Vidadi muradov



Yüklə 80,81 Kb.

tarix04.11.2017
ölçüsü80,81 Kb.


     VİDADİ MURADOV  

“Azərxalça” Açıq Səhmdar  

Cəmiyyətinin İdarə Heyəti 

vidadimuradov@gmail.com                                                                          



 

NAXÇIVAN DİYARINDA TİCARƏT-SƏNƏTKARLIQ OBYEKTLƏRİNİN TİKİNTİSİ 

(XVIII-XX ƏSRİN ƏVVƏLLƏRİ) 

 

 

          Naxçıvan  diyarı  hələ  çox qədim zamanlardan ticarət yolları üzərində  çox  əlverişli  mövqeyə 

malik  olmuşdur.  Şərq  ölkələri  ilə  Avropa  arasında    ticarət  əlaqələrinin  inkişafında  uzan  müddət 

mühüm  rol  oynamış  Böyük  İpək  Yolunun  bir  neçə  qolunun  Naxçıvan  ərazisindən  keçməsi  bütün 

orta  əsrlər  dövründə  diyarda  ticarətin,  sənətkarlığın  və  kənd  təsərrüfatının  inkişafına  ciddi  təkan 

vermişdir.  Heç  də  təsadüfi  deyildir  ki,  müxtəlif  dövrlərdə  diyarda  olmuş  tacirlər,  səyyahlar, 

diplomatlar  və  digərləri  Naxçıvan  diyarında  yerləşən  şəhərləri  mühüm  ticarət  və  sənətkarlıq 

mərkəzləri  kimi  xarakterizə  edirlər.  XIII  əsrin  əvvəllərində  tərtib  edilmiş  mənbələrdən  birində 

göstərilir  ki,  Naxçıvan  şəhərində  yaşayan  əhali  “bədii  oyma  sənətində,  xörəklərin  bişirilməsində 

fərqlənirlər, ağacdan (xüsusilə əl-xələnc ağacından) müxtəlif  əşyaların hazırlanmasında mahirdirlər 

və  həmin  əşyaların  əksəriyyəti  müxtəlif  ölkələrə  ixrac  olunur”[15,s.208].

 

XVII  əsrin  ortalarında 



Azərbaycanda  olmuş  türk  səyyahı  Övliya  Çələbi  Naxçıvan  şəhərində  gördüyü  istər  ticarət-

sənətkarlıq  obyektlərindən,  istərsə  də  burada  istehsal  edilən  sənətkarlıq  məhsullarından  böyük 

heyranlıqla danışır [9,s.13].                

          Sənət  istehsalının  və  ticarətin  inkişafı  bu  işlərin  həyata  keçirilməsi  üçün  tələb  olunan 

tikililərin  inşaasını zəruri edirdi. Bir qədər qəribə  görünsə  də, tikinti  sənətinin digər sahələri kimi, 

ticarət-sənətkarlıq  obyektlərinin  tikintisində  müharibələr  də  az  rol  oynamırdı.  Vaxtaşırı  təkrar 

olunan  Səfəvi-Osmanlı  müharibələri  ticarət-sənətkarlıq  obyektlərinin  də  yerlə  yeksan  edilməsinə 

gətirib çıxardığından hərbi əməliyyatlar başa çatdıqdan sonra onları yenidən tikmək və yaxud bərpa 

etmək  zərurəti  yaranırdı.  Bu  məsələ  haqqında  1673-cü  ildə  Naxçıvanda  olmuş  fransız  səyyahı 

J.Şardenin  məlumatları  daha  aydın  təsəvvür  yaradır:  “Naxçıvan  səksən  faiz  dağıdılmış  böyük  bir 

şəhərdir. Bu şəhər yavaş-yavaş məskunlaşır və bərpa olunur. Şəhərin mərkəzi hal-hazırda yenidən 

qurulmuş  və  əhali  ilə  məskunlaşdırılmışdır.  Orada  böyük  bazarlar  və  hər  tərəfdə  hər  cür  mal  və 

yeyinti  məhsulları  satılan  dükanlarla  dolu  örtülü  küçələrdən  ibarətdir.  Naxçıvanda  beş  karvansara, 

hamamlar,  bazar  meydanları,  tütün  və  qəhvə  verən  iri  mehmanxanalar  və  təxminən  iki  min  ev 

var”[10,s.63]. Heç şübhəsiz ki, fransız səyyahının sadaladığı ticarət-sənətkarlıq obyektlərinin böyük 

əksəriyyəti 1639-cu ildə Səfəvi-Osmanlı müharibələri başa çatdıqdan sonra inşa edilmişdi. 

 

          Naxçıvan  diyarında  tikinti  sənətinin  bir  çox  sahələrinin,  o  cümlədən  ticarət-sənətkarlıq 



obyektlərinin  inşaasına  ciddi  təsir  göstərən  amillərdən  biri  də  bu  sahədə  istifadə  edilən  tikinti 

materiallarının  bolluğu  idi.  Doğrudur,  bu  sözləri  Azərbaycanın  əksər  bölgələrində  geniş  istifadə 




edilən daş  və  ağac  materialları  haqqında söyləmək olmaz. Naxçıvan diyarında  meşə  örtüyü  hədsiz 

dərəcədə  yoxsul  olduğundan  tikinti  işlərində  ağac  materiallarından  olduqca  az  istifadə  edilirdi. 

Əsasən  yaşayış evlərinin tikintisi zamanı ağac  materiallarına olan tələbat  əhalinin  bu  məqsədlə öz 

həyətlərində  yetişdirdikləri  qovaq  ağacları  və  Türkiyənin  Qars  vilayətindən  idxal  hesabına 

ödənilirdi[13,s.5-6]. 

          Əldə  olan  materiallar  göstərir  ki,  Naxçıvan  diyarında  tikinti  işlərində,  o  cümlədən  ticarət-

sənaye  obyektlərinin  inşaası  zamanı  daha  çox  çiy  və  bişmiş  kərpicdən  istifadə  olunurdu.  Yerli 

torpağın  tərkibinin  gillə  zəngin  olması  kərpic  istehsalı  üçün  daha  əlverişli  şərait  yaradırdı.  Bu 

sahənin  inkişafına  mənfi  təsir  göstərən  əsas  amil  müharibələrin  yaratdığı  qeyri-sabit  hərbi-siyasi 

şəraut  olurdu.  Müharibələr  zamanı  tikinti  işlərinin  həcminin  azalması  kərpicə  olan  tələbatı 

azaltdığından  onun  istehsalında  da  geriləmə  müşahidə  edilirdi.  Rusiya-İran  müharibələrinin 

gedişində  diyarda  cəmisi  3  kərpickəsmə  müəssisəsinin  fəaliyyət  göstərməsi[1,v.1-125]  də  bu  fikri 

təsdiq  edir.  Müharibədən  sonra  başlanmış  dinc  dövr  kərpic  istehsalının  inkişafına  müsbət  təsir 

göstərmişdi. XIX  əsrin ortalarından  başlayaraq Naxçıvan diyarının  hər  iki şəhərində  - Naxçıvanda 

və Ordubadda kərpic istehsal edən müəssisələrin sayı bir neçə dəfə artaraq müvafiq olaraq 13 və 15-

ə çatmışdı[17,s.189].  

          Kərpickəsmə  müəssisələri,  bir  qayda  olaraq  şəhərlərin  kənarında,  xammal  ehtiyatlarının 

yaxınlığında yerləşirdi. Olduqca ağır zəhmət tələb edən bu iş bir neçə mərhələdən keçirdi. Əvvəlcə 

gilli  torpaq  istehsal  yerinə  daşınır,  sonra  isə  su  ilə  qarışdırılaraq  palçıq  halına  salınırdı.  Kərpicin 

möhkəmliyini  təmin  etmək  üçün  palçığın  tərkibinə  doğranmış  saman  və  xırda  daşlar 

qatılırdı[13,s.44].  Bundan  sonra  hazır  palçıq  xüsusi  qəliblərə  dolduralaraq  kərpic  formasına 

salınırdı. Hazır vəziyyətə gətirilmiş kərpic bir neçə gün günəş şüaları altında qurudulduqdan sonra 

tikinti  işləri  üçün  yararlı  hesab  edilird.  Tədqiq  edilən  dövrdə  Naxçıvan  diyarında  inşa  edilmiş 

ticarət-sənətkarlıq  obyektlərinin  əksəriyyətində  əsas  tikinti    materialı  kimi  məhz  bu  üsulla 

hazırlanmış kərpicdən istifadə edilirdi. 

          Tədqiq edilən dövrdə Naxçıvan diyarında ticarət-sənətkarlıq obyektlərinin tikintisində bişmiş 

kərpicdən də istifadə edilirdi. Belə kərpiclər, adətən çiy kərpiclərin iri həcmli sobalarda bir neçə gün 

fasiləsiz  bişirilməsi  yolu  ilə  hazırlanırdı[6,s.192;  12,s.258-259].  Bu  yolla  istehsal  edilən  kərpic 

gözəl görkəmə malik olmaqla yanaşı tikinti üçün daha davamlı hesab edilirdi. 

          Göründüyü kimi, XVIII  əsrin  ikinci  yarısı-XX  əsrin  əvvəllərində Naxçıvan diyarında ticarət 

və  sənətkarlıq  obyeklərinin  inşasını  zəruri  edən  bütün  səbəblər  mövcud  idi.  Bir  tərəfdən  diyarın 

beynəlxalq  ticarət  yolları  üzərində  mühüm  mövqe  tutması,  digər  tərəfdən  isə  daxili  ticarətin 

Naxçıvan əhalisinin təsərrüfat fəaliyyətində mühüm yer tutması burada bazarların, karvansaraların, 

sənətkar emalatxanalarının, ticarət dükanlarının, körpü və hamamların tikintisini zəruri edirdi. Belə 




obyektlərin şəhər hakimlərinin mühüm gəlir mənbələrindən birini təşkil etmələri də onların tikintisi 

üçün əlverişli şərait yaradırdı[6,s.146-147]. 

          İstər  Naxçıvan,  istərsə  də  Ordubad  şəhərlərində  ticarət  və  sənətkarlıq  obyektlərinin  inşa 

edildiyi  əsas  mərkəz  bazar  meydanları  idi.  Azərbaycanın  əksər  şəhərlərində  iç  qala  və  bazar 

meydanı  ayrıca  kompleks  təşkil  etdikləri  halda  Naxçıvan  şəhərində  bunlar  vahid  memarlıq 

kompleksində  birləşmişdilər.  “Naxçıvan  sancağının  müfəssəl  dəftəri”ndə  verilən  məlumatlardan 

aydın olur ki, XVIII əsrin əvvəllərində Naxçıvan şəhərində bir neçə bazar var idi ki, onlardan biri 

“Xətib çarşısı” adlandırılırdı[8,s.31]. Bu dövrdə şəhərdə qeydə alınmış 93 ticarət dükanı və sənətkar 

emalatxanasının əksəriyyəti “Xətib çarşısı”nda tikilmişdi. Bu obyektlərdən 24-ü Keçə Hüseyn, 44-ü 

Məlik  Kəşa  adlı  şəxslərə  məxsus  idi.  Onların  hər  biri  ayda  10  ağca  hesabı  ilə  icarəyə 

verilirdi[8,s.31]. 

          Naxçıvanla  müqayisədə  kiçik  olmasına  baxmayaraq  Ordubad  şəhərində  tikilmiş  ticarət  və 

sənətkarlıq  obyektlərinin  sayı  daha  çox  idi.  1727-ci  ildə  şəhərdə  ancaq  Sultan  Muradın  vəqflərinə 

aid  olan  150  dükan  qeydə  alınmışdı  ki,  onlardan  da  hər  birinin  aylıq  icarə  haqqı  40  ağça  təşkil 

edirdi.  Ordubadda  tikilmiş  ticarət  və  sənətkarlıq  obyektlərinin  daha  bir  xüsusiyyəti  onların  yalnız 

bazar  meydanında  deyil,  ayrı-ayrı  məhəllələrə  səpələnməsi  idi.  “Naxçıvan  sancağının  müfəssəl 

dəftəri”ndə  Ordubadın  adı  göstərilməyən  məhəllələrindən  birində  1  karvansara,  11  dükan  və 

emalatxana,  Anbaras  məhəlləsində  isə  3  karvansara,  19  dükan  və  emalatxana  qeydə 

alınmışdı[8,s.126-133]. 

          Əldə  olan  məlumatların  müqayisəsi  göstərir  ki,  XVIII  əsrin  əvvəllərində  olmuş  türk 

istilasından yüz il sonra, daha doğrusu Rusiya işğalının başlanğıcında Naxçıvan diyarında ticarət və 

sənətkarlıq  obyektlərinin  tikintisində  müəyyən  artım  baş  vermişdi.  Əgər  1727-ci  ildə  Naxçıvan 

bazarında,  yuxarıda qeyd edildiyi kimi, cəmi 93  dükan  və emalatxana qeydə alınmışdısa, 1831-ci 

ildə  burada  tikilmiş  ancaq  sənətkar  emalatxanalarının  sayı  279-a  çatırdı  ki,  bunların  da  31-i 

karvansaralarda, 248-i isə bazar meydanında yerləşirdi[2,v.11].  

          Göründüyü  kimi,  yüz  il  ərzində  Naxçıvan  şəhərində  onlarla  ticarət  və  sənətkarlıq  obyekti 

tikilib istifadəyə  verilmişdi. Siyasi sabitliyin daimi pozulduğu bu  yüz il ərzində Naxçıvanda ticarət 

və sənətkarlıq obyektlərinin tikintisində baş vermiş bu artım qəribə görünə bilər. Lakin nəzərə alsaq 

ki,  şəhər  əhalisinin  yaşayışı  daha  çox  bu  obyektlərin  fəaliyyətindən  asılı  idi,  onda  belə  qənaətə 

gəlmək olar ki, Naxçıvan diyarının şəhərlərində müharibələr nəticəsində dağıdılan obyektlər nəinki 

tezliklə  bərpa edilir, hətta yeniləri də inşa olunurdu. Görünür, elə  bunun nəticəsi idi ki, bütün XIX 

əsr  ərzində cəmi 3-4  min  nəfər əhalinin  yaşadığı  Ordubad şəhərində, 1859-cu  il  məlumatına görə, 

308  dükan  və  emalatxana  fəaliyyət  göstərirdi  [16,s.50].  Ehtimal  etmək  olar  ki,  bu  obyektlərin 

əksəriyyəti XVIII-XIX əsrlərdə tikilib istifadəyə verilmişdi.  




          Naxçıvan diyarında inşa edilmiş ticarət-sənətkarlıq obyektləri arasında öz memarlıq üslubuna 

və  say çoxluğuna görə karvansaralar xüsusilə seçilirdilər. Diyarın əsrlər boyu tranzit ticarət yolları 

üzərində  yerləşməsi  burada  karvansara  tikintisini  şərtləndirən  əsas  amillərdən  idi.  Dövrümüzədək 

gəlib çatmış abidələrin sayına və yazılı mənbələrin məlumatlarına əsaslanan M.X.Heydərov göstərir 

ki, Azərbaycanda karvansara tikintisi orta  əsrlərin heç bir dövründə XVII  əsrdə olduğu kimi geniş 

yayılmamışdı[12,s.254]. Bu dövrdə Azərbaycanda tikilmiş karvansaraların xeyli hissəsi Naxçıvanın 

payına  düşürdü.  XVII  əsrin  ortalarında  Naxçıvanda olmuş  Övliya  Çələbinin  məlumatları  da  bunu 

təsdiq  edir.  Türk  səyyahı  Naxçıvan  şəhərində  tikilmiş  çoxsaylı  tikililər  arasında  20 

“mehmanxana”nın- karvansaranın olduğunu göstərir [9,s.13].  

          Ordubad  şəhərində  də  karvansara  tikintisi  geniş  miqyas  almışdı.  “Naxçıvan  sancağının 

müfəssəl  dəftəri”ndə  1727-ci  ildə  Ordubad  şəhərində  5  karvansaranın  olması  haqqında  məlumat 

verilir. Bu karvansaralardan üçü Anbaras məhəlləsində tikilmişdi. Sadıq Qasım oğlu və Ağa Mirzə 

oğlu  adlı  şəxslərə  məxsus  karvansaralar  isə,  çox  güman  ki,  bazar  meydanında  yerləşirdi[8,s.126-

133].  “Naxçıvan  əyalətinin  statistik  təsviri”ndə  də  Ordubad  karvansaraları  haqqında  maraqlı 

məlumatlar  verilir.  Həmin  məlumatlardan  aydın  olur  ki,  “əvvəllər  Ordubadda  6  karvansara  və 

böyük  bazar  var  idi;  hazırda  bazarın  çox  kiçik  hissəsi  (cəmisi  80  dükan)  salamat  qalmışdır,  6 

karvansaradan isə ancaq ikisi salamatdır” [13,s.194].  

          Azərbaycanın  digər  bölgələrində  olduğu  kimi,  Naxçıvan  diyarının  şəhərlərində  də 

karvansaralar adətən ya şəhərin  mərkəzi  meydanında,  ya da  meydana bitişik  məhəllələrdə tikilirdi. 

Bu  karvansaralarda  tacirlərin  istirahəti  və  ticarət  əməliyyatları  aparmaları  üçün  bütün  şərait 

yaradılırdı. Hələ XVII  əsrdə Azərbaycanda olmuş bir çox xarici ölkə səyyahları  bu karvansaraları 

bütün  Şərqin  ən  rahat  və  təhlükəsiz  karvansaraları  kimi  qiymətləndirirdilər.  Fransız  səyyahı 

J.Şardenin verdiyi məlumata görə, karvansaralar, adətən hündürlüyü 20 metrə çatan kvadrat formalı 

böyük  tikililər  olurdu.  Hər  bir  tacir  üçün  ayrıca  tikilmiş  otaqların  uzunluğu  4-5  addım  olur  və 

onların  hamısında  ocaq  (kamin)  quraşdırılırdı.  Burada  ticarət  karvanlarındakı  yük  heyvanları 

tövlələr  və  qulluqçular  üçün  ayrıca  otaqlar  da  inşa  olunmuşdu.  Karvansaraların  xüsusi  bir  guşəsi 

yemək  hazırlamaq  üçün  nəzərdə  tutulurdu  [12,s.253].  Daha  böyük  karvansaraların  birinci 

mərtəbəsində tacir dükanları ilə yanaşı, sənətkar emalatxanaları da yerləşirdi [18,s.610].  

          Naxçıvan  diyarında  şəhər  karvansaraları  ilə  yanaşı,  xeyli  sayda  yolüstü  karvansaralar  da 

tikilirdi.  XVIII  əsrin  sonlarında  Azərbaycanda  olmuş  səyyahlardan  biri  ticarət  yolları  üstündə 

tikilmiş  karvansaraların  təyinatı  və  quruluşu  haqqında  xeyli  maraqlı  məlumat  verərək  yazır:  “Yol 

boyunca  bir-birindən  müəyyən  məsafələrdə  yerləşən  karvansaralar  böyük  olur  və  yonulmuş 

daşlardan  tikilir.  Onların  daşları  yastı,  otaqları  tağlıdır.  Karvansaraların  dörd  tərəfində  bürclər 

tikilmişdir ki, bunlar da onları karvanlar üçün təkcə sığınacaq deyil, həm də quldurlardan qorunmaq 

üçün bir vasitəyə çevirir” [11,s.15].  



          Əksər hallarda həm şəhər, həm də yolüstü karvansaralar yerli hakimlər tərəfindən tikdirilərək 

ayrı-ayrı  şəxslərə  icarəyə  verilirdi.  Bəzən  yolüstü  karvansaralar  varlı  adamlar  tərəfindən  xeyriyyə 

məqsədilə  də  tikdirilirdi.  XVIII  əsrin  sonlarında    Azərbaycanda  olmuş  səyyahlardan  biri  belə 

karvansaraların tikintisindən bəhs edərək yazırdı: “Asiyada insanlıq üçün belə bir gözəl adət vardır 

ki,  varlı  adamlar  yollar  üzərində  zəruri  olan  yerlərdə  tacirlər  üçün  karvansaralar 

tikdirirdilər”[14,s.145].  

          Fransız  səyyahı  J.Şardenin  məlumatına  əsaslanan  M.X.Heydərov  göstərir  ki,  yolüstü 

karvansaraları  şəhər  karvansaralarından  fərqləndirən  yeganə  cəhət  onların  birmərtəbəli 

tikilməsindədir  [12,s.253].  Lakin  son  orta  əsrlərdə  Azərbaycanda  ikimərtəbəli  tikilmiş  yolüstü 

karvansaralara  da  rast  gəlmək  mümkündür.  Belə  karvansaralardan  biri  haqqında  1796-1797-ci 

illərdə  rus  ordusunun  Azərbaycana  yürüşünün  iştirakçısı  olmuş  A.Araratski  məlumat  verir.  Bakı-

Salyan  karvan  yolunun  üzərində  yerləşən  bu  karvansara  qala  şəklində  ikimərtəbəli  tikilmişdi 

[14,s.144-145].  

          Tədqiq edilən dövrdə Naxçıvan diyarında tikilmiş yolüstü karvansaralar haqqında mənbələrdə 

xeyli  məlumata  rast  gəlmək  mümkündür.  Belə  karvansaralardan  biri  Naxçıvandan  Gürcüstana 

gedən  yolun  üstündə,  Qarabağlar  kəndindən  4  verst  cənubda  yerləşirdi.  V.Qriqoryevin  XIX  əsrin 

30-cu  illərinə  aid  olan  təsvirindən  aydın  olur  ki,  artıq  dağıdılmış  vəziyyətdə  olan  bu  karvansara 

yonulmuş  gilli-qumlu  daşlardan  tikilmişdi.  Karvansara  tacirlərin  rahat  və  təhlükəsiz  yaşamaları 

üçün  bütün  tələblərə  cavab  verirdi.  Burada  malların  saxlanılması,  tacirlərin  dincəlməsi  və  yük 

heyvanlarının  qorunması  üçün  ayrıca  otaqlar  tikilmişdi.  Əslində  böyük  bir  kompleks  olan 

karvansaranın ətrafına ümumi uzunluğu 50 sajenə çatan hündür müdafiə divarı çəkilmişdi [13,s.78].  

          Tacirlərin  qısa  müddətə  dayanması  və  istirahəti  üçün  kiçik  ölçülü  yolüstü  karvansaralar  da 

tikilirdi.  Belə  karvansaralardan  biri  Şahbuz  rayonunun  Biçənək  kəndinin  şimalında,  meşənin 

işərisində  tikilmişdi.  Tikilmə  tarixi  XVII-XVIII  əsrlərə  aid  olan  bu  karvansara  iri  qaya 

parçalarından dördkünc formada inşa edilmişdi və iki otaqdan ibarət idi. Karvansaranın ölçülərinin 

çox  kiçik  olması  tacirlərin  ondan  ancaq  qısamüddətli  dayanacaq  kimi  istifadə  etdiklərini  göstərir 

[7,s.37].  

          Naxçıvan diyarının Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə  birləşdirən 

tranzit ticarət yolları üzərində yerləşməsi körpü tikintisini də zəruri edirdi. Əksər hallarda daşdan və 

kərpicdən,  nadir  hallarda  isə  ağacdan  tikilən  körpülər  daxili  ticarətin  inkişafı  ilə  yanaşı,  Naxçıvan 

diyarının Azərbaycanın digər bölgələri ilə, İran, Türkiyə, Gürcüstan və s. ölkələrlə ticarət əlaqələri 

saxlamasında  mühüm  rol  oynayırdı.  Bununla  belə,  körpülər  həm  də  hərbi  əməliyyatlar  zamanı 

orduların hərəkəti üçün də istifadə olunduğundan mühüm strateji əhəmiyyətə malik olur və elə bu 

səbəbdən də tez-tez dağıdılırdılar. Naxçıvan diyarında hələ orta əsrlərin əvvəlki dövrlərində tikilmiş 

körpülərin  xeyli  hissəsi  XVI-XVII  əsrlərdə  baş  vermiş  Səfəvi-Osmanlı  müharibələri  zamanı 



yararsız  hala  salınmışdı.  Hələ  XII-XIII  əsrlərdə  Culfa  yaxınlığında  Araz  çayı  üzərində  tikilmiş 

böyük körpü XVII  əsrin  əvvəllərində  Səfəvi şahı  I Abbasın  əmri  ilə  uçurdulmuşdu[12,s.255]. Orta 

əsr  Azərbaycan  memarlığının  incilərindən  hesab  edilən  Araz  çayı  üzərindəki  Xudafərin  körpüsü 

1797-ci ildə Qarabağ hakimi İbrahimxəlil xanın əmri ilə dağıdılmışdı [3,s.434; 6,s.150].  

          Vaxtaşırı baş verən dağıntılara baxmayaraq, Naxçıvan diyarından axan çayların üzərində son 

orta  əsrlərdə,  az  miqdarda  da  olsa  yeni  körpülər  tikilmişdi.  Belə  körpülərdən  biri  Ordubad 

rayonunun  Aza  kəndində,  Gilançayın  üzərində  XVII  əsrin  əvvəllərində  tikilmişdir.  Qırmızımtıl 

rəngli,  yonulmuş  yerli  daşlardan  tikilmiş  Aza  körpüsü  beşaşırımlıdır.  1997-ci  ildə  aparılmış  əsaslı 

tikinti-bərpa  işlərindən  sonra  əvvəlki  görkəminə  qaytarılan  körpü  hazırda  işlək  vəziyyətdədir 

[7,s.31-32].  

          Tədqiq  olunan  dövrdə  Naxçıvan  diyarında  tikilmiş  körpülərin  xarakterik  nümunəsi  kimi 

Ordubad  rayonunun  Biləv  kəndinin  cənubunda,  Gülançayın  üzərində  tikilmiş  körpünü  göstərmək 

olar. Tikilmə tarixi XVIII əsrə aid edilən beşaşırımlı bu körpü əhəng məhlulu ilə bərkidilmiş iri çay 

daşlarından  və  qaya  parçalarından  hörülmüşdür.  Uzunluğu  55,  eni  isə  3,3  metr  olan  körpünün 

tağabənzər aşırımları dördkünc dayaq sütunları üzərində tikilmişdir. Bu günümüzə qədər körpünün 

yalnız bir hissəsinin qalıqları gəlib çatmışdır [7,s.43-44]. 

          Ordubad rayonunun ərazisindən axan Ələhi çayı üzərində tikilmiş Bist və Ələhi körpüləri də 

orijinal memarlıq xüsusiyyətlərinə malikdir. Hər iki körpü Böyük İpək Yolunun qolları ilə hərəkət 

edən  ticarət  karvanlarına  xidmət  etmək  üçün  inşa  edilmişdi.  Tikildiyi  ərazinin  relyefi  hər  iki 

körpünün  ölçülərinin  müəyyənləşməsində  əsas  rol  oynamışdır.  Belə  ki,  ikitağlı  tikilmiş  Bist 

körpüsünün uzunluğu 21, hündürlüyü 10, eni  isə 3,8 metrdir[7,s.46]. Tağlarının  sayı elə  bu qədər 

olan Ələhi körpüsü daha böyük ölçülü idi. Onun uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metr təşkil 

edirdi.  Qərb  oturacağı  qaya  üzərində  hörülmüş  bu  körpü  hazırda  yaxınlıqda  yeləşən  Ələhi  kənd 

əhalisi tərəfindən istifadə edilir [7,s.46].  

          Naxçıvan  diyarında  tikinti  sənətinin  geniş  yayılıb  inkişaf  etmiş  ənənəvi  sahələrindən  biri  də 

hamam  tikintisi  olmuşdur.  Burada  tikilmiş  hamamlar  özlərinin  orijinal  memarlıq  üslublarına  və 

bəzək  elementlərinə  görə  Övliya  Çələbini  heyran  qoymuşdu.  Türk  səyyahı  yazır  ki,  Naxçıvan 

şəhərində  fəaliyyət  göstərən  7  hamamın  hər  birinin  divarları,  tavanları  və  qapıları  çini  kaşılarla 

bəzədilmişdir.  Zal  Paşa  hamamının  təsvirini  verən  Ö.Çələbi  göstərirdi  ki,  onun  “bütün  qapı  və 

divarları kaşılarla, döşəməsi isə boz, sumağı və tünd-qırmızı mərmər daşlarla örtülmüşdür. Elə işıqlı 

hamamdır ki, onun bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük bir hovuz vardır. Gözəl 

havası  olan  bu  hamamın  tərifini,  təmizliyini  və  gözəlliyini  şərh  və  təsvir  etməkdə  qələm  belə 

acizdir” [9,s.13].  

Əldə  olan  materiallar  göstərir  ki,  Naxçıvan  diyarında  əvvəlki  əsrlərdə  geniş  miqyas  almış 

hamam tikintisi tədqiq etdiyimiz XVIII-XIX  əsrlərdə də davam etdirilmişdir. Maraqlı  burasıdır ki, 



hamam tikintisi yalnız Naxçıvan və Ordubad şəhərlərində deyil, əhalisi nisbətən çox olan kəndlərdə 

də  aparılmışdır. Yazılı  mənbələrin  məlumatları  və  müasir dövrümüzədək gəlib  çatmış  hamamların 

memarlıq  xüsusiyyətləri göstərir ki, XVIII-XIX əsrlərdə Naxçıvan diyarında  hamam tikintisi üzrə 

ixtisaslaşmış  peşəkar  sənətkarlar  çalışmışlar.  Təəssüf  ki,  onların  adları  dövrümüzədək  gəlib 

çatmamışdır.  Hamamların  tikintisi  zamanı  kvadrat  formasında  yonulan  dağ  daşlarından,  bişmiş 

kərpicdən və əhəng məhlulundan istifadə edilmişdir.  

          XVIII-XIX əsrlərdə Naxçıvan və Ordubad şəhərlərində tikilmiş hamamlar həm özlərinin daha 

əzəmətli görkəminə, həm də kifayət qədər möhkəm tikilmələrinə görə fərqlənirdilər. Bu baxımdan 

XVIII  əsrin  ortalarında  Naxçıvan  şəhərində  inşa  edilmiş  “İsmayıl  xan”  hamamı  xüsusilə  seçilirdi. 

“Naxçıvan abidələri ensiklopediyası”nda hamamın tikintisi Naxçıvan xanlarından biri olması iddia 

edilən  İsmayıl  xanın  adı  ilə  bağlanılır  [7,s.211-212].  Lakin,  “Naxçıvan  xanlığı”  adlı  əsərdə  bu 

xanlığı idarəetmiş hakimlər arasında belə bir xanın adı çəkilmir [4,s.48-106]. Lakin tədqiqatlardan 

məlum  olur  ki,  hamam  Naxçıvanın  “xan”  rütbəsi  daşıyan  general  İsmayıl  xan  Naxçıvanskinin  adı 

ilə bağlıdır və XX əsrin əvvəllərində onun tərəfindən tikdirilmişdir.  

          “İsmayı  xan”hamamı    bütünlükdə  bişmiş  kərpicdən  inşa  edilmişdir.  Ümumi  sahəsi  526  m

2

 



olan  hamam  giriş,  xidmət  zalı,  çarhovuz,  xəzinə  və  ocaqxanadan  ibarətdir.  Hamamın  bəzi 

hissələrinin  bəzədilməsində,  çox  güman  ki,  yerli  istehsalın  məhsulu  olan  kaşılardan  da  istifadə 

edilmişdir.  Son  dövrdə  əsaslı  şəkildə  təmir  və  bərpa  edilmiş  hamam  yaxşı  vəziyyətdədir  və  tarixi 

abidə kimi qorunur [7,s.212].  

          Tikintisi  XVIII-XIX  əsrlərə  aid  edilən  Ordubad  hamamının  da  inşası  zamanı  ancaq  bişmiş 

kərpicdən  istifadə  edilmişdir.  Özünün  dördbucaqlı  forması  ilə  digər  hamamlardan  fərqlənən 

Ordubad  hamamının  əsas  hissələrini  vestübül,  soyunma  və  yuyunma  otaqları  təşkil  edirdi. 

Hamamdan  istifadə  edənlərin  rahatlığını  təmin  etmək  üçün  soyunma  və  yuyunma  zallarının 

divarları  taxçalarla  təmin  olunmuşdu.  Hamama  su  yaxınlıqdakı  Qarahovuz  çeşməsindən  saxsı 

borular vasitəsilə daxil olurdu [7,s.387-388].  

          Tədqiq  edilən  dövrdə  Naxçıvan  diyarında  xeyli  sayda  kənd  hamamları  da  tikilmişdir.  Buna 

misal olaraq, XVIII əsrin ortalarında Babək rayonunun Nehrəm kəndində Əsədulla Kərim bəy adlı 

şəxs  tərəfindən  tikdirilmiş  Nehrəm  hamamını,  XVIII  əsrin  sonunda  Şərur  rayonunun  Yenicə 

kəndində  Tovuz  xanım  adlı  şəxs  tərəfindən  tikdirilmiş  Yenicə  hamamını,  XVII-XVIII  əsrlərə  aid 

edilən Yuxarı Əylis  hamamını, XIX  əsrin  ikinci  yarısında  Kəngərli rayoununun Şahtaxtı kəndində 

İsa Sultan tərəfindən tikdirilmiş Şahtaxtı hamamını göstərmək olar[7,s.373,435-436,469,471]. 

          Naxçıvan  diyarında  inşa  edilmiş  kənd  hamamları  özlərinin  bir  sıra  xüsusiyyətlərinə  görə 

şəhər  hamamlarından  fərqlənirdi.  Şəhər  hamamları  ilə  müqayisədə  daha  kiçik  ölçülü  olduğundan, 

bu hamamların əksəriyyəti düzbucaqlı şəkildə tikilmişlər. Bununla belə, ümumi sahəsi, hətta şəhər 

hamamlarından  böyük  olan  kənd  hamamları  da  inşa  olunurdu.  Məsələn,  haqqında  yuxarıda  bəhs 




olunan  Ordubad  şəhər  hamamının  ümumi  sahəsi  413  m

2

  təşkil  etdiyi  halda,  Yenicə  hamamının 



ümumi  sahəsi  650  m

2

-ə  çatırdı[5].  Hamam  səkkizbucaqlı  zaldan,  iki  köməkçi  otaqdan  və 



ocaqxanadan  ibarət  olmuşdur.  Hamamın  qızdırılması  üçün  döşəmənin  altına  yerləşdirilmiş  saxsı 

hava  borularından  istifadə  edilmişdir.  Hamam  günbəzlərinin  mərkəzində  yerləşdirilmiş  baca  və 

divarlardakı kiçik pəncərələr vasitəsilə işıqlandırılırdı [5].  

 

                                                                         ƏDƏBİYYAT 



 

1. Azərbaycan DTA, f.24, siy.1, iş 1  

2. Azərbaycan DTA, f. 24, siy.1, iş 353 

3. Azərbaycan tarixi. 7 cilddə, III c., Bakı: Elm, 1999 

4. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı: Azərnəşr, 1996 

5.Qənbərova G.Q. Yengicə kəndində hamam. //AMEA Naxçıvan Bölməsinin 

   “Xəbərləri”, №1, 2007 

6.Mustafayev C.M. Xanlıqlar dövründə Azğrbaycanda sənətkarlıq. Bakı: Elm, 2002 

7.Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan, 2008 

8.Naxçıvan sancağının müfəssəl dəftəri.Tərcümə edənlər: Z.Bünyadov, H.  

   Məmmədov. Araşdırma, qeyd və şərhlərin müəllifi H.Məmmədov. Bakı: Elm, 2002 

9.Övliya Çələbi. Səyahətnamə. Türk dilindən işləyəni və şərhlərin müəllifi  

   S.Onullahi. Bakı: Azərnəşr, 1997 

10.Şarden J. Səyahətnamə. (Tərcümə edəni V.Aslanov). Bakı: 1994  

11.Биберштейн М.Ф. Описание провинций, расположенных на левом берегу 

    Каспийского моря, лежащего между реками Терек и Куры. Перевод 

    С.Саламова. //НА ИИ НАН Азербайджана, инв. 466 

12.Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв. 

    Баку: Элм, 1982  

13.Григорьев В. Статистическое описание Нахичеванской провинции. Санкт-  

     Петербург: 1833 

14.Жизнь Артемия Араратского. Москва: 1981 

15.Миклухо- Маклай Н.Д. Географическое сочинение XIII века на    

     Персидском языке. //Ученые записки ИВ АН СССР, т. IX, 1954 

16.Сборник статистических сведений о Кавказа. т.I, Тифлис: 1869 

17.Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX  в. Баку: Изд-во  

     АН Азерб. ССР, 1964  

18.Чулков М. Историческое описание российской коммерции. т.II, кн. II, Москва, 1875  



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə