Uşaqlarimiz üÇÜn ləyaqəTLİ ƏSƏRLƏr yaradaq



Yüklə 258,05 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü258,05 Kb.
#57344


UŞAQLARIMIZ ÜÇÜN LƏYAQƏTLİ ƏSƏRLƏR YARADAQ    

 

Uşaqlar xarici mühitə qarşı son dərəcə həssas olur, hər şeylə maraqlanırlar. Onlar düşüncələri 



dairəsində hər bir hadisənin mahiyyətini, mənasını dərk etməyə çalışırlar. Bu isə, tamamilə 

qanunauyğun bir haldır. Balaca insan dünyanın nədən ibarət olduğunu bilmək istəyir. O, mühitə 

münasibətində ancaq instinktlərin fəaliyyəti ilə kifayətlənmir! Uşağın hələ ayna kimi təmiz 

mənəviyyatı hər bir xarici təsiri maqnit kimi cəlb edərək özündə saxlayır. Uşaqlıq xatirələrinin 

aydınlığı, unudulmazlığı kimə məlum deyil?! Kim uşaqlıqda gördüyü tragik və ya gülməli bir 

hadisəni asanlıqla yaddan çıxarmışdır? 

Uşaqlıq iztirablarının bizim üzərimizdəki hökmü çox güclüdür. Bizim qarşımızda yeni insan 

xarakteri tərbiyə etmək kimi bir vəzifə durur. Biz ədəbiyyat və incəsənətin təsir gücünə inanırıq. 

Biz inamrıq ki

s

 Nizami, Mikelancelo, Servantes, Şekspir, Andersen, Bethoven kimi ayrı-ayrı 



şəxsiyyətlər bəşəriyyətin kamilləşməsində az rol oynamamışlar. Ona gorə də, uşaq ədəbiyyatının 

inkişafına bu qədər əhəmiyyət veririk. 

Bizdə uşaq ədəbiyyatı inqilabdan xeyli əvvəl yaranmışdır. Əlli-altmış il bundan qabaq Abdulla 

Şaiqin uşaqlar üçün yazdığı gözəl şeirlər, hekayələr meydana çıxmışdır. Bu əsərlərdə klassik bir 

aydınlıq, yığcamlıq və dürüstlük vardır. Ədib, uşaqların ruhuna nüfuz etməyi, onların dili ilə 

danışmağı, onların fıkir və xeyallarını həyatın gözelliklərinə doğru qanadlandırmağı istedadla 

bacarırdı. Uşaqlıqda uzun qış gecələrində biz gozlərimizi yumaraq «qırt-qırt» xanımla 

«şələquyruğ»un kəndin kənarında qaratikan kolu altındakı yuvalarında keçirdikləri səmimi, 

sülhsevər, mehriban həyat barəsində azmı xəyala dalmışıq?! Onların rahatlığını pozan Əkbər və 

Səfərin qarasına azmı acıqlanmışıq? Balalarını sevən, lakin tülkünün hiyləsini başa düşməyən 

hacıleyleyin axmaqlığı bizi azmı yandırmışdır?! Aradan otuz-qırx il keçməsinə baxmayaraq, 

uşaqlıqda oxuduğumuz bu hekayələr indi də yadımızdadır... Həqiqi sənət əsərinin təsiri, gücü 

belədir. Kim bilir, bu cür əsərlər bızim o zamankı uşaq təbiətimizdə nə qədər insani duyğuların 

baş qaldırmasına səbəb olmuşdur?! 

Seyid Əzim, Sabir, Əbdürrəhim bəy, Süleyman Sani kimi görkəmli sənətkarlarımız da uşaqlar 

üçün dəyərli əsərlər yazmışlar. İnqilabdan sonra bu ədəbiyyat yeni-yeni yazıçı və şairlərimizin 

yaradıcılıqları ilə zənginləşmişdir. Bu gün M.Seyidzadə, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi, 

Zeynal Cabbarzadə kimi yaşlı nəsil ilə yanaşı Teymur Elçin, Ələviyyə Babayeva, Həbibə 

Zeynalova, Xalidə Hasilova, Xanımana Əlibəyli, Hikmət Ziya, Tofiq Mütəllibov, Firidun 

Ağayev, Əfqan Əsgərov, Nəriman Süleymanov, Bayram Həsənov, Tofiq Mahmud, İsa 

Hümmətov, Sabir Məmmədzadə kimi istedadlı orta və gənc nəsil yazıb-yaratmaqdadır. Uzun bir 

yaradıcılıq yoıu keçmiş M.Seyidzadə, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi görkəmli 

sənətkarlarımızın - Sabirin, Abdulla Şaiqin, Süleyman Saninin ənənələrini müvəffəqiyyətlə 

davam etdirirlər. Bu hormətli sənətkarlarırmzın fədakar zəhmətləri təqdirəlayiqdir. Onlar uşaq 

ədəbiyyatma əməyə hörmət, zülmə

,

 istismara nifrət, xalq işini hər şeydən yüksək tutmaq kimi 



mövzular gətirmişlər. Onlar uşaq ədəbiyyatını yeni obraz, yeni məzmunla zənginləşdirmişlər. 

Qədim Şərq şeirinin parlaq ulduzlarına yaxşı bələd olan bu günkü uşaq ədəbiyyatının görkəmli 

nürnayəndəsi  - M.Seyidzadə öz əsərlərində balaca oxucularını həmişə xeyirxahlığa, yüksək 

əxlaq, təmiz vicdan sahibi olmağa çağrınr. O, öz əsərlərində sözçülüyə və uzunçuluğa yol 

vermir, mətləbin qısa, aydın, kiçik oxucuları üçün anlaşıqlı olmasına çalışır, Onun «Sözün düzü» 

adlı şeirində balaca Gülnaz işdən yorğun-arğın qayıtmış anasına çay tökərkən fincanı salıb 

sındırır, fikirləşir ki, bu iş üçün anası onu danlaya bilər. Ona görə də, hazırlaşır desin: «Fincanı 

yerə məstan pişik saldı.» Lakin elə bu zaman Gülnazın gozü bucaqda mürgüləyən, heç nədən 

xəbəri olmayan məstan pişiyə sataşır. Heyvanın günahsız gorünüşü qızı sarsıdır. Qız özünü 

təmizə çıxacmaq üçün ona böhtan atmaq istəməsindən utanıb xəcalət çəkir. Öz hərəkətinin 

qəbahətini dərindən hiss edir və balaca Gülnazın bir az bundan əvvəlki fikri mərdanə bir əhvali-

ruhiyyə ilə əvəz olunur. M.Seyidzadənin başqa şeirlərindən də belə misallar gətirmək olar. Uzun 

və ləyaqətli bir yaradıcılıq yolu keçən M.Seyidzadənin əsərləri uşaqların təlim-tərbiyəsində çox 

mühüm rol oynamışdır. O, tarixi movzuda da xeyli əsərlər yaratmışdır. Bunlardan «Şairin 

gəncliyi»ni və «Səbayel gözəli»ni xüsusilə qeyd etmək olar. 



Mikayıl Rzaquluzadənin şeiri, nəsri və tərcümələri bu günkü Azərbaycan uşaq ədəbiyyatında 

mühüm yer tutur. Onun əsərlərində öz kiçik qəhrəmanına dərin bir məhəbbət duyuJur. O, hər 

şeydən səmimiyyətlə, hərarətlə yazır. Onun nəsri bəzən mənsur şeirə çevrilərək, uşaqların 

qəlbində silinməz izlər buraxır. Onun belə əsərlərinin birində balaca qız tutqun bir payız günü 

xan çinarın yerə əyilmiş budağında rəngi saralıb-solmuş bir yarpaq görərək, əlini uzadıb onun 

tozunu silmək istəyir. Yarpaq qopub qızın əlində qahr. Qız sarsılır. Şair yazır: «Qızcığazın körpə 

ürəyinin hərarətindən, ana südü kimi saf, təmiz məhəbbətindən solğun yarpaq sanki canlanır, dilə 

gəlir: 


- Gözlərin dolmasın, balacan, dərd olmasın bu sənə! Mən qocaman xan çinarın yarpağıyam, 

yalnız bircə yarpağı. 

Biz yarpaqlar gəldi-gedərik, xan çinar sağ olsun, var olsun, balacan!.. 

Mən də, bu solğun yarpaqlar kimi, ana torpağın qoynunda günəşin hərarətinə, yağışın rütubətinə 

qarışacağam, yenə xan çinara qovuşacağam, balacan! Bir gün yenə bahar gələcək, güllü-çiçəkli 

bahar... 

Səhər-səhər gün işığında xan çinarın işım-işım işıldayan yamyaşıl yarpaqları içində məni də 

görəcəksən, balacan, görəcəksən. 

Dan yelləri əsəndə, xan çinarın xışıldayan səsində, göylərə ucalan torağayın səhər nəğməsində, 

ana torpağın ətirli nəfəsində mənim də səsimi eşidəcəksən, nəfəsimi duyacaqsan, balacan, 

eşidəcəksən, duyacaqsan! 

Bahar gələcək, güllü-çiçəkli bahar! 

Xan çinar var olsun, balacan, yerli-yataql;, şaxlı-budaqlı xan çinar!» 

Bu cür əsərlər adama zövq verir. Bu əsərdə Andersen, Turgenev nəsrinin ətrini duyursan. Qoca 

xan çinar bütün əzəmət və gözəlliyi ilə qarşında canlanır. Xalqın ölməzliyi, fəlsəfəsi səndə 

məğrur hisslər doğurur. Uşaqlar üçün də, böyüklər üçün də təsirli yazmaq lazımdır. Həqiqi sənət 

əsəri təsirsiz ola bilməz. Realizm adi faktlan, adi hadisələri sadəlövh bir tərzdə təsvir etmək 

deyil, realist sənət ictimai situasiya ilə əlaqədar olaraq, insanın daxili aləmini, hadisələrin 

mahiyyətini, psixoloji prosesləri, emosional halları dərindən və yüksək bədiiliklə açıb göstərmək 

tələb edir. 

Biz dekadentliyin, sentimentalizmin ona görə əleyhinəyik ki, bu cür ədəbi məktəblərdə empirik 

intibalar ön plana çəkilir. Real həyatın, ağlın hökmü, böyük ictimai problemlər unudulur. 

Mühüm ictimai məsələləri sönük, quru bir tərzdə qələmə almağı heç bir vəchlə doğ-rultmaq 

olmaz. Əgər, əsər bədii cəhətdən zəifdirsə, o nə böyüklərə la-zımdır, nə də kiçiklərə. 

Tolstoyun dediyi kimi, uşaqlar səmimiyyəti və saxtakarlığı duymaqda son dərəcə həssasdırlar. 

Onlar ürəkdən gəlməyən, saxta qızıl parıltısı verən «əsəri» sevib yadlarında saxlaya bilmirlər. 

Uşaqlar üçün yazan istedadlı yazıçılarımızın, o cümlədən, Mikayıl Rzaquluzadənin əsərlərindəki 

səmimiyyəti, hərarəti, incəliyi çox qiymətləndirmək lazımdır. 

Mikayıl Rzaquluzadənin şeirlərində, hekayələrində texniki qüsurlar, dil xataları yox deyildir. 

Lakin onun əsərlərindəki səmimiyyət və bədiilik hər şeyə üstün gəlir. Mikayıl Rzaquluzadə 

qardaş xalqların, eləcə də Avropa ölkələrinin poeziyasına vaqif olan mədəni bir yazıçıdır. Bu, 

onun orijinal əsərlərində də, tərcümələrində də hiss edilir. Onun Heynedən, Hötedən, 

Lermontovdan, Mayakovskidən etdiyi tərcümələr mədəniyyətimizə gözəl xidmətdir. 

M.Rzaquluzadənin əsərlərində vətən, xalq məhəbbəti güclüdür. 

Eyni sözləri istedadlı şairə Mirvarid Dilbazi haqqında da demək olar. Vətənə, xalqa bağlılıq, 

heyranlıq onun şeirlərində sanki incə bir musiqiyə çcvrilir. Bu musiqidə elə bil ki, bahar 

sularının şırıltısını, yenicə qayıtmış sığırçınların, qaranquşlarm həyəcanlı səslərini eşidirik. Ağ, 

çəhrayı meşə çiçəklərinin rayihəsini duyuruq. Şairədə Azərbaycan təbiətinə bir vurğunluq vardır 

və az qala bu nəcib hiss onun zərif şeirlərinin bir leytmotivinə çevrüir. Elə bil ki, o, Azərbaycan 

çöllərində bitən hər otu, hər çiçəyi bütün rəngləri ilə, ətri ilə tanıyır. Elə bil ki, o, yosunlu qayalar 

altından qaynayıb çıxan, səhər günəşinin ziyasını almaz kimi əks etdirən bulaqların ipək dağ 

otlarının arası ilə axaraq çınqıllı dərəyə töküldüyünü görür. O, öz duyğularını kiçik oxucularının 

dərhal qavrayacağı sadə, səmimi bir dillə ifadə edir. O, yaz yağışını bir rəssam kimi təsvir edərək 

yazır: 



 

Şimşək çaxdı uzaqlarda 

Quşlar susdu budaqlarda. 

Yağış gəldi, dağı aşdı, 

Çiçək-çiçəyə dolaşdı. 

Yağış ötdü yağa-yağa, 

Günəş işıq saçdı dağa 

Al qırmızı, əlvan, parlaq... 

Yel dağıtdı buludları, 

Yaşıllaşdı dağ otları. 

 

Dağlarımıza, çöllərimizə yağan yaz yağışının yaratdığı bu mənzərələr hansımıza tanış deyil?! Bu 



cür əsərlər gözəl Azərbaycan təbiətini uşaqlara sevdirməklə bərabər onların estetik zövqünü də 

tərbiyə edir, mənəvi aləmlərindəki işığı gücləndirir. İnsani hisslərin qanadlanmasına xidmət edir. 

Lakin şairə uşaqlara yalnız təbiəti sevdirməklə qalmır. Onun sərt üzünü də göstərir. Təbiətin 

fırtına və tufanı ilə, quraqlıq və selləri ilə ataların mübarizəsini də təsvir edir. «Günəş, külək, su 

və ilanın nağılı», «Babaların su həsrəti» belə əsərlərdəndir. Şairə ictimai əməyin, ictimai 

mübarizənin üstünlüyünü də eyni ilhamla, eyni hərarətlə tərənnüm edir. Həyatda nəyin yaxşı, 

nəyin pis olması haqqında da söhbət açır. 

Təəssüflə demək lazımdır ki, Mirvarid Dübazi və Mikayıl Rzaquluzadə kimi istedadlı, mədəni 

yazıçılarımız da bəzən uzunçuluq bəlasından yaxalarını qurtara bilmirlər. Məsələn, Mikayıl 

Rzaquluzadənin «Qaranquş yuvası», «Boz bülbülün nəğmələri», Mirvarid xanımın «Babaların su 

həsrəti» poemalarında mətləb xeyli uzanmışdır. Təcrübəli yazıçılarımıza xatırlatmaq lazımdır ki, 

bu, uzunçuluq, sözçülük deməkdir. Sözçülük isə, sənətin qatı düşmənidir. Bəzən elə poemalara 

rast gəlirsən ki, misraların sayı çox olmasa da, yenə uzun görünür. Çünki belə əsərlərdə müəllif 

kiçik bir şeirdə ifadə ediləcək fıkri yaymışdır, mətləbi uzatmışdır, məhz «poema» yazmaq 

istəmişdir. Qısa yazmaq, az sözlə çox fikir ifadə etmək kosmos əsrinin tələbidir. Biz uşaqlar 

üçün də irihəcmli romanlar, poemalar yarada bilərik. Lakin mətləb, məzmun, fikir bu həcmə 

cavab verməlidir. Məgər Mark Tvenin, Jül Vernin, Mayn Ridin, müasir fransız yazıçısı 

Simenonun və başqalarının romanlarını uşaqlar nəfəslərini çəkmədən oxumurlarmı? 

Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında gorkəmli

 

xidmətləri olan şairlərimizdən biri 



də Zeynal Cabbarzadədir. O, həm böyüklər, həm də kiçiklər iiçün yazan, rəvan bədii dilə, lirik 

ahəngə malik məhsuldar bir şairdir. Onun onlarca gözəl mahnıları kimə məlum deyil? O, həmişə 

səmimi və açıq qəlblidir. O, nəğmələrinin birində qəhrəman dəniz neflçilərinə müraciətlə yazır: 

 

Mən sizin üçün oxuyuram 



Bu şən nəğməni. 

Qoy eşitsin dənizdəki dostlarım məni. 

Əziz neftçilər,  

Sizdədir hünər! 

 

Bütün zəhmətkeş insanlar şairin dostudur. O, sanki hər nəğməsində uşaqlara, gənclərə xitabən 



deyir; «Həyatı sevin, namuslu zəhməti sevin! Yaxşı insanları sevin!» 

Zeynal Cabbarzadənin əsərlərində məhz şairanə bir humanizm, beynəlmiləl bir ruh vardır. Onun 

«Dnepr sahillərində» poeması buna yaxşı bir misaldır. Rəvan bir təblə yazılmış bu poemada şair 

Azərbaycan xalqı ilə Ukrayna xalqının böyük dostluğundan, bu dostluğun çətin günlərdə 

möhkəmləndiyindən danışır. Qardaş Ukrayna gənclərinin də bu poemanı maraqla oxumaları heç 

də əbəs deyildir. 

Zeynal Cabbarzadə gənclərin ruhunu, sevincini duyan bir şairdir. O, neçə ildir ki, «Pioner» 

jurnalına bacarıqla, müasir zövqlə rəhbərlik edir. 

Teymur Elçin və Xanımana Əlibəylinin son dövrdəki əsərləri ilə uşaq ədəbiyyatımıza təzə bir 

nəfəs gəlmişdir. Bu iki şairin yaradıcılığı arasında ruhən bir yaxınlıq vardır. Onların hər ikisi 

uşaqlar üçün təzə söz deməyə, mümkün qədər qısa, aydın və bədii yazmağa cəhd edir. Hər ikisi 

uşaqların qəlbinə girməyi, onların dili ilə damşmağı bacarır. Hər ikisi dünya uşaq poeziyasının 




ən son naiİiyyətlərindən öyrənir. Lakin onlar yazı tərzi, mövzu və üslub cəhətcə bir-birilərindən 

tamamilə fərqlənirlər. 

Teymur Elçinin hələ altı yaşı tamam olmamış kiçik qəhrəmanı Yaşar gözüaçıq, oynar - gülər, 

zirək bir oğlandır. Civə kimi daima horəkətdədir. Daima, nə isə, təzə bir şey axtarır, özünə təzə 

bir sənət seçir. Gah fütbolçu olur, gah boksçu, gah şofer, gah saatsaz, gah da şair. 

Yaşar, eyni zamanda, tez-tez fikrə dalan, ətrafinda baş verən hadisələrin mənasını, günəşin, 

Ayın, ulduzların sirrini dərk etmək istəyən ağıllı bir oğlandır. O, gördüyü, duyduğu hər şeylə 

maraqlanır. Onun mənəvi aləmi olduqca rəngarəngdir. Onun yeni-yeni qanadlanan körpə xəyalı 

sanki bütün kainatı qavramaq istəyir. Onun bu narahat psixolojisi «Qızıl UIduz

;

 Yaşar və Nur 



nənə» poemasında gözəl və şairanə təsvir olunmuşdur; 

 

Gecə yandan keçib – 



Yatır dağlar, təpələr. 

Yuxuya getmiş dəniz 

-Dincin alır ləpələr. 

Yatıb quşlar, balıqlar, 

Su üzündə qayıqlar. 

Yatıb güllər, çiçəklər, 

Yuxu görür böcəklər. 

Hanıı yatmış nə vaxtdır, 

Təkcə Yaşar oyaqdır. 

Budaqları əyərək 

Pəncərədən baxır Ay, 

Mehriban bir atıatək 

Çalır Yaşara Iayla. 

 

Sonra Yaşar onun pəncərəsinə düşən «Qız - ulduz»un kömək və bələdçiliyi ilə Aya uçur. 



Ulduzlar aləmini görür... Nur nənə ilə tanış olur. «Qız - ulduz» hər şeyi ona başa salır. Yaşar 

Ayda bizim vımpelimizi axtarır. 

Aydın, sadə və bədii bir dildə yazılan, maraqlı yığcam süjeti olan bu poema körpələrin xəyalını 

zənginləşdirir. Ayın, ulduzların bir sıra sirləri ilə onları tanış edir. Onları həqiqi dostluğa, 

cəsurluğa çağırır. 

Körpələrin psixolojisi baxımından müəllifin «Bahar, adlar, uşaqIar», «KörpəIər» və «Bip-bip» 

poemaları da son dövr uşaq poeziyamızm dəyərli əsərlərindəndir. Müəllif sərrast müşahidəyə 

malikdir, uşaqların əhvali-ruhiyyəsini yaxşı bilir. Onun əsərlərində müasirliklə milli kolorit üzvi 

surətdə birləşir. Onun kiçik qəhrəmanı yeni dövrün, yeni mədəniyyətin meyvəsi olmaqla bərabər, 

bütün təbiəti ilə, bütün xarakterik cizgiləri ilə azərbaycanlıdır. 

Xanımana Əlibəyli öz kiçik qəhrəmanının ictimai rəftarına, əxlaqi vərdişlərinə, məktəbə, elmə 

olan həvəsinə daha çox təsir göstərməyə çalışır. Onları həın əzizləyir, həm də tənqid edir. 

 

Hesab dərsində Xalıq 



Göstərdi çox «qoçaqlıq». 

Hər kim lovhəyə getdi, 

Yerindən «kömək» etdi. 

Dəftərdə qalıb gözü, 

Xalıqa bax, Xalıqa. 

Lövhəyə çıxıb özü 

Dönüb dilsiz balığa.

 

 



«Gülyaz» şeirində isə oxuyuruq: 

 

Əlaçı oldu Gülyaz 



O, heç kəsi tanımaz... 

A Gülyaz, bu nə işdi? 

Yerişin də dəyişdi. 

Oxşatmısan Özünü 

Sən lap hacıleyləyə. 

Göyə dikmə gözünü, 




Yıxılarsan xəndəyə.

 

 



Elə bil ki, bu parçalardakı sözləri deyən, Xalıqı və Gülyazı tənqid edən müəllif deyil, uşaqların 

öz yoldaşlarından biridir. Burada ifadə tərzi də, xəfif istehza da məhz uşaqlara məxsusdur. Belə 

yaza bilmək yazıçıdan, şairdən həqiqi istedad tələb edir. Bizdə elə əsərlər vardır ki, onlarda 

personajın öz sözü, öz fikri, öz xəyalı yoxdur. 

İnsam da, ağacı da, daşı da yazıçıya, sənətkara hiss etdirən onun istedadıdır. Bu olmayan yerdə 

də saxtakarlıq başlayır. 

Xanımana Əlibəylinin «Novruz və Murtuz», «İşləməyən dişləməz» kitabları korpələrə  gözəl 

hədiyyədir. Teymur Elçində olduğu kimi, Xanımana Əlibəylidə də körpə qəhrəmanı 

ərköyünləşdirmə, başını sığallama, yerli-yersiz üzünə gülümsəmə kimi sadəlövh hallar yoxdur. 

Hər şey, hər münasibət mədəni, ciddi və eyni zamanda, incədir. Qoy balaca qəhrəman indidən 

hiss eləsin ki, onun qarşısında ağıllı, ləyaqətli vətəndaş olmaq kimi bir vəzifə durur. 

Xanımana Əlibəyli heç bir çətinük çəkmədən yazmağı bacaran yüksək mədəniyyətli bir şairə 

olduğu halda az yazır. Biz ona daha məhsuldar, daha sürətli yaradıcılıq günləri arzu edirik. 

Şair Hikmət Ziya təmsil və nağıllarla bərabər, məktəblüərin həyatından kiçik şeirlər də yazır. 

Əlbəttə, bu şeirlərin içində nəzər-diqqəti cəlb edənləri vardır. Lakin şəxsən məni ən çox 

maraqlandıran onun təmsil yazmaq meylidir. Çünki şeirimizin bu gözəl sahəsi zəif inkişaf edir. 

Bizdə dildən-dilə düşən, dərin, ağıllı təmsil azdır. Ona görə də, təkrar edirəm ki, ciddi, təvazökar 

bir yoldaş olan Hikmət Ziyanın təmsil və nağıl yazmaq həvəsi təqdirəlayiqdir. Ədəbi tənqid onun 

yaradıcılığını diqqətlə izləməli və kömək etməlidi. Təmsil asan janr deyildir. O, sözə son dərəcə 

qənaət, böyük bir fıkri, dərin fəlsəfi bir nəticəni bir neçə misrada sərrast ifadə eləyə bilmək 

bacarığı istəyir. Hikmət Ziyanın «Qurbağanın səhvi», «Qanadlı pələng», «Damcı və dağ çayı» 

kimi mənalı, gözəl məzmunlu təmsilləri vardır. Bunlar bizə Hikmət Ziyadan daha 

müvəffəqiyyətli, daha bitkin əsərlər tələb etməyə haqq verir. Lakin onun nağıl və təmsilləri 

içində zəiflərinə daha tez-tez rast gəlirik. Məsələn, «Şəriklər» təmsilində siçovul üə xoruz şərikli 

buğda əkirlər. Siçovul çəkilib kənarda duraraq, bütün işləri xoruza gordürür. Xoruz əkib-becərib 

məhsulu toplayandan sonra siçovul ona deyir: 

 

Sünbüt qılçıqlarını, 



Samanları sən apar, 

Dolan payızı, qışı, 

Keyfı kok, damağı saz. 

Buğda da mənə qalsa, 

Güzəranım pis olmaz.

 

 



Balaca oxucu dərhal soruşacaq: nə üçün xoruz siçovulun bu həyasız ağalığına razı olur? 

Əgər, xoruz qorxaq və ya axmaq idisə, bu təmsildən aydın olmaiı idi. Klassik təmsillərdəki 

ustalıq və gözəllik bir də ondadır ki, bu təmsillərdə təsvir olunan hadisələrlə əsl həyat arasında 

simvolik bir yaxınlıq, bir uyğunluq vardır. Hər bir fıkir möhkəm əsaslandırılmışdır. Hər şeydə 

dolayısı ilə bir həyat həqiqəti vardır. Hikmət Ziyanın «Ağlın gücü» adlı nağılında dovşanın 

qulağına qırxayaq girir. Yoldaşları nə qədər əlləşirlərsə, quxayağı dovşanın qulağından çıxara 

bilmirlər. Gedib çaqqalı köməyə çağırırlar. O da gəlib çıxara bilmir. Canavarı çağırırlar, çıxara 

bilmirlər, pələngi çağırırlar, o da bacarmır, axırda qarışqa məsləhət görür ki, dovşanın qulağına 

su töksünlər, qırxayaq boğulub ölsün. Dovşanlar sevinib qarışqanın tədbirini həyata keçirərək 

yoldaşlarını xilas edirlər. Mən, qırxayağın fızioloji xüsusiyyətlərinə yaxşı bələd olmadığım üçün, 

qarışqanın nə qədər ağıllı məsləhət verdiyi barədə söz deyə bilmərəm. Lakin bu nağılı oxuyan 

uşaq, o saat düşünəcək ki, «görəsən, canavar nə üçün elə bu dovşanların özlərini parçalayıb 

yemədi?» Axı, ondan belə xəyanət gözləmək olardı? 

Amma, məsələn, «Tülkü Həccə gedir» nağılında toyuqların sadəlövhlüyündən istifadə edərək, 

onları qırıb-çatan hiyləgər tülkünün hərəkəti uşaqlara dərhal təsir edir. Çünki burada simvolik 

mənada heç bir qeyri-təbiilik, heç bir uyğunsuzluq yoxdur. El təmsillərində, el nağıllarında da 

belədir. 



Biz Hikmət Ziyanın təmsil yazmaq qabiliyyətinə inandığımız üçün onu tələsməyə, öz bilik və 

müşahidəsini durmadan artırmağa, təmsilləri üzərində dərindən düşünüb-daşınmağa, inadla 

işləməyə çağırırıq. Unutmamalı ki, hər təmsil, hər nağıl özü-özlüyündə tam bir aləmdir. 

Bu günkü uşaq nəsri haqqında düşünərkən, birinci növbədə, xəyalımda üç ədibə canlanır: 

Həbibə, Ələviyyə, Xalidə. Bunların nəsri müasir uşaq ədəbiyyatımızın həqiqi inkişaf yollarında 

olduğuna yeni bir misaldır. Xalidə Hasilova uşaqların fəaliyyətinə, kollektivdə özlərini necə 

aparmalarına, yoldaşlıq, dostluq münasibətinə, böyük yaradıcılıq işləri gedən mühitimizin onlara 

olan təsirinə daha çox fikir verir. Məsələn, «Mübarək olsun» adlı kiçik hekayəsində Zərifə, Nailə 

və yoldaşları martın səkkizində səhər tezdən durub, süpürgəçi Məsmə xala işə gələnə qədər onun 

sahəsini tər-təmiz süpürürlər. Sonra arvadı iri bir gül dəstəsi ilə qarşılayıb bayramını təbrik 

edirlər. Ədibə bu bir səhifəlik hekayəsində zəhmətkeş insana hörmətin gözəlliyini öz kiçik 

oxucularına hiss etdirir. 

«Yağışlı gündə» adlı hekayənin qəhrəmanı Rasim gündüz yoldaşına söz verdiyi üçün, axşam 

qopan tufana baxmayaraq, riyaziyyat kitabını aparıb ona çatdırır. Nəticə aydındır. Nə olursa-

olsun, insan öz sözünə əməl etməlidir. 

«Dənizdə kəpənəklər» hekayəsində dalğalar, fırtınalar arasında yaranmış şəhər balaca Ulduzun 

xəyalında əfsanəli bir aləmdir. Görəsən, bu şəhərdə gül-çiçək varmı? 

Dənizdən neft çıxaran babası o əfsanəli şəhərdə bitən güllərdən də balaca Ulduza hədiyyə gətirir. 

Əlləri, paltarı mazuta bulaşmış qoca neftçinin bu zərif hədiyyəsi, kim bilir, balaca Ulduzun 

qəlbində nə qədər gözəl hisslər doğuracaq. 

«Şaftalı ağacı» hekayəsində anası balaca Sevdaya yatanda gözləri yumulan, ayılanda «ana» 

deyən bir gəlincik alır. Gəlinciyin paltarı eynilə qapılarındakı şaftalı ağacının çiçəklərinə 

bənzəyir. Qız bu oxşayışın təsiri altında şaftalı ağacından bir budaq qırıb torpağa sancır. Anası 

soruşanda, öz gəlinciyi üçün şaftalı ağacı əkdiyini söyləyir. Anası da onu başa salır ki, hər şeyin 

öz vaxtı var. İndi əkilən şaftalı ağacı bit-məz...

 

Xalidə Hasilova həyata fəal müdaxilə eləyən bir yazıçıdır, O, gəzir, müşahidə edir. Onun uzaq 



Qazaxıstan çölləri haqqında da «Diyarın gözəlləri» kimi şirin, maraqlı hekayələri vardır. Lakin 

Xalidənin bəzən hədəfə dəyməyən, əsl məsələdən yan keçən əsərləri də olur. Məsələn, 

«Küçəmizin adı» hekayəsində balaca Rəna küçənin adının nə üçün Ağa Nemətulla olduğunu 

anasından soruşur. Anası da Ağa Nemətullanın məşhur neftçi olduğunu ona başa salır.

 

Qız anasının bu məlumatından sonra Ağa Nemətulla kimi neftçi olacağına söz verir.



 

Doğrudanmı, ədibə, ananın verdiyi bu quru, ümumi məlumatın təsiri altında balaca Rənanın 

neftçi olmaq həvəsinə düşəcəyinə inamr? Əgər, bütün bunlann əvəzinə məşhur neftçinin 

qəhrəman həyatmdan kiçik, tutarh bir əhvalat təsvir edilsəydi, həm də ədibənin başqa he-

kayələrindəki kimi, bədii şəkildə təsvir edilsəydi, onun təsiri, şübhəsiz, belə gücsüz olmazdı.

 

... Uşaq və gənclər üçün xeyli hekayə, povest və oçerklər müəllifi olan Ələviyyə öz 



qəhrəmanlarının mənəvi aləmində gedən prosesləri, emosional halları eks etdirməyə çalışır. 

Buna ən yaxşı misal onun «Dürdanə» povestidir. Ədibə balaca Dürdanənin xarici mühitlə 

təmasını və bu təmasın onun təbiətində, ruhi aləmində doğurduğu reaksiyaları sanki addım-

addım izləyir. Ağlınıın, xəyalının hər dəqiqə, hər an irəliyə doğru qanad çaldığını, güllər-çiçəklər 

üzərində uçuşan kəpənəklər kimi bir hadisədən, bir mənzərədən başqasına keçdiyini görür,

 

Dürdanə həyatda hər şeyi bilmək, öyrənmək istəyir, hər şeyə cavab axtarır.



 

Ədibə bütün bunları uşaqların yaşına, ağıl səviyyəsinə uyğun axıcı, bədii bir dillə, səmimi bir 

üslubla təsvir edir. Ələviyyənin nəsrindəki bu xüsusiyyətlər, qəhrəmanlarının daxili aləminə 

daha çox nüfuz etmək meyli bu günkü uşaq ədəbiyyatımız üçün qiymətlidir. Lakin ədibə bəzən, 

elə bil, uşaqlar üçün danışdığını unudur. Məsələn, «Dürdanə» povestindəki «Sayalı nənənin 

nağılı» indiki uşaqları keçmişin pis günləri ilə tanış etmək nöqteyi-nəzərindən yaxşıdır. Lakin o, 

povesti xeyli ağırlaşdırmışdır. Bir də ki, hər bir povestdə keçmişin pisliyini təsvir etmək də vacib 

deyil. Bu barədə ayrıca da yazmaq olar.

 

Hələ məktəb yaşına çatmamış və ya çatmış körpələr üçün yaranan nəsrin inkişafında Həbibənin 



görkəmli xidməti vardır. O, uşaqların gündəlik həyatından, onların xəyal və düşüncə aləminə, 

özlərinə məxsus fəaliyyətlərindən kiçik, maraqlı hekayələr yazır. O, uşaqların gözü ilə görməyi 




bacarır. «Ata, ona de ki, çığırmasın», «Qapıya gələn qovmazlar», «Hamı deyir mən yaxşı qızam» 

və sairə hekayələri buna misaldır. 

Həbibə hekayələrin tərbiyəvi əhəmiyyət daşımasına xüsusi fikir verir. Onun dili aydındır, 

sadədir. Uşaqlar üçün kiçik hekayələrini maraqla oxuyurlar. 

Bu gözəl cəhətlərlə bərabər, Həbibənin əsərləri haqqında bir neçə tənqidi qeyd demək istəyirəm, 

Onun bəzi hekayələri elə təsir bağışlayır ki, elə bil, körpələr haqqında böyüklər danışır. Bu çox 

zaman tələsməkdən, ötəri müşahidədən doğur. Bu cür yazanda dil də ağırlaşır, mətləb də uzamr. 

Uşaqlar üçün yazan nasirlərdən Nəriman Süleymanovla Bayram Həsənovun mövzuları bir-birinə 

çox yaxındır. İkisi də yaxşı bildikləri kənd həyatından real hadisələr, səhnələr canlandırmağı 

bacarır. Bayram Həsənovun hekayələri əksərən qısa, yığcam olub, kiçikyaşlı uşaqların ruhuna 

daha yaxındır. Nəriman Süleymanov isə, ümumiyyətlə, uşaqlar üçün yazır. Onların qəhrəmanları 

bərkə-boşa dözümlü və qoçaqdırlar. Yalnız öz xeyirlərini güdmürlər. Dostluqda, yoldaşlıqda, 

xalq işində sədaqətli və möhkəmdirlər. Bu cəhətdən Nərimanın «Maral və naxış», Bayramın 

«Zoğallı dərədə» hekayələri xarakterikdir. 

Uşaqlar üçün yazan başqa müəliiflər də vardır. Bunların sırasında Fikrət Sadığı, Tofiq 

Mahmudu, İsa Hümmətovu, Kamran Məmmədovu, Vaqif Nəsibi, Adil Rəsulu və başqalarını 

qeyd etmək olardı. Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev, 

O.Sarıvəlli, N.Rəfibəyli, Qılman Musayev, B.Bayramov, Ənvər Əlibəyli, H.Abbaszadə, Yusif 

Əzimzadə, Seyfəddin Dağlı, N.Babayev, S.VəIiyev, Gülhüseyn Hüseynoğlu, S.Qədirzadə kimi 

ədib və şairlərimiz də ara-sıra uşaqlar üçün maraqlı əsərlər yazırlar. 

Göründüyü kimi, uşaq ədəbiyyatı istər formaca, istərsə də məzmun etibarilə getdikcə 

kamilləşməkdə, daha yeni, daha müasir keyfiyyətlər qazanmaqdadır. Lakin bu gün onun 

haqqında düşünərkən çox ciddi qüsurlarını da gorməyə bilmirik. 

Hər şeydən əvvəl, uşaq ədəbiyyatımızda bir mövzu məhdudluğu, bir meydan darlığı olduğunu 

qeyd etmək lazımdır. Qələmə alınan mühüm məsələlər, əsasən, bunlardan ibarətdir: kollektiv 

əməyi sev. Məktəbi sev. Yaxşı oxu, yaxşı işlə. Həmişə öz xeyrini güdmə. Səni əhatə eləyən 

əşyanı tanı. 

Əgər, biz uşaq ədəbiyyatına yeni və ləyaqətli bütöv insan yetişdirməyin əsas və güclü təsirə 

malik vasitələrindən biri kimi baxırıqsa, o zaman yalnız bu kiçik dairədə hərəkət eləyə bilmərik. 

Biz deyirik ki, yeni insan yaltaq olmasın. İkiüzlü və satqın olmasın. Xırda təbiətli xəbis 

adamların əlində alət olmasın. Öz insanlıq ləyaqətini itirməsin. Yalançı və paxıl olmasın. İzzət-

nəfsinin, şəxsiyyətinin ayaqlar altına düşməsinə yol verməsin. Biz istəyirik ki, bu günün yaradıcı 

insanı, ruhən cəngavər olsun, Məşhur rus yazıçısı Qaydarın yaratdığı Timur surəti öz mərdlik və 

cəsarətilə kiçik bir cəngavər deyilmi? Lakitı bizim uşaq ədəbiyyatımızda hələ Timur kimi 

qəhrəmanlar, cəsurlar yoxdur. Jül Vernin qəhrəmanları kimi təbiətin sirlərinə, fırtına və 

tufanlarına qalib gələn, ən qorxulu, ən çətin anlarda belə insanlıq ləyaqətini itirməyən adamlar, 

Cek Londonun qəhrəmanları kimi dəmir iradə sahibləri yoxdur. Bizdə Nikolay Ostrovskinin, 

Fadeyevin gözlərinə güllə sıxılanda belə «uf» deməyən qəhrəmanları da yoxdur. Məgər, 

Azərbaycan xalqının keçmiş cəsurluğu, bu günkü fədakarlığı ən böyük şərəfə layiq deyilmi? 

Yoxsa, Azərbaycan xalqının qəhrəmanlıq dastanı Koroğlu ilə bitib getmişdir?! 

Bizim istedadlı uşaq yazıçıları gözəl və nəcib xalqıımzın nə keçmişi, nə də indisi haqqında hələ 

diqqəti cəlb edəcək bir qəhrəmanlıq əsəri yaratmamışlar. Səməd Vurğun: 

 

Dağlar başı qalalardır, 



Babalardan yadigardır.

 

 



deyəndə sinəmiz qürurla qabanr. Lakin çox təəssüf ki, o qalaları yarat-mış, o dağlarda yadelli 

düşmənlərlə vuruşmuş igid babalanmızın xa-tirələri bugünkü uşaq ədəbiyyatımızda 

unudulmuşdur. Halbuki onlann Savalandan, Qoşqardan, Şah dağmdan, Üçtəpədən, Salvartıdan 

gələn səsləri indi də qulaqlarımızdadır. 

Öz vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz. 

Mən ziyah (azərbaycanh) tanıyıram ki, İlisuyun harada olduğunu, haraya Şəmkir deyildiyini, 

Qarabağın haradan başlayıb harada qurtardığını bilmir. 



Bilmir ki, qəhrəman şuşalıların, qarabulaqlıların, gəncəlilərin, muğanlıların, şirvanlıların, 

təbrizlilərin yadelli işğalçılarla aparmış olduqları Ölüm-dirim vuruşlarını tarix unutmamışdır. 

Bilmir ki, Ağaməhəmməd şah Şuşa qalasını mühasirəyə alanda azərbaycanlıların göstərdikləri 

igidliklər elə, bir qəhrəmanlıq dastanıdır. 

Bilmir ki, Gəncə qalasındakı qılınc səslərinin əks-sədası hələ də eşidilməkdədir. Bizim 

uşaqlarımız lap körpəlikdən dərk etməlidir ki, Azərbaycan xalqının igid və şərəfli bir keçmişi 

vardır. Dərk etməlidir ki, hələ səkkiz əsr bundan qabaq bütün dünya bilirdi ki, Nizami kimdir, 

Gəncə haradadır, dərk etməlidir ki, dord yüz il bundan qabaq Füzulinin misrası insan qəlbinin ən 

ali duyğularını tərənnüm etmişdir. Dərk etməlidir ki, Azərbaycan xalqı həmişə əyilməz və 

məğrur olmuşdur. 

Keçmişdə yaxşı nə varsa, xalq yaratmışdır, onun içindən çıxmış dühalar yaratmışdır! 

Vətənə, ana torpağa bağlılıq, onu sevmək, insanın təbiətində baş qaldıra biləcək xırda yaramaz 

ehtiraslara qalib gələn qüdrətli bir hissdir. Biz bu hissin tərbiyəsi məsələsini unuda bilmərik. 

Nə üçün uşaq ədəbiyyatı yaltaqlıq, ikiüzlülük, paxıllıq kimi pisliklərin üstündən keçir? Yoxsa, 

bizim cəmiyyətimizdə daha belə hal-lar yoxdur? Əlbəttə, bu cür düşünmək özünü aldatmaq 

olardı. Geridə qalmış, paxıl, xəbis, acgoz idarə başçılarının kölgəsinə sığınan yaltaqların, 

ikiüzlülərin bizim cəmiyyətimizə vurduqları ziyan kimə məlum deyil?! 

Unutmamalıyıq ki, yalnız yaxşını göstərməklə uşaqların təbiətinə təsir etmək olmaz. Biz 

adamlarımızı lap körpə yaşından humanizm ruhunda tərbiyə etməliyik. Lakin bizim 

humanizmimizin çox ədalətli bir xüsusiyyəti var; dosta dost ol, düşmənə düşmən. Dost yolunda 

heç nə əsirgəmə, düşmənə isə, aman vermə!.. 

Biz lap köhnə yaşlarından qüvvətli xarakterlər uğrunda mübarizə aparmalıyıq. Uşaqlarda öz 

güclərinə qüvvətli inam hissi tərbiyə etməliyik. Bir çox mənəvi eybəcərliklər məhz bu hissi 

itirməkdən doğur. Məsələn, məlumdur ki, paxıllar, əksərən, öz gücunə, öz istedadına inanmayan, 

təbiətən miskin adamların arasından çıxır. 

Bu günkü uşaq ədəbiyyatımızın ciddi qüsurlarından biri adı dillərə düşən ümumiləşmiş kiçik 

qəhrəman surətinin yaranmamasıdır. Halbuki bizim dahi el ədəbiyyatımız bu cür qəhrəmam 

çoxdan yaratmışdır. Ağıllı, kələkbaz, məzəli cırtdanın nağılları uşaqların yadına düşəndə 

üzlərində xoş bir təbəssüm zahir olur, Cırtdan hər bir çətinlikdən çıxmagı, özündən çox-çox 

güclü nəhənglərə - ayılara, canavarlara qalib gəlməyi bacarır. Cırtdan babasını, qoca nənəsini 

sevir. Cırtdanın bütün hərəkətlərində bir nikbinlik, bir yumor vardır. Uşaq yazıçılarımız nə üçün 

el ədəbiyyatının bu gözəl təcrübələrindən istifadə eləmirlər? Bu nöqteyi-nəzərdən məsələn, 

Fikrət Sadığın «Cırtdan rəsədxanada» poeması maraqlıdır. Qoca nənəsi üçün odun şələsi aparan 

cırtdan nağıllardan çıxıb Cəngi meşəsindəki rəsədxanaya gəlir və şair onun bu yeni dünyaya olan 

maraq və heyranlığını çox təbii və gözəl təsvir edir. Məşhur italiyan uşaq yazıçısı Conni 

Rodarinin nağıllarındakı kiçik oğlan, Aleksey Tolstoyun məşhur Buratino surəti də belə 

qəhrəmanlardandır. 

Uşaqlar üçün irihəcmli romanlar, povestlər yazmaq lazımdırmı? Şübhəsiz lazımdır. Dünya 

ədəbiyyatında bunun ən gözəl nümunələrini Mark Tven yaratmışdır. «Şahzadə və dilənçi», «Tom 

Soyerin macəraları», «Heklberri Finnin macəraları» dünya uşaq ədəbiyyatının şah 

əsərlərindəndir. Marşakın, Çukovskinin, Conni Rodarinin gözəl yaradıcılığı göstərir ki, biz 

uşaqlar üçün ən böyük məsələlərdən də, məsələn, hətta dövlətlər arasındakı münasibətdən də 

yaza bilərik. Lakin belə şeyləri uşaqların ruhuna uyğun, onların anlayıb başa düşəcəkləri bir dillə 

ifadə etmək üçün həm dərin bilik, həm də istedad və ustalıq lazımdır. 

Xarici ölkələr, onlardakı həyat bizim uşaq ədəbiyyatımız üçün toxunulmamış, örtülü bir aləm 

olaraq qalmaqdadır. Təbiidir ki, mövzu dairəsi nə qədər geniş, nə qədər rəngarəng olsa, uşaqların 

dünyagörüşünə, zehni inkişafına, mədəni yüksəlişinə o qədər müsbət təsir göstərər. Maarif naziri, 

professor Mehdizadə bu yaxınlarda, «Müəllim qəzetində çap etdirdiyi qeydlərində müasir elmin, 

texnikanın uşaq ədəbiyyatına təsiri məsələsini çox düzgün qoymuşdur. Bu iki yaradıcılıq prosesi 

həmişə bir-birilə əlaqədar olmuşdur. Atom enerjisinin tapılması və istifadə edilməsi, kosmosun 

fəthi, Aya, ulduzlara gedən maşınlar, «düşünən» mexaniki adam və sairə və sairə, uşaq-gənclər 

ədəbiyyatı üçün son dərəcə maraqlı bir mövzu və material mənbəyidir, ilham və romantika 




mənbəyidir. Lakin uşaq və gənclər ədəbiyyatı iyirminci əsrin bu böyük möcüzələrindən çox-çox 

geridə qalmışdır. Bu ədəbiyyatın səhifələrindən səmaya baxanda, əksər hallarda, Ay yenə də 

«göylərin solğun bənizli gəlini, ulduzlar da nəhəng bir tağ üzərinə düzülmüş daş-qaşdır.» 

Emin Mahmudov və Namiq Abdullayevin elmi-fantastik əsərlər yazmağa təşəbbüs etmələri 

yaxşı hadisədir. Lakin onların yaradıcılıq inkişafı çox ləng gedir. 

Əsrin sürəti, elmi vüsət əsərlərimizdə duyulmalıdır. Sən hiss etməlisən ki, bu əsər məhz 

iyirminci əsrə mənsubdur. Bu nöqteyi-nəzərdən uşaq və gənclər üçün yazan dramaturqlarımızm 

da fəaliyyətində xeyli kəsir vardır. Son illərdə Bakı Uşaq yə Gənclər Teatrında Yusif 

Əzimzadənin, Qeybulla Rəsulovun, Rauf İsmayılovun, Ramiz Heydərin, Firidun Ağayevin, 

İsgəndər Coşqunun, müəllim Teymur Məmmədovun pyesləri göstərilmişdir. Onlardan 

«Anacan», «Nəsrəddin» (Yusif Əzimzadə), «Əlvida, Hindistan» (Qeybulla Rəsulov), «Son 

məktub» (Rauf İsmayılov), «Zəng səsləri» (Ramiz Heydər), «Xoruz» (Firidun Ağayev) uşaqların 

rəğbətini qazanmış və xeyli müddətdir ki, səhnədən düşmürlər. Bu pyeslərdə səmimi yazılmış, 

müvəffəqiyyətlə tamaşaya qoyulmuş səhnələr vardır. Onların quruluşları rejissor işi cəhətdən də 

diqqəti cəlb edir. 

Bu pyeslər haqqında vaxtında yazıldığından mən onların geniş təhlil-tənqidindən vaz keçərək, 

uşaq və gənclər dramaturgiyasının əsas qüsurlarını qeyd etmək istəyirəm. 

Uşaqlar üçün yazılan səhnə əsərlərinin əksəriyyətində bir dayazlıq, bir adilik və qeyri-təbiilik 

vardır. Yüz dəfə deyilmiş, çeynənmiş bir fıkrə əsasən sadəlövh bir tərzdə dayaz, standart 

hadisələr uydurulur. Səhnəyə çıxarılan personaj süni, primitiv mühakimələr yürütməyə, bəzən 

güldürmək, bəzən ağlatmaq xatirinə gülünc hərəkətlər etməyə, gülünc sözlər danışmağa başlayır. 

Hər şeydə bir çılpaqlıq, bir səthilik duyulur. Mənfı adamlar öz pisliklərini hər addımda nümayiş 

etdirirlər. Ağılsız hərəkətlər, etiraflar edirlər. Tamaşaçını heç bir zəhmətə salmadan, heç nə 

düşünməyə vadar etmədən özləri-özlərini ifşa edirlər. Belə əsərlərin müəllifləri unudurlar ki, heç 

kəs ayranına turş deməz! Heç kəs doşünə döyüb öyünməz ki, «görürsünüz, mən necə pis 

adamam...» 

Yüz dəfə təkrar edib demək lazımdır ki, biz, uşaqlarımızı mərdlik, igidlik, alicənablıq ruhunda 

tərbiyə etməliyik. Bizim müsbət qəhrəmanlarımız məhz bu tələblər əsasında yaranmalıdır. Xalq 

ölməzdir. Xalqın böyük ənənələri həmişə yaşayır, böyük ürəkləri həmişə ləyaqət və iftixar 

duyğuları ilə döyündürür. Biz lap körpəlikdən uşaqlarımızda xəbislərə, satqınlara, vətənə, xalqa 

xəyanət edənlərə qarşı dərin və amansız nifrət oyatmalıyıq. Biz özünü, öz xalqını, onun böyük 

idealını, keçmişini, gələcəyini dərk etməkdə uşaqlarımıza kömək etməliyik. 

Uşaqlar üçün yazılan səhnə əsərlərinin ciddi qüsurlarından biri də arxaizmdir. Dramaturqlarda 

yeni ifadə tərzi, yeni dramatik yollar axtarıb tapmaq meyli hiss olunmur. Biz, cəmiyyətin inkişafı 

ilə əlaqədar olaraq meydana çıxan yeni məzmunu, yeni ideyaları daha parlaq surətdə ifadə eləyə 

bilən yeni üsullar, yeni formalar axtarıb tapmağa məcburuq. Bu zamanın tələbidir. Yenilik 

məzmunda olduğu kimi, formada da zəruridir. Yenilik axtararkən ağıllı cəsarət lazımdır. 

Ləyaqətli ənənələrə arxalanmaq lazımdır. Yuxarıda dediyim kimi, bir sıra yaxşı tamaşalar verən 

Uşaq və Gənclər Teatrının yenilik axtarışları, Moskvada və başqa şəhərlərdə qazandığı 

müvəffəqiyyətlər təqdirəlayiqdir. Teatrda Z.Nemətov, K.Həsənov, U.Rəfıli kimi bacarıqlı 

rejissorlar, A.Seyidov, F.Xəlilov kimi istedadlı rəssamlar işləyir. 

Lakin Uşaq və Gənclər Teatrı yeni və dəyərli səhnə əsəri uğrunda zəif mübarizə aparır. 

Respublikamızın təcrübəli dramaturqları ilə teatrın əlaqəsi yox dərəcəsindədir. Teatrda yetişən, 

uşaqların rəğbətini qazanan artistlər bəzən başqa teatrlarda daimi işə gedirlər. Guya ki, bu teatra 

şöhrətli artist lazım deyilmiş. Əksinə, biz, başqa teatrlarda olduğu kimi, Uşaq və Gənclər 

Teatrında da istedadlı, bacarıqlı sənətkarların yetişməsinə çalışmalıyıq. 

Uşaq ədəbiyyatının nəşri də çox mühüm məsələdir. Uşaqlar üçün çap olunan əsərlərin bədii 

tərtibatı son illərdə xeyli yaxşılaşmış, xeyli müasir olmuşdur. Məsələn, 1964-cü ildə «Azərnəşr» 

el ədəbiyyatı əsasında «Getdim, gördüm» adlı bir kitab buraxmışdır. Kitabdakı əsərləri Əhliman 

Axundov toplamış, şəkilləri isə istedadlı rəssam Elçin Məmmədov çəkmişdir. Elə bil ki, 

rəssamın müasir zovqü, novatorluğu uşaqlar üçün yaranmış gözəl el sözləniiə yeni bir ruh, yslub, 

yeni bir


 

təravət vermişdir. Elə bil ki, hər şəkildə, hər detalda, nə isə, tamam yeni bir sevinc, yeni 




bir xoşbəxtlik işığı var... Demək nəşriyyat orqanlarımız kitabların bədii tərtibatında Elçin 

Məmmədov kimi novator rəssamlardan nə qədər çox istifadə eləsələr, o qədər düzgün hərəkət 

etmiş olarlar. Arxaizm məzmunda da, formada da dözülməzdir. Əlbəttə, uşaq ədəbiyyatının 

nəşrində bəzən ciddi nöqsanlara da rast gəlirik. Kitablar bəzən pis kağızda, pis şriftlərlə çap 

olunur. Şəkillər bəzən zövqsüz və arxaik olur. 

«Göyərçin» jurnalının rolunu xüsusilə qeyd etmək lazımdır. Körpələr arasında çox yayılan bu 

jurnal axır illərdə yaxşı çıxır. Əsərlərin məzmununda da, bədii tərtibatında da bir təzəlik hiss 

olunur. 


Məlumdur ki, bizim uşaq yazıçılarımızın əsərləri Moskva nəşriyyatlarında da ara-sıra çap edilir. 

Məsələn, Süleyman Vəliyevin neçə illər bundan qabaq yazmış olduğu «Şor cüllütü» povestinin 

az vaxtda üç dəfə nəşr edilməsi yaxşı hadisədir. 

Lakin bu azdır. Bir çiçəklə bahar olmaz. Uşaq ədəbiyyatımızın ən yaxşı əsərləri tərcümə olunub 

ümumittifaq miqyasına çıxarılmalıdır. 

Bizdə geniş təbliğ və təqdir olunmalı uşaq ədəbiyyatı yaranmaqdadır. 

Ümid edirik ki, bu ədəbiyyat yeni-yeni gözəl əsərlərlə daha da zənginləşəcəkdir!.. 

«Azərbaycan» jurnalı, 

N12, 1966-cı il

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 258,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə