Uşaq, yenİyetmə və gənc Böyük Rəhbər həzrət Ayətullah Xameneinin baxışında


Quran mədəniyyəti və gənclərə ümid



Yüklə 1,49 Mb.
səhifə4/18
tarix24.06.2018
ölçüsü1,49 Mb.
#50959
1   2   3   4   5   6   7   8   9   ...   18

Quran mədəniyyəti və gənclərə ümid

Quran məfhumları ilə ünsiyyətə ölkəmizdə yeni başlanmışdır. Bu Quran adamlarını, bu gəncləri, gözəl avazları, Allahın lütfü ilə həm gənc və həm ustad olan qiraətçiləri görüb kimsə düşünməsin ki, bəli, Quran fəaliyyəti bəhrəsini verdi və bundan artığı lazım deyil.

Xeyr, belə deyil. Bizim çatışmazlığımız var. Biz uzun illər Qurandan uzaq qalmış, inqilabdan sonra ona yaxınlaşmışıq. Quran mədəniyyəti hələ bizim həyatımıza - əxlaqi və siyasi mühitlərimizə hakim deyil.139
Quranı anlama

Xalq Quranı anlamalıdır. Gərək bizim cavanlarımız, qızlarımız, oğlanlarımız, ata-analarımız, rəsmi idarə işçiləri, ticarət adamları, əkinçilər, fəhlələr - cəmiyyətin bütün təbəqələri ictimai, siyasi, yaxud iqtisadi məsələlər barədə düşünərkən zehinlərində Quran ayələrinə söykənən bilgilər toplusu əks olunsun. Görün nə qədər mühümdür!

Hansı cəmiyyətin əksəriyyəti, yaxud böyük bir hissəsi bu vəziyyətdə olsa, İslam təməllərinin oturuşmasına ümid bəsləyə bilər. Biz bu məqsədə doğru gedirik. Düşmənlərin gördüyü bütün mədəni-ideoloji işlərə rəğmən, indi biz və cəmiyyətimiz bu istiqamətdə uğurla hərəkət edirik.140
Quran üzərində təfəkkürün mərhələləri

Mənim əzizlərim! Quranla tanışlığın ilk mərhələsi onun mətni ilə tanış olmaqdır. Bu mərhələdən keçmək lazımdır. Sonrakı mərhələ isə Quranla sıx əlaqədir. Quran oxumağı tərk etməyin. Əlbəttə, kimsə Quranı əzbərləsə, bir neçə addım irəlidə olacaq və qalan işlər ona asanlaşacaq. Hər halda, sonrakı mərhələ Quran ayələri üzərində düşünməkdir. İnsan Quranın hər bir ayəsinə kiminsə ciddi danışığı kimi baxmalıdır. Əgər danışan ciddi və düşünərək danışırsa, biz onun sözlərini başa düşmək üçün diqqətli olmalıyıq. Quranla belə rəftar edin. Quranda sizinlə ciddi və düşünərək danışılıb.

Quranın bütün sözləri dərindir. Ayələrin tərcüməsi mütləq lazımdır. Yəni ayələrdə düşünmək və təfəkkür etmək istəyən şəxs Quranın mənasını bilməlidir. Bu, vacib mərhələdir. Siz ayələrin tərcüməsini bilsəniz, diqqətlə oxuyacaqsınız, düşünmə imkanı yaranacaq və Quran üzərində düşünə biləcəksiniz.141
Quran məfhumları ilə ünsiyyət

Siz Quranı asanlıqla əzbərləyə bilərsiniz. İndi bizim nə qədər Quran hafizimiz var. Sizin aranızda 1 cüz, 2 cüz, yaxud bütün Quranı əzbərləyənlər ola bilər. Cəmiyyətimizdə belələri çoxdur. Bu, böyük uğurdur. Sizin Quranı əzbərləməniz və onunla ünsiyyətdə olmanız – indi hər yerdən Quran səsi gəlir - Quran məfhumları ilə tanış olmaq üçün daha böyük imkan yaradır. Bu imkanı dəyərləndirin, Quran anlayışları ilə ünsiyyətdə olun.142


Quranla ünsiyyət - problemlərin həlli

Quran düşüncə problemlərini, psixoloji və duyğusal problemləri həll edir. Zehni, duyğusal, əxlaqi, yaxud mental baxımdan çıxılmaz vəziyyətə düşmüş bir insan yavaş-yavaş Quranla ünsiyyət qurduqda qəfildən bir ulduzun parladığını görür, ona sarı gedir və yol açılır. Quran belədir.143


Quranla ünsiyyət və ölkənin ümumi bilgisi

Quranla ünsiyyət bir ölkənin ümumi bilgisini yüksəldir. Quran nurdur, bizim hər şeyimizdir. Bizim gənclərimiz Quranla ünsiyyət qurduqdan sonra vəziyyət çox dəyişdi. Səkkizillik müharibə dövründə cəbhələrdə top-tüfəng altında elə gənclər var idi ki, yerə oturan və bir qədər boş vaxt tapan kimi Quranlarını açıb oxuyurdular. Yaxud misal üçün, avtobusla və ya maşınla harasa gedəndə Quranlarını çıxarıb oxumağa başlayırdılar. Buna görə deyirik ki, Quran bizim hər şeyimiz olmuşdur. İndi də Quranın sayəsində ölkə inkişaf etməkdədir.144


Quranla ünsiyyət üçün gənclərə tövsiyə

Tağut dövründə mənim Məşhəddə təfsir və Quran dərslərim olurdu. Oraya gələn gənclərə deyirdim ki, sizin hər birinizin cibində bir Quran olsun. Əgər bir yerdə bir iş üçün gözləyirsinizsə, bir dəqiqə, iki dəqiqə, beş dəqiqə, yarım saat boşsunuzsa, Quranı açıb oxuyun, onunla ünsiyyət qurun. Buna əməl edənlər çox az olsa da, əksəriyyəti ərəb dilini bilməyə-bilməyə İslam maarifinin dərki baxımından digərlərindən öndə idilər və çox fərqlənirdilər.145


Atribut və ənənələrə hörmət

Gənclərin dini işləri

Əziz gənclər! Bilin ki, islamçı, inqilabçı, yaxud dini işlər gördüyünüzdə – dua məclislərində iştirak etdiyinizdə, etikaf etdiyinizdə, qələbə və Qüds günlərində yürüşə çıxdığınızda, ölkə məmurlarına, misal üçün, prezidentə və digərlərinə hörmət bildirdiyinizdə, dindarlığınızın və inqilaba sevginizin əlaməti olan hər bir hərəkətinizdə bu münafiqlər lərzəyə düşür və narahat olurlar.146


Gənclərin dindarlığı

Elə bilirlər, gənclər dinsizdirlər. Gənclər bəzən atalarından da dindardırlar. Dini işlər kimi baş verən bu möhtəşəm mitinqlər, bu böyük dini məclislər, bu dualar gənclərin dindarlığının göstəricisidir.

Bu gənclərin, qız və oğlanların ürəkləri pak və işıqlıdır, Allahla tez və asanlıqla əlaqə qururlar. Bunlar dinsizdirlərmi?! Xeyr, bizim gənclərimizin əksəriyyəti dindar, xalq dinə və dini dəyərlərə sadiqdir.147

Əxlaq və mənəviyyat sahəsi

Nəfsi tanımaq

Sağlam fitrətlər

Gənclərin qəlbi işıqlı, fitrətləri sağlam və təmizdir. Dünya bəzəklərinə, bulaşıqlarına çox az batır, pul, sərvət, şöhrət və vəzifə sevgisinin möhkəm iplərinə çox az ilişirlər. Odur ki, gənclərdə əxlaqi dəyişiklik daha asandır. Gənclər ehtiras və qəbahətlərə çağıran bütün işlərə qarşı müqavimətli olmalıdırlar.148


İşıqlı qəlb və həqiqətin dərki

Gənc tez və asanlıqla qəbul edəndir. Çünki qəlbi işıqlıdır. Gənclərin qəlbində mənim kimi yalşılarda olan bulaşıqlıq yoxdur və çətin qəbul etmirlər. Onlar işıqlıdırlar; həqiqəti dinləyə, asanlıqla dərk və qəbul edə bilirlər.149


Gəncin dəyəri

Allah-Taaladan xeyir yolunda möhkəm dayanmağı həqiqətən, istəyin. Bu, çox mühüm bir məsələdir. Xeyir yolunu davam etdirmək çox əhəmiyyətlidir. Bunu ürəkdən istəyin. Allah-Taaladan kömək istəyin, O, kömək edəcək. Siz gəncsiniz, ürəkləriniz pakdır, təmizdir. Sizin birinizin qəlbi mənim kimi onunun qəlbinə dəyər. Siz paksınız. Gənclik çox dəyərli bir şeydir. Gəncliyin özünəməxsus paklığı, şəffaflığı var. Allaha şükür olsun ki, sizdə bu hallar var. Allah-Taaladan kömək istəyin. Allah həqiqət nurunu sizin qəlbinizə saçacaq, inşallah, xeyir görəcəksiniz.150


Allahla mənəvi əlaqəni qorumaq

Gənclər! Öz nurlu qəlblərinizlə Allah-Taala ilə əlaqə, münacat və diqqət halını ilboyu qoruyun. Dünya və axirət nəfsin belə paklığı ilə əldə olunur.151


Həssas və zərif ruh

Gənclər cəmiyyətin ən zərif və ən həssas təbəqəsi olduqlarından cəmiyyətlərdə mövcud problemlər ən çox onlara təsir edir. Bir cəmiyyətdə mənəviyyatdan, mənəvi dəyərlərdən əsər-əlamət olmadıqda əziyyət çəkən adam, bu anormallığın görünən ilk nöqtəsi gənclərdir. Çünki əvvəla, gənclər dərdi tez hiss edirlər, ikincisi də onların hərəkət, fikir və şəxsiyyətləri dərdi əks etdirir.152


Mənəvi paklığın təzahürü

Gənclər ölkə və xalqların tarixinin hər bir dövründə ən mühüm səadət amillərindən ola bilərlər. Səbəbi də budur ki, gənc saf, təmiz və düşüncə baxımından pakdır.

Gənc Allah lütfünün yönəldiyi insandır. Bir çox hallarda Allahın ona xüsusi nəzəri olur. Gənclər bunun qədrini bilməlidirlər. İnsan ruhunun əldə edib maddiyyat qatlarından, maddi problemlərdən, bulanıqlardan, çirkablardan keçə biləcəyi və özünü pak saxlaya biləcəyi saflıq gənclərdə hamıdan çoxdur. Bizim hədislərimizdə bəlkə də əziz Peyğəmbərin dilindən belə söylənmişdir: “Gənclərə əhəmiyyətli yanaşın!” Yəni bütün işlərdə gənclərə diqqət yetirin; xüsusən də elm, bilik və düşüncə adamı olsalar. Bizim cəmiyyətimizdə tələbə və şagird təbəqəsi belədir.153
İlahi sözün daha aydın dərki

Əlbəttə, siz gənclər nurlusunuz, sizin işiniz bizdən çox asandır. Siz Allahın sözünü daha tez və çox aydın dərk edirsiniz. Allah sizinlə danışır, sizə cavab verir və siz bu cavabları ürəyinizdə hiss edirsiniz.154


Mənəviyyata meyl və hegemonluğa nifrət

Gəncin təbiəti mənəviyyata və paklığa meyllidir. Universitetin məscidlərində keçirilən etikaflar gəncin təbiətindəndir. Hətta çox da ibadətçi olmayan və ürəyində mənəviyyata meyli olan gənc ömrünü günahda, müxtəlif həvəslərdə keçirən, qəlbi qaralmış və heç bir cəlbediciliyi olmayan bir insandan fərqlənir.

Gənc belə deyil. Gənc təbiətcə paklığa, məhəbbətə, mənəviyyata, aydınlığa və aydınlara meyllidir. Gəncin təbiəti hegemonluğa qarşıdır. Siz dünyanın heç bir yerində gənclər tərəfindən əcnəbi müdaxiləsini dəstəkləyən bir hərəkat yaradıldığını görməzsiniz. Həmişə və dünyanın hansı bir yerində gənclər hərəkatı yaradılmışsa, əcnəbi müdaxiləsinin əleyhinə olmuşdur. Necə ola bilər ki, bir qrup gənc ABŞ-ın müdaxiləsinin, hakimliyinin, nüfuzunun və ağalığının xeyrinə bir yerə toplaşsın. Bu fikri yalnız təhlil bacarığı olmayan, bu nüfuzun necə və hansı yollardan idarə olunduğunu anlamayan bir gəncdə görmək olar.155
Mənəvi saflaşma və təqva

Yusifin təqvası

Bəzən öz-özümə fikirləşirəm ki, ömrünün ən gözəl zamanını yaşayan cavan özünün dünya və axirət uğuruna zəmanət verən bir amilə nail olmaq üçün nə etməlidir? Çox əhəmiyyətli sualdır. Əvvəla, söhbətin mövzusu dünya və axirət uğurudur: can və bədən, ürək və düşüncə. İkinci tərəfdən, bu sual cavanların xüsusi bir qrupuna aid deyil.

Mənim zehnimə gələn cavab da cavanların xüsusi bir qrupuna aid cavab deyil. Yəni bu cavab tam dindar cavanlara məxsus deyil. Xeyr. İbadət və dindarlıq baxımından çox da yuxarı dərəcədə olmayan bir cavana da aiddir. Hətta etiqadlarında problemi olan bir cavana da aid ola bilər.

Mənim gəldiyim qənaət bir sözdür: təqva! Əgər insan cavanlıq dövründə çalışıb Quranda və dini ədəbiyyatda deyilən təqvanı əldə edə bilsə, həm dərsi, həm islahedici fəaliyyətləri, həm dünyəvi ucalığı, həm maddi nailiyyətlər və əgər mənəviyyat adamı olsa, həm də mənəviyyat üçün böyük bir kapital toplamış olar.

Təqva, hətta adətən, orta səviyyəli adamların da çox uzaq olduğu yüksək amallara, böyük ariflərin, mənəvi eşq adamlarının işarə vurduqları irfani və mənəvi üfüqlərə çatmaq üçün də vasitədir.

Təqva nə deməkdir? Təqvanın mənası çoxlu ibadət etmək deyil. Bu, təqvanın nəticələrindən ola bilər, amma təqva bu deyil. Təqvanın mənası odur ki, insan hər bir işinə, qərarına nəzarət etsin, nə etmək istədiyini, ayağını hara qoyduğunu diqqətlə düşünsün.

Bəzən insan məst halda nə etdiyinə diqqət yetirmədən hərəkət edir, addım atır, qərar qəbul edir, hansısa bir işi görür, yaxud görmür. Bəzən də bütün bu işləri nə etdiyini bilərək yerinə yetirir. Bu, təqvadır.

Bizim keçmiş alimlərimizin sözlərində çox təkrar olunub ki, birindən “Təqva nədir?” – deyə soruşdular. Cavab verdi ki, indiyədək tikanlı yerdə yol getmisən? Bəziləri bunun hədis olduğunu düşünür, bəziləri isə böyük alimlərin birinə mənsub olduğunu deyirlər.

Siz bəzən asfalt üzərində yol gedirsiniz. Bu, bir növ yol getməkdir. Amma bəzən tikan kolları ilə dolu bir yerdə addımlayırsınız. Bu zaman elə addım atırsınız ki, tikan paltarınıza yapışmasın, ayağınızı yaralamasın. Təqva budur: diqqətlə addım atmaq.

Bu baxımdan, insan təqvalı olsa, imana nail olar; təqvasız olsa, nail olmaz.

Təqvasız adama “gəl yaranış haqda, varlığın məqsədi barədə düşün” dedikdə, cavab verir ki, get işinlə məşqul ol. Bu, təqvasızlıqdır. Təqvalı insan odur ki, varlıq aləminin məqsədindən, Allah və qiyamətdən söhbət düşdükdə fikrə dalır, düşünür və nəhayət, doğru yolu tapır. Bu barədə düşünmək təqvadır.

Mömin bəzən hərəkət və rəftarını imanı ilə tənzimləmir. Bu, təqvasızlıqdır. Bəzən isə tənzimləyir. Bu, təqvadır.

Quranda təqva haqda çox söhbət açılıb. Siz gənclərə uyğun misal həzrət Yusifdir. O, gənclik təqvasının təcəssümüdür. Yusifin əhvalatı Quranda bir surənin təxminən hamısını əhatə edib və ən yaxşı əhvalat, macəra adlandırılıb.156

Siz həzrət Yusifin əhvalatında ideal bir təqva nümunəsi görürsünüz. Bir ömür yaşayıb həyatda müəyyən təcrübələr əldə etmiş insanın təqvası daha təbii görünür, nəinki gənclik məstliyində olan bir gəncin təqvası. Gəncliyin özündə məstlik var. Gənclərin hamısı bir növ məstdirlər. Əlbəttə, bu məstliyin özü də bir nemətdir. Bu nemətdən yaxşı istifadə etmək olar. Belə bir məstlik halətində adı təqva olan sayıqlıq və diqqət böyük əhəmiyyətə malikdir. Buna görə də Yusifin hekayəsi Quran hekayələrinin hamısından yaxşıdır.

Yüsif peyğəmbərin hünəri təkcə bir cinsi ləzzətdən imtina etmək deyil, daha böyükdür. Siz tam kübar bir ailədə, evin xanımının xüsusi diqqət mərkəzində olan və evin kişisinin etimad etdiyi gözəl və ləyaqətli bir cavanı təsəvvür edin. Misir əzizinin evində hər cür insan mövcuddur: nökər, xidmətçi, işçi və sair. Şəxsiyyətli, ağıllı, gözüaçıq, nəcabətli, pak və olduqca gözəl olan bu cavan evin kişi və qadını tərəfindən sevilir. Bu evin bütün üzvləri bu cavana hörmət edir və əmrlərini yerinə yetirirlər.

İndi bu gənc bir imtahanla üz-üzə qalıb. Bu imtahanın təfərrüatını, qadının dəvətini və bu cavanın imtahandan necə uğurla çıxdığını hamınız eşitmisiniz, bilirsiniz. Öz ehtirasına üstün gəlmək məsələnin kiçik tərəfidir. Görün Quran nə qədər zəngindir! Bu hələ məsələnin kiçik tərəfidir.

Mən Qərb mədəniyyətinin çirkinliklərini ona görə təkrarlayıram ki, müqayisə məqamında aydınlıq və zülmət, təmizlik və çirkinlik qarşı-qarşıya dayanır.

Tanınmış yazıçı Stendalın “Qırmızı və Qara” adlı məşhur hekayəsi yüz ildir bütün dillərə tərcümə olunub. Bu hekayə bir neçə il əvvəl fars dilinə də çevrilmişdir. Burada da oxşar vəziyyət var: Bir gənc evə daxil olur. Əlbəttə, ev nisbətən kübardır, amma Misir əzizinin evi kimi deyil. Cavan da Yusif kimi deyil, amma həmin hadisə baş verir. Yəni evin xanımı bu oğlana aşiq olur.

Qadınla gənc arasında baş verənlər cinsi murdarlığın, xəyanətin, alçaqlığın, vəfasızlığın, şəhvətpərəstliyin və nəfsə qul olmanın bariz nümunəsidir. Stendal Qərb ədəbiyyatının korifeylərindəndir. Bu kitabına görə onun adı Fransanın birinci dərəcəli roman yazıçıları sırasında çəkilir. Bu əsər dünyanın ən yaxşı və ən məşhur on romanından biridir.

Baxın, belədir. O da dərsdir. Romanı təkcə baş qarışdırmaq üçün yazmırlar, onun mesajı var və bir mədəniyyətin göstəricisidir. Roman öz oxucusuna bir növ həyat dərsi verir.

Quran belə bir imtahan qarşısında Yusifi elə təsvir edir ki, insan bu əzəmətə heyran qalır. Həssas bir şəraitdə qadın bu cavanı yaxalayır, amma cavan onun əlindən qaçır və dərhal ittiham olunur. Bu zaman Misir əzizini otağın qarşısında görürlər.157 Qadın tez bu cavanı ittiham edərək deyir ki, günahkar budur. Sonra o, günahsız olduğuna görə xilas olur, qadının günahı sübuta yetir.

Bəli, bu, böyük bir imtahandır. Elə bir imtahandır ki, zəif formasında belə minlərlə insandan biri də uğurla çıxmır. Burada Yusif paklıq və təqva simvoluna çevrilir, lakin bundan da üstünü sonra gəlir.

Misirdə söz-söhbət gəzir ki, əzizin xanımı öz xidmətçisinə aşiq olub. O, ittihamları uzaqlaşdırmaq məqsədilə Misirin qadınlarını evinə dəvət edir və meyvə soymaq üçün hər birinin qarşısına bir bıçaq qoyur. Bunlar nağıl deyil, Qurandır, gerçəyin mətnidir. Müxtəlif məsələlərdə lazımsız məqamlardan yan keçən Quran burada məsələni təfərrüatı ilə çatdırır.

Qadın qonaqlarının hər biri üçün bir mütəkkə hazırlayır və sonra Yusifi qadınların gözü qarşısında məclisə daxil edir158. O, ittihamı özündən uzaqlaşdırmaq istəyir. Hansı ittihamı? Bu cavana aşiq olmaq ittihamını? Yox, yersiz hərəkət ittihamını. Demək istəyir ki, mən hərəkətini bilməyən qadın deyiləm. Yusif budur; kim belə bir gözəllikdən imtina etmək istəyirsə, buyursun.

Yusif məclisə daxil olur. Qonaqlar Yusifin gözəlliyinə elə heyran olurlar ki, hamısı əllərini kəsirlər. “Qəttə`nə”159 sözü ilə “qətə`nə” sözünün fərqi var. Qətə`nə - yəni kəsdilər. Qəttə`nə isə - yəni ciddi şəkildə yaraladılar. Şoka düşdüklərindən nə etdiklərini bilmirdilər. Onlar əllərini qanatdılar.

Sonra Misir əzizinin xanımı dedi ki, həmin cavan budur. And içdi ki, mənim iradəmə təslim olmasa, onu həbsə salacağam. Yusif məsələnin nədən ibarət olduğunu bilir. Ona deyiblər. Deyir ki, İlahi, həbs mənim üçün bu günahdan, bu həvəsbazlıqdan və bunların məni dəvət etdiklərindən yaxşıdır160.

Burada artıq məsələ bir cinsi istəkdən imtina etmək məsələsi deyil, hər bir şeydən keçməkdir: ağalıqdan, rahatlıqdan, onu sevən bir ailədə yaşamaqdan. Bu həyat onun üçün çox gözəl idi. Hər yerdə hörmət-ehtiram, təzim, parlaq gələcək, çoxlu pul, geniş imkanlar... Onun üçün hər şey var idi. O, bütün bunlara göz yumur.

Təqva budur. Həbsə düşür, həbsi bir ay, iki ay, altı ay, bir il çəkmir, bunun ümumiyyətlə, zamanı yoxdur. O dövrün həbsi belə idi ki, həbsə düşən artıq məhv olmuş sayılırdı. Bəzi hədislərə görə, o, 7 il, bəzilərinə görə isə 14 il həbsdə qaldıqdan sonra azad edilir və Allah-Taala onu mükafatlandırır.

Mənim əzizlərim! Mənim qız və oğullarım! Bunu da bilin ki, Allah-Taala sizin heç bir əziyyətinizi yaddan çıxarmayacaq. Çəkdiyiniz hansı əziyyətdə Allahı nəzərə almısınızsa, Allah-Taala mükafatını artıqlaması ilə verəcək. Bəzən insan əziyyət çəkir, amma onda Allahı nəzərə almır, Allah da adama heç bir şey vermir. Bəlkə də bəzi ziyarətnamə və duaların mətnində görmüş, yaxud eşitmisiniz ki, yazılıb: "səbrən və ihtisabən". Məsələn, İmam Hüseynə (ə) müraciətlə deyilir ki, dözdün və hesabladın, nəzərə aldın; yəni işini Allahın hesabına yazdın.

Gördüyün işin nəfsə və günaha görə deyil, Allaha görə, yaxud Allahın narazı olmadığı bir məsələdən ötrü olduğunu bilsən, sənin bir an əziyyətin, ruhi və mənəvi cəhətdən qatlaşdığın bir anlıq təzyiq, bir fiziki təsir, aclıq, susuzluq, ayağa bir daş dəyməsi, qan çıxması, bir böhtan, bir təhqir, bir ədalətsizlik, bir haqsızlıq, qərəzli şəkildə aşağı qiymətin verilməsi belə itib-batmayacaq, Allah yanında əcri olacaq.161


Pak qəlb və təmiz ruh

Siz gənclər pak, təmiz qəlblərə və saf ruhlara maliksiniz. Sizin işiniz bizdən daha asandır. Bu yolu bizdən daha tez gedəcəksiniz.162


Gənclərin mənəvi hazırlığı

Əgər xalqın gəncləri - Bəsic xalqın gənclərindən ibarətdir - bütün sahələrdə mənəvi, ruhi və daxili cəhətdən belə hazırlıqlı olsalar, bütün sahələrdə qalib və aktiv olarlar. Bir xalqın əsas gücü və gülü gənclərdir. Onlar bu hərbi, mədəni, iqtisadi hazırlıqlara malik olduqda özlərini göstərə bilərlər.163


Təqvanı qorumaq və vəzifəni bilmək

Ramazan ayı təqva ehtiyatını artırmaq üçün əlverişli zamandır. Təqva ehtiyatı isə hər bir fərdin və xalqın ən böyük sərvətidir. Bu ehtiyatı qoruyun. Xüsusən gənclər təqvanı, Allahın razılığını düşünmək, Quran və İslamın istədiyi vəzifəni tanımaq halını özlərində qorusunlar və buna çalışsınlar.164


Düzgün dini əməllə nəfsi paklamaq

Başqa bir xüsusiyyət də var, əgər sizdə olsa, həm həyatınız dövründə sizə faydalı olar, həm digərlərinə faydalı olar, həm də ölümdən sonrakı əbədi həyatda faydalı olar. Bu, mənəvi paklıqdır. Özünüzü paklayın. Bizim əziz gənclərimiz ilahi təlimlərlə, bəşər bilgiləri ilə və düzgün dini əməllə bu işi görə bilərlər. Bu gün ictimai məsələlər də dini sahəyə aiddir. İslam Respublikasında çox olan möhtəşəm mərasimlərdə - cümə namazlarından tutmuş qələbə yürüşünə qədər bütün mərasimlərdə iştirak etmək həm də dini işdir. Bu işlərlə öz nəfsinizi, pak və nurlu qəlbinizi daha da möhkəmlədin.165


Dini ixlas və təqvanı gücləndirmək

Siz gənc, təmiz və ixlaslısınız. Çalışın öz əməllərinizdə dini ruhiyyəni, ixlası və təqvanı bacardığınız qədər gücləndirin.166


Allah yanında ən sevimli şəxs

İlahi yardımlar birinci şərtdir. Allahla mənəvi əlaqəni möhkəm qorumaq lazımdır. Bizim inqilabımızda mövcud və ona lazım olan təqva və mənəviyyatı bərk qoruyun. Bu işdə xüsusən gənclər öncül olmalıdırlar. Çünki Allah yanında cəmiyyətin ən sevimli insanları təqvalı və mömin gənclərdir. Bu, Allahın bərəkətlərini cəlb edir və cəmiyyətdə İslam fəaliyyəti hissini canlı saxlayır. Allahla mənəvi əlaqəni qoruyun. Allah-Taala da Öz lütfünü, mərhəmətini və köməyini sizə nazil edəcək.167


Tövbə və günahlardan bağış istəyi

Gənclərə tövsiyə edirəm ki, ilahi rəhmət baharından istifadə edin, bağışlanmaq istəyin, Allahın qapısına gedin, bədən, ruh, düşüncə və qəlb günahlarından əfv diləyin. Bu şəkildə Allahdan bağış istəyi və Allaha qayıdış yeri olan bir cəmiyyət nurlu olacaq və buna görə Allah-Taala xeyir-bərəkətlərini nazil edəcək. Allahın rəhmətinə nail olmaq üçün Allahın qapısına getmək lazımdır.168


Mənəviyyat zirvəsinə doğru

Hegemonizmin peyk antenləri, film və kitabları vasitəsilə dünyada yaranmış zəhərli şəraitə rəğmən, İslam Respublikasında bir gənc özünü mənəviyyatın zirvəsinə çatdırmaq gücündədir.

Müharibəni bütün vücudunuzla dərk etmiş siz gənclər həmişə qəflətlə mübarizə aparmalısınız. Çünki gənclərin sağlamlığı cəmiyyətin sağlamlığının rəhnidir.169
Nəfsdən ehtiyatlı olmaq

Quran bizə deyir ki, ruhdan düşməyin və qəmgin olmayın, siz daha üstünsünüz. Ardınca isə buyurur: "Əgər mömin olsanız".170

Dediyim bu sözlərin hamısı o zamana aiddir ki, bizim Allahla əlaqəmiz yaxşı olsun. Bu, siz əziz gənclərin təqvalı olduğu, siz qadın və kişinin dini qorumağa, günahın şirinliklərinə təslim olmamağa, şeytanın təhriki qarşısında müqavimət göstərməyə çalışdığınız zamana aiddir. Və siz bunları bacararsınız. Biz sizin bacardığınızı görmüşük. Şeytanın ən böyük vəsvəsəsi canı qorumaqdır. Siz müharibə zamanı düşmənin başımıza yağdırdığı ardıcıl atəşləri altında nə qədər vuruşdunuz, qorxmadınız. Yoldaşınızın şəhid olduğunu, pak cəsədinin yanınıza düşdüyünü gördünüz, eyni zamanda düşmənin üzərinə getdiniz. Orada şeytanın təhriki çox güclü olur, şeytan qorxudur. Lakin sizi qorxuda, ələ ala bilmədi. Günah qarşısında da ələ ala bilməyəcək.171
Ehtirasların üzərinə ayaq qoymaq

Bu gün dünyanın harasında nəfs ehtiraslarının və maddiçiliyin üzərinə ayaq qoyub mənəviyyata sarı gedən gənclər tapılır?! Düzdür, bəzən haradasa bir gənc, iki gənc, yaxud bir müstəsna adam var. Bu, dünyanın hər yerində var. Lakin dünyanın harasında bir nəslin böyük bir hissəsi belədir? Buradan başqa heç bir yerdə.172


Təqva - yəni daim ehtiyatlı olmaq

Bilin ki, bu gün ölüm oxuduğunuz düşmənlərin silahlarından biri gənclərimiz qarşısında toxumlar səpməkdir; günah toxumu, günah və fəsad gözəlliklərinin toxumu.

Güclü ruh dayanmalı, bu gözəlliklərə təslim olmamalıdır. Ehtiyatlı olun. Bizim Bəsic üzvü olan gənclərimiz mömin, təmiz və pakdırlar. Lakin onların arasında güclü ruhu olmayan, düşmənin və şeytanın hiyləsinə uyanlar da ola bilər. Burada təqva işə yarayır. Təqva odur ki, daim özümüzdən ehtiyatlı olaq və səhvə yol verməyək.173
Ruhi və mənəvi paklıq

Əziz gənclər! Ruhi və mənəvi paklığı unutmayın. Xalqların, məmurların, böyük və kiçiklərin bütün bədbəxtliklərinin səbəbi xudpəsəndlik, eqoistlik, özünü əsas bilmək, tanrı etmək və öz daxilində firon yaratmaqdır. Bəzən insanın zahirində heç bir fironluq əlaməti olmur, lakin qəlbində firondur. Xudpəsəndliklər, eqositliklər, özünü əsas bilmək, öz istəklərini, ehtiraslarını, maraq və mənafeyini üstün tutmaq əksər fəsadların səbəbkarıdır. Odur ki, nəfsi paklamağa çalışın. Bu əsas işlər - ölkə quruculuğu istiqamətində görülənlər, mənəvi və daxili quruculuq və digər işlər bu gün hamımızın öhdəsinə düşən vacib əməllərdir.174


İnkişaf və özünüislah

Namaz

Baxın, mənim əzizlərim! Böyük və kiçik, qoca və cavan olmasından asılı olmayaraq hər bir insan səhvlərə yol verir, bəzi günahlar edir. Namaz isə həyatda müvəffəqiyyət qazanmaq istəyən adama böyük kömək göstərə bilər.

Quranın şərafətli ayəsində oxuyuruq ki, namazı günün hər iki tərəfində və gecənin bəzi hissəsində qılın. Çünki yaxşılıqlar pislikləri aradan qaldıra bilər. Namaz nurdur, zülmətləri ortadan götürür, pislikləri məhv edir, günahların təsirini ürəkdən təmizləyir. İnsanın bəzi çirkli işlərə bulaşması və əl-ayağının səhvə yol verməsi mümkündür. Əgər namazda möhkəm olsanız, bu nurluluq sizdə qalacaq və günah ruhunuza hopmağa imkan tapmayacaq.

Mən xahiş edirəm ki, namaz məsələsinə ciddi yanaşın. Əlbəttə, sizin hamınız namazqılansınız, lakin çalışın namazı yoruculuq və əzginlik halından çıxarın. Çünki belə adət halına düşmüş və necə deyərlər, tutuquşuluq peşəsinə çevrilmiş bir iş halından çıxara bilməsək, yorucu olacaq. Yəni insan ayağa qalxıb dəstəmaz alacaq və nə olduğunu bilmədiyi bir işi görməyə başlayacaq. Əgər sözlərin mənasını anlasanız, görərsiniz ki, namaz yorucu iş yox, ruh yüksəldən bir ayindir. Bu zaman insan namaza tələsər və “həyyə ələs-salah”, yəni “namaza tələsin” sözü gerçəkləşər.

Əlbəttə, mən demirəm ki, bütün namaz boyu onun mənalarını anlayın. Bu, çox xüsusi insanların işidir. Bizlər də bəlkə o şəkildə anlaya bilməyək. Amma ən azı, namazın bir hissəsini diqqətlə qılın, kiminlə danışdığınızı bilin, dediyiniz sözlərin mənasını anlayın. Mən hədisdə oxudum ki, namaz vaxtı yaxınlaşanda Peyğəmbər Bilala deyirdi: "Bizi rahatlandır, ey Bilal!" Yəni bizə rahatlıq gətir, azan çək ki, namaz qılaq.175


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə