən problemlər də
gətirir. Bəşəriyyət İnternetin müsbət təsirlərindən faydalanmaqla yanaşı, onun mənfi
təsirlərindən qorunmaq məcburiyyətindədir.
İnternetin imkanları
İnternet və qloballaşma. İnternetin təsiri ilə dünyada qloballaşma prosesi daha da
sürətlənir. Bu rəqəmsal texnologiya nəhəng informasiya, bilik potensialını özündə əks etdirir,
bəşəriyyətin milli-mədəni sərhədləri aşaraq, vahid qlobal cəmiyyətdə birləşməsinə gətirib çıxarır.
Qlobal İnternet şəbəkəsinin yaratdığı geniş imkanlar insanların düşüncə tərzində, iş üsulunda,
ünsiyyətində və sosial fəaliyyətində böyük dəyişikliklərə səbəb olur. Ötən əsrin ikinci yarısında
qloballaşmada əsas rol oynayan radio, televiziya ölkədaxili, dil, mədəni, folklor və s. fərqliliyi
qismən aradan qaldırmışdısa, İnternet bu fərqliliyə tamamilə son qoymaq üzrədir [4].
İnternet həmçinin sivilizasiyanın tarixi boyu yaranmış informasiyanın asimmetrik
paylanması problemlərinin həlli üçün yeni imkanlar açır, ölkələr, xalqlararası pərdələr, sərhədlər
aradan qalxır. Kommunikasiyaların zəif olduğu dövrlərdə dünyanın müxtəlif regionları,
dövlətləri, xalqları arasında informasiya, bilik mübadiləsi prosesi çox ləng gedirdi. Ona görə də
dünya ölkələri arasında informasiya asimmetriyasına əsaslanan fərqliliklər qabarıq şəkildə özünü
göstərirdi. Amma bu gün müasir İKT-nin, o cümlədən İnternetin yaratdığı imkanlar hesabına
ölkələr, insanlar arasındakı informasiya, bilik mübadiləsi imkanları genişlənir.
İnternet dəqiq çevrəsi cızılmış sosial, mədəni, fiziki və funksional xüsusiyyətli məkanları
bir-birləri ilə uzlaşdırır. Qlobal şəbəkə günbəgün yüksək sürətlə genişlənir və getdikcə daha çox
sahələrə tətbiq olunmağa başlayır. İnternet ayrıca bir dövlətdən çıxaraq dünya ictimaiyyətinə
daxil olur və ona görə də bir ölkədə baş verənlər qlobal miqyasda əks olunur.
Qloballaşmanın inkişafı ilə İnternet müxtəlif dəyişikliklərə məruz qalır və yeni mövcudluq
formaları əldə edir, böhranlara və sosial sarsıntılara adaptasiya mexanizmləri hazırlayır. İnternet,
hər şeydən əvvəl, ümumdünya informasiya məkanını formalaşdırır və qloballaşmanın texniki-
sosial əsasını təşkil edir. Hazırda qloballaşmaya informasiya texnologiyalarının, o cümlədən
İnternetin cəmiyyətin müxtəlif sferalarına artan təsiri hesabına inkişaf edən bir proses kimi
baxmaq lazımdır. Bu sferaların dəyişməsi, yenilənməsi nəticəsində baş verən qloballaşma
prosesi insanların yeni həyat tərzinin formalaşmasına və öz sərhədlərini sürətlə
genişləndirməsinə gətirib çıxarır.
Qloballaşma tendensiyası cəmiyyətin sosial-siyasi sferasına dərindən nüfuz edir. Müasir
İnternet-kommunikasiya vasitələrinin inkişafı ilə fərdi həyat tərzi seçmək azadlığı üçün əlverişli
şərait yaranır. İnsan heç kimdən, heç nədən asılı olmayaraq öz ideyalarını yaymaq, həmfikirlər
tapmaq imkanı qazanır.
İnternet və virtuallaşma. İnternetin təsiri ilə yaranan virtuallığın mahiyyəti odur ki,
insanlar real fiziki obyektlərlə deyil, onların obrazları, simvolları ilə qarşılıqlı əlaqədə olurlar.
Virtuallaşma
sənaye
cəmiyyətinin
transformasiyası
və
informasiya
cəmiyyətinin
formalaşmasının əsas faktorlarından biri kimi insan fəaliyyəti növlərinin transformasiyası və
virtual mühitə keçməsi ilə müşayiət olunur.
İnternetin təsiri ilə dünyada real varlıqların virtual “əkizləri” meydana gəlir: ənənəvi təhsil
elektron təhsillə, ənənəvi elm elektron elmlə, vətəndaş elektron vətəndaşla, ənənəvi dövlət
elektron dövlətlə, ənənəvi kommersiya elektron kommersiya ilə və s. əvəz olunur. Beləliklə,
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 37
dünya bu “əkizlərin” vəhdəti nəticəsində bütövləşir, keçmişdən miras qalan natamamlıqlar
(problemlər) aradan qalxır.
Qloballaşma prosesində virtual reallıq – hadisə və proseslərin virtual idarə edilməsi
əhəmiyyətli rol oynayır. Virtual reallıq aləmində informasiya axınlarını dəyişmək, kombinasiya
etmək və yenilərini generasiya etmək imkanı yaranır. Virtual reallıq müasir cəmiyyətin bir çox
faktor və tendensiyalarını izah etməyə qadir olan sosioloji modelə çevrilir. İnternetin təsiri ilə
qloballaşmanın özü virtuallaşır.
İnternetin təsiri ilə insanlar arasında ənənəvi qarşılıqlı əlaqə formaları dəyişir, nəticədə
virtual məkanın iştirakçıları arasında üfüqi əlaqələr meydana gəlir. E.Toffler “Adaptiv
korporasiya” əsərində bu tendensiyaya işarə edərək yazır ki, bu proseslərin təsiri ilə
“supersənaye” cəmiyyəti tipi yaranır və ənənəvi təşkilat tipləri öz effektivliyini itirir [5].
İnsan virtual cəmiyyətdə sosial strukturların sürətli dəyişmə tendensiyasına uyğunlaşmağı
bacarmalıdır. İnternetin təsiri ilə insanlar getdikcə daha çox virtual reallığa “miqrasiya edirlər”.
Bu da onların dünyagörüşünə, davranışlarına, həyat tərzinə ciddi təsir göstərir.
Virtuallaşma həm də insanların sərbəst yaradıcılıq imkanlarını reallaşdırmaq üçün əldə
etdikləri yeni kommunikasiya formalarını özündə əks etdirir. Bunun nəticəsində insan özünü
sosial varlıq kimi təcəssüm etdirir. Beləliklə, virtual cəmiyyət fiziki cəmiyyətin alternativi kimi
çıxış edir. Burada insan öz fəaliyyətində sərbəstdir.
Bütövlükdə, İnternetin yaratdığı virtuallığın üç əsas əlamətini fərqləndirmək olar [6]:
təsirlərin qeyri-maddiliyi (təsvir edilənlər maddiliyə xas olan effekt verir);
parametrlərin şərtiliyi (obyektlər sünidir və dəyişkəndir);
müvəqqətilik (giriş-çıxış sərbəstliyi dayandırma və mövcudluğun bərpa edilməsi
imkanlarını təmin edir).
İnternet və iqtisadiyyat. İnternetin iqtisadi sahəyə də təsiri olduqca böyükdür. Bu təsir
nəticəsində dünyanın ənənəvi iqtisadi-maliyyə sistemi ciddi dəyişikliklərə məruz qalır, regional
və qlobal miqyaslı böhranlar yaranır, ölkələrin iqtisadi təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıqlar
yaranır. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyat formalaşır.
İnternetin meydana gəlməsi ilə E.Tofflerin vaxtilə söylədiyi “kütləvi standartlaşdırılmış
istehsal informatika və supertexnologiyaların tətbiq edildiyi intellektual fəaliyyətə əsaslanan
yeni fərdiləşdirilmiş əmək sistemi ilə əvəz olunacaq” fikri özünü doğrultmağa başlayır [2]. O,
qeyd edirdi ki, iqtisadiyyatda iri korporasiyaların hökmranlığının əvəzinə fərdi və qrup şəklində
yaradıcı fəaliyyətin hər yerə yayılması və onun nəticələrinin İnternet vasitəsilə rasional
mübadiləsi baş verəcək. Doğrudan da, sosial münasibətlərin bu cür qurulması daha rasional,
ekvivalent sosial mübadilə imkanının təmin olunmasına şərait yaradır. Mübadilə strukturu nə
qədər sadə olarsa, istehsalçılar arasında münasibətlər bir o qədər aydın və şəffaf, habelə
istehsalçıdan son istifadəçiyə qədər məsafə bir o qədər qısa olar. Bu zaman artıq ənənəvi ticarət
vasitəçilərinə (brokerlərə, maklerlərə) ehtiyac qalmır, bu funksiyanı İnternet öz üzərinə götürür.
Öz növbəsində, sosial təşkilat nə qədər böyük və mürəkkəb olarsa, o, obyektiv analiz üçün bir o
qədər çətindir. Bu situasiya həm də manipulyasiya üçün şərait yaradır.
İnternet iqtisadiyyatında şəxsi kompüter əsas istehsal alətinə, şəxsi sayt isə istehsal edilən
intellektual məhsulun reallaşdırılması vasitəsinə çevrilir. Təbii ki, bu cür iqtisadiyyatda peşəkar
fəaliyyətlə bağlı olmayan, sosial dividentlər əldə etməyə yönələn özəl sahibkarlığa (manipulyativ
fəaliyyət sahəsi kimi) yer olmayacaq.
İnternet və kommersiya. İnternet, kompüter sənaye cəmiyyətinin bir sıra mühüm
atributlarını, o cümlədən kinoteatrları, kitab mağazalarını, ənənəvi ticarət, kommunikasiya
sistemlərini aradan qaldırır. Xüsusən, elektron kommersiyanın inkişafı və hərtərəfli istifadəsi
nəticəsində şəhərlərin simasının əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Elektron
kommersiya mühitində adi kənd mağazası belə məhdud çərçivədən çıxaraq, artıq bir yaşayış
məntəqəsinin ehtiyaclarını ödəmə vasitəsinə deyil, qlobal bir mağazaya çevrilir. Çünki dünyanın
istənilən nöqtəsindən həmin mağazanın veb-saytına daxil olmaqla təklif edilən məhsullarla tanış
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
38 www.jpis.az
olmaq və əldə etmək mümkün olur. Həmçinin virtual mağazanın bağlanması anlayışı yoxdur. 24
saat ərzində günün istənilən vaxtında həmin mağaza alıcının xidmətində dayanır [1].
Elektron kommersiyanın meydana çıxması bəşəriyyətin indiyə qədər qarşısında duran ciddi
problemlərdən birinin həllinə kömək edir. Bu, bazarlarda informasiya asimmetriyası problemidir.
Yəni satıcı məhsulunun kimə satılması barədə əvvəlcədən məlumata malik olmadığı kimi, alıcı
da konkret olaraq kimdən məhsulu alacağı barədə məlumatsızlıq problemi ilə üzləşir. Belə
ki, informasiya balansının pozulması həmişə kommersiya münasibətlərinin əsas özəyini təşkil
edib. Elektron kommersiya isə informasiyanın asimmetrikliyini simmetrikliyə doğru aparıb
çıxarır ki, bunun nəticəsində də satıcı ilə alıcı arasında informasiya bolluğu yaradılır.
Bu gün artıq elektron kommersiya istənilən dövlətin iqtisadiyyatının ayrılmaz hissəsinə
çevrilib. Cəmi bir neçə il bundan əvvəl insanlar İnternet vasitəsi ilə alış-veriş etməkdən ehtiyat
edirdilərsə, bu gün artıq, heç olmasa, bir dəfə elektron kommersiya əməliyyatı aparmayan insanı
tapmaq çətin məsələdir. Elektron kommersiya əməliyyatlarının sayı hazırda çox yüksək templə
artmaqda və dünya iqtisadiyyatına getdikcə daha güclü şəkildə təsir göstərməkdədir. Hazırda
elektron kommersiyanın artım tempi, bütövlükdə, ticarətin artım tempindən xeyli yüksəkdir [7].
İnternet və əmək münasibətləri. Kompüterin, İnternetin meydana gəlməsi insanlar
arasındakı ənənəvi münasibətlərin əvəzinə virtual münasibətlər gətirir, intellektual əməyi ön
plana çıxarır. İnformasiyanın təsiri ilə bütün bazar növləri, o cümlədən əmək bazarı
transformasiyaya uğrayır. Bunun nəticəsində ictimai əmək bölgüsündə, məşğulluq və peşə
strukturunda, əməyin xarakterində, işəgötürən-işçi münasibətlərində prinsipial dəyişikliklər,
yeniliklər meydana gəlir, əməyin informasiya tutumunun artması müşahidə olunur.
Virtual əmək münasibətləri şəraitində insanlar təkcə öz vəzifələrini deyil, həm də şəxsi
maraqları nəzərə almaqla fəaliyyətlərini təşkil edə bilərlər. Əgər insan hər gün işə getmək
zərurətini aradan qaldırarsa və istənilən yerdə işləmək imkanı qazanarsa, onda onun üçün daha
rahat olan yaşayış yerini seçə bilər. Avropanın bəzi regionlarında artıq 200 ildən bəri davam
edən kəndlilərin şəhərlərə axışması prosesini zəiflədib və hətta hələ zəif də olsa, kəndə qayıtma
tendensiyası müşahidə olunmaqdadır. Məhz bu fakta əsaslanaraq, artıq şəhər sivilizasiyasının
dağılması prosesinin başlandığı barədə də fikirlər səslənməkdədir [8].
İnternet və dövlət idarəçiliyi. İnternet mühitində dövlətin idarə olunmasının xarakteri,
təbiəti dəyişir. Elektron dövlətin yaradılması hakimiyyət strukturları tərəfindən əhaliyə və biznes
sektoruna göstərilən xidmətlərin optimallaşdırılması, bütün vətəndaşların ölkənin idarə edilməsi
prosesində iştirakı, habelə dövlət idarəetməsinin şəffaflığı, dövlət orqanlarının vətəndaşlar
qarşısında hesabatlılığı ilə əlaqədardır. Bu yeni idarəetmə konsepsiyasının mahiyyəti odur ki,
onun tətbiqi nəticəsində idarəetmə faəliyyəti daha yumşaq, daha yaxşı strukturlaşdırılmış,
məhdud normativlidir, idarəetmə şaquli deyil, üfüqi əlaqələrə əsaslanır.
İnternet və elmi fəaliyyət. İnternet fundamental elmi tədqiqat sahələrinə də bir yenilik,
dinamizm gətirir. Nəticədə ənənəvi elm elekron elm konsepsiyası ilə əvəz olunur.
Elektron elm - elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya-
kommunikasiya infrastrukturuna malik, yüksəksürətli İnternet şəbəkəsi ilə elmi-texniki
informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini
həyata keçirən konsepsiyadır [9].
Elmi fəaliyyət zamanı çoxlu sayda məlumatları əldə etmək, yadda saxlamaq, emal etmək
(yəni hesablamaq, məntiqi nəticə çıxarmaq, mülahizə irəli sürmək, analiz və sintez etmək,
dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə,
çap etmək, vizuallaşdırmaq, ötürmək və s. tələb olunur. Bütün bunları yerinə yetirmək üçün
İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır. İnternetin sayəsində [1]:
elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür;
ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır;
elektron elmi kitabxanalar şəbəkəsi yaradılır;
müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 39
Beləliklə, e-tarix, e-arxeologiya, e-coğrafiya, e-tibb, e-astronomiya və s. meydana çıxır.
İnsanların yaddaş və emal imkanları məhdud olduğuna görə məkan və zaman parametrləri üzrə
aparılan ənənəvi tarixi araşdırmalar çox mürəkkəbdir və böyük zəhmət tələb edir. Lakin e-tarixdə
bütün məlumatlar kompyuterin elektron yaddaşına daxil edilir, məkan və zaman məhdudiyyəti
olmadan emala verilmiş xüsusi araşdırma alqoritmi ilə kompyuter tərəfindən tarixi ziddiyyətlər,
qeyri-dəqiq məlumatlar aşkarlanır, tarixi faktlar dəqiqləşdirilir, həqiqətlər üzə çıxarılır.
İnternet və təhsil. İnternet təhsili müəllimin ənənəvi rolunu da dəyişir. Artıq müəllim
yeganə informasiya, bilik mənbəyi kimi çıxış etmir. Bu funksiyanın bir hissəsini İnternet öz
üzərinə götürərək, müəllimin həmin sahədəki inhisarçılığına son qoyur. Müəllim tədris
prosesində texnoloq, konsultant, koordinator rolunu oynamağa başlayır. İnternetin tədris
prosesində effektli istifadəsi üçün müəllimlərdən elektron poçt, onlayn-ünsiyyət, informasiya
axtarış sistemləri ilə işləmək, İnternetdə informasiyanı yerləşdirmək, veb-layihələndirmə və veb-
dizayn texnologiyalarından istifadə kimi biliklər tələb olunur [10].
İnternet texnologiyaları təhsili hamı üçün əlyetərli edir. Yəni fiziki və sosial imkanları
məhdud
olan
insanlar
ənənəvi təhsil sistemindən bəhrələnə bilmirdilər. İnternet
texnologiyalarının imkanlarına əsaslanan distant təhsil konsepsiyası isə bu problemi aradan
qaldırır. Məsələn, sağlamlıq vəziyyəti məhdud olan, yaxud təhsil müəssisələrindən uzaqda
yaşayan və ya işləyən, ictimai yerlərdə olmaları məhdudlaşdırılan, yaxud əqidələri buna imkan
verməyən insanlar distant təhsilin imkanlarından istifadə edirlər.
İnternet və tibb. İnternet artıq səhiyyə sisteminə, tibb sahəsinə də geniş şəkildə nüfuz
etməkdədir. Səhiyyə sisteminin informasiyalaşdırılmasında, tibbi problemlərin həllində
İnternetin imkanlarından geniş istifadə edilməsi informasiya cəmiyyəti quruculuğunun mühüm
istiqamətlərindən biri kimi çıxış edir. O cümlədən vətəndaşların sağlamlığı haqqında məlumat
sisteminin yaradılması, GIS-texnologiyaların köməyi ilə xəstəliklərin coğrafiyasının
müəyyənləşdirilməsi, monitorinqinin aparılması, xəstəliklərin diaqnostikası, apteklər və
dərmanlar haqqında verilənlər bazasının yaradılması, pasiyentlərə onlayn tibbi xidmətlərin
göstərilməsi, həkimlərin fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında statistik
məlumatları, xəstəliklərin müalicə üsulları və vasitələri haqqında informasiyanı əks etdirən veb-
portalların yaradılması və s. məsələlər formalaşmaqda olan elektron tibbin əsas komponentləridir
[4].
İnternetin tibb sahəsinə intensiv tətbiqi diaqnostika və müalicə üsullarını, həkimlə
pasiyentin qarşılıqlı əlaqə formalarını, müalicə və sağlamlığın bərpası proseslərinin təşkilini
sürətlə dəyişir. İnternet pasiyentin tibbi xidmətlərə əlyetərliliyini təmin edən mühüm vasitəyə
çevrilir. Hazırda insan sağlamlığının qorunması və yaxşılaşdırılması, doğum səviyyəsinin
artırılması və ölüm səviyyəsinin azaldılması üçün İnternet texnologiyalarının imkanlarından
istifadə etmək səyləri günbəgün artmaqdadır.
İnternet və mədəni sfera. İnternet mədəni sferaya da öz təsirini göstərir. Qlobal şəbəkə bu
sahədə informasiya və bilik resurslarına çıxış imkanlarını asanlaşdırmaqla, yeni mədəni
ənənələrin yaranmasına səbəb olur. İnternet mövcud coğrafi məsafələrdəki sədləri aradan
qaldıraraq və mədəniyyət sahəsində yeni tələbat formalarının meydana gəlməsini
stimullaşdıraraq, mədəni siyasətin şəffaflaşdırılmasına güclü dəstək verir.
Virtual muzeylər bu tendensiyanın ən yenilikçi təzahürlərindən biridir [11]. İnteraktivlik və
hipermühitdən istifadə əsasında işlərə və sərgilərə çıxış imkanının asanlaşması və öyrədici
mexanizmlərin tətbiqi sayəsində virtual muzeylər mədəni dəyərlərin qavranılması və dərk
edilməsinin yeni üsullarının formalaşmasına öz töhfəsini verir.
Kitabxanalar da İnternetin potensialından istifadə edərək, öz biblioqrafik verilənlər
bazalarına onlayn rejimdə giriş imkanı yaradır, habelə öz kolleksiyalarını tədricən rəqəmsal
formaya çevirirlər. Kitabxana fondlarında fiziki formada saxlanılan nadir və qiymətli əsərlər
həmişə məhvolma təhlükəsi kimi risk altında olurdu. Həmin əsərləri rəqəmsal formaya
keçirməklə bu risk minimuma endirilir.
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
40 www.jpis.az
Artıq dünyanın bir çox nəhəng kitabxanaları öz köhnə, kağız daşıyıcılarda olan
kolleksiyalarının rəqəmsal formaya çevrilməsi üzrə proqramlar həyata keçirirlər. Rəqəmsal
formada dərc olunan əsərlərin özlərinin də arxivləri formalaşdırılır.
Ümumiyyətlə, İnternet mədəniyyətin iki istiqamətdə inkişafına imkan verir [1]:
Birincisi, mədəniyyətin milli sərhədləri, dil maneələri aradan qaldırılır, elm, təhsil,
incəsənət, istirahət və s. mədəniyyət formaları arasındakı sədlər yox edilir.
İkincisi, bu mühitdə hər bir insan təkcə mədəniyyətin məzmununu dərk etməklə
kifayətlənmir, həm də ona təsir etmək imkanı qazanır.
İnternet və siyasi fəaliyyət. İnternet-texnologiyaların müasir siyasi proseslərdə də rolu
sürətlə artmaqdadır. Müasir informasiya texnologiyaları, xüsusən İnternet siyasi partiyalara və
siyasi liderlərə aktiv fəaliyyət göstərmək üçün yeni imkanlar açır. İnternetdən istifadə
səviyyəsinin artması vətəndaşlara və qruplara siyasi qərarların hazırlanmasında və qəbulunda
daha fəal iştirak etməyə şərait yaradır. Siyasi partiyalar İnternet texnologiyalardan həm də siyasi
kommunikasiya vasitəsi kimi istifadə edirlər. Artıq siyasi aktivlik ənənəvi fəaliyyət məkanından
çıxaraq, virtual mühitə keçməkdədir.
Cəmiyyət təmsilçi, nümayəndəli demokratiyadan birbaşa demokratiyaya, rəqəmsal
demokratiyaya, həmçinin sərt demokratiyadan çevik demokratiyaya (məsələn, viki-demokratiya
və s.) keçid mərhələsini yaşayır. Mütəxəssislər hesab edirlər ki, ənənəvi demokratiya böhran
həddinə gəlib çatıb. Yəni demokratik prosesləri ənənəvi üsullarla inkişaf etdirmək üçün artıq heç
bir potensial qalmayıb. Ona görə də vəziyyətdən çıxış yolu kimi “elektron demokratiya” ideyası
irəli sürülür. Qeyd edilir ki, hazırkı qloballaşma və siyasi transformasiyalar şəraitində İnternetin
siyasi proseslərə təsirini nəzərə almamaq olmaz. İnternetin demokratiyanın inkişafına göstərdiyi
təsirlə bağlı iki məqama diqqət yetirilir: birincisi, informasiyanın əlyetərliliyi, ikincisi, onu analiz
edərək, qərar qəbul etmək qabiliyyəti. Təbii ki, İnternet informasiya əldə etmək üçün əvvəllər
mümkün olmayan unikal imkanlar yaradır [4].
İnternet bilavasitə ictimai rəyə yönələrək, vətəndaş cəmiyyətinin fəal hissəsinin
davranışlarını formalaşdırır, ictimai şüura təsir edir. İnternet siyasi liderlərin və partiyaların
fəaliyyətlərinin informasiya mühitini formalaşdıraraq, siyasi kommunikasiyaların mühüm tərkib
hissəsinə çevrilir. Qlobal şəbəkə siyasi partiyalar tərəfindən əhali ilə ünsiyyət üçün real interaktiv
kanal, elektorata siyasi təsir vasitəsi kimi şıxış edir.
Tarixən müxtəlif səviyyələrdə mövcud olan və fərqli adlarla ifadə edilən sosial şəbəkələr
İnternet mühitinə keçməklə yeni keyfiyyət mərhələsinə yüksəldi. İnternet-texnologiyalar
hesabına ayrı-ayrı sosial qruplar virtual məkanda operativlik, çeviklik, mobillik, informativlik
kimi imkanlar əldə etməklə cəmiyyətdə mühüm faktora çevrilməkdədirlər. Müxtəlif maraqlar
ətrafında birləşən insanların yaratdığı virtual sosial şəbəkələr cəmiyyətin ictimai-siyasi, sosial-
iqtisadi və mədəni həyatının mühüm komponenti kimi çıxış etməkdədir.
İnternet yer kürəsini əhatə etməklə yeni-yeni şəbəkə cəmiyyətləri meydana gətirir.
Görkəmli ispan sosioloqu, informasiya cəmiyyətinin tədqiqatçısı M.Kastels hesab edir ki,
informasiya əsrində insanları, təşkilatları və dövlətləri bir-biri ilə birləşdirən şəbəkələr mühüm
rol oynayacaq. Onun fikrincə, informasiya cəmiyyətində iqtisadiyyat, əmək, məşğulluq,
mədəniyyət, siyasət, dövlət təsisatları, son nəticədə zaman və məkan amilləri transformasiyaya
uğrayacaq [12].
İnternetin perspektivləri
Biometrik İnternet. Biometrik texnologiyalar sadəliyinə, qənaətcilliyinə, etibarlılığına görə
onların kompüter şəbəkələrində, İnternetdə tətbiqi bir sıra üstünlüklərə malikdir. İlk növbədə,
şəxsiyyətin daha etibarlı identifikasiyası baxımından biometrik texnologiyalar geniş
perspektivlər vəd edir. Qlobal İnternet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi,
kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha effektli mübarizə aparılması, elektron
kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 41
edilməsi baxımından biometrik texnologiyaların rolu əvəzsizdir. Biometrik identifikasiya
sisteminin köməyi ilə hakerlərlə, spammerlərlə, digər kiber-cinayətkarlarla daha səmərəli
mübarizə aparmaq mümkün olacaq [1].
İnternetdə informasiya təhlükəsizliyinin təmin olunması baxımından səs biometriyası
xüsusi əhəmiyyət kəsb edir. Belə ki, standart informasiya təhlükəsizliyi metodları maddi
daşıyıcıların olmasını (pasport, plastik kart və s.), yaxud informasiya sübutunu (parol, şifrə)
nəzərdə tutur. Bunlar müvafiq insanın müəyyən informasiya resursundan istifadə hüququnu
təsdiq edir. Səs biometriyası sistemində isə şəxsiyyətin eyniləşdirilməsinin unikal qarantı kimi
insanın öz səsi çıxış edir. Parol, şifrə, pasport, plastik kart və şəxsiyyəti təsdiq edən digər ənənəvi
üsullardan fərqli olaraq, səsin xüsusiyyətlərini itirmək, onu başqasına vermək, yaddan çıxarmaq,
oğurlamaq, yaxud saxtalaşdırmaq mümkün deyil.
Kosmik İnternet. Artıq ən yaxın vaxtlarda planetlərarası aparatlar məlumatları real zaman
rejimində videoya baxmağa imkan verən sürətlə göndərməyə və qəbul etməyə şərait yaradacaq.
Bugünkü gəmilər və buraxılış aparatları Yerə telefon xətti üzrə İnternet birləşməsinin sürəti ilə
müqayisə edilən sürətlə məlumat ötürürlər. Ona görə də Marsdakı aparatlardan göndərilən
videoyazıların qəbulu bir neçə saat vaxt aparır.
Gözlənildiyinə görə, bu yeni şəbəkə texnologiyası müxtəlif kosmik eksperiment
iştirakçıları arasında məlumat mübadiləsini xeyli asanlaşdıracaq. Tədqiqatçılar ümid edirlər ki,
kosmik İnternetin yaradılması prinsipcə yeni kosmik missiyanın reallaşdırılmasına imkan
verəcək.
Belə ki, müasir peyk şəbəkələrində informasiya peyk-retranslyatorlar və yerüstü stansiyalar
vasitəsilə ötürülür ki, bunların hesabına da yubanmalar baş verir. Orbitdə quraşdırılan IP-
marşrutizatorlar isə peyklər arasında birbaşa trafik mübadiləsi aparmağa imkan verir. Bu da
ötürməyə sərf edilən vaxta qənaət etməyə səbəb olur və ayrı-ayrı paketlərin itirilmə riskinin
qarşısını alır. Bundan başqa, peyk-marşrutizatorların köməyi ilə kabel və 3G şəbəkələrinin
olmadığı yerlərdə də İnternetə daxil olmaq mümkündür [1].
Bulud texnologiyaları. İnternet inkişaf etdikcə, yeni xidmətlər təklif etməyə başlayır.
İnternet insanlararası kommunikasiya mühiti yaradır, insanların informasiya tələbatını ödəyir.
Son zamanlar İnternet insanların hesablama tələbatını da ödəməyə başlayıb. “Bulud
hesablamaları” adlanan texnologiyanın hesabına ən müxtəlif qurğular vasitəsi ilə proqram
təminatına, verilənlər bazalarına, digər xidmətlərə çıxış imkanı əldə edilir. Bulud hesablamaları
bir sıra texniki, iqtisadi maneələri aradan qaldıraraq, informasiya texnologiyalarının imkanlarını
daha da genişləndirmək iqtidarındadır. Həmin maneələrin aradan qaldırılması milyonlarla
mütəxəssislərin informasiya texnologiyaları bazarına yeni töhfələr verməsinə, milyardlarla
istifadəçilərin bu imkanlardan bəhrələnməsinə şərait yaradacaq.
Ekspertlərin proqnozlarına görə, bulud texnologiyaları yaxın 20 il ərzində ən mühüm
dönüş texnologiyalarından biri kimi cəmiyyətdə və iqtisadiyyatda öz ciddi təsirini göstərəcək.
Verilənlərin emalı, saxlanması və ötürülməsi imkanlarının sürətlə artması bulud
texnologiyalarının iqtisadiyyatının əsasını qoyur.
Bulud texnologiyalarının inkişafı və geniş istifadəsi makro və mikro səviyyələrdə bir sıra
iqtisadi perspektivlər vəd edir. Buna görə də, bulud xidmətləri informasiya iqtisadiyyatının və
onun aparıcı istiqaməti olan İnternet iqtisadiyyatının əsas, perspektiv seqmentlərindən biri
sayılır. Elə buna görə də dünyanın bir sıra aparıcı dövlətləri informasiya cəmiyyətinin, İKT-nin,
informasiya iqtisadiyyatının, yaxud İnternetin inkişafına dair milli strategiya və proqramlarında
bulud texnologiyalarına xüsusi yer ayırırlar [13].
Əşyaların İnterneti. İnternetin növbəti inkişaf mərhələsində bu qlobal şəbəkənin
imkanlarının hədsiz dərəcədə genişləndirilməsi, onun mahiyyətində əsaslı dəyişikliklərin baş
verəcəyi gözlənilir. Bu günkü İnternet insanların istifadəsində olan kompüterlərin qlobal
şəbəkəsindən ibarətdir. İnternetin növbəti inkişaf mərhələsində isə bizi əhatə edən bütün faydalı
əşyaların (məişət avadanlıqlarının, elektrik cihazlarının, gündəlik istehlak mallarının, nəqliyyat
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
42 www.jpis.az
vasitələrinin, istehsal qurğularının, əmək alətlərinin, informasiya daşıyıcılarının, tibbi
ləvazimatların, mühafizə və nəzarət sistemlərinin, bitki və heyvanat aləminin) bu qlobal
şəbəkəyə qoşulması - Əşyaların İnternetinin yaradılması gözlənilir.
Əşyaların İnterneti – kompüter, İnternet və mobil telefon rabitəsindən sonra informasiya
texnologiyaları sənayesinin növbəti inqilabi inkişaf mərhələsi kimi xarakterizə olunur. Bu
konsepsiyasının reallaşacağı təqdirdə isə yaxın gələcəkdə bizi əhatə edən bütün faydalı əşyalar
İP ünvanına malik olacaq. Proqnozlara görə, yaxın onillikdə Əşyaların İnterneti hər yerdə və
hərtərəfli şəkildə insanların həyat tərzinə daxil olaraq, onu əhəmiyyətli dərəcədə dəyişəcək.
Əşyaların İnternetinin istifadəçilərinin sayı 2 milyard nəfərə, bu şəbəkənin hesabına əldə edilən
illik gəlirin həcmi isə 800 milyard dollara çatacaq. Başqa bir proqnoza görə, 2020-ci ilə kimi
bütün dünyada İnternetə qoşulan terminalların sayı 50 milyarda çatacaq. Həmçinin
mütəxəssislərin hesablamalarına görə, Əşyaların İnternetinin texnoloji əsasını təşkil edən RFID
bazarının həcmi 2018-ci ildə 27 milyard dollara çatacaq. Müqayisə üçün qeyd edək ki, 2004-cü
ildə bu göstərici cəmi 1,5 milyard dollara bərabər olub [14].
Əşyaların İnterneti şəbəkəsinin reallaşdırılması ilə cəmiyyətdəki bir sıra mühüm
problemlərin həlli gözlənilir. O cümlədən, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ictimai
təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi
məsələləri öz həllini tapacaq. Bütövlükdə, Əşyaların İnterneti texnologiyalarının uğurla
reallaşdırılması insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yeni və daha əlverişli iş yerlərinin
açılmasına, biznes üçün yeni imkanların yaranmasına, istehsalda məhsuldarlığın və
rəqabətədavamlılığın artmasına gətirib çıxaracağı gözlənilir.
Big Data texnologiyaları. Big Data – hər hansı dövlət, dövlət qurumu, özəl təşkilat
tərəfindən yaradılan çox böyük həcmli strukturlaşdırılmamış və qismən strukturlaşdırılmış
verilənləri təsvir etmək üçün işlədilən ümumi termindir. Big Data texnologiyaları vasitəsi ilə
müxtəlif formatlı böyük həcmli verilənlərin emalı, analizi və onlardan faydalı biliklərin
çıxarılması prosesləri həyata keçirilir.
İnternet şəbəkəsi ən nəhəng verilənlər bazası, yəni Big Data-nın ən böyük obyekti, xammal
bazasıdır. İnternet servislərində, sosial şəbəkələrdə, e-kommersiya sistemlərində bu gün daha
böyük həcmdə informasiya generasiya olunur. Hesablamalara görə, bütün dünyada bir saniyə
ərzində e-poçt vasitəsi ilə göndərilən informasiyanın sayı 2,9 milyona bərabərdir. YouTube-dan
bir dəqiqə ərzində yüklənən videoçarxların həcmi 20 saat təşkil edir. Bir gün ərzində Google
tərəfindən 24 petabayt həcmində informasiya emal olunur. Twitter-də gün ərzində 50 milyon
informasiya yerləşdirilir. Facebook-da ay ərzində keçirilən dəqiqələrin ümumi həcmi 700
milyard həddindədir. Amazon-da saniyə ərzində sifariş edilən məhsulların sayı 73-ə bərabərdir.
Facebook-a gün ərzində 300 milyon fotoşəkil yüklənir [3].
Bütün bunlar onu göstərir ki, İnternet Big Data texnologiyalarının inkişafı üçün əsas
informasiya mənbəyi kimi çıxış edir. Bir çox İnternet şirkətləri öz fəaliyyətləri ilə bağlı
topladıqları böyük informasiya massivlərini Big Data texnologiyaları vasitəsilə emal edərək həm
özləri üçün istifadə edirlər, həm də kommersiya əsasları ilə digər idarəetmə, biznes və yönümlü
təşkilatlara təqdim edirlər. Bundan başqa, sırf marketinq fəaliyyəti ilə məşğul olan İnternet
şirkətlərinin sayı da günbəgün artır.
İnternetin təhlükələri
İnformasiya təhlükəsizliyi. Qlobal İnternet şəbəkəsinin davamlı və etibarlı fəaliyyət
göstərməsi üçün onun təhlükəsizliyinin təmin edilməsi olduqca mühüm məsələdir. İnternet
mühitində informasiya təhlükəsizliyi əsas faktora çevrilir. İnternet kəşfiyyat, təxribat, terror,
protest fəaliyyəti üçün əlverişli meydandır. Qlobal şəbəkə çoxşaxəli arxitektura malikdir ki,
burada da böyük həcmdə elmi-texniki, hərbi, sosial-iqtisadi və siyasi xarakterli məlumatlar dövr
edir. İnformasiya təhlükəsizliyinə təhdidlər nəticəsində ölkələrin siyasi, iqtisadi, hərbi və digər
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 43
sahələrdəki fəaliyyətinə olduqca ciddi zərbə vurula bilər ki, bunun da nəticəsində ayrı-ayrı
vətəndaşlar və bütövlükdə, cəmiyyət mühüm sosial-iqtisadi zərərlə üzləşə bilər [1].
Amerika ekspertlərinin hesablamalarına görə, dövlət idarəetmə sistemlərində və bank
strukturlarında istifadə edilən kompüter şəbəkələrinin işinin pozulması bu ölkəyə qarşı tətbiq
ediləcək nüvə silahının törədəcəyi fəsadlar qədər təhlükəlidir.
Artıq İnternetdən geniş istifadə edilən ölkələrdə kompüter sistemləri və İnternetlə bağlı
cinayət əməlləri ümumi hüquq pozuntuları sırasında mühüm yer tutur. İnternet mühitində
cinayətkarlıq hallarının sürətlə artması, ilk növbədə, bu qlobal şəbəkənin xüsusiyyətləri –
açıqlığı, hamı üçün əlyetərli olması, heç bir dövlətin və ya təşkilatın nəzarətində olmaması ilə
bağlıdır. Həmçinin İnternetin fəaliyyəti ilə bağlı effektli hüquqi tənzimləmə mexanizmlərinin
olmaması, yurisdikasiya probleminin mövcudluğu, eləcə də hüquq-mühafizə orqanlarının hələ bu
sahədə peşəkar olmamaları kiberməkanda cinayət əməllərinin sayının artmasına şərait yaradır
[15].
Enerji təhlükəsizliyi. Müasir insan fəaliyyəti növlərinin əksəriyyəti kompüter və İnternetin
köməyi ilə yerinə yetirilir. Təsadüfi deyil ki, kompüter sistemlərində tez-tez baş verən
nasazlıqlar maliyyə, nəqliyyat, istehsal və s. sahələrin işini iflic vəziyyətinə salır, insanların
gündəlik həyatında öz mənfi təsirini göstərir.
İnternetin normal, davamlı fəaliyyət göstərməsi üçün zəruri olan amillərdən biri də enerji
təhlükəsizliyidir. Nəzərə almaq lazımdır ki, İnternet virtual dünya yaratsa da, gerçək enerjidən
istifadə edir. Bu gün, istənilən hesablama mərkəzinin xərclərinin 30-50 faizi enerjiyə sərf edilir.
Bir iri hesablama mərkəzi təxminən 20 min əhalisi olan kiçik bir şəhər (məsələn, Quba, Şamaxı)
qədər enerji istehlak edir [1].
Ona görə də elektrik enerjisinin kəsilməsi nəticəsində dövlət və özəl korporativ kompüter
şəbəkələrinin, avtomatlaşdırılmış istehsal və xidmət müəssisələrinin fəaliyyəti iflic vəziyyətə
düşə, böyük həcmdə maliyyə itkiləri baş verə bilər.
Hazırda mütəxəssislər İnternetin enerji sərfiyyatını minimuma endirmək haqqında
düşünürlər. Mütəxəssislər hesab edirlər ki, İnternetin imkanlarına əsaslanan informasiya
cəmiyyətində fasiləsiz, dayanıqlı enerji təminatı xüsusi aktuallıq kəsb edir. Ona görə də mövcud
enerji mənbələrinin bərpası və alternativ mənbələrin tapılması bəşəriyyət qarşısında ən vacib
məsələlərdən biri kimi dayanır.
İnternet asılılığı. İnternetin yaratdığı mühüm problemlərdən biri də cəmiyyətdə
informasiya bolluğunun yaranmasının fəsadlarıdır. İnsan informasiyadan, kompüterdən,
İnternetdən həddən artıq istifadə etməsi nəticəsində onlardan asılı vəziyyətə düşür. Bu sosial-
psixoloji vəziyyət “eskapizm” adlanır. Müasir cəmiyyətdə televiziya, kompüter, İnternet, mobil
telefon kimi informasiya mənbələri insanların vaxtını “acgözlüklə udur” və əsas həyat
prioritetlərinə çevrilir. Müasir dövrün insanının 2 həftə ərzində qəbul etdiyi informasiyanın
həcmi orta əsrlərdə bir insanın ömür boyu qəbul etdiyi informasiyanın həcminə bərabərdir.
E.Toffler texnologiyaların təsiri ilə cəmiyyətdə baş verən sürətli, radikal dəyişikliklərə insanın
psixoloji reaksiyasını “futuroşok”, yəni “gələcəyin şoku” adlandırır. Onun fikrincə, şok
vəziyyətinə düşməyin səbəbi insanın texnologiyanın gətirdiyi yeni reallıqlara çevik reaksiya verə
bilməməsi, yeni situasiyaya adaptasiya oluna bilməməsidir [16].
İnternet asılılığı problemi təkcə şəxsiyyət üçün deyil, bütövlükdə, cəmiyyət üçün təhlükə
mənbəyidir. İnformasiya mənbələrindən, İnternetdən asılı vəziyyətə düşməmək üçün insanın
informasiya mədəniyyətinə malik olması, informasiya ilə davranış normalarını öyrənməsi
vacibdir.
İnternetin tənzimlənməsi problemləri. İnternetin hamılıqla qəbul edilən vahid tənzimləmə
siyasətinin, prinsiplərinin, mexanizmlərinin müəyyənləşdirilməsinin çətinlikləri də daha çox bu
amillərlə bağlıdır. Belə ki, hər bir dövlət, millət virtual məkanda öz milli-mənəvi dəyərləri ilə
birlikdə təmsil olunmaq istəyir. İnternetdə isə bütün tərəflərin maraqlarının təmin olunduğu ortaq
nöqtələrin tapılması asan məsələ deyil. Ona görə də ənənəvi milli və beynəlxalq hüquq sistemləri
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
44 www.jpis.az
də İnternetin gətirdiyi reallıqları tənzimləməkdə çətinlik çəkir. Onun tənzimlənməsi üçün
beynəlxalq səviyyədə tədbirlərin görülməsi üçün təşəbbüslər irəli sürülür. İnternet coğrafi
sərhədlərə əsaslanan beynəlxalq hüquq normalarını və milli qanunları gücsüz vəziyyətə gətirir.
İnternet texnologiyalarının imkanları hesabına formalaşan virtual münasibətləri real dünya
qanunları ilə idarə etmək xeyli çətinləşir və bəzi hallarda hətta mümkün olmur. Virtual
münasibətlərin tənzimlənməsi bu mühitə xas olan yeni qanunların, normaların yaradılmasını,
tətbiq edilməsini zəruri edir [17].
İnternet cinayətkarlığı. İnternetin unikal texnoloji xüsusiyyətləri bir sıra cinayət
əməllərinin həyata keçirilməsi üçün əlverişli mühit yaradır. Qlobal şəbəkənin tənzimlənməsi
sahəsində hüquqi boşluqların olması bu cür neqativ halların qarşısının alınmasını xeyli
çətinləşdirir. İnternet həm ənənəvi cinayətlərin daha rahat şəkildə həyata keçirilməsi, həm də
yalnız bu qlobal şəbəkəyə məxsus olan, geniş ictimaiyyətə məlum olmayan yeni cinayət
növlərinin reallaşdırılması üçün əlverişli mühit kimi çıxış edir [1].
İnternetin imkanlarından cinayətkar elementlər fəal şəkildə istifadə edirlər, terrorçu
təşkilatların narkotik, silah reklamı və satışının həyata keçirildiyi, pornoqrafik materialların
yerləşdirildiyi, həmçinin irqçi, millətçi, ekstremistyönlü saytlar qlobal şəbəkədə geniş yayılıb.
Bu virtual məkanda cinayətlərin yüksək sosial təhlükəliliyi transmilli xarakter daşıyır. Yəni
müvafiq fəaliyyətin fəsadları geniş insan dairələrini və müxtəlif ölkələri əhatə edir.
İnternet mühitində cinayətkarlıq hallarının sürətlə artması, ilk növbədə, bu qlobal
şəbəkənin xüsusiyyətləri – açıqlığı, hamı üçün əlyetərli olması, heç bir dövlətin və ya təşkilatın
nəzarətində olmaması ilə bağlıdır.
Nəticə
Qeyd etmək lazımdır ki, sivilizasiyanın inkişaf tarixi ərzində hər bir mütərəqqi yenilik özü
ilə müəyyən problemlər gətirmişdir. Lakin bəşəriyyət həmişə mütərəqqi yeniliklərdən lazımınca
bəhrələnmiş, onların gətirdiyi problemlərin öhdəsindən gəlməyi bacarmışdır. İnternet bəşər
tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən bir fenomendir. Yəni heç bir
texnoloji yenilik bəşəriyyəti İnternet qədər dəyişdirə, irəliyə apara bilməmişdir. Qlobal
şəbəkənin inkişaf tendensiyaları o qədər dinamik və çoxşaxəlidir ki, onun perspektivlərini dəqiq
proqnozlaşdırmaq mümkün deyil. İnternetin bəşəriyyətə faydaları geniş miqyaslı olduğu kimi,
fəsadları da bütün sahələri əhatə edir. Lakin bəşəriyyətin keçmiş zəngin təcrübəsi və indiki
səyləri göstərir ki, insanlar daha yaxşı imkanlar, daha rahat həyat naminə İnternetin də
fəsadlarını aradan qaldıra biləcəklər.
Ədəbiyyat
1.
Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet fenomeninə çoxaspektli baxış. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı,
2010, 96 s.
2.
Тоффлер Э. Третья волна, М.: ООО “Издательство ACT”, 1999, 784 с.
3.
http://www.internetworldstats.com
4.
Əliquliyev R.M., Mahmudov R.Ş. İnternetin mahiyyəti və xüsusiyyətlərinə dair bəzi elmi
yanaşmalar // İnformasiya cəmiyyəti problemləri, Bakı, 2012, № 1, с. 41-51.
5.
Toffler A. The Adaptive Corporation, Gower, 1985, 217 p.
6.
Berre A.J., Gómez-Pérez A., Tutschku K. Future Internet - FIS 2010: Third Future Internet
Symposium, Berlin, Germany, September 20-22, 2010, Proceedings, Springer, 2010, 157 p.
7.
http://www.emarketer.com
8.
Mahmudov R.Ş. Distant əmək münasibətləri: beynəlxalq təcrübə və Azərbaycanda tətbiq
edilməsi perspektivləri // İnformasiya cəmiyyəti problemləri, Bakı, 2010, № 1, s. 56-62.
9.
Əliquliyev R.M., Fətəliyev T.X. Elektron elmin formalaşdırılmasının bəzi məsələləri // Bakı
Universitetinin Xəbərləri. Fizika-riyaziyyat elmləri seriyası, 2008, № 4, s.77-83.
İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45
www.jpis.az 45
10.
Əliquliyev R.M., Mahmudova R.Ş. Təhsilin informasiyalaşdırılmasının bəzi konseptual
məsələləri // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Pedaqoji-psixoloji
elmlər seriyası, 2007, № 9, s. 9-16.
11.
Формирование и сохранение культурного наследия в информационном обществе,
Издание ЮНЕСКО, 2003 г. Перевод с англ., Санкт-Петербург, 2004, 110 c.
12.
Castells M. The Rise of the Network Society: The Information Age: Economy, Society, and
Culture, Vol. 1, John Wiley & Sons, 2011, 656 p.
13.
Mahmudov R.Ş. Bulud texnologiyaları iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf
perspektivlərinin analizi // İnformasiya cəmiyyəti problemləri, Bakı, 2014, № 2, s. 14-23.
14.
Алгулиев Р.М., Махмудов Р.Ш. Интернет Вещей // Информационное общество, № 3,
2013, с. 42-48.
15.
Əliquliyev R.M., İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi insidentləri, Bakı,
“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2012, 219 s.
16.
Əliquliyev R.M., Mahmudov R.Ş. İnformasiya asılılığı problemləri və onlarla mübarizə
yolları. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı, “İnformasiya
Texnologiyaları” nəşriyyatı, 2009, 62 s.
17.
Əliquliyev R.M., Mahmudov R.Ş., İnternetin tənzimlənməsi problemləri. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı,
2010, 115 s.
УДК 338:04
Алгулиев Расим М.
1
, Махмудов Расим Ш.
2
1,2
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
1
secretary@iit.ab.az,
2
rasimmahmudov@gmail.com
Интернет как движущая сила развития цивилизации
В статье исследуются новые реалии, глобальные и виртуальные отношения современного
общества, созданные Интернетом. Комметируются качественные изменения и
возможности во всех сферах человеческой деятельности под влиянием Интернета.
Указываются перспективные направления развития и существующие проблемы
Интернета.
Ключевые слова: глобализация, виртуализация, интернет-экономика, виртуальные
трудовые отношения, космический Интернет, биометрический Интернет, Интернет
вещей, интернет-зависимость, интернет-преступность.
Rasim M. Alguliyev
1
, Rasim Sh. Mahmudov
2
1,2
Institute of Information Technology of ANAS, Baku, Azerbaijan
1
secretary@iit.ab.az,
2
rasimmahmudov@gmail.com
The Internet as the driving force behind the development of civilization
The article examines the new realities of global and virtual relationships in modern society by
the Internet. Qualitative changes are commented and opportunities in all spheres of human
activity under the influence of the Internet. Include prospects for development and the challenges
of the Internet.
Keywords: globalization, virtualization, Internet economy, the virtual labor relations, cosmic
Internet, biometric Internet, Internet of Things, Internet addiction, Internet crime.
Dostları ilə paylaş: |