VəLİyev dünyamali əMİr oğLU


Qlobllaşma prosesində maliyyə və pul-kredit sahəsində



Yüklə 7,05 Mb.
səhifə8/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

Qlobllaşma prosesində maliyyə və pul-kredit sahəsində

dövlətin tənzimləyici rolu
Sürətlə gedən qloballaşma prosesi ölkələrin maliyyə və pul kredit siyasətinə də ciddi təsir göstərir.

Maliyyə və pul kredit siyasəti haqqında mövcud olan nəzəri baxışların sintezi qloballaşma prosesinin həmin siyasətə təsir göstərən bir sıra kanallarını göstərməyə imkan verir: maliyyə axınları kanalı, inflyasiyaya təsir göstərən əmtəə axınları, faiz dərəcəsi kanalı, valyuta məzənnəsi kanalı, kredit kanalı, aktivlərin qiymətləri ilə əlaqədar kanallar.

Maliyyə axınları və inflyasiyaya təsir edən xarici amillər təqdim olunan əsərin müvafiq bölmələrində kifayət qədər əsaslandırılmışdır.

Faiz dərəcəsi ilə əlaqədar olan birbaşa kanal CS-LM klassik modelinə əsaslanır-mərkəzi banklar tərəfindən faiz dərəcələrinin aşağı salınması borc alma məsrəflərini azaldır. Bu isə investisiyaların və istehsalın artmasına səbəb olur. Valyuta məzənnəsi ilə əlaqədar kanal faiz dərəcəsinin dəyişməsinin valyuta məzən­nəsinə təsirini (kapitalın ölkəyə daxil olması və çıxması nəticəsində) əks etdirir.

Bu isə öz növbəsində ixracat və idxalatda baş verən dəyişikliklərlə əlaqədar olaraq məcmu təklifə təsir göstərir. Kredit kanalının təsiri o zaman özünü göstərir ki, banklar ölkədə və xaricdə həyata keçirilən pul-kredit siyasətinə kreditin həcmini genişləndirməklə reaksiya verirlər. Nəhayət, aktivlərin dəyəri ilə əlaqədar olan kanal faiz siyasəti tədbirlərinin səhmlərin məzənnələrinə təsir göstərməsi nəti­cəsində investisiya və istehlak səviyyəsinin azalıb artmasını əks etdirir.

Faiz dərəcəsi və kredit kanalı vasitəsilə təsir ölkədə maliyyə vasitəçilərinin olması dərəcəsindən, bank bazarında təmərküzləşmənin (inhisarlaşma səviyyəsin­dən) vəziyyətindən asılıdır. Qəbul olunmuşdur ki, rəqabətin aşağı səviyyəsi kreditə olan tələbin və faiz dərəcələri üzrə depozitlərin elastikliyini azaldır. Bu isə pul-kredit siqnalları kanalların səmərəliliyini aşağı salır (332, 2008, 11 s., 65-69).

Yuxarıda qeyd edildiyi kimi, qloballaşma prosesində rəqabət gücünü artır­maq üçün şirkətlər birləşməyə üstünlük verirlər. Həmin proses maliyyə qurumları strateji əməkdaşlıq üçün özlərinə tərəfdaş axtarılar. MASDAQ, AMEX və Fila­delfi­ya birjaları ilə London haqqında saziş mövcuddur. ABŞ-ın ən böyük törəmə sənədlər birjası olan CBOP ilə Avropanın ən böyük törəmə sənədlər birjası olan Eurex arasında bağlanmış saziş artıq qitələrarası mahiyyət daşıyır (279, s. 91)

Bu sahədə ənənəvi birjalardan müasir və müvəkkil birjalara; üzvlərdən ibarət birjalardan mənfəəti əsas məqsəd edən birjalara doğru hərəkət edən bir trans­for­ma­si­ya prosesi başlanmışdır.

Dövlətlər qlobal maliyyə-iqtisadi mühitdə baş verən həmin dəyişikliklərin tə­siri altında ölkə daxilində müvafiq tənzimləmələr (qanunvericilik sahəsində və s.) aparmağa məcburdurlar.

Qismən və ya tam iflas halında vasitəçi qurumların öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmək üçün bir sıra dövlətlər əmanətləri və kapital qoyuluşlarını qoruma fondu yaratmağa qərar verdilər.

Qloballaşmanın və texnoloji inqilablarla əlaqədar olaraq investorların elek­tron ticarət sahəsində də qorunması gündəliyə gəlmişdir. Bu sahədə bir çox dövlətlər möhkəm qanunvericilik bazası yaradırlar.

Kapital bazarında şəffaflıq çox mühümdür. Onun təmin edilməsi bazarlara yetərli, etibarlı və düzgün məlumatların davamlı olaraq və vaxtında çatdırıl­masın­dan asılıdır. Bunun üçün də beynəlxalq səviyyədə ictimai fikri məlumatlandırma və beynəlxalq mühasibat standartlarının tətbiqi çox mühümdür. Kapital bazarı haq­qında qanunvericilik təkmilləşdirilərkən Avropa Birliyi ölkələri və digər qa­baqcıl ölkələrin təcrübəsindən və beynəlxalq standartlardan istifadə etmək lazımdır.

Qloballaşma prosesində xaricdə kapital qoyuluşlarını həyata keçirən inves­torlar və yığım sahiblərinin müxtəlif ölkələrlə, oxşar qanunlarla qarşılaşması etibarılılığı və kapital qoyuluşlu potensialı artır. (279, s. 98)

1997-ci illərdə Cənub-Şərqi Asiya ölkələrində baş vermiş maliyyə böhranı qloballaşmanın təsiri ilə bütün dünyaya yayılmışdır və nəticələri ağır olmuşdur. Böhran həmin ölkələrdə həyata keçirilən valyuta məzənnəsi siyasəti, artan cari kəsirlər, ölkənin maliyyə imkanları qat-qat çox miqdarda qısamüddətli borc alma­ları, möhtəkir xarakterli xarici kapital qoyuluşları, əlverişsiz konyuktura dəyişmələri, maliyyə sistemlərinin zəifliyi, iqtisadiyyata ifrat dövlət müdaxiləsi və xaricdən güclü asılılıq kimi səbəblərlə əlaqədar meydana gəlmişdir.

İnteqrasiya prosesləri güclü olan bazarlarda risklər artmış, ölkələrdə bazar­ların çeşidləndirilməsi xaotik vəziyyət almışdır. Belə vəziyyətdə riskin mə­suliyətinin bölüşdürülməsi, transferi və idarə olunmasını təmin edən törəmə alətlər və bunlarla əməliyyat aparılan bazarların formalaşdırılması çox mühümdür. Kapital bazarı haqqında qanunvericilik təkmilləşdirilərkən həmin məqamlar diqqət və nəzərə alınmalıdır.

Qlobal maliyyə böhranının mənfi nəticələrinə maliyyə sisteminin müqavimət göstərməsini təmin etmək üçün investisiya şirkətləri də gücləndirilməlidir. Bu baxımdan, Azərbaycanda xüsusi investisiya şirkətinin yaradılması təqdirəlayiqdir.

Dünyada pensiya fondlarında «məlum fayda» sistemindən «məlum iştirak» sisteminə keçmə təmayülü özünü göstərir, qloballaşmış bazarlarda gələcəyə istiqamətlənmiş real tərəddüdləri yerinə yetirmək getdikcə çətinləşir (279, s. 98)

Risk kapitalı və daşınmaz əmlaka müştərək qoyuluşların artırılması və geniş­ləndirilməsi məqsədi ilə qlobal oyunçularla əməkdaşlıq intensivləşdiril­məlidir.

Qlobal böhrandan sonra beynəlxalq miqyasda tənzimləmə aparan təşkilatlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi artmışdır. Həmin təşkilatlarda ölkə­mizin mütəxəssis səviyyəsində iştirakı məqsədəuyğundur. Onların hazırla­dıqları hesabatlar və araşdırmalar ölkəmiz üçün faydalıdır.

2008-ci ilin ilk aylarında ABŞ-ın ipoteka bazarlarında baş verən böhranla əlaqədar olaraq yeni qlobal maliyyə böhranı özünü göstərməyə başlamışdır. Belə böhranların gələcəkdə də təkrar olunması istisna edilir. Ona görə də, belə böh­ranların mənfi nəticələrindən qorunmaq üçün maliyyə orqanlarımız həmişə hazır olmalıdırlar. Qlobal maliyyə böhranı ilə mülahizə üçün Milli Bank, Ma­liyyə Nazirliyi, Dövlət Neft Fondu və digər əlaqədar təşkilatların nümayən­dələrindən ibarət riski dəyərləndirmə və proqnozlaşdırma qrupunun yaradılmasına ehtiyac vardır.

Qloballaşma kapital bazarları üçün zəngin alternativlər yaratmaqla yanaşı, həmin bazarların fəaliyyəti ilə əlaqədar cinayətlərin də milli sərhədlərdən kənara çıxması üçün şərait yaradır. Bununla əlaqədar olaraq beynəlxalq səviyyədə tənzimləyici təşkilatlarla bu sahədə də əməkdaşlığın genişləndirilməsi zəruridir.

Kreditlərin əsas etibarı ilə iri təsərrüfat subyektləri tərəfindən əldə edilə bilməsi yüksək inflyasiya şəraitində və real faiz dərəcələri yuxarı olduğu 80-90-cı illərdə bəzi İEOÖ-də kredit qıtlığının yaranmasına səbəb olmuşdur. Bundan başqa, kommersiya bankları kreditləşdirmə sahəsində bir sıra məhdudiyyətlərlə və qanunvericilikdə müəyyən edilmiş yüksək faiz dərəcələri ilə qarşılaşdılar. Bu dərə­cələr isə real bazar faizlərindən xeyli aşağı idi. Maksimum nominal faiz dərəcə­lərinin maksimum səviyyəsinin real bazar səviyyəsindən aşağı olması isə inves­tisiyaların maliyyələşməsi üçün ciddi problemlər yaradır. (198, s. 568). Həmin problemin həll edilməsinin optimal yollarından biri maliyyə sisteminin libe­ral­laşdırılması vasitəsilə nominal faiz dərəcələrinin bazar səviyyəsinə uyğun­laş­dırılmasıdır. Dünya Bankının hesabatlarından birində göstərilir ki, Tailand, Türkiyə və Keniya faiz dərəcələrini liberallaşdırmaqla, yığım və investi­siyaların artırılmasına nail olmuşlar. Lakin Çilidə keçirilən maliyyə islahatları həmin pro­sesin bir sıra neqativ nəticələrini üzə çıxarmışdır. Belə ki, bir çox banklar artan ma­liyyə imkanlarından istifadə edən nəhəng konqlomeratlar tərəfindən zəbt edilirlər.

Cənubi Koreya və Tayvanda maliyyə islahatlarının nəticələri isə göstərir ki, dövlətin maliyyə həyatına əsaslandırılmış müdaxiləsi sənayeləşmənin sürətləndi­rilməsinə yardım edə bilər. Faiz dərəcələrində uyğunsuzluğun aradan qaldırılması yığımı təşviq edərək investisiyaların səmərəli yerləşdirilməsinə yardım etməsə də, maliyyə islhatları həmişə xırda fermer və investorların kredit əldə edə bilməsini təmin edən digər birbaşa tədbirlərlə də müşayiət olunmalıdır. (198, s. 569).

Xarici şoklar yarandığı zaman milli iqtisadiyyatın sabitliyi və davamlılığının qorunması üçün ölkənin maliyyə sisteminin möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi davam etdirilməlidir. Bu zaman maliyyə və pul-kredit kanallarının iqtisadi inkişafa təsirinin səmərəliliyinin artrılmasına diqqət verilməsi zəruridir. Pul-kredit alətlərinin yeni tələblərə uyğun olaraq təkmilləşdirilməsi olduqca vacibdir.

Bu baxımdan Şərqi Avropa ölkələrinin təcrübəsi əhəmiyyətli ola bilər. Bu ölkələrdə açıq bazarda əməliyyatların inkişaf etdirilməsi sahəsində xeyli irəliləyiş var. Likvilidliyin verilməsi sahəsində təsirli alətlərdən istifadə olunması da mühüm addımlardandır. Həmin ölkələrin təcrübəsi göstərir ki, dünya bazarlarında konyuk­tura dəyişiklikləri (həm əmtəə, həm də maliyyə bazarlarında) baş verdikdə ölkə daxilində həmin alətlərə tələb artır. Bu zaman, Milli maliyyə sistemində likvidliklə əlaqədar problem baş verdikdə konyukturaların monitorinqinin keçirilməsindən və operativ olaraq tədbirlər görülməsindən ibarət olacaqdır. [332, 2003, № 1, s. 97]



    1. Təsərrüfat subyektlərinin rəqabətqabiliyyətinin yüksəldilməsi üzrə qabaqcıl dünya dövlətlərinin təcrübəsi

Xarici ticarətin və maliyyə bazarlarının sərbəstləşdirilməsi və iqtisadi sərhədlərin aradan qaldırılması firmalar üçün coğrafi (milli) bazarları dünya bazarı vəziyyətinə gətirmişdir. Coğrafi bazar dünya bazarına çevrildikcə rəqabət qlobal xarakter almağa başlamışdır. Qloballaşma rəqabəti kəskinləşdirdikcə şirkətlər yeni məhsullar istehsal edə bilmək üçün qlobal şərtləri də nəzərə almalıdırlar. Bunun üçün onlar bu sahədə ixtisaslaşmış digər şirkətlərlə birləşməyə çalışırlar. Daha çox sərmayə, daha çox borc ala bilmə gücü yaradır və daha çox kapital qoya bilmək üçün imkanlara yol açır. Bunlar isə şirkətin qlobal səhnədə rəqabət gücünü artırır. Başqa sözlə, qlobal rəqabətin artırılması milli bazardan gözlənilənlərin əldə edilə bilmədiyi və mənfəət marjlarının azaldığı bir şəraitdə firmaları beynəlxalq əmək­daşlığa, başqa firmalarla birləşməyə və yaxud müştərək müəssisələr yaratmağa vadar edir. Firmalar bu yol ilə texnoloji yenilikləri əldə etməyə və digər iqtisadi göstəriciləri yaxşılaşdırmağa çalışırlar.

Bir sıra firmalar dünya bazarında yer tuta bilmək üçün təşkilati strukturlarını dəyişdirərək qlobal kimlik əldə etdikləri halda, digər firmalar da milli kimliyini qoruyub saxlamağa çalışırlar.

Qloballaşma iki növ şirkət yaradılmasına gətirib çıxarır:



  1. Birdən çox ölkədə fəaliyyət göstərən hər hansı bir firmanın rəqabəti qarşısında yerli firmalar öz aralarında birləşirlər. Bu zaman məqsəd xarici rəqabətə davam gətirə bilmək və öz fəaliyyətlərini xaricdə də həyata keçirməkdir. Bu məqsəd yerli firmaları birləşməyə vadar edir. Bu halda milli dövlət vəziyyəti araşdırır.

  2. Birdən çox ölkədə fəaliyyət göstərən firmalar öz aralarında birləşirlər. Sərhədləri aşan birləşmələr fərqli milli bazarlarda fərqli nəticələr əldə edə biləcəkləri üçün birdən çox rəqabət orqanının icazəsini almalıdırlar. Bu zaman həmin orqanlar yerli qanunvericiliyi nəzərə alaraq fərqli qərarlar verə bilərlər.

Əsas məqsəd firmalar tərəfindən rəqabət prinsiplərinin pozulmasına yol verməməkdir. Firmalararası razılaşmalarda həmin prinsipin qorunması diqqət mərkəzində olmalıdır. Milli rəqabət orqanları xarici firmaların digər ölkələrdə fəaliyyətində rəqabətə zidd hərəkətlərini də nəzərə almalıdırlar. Bele problemlər meydana çıxdıqları hallarda onlar beynəlxalq əməkdaşlıq, ilkin razılaşmalar və ya bərabərlik və şəffaflıq prinsipləri əsasında OƏCR və ya ÜTT çərçivəsində çoxtərəfli razılaşmalar yolu ilə həll edilə bilər. [279, s. 55]

Qloballaşma dövründə qabaqcıl dünya dövlətlərində kiçik biznesin təşkili təcrübəsi də Azərbaycan üçün olduqca əhəmiyyətlidir.

İnkişaf etmiş sənaye ölkələrində ictimai həyatda iri inhisarçı şirkətlərin hegemonluğu şəraitində kiçik sahibkarlıq da öz mövqeyini qoruyub saxlaya bilmişdir. Hal – hazırda bu ölkələrdə ÜDM – in və məşğul əhalinin yarısı, ixracat və investisiyaların isə üçdə biri kiçik biznesin payına düşür. Təcrübə göstərir ki, kiçik müəssisələrə investisiya qoyuluşları sərfəlidir, çünki iri müəssisələrdən fərqli olaraq bu sahəyə qoyulan investisiya qısa müddət ərzində geri qayıdır. Bazarların mal ilə təchizatında, məşğulluğun artırılmasında, şəxsi gəlirlərin artırılmasında onlar daha müsbət rol oynayırlar. İnhisarçı mühitdə fəaliyyətini davam etdirə bilməsi dar ixtisaslaşması, kiçik partiyalarla, məhdud çeşiddə mal buraxımları, çeviklik göstərmələri, konyuktura dəyişmələrinə cəld reaksiya vermə qabiliyyətləri ilə əlaqədardır.

ABŞ–da kiçik müəssisələr intensiv olaraq artmaqda davam edir. Orda kiçik sahibkarlığın inkişafında dönüş nöqtəsi 70-ci illər oldu. Həmin dövrdə “kiçik gö­zəl­dir” şüarı altında nəhəng firmalar öz istehsallarını kiçik təsərrüfatlara bölməyə başladılar və onlara mümkün qədər çox hüquq və məsuliyyətlər verdilər. ABŞ–ın təcrübəsi göstərir ki, kiçik biznes çox yüksək mənfəət gətirən kapital qoyuluşu sahəsidir. Təsadüfi deyildir ki, həmin ölkədə 80-ci illərdə hər il 600 min kiçik müəssisə yaradılırdı. 90-cı illərdə yeni yaradılan müəssisələrin sayı artıq 700 minə çatmışdır. 90-cı illərin axırlarında bu ölkədə 20 mln. kiçik müəssisə (kənd təsər­rüfatı daxil deyil) mövcud idi, orada işləyənlərin sayı isə 90 mln. nəfər idi. [129, s. 8-10]

ABŞ–da kiçik müəssisələr mürəkkəb və müasir texnika ilə yaxşı təchiz edil­mişdir. Onların demək olar ki, hamısı bu və ya digər dərəcədə federal hökü­mətin, TMŞ – in və özəl firmaların sifarişi əsasında işləyir. Onlar elmi-tədqiqat işləri, mü­həndis axtarışları aparır, yeniliklərin reallaşdırılması ilə məşğul olurlar. Hesab­la­ma­lar göstərir ki, onlar hər 1 dollar xərcə şirkətlərə nisbətən 24 dəfə çox kəşf edir­lər [129, s. 8-10]. Ona görə də yeni ideya və innovasiya məhsullarının böyük bir hissəsi onların payına düşür. Təsadüfi deyildir ki, kompyuter yaradılması ideyası və həmin ideyanın həyatda reallaşması da ilk dəfə kiçik biznesə məxsus olmuşdur.

Yaponiyada da davamlı və sürətli iqtisadi inkişafın əsasını kiçik sahibkarlıq təşkil edir. Bu ökədə əmtəəlik məhsulun 55% - i, topdansatış ticarətinin 60% - i, pərakəndə satış ticarətinin isə 80% - dən çoxu kiçik müəssisələrin payına düşür. [308, s. 111]

Avropa Birliyi ölkələrində də davamlı iqtisadi inkişafın əsasında kiçik biznesin səmərəli fəaliyyəti dayanır. AB çərçivəsində kollektiv razılaşmalar kiçik biznesin də sürətli inkişafına yol açdı. Bu birlikdə kiçik sahibkarlıq fəaliyyəti ölkə sərhədlərini aşaraq regiona – dövlətlərarası səviyyədə fəaliyyət göstərməyə başlamışdır. Bunun üçün AB çərçivəsində əmtəə, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti haqqında dövlətlərarası razılaşmalar əlverişli şərait yaratmışdır.

Çinin dünyada aparıcı hegemon dövlətə çevrilməsində kiçik sahibkarlığın inkişafının rolu xüsusən böyükdür. SSRİ–nin siyasi və iqtisadi iflası Çin rəhbərliyini vadar etdi ki, ölkədə iqtisadi inkişaf mexanizminə yenidən baxsın, iqtisadi həyatın liberallaşdırılmasına yol versin. Belə bir şəraitdə Çinin bazar iqtisadi sistemində kiçik biznesə xüsusi yer verilir. Görülən tədbirlər nəticəsində ölkədə tikinti materiallarının təxminən yarısını, kömür çıxarılmasının 55% - ni, ipək məmulatları, paltar, ayaqqabı istehsalının 50% - dən çox hissəsini kiçik sahibkarlıq verir.

Bu ölkədə kənd təsərrüfatının sürətli inkişafında kiçik biznes xüsusən böyük rol oynayır.

Yeni sənaye ölkələrinin dünyanın iqtisadi meydanında ön plana çıxmasında da kiçik sahibkarlığın rolu böyükdür. Bu ölkələr qısa tarixi dövr ərzində sənayecə inkişaf etmiş ölkələrin sırasına daxil oldular və özlərinin yüksək keyfiyyətli məhsulları ilə dünya bazarlarını fəth etməyə başladılar. Onların durmadan artan ixracatında kiçik biznes mühüm rol oynayır. Ona görə də mütəxəssislər birmənalı olaraq qeyd edirlər ki, Şərqi Asiyanın yeni sənaye ölkələrinin sənayesinin strukturunun mühüm səciyyəvi cəhəti kiçik və orta sahibkarlığın xüsusi çəkisinin yüksək olmasıdır. [182, s. 74]

Yeni sənaye ölkələrinin hamısında kiçik sahibkarlıq yaxşı təşkil edilmişdir və sürətlə inkişaf edir. Kiçik biznesin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş Tayvanın təcrübəsi xüsusi maraq doğurur. Təsadüfi deyildir ki, Asiya–Sakit okean iqtisadi əməkdaşlıq Təşkilatı “ATES” – in müxtəlif inkişaf mərhələlərində kiçik və orta biznesin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi üzrə qabaqcıl təcrübənin istifadə edilməsinin əsas istiqamətləri haqqında birinci simpoziumu məhz Tayvanda təşkil edilmişdir. [324, 2004, №9, s. 123]

Hal – hazırda Tayvanda ÜDM–un 45% - ni, məşğulluğun isə 78% - ni kiçik və orta sahibkarlıq təşkil edir və onlar iqtisadiyyatın lokomotivinə çevrilmişlər. Bu ölkədə kiçik və orta sahibkarlığın 58 illik tarixi vardır. Onun inkişafını mütəxəssislər 7 mərhələyə bölürlər.



  1. 1940-cı ilin axırları – 50- ci ilin əvvəlləri – islahatlar dövrü.

  2. 1950-ci illər – idxalıəvəzetmə siyasətinin birinci mərhələsi.

  3. 1960-cı illər – ixracat potensialının sürətli artımı dövrü.

  4. 1970-ci illər – xüsusən yüngül sənaye sahəsində idxalıəvəzetmə siyasətinin ikinci mərhələsi.

  5. 1980-ci illər – yüksək texnologiya sənayesinin meydana gəldiyi dövr.

  6. 1990-cı illər sənayenin strukturunda dəyişiklik dövrü.

  7. XXI əsrin əvvəllərində - çağırış planının reallaşmağa başladığı dövr.

2002-ci ildə ÇXR – in sürətli inkişafına və qloballaşmanın çağırışına cavab olaraq Tayvanda milli inkişaf planı hazırlandı. Kiçik və orta sahibkarlıq sahəsində plan xarici innovasiyanın cəlb olunması və elmi-tədqiqat və konstruksiya işləri alt proqramı, habelə istehsal edilən sənaye məhsulunun dəyərinin artması proqramını nəzərdə tutur. Plan çərçivəsində kiçik və orta sahibkarlığın inkişafına 30. 2 mlrd. ABŞ dolları, o cümlədən, onun innovasiya fəaliyyətinin və elmi-tədqiqat işlərinin stimullaşdırılmasına 1. 5 mlrd. ABŞ dolları ayrılmışdır. Kiçik və orta sahibkarlıq üçün məsləhət şəbəkələrinin formalaşdırılması, sahibkarın hazırlanması və yenidən hazırlanması, sərgilərin təşkili xətləri üzrə işlər təşkil olunmuşdur. Planın əsas məqsədi – Tayvanın dünya bazarlarında rəqabət gücünü artırmaqdır. Tayvanın 2003-cü ildə Asiya – Sakit okean regionunda innovasiya biznesi sahəsində mərkəzə verilməsi nəzərdə tutulmuşdur.

Tayvanda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün səmərəli şəbəkə yaradılmışdır. Bu sahədə 5 əsas istiqamət mövcuddur:



  1. Tayvan höküməti kiçik və orta sahibkarlığın dəyişən mühitdə, yəni ÜTT –yə daxil olma prosesində inkişafı üçün onun fəaliyyətinin hüquqi bazasını yaratmışdır. Çünki bu hüquqi baza beynəlxalq təcrübəyə və standartlara zidd olmamalıdır. İntellektual mülkiyyətin də ciddi qorunması nəzərdə tutulur. Biznes üçün yeni imkanlar axtarılması sahəsində yardım həyata keçirilir. Hər il “Kiçik və orta biznes haqqında ağ kitab” çap edilir.

  2. Hakimiyyət sahibkarların və onların innovasiya fəaliyyətinin dəstəklən­məsi mexanizmini təkmilləşdirir. Yeni biznes və innovasiya kolleci yaradılmışdır, müxtəlif mənbələrdən maliyyələşmənin və marketinqin planlaş­dırılması sahəsində yardım göstərilir.

  3. İnformasiya texnologiyalarının tətbiqi imkanların genişləndirilməsi üçün kiçik sahibkarlara elektron ticarət sahəsində dəstək verilir. Bu məqsədlə mərkəz yaradılmışdır.

  4. Müəssisələrdə idarəçiliyin səmərəliliyinin artırılması üçün yerli xüsusiyyətlərin nəzərə alınmasına diqqət verilir. Hakimiyyət xammal axtarışında onlara yardım edir. İdarəçilik üzrə kurslar təşkil edilir.

  5. Kiçik sahibkarlara hər cür xidmət göstərilməsi üzrə şəbəkə yaradılır. KİV – lərdə kiçik sahibkarların müsbət imicinin formalaşması sahəsində xidmət göstərilir.

Beləliklə, müasir dövrdə bütün ölkələrdə iqtisadiyyatın inkişafında, işsizliyin aradan qaldırılmasında, regional tarazlı inkişafın təmin olunmasında kiçik biznesə böyük əhəmiyyət verilir. Qloballaşmanın bütün dünyada yayılması adı çəkilən məsələlərdə kiçik sahibkarlığın rolunu daha da artırmışdır. Qlobal iqtisadi mühit və texnoloji inqlablar xarici bazarlara girmək və maya dəyərini aşağı salmaq üçün yeni imkanlar yaratmışdır. Lakin qloballaşma bu təsərrüfat subyektləri üçün yeni problemlər də yaratmış, onların risklərini artırmış, rəqabət mübarizəsini kəskin­ləşdirmişdir. Qlobal iqtisadiyyatda kiçik biznesin rəqabət qabiliyyətinin artırılması müasir dünya dövlətlərinin qarşısında duran ən ciddi problemlərdəndir. Bu problemin həll edilməsi isə rəqabət sahələri və imkanlarını təhlil etmək və təsirli tədbirlər müəyyən edərək həyata keçirmək lazımdır.

Belə bir şəraitdə bir çox qabaqcıl ölkələrdə kiçik biznes rəqabət müba­rizəsinə dözmək üçün sənaye kompleksləri və ya sənaye zonaları şəklində təşkil olunurlar. Belə zona və komplekslər kiçik sahibkarlarla birləşərək güclərini həm yerli səviyyədə, həm də beynəlxalq miqyasda artırmağa çalışırlar.

Sənaye kompleksi hər hansı bir məhsulun istehsalından satışına qədər geniş bir sahədə mövcud olan sektor və şirkətlərin toplusudur. Əgər hər hansı bir ölkədə istehsaldan alıcıya qədər gedən həlqədə yerləşən subyektlərin sayı çoxdursa, kom­pleks mövcud ola bilər. Firma və ya məhsulun rəqabət qabiliyyəti və ya üs­tünlü­yünün artırılmasında belə komplekslər mühüm rol oynayırlar. Kompleksdə mövcud olan subyektlər arasında əlaqələr nə qədər güclüdürsə, onların rəqabət qabiliyyəti də bir o qədər yüksək olur. Təəssüf ki, Azərbaycanda belə komplekslər mövcud deyildir. ABŞ-da Kaliforniyada Silikon vadisi, İngiltərədə Silikon fen, Qamburqda və İtaliyadakı sənaye zonalarının texnoloji inkişaf və rəqabət qabi­liy­yə­tinin artırılmasında əldə etdikləri müvəffəqiyyətlər sənaye kompleksləri və zona­la­rına diqqəti olduqca artırmışdır. Beynəlxalq rəqabətə açıq olan bu komplekslərdə alt sənaye vektorları və oxşar sənayelərin birləşdirilməsi və onlara dəstək verən di­gər sahələrin, elmin, infrastrukturun inkişafı komplekslərdə rəqabət üstünlüyünü artırır.

Bu zaman rəqabət üstünlüyünün artırılması üçün aşağıdakı amillər nəzərə alınmalıdır:

- Sənayenin sahə və alt sahələrində fəaliyyət göstərən müəssisələrin müş­tərək problemlərinin eyni yanaşma ilə müəyən edilməsi və onların həlli yollarının axtarılması.

- Müəssisələrin sıx iş birliyi şəraitində texnologiya, istehsalın idarə edilməsi təcrübəsi, emalın müxtəlif həlqələrindən qarşılıqlı istifadə edilməsi, ehtiy­atların qarşılıqlı şəkildə ödənilməsi, yeni məhsulların emalı prosesində təcrübə mübadiləsi kimi vacib məsələlərin təmin edilməsi.

- Elmi və texnoloji yeniliklər haqqında informasiya mübadiləsi.

- Oxşar və ya əlaqədar sənaye sahələrinin bir yerdə cəmlənməsi nəticəsində istehsal zəncirində bir-birini tamamlayaraq yeni məhsul, üsul və xidmətlərin birgə yaradılması və inkişaf etdirilməsi.

- Oxşar və ya bir-birini dəstəkləyən istehsala məşğul olan müəssisələrin eyni bölgü kanallarından istifadə edə bilmə və ya müştərək bölgü kanallarının yaradılması imkanlarının genişləndirilməsi.

Məlum olduğu kimi, iqtisadi fəaliyyətin qloballaşmasına baxmayaraq, eyni sahədə çalışan firmalar üçün coğrafi yaxınlıq ciddi rəqabət mənbəyidir. Hətta bütün dünya miqyasında fəaliyyət göstərən transmilli şirkətlər məkanca ona yaxın firmalarla rəqabət durumundadırlar. Dünya ölkələrinin təcrübəsində sənaye kom­plekslərinin və ya zonalarının yaradılması zərurəti, həm də, bu məsələ ilə əlaqə­dardır.

Azərbaycan reallıqlarında kənd təsərrüfatı məhsullarının emalı sahəsində, təkrar xammal istehsalı və bir çox digər sahələrdə belə komplekslərin yaradılması olduqca vacibdir.

Azərbaycanda da həmin prosesin başlanması və inkişaf etdirilməsi dövlət tərəfindən ciddi şəkildə dəstəklənməli və təşfiq edilməlidir. Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan sənayenin inkişaf proqramında deyilən məsələlərin nəzərə alınması olduqca vacibdir. Belə bir dövlət siyasəti hazırlanarkən kiçik müəssisələrin xammal, material, texnologiya, kredit və s. əldə edilməsində istehsal etdikləri məhsulların reallaşdırılmasında qarşılarına çıxan çətinlikləri yaradılan komplekslərin verdikləri üstünlüklər nəzərə alınmalıdır.

Kiçik sahibkarlığın qlobal iqtisadiyyatın tələblərinə uyğun olaraq inkişafında dövlət siyasətinin və dövlət sektorunun rolu böyükdür.

Kiçik sahibkarlığın fəaliyyətinin müasir səviyyədə təşkilində elektron ticarətin boyük əhəmiyyəti vardır. Çünki elektron texnikası həmin müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün yeni imkanlar yaradır. Ancaq indiki şəraitdə ölkəmizdə mövcud olan kiçik sahibkarlıq bu imkanları yetərincə dəyərləndirə bilmirlər. Ona görə də kiçik sahibkarlığın dəstəklənməsi üzrə dövlət siyasətində bu məsələ də nəzərə alınmalıdır.

Məlum olduğu kimi, yenilik, innovasiya, yeniləşmə həm yüksək texnologiya ilə işləyən müəssisələrdə, həm də ənənəvi sənaye sahələrində istər yerli, istərsə də xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasının vacib şərtləridir. Ona görə də qabaqcıl dünya dövlətlərində daim modernləşmə müəssisələrin fəaliyyətinin onurğa sütununu təşkil edir. İnnovasiyanın tətbiqi, yeni biliklərin gecikmədən mənimsənilməsi sürətli inkişaf üçün müəssisələrin “özlərini yenidən dərk etmə” mənasını verir. Bu yeniləşmə çox vaxt texnologiya və marketinq proseslərindən də kənara çıxır və miqyası olduqca genişdir.

Ona görə də bu ölkələrdə xüsusi innovasiya müəssisələrinin yaradılmasına və fəaliyyətinin genişləndirilməsinə böyük əhəmiyyət verilir. Belə müəssisələr bir çox sənaye sahələrində öncüllük edir və beynəlxalq miqyasda fəaliyyət göstərməyə başlayırlar. Onlar kiçik sahibkarlığın inkişafı sahəsində strateji kursun hazırlanmasında və həyata keçirilməsində də ciddi rol oynayırlar. Ona görə də innovasiya ilə məşğul olan kiçik müəssisələrin yaradılması və hər vasitə ilə inkişaf etdirilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da günün təxirəsalınmaz vəzifələrindəndir. Onların kapitalları və kredit məktəblərinin qarantiya edilməsi, sənaye və texnologiya üzrə mülkiyyət hüquqlarının qorunması üzrə tədbirlər görülməlidir. İnnovasiya sahəsində fəaliyyət göstərən kiçik müəssisələr yeniliklərin həm tədarükçüsü, həm də istehlakçılarıdır. Belə xidmətlər qeyri maddi varlıqların formalaşmasına və firmaların rəqabət gücünün artırılmasına yardım edir.

Beləliklə, amerikan iqtisadçısı Nikolas K. Siropolisin qeyd etdiyi kimi kiçik biznes böyük ehtimalla gələcəkdə də iqtisadiyyatda tərəqqini stimullaşdıracaqdır. [211, s. 3]


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə