12.06.2012
“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: Gələcək Naminə Bərabər
İmkanlar” mövzusunda Milli Konfrans keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyi Ümidli Gələcək Gənclər
Təşkilatı, UNİCEF-in Azərbaycan nümayəndəliyi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət
Kassaları Fondu, “Əflatun” – Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində
“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: Gələcək Naminə Bərabər İmkanlar” mövzusunda
Milli Konfrans keçirib.
“Hilton Baku” otelində keçirilən Konfransın əsas məqsədi uşaqlara erkən yaşlarından maliyyə
bacarıqlarını, düzgün maliyyə davranışını aşılamaqla onların və bəşəriyyətin gələcək rifahının
yüksəldilməsidir.
Konfransda xüsusi olaraq vurğulanıb ki, son zamanlar bütün dünyada əhalinin maliyyə
savadlılığının aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. Davam etməkdə olan
maliyyə böhranı şəraitində dünya ictimaiyyəti tərəfindən maliyyə savadlılığı əsas həyat bacarıqlarından
biri kimi dəyərləndirilir, maliyyə və iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir.
Tədbirdə Mərkəzi Bankın və Təhsil Nazirliyinin məsul əməkdaşları, UNİCEF-in Azərbaycan ofisinin
rəhbəri, “Əflatun” – Beynəlxalq Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi
Asiya regionu üzrə proqram rəhbəri, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları
Fondunun nümayəndəsi, eləcə də, müxtəlif dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən yerli və
beynəlxalq təşkilatların, bank və digər maliyyə institutlarının nümayəndələri iştirak ediblər.