Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə



Yüklə 28,99 Kb.
tarix05.10.2017
ölçüsü28,99 Kb.
#3291

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında»  Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli  Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



 1. «Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri»  təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ



 Bakı şəhəri, 23 may 2001-ci il

№ 98


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə



aldıqları əmək haqqının  və (və ya) başqa gəlirlərinin

 

NÖVLƏRİ

 

 1. Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən  tutulur:



 1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:

 pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə  əmək haqlarından;

  pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən;

  pul və natura ilə verilən mükafatlardan;

 iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə  pul və ya natura ilə verilən əmək haqqından; [1]

  işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və  isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;

  müvəqqəti əvəzetməyə görə ödəmədən;

  qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı  fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;

 qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə  edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;

  xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;

 il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;

 əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci  və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;

  qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından  verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.

 1.2. Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:

 məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);

 istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən; 

faktiki alınan pensiyadan;

 ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;

 aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; 

işsizlik müavinətindən.

 1.3. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən. [2]

 1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.

 2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin  qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, dövlət sosial müdafiə fonduna və digər məcburi ayırmaların //çıxarılıb// ödənilməsi Azərbaycan Respublikasının  Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.[3]

 3. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından,  hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.

 Ayda qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin 5 misli məbləğindən çox pul təminatı alan müddətli xidmət hərbi  qulluqçularından aliment ümumi əsaslarla tutulur.

 4. Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən hüquq  məsləhətxanalarında və qanunvericiliklə müəyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur.

 5. Aliment aşağıdakılardan tutulmur:

 yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da  daxil olmaqla);

 əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;

  maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;

 ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə  ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə  əlavələrdən;

 ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların  kompensasiyasından;

 işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və  müalicə profilaktika qidalarının dəyərindən;

 qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz  və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;

 sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;

  başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;

  işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən;

 yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından;

 gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin  və təşkilatların hesabına ödənilən müavinətlərdən;  elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan;

  ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan.

 6. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və  hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan  pul təminatının digər növlərindən aliment tutulmur.

 7. Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

1.       29 dekabr 2005-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1244)

2.       6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

3.       11 avqust 2008-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 780)

 

 
Yüklə 28,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə