Vilayət bağçası üçüncü cİld


Ziyalılıq və İslam İnqilabı2



Yüklə 314,7 Kb.
səhifə2/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Ziyalılıq və İslam İnqilabı2

Bismillahir-Rəhmanir-Rəhim.


Mən öncə bugünkü görüş barədə qısa bir məqamı xatırladım. Mən təxminən bir həftə öncədən buraya gəlməyə qərar verdim, amma heç kimə demədim. Hətta dəftərxanada da 1-2 nəfər bilirdilər, başqa heç kim bilmirdi. Dünən axşam xəbərdar oldum ki, bu gün bir neçə tələbə birliyi iclas keçirmək istəyir. Dedim onlardan xahiş etsinlər ki, iclaslarını təxirə salsınlar və biz görüşümüzü keçirək. Xəbər verdilər və onlar da razılaşdılar.
Eyni vaxtda keçirilən toplantılar

Bu münasibətlə bir məqamı xatırlatmaq istəyirəm. Əziz tələbələr! Çıxışın və toplantının eybi yoxdur, amma heç vaxt bir universitetdə iki qrup eyni zamanda toplantı keçirməsin. Bu mənim sizə ata kimi tövsiyəmdir. Siz bir qrupsunuz, toplantı keçirmək istəyirsiniz. Öz fikrnizcə, lazım olan sözləriniz var, çıxış etmək istəyirsiniz. Amma bu sözlər başqasına lazımlı görünməyə də bilər. Çox yaxşı. Bir də toplanın. Amma o biri qrup sizin iclas keçirmək istədiyinizi gördükdə öz iclasını təxirə salsın. Beləsi düzgündür. Mənim əzizlərim! Mənim bu sözüm ehtimal deyil, informasiyadır: Tələbələri bir-birinin canına salıb dərsdən uzaqlaşdırmaq istəyirlər. İstəyirlər onları lazımsız işlərlə məşğul etsinlər. Onlara təslim olmayın və tələbə heysiyyəti ilə oynamalarına imkan yaratmayın.


Tələbə heysiyyəti

Mən əvvəllər də tələbələrə tövsiyə etmişəm ki, tələbə bu mühitə aid bir zümrədir. Siz buradan bayıra çıxdıqda daha tələbə deyilsiniz. Başqa birisi gəlir və bu xüsusiyyətlər ona şamil olur. Tələbə adı bu mühitə məxsusdur.

Tələbəlik dövrü yaxşı bir şeydir, müqəddəs və şirindir. Xüsusən də ömrünü yaşamış bizlər üçün çox gözəldir. Qoymayın sizi bir-birinizlə vuruşdurmaqla tələbə hesiyyətini və tələbə təbəqəsini gözdən salsınlar. Diqqətli olun.

Mövzu ziyalılıq və ölkəmizdəki ziyalılar barədədir. Bu, elə bir məsələdir ki, mən ona ad qoymaq istəsəm, məsələn, belə deməliyəm: ziyalıların mürtəceliyi, yaxud ziyalılıq irticası. Bildiyiniz kimi, ziyalılıq və ziya irticanın əksidir. Ziyalılıq və aydınlıq irəliyə, gələcəyə baxan bir fenomendir, fransız sözü olan “intellectual”ın tərcüməsini ifadə edir. Əlbəttə, dilçilər deyirlər ki, bu tərcümə dəqiq deyil. Amma nə də olsa, məqsəd bəllidir. Mən sonra bu barədə bir qədər danışacağam. İnkişaf edən və gələcəyə baxan bu amil gələcəyə doğru gedir. Onda geriyə qayıdış ola bilməz. Amma mən elə bir vəziyyət müşahidə etmişəm və edirəm ki, ona ziyalılıq irticaçılığı, yəni ziyalıların geriləməsindən başqa bir ad qoya bilmirəm.


Xəstə ziyalılar

Mən dəfələrlə demişəm ki, ziyalılıq İranda xəstə doğuldu. Ziyalılığın malik olduğu xüsusiyyətlər - elmi düşüncə, gələcəyə baxış, aydınlıq, ağıllılıq, ictimai məsələlərdə ağrı duymaq, xüsusən də mədəniyyətə dair məsuliyyət hiss etmək bizim ölkəmizdə xəstə, qeyri-sağlam və eyibli doğuldu. Niyə? Çünki bizim tarixin ilk ziyalıları xəstə insanlar idilər. Mən belə şəxsiyyətlərdən və İranda ziyalılığın aparıcı insanlarından bir neçəsinin adını çəkirəm: Mirzə Mülküm xan Erməni, Mirzə Fətəli Axundzadə, Hacı Səyyah Məhəllati.

On doqquzuncu əsr Avropasının ziyalılıq nümunələrini İrana daxil edən ilk şəxslər etimadlı insanlar deyildilər. Məsələn, ziyalılıq iddiasında olan və Nasirəddin şahın totalitar rejiminə qarşı çıxan Mirzə Mülküm xanın özü Röyterin çox ziyanlı istismarçı planlarının dəllalı idi.
İnhisarlar

Bildiyiniz kimi, Nasirəddin şahın ömrünün son 20 ilində xarici inhisarçılıq ölkəyə çox böyük zərbə vurdu. İngilislər gömrükdə, tütün məmulatlarında, dəmir yolunda və sair sahələrdə inhisarçılıq edirdilər. Sonra ruslar gəlib deyirdilər ki, siz filan sahəni, filan ticarəti bizim rəqiblərmizə vermisiniz, gərək bizə də verəsiniz. Ona da bir şey verirdilər. Sonra bunun adını müsbət balanslaşdırma qoyurdular: xarixi siyasətdə və iqtisadi əlaqələrdə Rusiya və İngiltərə arasında müvazinət yaratmaq, lakin yarış formasında. Yəni bir gücə bir şey versinlər, sabah o birisi desin ki, niyə mənə vermədiniz, bunlar da desinlər al, bu da sənin. Sonra o desin ki, mənimki az oldu, desinlər bu da sənin. Beləliklə, İranı bir ailənin, yəni Nasirəddin şahın, saray adamlarının və bu süfrədən bir tikə oğurlaya biləcək hər kəsin mənafeyinə görə çapıb-talayırdılar.


Ziyalılıq carçısı

İranda ziyalılığın və aydınlığın ən məşhur carçısı sayılan Mirzə Mülküm xanın özü Röyterin dəllalı idi. Məşhur tənbəki monopoliyasında, yəni zamanın təqlid müctəhidi olan Mirzə Şirazinin boykot etdiyi və bu ziyanlı alış-verişin qarşısını aldığı zaman Mirzə Mülküm xan Röyterin dəllalı idi. Mirzə Mülküm xan Erməninin əsas dəllallıqlarından biri də parad məsələsində idi. Saray da onu qəbul etdi. Bu adam İranda ziyalılığın carçısı olmaq, xalqı gələcəyə, yeniliyə dəvət etmək istəyirdi. Görün bu zaman xalq hansı vəziyyətə düşər!


Müasir siyasi tarix

Mən bilmirəm sizin müasir tarixdən nə qədər məlumatınız var, onu nə qədər oxumusunuz. Yaxşı olar ki, boş vaxtınız olan yay fəslində proqramlı şəkildə bir qədər müasir tarixi, o cümlədən tənbəki məsələsini mütaliə edəsiniz. Bu mövzuda kitablar da yazılıb, onları oxuya bilərsiniz. Sözsüz ki, qərəzsiz yazılmız kitabları deyirəm. Çünki ortada din və ruhaniliyin adının olduğuna və bəzi yazıçılar dinlə düşmən olduqlarına görə belə böyük bir uğuru etiraf və bəyan etmək istəməmişlər.


Çarların süfrəsində

Başqa bir cəhətdən, Mirzə Fətəli Axundzadə də Mirzə Mülküm xana oxşayır. Axundzadə Xamenedəndir. Mən qədim xamenelilərdən və bəzi qohumlarımdan onun haqqında eşitmişəm. O, Oktyabr inqilabından əvvəl Qafqaza getdi, Rusiya çarlarının süfrəsində oturdu, onların köməyi ilə və onların sayəsində İran istibdadı əleyhinə mübarizə apardığını xəyal etdi. Bu mübarizə etimadlı və məqbul mübarizə deyildi. Bunların məqsəd seçdiyi birinci məsələ avtoritorizmə qarşı siyasi mübarizə yox, xalqın dininə, etiqadlarına və yerli prinsipial ənənələrə qarşı çıxmaq idi. Mən bu barədə sonra danışacağam.

Hacı Səyyah üçüncü nümunədir. O öz həyatını qələmə alıb. Bu kitabı oxuyan adam orada azad və böyük ruhanilərə qarşı sifarişli qərəzliliyin olmasına şübhə etməz. Müəllif orada ruhanilərin adını çəkməməyə və onlarla bağlı olan hadisələrin üstündən keçməyə səy göstərib. İranda ziyalılıq belə doğuldu.
Aristokrat ziyalılar

İranda ziyalılığın sonrakı təbəqələri də etimadlı insanlar deyildilər, daha çox şahzadələr, zadəgan övladları idilər. Abdullah Müstövfinin özünün yazdığı üçcildlik tərcümeyi-halına baxın. Onun özü də həmin ziyalılardan, həm də Qacar sarayının zadəgan övladlarındandır. Əlbəttə, o, ortabab şəxsiyyətdir, mənfi olduğu nəzərə çarpmır. Siz o kitaba baxsanız, ilk ziyalılıq mesajlarının sahiblərinin kimlər olduğunu bilərsiniz. Qacarlar dövrü belə keçdi. İranın bütün ziyalıları arasında vətənpərvər, qərəzsiz və xeyirxah ziyalılar az idi.


Rzaxanın ideoloqları

Sonra Rza xanın dövrü başladı. Bu dövrdə ölkənin universitet müəllimlərdən, yazıçılardan və aydın mütəfəkkirlərdən olan birinci dərəcəli ziyalıları Rza xana çalışırdılar. Rza xan mədəniyyət və elmdən çox-çox uzaq olduğundan, onların Rza xanı müdafiə etməsini heç nə ilə izah etmək olmur. Rza xan nə savadlı idi, nə mədəniyyətli idi, nə də millətçi. Hamı onun ingilislərin siyasətini icra etdiyini bilirdi. Ziyalıların özləri görürdülər ki, Rza xanı ingilislər hakimiyyətə gətirdilər, şah kimi gücləndirdilər və maneələrini aradan qaldırıb yolunu açdılar. O zaman ziyalılar Rza xan xuntasının texnoloqları idilər; görmək istədiyi hər bir işin ideoloji və mental əsaslarını hazırlayır, hüquqi şərait yaradırdılar.


Ölkənin elmi-mədəni mühiti

Mən vəzifəli şəxs kimi yox, bir ruhani, hövzə tələbəsi, təqribən bütün gəncliyini dövrünün ziyalıları arasında keçirən və İran ziyalılarının tanınmış simalarının çoxu ilə ya yaxından, yaxud əsərləri vasitəsi ilə tanış olan, şair, yazıçı və ya mədəniyyət xadimi olan bu insanları yaxından və yaxşı tanıyan bir tələbə kimi sizinlə danışmaq istəyirəm. Mən istəyirəm bu dövrün cavanları olan sizlər bir qədər ölkənizin mədəni mühiti ilə tanış olasınız. Siz də ziyalı təbəqənin nümayəndələri sayılırsınız. Görün yolun harasındasınız? Əvvəl nə olmusunuz? İndiyədək nə baş verib və nə baş verə bilər? Sizin bunlara diqqət yetirmənizi istəyirəm.


Kommunist ziyalılar

Rza xan gedəndən və qəribə hökumət təşkil olunandan sonra ozamankı ziyalıların bir qismi kommunist partiyasına qoşuldular. Sovetə bağlı olsalar da, onlar ən sədaqətli ziyalılardan idilər. O zaman onların özləri də Sovetə bağlı olduqlarını qəbul və bəzən etiraf edirdilər. Onları Sovet yaratmışdı və dəstəkləyirdi. Onlar İranda SSRİ-nin beşinci kolonu funksiyasını yerinə yetirirdilər. Siz bu Kiyanvərinin və İslam Respublikası dövründə tutulan başqa kommunist rəhbərlərin xatirələrinə baxın. Onların xatirəsi çap olunub. Onlar 50-60 il bundan qabaqkı hadisələri yazıblar. Onlar bəlkə də bütün həqiqətləri yazmayıblar, amma sözlərinin məcmusundan o zaman Kommunist partiyasının necə olduğunu başa düşmək olar. Buna baxmayaraq, ən sədaqətli və ən səmimi ziyalıların orada toplaşmışdılar. Onların biri Cəlal Ali-Əhmədin özü idi. Mən burada onun bəzi sözlərini söyləyəcəyəm.

Mərhum Cəlal Ali-Əhməd Kommunist partiyasında idi. Xəlil Məliki və digərləri də əvvəl bu partiyada olmuşdular. Mənim yadımda deyil ki, bu sözü onun özündən eşitmişəm, yoxsa bir dostum danışıb. Cəlal Ali-Əhməd 1968-ci ildə Məşhədə gəlmişdi. O mərhumla iştirak etdiyimiz bir məclisdə bu sözlərdən çox danışıldı. Buna görə güman edirəm ki, özündən eşitmişəm, yaxud ola bilər kimsə eşidib və mənə danışıb. O deyirdi ki, biz Kommunist partiyasının otaqlarında daim bir otaqdan o birinə keçirdik. Məqsədi bu idi ki, partiyada müəyyən mərhələləri keçirdik. Deyir nəhayət, divarın arxasından səs gələn bir yerə çatdıq. Dedik ora haradır? Dedilər bura Moskvadır. Dedik ki, onda biz yoxuq və qayıtdıq. Yəni partiyanın xaricə bağlı olduğunu duyan kimi kənara çəkilib, ondan xaric oldular. O, Xəlil Məliki və başqaları ilə birgə üçüncü qüvvəni yaratdı. Səmimilər orada idilər. Bu dövr təqribən Doktor Müsəddiqin dövrünə və 1953-cü ilin 19 avqustuna qədər davam etdi.
Ziyalıların sükutu və Cəlal Ali-Əhmədin mövqeyi

19 Avqustdan sonra zalım rejimə etiraz məsələsində ziyalılar arasında çox dərin sükut yarandı. Qırxıncı illərdə hakimiyyətin qəzəbinə gələnlərin çoxu əllinci illərdə onun itaətkar əməkdaşlarına çevrildilər. Ali-Əhməd “Ziyalıların xidməti və xəyanəti” kitabında əllinci illərin ziyalılarından danışır. O bu kitabı 1964-cü ildə yazmağa başlayıb, 1968-ci ildə bitirmişdir. 1968-ci ildə Ali-Əhməd Məşhədə gələndə biz onunla görüşdük. O, söhbət əsnasında dedi ki, uzun müddətdir bir işə başlamışam. Sonra bildik ki, 1964-cü ildən bu kitabı yazmağa başlayıbmış. O, bəzi məsələlərə dair bizdən məlumat istəyirdi; elə bilirdi bizim xəbərimiz var. Bundan bildik ki, belə bir kitab yazır. Bu kitab onun ölümündən sonra çap edildi, keçmiş rejim tərəfindən çapına icazə veriləsi bir kitab deyildi; qəti qadağan olunan kitablardan sayılırdı və yayılması imkansız idi.

Əlbəttə, burada Ali-Əhməd çox yaxşı mövqe seçir. Lakin yenə də görürsünüz ki, dinə etiqad bəsləyən, iranlı və yerli ənənələri sevən, onlara sadiq qalan, fars dilini və ədəbiyyatını sevən, Qərbə yad və qərbpərəstliyə düşmən olan bu adam bəzi məsələlərdə Qərb ziyalıları kimi düşünür, fikirləşir, danışır və mühakimə yürüdür. Mən ziyalılığın İranda xəstə doğulduğunu deyəndə bunu nəzərdə tuturam. Nə qədər davam edirsə, xəstəlik də davam edir.
Avam ziyalılığı

Görək bu xəstəlik nə idi və harada özünü göstərirdi. Bunu sizə Ali-Əhmədin dilindən deyirəm. Ali-Əhməd ziyalılığın xüsusiyyətləri haqda deyir ki, bir qisim xüsusiyyətlər ziyalının avamcasına xüsusiyyətləridir. O deyir “avamcasına” sözünün mənası bu deyil ki, adi insanlar ziyalını belə təsəvvür edirlər. Xeyr! Hətta ziyalının özü də bəzən belə düşünür. Bunlar üç xüsusiyyətdən ibarətdir:

1. Din və məzhəbə müxaliflik - yəni ziyalı gərək dinə qarşı çıxsın;

2. Qərb ənənələrinə və Avropaya rəğbət;

3. Təhsil.

Bu, ziyalılığa dair avam təsəvvürlərdir. Ziyalının xüsusiyyətləri budur. Yəni dindar bir şəxs dövrün əllaməsi, ən böyük filosof, yaxud incəsənət xadimi olsa da, ziyalı sayıla bilməz. Sonra deyir ki, avam təfəkkürün məhsulu olan bu xüsusiyyətlər əslində alim və ziyalı dili ilə deyilməsi mümkün olan iki xüsusiyyətin sadələşdirilmiş formasıdır. Bu iki xüsusiyyətin biri yerli mədəniyyət və ənənələrə etinasızlıq prinsipidir - bu daha avam söhbəti deyil, qətidir; digəri isə elmi dünyagörüşə, elmi əlaqəyə və qəza və qədərin yalanlığına etiqaddır. O buna misallar da vurur. Onlar ziyalılığı Qərbdən öyrənmişdilər. Lakin Qərbdə olan ziyalılıqda belə bir xətt və istiqamət yoxdur. Axı nə üçün bir ziyalı mütləq yerli ənənələrinə etinasız yanaşmalıdır? Səbəb nədir?


Ziyalı kimdir?

Ziyalı düşüncə fəaliyyəti ilə məşğul olan adamdır, daha çox beyni ilə işləyir. Ziyalı əzələlərindən daha çox sinirləri ilə fəaliyyət göstərir. Ziyalı budur. Ali-Əhməd kitabının sonrakı fəsillərində müxtəlif ziyalı təbəqələrini - şairdən, yazıçıdan, mütəfəkkirdən başlayaraq universitet müəlliminə, tələbəyə, orta məktəb müəlliminə və jurnalistə qədər hamısını sayır. Onların sonuncusu müxbir və jurnalistlərdir.


Orta Əsrlər

Öz beyni ilə, təfəkkürü ilə işləyən adam nə üçün mütləq öz tarixinə, vətəninin və ölkəsinin ənənələrinə yad və hətta düşmən olmalı, dinə qarşı çıxmalıdır? Bu sualın cavabını o mərhumun öz sözlərində, yaxud bu barədə deyilmiş digər sözlərdə tapmaq olar. Səbəb budur ki, ziyalılıq – yəni intellektuallıq məsələsinin ilk dəfə Fransada yarandığı dövr Fransa və Avropa xalqının Orta əsrlər dövründən çıxdığı zaman idi. Onlar qara, kobud və xurafatçı kilsə məsihiliyini kənara qoyub, rədd etmişdilər. Bu məsihilik alimi öldürür, ixtiraçını və kəşf edəni sürgünə yollayır, özünü və kitabını məhv edirdi. Belə bir şəraitdə aydın insanların meydana çıxıb bu xüsusiyyətlərə malik olan və heç bir ağıllı adamın qəbul etmədiyi söz və xurafatlarla dolu bir dini kənara qoyması, yeni işlərə başlaması, Fransanın yeni ensiklopediyasını yazması və digər böyük işlər görməsi təbii idi.

Təbii ki, bu insanlar həmin dinə arxa çevirməli idilər. Təqlidçi İran ziyalısı da Qacarlar dövründə ilk dəfə intellektuallığı ölkəyə daxil edib ona “münəvvirülfikr” adnı qoydu, sonra isə eyni antidin xüsusiyyətli ziyalıya çevrilib, İslama qarşı çıxdı: ən məntiqli təfəkkürlərə, ən aydın təlimlərə, ən möhkəm dəlillərə və ən təmiz əxlaqi dəyərlərə söykənən, o zaman İranda, ziyalılığın Qərbdə görmək istədiyi işi görən İslama. Çünki müstəmləkə dövrünün bir dönəmində qərbli ziyalılar Qərbin istismarına məruz qalmış bölgələrin xalqlarını himayə etdilər. Məsələn, İspaniya Kubanı müstəmləkəyə çevirib onun şəkər sərvətini ələ keçirəndə, fransalı Jan Pol Sartr Kuba xalqını, Fransa müstəmləkəsi əleyhinə mübarizə aparan Fidel Kastronu və Çe Gevaranı müdafiə edib, “Kubada şəkər müharibəsi” adlı kitab yazırdı.
Xurafatçı məsihilik

Başqa sözlə desək, Qərb ziyalıları müəyyən bir zaman kəsiyində zəif xalqların mənafeyindən ötrü öz dövlət və hökumətləri ilə mübarizə aparırdılar. İranda bu iş kimin tərəfindən görülürdü? Mirzə Şirazinin, Tehranda Mirzə Aştiyaninin, Fars vilayətində Seyid Əbdülhüseyn Larinin. Bunlar müstəmləkəyə qarşı mübarizə aparırdılar. Bəs müstəmləkə müqaviləsinin bağlanmasına və müstəmləkəçilərin müdaxiləsinə kim kömək göstərirdi? Mirzə Mülküm xan və onun kimilər, həmçinin Qacarların ziyalı sayılan kadrları. Yerlər tamamilə dəyişmiş və eyni zamanda xurafatçı məsihiliklə mübarizə İran ziyalılarında öz yerini İslamla mübarizəyə vermişdi. Deməli, ziyalılaın xüsusiyyətlərindən biri İslamla düşmənlik və ona qarşı çıxmaq idi.


Çar rejimi ilə kommunizmin ortaq cəhəti

Əlbəttə, indinin özündə də Pəhləvi dövrü ziyalılarının yazıçı, şair, tədqiqatçı, şərhçi və bioqrafiklərdən ibarət davamçıları bəzən uyğun xətti aydın şəkildə davam etdirir və Mirzə Fətəli Axundzadə kimiləri peyğəmbər kimi tərifləyirlər. Mirzə Fətəli dinə qarşı çıxdığına və İslamla mübarizə apardığına görə həm gedib çarların süfrəsində oturdu, onların çörəklərini yedi və yardımlarını qəbul etdi, həm də sonradan bolşevik və kommunistlər bizim Xameneyə gələndə, Mirzə Fətəli Axundzadənin şərəfinə konsert verdilər.

Mən özüm uşaqlıq çağımı orada keçirmədiyimdən, bu hadisəni uşaqlığını orada keçirənlər illər sonra mənə danışıblar. 1945-1946-cı illərdə Pişəvərinin zamanında, Təbriz və Azərbaycanın bir hissəsi Sovet silahlı qüvvələrinin ixtiyarına keçib, işğal ediləndə və sonralar tar-mar edilən dırnaqarası yerli hökumət qurulanda bolşeviklər Mirzə Fətəli Axundzadənin şərəfinə Xameneyə gedib konsert verdilər. Yəni bu adamın həm çar hakimiyyətində tərəfdarı vardı, həm də bu hakimiyyəti devirən bolşeviklərin arasında. Şəxsiyyətin necə şübhəli olduğunu görürsünüzmü?! Çar rejiminin və kommunist quruluşunun ortaq cəhəti nədir: dinlə, İslamla düşmənlik. Bu adam da İslamla düşmənlik carçısı olmuşdur.
Həqiqi ziyalılıq

Əlbəttə, məncə həqiqi ziyalılıqda nə dinlə ziddiyyət var, nə ibadətlə. Bir insan həm gələcəyə baxan, düşüncə işi ilə məşğul olan, inkişaf uğrunda çalışan mənada ziyalı, həm də mərhum Doktor Behişti, Şəhid Mütəhhəri və bizim gördüyümüz həqiqətən mömin ziyalı şəxsiyyətlərin çoxu kimi dindar ola bilər. Dinə qarşı çıxmağa əsla lüzum yoxdur.

Dinsizliyi ziyalılığın mütləq şərti kimi göstərəndə nəticə belə olur: Dövrümüzün ən böyük filosofu olan, Fransadan Henri Korbin kimi filosofların və böyük şəxsiyyətlərin gəlib neçə il yanında qalan və elmindən bəhrələr götürən Əllamə Təbatəbai ziyalı deyil, amma məsələn, dinin təməllərinə, klassik təməllərə və irançılıq prinsiplərinə sadiq olmayan, bir neçə gün Avropada, yaxud Amerikada qalan filan cırtdan şair ziyalıdır və kim Avropada daha çox qalmışdırsa, daha ziyalı sayılır. Görün İranda ziyalı adına necə yanlış tərif verilmiş, necə çirkin cərəyan yaradılmışdır.
19 Avqust hadisəsi

Ölkənin çox əhəmiyyətli məsələlərində ziyalılar belə çıxış etdilər və kənarda dayandılar. 19 Avqust hadisəsində ziyalılar tərəfindən həqiqi mübarizə görünmədi. Düzdür, 19 avqust bizdən çox qabaq olub, lakin bu hadisədə Pəhləvi rejiminin sərt tədbirləri Doktor Müsəddiqə və milli hərəkata meylli ziyalıları elə vəziyyətə saldı ki, birdəfəlik kənara çəkildilər və onlarda heç bir həqiqi mübarizə müşahidə olunmadı. Əslində ziyalılıq missiyası onların xalqın xeyrinə və onun gələcəyi naminə ortaya çıxıb şeir demələrini, yazmalarını, danışmalarını, xalqı maarifləndirmələrini tələb edirdi, amma bu işlər baş tutmadı.


5 İyun hadisəi

Sonra 5 iyun hadisələri baş verdi. Bu, indiki əsrdə xalqla hakim rejim arasında baş verən ən böyük hadisə idi. 5 İyunda, Aşura günü İmam Xomeyninin Qum şəhərindəki çıxışı ertəsi və daha sonrakı gün Tehranda konkret təşkilatçılıq olmadan xalqın izdihamlı etirazı ilə nəticələndi. Çap olunmuş sənədlər də həmin günlərdə bu hadisənin qarşısını almaq üçün Dövlət Şurasında aparılan müzakirələri əks etdirir. Siz görün o çıxış və xalqın bu izdihamı necə böyük rezonans yaratmışdı. İmamın hərəkəti ən güclü şəkildə baş tutmuş və xalqı hərəkətə gətirmişdi. Sonra isə rejimin əsgərləri küçələrə dolub xalqı atəşə tutdular. Biz dəqiq sayını öyrənə bilməsək də, bu hadisədə bir neçə min nəfər öldürüldü, qanlar töküldü.


Ziyalıların xəyanəti

Ali-Əhməd "Ziyalıların xidməti və xəyanəti" kitabında məncə bu ifadələrlə yazır ki, bizim ziyalılarımız öz əllərini 5 iyun qanı ilə yudular; yəni dodaqlarını da tərpətmədilər. Bu tanınmış ziyalılar - yəni şeir deyənlər, hekayə, məqalə yazanlar, siyasi təhlillər edənlər, xalqa rəhbərlik iddiasında olanlar, hən hansı bir ictimai məsələdə bir məqalə vasitəsi ilə bildirdikləri fikirlərin hamı tərəfindən qəbul olunmasını gözləyənlər sükut etdilər. Onlar xalqdan bu qədər uzaq idilər və bu uzaqlıq beləcə davam etdi.

Bəzən onlardan çox zəif tərpənişlər görünürdü, lakin rejim bir dəfə çığıran kimi qayıdıb gedirdilər. Belə nümunələrdən biri tanınmış bir adam idi. O, bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Adını çəkmək istəmirəm, kitabını deyəcəyəm; kim anlasa, anlayıb. Bu şəxs inqilabdan əvvəl “Ay papaqlı, ay papaqsız!” adlı pyes yazmışdı. Biz o zaman bu pyesi oxuduq. O, bu pyesdə ziyalının rolunu müəyyənləşdirmişdi. Bu simvolik ifadədə "papaqsız" sözündə məqsəd ingilislər, "papaqlı" sözündə isə amerikalılar idilər. Pyesin birinci pərdəsində ingiltərəlilərin, ikinci pərdəsində isə amerikalıların nüfuz dövrü əks olunurdu. Hər iki dövrdə xalqın müxtəlif təbəqələri öz mövqelərinə görə hərəkət edir, çalışırdılar. Bu pyesdə “eyvandakı kişi” adlanan ziyalı isə ümumiyyətlə, kənarda qalırdı. O görür, bəzən bir söz də deyir, amma özünü təhlükəyə atmır və meydana daxil olmur. Bu pyesi o cənab yazdı. Mən o zaman, Məşhəddə namazdan sonra tələbə və cavanlar üçün söhbət edən ərəfədə bu kitab mənim əlimə düşdü. Mən dedim ki, kitabın müəllifi olan bu cənabın özü də eyvandakı kişidir. O əslində özünü təsvir edib: tamamilə kənarda.
Ziyalıların ən pis işi

İranda ziyalı təbəqəsinin görə biləcəyi ən pis işi bizim ziyalılarımız onbeşillik İslam hərəkatı dövründə gördülər: ümumiyyətlə, kənarda qaldılar. Nəticədə xalq onlardan uzaqlaşdı. Düzdür, onların kiçik bir qismi müəyyən həddə meydanda qaldılar. Onların biri mərhum Ali-Əhmədin özü idi. Hətta onun şagirdləri, dostları və onu sevənlər də bu hərəkətə qoşulmadılar, çox uzaqdan hərəkət etdilər.


Məhbusların çoxu

Həbsxanalar xalqla, ruhanilərlə, tələbələrlə, adi insanlarla, fəhlə və tacirlərlə dolu idi. Bu uzun illər ərzində ən çox dustaq imamın xəttinə aid idi. Onların hərəkatı rejimi bezdirmişdi. Sizin hamınızın tanıdığı bu məşhur şəxsiyyətlər həbsə düşdülər, saatlarla işgəncə altında fəryad etdilər, onlar isə yox.


Etimadı itirmiş təbəqə

Bəzən xırda bir şey üstündə bunlardan da həbsə düşən olurdu, amma demək olar ki, dərhal tövbənamə yazırdılar. Bu gün bizim zamanımızda ziyalılığı irticaya çəkmək istəyən, sonra haqlarında danışacağım bəzi tanınmış şəxsiyyətlər arasında həbsdə məktub yazan, yalvaran və ağlayanlar da vardı. Biz bunları çox yaxından tanıyırıq. Özləri də bilirlər ki, biz onları tanıyırıq, amma cavanlar tanımırlar. O dövrün ziyalıları inqilaba qədər göstərdilər ki, xalqın düşüncə rəhbərliyi üçün etimadlı təbəqə deyillər.


İnqilabın bərəkəti

Əlbəttə, inqilaba 1-2 il qalmış bir tendensiya müşahidə olundu, hərəkat dalğası öz əqidə və düşüncələri ilə birgə müxtəlif çevrələrə yol tapdı. İslama etiqad bəsləməyənlərin çoxu hərəkatın hesabına ona inandılar. Hicaba heç bir inamı olmayan çoxlu qızlar vardı. Hərəkat dövründə heç kim onlara bir kəlmə də söz demədən, özləri hicaba gəldilər. Yəni imamın İslam hərəkatı genişləndiyindən, zirvəyə çatdığından, Kərbəla rəngi aldığından, nə qədər çox tələfat verirdisə, nə qədər çox şəhid və fədai verirdisə, bir o qədər də tərəfdar toplayır və dairəsini genişləndirirdi. İnqilabın əhatə dairəsi genişləndikcə hərəkatın dindən - İslam prinsiplərinə və təlimlərinə etiqaddan ibarət mesajı da yayılırdı. Bu, bir qrupa da şamil oldu. Adlarını çəkmək istəmədiyim müəyyən şəxslər meydana atıldılar və nəhayət, inqilab qələbə çaldı.


Yeni ziyalılıq

İnqilabın qələbəsindən sonra İranda ziyalılıq məhv olmadı, qaldı, amma əslində yeni bir ziyalılıq yaranmışdı. İnqilab dövründə şairlər, yazıçılar, tənqidçilər, tədqiqatçılar, rejissorlar, kinematoqraflar, aktyorlar, ssenaristlər və rəssamlar iki qrupa bölündülər: biri inqilabın yaratdıqları, biri isə qabaqkı dövrdən qalan, lakin inqilabın nəticəsində mahiyyət etibarilə dəyişənlər. İranda ziyalılığın meydana çıxdığı zamandan təxminən 100 il ötəndən sonra o, ilk dəfə olaraq yerliləşdi. Ziyalılıq məsələlərində fəal olanlar, ziyalı dairələrində çalışanlar, yəni yazıçılar, şairlər, rəssamlar, müxtəlif incəsənət xadimləri və digər ziyalılar ilk dəfə olaraq bu ölkədə bir iranlı kimi düşündülər, bir müsəlman kimi danışdılar, incəsənət və ədəbiyyat məhsulları istehsal etdilər. Bu, yeni bir dövr idi.


Yerli ziyalı dalğası

Düzdür, bəzən müqavimət göstərilirdi, amma hər şey inqilab üçün hazırlıq idi və bu möhtəşəm inqilab ölkəyə ən böyük xeyri gətirdi. Bunu bilin ki, hər bir düşüncə, hər bir qələm, hər bir iş buna hazırlıq idi. Buna görə də, ölkədə yerli və dini ziyalılıq hərəkatı özünün müxtəlif sahələrində hər şeyi öz təsiri altına saldı, bəstəkardan tutmuş musiqiçiyə, ədəbiyyatçıya, şairə, incəsənət xadimlərinə qədər hamısı dini düşündülər, dini işlədilər, ən azı buna çalışdılar. Bu, çox yeni və səmərəli hal idi və davam etdi.


Müharibənin faydası

Müharibə bu sahədə istedadların çiçəklənməsinə zəmin yaratdı. Bildiyiniz kimi, hər bir ölkədə ədəbiyyat və incəsənəti çiçəkləndirən amillərdən biri ağır hadisələr, o cümlədən müharibələrdir. Ən gözəl romanlar, ən yaxşı filmlər, bəlkə də ən dəyərli şeirlər müharibələrdə və müharibə ilə bağlı yazılıb, deyilib, istehsal olunub və yaradılıb. Bizim müharibədə də belə oldu.


İnqilabın mahiyyəti

Biz müharibədə məzlum idik. Biz müharibədə tamamilə məzlum bir xalq idik. Biz heç kəsə təcavüz etməmişdik, heç kimə heç bir bəhanə verməmişdik. Biz İraq sərhədlərinə sarı bir güllə də atmamışdıq. Amma inqilabın təbiəti belədir: bizə hərbi hücum edəcəkdilər.

Afrikanın milli rəhbərlərindən olan Əhməd Seku Ture Qvineya Respublikasının prezidenti idi. Mən prezident olanda o bir neçə dəfə İrana gəldi. Bu səfərlərin biri müharibə dövrünə təsadüf edirdi. O deyirdi ki, məcburən qatıldığınız bu müharibəyə görə təəccüblənməyin. Beynəlxalq müstəmləkəçi və hegemonların, qlobal güclərin əleyhinə baş verən hər bir inqilaba qarşı görülən ilk işlərdən biri qonşularından birini onun üstünə qaldırmaqdır. Bu ümumi qayda sizə də şamil oldu, təəccüb etməyin. O mənə dedi ki, sizə bir sərhəddən hücuma keçiblər, amma mənə beş sərhəddən, beş qonşu ölkədən hücum ediblər. Kiçik ölkə olduğundan, ətrafında çoxlu ölkələr var idi. O da inqilabçı olduğundan, inqilab yolu ilə hakimiyyətə gəldiyindən, oxşar hücuma məruz qalmışdı.
Xalq, rəhbər və müharibə

Müharibədə hamı iştirak edirdi. Müharibə zamanı rəhbərin rolu birinci dərəcəlidir. Bizim rəhbərimiz bütün xalqın iştirakını təmin etdi. Bu səfərbərlik, könüllülər, Mühafizəçilər korpusunun yaradılması, ordunun əzəmətli hərəkəti, xalqın köməyi, iştirakı, görülən çoxlu işlər - bütün bunlar ziyalıların inkişafına lazım olan əlverişli şəraiti düzgün istiqamətdə gücləndirirdi.

Bu dediklərim əksəriyyətə aiddir, bunda istisnalar da var. Elə müharibə dövründə bir yazıçı müharibə haqda bir hekayə yazdı. O bu hekayədə müharibədən ötrü İranı günahkar çıxardı. Baxın, nəyin bahasına olursa-olsun, öz yanlış mövqeyindən çəkinmək istəməyən şəxs belə olur. Əhvaz, Abadan və Xürrəmşəhr şəhərləri düşmənin hərbi hücumuna məruz qalan, rəhbəri, hökuməti və silahlı qüvvələri daxil bütün xalqı döyüşə atılan İslam Respublikasında hansı iradı tutmaq olar?! Bu roman əvvəldən axıra qədər xalqa və onun iqtidarına iradla, məsxərə və təhqirlə doludur. Bunlar bəzi köhnələrdən baş verdi, ümumi vəziyyət isə belə deyildi. Döyüşdən sonralara və çox sonralara qədər gedən ümumi proses düzgün istiqamətdə idi.
Ziyalılığın mahiyyəti

Ziyalı aləmində bu, bir inkişaf, tərəqqi və ziyalı təbiətinə uyğun iş idi. Ziyalının təbiəti inkişaf etməkdir və doğrusu bu idi ki, həmin səhvdən və xəstəlikdən qurtulsun. Bu, inqilabdan öncəki şəraitdə mümkün deyildi. İnqilab bu şəraiti təmin etdi.


İrticaçılığa səy

Bir söz qaldı. Bütün bu söhbətlərdə məqsədim həmin bir söz idi. O bir söz budur ki, müharibədən sonrakı dövrdən İran ziyalılarını inqilabdan öncəki xəstəliyə salmaq üçün ciddi səylər başlanıb: mürtəcelik, keçmişə qayıdış, dindən, yerli ənənələrdən küsmək, Qərbə üz tutmaq, ona qeyd-şərtsiz sevgi və asılılıq, Avropa və Amerikadan gələn hər bir şeyi qəbul etmək, əcnəbiyə məxsus hər bir şeyə hörmətlə yanaşmaq, özümüzə aid olanları isə aşağılamaq. Bu əslində, həm İran xalqına, həm də onun təməl prinsiplərinə qarşı təhqirdir. Mən bunu müşahidə edirəm.


Yalançı ziyalılar

Bunlar kimlərdir? Təbii ki, təxminən bilmək olar; mən burada dəqiq söz deyə bilmərəm. Nə İslama, nə də İrana heç zaman iman gətirməyən bir qrup insan var. Bu ilahi, dini, həqiqi, yerli - adını nə qoyursunuzsa-qoyun - ziyalılığın İranda mövcud olduğu bir neçə ildə bunlar baş qaldıra bilmədilər; ya bir kənara çəkildilər, ya ölkədən xaricə getdilər və öz tanrılarını, qiblələrini, məşuqlarını orada tapdılar. Bu xalq, bu ənənələr, bu tarix və bu mədəniyyət onlar üçün heç bir əhəmiyyət kəsb etmədi. Təbii ki, bu xalqın gələcəyi də onlar üçün əhəmiyyətsizdir. Danışıb iddia edə bilərlər, amma keçmiş göstərir ki, onlar səmimi deyillər, xalqın qayğısına qalmır və özlərini düşünürlər.

Bəzi qüvvələr də bunların təsiri altına düşənlərdir. Təmtəraqlı adlar insanları çaşdırır. Dəqiq deyə bilmərəm, amma güman ki, bəziləri muzdurdurlar. Pula xidmət edən sahələrdən biri də ədəbiyyat, incəsənət, qələm və şeirdir. Bu, təəccüblü deyil. Biz əslində lənətə və nifrətə layiq olan bəzi şahlara şeir deyib onları tərifləyən böyük şairlər görmüşük. Bizdə pula, dünyaya və ehtiraslara görə mənfur və çirkin əsasları himayə edən adamlar çox olub; halbuki onlardan uzaqlaşmalı idilər. Bu, başadüşüləndir. Əlbəttə, dedim ki, bu fikir dəqiq deyil, gümandır. Güman edirəm ki, onlar prosesi geriyə qaytarmaq istəyirlər. Bizim müsəlman ziyalılarımız buna imkan verməməlidirlər. “Buna imkan verməməlidirlər” sözündə məqsədim bu deyil ki, qalxıb dalaşmalıdırlar. Xeyr! Ziyalının işi yumruqlaşmaq və dalaşmaq deyil. Mədəniyyət xadimlərinin və ziyalıların işi elə mədəni işlərdir. Onun vasitələri mədəni vasitələrdir. Uyğun sahələrdə çalışan cavanlar gərək fəal olsunlar.

Gənclər! Özünüzü islah edin. Bir xalq inkişaf və təkamül yolunu keçmək üçün düşüncə baxımından möhkəm bir yerə arxalanmalıdır. Məzhəbsiz, imansız, əxlaqi, dini və mənəvi təməllərə etiqadı olmayan bir topluma bağlanmaq və onların sözü ilə irəliləmək istəyən bir xalqın, bir nəslin, bir cavanın ayağının altı boşalar, gənc nəsil Pəhləvi dövrünün gənc nəsli kimi olar: ümidsiz, faydasız, fəsada meylli, sapqınlığa hazır. O zaman kiminsə onları yenidən düzgün yola yönəltməsi üçün çoxlu imkanlar, İslam inqilabı kimi bir hərəkət lazım olacaq, amma o, bir ölkədə bir əsrdə, yaxud bir neçə əsrdə asanlıqla meydana gəlmir.


Xalqa xidmətin meyarı

Bütün vücudumuzla mövcud vəziyyəti qorumalıyıq. Uzun illər ziyalılıqla və mədəni fəaliyyətlərlə bu xalqa heç bir xidmət göstərməyənlər, ən azı heç bir mühüm problem zamanı xalqın yanında olmayanlar, xalqa çatmayanlar, yəni onun rəhbəri və öncülü olmaq istəyən, lakin həmişə ondan geri qalan və kənara çəkilən bir qrupun yenidən ölkəyə qayıdıb öz fikir və mədəniyyətlərini hakim etməsinə icazə verməyin. Bu gün bəzi mətbu orqanlarında, jurnallarda və mədəniyyət sahələrində keçmişə, xəstə ziyalılığa qayıdışı izləyən məqamlar görünür. Bu, günün problemidir. Bu, çox əsaslı və mühüm məsələdir.


Tarixi səhv

Əlbəttə, ziyalı təbəqəsi bu barədə özündən nəsə deyə bilər. Deyər ki, mümkün deyil, ziyalılıq dinlə uyğunlaşmır, bir ölkəyə din gəldikdə, hər bir şeyi öz təsiri altına salır və sair. Təəssüf ki, mərhum Ali-Əhməd də kitabında bir məqamın izahında belə bir cümlə işlədib. Məncə, bu onun tarixi səhvidir.


Səfəvilər dövrü

Deyir ki, Səfəvilər dövründə din, ədəbiyyat və katiblik hakim aparatın yanında idi, məsələn, Mir Damad gedib Şah Abbasın yanında oturmuşdu. Buna görə də, o dövrdə mədəniyyət, ədəbiyyat, fəlsəfə və incəsənət tənəzzülə uğradı. Bu, səhvdir. Ədəbiyyat tarixində Səfəvilər dövrü kimi bir dövr yoxdur. Mərhum Ali-Əhməd şeir adamı deyildi, məncə, o, məlumatsızlığından belə deyib. Hind üslublarına qarşı çıxan şairlər yanlış bir söz yaymışdılar. Hind üslubu Səfəvilər dövründə yayıldı və Zəndilər dövrünə, eləcə də Qacarların əvvəllərinə qədər davam etdi. Sonra modernistlər və İsfahan Ədəbi Məclisi adlanan bir qrup meydana çıxdı. Bunlar Hind üslubunun kəskin əleyhdarı idilər. Əlbəttə, onların şeirləri heç zaman Hind üslubu şairlərinin şeirlərinə çatmır, fərq olduqca böyükdür. Lakin ona qarşı çıxırdılar. O zamandan belə yayıldı ki, guya Səfəvilər dövrü şeirin tənəzzül etdiyi dövrdür. Xeyr, Saib kimi böyük şair bu dövrə aiddir. Kəlim Ürfi, Talib Amiri kimi şairlər Səfəvilər dövrünə məxsusdurlar. Şeir tarixi boyu bu misiliz şairlər Səfəvilər dövrünün yetirmələridir. Nəsrabadi “Nəsrabadi təzkirəsi” kitabında öz dövründə İsfahanda yaşayan minə yaxın şairin bioqrafiyasını yazıb. İsfahan kimi şəhərdə min şair! Əlbəttə, cəfəngiyyat deyən şairlər yox, yaxşı şairlər. Onların şeirləri qalır. “Nəsrabadi təzkirəsi” də mövcuddur. Bizim nə zaman və harada belə vəziyyətimiz olub?!


Səfəvilər dövrü - ədəbiyyat və incəsənətin zirvəsi

Bütün İslam fəlsəfəsi tarixinin ən böyük filosofu olan Molla Sədra Səfəvilər dövrünə məxsusdur. Mir Damad Səfəvilər dövründə yaşayıb. Məşhur arif Feyz Kaşani Səfəvilər dövrünə məxsusdur. Məşhur mütəkəllim və filosof Lahici bu dövrə aiddir. Bu nə sözdür ki, Səfəvilər dövrü şeirin tənəzzül dövrüdür?! Xeyr, əslində, Səfəvilər dövrü ədəbiyyat və incəsənətin zirvə çağıdır. Əlbəttə, şeir mənasında olan ədəbiyyatı nəzərdə tuturam, nəsri yox. Nəsr də yaxşıdır, amma çox da zirvədə deyil.

Ən yaxşı kafelçilik və ən yaxşı memarlıq da Səfəvilər dövründə olub. Siz tarix boyu Şeyx Lütfullah məscidi kimi bir məscid, İsfahanın Nəqşi-cahan meydanı kimi bir meydan, o binalar kimi bir bina tapa bilməzsiniz, çox az taparsınız. Bunlar Səfəvilər dövrünə aiddir.
Xilafət və Vilayət – padşahlığın əksi

Səfəvilər şairləri saraya aparmırdılar ki, onlara pul versinlər. Mən Səfəviləri müdafiə etmək istəmirəm. Biz bütün şahların əleyhinəyik. Şah pisdir. Ümumiyyətlə, şah yaxşı ola bilməz. Şahlıq, krallıq pisdir. Özünü məlik, kral və padşah adlandıran insan, özünü xalqın, necə deyərlər, öz rəiyyətinin ağası hesab edir. İslamda bu məsələ kökündən rədd olunub. O gün cümə namazında da dedim ki, xilafət və vilayət bu növ şahlığın əksidir. Səfəvi padşahları da şah idilər. Biz onları müdafiə edə bilmərik. Lakin bu, tarixi baxımdan yanlış sözdür ki, deyək Səfəvilər dövründə şeir və ədəbiyyat tənəzzülə uğrayıb. Mən görürəm ki, hələ də o dövrü yamsılayaraq orada-burada, televiziya və radioda bəzən həmin sözü deyirlər. Xeyr, Səfəvilər dövrü tənəzzül dövrü deyil. Hafizdən sonra Saib kimi böyük qəzəl şairi gəlməyib. Rudəkidən sonra heç bir şair Saibin şeirləri qədər şeir deməyib. İki yüz min şeiri var. Sözsüz ki, sanballı şairi nəzərdə tuturam. Əks təqdirdə, cəfəngiyyatçı şairlər nə qədər istəsəniz, şeir deyirlər. Heç bir şəhər İsfahan qədər şair, filosof, fəqih və incəsənət xadimi görməyib. Bu nə sözdür?!


Ziyalılığın irticası

Hər halda, ziyalılığın irticası budur: dərd-qəmsiz xəstə ziyalılıq dövrünə qayıtmaq, əsl ziyalılığın bütün prinsipial ənənələrinə, bu xalqın bütün köklü və yerli ənənələrinə, tarix və mədəniyyətinə etinasızlıq dövrünə qayıtmaq. Bu gün buna dəvət edən hər bir şəxs mürtəcedir. Adı ziyalı, şair, yazıçı, tədqiqatçı və tənqidçi olsa belə, inqilabdan qabaqkı xüsusiyyətlərinə, dinə və ənənələrə zidd istiqamətli ziyalılığa qayıtmaq istəyən mürtəcedir. Bunun adı ziyalılığın irticaçılığıdır.

Siz tələbələr ziyalı təbəqəsinin nümayəndələrisiniz. Bu məsələ üzərində düşünməli və çalışmalısınız. Əlbəttə, mən bu barədə söhbət etmək istəsəm, bir saat kifayət etməz. Bunun çoxlu misal və nümunələri, bu sahədə çoxlu sözlər, müxtəlif tənqidlər var. Mən bunların hamısına toxunsam, çox uzanar. Söhbətin davamı növbəti görüşlərə qalsın.

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə