63
Ağciyərlərin səpələnmiş vərəmində kavernaların cərrahi müalicəsinə çox nadir hallarda yol
verilir. Proses ağciyərlərdə yayılmış olduğundan cərrahi müdaxilə zamanı sağlam sərhədlərin
müəyyənləşdirilməsi çətinliklər törədir.
MİLİAR VƏRƏM
Miliar vərəm vərəmin kliniki təsnifatına 1994-cü ildə MDB ölkələri ftiziatrlarının
qurultayında yenidən daxil edilmişdir. Bu son illərdə vərəmin ağır, kəskin inkişaf edən
formalarına tez-tez təsadüf olunması ilə bağlıdır.
Miliar vərəm forması ilk dəfə Laennek tərəfindən yazılıb şərh olunmuşdur. XIX əsrin
ortalarında N.İ.Piroqov müxtəlif orqanlarda ağır intoksikasiya ilə keçən və qarın yatalağını
xatırladan miliar vərəmin klinikasını şərh etmişdir. Bu miliar vərəmin tifoid variantının ayrıca
göstərilməsinə əsas olmuşdur. Miliar vərəm zamanı kiçik ölçülü (l-2mm), əsas etibarilə
produktiv toxuma reaksiyası ilə səpələnmiş ocaqlar yaranır. Ocaqlarda kazeoz-nekrotik
dəyişikliklərin də olması istisna olunmur. Ocaqlı dəyişikliklər ilk növbədə interstisial toxumada
inkişaf edir və sonra isə orqanların parenximasını zədələyir.
Miliar vərəm kəskin gedişi, sürətli yayılması (disseminasiya) ilə xarakterizə olunur və
ağciyərləri, qaraciyəri, dalağı, bağırsaqları, beyin qişalarını, digər orqan və toxumaları zədələyir.
Vərəmin bu formasına daha çox KJB (Kalmet və Jeren batsilləri) vaksinasiyasına cəlb
olunmamış uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Yenicə vərəm infeksiyasına yoluxmuş bu
kontingentdə birincili vərəmin sürətli inkişafı nəticəsində bakteriemiya baş verir. Miliar vərəmdə
bakteriemiyanın mənbəyi birincili vərəm nəticəsində döş qəfəsi daxili limfa düyünlərinin
vərəmidir. Vərəm mikobakteriyaları qan axarına düşərək qan damarları divarında spesifik
iltihabi
proses törədir və oradan da yaxın toxumalara keçir. Bunun nəticəsində darı dənəciklərini
xatırladan kiçik vərəm ocaqları yaranır (milium-latınca darı deməkdir). Vərəmin bu formasının
adı da milium sözündən götürülmüşdür.
Səpələnmə vərəmə yoluxduqdan 4-6 həftə sonra bronxoadenitin və yaxud ilkin vərəm
kompleksinin formalaşması ardından sonra da yarana bilər.
Yaşlılarda miliar vərəm bakteriemiya nəticəsində də əmələ gəlir. Mənbəyi isə sümükdə,
böyrəklərdə, cinsiyyət orqanlarında, nadir hallarda ağciyər toxumasındakı aktiv vərəm ocağı
olur. Bakteriemiyanın mənbəyi xroniki və yaxud da kəskinləşmiş döş qəfəsi daxili limfa
düyünlərindəki vərəm prosesi də ola bilər.
Xəstəlik uzun müddət dövrü kəskinləşmələrlə davam edə bilər. Miliar vərəm hematogen
səpələnmiş vərəmin geniş yayılmış forması olub kəskin gedişli interstisial toxumada
qabarcıqların yaranması, yaxud da onların konqlmeratlarının kiçik ocaqlarının yaranması ilə
xarakterizə olunur. Miliar vərəm vərəm mikobakteriyalarının orqanizmdə yayılması, orqanizmin
müqavimətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində baş verir. Buna birincili vərəmin və ən
çox da bronxoadenitin inkişafı səbəb olur. Çox nadir hallarda miliar vərəm ağciyərdən kənar
vərəmin də gedişinin ağırlaşması nəticəsində baş verir. Miliar vərəm orqanizmdə lokal bir
vərəmin forması olmadan da, çoxsaylı virulent vərəm mikobakteriyalarının orqanizmə daxil
olması nəticəsində baş verir. Miliar vərəmdə qabarcıqlar ağciyərlərdə yerləşir. Lakin onlar
böyrəklərdə, dalaqda, beyin qişalarında da ola bilər. Bu qabarcıqlar darını xatırladır. Ona görə də
vərəmin bu forması darıvari adlanır (milium-latınca darı mənasındadır). Xəstəlik, adətən kəskin
başlayır. Bədən hərarətinin qalxması (39-40°C-yə qədər), kəskin şəkildə intoksikasiya, zəiflik,