VəLİyev dünyamali əMİr oğLU



Yüklə 7,05 Mb.
səhifə5/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   2   3   4   5   6   7   8   9   ...   51

Müddətli valyuta bazarı (Forward Currency Market).

Milli pul müqabilində valyutanın müəyyən müddətdən sonra təhvil verilməsi şərtilə alqı-satqısı üçün bu gündən bağlanan müqavilələrə müddətli valyuta əməliyyatları (forward currencu transactions) deyilir. Bu əməliyyatları formalaşdı­ran bazarlar isə müddətli valyuta bazarı (forward currencu market) adlanır.

Göründüyü kimi, müddətli valyuta əməliyyatlarının xarakterik xüsusiyyəti valyuta alqı-satqısı haqqında müqavilənin bu gündən bağlanması, valyutanın təhvili və digər ödəmənin isə müqavilədə razılaşdırılan məzənnə ilə və müddətdə həyata keçirilməsidir. Bir qayda olaraq müqavilə bağlanarkən heç bir ödəniş aparılmır. Təhvil və ödəmə müddəti isə adətən bir ildən az olur.

Belə əməliyyatlar valyuta bazarında fəaliyyət göstərən banklarla müştəriləri arasında həyata keçirilir. Onları doğuran əsas səbəb valyuta məzənnəsinin gələcə­yinin qeyri-müəyyən olmasıdır. Əgər valyuta məzənnəsindəki gələcək dəyişikliklər məlum olsaydı, bu əməliyyatlara ehtiyac qalmazdı. Bu əməliyyatlardan ən çox gələcəkdə valyuta ilə ödəmə etməli olan və ya gəlir əldə edəcək idxalatçı, ixracatçı və ya xarici kapital qoyan iş adamları istifadə edirlər. Qiymətlər əvvəlcədən razılaşdırıldığı üçün müddətli müqavilələr belə iş adamlarının gələcəkdə özünü göstərə bilən məzənnə dəyişməsi riskindən qoruyur.

Müddətli müqavilələrdə ödənilmə müddəti, tətbiq ediləcək valyuta məzən­nəsi, valyuta məbləği, təhvil olunacaq yer, bank, hesab nömrəsi və s. məlumatlar öz əksini tapır. Belə əməliyyatlarda tətbiq edilən məzənnələr müddətli ödəmə məzənnəsi (forward exchange rates) adlanır.

Bu məzənnələr, bir qayda olaraq, spot məzənnələrdən fərqli olurlar. Müddətli məzənnələr daha çox 30, 60, 90 və 180 günlük müddətə görə kotirovka olunur.

Müddətli məzənnələr adətən spot məzənnələrlə müqayisəli şəkildə verilir. Əgər müddətli ödəmə məzənnəsi spot məzənnədən yüksəkdirsə, aradakı fərqə müddətli ödəmə mükafatı (forward premium) deyilir.

Əksinə müddətli məzənnə spot məzənnədən az olduqda aradakı mənfi fərq müddətli məzənnə diskontu (forward discount) adlanır. Nəhayət, hər iki məzənnə bir-birinə bərabər olduqda məzənnələrin düz (flat) olması qeyd edilir.

Spot ödəmə bazarları ilə aralarında mövcud olan fərqə baxmayaraq, müddətli ödəmə bazarları da valyuta bazarlarının ümumi xüsusiyyətlərinə malik­dirlər. Belə ki, bu bazarların da əsas vasitəçiləri banklar və brokerlərdir. Dünyanın harasında yerləşməsindən asılı olmayaraq, bu şəxs və təşkilatlar ən mükəmməl rabitə vasitələri ilə daima əlaqədədirlər. Prinsip olaraq ödəmələr sərhəddən kənara natural valyuta göndərilməklə həyata keçirilmir. Bu əməliyyatlar müvafiq ölkələrdəki bank hesablarındakı alacaq və borc qeydlərinin azaldılması və ya artırılması yolu ilə həyata keçirilir.

Bu bazarlardakı əməliyyatların da bir hissəsi banklarla müştəriləri arasındakı (pərakəndə bazar), digər hissəsi müddətli valyuta pozisiyalarını tarazlaşdırmaq məqsədilə bankların öz aralarında aparılır. Bu ikincisi, müddətli valyuta interbankı adlanır. Banklar müddətli valyuta pozisiyalarındakı çatışmazlıq və ya artıqlığı tarazlaşdırmaq üçün interbank əməliyyatlarından istifadə edirlər. Bankların öz aralarındakı müddətli ödəmə əməliyyatları üçün müəyyən etdikləri məzənnələr, müştərilərinə tətbiq etdikləri məzənnələrdən fərqlidir. Prinsip olaraq ikinci birincidən yüksək olur.

Dünyanın əsas bazarlarında məlum saatlarda kotirovka edilən spot ödəmə və fərqli müddətlərə görə müddətli ödəmə məzənnənələri Wall Street Cournal adlı gündəlik maliyyə nəşrində və digər mətbuat vasitələrinin kanalları ilə mütəmadi olaraq yayılır. Onlar əsasən inkişaf etmiş ölkələrin valyutalarını əhatə edir.

Qeyd etmək lazımdır ki, valyuta bazarı dedikdə, hər şeydən əvvəl spot ödəmə bazarları nəzərə alınır. Çünki valyuta əməliyyatlarının əksəriyyəti bu bazarlarda həyata keçirilir. Müddətli ödəmə bazarlarının əməliyyatları da getdikcə genişlənir. İnkişaf etmiş sənaye ölkələrində bu bazarın həcmi astronomik rəqəmlərlə xarakterizə edilməyə başlamışdır.

Onu da göstərmək lazımdır ki, müddətli ödəmə bazarları yalnız ödəmə əmə­liyyatları ilə məhdudlaşmır. Belə bazarlar keçmişdə qızıl, buğda, şəkər və s. kimi kommersiya malları üçün yaradılıb, inkişaf etdirilmişdir. Lakin valyuta bazar­larından fərqli olaraq, göstərilən mal bazarları müəyyən bir məkanda aparılırdı.
1. 4. Əmək amilinin və əmək bazarının transformasiyası
Hər bir cəmiyyətdə sosial strukturun əsasını əmək prosesi təşkil edir. Elmi-texniki tərəqqi və texnologiyanın inki­şa­fı nəticəsində əmək prosesi və istehsal münasibətlərində baş verən dəyişikliklər bütövlükdə cəmiyyətin təkamülünə təsir edir. Cəmiyyətdə baş verən təkamül prosesləri isə özünün bir­başa ifadəsini məş­ğulluq və peşə strukturunun dəyiş­mə­sində ta­pır. Məlum olduğu kimi, məşğulluğun strukturu hər bir cəmiy­yətin siyasi, iqtisadi və mədəni mühitinə uyğun olaraq müxtə­lifdir. Bu müxtəliflik qloballaşma dövründə spesifik xarakter alır.

Postsənaye cəmiyyəti haqqında klassik nəzəriyyəyə uy­ğun olaraq məş­ğulluğun strukturu aşağıdakı kimi dəyişir:



1. Məhsuldarlıq və iqtisadi artımın mənbəyi informasiyanın işlənməsi və tətbiqi vasitəsilə iqtisadi fəaliyyətin bütün sahələrinə yayılan bilikdir.

2. Iqtisadi fəaliyyət məhsul istehsalından xidmət göstə­ril­məsinə tərəf dəyişilir.

Kənd təsərrüfatı sahəsində məşğulluğun azalması sə­na­ye istehsalında da məşğulluğun azalması ilə müşayiət edilir. Xidmət sahəsində isə iş yerləri sürətlə artır və məşğulluğun əsas hissəsini təşkil edir. İqtisadiyyat nə qədər çox inkişaf edirsə, məşğulluq da bir o qədər çox xidmət sahəsində cəm­lənmiş olar.

Yeni qlobal iqtisadiyyatda xidmət sahəsinin təmsilçi­lə­ri­ni­n informasiya və bilik sahəsində yüksək səviyyədə təmər­küzləşməsi ilə əlaqədar peşələrin əhəmiyyəti diq­qət mərkə­zində olacaqdır. Xüsusi vurğulamaq lazımdır ki, bütün digər növ məşğulluğa nisbətən menecerlərə, mütəxəssis və texnik­lərə tələbat daha sürətlə artacaq­dır.

Onu da göstərmək lazımdır ki, qlobal iqtisadiyyatda məş­ğulluğun əsasını təşkil edən «xidmət sahəsi» anlayışının dəqiqləşdirilməyə ehtiyacı vardır. Həmin anlayış çox vaxt bir­mənalı başa düşülmür. Məşğulluq haqqında statistikada o çox vaxt «qalıq» anlayışı əsasında müəyyən edilirdi. Yəni kənd tə­sərrüfatı, dağ-mədən sənayesi, inşaat, kommunal müəssi­sələr və yaxud emaledici sənayeyə daxil olmayan hər şey «xidmət» anlayışına aid edilirdi. Beləliklə, xidmət kateqoriyası tarixən müx­­təlif sosial struktur və istehsal sistemində meydana gəlmiş hər növ fəaliyyəti əks etdirir. Bu kateqoriyanın elə bir vahid ümumi cəhəti yoxdur. Onun «maddiliyə» əks anlayış kimi başa düşülməsi də düzgün deyildi. Kompüter proqramı təminatı, videoistehsal, mikroelektronikanın layihələşdirilməsi, biotexni­ka­­ya əsaslanan kənd təsərrüfatı və s., habelə inkişaf etmiş iq­tisadiyyat üçün xarakterik olan bir çox digər mühüm pro­seslər özünün informasiya məzmununu məhsulun maddi tərəfi ilə birləşdirir, mal və xidmətlər arasında dəqiq sərhəd qoyul­ma­sına imkan vermir. Bununla yanaşı informasiya iqtisa­diyyatında da xidmətin hər bir spesifik növü əvvəlki industrial iqtisa­diy­yatda mövcud olan sənaye və xidmətin mühüm və müstəqil maddəsi kimi vacibdir. Bunları nəzərə alaraq M. Kastels xidmət sahəsində fəaliyyəti bir-biri ilə sıx əlaqədar olan bir neçə növə bölür. [188, s. 205]

Onun fikrinə görə, bölgü sahəsində olan xidmət kom­munikasiya, nəqliyyat və ticarət xidməti (topdan və pərakəndə satış) şəbəkələri sahəsində fəaliyyəti özündə birləşdirir. İsteh­salçılara xidmət iqtisadiyyata həlledici kapital qoyuluşları sahə­sində göstərilən xidmətlərdir. Onlar da biznesə yardımçı xid­mət­ləri özündə birləşdirir. Bu sahədə yüksək ixtisas tələb olunmur. Sosial xidmətlər hökumət fəaliyyətinin bütün sahə­lə­rini, habelə kollektiv istehlakla əlaqədar işləri əhatə edir. Məi­şət xidməti fərdi istehlak ilə əlaqədardır.

Yuxarıda qeyd edildiyi kimi, qlobal iqtisadiyyatda yeni pe­şə strukturunun özəyini informasiya sahəsində iş yerləri, me­necerlər təşkil edir. Lakin bununla yanaşı sosial pilləkən­lərin aşağı hissələrində xidmət sahəsində məşğul olan ixtisas­sız işçilərin sayının artması da müşahidə olunur. Bu artımın sürəti zəif olsa da, ixtisassız işçi tələb edən iş yerləri mütləq sayına görə postindustrial sosial strukturun mühüm hissəsini təşkil edə bilər. Bu, o deməkdir ki, informasiya cəmiyyətinin so­sial strukturunda getdikcə daha çox qütbləşmə özünü gös­tərir. Yəni orta təbəqələr hesabına yuxarı və aşağı təbəqə­lərinin xüsusi çəkisi artır.



Əmək bazarının transformasiyası.

Qlobal iqtisadiyyatın mövcudluğu qəbul edilirsə, ilk ba­xışda qlobal əmək bazarının mövcudluğu da qəbul edilməlidir. Lakin bu aldadıcı bir təsəvvürdür. Çünki liberallaşma nəticə­sində əmtəə, xidmət və pul kapitalı bütün dünyada nisbətən sər­bəst hərəkət etsə də, işçi qüvvəsinin hərəkəti qarşısında ciddi məhdudiyyətlər qalmaqda davam edir. Belə ki, 90-cı il­lərin ortalarında qlobal işçi qüvvəsinin cəmi 1, 5% öz öl­kə­lərindən kənarda işləyirdilər, onun da yarısına yaxını Afrikada toplanmışdır. Hətta Avropa Birliyi kimi ən liberal iqtisadi coğrafiyada da ümumi işçi qüvvəsinin cəmi 2%-i öz ölkəsindən kə­narda işləyirdi. Buna baxmayaraq, inkişaf etmiş sənaye ölkə­lərində belə bir ictimai fikir yaranmışdır ki, bu ölkələrə Cənub və Şərqdən güclü immiqrant axını mövcuddur. Qloballaşma əleyhinə hərəkətin əsasında da çox vaxt bu amil dayanır. Beynəlxalq işçi qüvvəsi axını ölkələr üzrə təhlil edildikdə ciddi fərq özünü göstərir. ABŞ-da bu axın tarixən həmişə güclü olduğu halda, Avropa ölkələri haqqında bu fikri söyləmək mümkün deyildir. Avropada işçi qüvvəsi axını Birlik ölkələri ara­sında nisbətən yüksəkdir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Moris Alle «Qloballaşma: məşğulluq və iqtisadi artım şərtlərinin dağılması» adlı əsərində belə bir nəticəyə gəlir: [130, s. 17]Avropa Birliyinin yeritdiyi ümumdünya ticarət azadlığı siyasəti kütləvi işsizliyin çoxalmasının və iqtisadi artımın zəiflənməsinin əsas və ən mü­hüm səbəbidir. Himayəçiliyin əsaslandırılması, bəraət qazandırılması və zəruriliyi dünya iqtisadiyyatının yarat­dığı xaos və hər cür çətinlikdən müdafiə olunmaq üçün həyati əhə­miyyət kəsb edir. Amerikan iqtisadçısı M. Kastels isə göstərir ki, [188, s. 228] Avropa Birliyi ölkələrində 1990-ci ildə əcnəbilər ümu­mi əhalinin cəmisi 4, 5%-ni təşkil edirdi və yüksək ixtisaslı iş­çi­lərin cüzi bir hissəsini əhatə edirdi. Bunlar qabaqcıl mü­hən­dis­lər, maliyyə menecerləri və digər mütəxəssislərdən iba­rətdirlər. Lakin qlobal əmək bazarının yaranması üçün bu mühüm, am­ma az miqdar işçilər çox əhəmiyyətlidir.

Araşdırmalar göstərir ki, qlobal miqyasdə işçi qüvvəsi bazarının qarşılıqlı asılılığı üç mexanizm vasitəsi ilə artma tə­mayülü göstərir:

1. transmilli şirkətlərdə və onlarla əlaqədar olan şəbəkələrdə qlobal məşğulluq;

2. beynəlxalq ticarətin istər Cənubda, istərsə də Şimalda məşğulluğa və əmək şə­raitinə təsiri;

3. qlobal rəqabətin və hər bir ölkədə işçi qüv­və­sinə təsir edən yeni çevik menecmentin inkişafı.

İnkişaf etmiş sənaye ölkələrində Transmilli şirkətlər üçün əmək bazarı sahəsində geniş imkanlar açılır. Onlar bu sahədə aşağıdakı mühüm tədbirləri həyata keçirə bilərlər:

1. şimalda yüksək ixtisaslı işçi qüvvəsini əldə saxlamaqla və az məsrəf tələb edən məhsul idxal etməklə fir­manın miqyasını kiçildə bilər;

2. işin bir hissəsini öz transmilli filialına və yardımçı şəbə­kələrinə subpodrad şəklində verə bilər;

3. müvəqqəti işçi qüvvəsindən və daimi fəhlələrdən gün ərzində qismən istifadə edər və yaxud ölkə daxilində qeyri formal firmaları işə cəlb edə bilər;

4. əmək bazarında standart qiymətləri çox yüksək olan iş növlərini avtomatlaşdırmaq və ya başqa yerə köçür­mək;

5. iş yerlərini saxlamaq şərti müqabilində öz işçilərinə da­ha sərt əmək və ödəmə şərtlərini qəbul etdirmək.

Beləliklə, qlobal əmək bazarı və işçi qüvvəsi mövcud ol­masa da, informasiya iqtisadiyyatında işçi qüvvəsi bazarları qlobal miqyasda bir-birindən asılıdır.

İnformasiya iqtisadiyyatında əmək prosesinin xüsusiyyətləri.

XX əsrin son onilliyində baş verən informasiya-tex­no­lo­giya inqilabi sosial və texniki əmək bölgüsünün yeni forma­larının yaranmasına səbəb olmuşdur. İnformasiya iqtisa­diyya­tı­nın 80-90-cı illərdə həyatın bütün sahələrinə dərin nü­fuz et­­mə­si müasir dünya iqtisadi ədəbiyyatında geniş şərh edilir. İn­for­masiya texnolo­gi­yasının əmək prosesinə təsiri özünü aşağı­dakı kimi göstərir. Əvvəlcə mexanik­ləşdirmə, sonra isə av­to­mat­laş­dır­ma on illər ərzində insan əməyini transformasiya et­mişdir. Bu proses iş yerlərini itirmək təhlükəsi altında in­san­ları yenidən ixtisaslaşmağa, ixtisasını artırmaqa, əmək məhsul­dar­lığını yük­səltməyə, idarəçilik mexanizmini təkmilləşdirməyə məc­bur et­mişdir. İnformasiya texnologiyasının vüsət alması ilə öz zirvə­si­nə çatmış avtomatlaşdırma əmək prosesində insan bey­ninin ro­lunu görünməmiş dərəcədə artırmışdır. Burada belə bir qa­nu­nauyğunluq göz qabağındadır: qabaqcıl informasiya tex­nolo­giyası fabrik və ofislərdə nə qədər geniş və dərin yayı­lırsa, müs­təqil düşünə bilən, işləri proqramlaşdıran, operativ qə­­rar qəbul edən bilikli mütəxəssislərə tələbat da bir o qədər artır.

XX əsrin 90-ci illərində iş prosesinin transformasiyasını aşa­ğıdakı amillər daha da sürətləndirdi: kompyuter texnologi­ya­sının geniş tətbiqi və idarəçilikdə ondan geniş miqyasda is­tifadə olunması; qlobal rəqabət bütün dünyada şirkətlər ara­sın­da texnologiya və idarəçilik sahəsində əsl yürüş yaratdı; in­formasiya cəmiy­yə­tində əmək prosesi həmin cəmiyyətə xas olan spesifik istehsal prosesi ilə müəy­yən edilir. Bu spesifikliyi dünyanın aparıcı alimləri aşağıdakı kimi xarakterizə edirlər.

1. Əlavə (yeni) dəyər istər istehsal prosesində, istərsə də, məhsullarda, əsas etibarilə, innovasiya ilə yaranır.

2. Innovasiyanın özü isə iki amildən: tədqiqat poten­sialından və spesifikasiya qabiliyyətindən asılıdır. Yəni bilik açıq olmalı və sonra konkret məqsədlə tətbiq edil­məlidir.

3. Istehsal fəaliyyətinin böyük hissəsi təşkilatlarda həyata keçirilir.

4. Informasiya texnologiyası yeni əmək prosesində baş­lıca amildir, çünki o:


  • innovasiya qabiliyyətini əsas etibarı ilə müəyyən edir;

  • səhvlərin düzəldilməsi və icraçılar səviyyə­sin­də əks əlaqələrin yaranmasını mümkün edir;

  • infrastrukturu və istehsal prosesinin idarə olun­masında çeviklik uyğunlaşmanı təmin edir.

Belə spesifik istehsal prosesi informasiya paradiqmasını xarakterizə edən yeni əmək bölgüsünü yaradır. İnformasiya cə­­miyyətində yeni əmək bölgüsünü düzgün başa düşmək üçün 3 əsas meyarı nəzərə almaq lazımdır. Birinci meyara hər han­sı bir iş yerində yerinə yetirilən faktiki vəzifələr aiddir. İkinci me­ya­ra həmin təşkilatla, onun digər təşkilatlar da daxil ol­maq­la mövcud mühit arasındakı münasibətlər aiddir. Burada birinci meyar dəyər yaradılması, ikinci münasibətlər yaradılması və qə­rar qəbul edilməsi prosesidir.

İnformasiya texnologiyası şəraitində istehsal prosesində dəyər yaradılması üzrə aşağıdakı təməl vəzifələr qarşıda durur:



  • rəhbərlik tərəfindən strateji qərarların qəbul edilməsi;

  • tədqiqatçıların yaratdıqları məhsullarda innovasiya;

  • dizaynerlər tərəfindən innovasiyanın istehsal prose­sinə uyğunlaşdırması, qablaşdırma və s. ;

  • qarşıya qoyulan məqsədə çatmaq üçün qərarlar ilə in­novasiya, dizayn və icra arasında münasibətlərin idarə olunması;

  • operator tərəfindən şəxsi təşəbbüslərin icra olunması;

  • avtomatlaşdırılması mümküm olmayan və əvvəlcədən proqramlaşdırılmış ikinci dərəcəli vəzifələrin işçilər tərəfindən icra olunması.

Qərarlar qəbul edən subyektlər:

  • son qərar qəbul edən subyektlər:

  • qərarın qəbul edilməsi prosesinin iştirakçıları;

  • qərarın yerinə yetirilməsinin icraçıları.

Yeni texnoloji alətlər əsasında yüksək nəticəni adətən iki amil təmin edir. Birincisi - industrial işçi qüvvəsinin təc­rübəsi və yüksək ixtisası. Bu mürrəkəb modifikasiya əmək pro­sesində olduqca vacibdir. Belə yüksək ixtisasa malik olmaq üçün iş sistemində xüsusi kurslarda müntəzəm ixtisasın artı­rılması tə­ləb olunur. Bəzən iş vaxtının müəyyən bir hissəsi öy­rən­məyə həsr edilir. Yüksək nəticə əldə edilməsinin ikinci amili isə işçi­lərin nisbi müstəqilliyidir.

Bütün bu göstərilən amillər informasiya cəmiyyətində əmək prosesinin transformasiyasının əsas istiqamətlərini əks etdirir.



İnformasiya cəmiyyətində insan amili və biliyin rolunun artması.

Sürətlə inkişaf edən postindustrial cəmiyyətdə insan amili istər, ayrıca götürülmüş şirkət, istərsə də, ölkə və bə­şə­riyyət miqyasında iqtisadi inkişafın sürətləndirilməsində apa­rıcı rol oynayır. İnkişaf etmiş sənaye cəmiyyətində tərəqqinin əsas hərəkətverici qüvvəsi, əmək və kapitalın təmərküzləşməsi idi. Ha­zırki postsənaye cəmiyyətində isə əsas diqqət yüksək tex­nologiyanın inkişafına, istehsal və xidmət sahəsində modern­ləşmənin sürətləndirilməsinə verilir. Kapital və əməyin özü haq­qında anlayışlar dəyişir. Əvvəllər kapital yığımı sahibkarların bir neçə nəsli ərzində təmin edilirdi. İndi isə çox irimiqyaslı kapital işə az miqdar ilkin kapital qoymaqla dərhal yaradıla bilər. Lakin həmin sahibkar öz nəhəng müəssisəsində yalnız öz biliyi və məh­dud saylı menecerlərin birliyi ilə kifayətlənə bilməz. Tex­nologiyanın daim yenilənməsi praktikada hər bir iş yerində tələb olunur. Ona görə də texnologiyanın inkişafına müasir is­tehsalın hər bir işçisinin cəlb olunması zəruridir. Bu isə onu gös­tərir ki, əvvəllər əmək ehtiyatı hesab edilən muzdlu işçilər əslində kapital ehtiyatlarının qorunması və artırılmasını təmin edir. Ona görə də istehsal olunan məhsulun tərkibində əmə­yin xüsusi çəkisi, əmək məhsuldarlığı yüksək həddə doğru get­dikcə daha da artacaqdır. Çünki əmək haqqına geniş mü­ka­fatlar sistemi əlavə olunur. Məlum olduğu kimi, müasir dövrdə cəmiyyətin görünməmiş dərəcədə yenidən qurulmasının əsa­sında elm və biliyin sürətli inkişafı və bunun əsasında əmək məhsuldarlığında inqilabi sıçrayışlar dayanır. Biliyin əhəmiyyəti hələ 250 il bundan əvvəl həmin bilik əmək alətləri, texnologiya və yeni növ məhsul hazırlanması məqsədi ilə tətbiq edilməyə başlandıqda dəyişdi. Lakin əmək məhsuldarlığında inqilab Mark­sın ölümündən iki il əvvəl başlandı. Bu zaman(1881-ci il­də) F. U. Teylor ilk dəfə olaraq biliyi insanın məhsuldar fəaliy­yə­tinin təhlili və əmək proseslərinin layihələşdirilməsi üçün tət­biq etməyə başladı. Əməyin təşkilinə biliyin tətbiqi əmək məhsul­dar­lığında sıçrayışlı artım yaratdı. Teylor bu sistemi yaratdıqdan sonra əmək məhsuldarlığı ildə orta hesabla 3, 5 -4% artdı. Bu, o deməkdir ki, həmin göstərici hər 18 ildə iki dəfə artdı. Həmin dövr­dən indiyə qədər inkişaf etmiş ölkələrdə əmək məhsul­dar­lığı ən azı 50 dəfədən çox artmışdır. Bu isə təbii olaraq əhali­nin maddi rifah halının yüksəlməsi və həyatın keyfiyyətinin yax­şılaşmasının əsasını təşkil edir. Beləliklə, biliyin əhəmiyyəti və rolunun dəyişməsi cəmiyyət və iqtisadiyyatı daha da də­yişdi. Bilik hal-hazırda istehsalın əsas amilidir. Ənənəvi istehsal amil­ləri - torpaq, işçi güvvəsi və kapital ikinci dərəcəli əhə­miy­yət kəsb etməyə başlamışdır. Əgər müvafiq bilik varsa, bu ehtiyatları asanlıqla əldə etmək olar. Yeni anlayışlara görə, bilik real faydalı qüvvədir, sosial və iqtisadi nəticələr əldə edilməsi vasitəsidir. Lazım olan nəticə əldə etmək məqsədilə mövcud informasiyanın tətbiqinin səmərəli üsullarının axtarıl­ma­­sı üçün biliyin istifadə edilməsi əslində idarə etmək de­məkdir.

Hazırkı dövrdə aşağıdakılar mühüm əhəmiyyət kəsb edir: sistematik və məqsədyönlü şəkildə hansı yeni biliklərin alın­ması daha vacibdir, onun əldə edilməsi nə dərəcədə məq­sədəuyğundur və ondan səmərəli istifadə etmək üçün nə et­mək lazımdır. Başqa sözlə, bilik indi yenilik və innovasiyaların əldə edilməsi üçün tətbiq edilir. Qloballaşma dövründə bilik iq­ti­sadi inkişafın başlıca resurs mənbəyinə çevrilibdir. Sual oluna bilər ki, onun resurs (ehtiyat) mahiyyəti nədir? Bu baradə elmi ədəbiyyatda vahid mövqe yoxdur. Bəzi müəlliflərə görə, bu mə­nada bilik müəssisənin dəyərləri ilə birləşən informasiyadır. Bə­zən isə hesab edilir ki, müəssisədə bilik yeni informasiyanı də­­yərləndirmək üçün mövcud məlumatları istifadə etmək və predmeti dərindən dərk etmək qabiliyyətidir. Qloballaşma döv­ründə bu sahədə yenilik bilik və informasiya arasındakı müna­sibətdə özünü göstərir. Hal-hazırda informasiya texnologi­ya­sının sürətli inkişaf etdiyi bir şəraitdə TMŞ-ın rəhbərləri idarə­çilik üçün lazım olan informasiyanın bolluğundan və mürək­kəb­liyindən şikayət edirlər. Müəssisənin səmərəli işləməsi üçün zə­ruri olan biliklərin böyük əksəriyyəti işçilərlə əlaqədardır. Bi­likli işçi obyektiv və ya subyektiv səbəblərlə əlaqədar olaraq iş­dən getdikdə müəssisə müəyyən bilik mənbəyindən məhrum olur. Bu bəzən müəssisəni çox əlverişli sifarişlərdən imtina et­məyə də məcbur edir. Beləliklə, mikrosəviyyədə bilik resurs­ların digər növləri ilə əvəz edilə bilməyən müstəqil növüdür. Bu­nu bilmək həm müəssisələr, həm də mütəxəssislər üçün va­cibdir.

XXI yüzillikdə iqtisadi və sosial həyat üçün biliyin ya­radılması və istifadə edilməsi üsulları, habelə insanın əmək fəaliy­yətinin xarakteri üçün telekom­munikasiyalarda əks olu­nan yeni sosial uklad həlledici əhəmiyyət kəsb edir. Biliyin rolu və əhəmiyyətinin artması özünü sənaye inqilabında, əmək məh­suldarlığının artması sahəsindəki inqilabda və idarəçilikdə baş verən inqilabda göstərdi. Cəmiyyət bilikdən - biliklərə doğ­ru yol ilə irəliləyir. Əvvəllər biliklər ümumi xarakter daşıyırdı. İndi isə biliklərdə dərin ixtisaslaşma özünü göstərir. Keçmişdə «biliyə malik olan insan» ifadəsi işlənmirdi. Deyirdilər: «Savad­lı, elmli adam». Savadlı adam - geniş eridusiyalı adamlardır. Onlar istənilən mövzuda yaxşı danışmaq, məharətinə malik in­sanlar idilər. Lakin onlar hər hansı konkret və praktik fəaliyyətlə məş­ğul ola bilmirdilər.

Müasir dövrdə bilik konkret nəticə əldə etmək üçün prak­tiki əhəmiyyəti olan informasiya hesab edilir. Hər hansı bir əhəmiyyətli nəticə əldə edə bilmək üçün isə yüksək dərəcədə ixtisaslaşmış bilik tələb olunur.

Ümumi bilikdən ixtisaslaşmış biliklər kompleksinə keçid biliyi yeni cəmiyyət yaradan qüvvəyə çevirmişdir. Professor S. Xəlilovun göstərdiyi kimi, «İnsanların fəaliyyət dairəsi geniş­lən­dikcə biliklərin əhatə dairəsi də genişlənmiş olur. Müxtəlif fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif bilik sahələri yaranır. İnsanların hamısı üçün ümumi və zəruri olan maddi fəaliyyətin nəticəsi kimi əmələ gələn biliklər və ya məişət bilikləri, heç şüb­həsiz, bilik sahələri içərisində tarixən ən qədimdir. Sonrakı bilik sahələri insanlar arasında əmək bölgüsü sayəsində əmələ gəlir və heç də bütün adamlara deyil, ixtisasından asılı olaraq yalnız müəyyən qrup adamlara mənsub olur. »

Beləliklə, qloballaşma həyatın bütün sahələrində modernləşmə tələb edir. Məlum olduğu kimi, modernləşmə konsepsiyası (up­grading) iqtisadi aktivliyin bir nö­vündən digər növünə hərəkəti əks etdirir. Bunun əsasında müxtəlif meyarlar - mənfəətlilik, ədalət, ekoloji sabitlik meyarları dayanır. Modernləşmə, adə­tən, əməliyyatların daha da mürəkkəbləşməsinə doğru aparır. Bu, bir sıra amillərlə əlaqədardır. Yeni texnologiya və yaxud əla­və «nou-hau»-dan istifadə olunması, isteh­sal proseslərinin təkmilləşdirilməsi, ixtisaslaşma və yaxud inteqrasiya də­rəcəsi­nin artırılması və s. ilə əlaqədardır. Rəqabət mübarizəsinin kəs­kinləşdiyi bir şəraitdə modernləşmə, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr üçün eyni dərəcədə əhəmiyyətlidir. Ona görə də innovasiyalara əhəmiyyət ver­mə­yən hər hansı bir ölkə qlobal istehsal və mübadilə sistemində səmərəli mövqe tutmağa qadir deyildir.

Modernləşmənin bütün istiqamətləri yeni biliklərin əldə edilməsini tələb edir. Bu biliklər layihələşdirmə, texnoloji pro­seslərin təkmilləşdirilməsi və konstruktor işlərində çox mühüm­dür. Ona görə də təhsil və bilikləri almaq qabiliyyəti modernləş­mənin əsasını təşkil edir. Modernləşməni yalnız istehsal pro­sesi, texnologiya və yaxud marketinq problemi hesab etmək olmaz. Bu istiqamətlər, şübhəsiz, çox mühümdür. Lakin mo­der­n­ləşməni daha geniş mənada, ye­ni biliklərin alınmasına və bu sahədə real addımlar atılmasına yönəlmiş bir axın kimi başa düşmək lazımdır. Məsələn, İtaliyanın inkişaf etmiş sənaye ra­yon­larında kiçik firmalar, innovasiya fəallığını kapital tutumlu və yüksək texnologiyalar tələb edən fəaliyyət əsasında deyil, yük­sək ixtisaslı işçi və menecerlərdən informasiya və digər ehti­yatların toplanması hesabına genişləndirilir. Tayvanda ailə fir­malarında anoloji dinamizm müəssisələri bir-biri ilə birləş­dirən sosial şəbəkələrin genişlən­dirilməsi, xarici aləmlə innovasiya əlaqələrinin artırılması əsasında həyata keçirilir.

Akademik Ramiz Mehdiyev qloballaşma proseslərinin dərin təhlilini apararaq onun aşağıdakı mühüm xüsusiyyətlərini qeyd edir:



  • transmilli korporasiyaların (TMK) kütləvi sürətdə yaranması və fəaliyyət göstərməsi;

  • öz siyasi və iqtisadi maraqları olan və onları müdafiə edən qeyri-hökümət təşkilatlarının, fondların, assosiasiyaların kütləvi sürətdə meydana gəlməsi;

  • gömrük sənədlərinin zəifləməsi, transmilli kapital, xidmətlər, əmtəə, işçi qüvvəsi axınının kəskin sürətdə artması;

  • yükdaşımaların, qazın, neftin nəqlinin, elektrik enerjisi ötürülməsinin transmilli dünya şəbəkəsinin yaranması;

  • təkcə siyasi (BMT və onunla bağlı qurumlar) deyil, həm də iqtisadi (Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) münasibətlərin tənzimləyicisi kimi dövlətlərarası təsisatların yaranması və onların rolunun artması;

  • dünya İnternet informasiya şəbəkəsinin yaranması və ondan siyasi, kom­mersiya, mədəniyyət, informasiya məqsədləri üçün istifadə olunması, Qərb tele­viziya kanallarına hamılıqla qoşulma və bunun nəticəsi kimi “CNN effekti”ndən (dünya ictimai fikri bir çox hallarda Qərb təfəkkür tərzinin məqbul saydığı informasiyanı təqdim edən CNN informasiyalarının təsiri ilə formalaşır) istifadə edən vahid informasiya məkanının təşəkkülü;

  • Amerika həyat tərzinin və kütləvi mədəniyyətinin dünya standartı kimi təbliği;

  • “açıq cəmiyyət” ideologiyasının ixracı;

  • liberal dövlət siyasi modelinin təbliği və yayılması;

  • “məhdud suverenlik” və “seçki legitimliyi” (yəni hakim elitanın demokratik seçki yolu ilə legitimləşdirilməsi) konsepsiyasının tətbiqi.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə