Vaqif Bəhmənli şair, əməkdar mədəniyyət işçisi Yerdən göyə, göydən yerə kitab



Yüklə 103,15 Kb.
tarix01.12.2017
ölçüsü103,15 Kb.


Vaqif Bəhmənli

şair, əməkdar mədəniyyət işçisi

Yerdən göyə, göydən yerə kitab

Qorxma, gözün kor olunca oxu, ayrı bir gözün açılacaq...

Dünyanı sona yetirən fəlakət anında hər şeydən öncə kitabxanaların xilası ən doğru seçim olardı. Yalnız bu halda neo-sivilizasiyalar antik eralarda bizim mövcudluğumuzdan xəbər tuta, məhz unikal təcrübə və dəyərlər hesabına sadəlövh bir zillətlə milyon ilə keçdiyimiz yolu tez bir zamanda adlaya bilərlər. And olsun o məhşər gününə ki, həm də bizim kitablar yeni dünyanı insan əclaflığının təkrarından qoruyacaq...

Hamı” kitabından.



***

Sizə elə gəlmirmi ki, yaxşı kitab haqqında danışmaq insana az qala həmən o yaxşı kitabı oxumaq qədər zövq və fərəh verir... Təbii, bu zövq və fərəhin mənbəyi hər dəfə ayrıca götürülmüş hansısa bir əsərə, kitaba (istər bədii, istər elmi) bağlı olacaq...

İş burasındadır ki, bu sətrləri qələmə almaqda məqsəd bir qədər fərqlidir. Fikrimiz ümumiyyətlə kitab, onun təsir gücü, çağdaş zamanımızda artıb-azalan dəyəri, vaxt və söz, cəmiyyətin kitabla təmas imkanının hüdudları barədə mülahizələri bölüşməkdir.

Demək olar, hamı kimi mən də alman mühəndisin ixtira etdiyi, sonralar dünyanın simasının dəyişməsində misilsiz rol oynayan çap dəzgahını və o dəzgahda işıq üzü görən ilk kitabı (“İncil”dən parçalar) görməmişəm.

Bununla belə qəlbimin, heç özümün də gedib çata bilmədiyim və yəqin ki, insan ömrünün çox... çox qısa olmağı səbəbindən heç zaman gedib çata bilməyəcəyim dərinliyində kitaba bağlılığın ən azı milyon illik qosqoca tarixini hiss edirəm...

Məncə, kitab insanın yaranışına bizim bildiyimizdən qat-qat artıq xidmət göstərib. Çünki, kitab hikməti yalnız bir sivilizasiyanın, yəni bizə məxsus (miladdan öncəki, miladdan sonrakı) dünyanın təkbaşına yaratdığı qüdrət ola bilməz...


***

Elə bilməyin ki, Müqəddəs kitabların göydən enməsi haqqında inanc və etiqad təsadüfidir. Nə bilmək olar, göydən nazil olan müqəddəs kitablar bəlkə bir zaman bizdən irəliyə məxsus, yerdəki başqa bir sivilizasiyadan qoparaq göyə çəkilibmiş...

Kitab haqqında düşüncələr həmişə adamı çıxılmaz bir dərinliyə aparır.

Şumer əlifbası, Orhon-Yenisey yazıları, Misir papirusları, minlərlə dana dərisi üzərində qərar tutaraq əfsanələri, əsatirləri, mifləri anladan mətnlər...

Sizcə, mən ən qədim tarixdənmi danışıram? Amma bir qədər öncə işarə etdiyimiz eyhama hörmətlə yanaşılsa, dərhal aydın olar ki, şumerlərdən üzü bəri yazının, kitabın möhtəşəm tarixi onların qədim tarixi ilə müqayisədə dünən qədər yaxın görünür. Sanki lap buradadır; göz qabağında, əl çatan yerdə, burnumuzun ucunda...

Görəsən, yaşına-başına görə dünyanın ən sanballı, ən qocaman kitabxanası haradadır? İsgəndəriyyə, Hindistan, Yunanıstan, Roma, İran, İraq, Vatikan, Drezden... civarlarında?

Qoy bu suala biblioqraflar cavab axtarsınlar. Mən isə elə buradaca proloq gəzişmələrinə ara verib sizə yer kürəsinin qədimdən qədim kitabını və kitabxanasını nişan vermək istəyirəm.

O, çox qədimdə, həm də indinin özündədir... O, çox uzaqda, həm də yaxındadır – gözümüzün önündə, əlimiz çatan yerdə.

Təsəvvür edirsiniz, dünyanın ən qədim kitabı və kitabxanalarından biri bizim vətənimizə məxsusdur. Bu, qədim Qobustanın qayaüstü yazılarıdır. Daş, qaya üzərində mükəmməl bir sənətkarlıqla, plastik və obrazlı təfəkkür işığında, mübhəm, amma çox anlaşıqlı tərzdə bu günün dünya vətəndaşına ən qədim dünya vətəndaşı haqqında mətləblər anladan yazılar bizim Vətənimizin alın yazısı kimi görünür.

Bu hələ azdır; Qobustan Tarix kitabxanasının məcburi nüsxəsidir! Əlbəttə, orada hər hansı bir məqsədlə milli mənsubiyyət axtarmaq xülyasına düşsək, ifrata varmış olarıq. Çünki Qobustan ümumən insanlığa məxsus ibtidai və müdrik bir saxlancdır, yazı məbədidir. Bu qəribə qayalar üzərində təsvir edilən ov mərasimi, çal-çağır, rəqs, baş ucundan günəş doğan, dəryalara baş vuran balıqçı qayığı, qadın, kişi, ox, yay... at, öküz, keçi... vahid bir alanda birləşərək qədim dünyanın həqiqətən də pozulmaz portretini yaradır, antik yaddaşı bu günə daşıyır.

Hərdən düşünürəm, Qavaldaş bizim indi icad etdiyimiz səsli kitabın (danışan kitab) əcdadıdır... Tədqiqatçıların yozumuna görə Qobustanda daş belində burun-buruna təsvir olunmuş iki keçi sevgi rəmzidir. Mən bir dəfə bu barədə belə yazmışam:
İki keçi daş belində

cızılıb burun-buruna –

Qobustan daş dilində

məhəbbət deyilir buna.


Sevən könül divdi, fildi –

kürəyində daş daşıyır,

İki keçi milyon ildi

ot yemir... ancaq, yaşıyır!


Cüt buynuzda qalxır qaya,

daşın başı havalıdı –

Biri durub Leyli sayaq,

biri Məcnun misalıdı.


Özümü saldım çətinə,

cavan ömrü verdim hədər.

Sevgi keçi qiymətinə,

sevmək olmur keçi qədər!..



***

Qobustan deyilən qaya kitabını həyatımda ilk kərə qatar pəncərədən görmmüşəm... heyrətdən gözüm böyüyüb.

Bizim böyük Bəhmənlinin tən ortasından dəmiryolu keçir. O vaxtın ifadələri ilə desək, “teplovoz”ların, “paravoz”ların dartıb apardığı yük vaqonları, böyrünə “Bakı”, “Moskva”, “Leninqrad”, “Rostov”, “Naxçıvan”, “Erevan”, “Noraşen”, “Culfa”, hətta “Tehran” sözləri yazılmış sərnişin vaqonları işıldaq dəmir relsləri taqqıldada-taqqıldada ötüb keçəndə ətrafdakı bir-iki mərtəbəli kərpic evləri titrətmə tuturdu. Adamlar o evlərin titrətmə tutmasının şiddətindən bilirdilər ki, ötüb-keçən yük qatarıdır, yoxsa sərnişin. Sarısaç, qırmızısaç xanımları, qəşəng-qəşəng qızları, şux geyimli oğlanları, panamalı kişiləri, rəngbərəng işıqları, qəribə qoxuları və bütün bunlarla bir yerdə şirin və sonsuz xəyallarımızı dartıb aparan bu vaqonları təşnə və təlaş içində gözləyir, gün işığında par-par yanan pəncərələri macəra kitabları kimi gözümüzlə yeyirdik. Hə, pəncərədən baş uzadıb boylanan insanlar da mənim nəzərimdə rəflərə düzülmüş kitablara oxşayırdılar. Elə biz də, heç kəsi gözləmədikləri halda qatar duracağında səf-səf düzülən adamlar - bekar-behdin kişilər, səhərin gözü açılandan ilim-ilim itib, gecəyarısı ac-yalavac evə qayıdan dəqiqə çörək təknəsinə təpilən nəzarətsiz uşaqlar da oxunmaq üçün sinov gedən kitablar kimiydi. Nə bizim oxumağa əlimiz yetirdi, nə də bizi oxuyan gəlib çıxırdı...

Bu qatar epizodunu havayı yerə xatırlamadım. Axı bayaq dünyan ən qədim daş kitabını, qaya kitabxanasını – Qobustanı ömrümdə ilk dəfə vaqon pəncərəsindən seyr etdiyimi demişdim. Qatar Bakıya yaxınlaşanda, daha doğrusu biz “Duvanlı”ya çatanda axşamüstü idi, batmaqda olan Günəşin işığı Qobustan qayalarının qara kölgələrini bir az da tündləşdirirdi. Saysız-hesabsız nəhəng qaya parçaları ilə örtülmüş yamac qabarıq hərflərdən tökülmüş açıq kitaba oxşayırdı...

Vaqonumuz “plaskart” idi deyin dəmiryolunun hər iki tərəfini görə bilirdim. Səhv etmirəmsə, Qobustan qayaları ilə dənizi ilk dəfə və eyni anda gördüm.

Elə təsəvvür yaranmasın ki, iki möcüzənin arasından keçdiyim o unudulmaz gün sözün qəti və gerçək mənasında kitabla tanış olduğum gündür. Bu, qeyri-real bir düşüncə olardı; əvvələn ona görə ki, indiki halda söhbət məcazi kitabdan gedir. Bu bir yazı üslubudur və söz əlində aciz qalan bir qələm sahibi kimi kitaba olan ehtiramımı tam çatdıra bilmək üçün bu yola əl atıram. Üstəlik həmən o iki möcüzənin (Xəzər və Qobustan) arasından keçdiyim gün orta məktəbin 9-cu sinfində oxuyurdum, tətil vaxtıydı, anam məni Bakıya aparırdı, vağzaldan taksi tutub Keşləyə, Əziz xalagilə gedəcəkdik.




***

Poçtalyon Məti rəhmətlik atama qəzet gətirirdi. Amma orta məktəbin birinci sinfinə gedənə qədər evimizin içində, yaxud çölündə hansı kitabı görmüşəm, hansı kitabı varaqlamışam, ümumiyyətlə kitab görmüşəmmi? – xatırlamıram. Yox, xatırlayaram evimizin çardağından yəqin ki, atama məxsus olan iki əjərli kitab tapmışdım, hələ əlifbanı bilmirdim, elə ondan da soruşdum ki, bu kitabların adı nədir? Atam kitablardan birinin “Gülüstan”, digərinin isə ”Bustan” olduğunu dedi.


***

Rəmzi kitablar, bənzətmələr bir tərəfə, o zaman, bizim kəndimizdə türkün ana kitabı “Kitabi-Dədə Qorqud”un adını tutan yox idi. Mən bu möhtəşəm abidənin varlığından 8-ci sinfində oxuyarkən xəbər tutdum, dərs proqramına daxil idi onun öyrənilməsi. Yeri gəlmişkən, keçmiş təhsil sistemində, məsələn, konkret olaraq Azərbaycan dili və ədəbiyyat dərsləri inanılmaz dərəcədə yüksək səviyyədə öyrədilirdi. Xüsusilə, XIX əsrə qədər olan şifahi və yazılı ədəbiyyat. Sonralar Universitetin jurnalistika fakültəsində oxuyarkən həm Azərbaycan dili, həm də ədəbiyyat fənləri üzrə yeni biliklərim çox cüzi oldu, lap dəqiqi orta məktəbdə oxuduqlarımı təkrarladım. “Kitabi-Dədə Qorqud” kitabını da birinci kursda oxuyanda gördüm...

“Müasir Azərbaycan dili”ndən seminar müəllimimiz, onsuz da saralıb-solmuş kitabın ömrünü bir qədər uzatmaq xatirinə ona ağ kağızdan əlavə üzlük çəkmişdi. O, sanki vərəqləyərkən əzilib sınacağından qorxurmuş kimi dastanın Türkiyə çapını bizə göstərdi və təhsil alacağımız beş il müddətində məhz bu kitabın bünövrə olacağını ifadə edən nələrsə dedi.

Sözün açığı, mən bayatıların, ağıların, nağılların, xüsusilə “Əsli və Kərəm”, “Koroğlu”, “Abbas və Gülgəz” dastanlarının, “Molla Nəsrəddin” lətifələrinin köynəyindən çıxmışdım və uzun müddət “Kitabi-Dədə Qorqud”la dostlaşa bilmədim. Sonra onu hər cümləsinin altından xətt çəkərək kəlmə-kəlmə oxuyanda anladım ki, VII-IX yüzilliklərdə belə bir ədəbi-bədii kompozisiyaya, bu siqletdə nəqli dilə malik olan xalqın hardasa itib-batmış, tarixin hansı mərhələsindəsə heç ağıla gəlməyən bir axara qoşulub başqa bir şəkil almış dərin qaynaqları vardır. Hansı məqamdasa ibtidai, çölçü olan bu insanların, Dədə Qorqud qəhrəmanlarının düşüncəsinə məxsus obrazlılıq, müdriklik, estetik kamillik həqiqətən də heyrətamizdir və indinin özündə - aradan yüz illər keçəndən, yüz minlərlə kitablar yazılandan sonra da ulu dastanın tayı-bərabəri yoxdur.


***

Təsəvvür edin ki, tədricən kitaba yoluxuram və üç-dörd cümlə yazandan sonra sizin gözünüzün qabağında həyatımda ilk dəfə ayağımı kitabxananın kəndarına qoyacağam. Hansı bir yazıçısa özündən sonra əlinə qələm alanlara məsləhət görüb ki, yazarkən mənasını bilmədiyiniz sözlərdən istifadə etməyin. Mən heç bilmirəm ki, “kəndar” sözü hansı anlamı verir, amma indi mənim təsəvvürümdə kəndar kitabxananın elə bir ərazisidir ki, səninlə kitabların səf-səf düzüldüyü rəflər arasında az qala çənəyə çatan hündürlükdə taxtadan mühəccər var... Gördüyüm ilk kitabxananı, Bəhmənlidəki məktəb kitabxanasını təsvir edirəm. Bəxtimdən oranı anam süpürürdü, hətta kitabxanaçı olmayanda belə oraya girmək şansım vardı, açarın biri anamdaydı...

Dərs kitablarını da sevirdim. İndi də şəxsi kitabxanamda hər sinfə aid, həm də bütün fənlər üzrə kitabları qoruyub saxlayıram.

Dərslik insana sistemli düşünmə imkanı yaradır, bu kitablar əsasında yaddaşda biliklərin xronologiyasını tərtib etmək o qədər də çətin deyil.

Bununla belə, dərslik söhbətini bir kənara qoyuram. Çünki elə indicə körpəlik illərində gördüyüm, vərəqləri un kimi ovulmuş iki kitabı xatırlayıram. Rəhmətlik Şirin dayımın həyat yoldaşı vardı, Gültab bibi deyirdik. Orta təhsilli bu qadın M.S.Ordubadinin “Qılınc və Qələm” romanını böyük həyəcan və çılğınlıqla əzbər danışırdı. Elə bil əsəri Ordubadi yox, bu özü yazıb. İlahi, o, M.Ə.Sabirin “Hophopnamə”sindəki şeirləri əruzun və satirik şeirini bütün ifa qaydalarına əməl edərək necə ürəkdən söyləyirdi?! Mən əliqabarlı fəhlənin, əməyi zay olan əkinçinin yerə-göyə sığmayan dərdini, mollaların düşgünlüyünü , nadanlığın dünyanın gözündən uzaq düşən bir məmləkətdə at oynatdığını açıq-aydın görür, həyəcan keçirirdim.

Üçüncü-dördüncü siniflərdə oxuyanda hardansa evimizdə “Azərbaycan nağılları” beşcildliyi, bir də “Koroğlu” dastanı peyda oldu. Axşamlar anam bizi başına yığır, o kitablardan nağıl seçib bir dəfə mənə, bir dəfə o biri qardaş-bacılarıma verirdi ki, ucadan oxuyaq, yerdə qalanlar qulaq assınlar. Mən bəlağətli oxuyurdum, anam dərhal kitabı əlimdən alıb qardaşım Qalibə verirdi ki, sən oxu. Soruşurdum:



  • Mən, bu zəhrimarı oxuyurdum dana, niyə alıb Qalibə verdin?

Deyirdi:

  • Sən nağılı şeir kimi oxuyursan.

Hirslənirdim:

  • Guya Qalib yaxşı oxuyur, hıqqına-hıqqına səhər açılanacan yarım varaq oxusa, böyük şeydi....

Kitabxanaçı Ənvər müəllimi xatırlayıram, sonralar ali təhsil alıb ədəbiyyat müəllimi oldu. O, kitabı necə sürətlə oxuyurdu, Allah, lap su kimi içirdi. Sözün düzü, oradakı kitabların gündə birini anketə yazdırıb götürürdüm evə, di gəl heç biri xoşuma gəmirdi. Uşaq kitablarında həyat görmürdüm. Məsələn, o illərdə Turgenevin “Mumu”, Çexovun “Məmurun ölümü”, Haqverdiyevin “Quzu”, Mirzə Cəlilin “Poçt qutusu” və digər duru, saf, yaddaqalan bədii parçaları daha çox bəyənirdim. Sonralar düşündüm ki, axı bunların heç biri uşaq ədəbiyyatı yaratmaq məqsədi ilə qələmə alınmayıb. Deməli, bizdə uşaq ədəbiyyatı anlayışı kökündən yanlışdır. Baxın, Sovet dövründə Azərbaycanda nə qədər uşaq ədəbiyyatı nümunələri yaradıldı. Amma, hanı... tək-tük uğurlu əsərləri çıxmaqla o dövrdə meydana gələn bu növ bədii ədəbiyyatın elliyi M.Ə.Sabirin “Uşaq və buz”, “Gəl, gəl ,a yaz günləri” şeirinin gücündə deyil. Sonralar Azərbaycanda “Dünya uşaq ədəbiyyatı” kitabxanası seriyası nəşr olunmağa başlayanda gördüm ki, oradakı əsərlərin böyük əksəriyyəti vaxtı ilə böyüklərin gözünü oğurlayıb oxuduğum povestlər, romanlardı. “Dəfinələr adası”, “Başsız atlı”, “Kapitan Qrantın uşaqları”, “Tom Soyerin macəraları”, “Ləpirçi”, “Sonuncu Mogikan”, “Amfibiya adam”, və s.

Belə çıxır ki, qəsdən uşaqlar üçün kitab yazmaq yox, dərin bir həssaslıqla uşaqlar üçün kitabları seçib çap etmək daha doğru yoldur.

Deyəsən, dedim, şeir oxumağı heç sevmirdim. Amma bütün Füzuli rayonunda mənim kimi deklamasiya deməyi bacaran tək-tük olardı.

Mətləbdən uzaqlaşmayım.

Kitabxana, kitab bizim nəslin, daha dəqiqi, mən yaşda olan insanların həyatı deməkdir.

Düşünürəm kitab həmişə olub, indi də var, həm də kifayət qədər var...

Ölkədə kitabxanalar qədər azad girişli mədəniyyət ocağı təsəvvür etmək çətindir. Amma və təəssüf ki, oxumamaq üçün də həmişə min bir bəhanə tapılır...
***

Bax belə, tale elə gətirdi ki, sonralar kitablarla ünsiyyətim yalnız oxucu statusu ilə məhdudlaşmadı. Qırx illik bir zaman aralığında 40-a yaxın poeziya, nəsr, publisistika kitablarına imza atdım.

İlk kitabım1979-cu ildə çıxdı, “Gənclik” nəşriyyatında. Xeyirxahı və redaktoru şair Çingiz Əlioğlu idi. “Bahar-payız arası” adlanırdı. O, əl boyda kitabın mənə bəxş elədiyi həqiqi bəxtiyarlığı “Çəkilməmiş şəkillər” poemasının səkkizinci şəklində belə təsvir eləmişəm:
Köksüm qabarırdı pencəyin altda

Vallah, cırılırdı əynimdə şalvar.

Çıxdım dəli kimi nəşriyyatdan,

Gördüm ki, qarşımda bir uzun yol var.


Bütün işıqların yaşıldı saçı,

Baxmıram qadağan qızartısına.

Saçları dağınıq, yaxası açıq

Cumuram gen yolun düz ortasına.


Qürurdu yüz faiz qanım, yoxlasan.

İstəyim göylərdən ulduz qoparır.

Yəqin əl eləyib taksi saxlasam,

Hara əmr eləsəm, pulsuz aparar.


Yanmışlar gör necə baxır, görmürsən?

Şübhəsiz dərdimdən dəlidi qızlar.

Mənə elə gəlir adam öldürsəm,

Dünyanı dağıtsam məni tutmazlar.


Hamının sifəti tanışdı nəsə,

Ötən adamların hamısı əziz.

Ömründə beş dəfə bu cür sevinsə,

Beş yüz il yaşayar insan şübhəsiz.


Süzürəm ley təki, qızıl quş təki,

Canımdan nə ki var əzabım çıxıb.

Dəli küləyini yeyim, ay Bakı,

Bakı, eşidirsən, kitabım çıxıb.


Beləcə baş alıb gedir, gedirdim

Tərpənən ağızlar deyirdi, məncə:

“Vaqif Bəhmənlidi, cavan şairdi,

Onun ilk kitabı çıxıb yenicə”.


Bir-bir toplayıram dostları xəlvət

Restoran bir cənnət bucağı kimi.

Öpür kitabımı Seyran Səxavət

Bir ovuc Füzuli torpağı kimi.


Loğman Rəşidzadə, yadındadırmı?

Qışın axırıydı, yaz idi gərək.

Kəndə aparırdıq ilk kitabımı

Əsgərdən qayıdan kənd uşağı tək.

Bir ucdan adamlar qalxır eyvana

Arvad dəstə-dəstə uşaq bir çətən.

Ara səngiyəndə sadəlövh anam

Qolumdan yapışıb çəkir xəlvətə:


“– Öyrəli deyirdi qonşumuz Nisə

Bakıda pul ilə dərc olur kitab.

Bala, bu kitabın pulu neyləsə

Özüm verəcəyəm, inəyi satıb”.


Gülməkdən az qala ürəyim gedir:

“– Daha yaxın durma belə, kətmənə.

İnək satmaq nədir, pul vermək nədir

Hələ pul verəcək hökumət mənə”.


Anlamır bu sözlər gerçəkdi, yalan

Gözləri gözümə zillənir mat-mat:

“– Dədənin yurdunda onda, ay bala,

Evimiz köhnəlib, bir koma qaralt!”


Boynuma dolanır qupquru qolu

Görürəm, sifəti necə allandı:

“– Hər şeydən irəli, qurbanın olum

Özünə qəstum al, əynin yalındı”


Sonra da babamın qırış sifəti...

Onu belə gülən görməmişəm heç

“– Aldınmı, ay bala, de, partbileti?–

Kitab öz yerində, partiyaya keç!


Hələ gör nə halda, gündə gəlmisən

Vallah, utanaram sənə baxanda.

O boyda Bakıdan kəndə gəlmisən

Sənin qolustukun hanı yaxanda?”


Şəkillər içində bu şəklim də var

Canım dərddən azad, əzablarım az.

Açılsın beləcə bağlı qapılar,

Açılsın sizin də kitablarınız.




***

Nostalji düşüncələrdən nəinki yaxa qurtarmaq, hətta onları yaxına buraxmamaq rəsmi qəzetlərin dili ilə desək, daha məqsədyönlü olardı. Amma neyləməli “kitab və mən” mövzusunda xatirələr həddən çoxdur və indiyə qədər oxuduqlarınız onların cüzi bir hissəsidir.

Mövzuya bir qədər də bu günün gözüylə baxmaq istərdim. Artıq bu nəzər hansısa bir oxucuya, şairə aid deyil, bir qədər rəsmi, lap dəqiqi ciddi yanaşmadır. Üstəlik, indi fəaliyyətimin böyük qismi Azərbaycanda kitab sənətinin inkişafı, insanların kitaba olan ehtiyacının ödənilməsi ilə bağlıdır.

Ötən əsrin 90-cı illərdə Sovet sisteminə məxsus nəşriyyat-poliqrafiya, kitab yayımı şəbəkəsi çökəndə nikbinlik naminə heç bir ipucu qalmadı. Həmin çətin dönəmdə, görünür nəşr və poliqrafiya sahəsindəki peşəkarların dözümü, bundan heç də az əhəmiyyət daşımayan kitaba oxucu sevgisi və müəllif entuziazmı qanımızın arasına girdi.

Özəl nəşriyyatların yaranmış boşluğu doldurmaq üçün bir neçə illik cəhdlərinin ardınca Ümummilli Lider Heydər Əliyev tərəfindən “Kitabxana işi haqqında” (29 dekabr 1998-ci il) və “Nəşriyyat işi haqqında” (30 may 2000-ci il) Qanunların imzalanması kitaba yeni nəfəs verdi.

Məncə, mədəniyyət məkanında kitabın pay bölgüsü ən azı əllinin əlliyədir. Təkid etmirəm, fərqli mülahizələr də ola bilər. Hər halda viziual təəssüratlar keçəridir. Mütaliə sayəsində formalaşan yaddaş isə ən davamlı yaddaşdır. Kitab ən asan daşınan, hər kəsin asanlıqla əli çatan mədəni-mənəvi sərvətdir.

Adamlar kitabın bazarının bağlandığından, kitaba marağın azaldığından danışmağı xoşlayırlar. Bir vaxt kitabxana dünyasına qədəm qoyduğum zamanlarda da adamların kitab oxumadıqlarını eşitmişdim. İndi də eşidirəm. Düzü, mən bu fikrin əleyhinəyəm. Əlbəttə, dünya kitab miqyasında milli kitablarımız dəryada damla misalındadır. Bunu təsdiqləmək üçün Frankfurt, İstanbul, Pekin, Moskva, London... beynəlxalq kitab sərgilərində bircə dəfə iştirak yetərlidir. Dünya kitab “bumu” yaşayır. Elmi, kütləvi, bədii, fəlsəfi mövzularda milyonlarca nəşr məhsulu meydandadır. Dünyanın böyük şəhərlərində elə kitab evləri var ki, oranı gəzib-dolaşmaq üçün bütöv gün bəs eləmir.

Yaxşı ki, insan kitabı yaşadır. Həm də elə bir zaman aralığında ki, informasiya daşıyıcıları virtual məkana inteqrasiya edir. Hətta yaxın gələcəkdə klassik anlamda çap məhsullarının aradan çıxacağı haqqında fikirlər də dolaşmaqdadır.

Yaxın onilliklərdə (ötmüş) nəşriyyat-poliqrafiya sahəsində baş vermiş prosesləri bir daha göz önünə gətirir və deyirəm ki, son on beş il ərzində dövlətimiz, hörmətli Prezident İlham Əliyev Azərbaycanda kitab sərvətinin var olması, qorunması, yeni nəşriyyat məhsullarının yaradılması üçün əlindən gələni əsirgəməyib. 2004-2008-ci illərdə kiril əlifbasında olan mövcud kitabların kütləvi şəkildə latın qrafikasında heyrətamiz bir tirajla nəşr olunması və ölkə kitabxanalarına hədiyyə edilməsi mədəniyyətin sözügedən sferasını məzmunca dəyişdi. Bu əslində milli mədəniyyətimizdə baş verən inqilabi bir hadisədir. Hazırda dünya ədəbiyyatının 150 cildliyinin nəşri layihəsi uğurla davam etdirilir. Nəticəni aşağıdakı kimi ümumiləşdirə bilərik. Cənab Prezidentin şəxsən irəli sürdüyü, müdafiə etdiyi, maliyyələşdirdiyi bu iri dövlət proqramı nəticəsində Azərbaycanın milli kitab sərvəti gələcək nəsillər üçün qorunub saxlandı. Azərbaycan xalqının, xüsusilə onun mütaliə edən hissəsinin ən müxtəlif adda, ən fərqli istiqamətlərdə kitaba olan ehtiyacı ödənildi. Kitabların nəşri və yayılmasında elə bir forma seçilmişdir ki, vətəndaşlar yaranmış intellektual potensialdan pulsuz, xərc çəkmədən istifadə edirlər, çünki kitablar dövlətin əlaqədar mədəniyyət, elm və digər sosial şəbəkələrində, kitabxanalarda yerləşdirilmişdir.

Müəyyən dövlət qurumlarının tərkibində lokal ehtiyacları ödəmək üçün fəaliyyət göstərən nəşriyyat-poliqrafiya xidmətlərini nəzərə almasaq, ölkədə çox az sayda dövlətə bağlı nəşriyyat var. Bunlar keçmiş Sovet nəşriyyat-poliqrafiya bazasından imkan daxilində qorunub saxlanan, hazırda poliqrafiya vasitələri olmayan təşkilatlardır (“Azərnəşr”, “Gənclik”). Ayrıca sahə Nazirliyinin fəaliyyət göstərməsinə baxmayaraq heç Sovet vaxtı da nəşriyyatlar və poliqrafiya müəssisələri çox deyildi. Bu məqamda belə bir fakta əhəmiyyət verməyə dəyər ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilməyə başlayan Bakı Beynəlxalq Kitab Sərgisində 100-dən çox milli nəşriyyat-poliqrafiya, kitab yayımı təşkilatının iştirakı məlum olmuşdur.

Daha bir məsələ, bu gün ölkədə orta məktəb şagirdləri üçün dərslik nəşri sahəsində 20 il əvvəllə müqayisədə əhəmiyyətli yeniliklər var. Təfəkkürün ilkin formalaşmasında müstəsna rol oynayan bu kitablar həm poliqrafik icra, yüksək səviyyəli çap baxımından, həm də məzmun etibarı ilə müasir Azərbaycana layiqdir.

Bir çox özəl layihələr də ictimaiyyətin marağına səbəb olur. Məsələn, Xalqbank “Xalq əmanəti” silsiləsindən olduqca dəyərli və nəfis tərtibatlı kitablar nəşr edir.

Folklor İnstitutu xalqımızın şifahi söz sərvətinin toplanması, nəşri sahəsində uğurla fəaliyyət göstərir. “Təhsil”, “Şərq-Qərb”, “Aspoliqraf”, “Elm və Təhsil”, “Çaşıoğlu” və digər nəşriyyat evlərinin intellektual və texniki potensialı dünyanın ən qabaqcıl nəşriyyatları ilə müqayisə oluna bilər. Şübhəsiz ki, özəl nəşriyyatların maddi təminatı və yaradıcılıq imkanlarının genişlənməsində Azərbaycan dövlətinin nəşriyyat sahəsinə yönəlik siyasəti, bu və digər ölkə əhəmiyyətli layihələrin dəstəklənməsi xüsusi rol oynayır. Çünki dövlət sifarişlərinin böyük bir qismi məhz özəl nəşriyyatlarda, müsabiqələrin nəticələrinə görə icra edilir.

Şübhəsiz ki, Azərbaycanda kitab mədəniyyətinin yeni mərhələyə qədəm qoyması Heydər Əliyev Fondunun hazırlayıb dünya və ölkə ictimaiyyətinə təqdim etdiyi nəşrlərlə də bağlı olmuşdur. Əsərlərin uğurlu seçimi, çağdaş düşüncələrə söykənən layihələrin hazırlanması, yüksək səviyyəli, nəfis poliqrafik icra Fondun nəşr etdiyi kitabları tamamilə fərqləndirir və nəşrlərə meyar statusu qazandırır, həm də Azərbaycan miqyasında deyil, dünya masştabında.

Əlbəttə nəşriyyat işinin addım-addım, mərhələ-mərhələ yüksəlişi təbii şəkildə kitabxanalarımızın, kitab fondlarının zənginləşməsinə yol açır. Bu gün ölkədə on mindən çox kitabxananın fəaliyyət göstərdiyi şəbəkə var. Bu xalqımızın gələcək yoluna işıq tutan əvəzsiz bir sərvətdir. Yeri gəlmişkən, bizim Milli Kitabxananın oxuculara layiqli xidmət göstərməklə yanaşı, son illər kitabın təbliği sahəsində dəstək verdiyi tədbirləri vurğulamaq istərdim. Hazırda mənim də çalışdığım Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müasir kənd kitabxana informasiya mərkəzlərinin yeni modeli üzərində iş aparılır. Bu mərkəzlər internet resurslarına, yeni informasiya texnologiyalarına əsaslanan, əhalinin kitabla, digər informasiya mənbələri ilə təmas qurduğu, istirahət etdiyi, müzakirələrə toplaşdığı, dilləri mənimsədiyi yeni bir məkan olacaq.

... Qoy virtual təmaslar dərinləşsin.

Amma inanmıram ki, nə vaxtsa elektron kitablar mətbəə qoxusu verən nəşrləri, virtual məkan uşaqlıqda ilk dəfə ayaq basandan sonra rəfləri arasından indiyə qədər çıxa bilmədiyim kitabxanaları əvəz etsin...

Mövzu genişdir, görünür, kitab aləminə daha dərindən baş vurmaq lazım gələcək. Hələlik isə “Naşir”in hörmətli oxucularından yeni, hələ işıq üzü görməyən kitabımdan götürülmüş şeirlərlə ayrılıram...




Nə yazardı Füzuli?

Aşsaydı beş yüz il heyrətli kəlməsi tək,

bürünsəydi deyirəm, sehrli bir xalata,

Dövranların yaşıdı bir Bayat nəfəsi tək

gəlib çıxsaydı bizim qatqarışıq həyata

Nə yazardı Füzuli?

Necə yazardı görən?

İlahi eşqin adı yoxdu it dəftərində

Leyli şərab düşkünü... görsəydi Məcnun susur,

Həm də ki, iş düzəlmir ah çəkməklə dərindən,

görsəydi yeddi cama –

yeddi milyard qan qusur

Nə yazardı Füzuli?

Necə yazardı görən?

Əkinlər heç, səhra da tutulmuş xana-xana;

Məcnun qaçmağa bir yer bulmazdı, ölməsəydi.

Yersiz salama görə bassaydılar zindana

rüşvətlə də canını qurtara bilməsəydi

Nə yazardı Füzuli,

Necə yazardı görən?

Amerikan siqarına bir dərin qullab vurub

minsəydi təyyarrəyə, ya “Mersedes” sürsəydi,

Fərqinə varmadan heç konyak, ya gülab vurub

üstünə Alabaş yox, “buldoq-muldoq” hürsəydi

Nə yazardı Füzuli,

necə yazardı görən?

Sonuncu diləyini yerinə yetirir Qərb

Kəsir Şərqin başını üzü qibləyə tərəf

Tən hardadı, can harda görsəydi çürüyüb qəlb,

kimsənin qolu qalxmır müqəddəs neyə tərəf –

nə yazardı Füzuli,

necə yazardı görən?

Görsəydi hər ağızda hikmətinin dadı var

Amma bununla belə ortalıqda şər gəzir...

Füzuli rayonunun özü yoxdu, adı var

görsəydi ki, adının üstündə kafər gəzir –

Nə yazardı Füzuli,

Necə yazardı görən?




Mən olmayanda

Bir vaxt mən olmasam

xalqın içində

Şair dostun haqda bilirsən nə de? –

De ki,

ondan yoxdu Hinddə, Maçində



de ki,

o gerçəkli əfsanə idi...

De ki,

qədəmbaşı günah edirdi



qəribdi, qəribə bir kişiydi de.

Bütün gözəllərdən ikrah edirdi,

bütün kifirlərin aşiqiydi, de!

Peşiman olmazsan, qulaq as dostum,

de ki,

can gəzirdi az azarında.



Qorxma, bir azca da gopa bas, dostum,

de ki, zər satırdı söz bazarında.

De ki, pərdəliydi qibləsi, yönü,

Bir də görürdün ki, Allaha dönüb,

Unuda bilirdi,

Allahı bəzən!

Kim onu doğmuşdu? –

Allah, ya ana,

qanı düz gəlmirdi adam qanıyla.

De ki, alov idi –

özü bir yana,

bizi də yandırdı quru canıyla.

Köksü qabarırdı arzuyla, kamla

Kefi istəyəndə uçurdu, söylə,

Adam tək yaşaya bilmədi, amma

Adam tək ölməyi bacardı, söylə!




Fərq etməz

Vaqif Səmədoğlu üslubunda

Dalandan-dalana keçib

yorulmaq harda yaxşıdı –

internetdə,

yoxsa küçədə?

Doğrudan yalana keçib

vurulmaq harda yaxşıdı –

internetdə, yoxsa küçədə?

Harda yer tapıb durasan

canını salmayıb çətinə?

Harda şapalaq vurasan

namard kəsin sifətinə –

internetdə,

yoxsa küçədə?

Qara başım qalcaq darda

dalımca hər söz deyirlər.

Nə fərqi var atamı harda,

Anamı harda söyürlər –

internetdə,

yoxsa küçədə?

Qurbandı doğruya can,can...

Satılmaz haqqın tək üzü!

doğrayasan, harda, haçan

Qızıb baş atan öküzü? –

internetdə,

yoxsa küçədə?

Yapışma candan beşəlli

Can piyada,

vaxt atlıdı

Doğulmaq harda düşərli,

ölmək harda urvatlıdı –

internetdə,

yoxsa küçədə?




Kişi

Dərdimiz nə idi olsaydı, qardaş,

aşağı, yuxarı və hər yan kişi.

Lənkəran, Balakən, Kürdəmir, Ağdaş,

Füzuli, Gədəbəy, Naftalan... kişi!

Ağzının dovşanı çullu sayılır

ceyranı gözündən oxlayan kişi.

Dövlətli, sərvətli, pullu sayılır –

yaxşı ki, sayılmır hər kalan, kişi!

Hiyləsi başında, çirki döşündə

Gədə tanıyıram – adı Xankişi.

Mənə göstər görüm, bərkə düşəndə

Haqqın küməsini yıxmayan kişi.

Yalandı cin kişi, xoxan kişi var –

Allaha baxginən, qorx, dayan, kişi!

Dünyada arvaddan qorxan kişi var,



bir də var arvaddan qorxmayan kişi!





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə