Vilayət bağçası üçüncü cİld


İnqilab və milli özünəinam16



Yüklə 314,7 Kb.
səhifə4/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

İnqilab və milli özünəinam16

Bismillahir-Rəhmanir-Rəhim.


Bu gün mənim üçün çox gözəl bir gündür. Düzdür, prezident olarkən bu universitetə dəfələrlə gəlmişəm. Lakin məncə, bu toplantının özəl bir xüsusiyyəti var və bu xüsusiyyət bu görüşü mənim üçün çox yaddaqalan və gözəl edir. Təxminən 2-3 ay əvvəl mənə xəbər verdilər ki, sizin belə bir toplantınız olacaq. Zənnimcə, universitetin möhtərəm rektoru məndən müraciət göndərməmi, yaxud bəzi dostlarla görüşməmi istəmişdi. Mən o zamandan qərara gəldim ki, bu toplantıya gəlim və universitetin bir neçə illik səmərəsini öz gözlərimlə görüm.
Pedaqoji unversitet

Bu universitet böyük ümidlə təsis olunub. Əlbəttə, ölkənin bütün univesitetlərinin inqilab, quruluş və elmi tərəqqi üzərində böyük haqqı var. Amma bu universitet inqilabın universitetidir, ölkə universitetləri üçün inqilabçı kadr və müəllimlər yetişdirmək məqsədilə təsis olunub. Bu gün Allahın lütfü ilə ölkə universitetlərində mömin gənclər və inqilabçı məzunlar çox olduğundan, bu söz çoxlarına anlaşılmaz görünə bilər. Lakin səksəninci illərin əvvəllərində bu sözün çox mənası vardı. O zaman bəzi müəllimlər unversitetlərə gəlmir, inqilaba kömək etmək istəmirdilər. Bəziləri xarici ölkələrə gedirdilər, bəzilərindən tələbələr şikayət edirdilər. Dəfələrlə bizə müraciət edib deyirdilər ki, müəllimlər qayğıkeş deyillər. Əlbəttə, bəziləri də iman və ixlasla xidmət göstərirdilər. Lakin ölkədə universitetlərin artırılması belə bir universiteti qaçılmaz edirdi. Allahın lütfü ilə bu gün bu universitetin bir neçə min məzunu var. Bu, çox gözəl və yaddaqalan hadisədir.

Əziz qardaş və bacılar! Mən sizə yalnız bir cümlə demək istəyirəm: Bu gün universitetin ziyalı nəslinin üzərinə xüsusi məsuliyyət düşür. Bu gün sizin ölkəniz, inqilabınız, şərəfli İslam quruluşunuz elə bir dövrü yaşayır ki, hər bir elm və düşüncə adamı onu idarə edənləri daha da gücləndirməyə çalışmalı, onlarla əməkdaşlıq etməlidir. Biz çətin dövrlər yaşamışıq: müharibə və ondan sonrakı böyük problemlər dövrü.
Geriliyi aradan qaldırmaq

Bu gün elm sahəsində yorulmadan çalışmalı, uzun diktatura dövrünün mənfi təsirlərini aradan qaldırmalıyıq. O dövrdə istedadları çiçəklənməyə qoymadılar, xalqın əsl və həqiqi kimliyini göstərməsinə imkan vermədilər. Qərbin elm və sənaye inkişafının nəticəsi olan məhsulların idxal edilməsinin ardınca, onun hər bir şeyini Qərbdən asılı etdilər, elm və mədəniyyət məhsullarını da ölkəyə idxal etdilər. Gördükləri birinci iş ölkənin təhsilli təbəqəsini özünə inamsız etmək idi. Onları öz mədəniyyətlərinə, adət-ənənələrinə, elmlərinə, parlaq istedadlarına inamsız etdilər. Bu inamsızlıq uzun illər öz təsirini buraxdı. Bu düşüncə - iranlını təhqir düşüncəsi həqarət hissinin ölkənin aparıcı təbəqələrinin beyninin dərinliklərinə qədər işləməsinə səbəb oldu. Qərbin bu vəziyyətin məhsulunu biçməsi, təbii ki, uzun illər çəkdi. Amma nəhayət, müvəffəq oldular və nəticəsi indi ölkəmizdə müşahidə etdiyimiz gerilikdir. Bütün bu humanitar baza və maddi mənbələrlə, malik olduğumuz xüsusi coğrafi mövqe ilə, parlaq elmi və mədəni keçmişlə və malik olduğumuz zəngin elmi irslə yanaşı, bu gün elm, sənaye və müxtəlif elmi inkişaf göstəricilərində vəziyyətimiz çox aşağıdır.


Özünəinamın möcüzəsi

Bizim tarix, coğrafiya və ədəbiyyatımızda da başqaları daha çox tədqiqat aparmış, işləmişlər. İranlıda olan parlaq istedad hələ bu geriliyin yerini tuta bilməyib. Əlbəttə, inqilab dövründən bu yana bir möcüzə baş verib və o, özünəinamdır. Ovaxtkı həqarət hissi bu gün daha yoxdur, amma yenə işləmək lazımdır.


İşlərin məqsədi

İnqilabın ilk illərində, xüsusən də səkkizillik müharibə dövründə çoxlu problemlər vardı. Bu gün sizin vəzifəniz çalışmaqdır. Bu çalışmağın məqsədi də İslamı ucaltmaq, müsəlman ölkəmizə istiqlaliyyət bağışlamaqdır. Ölkənizi hər cəhətdən müstəqil edin. Müstəqil olmaq o demək deyil ki, sərhədlər xaricindən hər bir istifadənin qapısını bağlayaq. Bu, absurddur. Heç kəs buna dəvət etmir. Tarix boyu insanlar hamıdan istifadə etmişlər. Lakin iki eyni, bərabər mövcud arasında fikir, düşüncə və məhsul mübadiləsi ilə birinin o birinə yalvararaq dilənməsi və onun da təhqirlə bir şey verməsi arasında fərq var.


Gənc nəslin məsuliyyəti

Ölkəni lazımi səviyyəyə qaldırmaq ali təhsilli və ziyalı gənc nəslin böyük məsuliyyətidir. Məncə, bu universitetdə təhsil almış siz qardaş və bacıların üzərinə bu sahədə daha ağır vəzifə düşür. İnşallah, daha çox nailiyyətləriniz olsun.

Bu gün mənim əsas məqsədim sizin aranızda olmaq idi, nəsə demək, danışmaq fikrim yox idi. Düşünürdüm ki, suallarınızı dinləyib cavablamaq üçün 1 saat sizin aranızda olum. Bu, mənim üçün çox şirin və ürəkaçandır. Amma düşündüm ki, ölkənin bugünkü vəziyyətində faydalı olan bir məsələ haqda söhbət edim. Bəzi qeydlərimi qısa şəkildə nəzərinizə çatdıracağam.
Mətbuat və məzmun

Azadlıq haqda iki məqama diqqət yetirmək lazımdır. Bu gün ölkə mətbuatında və mütəfəkkirlər arasında azadlıq məsələsi aktual mövzudur. Bu, yaxşı əlamətdir. İnqilabın təməl məsələlərinin müzakirə obyektinə çevrilməsi, bəzi şəxslərin bu haqda düşünüb, fikir bildirməsi həmişə gözlədiyimiz və az-çox baş tutmuş məsələdir. Bu mövzu bu gün də gündəmdədir; mən də yazılanlara və deyilənlərə az-çox baxır, oxuyur və bəzən onlardan öyrənirəm. Fikirlər müxtəlifdir; yəni hamı eyni formada yazmır, bir-birinə zidd görüşlər var. Bu zidd görüşlərin hər iki tərəfində doğru və düzgün sözlər müşahidə olunur. Bu müzakirələri davam etdirmək yaxşı haldır. Kaş bizim nəzər sahiblərimiz mətbuatda köklü məsələlərin müzakirəsinə meyl göstərəydilər, mətbuatı məzmunsuz haldan çıxarıb, xalqı düşündürücü və istiqamətləndirici mövzulara yönəldəydilər. Biz həmişə tövsiyə edirik ki, inqilab mədəniyyətini gücləndirsinlər. Gücləndirmək üçün də belə işlər görmək lazımdır.


Azadlıq məfhumu

Toxunmaq istədiyim iki məqamdan biri budur ki, Azadlıq məfhumu üçün bizim şüarlarımızdan olan istiqlaliyyətdən istifadə etməliyik; yəni müstəqil düşünək, düşüncədə təqlidçi olmayaq. Əgər çoxlu məsələlərimizin və inkişafımızın bünövrəsi olan bu amili nəzərdən qaçırıb başqalarını yamsılasaq, gözlərimizi təkcə Qərb təfəkkürünü göstərən bacaya açsaq, böyük səhv etmiş olacaq və acı nəticələrlə üzləşəcəyik.


İctimai azadlıq

Azadlıq məsələsi Qurani-kərimdə və imamların sözlərində dəfələrlə, özü də ciddi surətdə təkid olunan məsələlərdən biridir. Əlbəttə, burada məqsədimiz dünyada heç bir tərəfdarı olmayan mütləq azadlıq deyil. Düşünmürəm ki, dünyada kimsə mütləq azadlığa dəvət etsin. Məqsədimiz İslam dinində, xüsusən də İslam maarifinin yüksək səviyyələrində nəzərdə tutulan mənəvi azadlıq da deyil. Mənəvi azadlıq məsələsi mənəviyyata inanan bütün insanların qəbul etdiyi məsələdir, amma söhbətimizin mövzusu bu deyil. Burada söhbət açdığımız azadlıq ictimai azadlıqdır: düşünmək, danışmaq, seçmək və bu tip işlər üçün insani haqq olan azadlıq. Bu məsələ Quran və sünnədə yüksək dəyərləndirilmişdir.

Əraf surəsinin 157-ci ayəsi buyurur: “O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula - ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, natəmiz və iyrənc şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üzərlərindəki buxovları açar”. Allah insanların boynundan zəncirləri götürməyi Peyğəmbərin xüsusiyyətlərindən biri kimi göstərir. Peyğəmbər "isr"i, yəni insanlara məcbur edilən boyunduruqları onlardan götürür. Çox maraqlı və geniş anlayışdır. Əgər o dövrün dini və qeyri-dini cəmiyyətlərinə nəzərə salsanız, bilərsiniz ki, bu boyunduruqlar və insanların zorla məcbur edildiyi əhdnamələr batil inam və xurafatların, istibdad, təhrif, yaxud təhqir əllərinin insanlar üçün zorla yaratdığı yanlış ictimai şərtlərin çoxuna şamil olur. “Əğlal” sözünün "zəncirlər" demək olduğu da aydın məsələdir.

Məşhur “Ədalətin səsi” kitabının müəllifi cənab Corc Cordaq Əmirəlmömininin və ikinci xəlifə cənab Ömərin sözlərini müqayisə edir. Bir dəfə dövrünün valilərindən bir neçəsi cənab Ömərin yanına gəlmişdilər. Xəlifəyə onların pis əməllərinə dair xəbər çatmış və onu qəzəbləndirmişdi. Xəlifə onlara müraciətlə ölməz bir cümlə deyib: "Siz nə vaxtdan insanları özünüzə kölə etmisiniz?! Halbuki Allah onları azad yaratmışdır". Digər cümlə isə Əmirəlmömininin Nəhcül-bəlağədə yer alan cümləsidir: "Başqasının qulu olma, Allah səni azad yaratmışdır!" Corc Cordaq bu iki cümləni müqayisə edib deyir ki, Əmirəlmömininin cümləsi Ömərin cümləsindən qat-qat üstündür. Ömər azadlıq və hürriyyətə heç bir zəmanət verməyən şəxslərə müraciət edir. Çünki Ömərin ifadəsinə əsasən, insanları özlərinə qul edənlər onların özləridir. Yəni ey xalqı özünə qul hesab edənlər, xalqa azadlıq verin. Bu, bir növ danışmaqdır. Əmirəlmöminin isə insanların özünə müraciət edir və icra zəmanətini kəlamının özündə göstərir: "Başqasının qulu olma, Allah səni azad yaratmışdır!"


Hürriyyət

Hər iki kəlamda azadlıq üçün iki xüsusiyyət var. Əlbəttə, Əmirəlmömininin kəlamı daha üstündür. Çünki o, icra zəmanətini də ehtiva edir. Sözügedən iki xüsusiyyətdən biri budur ki, azadlıq hissi insanın fitrətində var: "Allah səni azad yaradıb". Mən İslam təfəkkürü ilə Qərb təfəkkürü arasında müqayisə apararkən buna toxunacağam.

Mən bu gün söhbəti uzatmaq istəmirəm. Əgər Allah uğur versə, başqa bir yerdə çoxlu deyiləsi sözləri söyləyəcəyəm. İndi bu iki məqamı xatırlatmaq istəyirəm. Onların biri azadlıq məsələsində müstəqil düşünməkdir.

Baxın, bu gün dünyanın siyasi lüğətlərində tərcümə edilən ictimai azadlığın Qurana əsaslanan belə bir kökü var. 18-ci əsr Avropasının liberalizminə müraciət etməyə və Kantın, Con Stüart Milin və digərlərinin nə dediyinə baxmağa heç bir lüzum yoxdur. Bizim öz sözümüz, öz məntiqimiz var. Deyəcəyəm ki, onların sözləri hansı dəlillərə görə bizi qane etmir.


Azadlıq və Din

Azadlıq məsələsini islami məsələ bilin. Məncə azadlıq məsələsinin qeyri-islami və qeyri-lokal edilməsində iki qrup əlbir olmuşdur. Bu qrupların biri azadlıq məsələsinə dair son iki-üç əsrin Qərb filosoflarının deyimlərindən sitat gətirirlər: filankəs belə deyib, flankəs elə deyib. Əlbəttə, bunlar həmin filosofların adlarını çəkdikləri üçün hörmətə layiqdirlər. Çünki bəzi fəlsəfəpərdazlar Con Stüart Millin, yaxud başqa fransalı, almaniyalı və ya amerikalı filosofun sözünü deyir, amma adını çəkmir, öz adlarına yazır və saxtakarlıq edirlər. Hər halda, bu qrup azadlıq təfəkkürünün və ictimai azadlıq məfhumunun Qərb tərəfindən bizə hədiyyə verilmiş düşüncə olması haqda fikir formalaşmasına kömək edirlər.

Bir qrup da bilmədən bunlara kömək edir. Bunlar azadlığın adı çəkilən kimi qorxuya düşən, fəryad qoparıb “ay aman, din əldən getdi” deyənlərdir. Xeyr! Din azadlığın ən böyük carçısıdır, nə üçün əldən getməlidir?! Düzgün və məntiqli azadlıq dinin bir xalqa və bir cəmiyyətə ən böyük hədiyyəsidir. Azadlığa görə düşüncələr inkişaf edir və istedadlar çiçəklənir. İstibdad istedadın düşmənidir. İstibdad olan yerdə istedad çiçəklənə bilməz. İslam insanların çiçəklənməsini istəyir. Təbii mənbələr kimi möhtəşəm insani mənbələr də çıxarılmalıdır ki, dünyanı abadlaşdırsınlar. Məgər bu, azadlıq olmadan mümkündür?! Məgər əmr və qadağalarla mümkündür?! Kimlərinsə belə düşünməsi yanlışdır. Qərbpərəstlər və ehtiyatlananlar azadlıq anlayışını İslamdan tamamilə uzaqlaşdırmaqda özləri də bilmədən əməkdaşlıq edirlər. Halbuki belə bir şey yoxdur və azadlıq İslamın təsdiqlədiyi bir anlayışdır.

Mən sizə bir söz də deyim: İslamda ictimai azadlığa Qərb məktəblərindən daha çox yer verilmişdir. Əlbəttə, liberalizmin izahları olduqca çoxdur. Yəni renessansdan etibarən Fransada, Avropada və sonra bütün dünyada liberalizm təfəkkürünün inkişaf etməsindən, sonra Fransa inqilabı ilə nəticələnməsindən, daha sonra Amerika istiqlaliyyət vuruşmalarında təhrif olunmuş şəkildə işlədilməsindən və bəlli Amerika xartiyasının yaranmasından - bütün bunlar xüsusi söhbətlərin mövzusudur - bu günədək, xüsusən də son illərdə liberalizmə onlarla tərif və izah verilmişdir. Son zamanlar Amerika nəzəriyyəçiləri və ideoloqları müntəzəm olaraq bu sahədə yazırlar.

Bunu da deyim ki, bu mütəfəkkirlər arasında hətta amerikalı olmayan çoxları ABŞ rejiminin sifarişi ilə bu sahədə, xüsusən liberalizm mövzusunda yazırlar. Kitablar bəzən Avstriyada, Almaniyada, yaxud Fransada yazılır, amma Nyu-Yorkda çap olunur. Sifariş Amerikadan gəlir. Bunda məqsəd ABŞ-ın maraqlarıdır. Bunun özü geniş mövzudur. Hər halda, bu barədə müxtəlif izahların olmasına baxmayaraq, İslamın baxışı onların hamısından üstündür.

Onlar azadlığa fəlsəfə düzəltməkdə problemə düşüblər. Azadlığın fəlsəfəsi nədir? Bəşər nə üçün azad olmalıdır? Buna fəlsəfi əsas tapılmalıdır. Bu barədə müxtəlif sözlər deyilib: fayda, ümumi maraq, ictimai həzz, şəxsi həzz və uzaqbaşı, sivil hüquqlardan biri. Bunların hamısına irad bildirmək olar. Onların özləri də irad bildiriblər.

Əgər son illərdə liberalizm haqqında yazılanlara baxsanız, azadlıq haqda nə qədər puç, əbəs, faydasız və Orta əsrlər dövrünə bənzər sözlər deyildiyini görərsiniz. Biri bir söz deyib, o birisi cavab verib, sonra daha birisi gəlib cavaba cavab verib. Doğrudan da üçüncü dünya ziyalıları üçün pis əyləncə deyil ki, biri bu nəzəriyyənin tərəfdarı olsun, biri o nəzəriyyənin; biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin, başqa biri də nəzəriyyəni öz adı ilə başqalarına sırısın.
Azadlığın fəlsəfəsi

Uzaqbaşı, azadlığın fəlsəfə və qaynağının bir insani haqq olduğunu deyirlər, İslam isə bundan da artığını deyib. İslam azadlığı insanın fitri hissi bilir. Azadlıq bir haqdır, lakin yaşamaq və həyat haqqı kimi olub, digər haqlardan yüksəkdə durur. Yaşamaq haqqını, istədiyi yerdə yaşamaq haqqı, seçim haqqı və digər hüquqlarla bir sıraya qoymaq olmaz. Azadlıq da belədir, bunların hamısının fövqündə durur. Bu, İslamın baxışıdır.

Düzdür, burada bəzi istisnalar da var. Konkret hallarda insan yaşamaq hüququ kimi azadlıqlardan da məhrum edilə bilər. Bir nəfər kimisə öldürürsə, qisas alırlar; fəsad yayırsa, cəzalandırırlar. Lakin bunlar müstəsna hallardır. Bu, İslamın yanaşmasıdır.

Deyilənlərə əsasən, ictimai azadlıq düşüncəsinin Qərbin bizə hədiyyə verdiyini düşünmək yanlışdır. Yəni biz bu sahədə əsaslı və cəlbedici bir söz demək üçün mütləq filankəsin kitabına istinad etməyə, Qərbdə özü üçün oturub fikirləşən və yazan birisinin adını çəkməyə məcbur deyilik. Xeyr! Müstəqil düşünmək, öz mənbələrimizə və İslam qaynaqlarına müraciət etmək lazımdır. İnsan digərlərinin təfəkküründən zehnin açılması və qaranlıq məqamların aydınlaşması üçün istifadə etməlidir, təqlid etmək üçün yox. Əgər təqlid məqsədilə olsa, böyük zərər edəcəyik.

Mən bu gün bu mətbuat və düşüncə dartışmalarında - dedim ki, bu, yaxşı haldır - çoxlarının bu məqama diqqət yetirmədiyini müşahidə edirəm. Mən burada İslam məntiqindəki azadlığın Qərb məntiqindəki azadlıqla iki-üç ümdə fərqini deyəcəyəm. Qeyd etdim ki, bu məktəbdə mövcud olan bütün nəzəriyyələrin və müxtəlif cərəyanların ortaq adı liberalizmdir. Bu nəzəriyyə və cərəyanlar bəzi sahələrdə digərləri ilə müəyyən ziddiyyətlər təşkil etsə də, ümumilikdə aşağıdakılardan ibarətdir:
Liberalizm azadlığı

Qərb liberalizmində insan azadlığı din və tanrı adlı amillərdən uzaqdır. Onlar azadlığın Allah tərəfindən verildiyini düşünmürlər. Heç biri demir ki, azadlığı insana Allah verib. Onlar bunun üçün fəlsəfi qaynaq axtarırlar. Bu haqda bəzi əsaslar göstərilmiş və müxtəlif izahlar verilmişdir.

İslama görə isə, azadlıq ilahi əsasa malikdir. Bunun özü başlıca fərqdir və digər fərqlərin çoxu məhz buna qayıdır. İslam məntiqinə görə, azadlığa qarşı çıxmaq bir ilahi hökmə qarşı çıxmaqdır; yəni insanın qarşısında dini vəzifə qoyur. Qərbdə isə belə deyil. Qərbin liberalist təfəkkürünə görə, dünyada azadlıq üçün aparılan ictimai mübarizələrin heç bir məntiqi yoxdur. Məsələn, deyilən sözlərdən biri “ümumi mənafe”, yaxud “əksəriyyətin marağı” məsələsidir. İctimai azadlığın əsası budur. Sual oluna bilər: "Mən nə üçün əksəriyyətin mənafeyi üçün döyüşə gedib ölməli, məhv olmalıyam?!" Bu, məntiqsizdir. Düzdür, ötəri və ani emosiyalar çoxlarını döyüşə çəkir, amma belə təfəkkürlər əsasında mübarizəyə qalxmış insanların hər biri - əgər mübarizə doğrudan da bu təfəkkürlərə əsasən baş veribsə - mübarizə həyəcanından çıxan kimi tərəddüd edəcəklər: Nə üçün gedib ölməliyəm?!
Azadlıq uğrunda mübarizə

İslam təfəkküründə isə belə deyil. İslama görə, azadlıq uğrunda mübarizə bir şəriət vəzifəsidir; çünki Allah əmri üçün mübarizədir. Məsələn, siz bir insanın öldürüldüyünü gördükdə, ona kömək etməyə borclusunuz. Bu, dini borcdur; bunu etməsəniz, günah işlətmiş olursunuz. Azadlıq məsələsində də belədir. Getməlisiniz; bu, bir şəriət vəzifəsidir.


Hüdudsuz azadlıq

Bu əsaslı fərqdən digər fərqlər də doğur. Biri budur ki, Qərb liberalizmində əxlaqi amil və dəyərlər nisbi olduğundan, azadlıq da hüdudsuzdur. Nə üçün? Çünki siz bir sıra əxlaqi dəyərlərə etiqad bəsləyirsinizsə, bu dəyərlərə hörmətsizlik edəni qınaya bilməzsiniz; ola bilsin, onun bu dəyərlərə inamı yoxdur. Buna əsasən, azadlıq üçün heç bir hədd tanınmır, sərhədsizdir, mənəvi və əxlaqi məhdudiyyəti yoxdur. Nə üçün? Çünki sabit həqiqət yoxdur və onlara görə, əxlaqi dəyərlər nisbi xarakter daşıyır.


Məhdud azadlıq

İslamda azadlıq məsələsinə baxış belə deyil. İslamda qəti və dəyişməz dəyərlər var, həqiqət var, dəyər və kamillik olan, dəyər yaradan həqiqət uğrunda hərəkət var. Elə buna görə də, azadlıq bu dəyərlərlə məhdudlaşdırılır. Bu dəyərləri necə anlamaq və öyrənmək başqa məsələdir, onları yanlış və ya düzgün anlamaq mümkündür. Bu, söhbətin mövzusundan xaricdir. Hər halda, azadlıq həqiqətlə və dəyərlərlə məhdudlaşır.

İslamda bu qədər dəyərli hesab edilən ictimai azadlıqdan bir xalqın dəyərli mənəvi və ya maddi sərvətlərini məhv etmək üçün istifadə olunsa, zərərlidir. Bir insanın həyatı da belədir: “Kim, bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”. Qurana görə, bir insanı öldürmək bütün insaniyyəti öldürmək kimidir. Bu, çox möhtəşəm sözdür. Bir insanın qətlinə səbəb olan şəxs bütün insaniyyəti məhv etmiş kimidir; çünki insaniyyət məqamına əl uzatmışdır. Lakin burada da istisna var: “bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi”. Yəni bu adamın özü başqasının canına qəsd etmişsə, yaxud fəsad törətmişsə, məsələ ayrı cürdür. Baxın, sabit, qəti dəyər və həqiqətlər bəzən həyat haqqını məhdudlaşdırdığı kimi, bu azadlığı da məhdudlaşdırır.
Qərb azadlığının hüdudları

Başqa bir fərq budur ki, Qərbdə azadlığın hüdudlarını maddi maraqlar təşkil edir. Onlar əvvəlcə ictimai və fərdi azadlıqlar üçün məhdudiyyətlər müəyyən etdilər. Onların biri budur: maddi maraqlar təhlükəyə düşdükdə azadlıq məhdudlaşır. Maddi maraqlara misal kimi bu ölkələrin inkişafını və elmi üstünlüyünü göstərmək olar. Təlim-təhsil azadlığı insanların əsla danılmaz hüquqlarından sayılır. İnsanların öyrənmək hüququ var. Lakin Qərb dünyasının böyük universitetlərində bu azadlıq məhdudlaşdırılır. Yüksək elm və texnologiyanı, onların sözü ilə desək, HIGH TEC-i öyrətmək olmaz. Niyə? Çünki bu elm öyrədilsə, həmin supergücün inhisarından çıxacaq və o öz vəziyyətində qalmayacaq. Deməli, azadlığa sərhəd qoyulur; yəni müəllimin üçüncü dünya ölkələrindən, məsələn, İrandan, yaxud Çindən olan tələbəyə bəzi elmi sirləri öyrətmək haqqı yoxdur.


Azadlıq və senzura

Xəbər ötürmə azadlığı da belədir. Bu gün dünyanın bütün davası informasiya azadlığı üstündədir: “Qoyun xalq hadisələrdən xəbərdar olsun! Qoyun xalq bilsin!” Qərbdə azadlığa dair təbliğatın əsas hissələrindən biri budur. Buşun prezidentliyi zamanı ABŞ İraqa hücum edəndə isə təxminən bir həftə bütün xəbərlərə senzura qoyuldu. Bununla fəxr edib dedilər ki, heç bir jurnalist ABŞ-ın İraqa hücumundan bir şəkil, bir xəbər dərc edə bilməz. Hamı bilirdi ki, hücum olunub, amerikalılar özləri də xəbər vermişdilər, amma məsələnin təfərrüatından heç kimin xəbəri yox idi. Onlar iddia edirdilər ki, bu iş hərbi təhlükəsizliyə ziyan vura bilər. Deməli, hərbi təhlükəsizlik amili azadlığı məhdudlaşdırdı, önünə maddi bir sərhəd və hasar çəkdi.


Amerika azadlığı

Başqa bir hədd dövləti möhkəmlətməkdir. Təxminən 4-5 il əvvəl Amerikada bir qrup meydana çıxdı. Mətbuatı izləyənlər bu haqda oxuyublar. Mən o zaman bu hadisə haqda geniş məlumat topladım, bizim qəzetlər də yazdılar. Onlar Klintonun dövründə xüsusi bir məzhəb kimi ABŞ hökuməti əleyhinə fəaliyyətə başladılar. Onlara qarşı hərbi və təhlükəsizlik tədbirləri gördülər, lakin xeyri olmadı. Sonra onların toplaşdığı evi mühasirəyə alıb od vurdular, təxminən 80 nəfəri yandırdılar. Şəkillərini dərc etdilər, bütün dünya da gördü. Bu 80 nəfərin arasında qadın da var idi, uşaq da. Onların bəlkə bir nəfəri də hərbçi deyildi. Baxın, yaşamaq, əqidə və siyasi mübarizə azadlıqları bu həddə məhdudlaşdırılır. Bu baxımdan, Qərb dünyasında da azadlığın hüdud və sərhədləri var və bunlar maddi sərhədlərdir.


Azadlıq və əxlaqi dəyərlər

Qərbdə əxlaqi dəyərlər azadlığa heç bir maneə yaratmır. Məsələn, Amerikada homoseksualizm geniş yayılmışdır. Bununla fəxr edir, küçələrdə mitinqlər keçirir, jurnallarda şəkillərini vururlar. Fəxrlə deyirlər ki, filan iş adamı və filan siyasətçi də bu qrupdandır. Heç kim xəcalət çəkmir və inkar eləmir. Daha acınacaqlı olan budur ki, bu hərəkata etiraz edən bəzi insanlar mətbuatın kəskin hücumuna məruz qalırlar. Deyirlər ki, bunlar homoseksualizm hərəkatına qarşı çıxırlar. Yəni əxlaqi dəyər azadlıq üçün heç bir hədd təyin etmir.


Mənəvi sərhədlər

Başqa bir misal Avropa ölkələrinə aiddir. Orada məsələn, söz azadlığı faşizmin xeyrinə təbliğat zamanı məhdudlaşdırılır. Bu da maddi və siyasi məsələdir. Digər tərəfdən, çılpaqlığın təbliğatı məhdudlaşdırılmır. Yəni bəlli fəlsəfəyə, fəlsəfi əsas və baxışlara malik olan Qərb liberalizmində azadlığa maddi amillərlə hədd qoyulur, əxlaqi amillərlə deyil. İslamda isə əxlaqi hədlər var. İslamda azadlığın maddi hüdudlardan əlavə, mənəvi hədləri də var. Düzdür, kimsə ölkənin mənafeyinə qarşı hərəkət etsə, azadlığı məhdudlaşdırılır – bu, məntiqlidir, amma mənəvi hədlər də mövcuddur.


Etiqad azadlığının sərhədi

Kiminsə azğın etiqadı varsa, eybi yoxdur. "Eybi yoxdur" deyəndə, əslində, Allaha və mömin insanlara görə, eybi var, lakin bu zaman dövlətin üzərinə heç bir vəzifə düşmür. Müsəlman cəmiyyətində yəhudi, məsihi və digər dinlərə inananlar var. Bu gün bizim ölkəmizdə belələri var, İslamın erkən çağında da olub. Bunun heç bir eybi yoxdur. Lakin yanlış əqidəsi olan bir şəxs özlərini müdafiə edə bilməyən insanların canına düşüb onları da yoldan çıxarmaq istəsə, bu, yolverilməzdir. Bu zaman azadlıq məhdudlaşdırılır. İslam baxımından belədir. Yaxud siyasi, cinsi və elmi fəsadlar yaymaq istəsələr, yaxud bəzi fəlsəfəpərdazlar kimi ali təhsilin gənclərə xeyirli olmaması haqda məqalə yazsalar, bunun eyiblərini söyləməyə başlasalar, buna yol verilmir. Əlbəttə, böyük ehtimala görə, bunların 90 faizi təsirsiz olur, amma 10 faizi tənbəl gənclərə təsir edə bilər. Kimlərinsə yalan və kələklə insanları təhsildən uzaqlaşdırmasına icazə vermək olmaz.


Azadlığın sərhədləri

İslamda aldatmaq, şayiə yaymaq və cəmiyyətdə xof yaratmaq azadlıqları yoxdur. Mənim gileyim budur ki, nə üçün azadlıq məsələlərinə dair İslamın əsaslarına və İslam ədəbiyyatına müraciət olunmur. Quranda Əhzab surəsinin 60-cı ayəsində belə buyurulur: “Əgər münafiqlər, qəlblərində (ruhlarında) xəstəlik olanlar və (mürciflər, yəni) Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.

Burada "mürciflər" münafiqlərin və qəlbi xəstə olanların yanında qeyd edilir. Münafiqlər bir qrupdur, qəlbi xəstə olanlar başqa bir qrup. “Mürcif”lərin adı da onların yanında çəkilir. “Mürcif”lər müntəzəm olaraq xalqı qorxudanlardır. Yeni qurulmuş və çoxlu düşməni olan İslam cəmiyyətində Quran və Peyğəmbər uğrunda könüllülər var. Ölkəni və bu böyük xalq quruluşunu müdafiə etmək üçün onların hamısı psixoloji cəhətdən hazır olmalıdırlar. Bu arada bir qrup insan xora kimi xalqın canına düşüb ruh düşkünlüyü yaradır. Bunlar “mürcif”lərdir. Quran deyir ki, daim xalqda xof yaradanlar, insanları ümidsiz edənlər, ruhdan salanlar bu işlərindən əl çəkməsələr, səni onların üstünə qaldırarıq. Bu, azadlığın sərhədidir. Deməli, İslam məntiqində azadlığın başqa bir fərqi mənəvi dəyərlərdən ibarət hədlərə malik olmasıdır.
Azadlıq və şəriət vəzifəsi

Daha bir fərq budur ki, Qərbin liberalist təfəkküründə olan azadlıq şəriət vəzifələrinə ziddir. Azadlıq – şəriətdən də azad olmaqdır. İslamda isə azadlıq və şəriət pulun iki üzüdür. Ümumiyyətlə, insanlar şəriət hökmlərinə vəzifəli olduqları üçün azaddırlar. Belə olmasaydı, azadlığa ehtiyac qalmazdı, insanlar da mələk kimi olardılar. Mövləvi deyir ki, bir hədisə əsasən, Böyük Yaradan məxluqatı üç cür yaradıb. Onların birində ağıl, elm və səxavət cəm olub. Bu, daim Allaha itaətdə olan mələkdir.


Bəndəlik azadlığı

Bəşərin xüsusiyyəti belədir ki, onda bir-birinə zidd duyğu və istəklər var. O, bu müxtəlif istəklər arasında təkamül yolunu seçməlidir. Ona məhz bundan ötrü azadlıq verilib. Bu dəyərli azadlıq təkamül üçündür; necə ki, insan həyatının özü də təkamüldən ötrüdür: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”17 Allah cin və insanı çox uca məqam olan bəndəliyə nail olmaq üçün yaradıb. Həyat haqqı kimi azadlıq da bəndə olmaq üçündür.


Azadlıq və Qərb

Qərbdə vəzifəni inkar etməkdə o qədər ifrata varıblar ki, təkcə dini yox, hətta qeyri-dini təfəkkürləri, praktik vəzifələrə, vacib və haramlara, əmr və qadağalara toxunan bütün ideologiyaları inkar edirlər. İndi bu amerikalı və amerikalıya bənzər liberalistlərin və onların peyğəmbərlərinin - onların başqa ölkələrdə, o cümlədən, təəssüf ki, bizim ölkəmizdə ümmətləri də var - son əsərlərindən görünür ki, azad Qərb təfəkkürünün əmr və qadağalarla və ideologi prinsiplərlə zidd olduğunu düşünürlər. İslam isə tam əksinədir. İslam azadlığı insana praktik vəzifə ilə birgə verir ki, onunla vəzifələrini düzgün yerinə yetirsin, böyük işlər görsün, böyük seçimlər etsin və təkamülə çatsın.


Azadlıq anlayışında müstəqillik

Buna əsasən, yazıb müzakirə edən bu şəxslərə birinci tövsiyəm budur ki, azadlıq anlayışını dərk etməkdə müstəqil olaq, müstəqil düşünək, asılı olmayaq. İkinci tövsiyəm budur ki, azadlıqdan sui-istifadə edilməsin. Bəzi şəxslər bu sözü tez-tez işlədirlər: “yeni əldə edilmiş mətbuat azadlıqları”. Məncə, bu, həqiqətdən kənar sözdür və mənbəyi xarici radiolardır. Düzdür, indi qəzet və jurnallar da bəzi sözlər yazır, hücumlar edirlər. Belə insanların bəziləri keçmişdə belə işlər görmürdülər, bəziləri isə görürdülər. Biz ötən illərdə mətbuatda prezident, müxtəlif məmurlar, hətta inqilabın bəzi təməl prinsipləri əleyhinə yazılan çoxlu məqalələr görmüşük. Heç kim onlara bir söz deməyib. Bu nümunələr yadımdadır, söhbət uzanmasaydı, deyərdim.

Mən 6-7 il bundan öncə mədəni-ideoloji hücüm haqqında danışdım. Həmin çıxış müzakirəyə səbəb oldu və bəzi adamlar ona etiraz etdilər. Bəlkə də bəzilərinizin yadındadır. O zaman İslam Respublikası televiziyasında üç-dörd nəfərin iştirakı ilə bu barədə bir dəyirmi masa təşkil edildi. Onların biri mənim fikrimlə müvafiq idi, onu müdafiə edirdi, digərləri isə bütünlüklə rədd edirdilər ki, xeyr, bunlar yalnız xəyaldır. Deməli, görürsünüz ki, azadlıq var və heç kim müxaliflərə toxunmur.

Bəli, bəzilərinin qovluğu təmiz deyildi, əlləri bulaşmışdı, səhnəyə çıxmağa və bir söz deməyə qorxurdular. Nəsə desəydilər də, heç kimin onlarla işi olmazdı. Bu gün dediklərini o zaman da desəydilər, heç kim onlara heç nə etməzdi. Amma keçmişləri yaxşı olmadığına görə özləri qorxurdular. Onların inqilaba, imama və imamın İslam təfəkkürünə qarşı kinləri çoxdan bəllidir. O zaman onların özləri səhnəyə çıxmağa cürət etmirdilər. Son prezident seçkilərindən sonra isə yanlış təhlillərinə görə cəsarətləndilər. Onların yanlış təhlili bu idi: elə bilirdilər ki, otuz milyon insan quruluşun əleyhinə səs verib. Buna görə sevinirdilər. Halbuki otuz milyon insan quruluşun möhkəmlənməsinə səs vermişdi. İslam quruluşunun fəxrlərindən biri budur ki, inqilabın qələbəsindən 18 il ötdükdən sonra səsvermə hüququ olan 32 milyon insanın 30 milyonu, yəni təxminən 90 faizi seçkilərdə iştirak edir. Onlar quruluşun müsbət cəhətini, mənfi cəhət kimi başa düşürdülər.


Azadlığın sərhədini aşmaq

Öncə xarici radiolar seçkilərin ilk günlərindən müntəzəm fəryadlara başlayıb, bu azğınlığa və səhvə hazır olanlara xətt verirdilər ki, bəli, 30 milyon insan quruluşa qarşı narazılığını ifadə edib. Quruluşun müsbət cəhətini mənfi cəhəti kimi təqdim etmək istəyirdilər. Bu yazıqlar da ya inandılar, ya da özlərini aldatdılar; 30 milyon əleyhdarı olan bir ölkədə özlərinin də durub danışmalı olduqlarını düşündülər. İndi də cəsarət tapıb danışırlar. Halbuki heç bir fərq yoxdur. O zaman da qanunları pozur, məntiqi hədləri aşır və qanuna uyğun şəkildə təqib olunurdular, bu gün də elədir; heç bir şey dəyişməyib. Bu gün də kimlərisə yoldan azdırsalar, fəsada çəksələr, xof yaratsalar, yenə elə olacaq, heç bir fərq olmayacaq.

Buna görə, “yeni əldə edilmiş azadlıq” sözünü təkrarlamaq lazım deyil. Bəzi məmurlar da mətbuata müraciətlə dönə-dönə deyirlər ki, azadlıqlardan çox istifadə eləməyin, azadlığın özü təhlükəyə düşə bilər. Bu nə sözdür?! Azadlıqdan nə qədər çox isifadə etsələr, bir o qədər yaxşıdır, lakin sərhəddən çıxmamaq şərtilə. İnsanlar Allahın verdiyi haqdan nə qədər çox istfadə etsələr, İslam quruluşu öz məqsədlərinə daha yaxınlaşar. Biz həmişə yazıçılardan gileylənmişik ki, niyə yazmırlar, niyə araşdırmırlar, niyə təhlil etmirlər.
Ədalətin əsası

Düzgün sərhədlərə riayət etmək lazımdır. Bu sərhədlər bir dövlətin və ya quruluşun öz maraqlarına əsasən təyin etdiyi sərhədlər deyil. Bəzi dövlətlərdə belədir, İslam Respublikasında isə belə deyil. İslam Respublikası quruluşunun əsası ədalətdir. Rəhbər də ədalətdən uzaqlaşsa, başqa bir amilə ehtiyac qalmadan avtomatik olaraq rəhbərlik məqamından enir.


Azadlıq və İslam

Belə bir quruluşda hər hansı bir qrupun, təbəqənin, yaxud hakim düşüncənin xeyrinə sərhəd müəyyənləşdirməyin mənası yoxdur. Burada sərhəd İslamın sərhədləridir, Quranda, hədisdə və düzgün din təlimlərində göstərilənlərdir. Bunlar mötəbərdir, bunlara əməl olunmalıdır. Əməl olunmasa, bütün məmurlar – məhkəmə məmurları, icraçı məmurlar, Mədəniyyət nazirliyi və digərləri məsuliyyət daşıyırlar. Əgər vəzifələrinə əməl etməsələr, günah etmiş və qanunu pozmuşlar. Bu sərhədlərə riayət etmək onların vəzifəsidir. Bu müstəsna sərhədlər daxilində gözəl və parlaq azadlıq prinsipi var. Ondan istifadə olunmalıdır. Mən bu məsuliyyətsiz çıxışların təkrar edilməsinə razı deyiləm.


Azadlıq - İslam məsələsi

Azadlıq İslam məsələsidir. Onun barəsində islami düşünməli, nəticələrinə hamılıqla bir İslam və şəriət vəzifəsi kimi inanmalıyıq. Allahın lütfü ilə cəmiyyətdə olanların qədrini bilək və bu imkandan maksimum bəhrələnək. Fikir və düşüncə sahibləri çalışmalıdırlar. Əlbəttə, bəzi sözlər ixtisaslı mərkəzlərdə, məktəblərdə, universitetlərdə, xüsusi mətbuatda və xüsusi çevrələrdə bəyan olunmalıdır. Bəzi sözlər isə, hamıya aiddir. Bunlar da deyilməlidir ki, hamı istifadə etsin.

Ümidvaram Allah-Taala bizə ölkəmizdə bu quruluşun çiçəklənməsinə səbəb olan məsələləri və bu böyük, yaxşı və əziz xalqın daha artıq uğurlarını görməyi nəsib etsin! Ümid bəslənən və gələcəyin sahibi olacaq siz əziz tələbələrin, gənclərin bu çiçəklənmə və nailiyyətdə böyük rolunuz olacaq.

Allahın salamı və rəhməti olsun sizə!




suallara cavab18
Sual: Öncə univesitetimizə təşrif buyurmağınızdan ötrü sevinir və sizə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, bu universitet həm də müəllim yetişdirir. Mən magistratura pilləsinin məzunu və doktorantura pilləsinin tələbəsi kimi sizdən istəyirəm ki, təbərrük məqsədilə universitetin idman zalının xərclərini qəbul edəsiniz.

Cavab: Həqiqət budur ki, universitetə vermək üçün mənim öz pulum yoxdur. Dövlətin imkanları var, mən də tapşıra bilərəm. Eybi yox, əgər mümkün olsa, tapşıraram kömək olunsun.
Mənəvi dayaq

Sual: Bildiyiniz kimi, cəmiyyətin islahı onun məhkəmə sisteminin islahına və güclənməsinə bağlıdır. Bu sistemin müxtəlif rütbəli məmurlarının ötən bir neçə ildəki mənfi işləri və sizin onları müdafiə etməyiniz hüquq fakültəsinin məzunlarının bu sistemin islah olunmasına dair ümidsizliyinə səbəb olmuşdur. Mən bir vətəndaş, eyni zamanda hüquqi məsələlərə və məhkəmə sisteminin xalqın quruluşa inamı üzərində mənfi təsirlərindən nisbətən məlumatlı adam kimi, buna əsaslı şəkildə baxılmasını istəyirəm.

Cavab: Əlbəttə, mən məhkəmə sisteminin zəif məqamlarını inkar edə bilmərəm. Amma bu əziz bacının, yaxud qardaşın yazdığı və kökündən mənfi hesab etdiyi kimi olduğunu da düşünmürəm. Məhkəmədə yaxşı, dəyərli işlər, insaflı və namuslu hakimlər həqiqətən, çoxdur. Düzdür, nöqsanlar da var. Bunu bilin ki, mən bu üç hakimiyyət orqanını həmişə müdafiə etmişəm və edəcəyəm. Bu, mənim vəzifəmdir. Bu orqanların başında kimlər olsalar, nə qədər ki, iş başındadırlar, mən onları müdafiə edəcəyəm. Bu o demək deyil ki, onların bütün işlərini qəbul edirəm. Xeyr! İcraçı və qanunverici hakimiyyətdə də elə işlər baş verə bilər ki, mən onların bəzisini qəbul etməyim. Amma bu, mənim müdafiə etməməyimə səbəb olmur. Məhkəmə hakimiyyəti də belədir. Siz məndən gileylənməyin ki, niyə müdafiə edirəm. Mən hakimiyyət məmurlarını müdafiə etməliyəm. Bu müdafiə ümumi səhnədədir. Görüşlərdə, fərmanlarda və digər yazışmalarda tənqid və etirazlar var, bəzi məsələlər barədə göstəriş var. Əgər bəzi yerlərdə islahat lazım olsa və mən onu edə bilsəm, yəni həmin orqanın işinə müdaxilə sayılmasa və onun qayda-qanunlarını pozmasa, bu müdaxiləni də edərəm. Bəzən xüsusi iclaslarda bəzilərinin üstünə çığırırıq da. Lakin hər üç hakimiyyəti ümumi olaraq, mənəvi müdafiə etməyi lazım bilirəm. İnşallah, yenə də müdafiə edəcəyəm.
Yaxşı və bacarıqlı insanlar

Sual: Əvvəla salam. İslama, əziz müsəlmanlara və xüsusən sizə və İslamın digər xadimlərinə qələbə və başucalığı arzulayıram. Bir İslam cəmiyyətində prinsip etibarilə, ən yaxşı və ən dəyərli möminlər vəzifədə və iş başında olmalıdırlar. Bu girişlə sual vermək istəyirəm ki, nə üçün sizin tərəfinizdən vəzifəyə elə adamlar seçilir ki, nə mənəvi paklıqları, nə idarəçilik bacarıqları var, nə də xidmət göstərməyə can atırlar. Xahiş edirəm ki, əziz İslamı və vilayət cəbhəsini gücləndirmək üçün bitərəf, müstəqil və bacarıqlı insanlara vəzifə verin.

Cavab: Bilin ki, mənim qəsdim ən yaxşı insanları iş başında görmək və vəzifəyə təyin etməkdir. Buna heç bir şübhəniz olmasın. Siz burada bəzi insanların adlarını çəkmisiniz. Mən onların ad və vəzifələrini oxumadım. Bu yerlərdə də ən yaxşılarını seçməyə çalışmışam. Əlbəttə, seçim çətindir. Kənarda oturan adam eyibləri görmür. Hərdən bəzi amillərə görə, insan bir eybi olduğundan böyük görür. Yaxşılıqları görmür və müxtəlif insanlar arasında paralel aparmaq mümkün olmur. Bu, çox çətin işdir. Biz yaxşı və bacarıqlı insanlardan istifadə etməyə çalışırıq. Bəzilərini bir işə təyin edirik, amma bir müddətdən sonra görürük ki, o işə münasib deyil. Təbii ki, onları dəyişirik. Bunu da bacarırıq. Belə deyil ki, həmişə orada qalsınlar. Bəzən vəzifədən kənarlaşdırırıq. Lakin kənarlaşdırmaq da iki növdür: Bəzən qəzəb və narahatlıqdandır, bəzən də məsləhətdən. Bunlar da var.
Sual: İnqilab rəhbəri kimi sizdən xahiş edirəm ki, Əfqanıstan bataqlığına daxil olmamaq üçün tədbir düşünəsiniz.

Cavab: Əgər məqsədiniz Əfqanıstan müharibəsidirsə, inşallah, belə bir şey olmayacaq. Mən bu məsələyə ciddə nəzarət edirəm və edəcəyəm.
Müxtəlif cinahlar

Sual: Xahiş edirəm cəmiyyətin problemlərini həll etmək məqsədilə inqilab qüvvələrini birləşdirin ki, bir-birindən ayrılmasınlar. Çünki bizim quruluşumuz düşüncə və əməl sahəsində hamını əhatə etməlidir.

Cavab: Bəli, doğru deyirsiniz. Mən çalışıram ki, müxalif cinahları imkan daxilində əməldə bir-birinə yaxınlaşdırım, birləşdirmək isə istəmirəm. Bunu nə lazım bilirəm, nə mümkün. Bəlkə heç faydalı da deyil. Amma əməldə bir-birinə yaxınlaşdırmağa çalışıram. Lakin bilin ki, bu, asan iş deyil. Çoxlu amillər var. Əgər bu amillər hər yerdə ixlaslı və ilahi olsa, işlər çox asan olar. İstəklər ixlaslı olmadıqda, ən azı, bir yerdə və bir cinahda ixlaslı olmadıqda iş çox çətinləşir. Dua edin ki, bunu bacaraq. İnşallah, yenə çalışacağıq.
Sual: Salam. Sizə müvəffəqiyyət və sağlamlıq arzusu ilə. Universitetin nizamnaməsində Elmi Şura üzvlərinin yerlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Bu, bəzilərinin uzun illər sevmədiyi qərib bir şəhərdə məcburən yaşamasına bais olur. Bu da onun duyğularına böyük təsir göstərir. İmkan daxilində bir tədbir düşünülsün ki, staj, yaxud digər amillər kadr yerdəyişməsində təsirli olsun.

Cavab: Bu məsələ dövlət məmurlarının diqqətindədir. Bunu kənara qoyuram ki, sonra cənablar baxsınlar və inşallah, bir tədbir düşünsünlər.

Sual: Nə üçün Pedaqoji universitetin məzunlarını işə götürməkdən ötrü heç bir prioritet nəzərə alınmır. Bəzi universitetlər bu işdə qərəzli davranırlar. Başqa bir sual budur ki, Mədəniyyət və ali təhsil nazirliyinin hərbi xidmət layihəsində Elmi Şuraların məişət vəziyyəti yaxşı deyil. Onların vəziyyətini yaxşılaşdırmaq məqsədilə nə üçün bir iş görülmür?

Cavab: Mən sizin birinci sualınızın mövzusundan xəbərdar deyildim. Bu universitetin məzunlarının digər universitetlərə işə götürülməsinə qərəzli rəftarı ilk dəfə eşidirəm. Əgər belə bir hal varsa, doğrudan da təəssüflüdür. Mən bunu və sizin ikinci sualınızı da kənara qoyuram ki, cənab Doktor Müin onlara baxsın, səbəbini öyrənsin və nə etmək lazım olduğunu düşünsün.
Hökumətin işinə əngəl törətmək

Sual: Cənab Xatəminin möhtərəm kabineti xalq tərəfindən seçilib və tərəfinizdən təsdiqlənib. Siz inqilab rəhbəri olaraq nə üçün bəzi qrupların hökumətin mütərəqqi hərəkətlərinə əngəl törətmələrinə mane olmur və onların qarşısını almırsınız?

Cavab: Mən kiminsə həqiqətən, hökumətin işinə əngəl törətmək istədiyini görsəm və bilsəm, qətiyyətlə qarşısını alacağam. Bunda heç bir şeyi nəzərə almıram. Fikrim budur ki, bu gün hamı hökumətə kömək etməlidir, hamı kömək etməsə, müvəffəqiyyət qazana bilməyəcək. Dövlət məsələləri çox həssas məsələlərdir. Mənim həmişə hamıya tövsiyəm bu olub və indi də budur. Həm cənab prezidentin, həm də digər kabinet üzvlərinin məndən istədiyi dəstək və köməyi imkanım daxilində əsirgəməmişəm, yenə də əsirgəməyəcəyəm. Əgər kimlərsə doğrudan da incitmək istəsələr, mən qarşısını alacağam. Əlbəttə, bəzi işlər müxalifət ola bilər, lakin əngəl sayılmır. Hökumətin müxalifi həmişə var. Əgər bir nəfər hansısa məsələdə müxalif olsa və bu barədə tənqidi fikir bildirsə, əngəl törətməyənə və maneə yaratmayana qədər eybi yoxdur. Amma əgər o nöqtəyə çatsa, şübhəsiz, qarşısı alınacaq.
Sual: Öncə sizi salamlayır və gəlişinizdən ötrü təşəkkürümü bildirirəm. Məzunların əxlaqi və elmi sınaq, həmçinin öhdəlik və ixtisas mərhələlərini keçmələrinə rəğmən, təəssüf ki, bu əzizlərin işə götürülməsində bəzi problemlərlə rastlaşırıq. Xahiş edirəm bu işi asanlaşdırmaq məqsədilə tövsiyələrinizi buyurasınız.

Cavab: Mən idari prosedurlara qarışmaq istəmirəm. Tövsiyəm budur ki, bu universitetin məzunlarından ən azı, istifadə olunmalıdır. Ən çoxu da budur ki, bunlar üçün xüsusi imtiyazlar verilsin. Qabaqcadan deyildiyi kimi, bu universitet bir ümidlə yaradılıb və onun məzunlarına imtiyaz da verilə bilər. Lakin ən azı budur ki, bunlara maneə yaratmasınlar. Mənim ümumi sözüm budur. Amma bu barədə nigaranlıqlar təkrar olunursa, məncə, qardaşlarımız bu sahədə daha artıq fikirləşməlidirlər.

Sual: Cənab Lacəvərdinin şəhidliyi üzücü idi. O, inqilaba çox xidmət göstərmişdi. O öz vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bir hicab mağazasında cəlladlar tərəfindən şəhid edildi. İslam dövləti müqəddəs quruluşa xidmət göstərmiş insanları müdafiə edib qorumalı deyilmi?! Cənab Xalxalinin taleyi də belə olacaqmı?

Cavab: Kaş terrorçulara bu yolu göstərməyəydiniz! İndi mənim xəbərim yoxdur ki, onun mühafizəçisi var idi, yoxsa yox. Bu yaxınlarda qəzetdə oxudum ki, onun özü mühafizəçi götürməyi xoşlamırdı. Doğrusu da budur ki, insan bazarda azad bir peşə seçsə, özü ilə mühafizəçi aparıb-gətirmək çətin olur. İndi mən bilmirəm ki, dövlət nə etməli idi. Məsələn, onun azad peşə seçməsinə mane olaydı? Yaxud ona başqa bir peşə verəydilər? Doğrudan da bu barədə düşünməmişəm. Bəlkə də məntiqi olar ki, rəsmi vəzifələrindən uzaqlaşdıqda belə insanların hər bir peşəni seçmələrinə icazə verilməsin. Hər halda, o, çox dəyərli şəxsiyyət idi. Mən onu inqilabdan öncədən, 60-cı illərdən tanıyırdım. O həmin dövrdə mənim və mübarizə xəttində olanların çoxunun gözündə polad kimi bir insan sayılırdı. Onun şəhadəti münasibətilə verdiyim bəyanatda da yazdığım kimi, o həmişə çətin işlərə hazır olan və ağır işlərə girişməkdən qorxmayan bir insan idi. Allah onun məqamını ucaltsın! Sözsüz ki, onun taleyi bizim qibtə etdiyimiz taledir. Xoş onun halına! Lacəvərdinin şəhadət xəbərini mənə verəndə dedim: Bu qədər xidmətdən sonra onun ölməsi heyf idi. O, şəhid olmalı idi. Xoş onun halına!

Sual: Bilirsiniz ki, qarşıdan Dini Ekspertlər Məclisinin seçkiləri gəlir. Təəssüf ki, möhtərəm Nəzarət Şurasının namizədlərin araşdırılmasına dair şübhə və tərəddüdü, hər hansı səbəbdən olsa belə, inkaredilməz məsələdir. Həzrət imamın vaxtında olduğu kimi, bu işə müdaxilə etməyi uyğun görmürsünüzmü? Hər halda, namizədlərin Nəzarət Şurası tərəfindən araşdırılması tənqidçilərin az-çox toxunduğu problemlərdəndir. Yaxşı olmazmı sizin tövsiyənizlə Nəzarət Şurası bu işi Müdərrislər cəmiyyəti tərəfindən təqdim olunmuş orqanlara həvalə etsin və bu şübhə də aradan qaldırılsın?

Cavab: Nəzarət Şurası özü sınaqdan keçirmir. Sınaqdan keçirən başqasıdır. Nəzarət Şurası bu prosesi idarə edir. Nəzarət Şurasının o qədər vaxtı da yoxdur ki, oturub imtahan alsın. Amma buna səlahiyyəti çatır. Mənim dövrümdə təyin edilən bir nəfər istisna olmaqla, bü gün şurada çalışanların hamısı həzrət imamın təyin etdiyi adamlardır. Yəni bunların müctəhidliyini, ədalətliliyini imam təsdiqləyib. Bu baxımdan, şübhəyə yer yoxdur. Bu cənablar özləri sınaq keçirmirlər. Qum müəllimlərindən layiqli və bitərəf adamları gətirirlər, onlar imtahan alırlar. İmtahan da elan olunduğu kimi, yazılıdır; adsız-nişansız vərəqlərdir. Buna görə də, heç bir şübhə yeri qalmır.
Nəzarət Şurası və əbəs dairə

Qeyd olunan əbəs dairə şübhəsi də yanlış sözdür. Çünki Nəzarət Şurasını indiki rəhbər təyin etməyib, qabaqkı rəhbər təyin edib. İndi seçilən dini ekspertlər də indiki rəhbəri seçmirlər, sonrakı rəhbəri seçəcəklər. Burada heç bir dövredicilik yaranmır. Əgər bu rəhbər vəfat etsə, yaxud hər hansı bir səbəbdən vəzifəsindən kənarlaşsa, o zaman sonrakı rəhbəri onlar seçəcəklər. Yəni indiki rəhbəri seçmək istəmirlər. Buna görə də dövredicilik yaranmır.

Siz Allahın lütfü ilə, təhsilli və imanlı insanlar olduğunuzdan, məsələlər üzərində diqqətlə düşünməlisiniz. Hər halda, hər bir işin və hər bir imtahanın bir mərkəzi olmalıdır. Ola bilsin, bir qrup insan bunu qəbul etməsin. Mühüm olan budur ki, biz bəlli şərtlərin namizəddə olduğunu bilək. Həm imtahan alanlar layiqli insanlardır, həm də imtahanın idarəçi və nəzarətçiləri. İnşallah, heç bir problem yaranmayacaq.
Dini ekspertlər

Söhbət dini ekspertlərdən düşmüşkən deyim ki, bu seçkilər çox əhəmiyyətli və lazımlı seçkilərdir. Xalqın ümumi iştirak etmək çox yaxşı və müxtəlif cəhətlərdən lazımdır. Bu ən azı, xarici düşmənlər qarşısında bir milli manevrdir. Elmi şəxsiyyətlər və fəal gənclər olan sizlər çalışmalı və xalqı seçkilərdə iştiraka sövq etməlisiniz. Əlbəttə, xalq özü iştirak edib, inşallah, hər bir şəhərdə və hər bir vilayətdə layiqli namizədi seçəcək. Bu seçkilər Allahın lütfü ilə möhtəşəm və yaxşı keçirilməlidir.



Sual: Universitetə təşrif buyurduğunuz üçün sizə təşəkkür edirəm. Dini Ekspertlər Məclisinin əhəmiyyətindən və bu ərəfədə cəmiyyətdə müşahidə olunan gözlənilməz sükutdan irəli gələrək, soruşmaq istəyirəm ki, xalqın ümumi iştirakı, cəmiyyətdə həvəs yaratmaq və bu mühüm işə hazırlıq baxımından, xüsusən Nəzarət Şurasına lazımi göstərişləri verməniz yaxşı olmazmı?

Cavab: Bəli, lazım bilirəm. Mənim burada dediyim sözlər inşallah, yayımlansın. Sonra da harada lazım olsa, tövsiyə edərəm. Həm Nəzarət Şurası buna şərait yaratmalıdır, həm teleradio verilişləri şirkəti. Həm də dediyim kimi, siz gənclərin rolu var. Bu sahədə çalışın ki, inşallah, yaxşı bir şey alınsın.
Sual: Öncə sizi salamlayır və Fatimiyyə (ə) günləri münasibətilə başsağlığı verirəm. Heç bir fikir bildirmədən xahiş edirəm ki, ... universitetindəki nümayəndəliyinizin hörmətini qorumaq məqsədilə həmin universitetə təhqiqat qurupu göndərəsiniz.

Cavab: Eybi yoxdur. Mən bu kağızı cibimə qoyuram ki, inşallah, işlər görülsün.

Sual: Sizdən istəyirik ki, fəqih rəhbərin universitetlərdə numayəndəliyin zərurətinə dair ciddi və hərtərəfli bir araşdırılma aparılsın. Hətta dini elmlərdə də aşağı səviyyədə olan bir neçə hövzə tələbəsini ezam etməklə düşünmürsünüzmü unviersitet tələbələrində hövzələrin elmi səviyyəsinin aşağı olmasına dair fikir formalaşa bilər? Düşünmürsünüzmü bu nümayəndəliklər univiersitet tələbələri qarşısına güclü arqumentlər qoya bilmədiklərindən sizi həddən artıq çox xərcləyirlər?

Cavab: Mən universitetlərdə çalışan qardaşların ən aşağı elmi səviyyədə olduqlarını düşünmürəm. Bilirəm ki, onların bəzisi çox yaxşıdır. Əlbəttə, mən hamını tanımıram. Çünki onları mən təyin etmirəm. Mən bir neçə il bundan əvvəl komissiya təyin etdim və onlara inanıram, layiqli insanlardır. Universitetlərdə olan bu insanların bəzilərini tanıyıram, çox yaxşıdırlar. Bir neçə il bundan əvvəl bir qədər giley var idi. Amma 3-4 ildir başlayan bu yeni formada yaxşı və dəyərli gənclər çalışırlar. Bəziləri həm universitet, həm hövzə təhsili almış insanlardır, bəziləri dəyərli hövzə tələbələridir, bəziləri savadlı müəllimlərdir. Bu qardaşımızın, yaxud bacımızın yazdığı kimi ən aşağı səviyyədə deyillər. Yenə əgər bu məqamı xatırladan tələbə başqa bir məktubda xüsusi formada mənə kimin ən aşağı səviyyədə olduğunu desə, mütləq etimadlı vasitələrlə araşdıraram. Əgər belə olsa, bu işə məsul qardaşlara xəbərdarlıq edəcəyəm. Lakin məncə, belə deyil.

Bu nümayəndəliklərin lazımlığına gəlincə isə, biz bu işə başlayanda hamı onun lazım olduğunu düşünürdü. Çoxlu müraciət etmişdilər. İndi də belədir. Düzdür, bəziləri də müraciət edib deyirlər ki, bu nümayəndəliklər lazım deyil. Əgər universitetlərdə bu nümayəndəliklərin yaradılmasının əsas məqsədi, yəni dini tərbiyə və dini müraciət üçün etimadlı bir mərkəz olsaydı, mən bu işi görməzdim. Lakin olmadığından bu qardaşlara ehtiyac var. Bu qardaşlar universitetlərdə çox səmərəli işlər görə bilərlər. Gənclərin dini sualları və ehtiyacları var. Özləri kimi gənc bir mömin ruhaninin onların yanında olması çox dəyərli imkandır. Mən belə düşünürəm.



Sual: Ümumi təhlilə əsasən, cənab Xatəminin seçilməsi islahatçılığa dəstək idi və quruluşun gücləndirilməsi üçün qızıl fürsət yaradıb, İslam inqilabını bir neçə il üçün sığortaladı. Belə olan halda, sizin təyin etdiklərinizin bu prosesin müxalif cinahından seçilməsinin səbəbi nədir? İkinci sualım budur ki, siz də dini ekspertlərə fəqih rəhbərə nəzarət vəzifələrini xatırlatmağı təhqiramiz və zəiflətmə hesab edirsinizmi?

Cavab: Bu qardaşmızın, yaxud bacımızın islahatçılığa dəstək fikri onun təhlilidir. Bu məsələdə mənim təhlilim belə deyil. Hər halda, 20 milyon insan hər hansı səbəbdən prezidentə səs verib. Siz haradan bilirsiniz ki, bu 20 milyonun hamısı islahatçılığa səs verib? Bunun müxtəlif səbəbləri var. Bu müxtəlif amillərə səs veriblər. Danılmaz olan budur ki, bu prezident 20 milyon insanın seçdiyi prezidentdir. Bu, dəyərli bir haldır. Amma siz bu 20 milyon nəfər arasında sorğu keçirmisiniz və sizə deyiblər ki, biz islahatçılığa səs vermişik?! Xeyr, mən bunu qəbul edə bilmirəm. Əlbəttə, hamı islahat istəyir. İslahatı istəməyən yoxdur. Heç kim də bu iqtidardan qabaqkı dövrdə hər bir şeyin ən yüksək həddə olduğunu düşünmür. Xeyr! Heç şübhəsiz, çoxlu problemlər olub. Siz bir prezidenti seçirsiniz ki, o problemləri aradan qaldırsın. Buna da şəkk yoxdur. Hamı belə düşünür, bunu istəyir. Əgər gələcək dövrlərdə də seçkilər olsa, yenə belə olacaq. Bir qrup bəzi şeyləri qəbul edir, başqa bir qrup isə onları qəbul etmir.

Müxtəlif sahələrdə mənim təyin etdiyim insanların da bu prosesin əleyhdarları olduğunu qəbul etmirəm. Xeyr, onlar da islahat tərəfdarıdırlar. Burada adları çəkilən və mənim oxumadığım insanların hamısı islahatı sevirlər. Onların çoxu iqtidarı, cənab Xatəminin özünü sevir və onunla əməkdaşlıq edirlər. Məncə, belə mühakimələr bir qədər qeybdən xəbər verməkdir və düzgün deyil.


Dini ekspertlərin vəzifəsi

Dini ekspertlərə fəqih rəhbərə nəzarət vəzifələrini xatırlatmağın təhqiredici olmasına gəldikdə isə, xeyr, nə təhqir! Dini Ekspertlər Məclisində konstitusiyaya uyğun olaraq, Təhqiqat komissiyası var. Onun vəzifəsi dini ekspertlərin bir gün uyğun gördükləri rəhbərin yenə də uyğun olub-olmamasını araşdırmaqdan ibarətdir. Onların işi budur, indi də bu işlə məşğuldurlar. Onların işi araşdırmaqdır. Görsünlər ki, o zaman müctəhid bildikləri bu şəxsin elmi yerindədir, yoxsa yox. O zaman bu şəxsin ədalətli olduğunu hesab edirdilər, yenə də ədalətində qalırmı? Əgər Allah eləməmiş, ondan bir günah baş versə, ədalətini itirər. O zaman hesab edirdilər ki, təşkilatçılıq qabiliyyəti var. İndi baxmalıdırlar ki, bu bacarıq yerindədir, yoxsa yox. Bəlkə o zaman səhvə yol veriblər. Yaxud o zaman bacarıqlı idisə, indi bacarığını əldən verib. Xeyr, mən bunu nə zəiflətmək, nə də təhqir kimi başa düşürəm. Bu, konstitusiyanın bir hissəsidir. İmamın dövründə mən də Dini Ekspertlər Məclisinin üzvlərindən idim. O dövrdə də bizim Təhqiqat komissiyamız vardı. Bunun heç bir eybi yoxdur. Bu, rəhbərə qarşı nə təhqirdir, nə də onu zəiflətmək. Əgər onlar bu komissiyanı yaratmasalar, bunun üçün cavab vermələri lazımdır.


Müxalif fikirlərə qarşı dözümlülük

Sual: Təlim, tərbiyə və tədqiqat universitetin üç əsas vəzifələrindəndir. Tərbiyənin rolu digərlərindən üstündür. Bu, rəhbərin unversitetlərdəki nümayəndəlik orqanı ilə də sıx bağlıdır. Lakin təəssüf ki, bu orqanda və şuralarda elə insanlar var ki, çox nadir hallarda müxalif sözü eşitməyə dözürlər. Onlar hətta müəyyən bir cinahdandırlar. Bəzi universitetlərdə Tədqiqat şuralarının demək olar ki, bütün üzvləri - təhsil, araşdırma və mədəni işlərlə məşğul olanların hamısı eyni cinahdandır və qarşı fikirdə olanlara yer verilmir. Belə olan halda, qanun və şəriət baxımından bizim vəzifəmizi müəyyən edin.

Cavab: Əgər müxalif sözü eşitməyə dözümləri yoxdursa, Allah onlara səbir versin və bu işi bacarsınlar. Sözsüz ki, bu, çətindir. Mənim özüm 8 il prezident olmuşam, 8-9 ildir ki, indiki vəzifədə çalışıram. Ümumi təsəvvür belədir ki, bizim yanımıza gələnlərin hamısı mədhiyyələr söyləyir, bizi tərifləyirlər. Xeyr, belə deyil. Bizim yanımıza gələnlərin çoxu iradları deyirlər. Yaxud şəxsən mənim iradlarımı və ya mənə bağlı olanların, məsələn, sizin yazdığınız kimi, bəzi orqanların nöqsanlarını, yaxud hökumətin nöqsanlarını deyirlər. Onların fikrincə, bu da mənim nöqsanlarımdan sayılır. Yaxud onlar mövcud vəziyyətin qüsurlarını söyləyirlər. Bu da mənim iradlarımdan hesab olunur. Deyirlər ki, filan yerdə yoxsulluq var, filan yerdə qüsur var, filan yer abadlaşdırılmayıb. Mən daim bunları eşidirəm və bilirəm ki, çox çətindir. Bunu bilin. Siz uzaqdan baxırsınız və işin nə qədər çətin olduğunu bilmirsiniz. Müxalif fikri dinləmək və ona qarşı dözüm göstərmək asan iş deyil.

Sözsüz ki, bir vəzifəni qəbul edən şəxs bunu bacarmalıdır. Universitetdə nümayəndəliyə rəhbərlik edən qardaşımız da mütləq bu dözümə malik olmalı, onu özündə yaratmalıdır. Əlbəttə, mənim qədər dözümlü olmalarını gözləmirəm, amma öz vəzifələri qədər dözümlü olmalıdırlar. Bunda heç bir şəkk yoxdur.

Bir də mən onların müəyyən bir cinaha mənsub olduqlarını bilmirəm. Təəssüf ki, cinah və xətt sözləri həddən artıq yayılıb. Bir qədəri pis deyil, quruluşun idarəsində duz kimidir. Özləri demiş, sağ cinah, sol cinah; bununla fəxr də edirlər. Mənim bu sözlərdən heç xoşum gəlmir. Bu, həyatın bütün sahələrini əhatə etdikdə daha yorucu və ziyanlı olur. Cinah kimi məsələlər üzərində çox dayanmaq lazım deyil.
Sual: Cənab Xatəmi seçiləndən sonra universitetlərin elmi və siyasi mühiti İslama uyğunlaşmaya doğru gedir, ümid qığılcımları daha artıq parlayır. Lakin universitetlərdə uca İslam məqsədlərinə çatmaq üçün hələ çox yol var. Gözləyirik ki, bütün elm və tədqiqat sahələri, universitetlər, Elmi Şura üzvləri, tələbələr, yüksək təhsil pillələri və digər uyğun qurumlar indikindən daha artıq himayə olunsunlar. Lakin nazirliklərin məhdud imkanları buna əl vermir. Bu istiqamətdə sizin fikriniz və göstərişiniz nədir?

Cavab: Mən Tibb Universitetinin Elmi Şurasının bu sözləri yazan və cənab Xatəminin seçilməsindən sonra universitetlərdə belə yaxşı halların baş verməsini bildirən tələbəsinə təşəkkür edirəm və buna çox sevinirəm. Bizə belə sevindirici sözlər az deyilir. Bizə hansısa yaxşı hadisənin baş verdiyini deyən insan həqiqətən, savab edir. Çünki bizi ürəkdən sevindirir. Allaha şükür olsun! Ümidvarıq ki, bu çiçəklənmə günbəgün daha da yaxşılaşsın, daha da artsın. Nöqsanlara və məhdud imkanlara gəlincə isə, cavabım bundan qabaqkı bir qeydə verdiyim cavabdır. Bu, hökumət orqanlarının əlindədir. Əlbəttə, mən lazımi tövsiyəni verəcəyəm. Bu məktubu da kənara qoyuram ki, cənab Doktor Fərhadiyə verim.

Sual: Nə üçün problemlərin həll edilməsində öz elmi imkanlarımızdan lazımi həddə istifadə olunmur? Daxildəki mömin və mütəxəssis beyinlərə arxalanmaq əvəzinə, nə üçün xaricilərə və xarici kapitallara üz tuturuq. Məgər inqilabın və müharibənin qələbəsində daxili qüvvələrə etimad etməkdə hansı zərəri gördük ki, quruculuqda görək?! Tutalım, əcnəbilərə güvənməklə quruculuq işləri baş tutsa da, bunun nəyi bizə fəxrdir?! Sabah onlar iddia edəcəklər ki, biz kömək etdik. Məgər bizim inqilabımız “nə şərqçi, nə qərbçi!” şüarının köməyilə qələbə çalmadı?!

Cavab: Mən bilmirəm ki, xaricilərə arxalanmaq dedikdə bu qardaşımızın, yaxud bacımızın məqsədi nədir. Biz heç vaxt xaricilərə arxalanmaq istəməmişik. İndi quruculuq işlərində, memarlıq sahəsində və digər infrastruktur layihərində - bəndlərin, yolların, dəmir yollarının, böyük zavod və stansiyaların qurulmasında ölkə daxilində və öz mütəxəssislərimizin əli ilə elə işlər görülür ki, keçmişdə bunu təsəvvür belə etmirdik.

İnqilabın əvvəllərində, mənim prezidentlik dövrümdə bəndlərin tikilişini öz mühəndislərimizə tapşırmaq məsələsi qarşıya çıxdı. Bəziləri fəryad qopardılar ki, belə bir şey olmaz. Sonra mən təsadüfən, bir iş üçün Xuzistan vilayətinə getdim. Quruculuq cihadından olan qardaşlar məni özlərinin düzəltdikləri 40-50 min tonluq nəhəng bir elevatora apardılar. Mənim eşitdiyim qədər elevator memarlıq sahəsində nisbətən mürəkkəb işlərdəndir. Keçmişdə İranın elevatorlarını ruslar düzəldirdilər. Rejim buğdanı amerikalılardan alırdı, anbarları da ruslar düzəldirdilər. İranlı mühəndis belə işlərə qoşulmağı ümumiyyətlə, düşünmürdü. Mən gördüm ki, Quruculuq cihadının uşaqları, namsız-nişansız gənclər, adlarının qabağına uca titullar düzməyən cavanlar belə möhtəşəm bir iş görmüşlər. Doğrudan da ürəkləndim. Gəlib bu işlə maraqlandım. İndi də ölkəmizdə bəndlər, yollar, nəhəng infrastruktur işləri, zavod və stansiyalar tikilir. Biz bu mənada əsla xaricə güvənmirik.


Xarici investisiya

Əgər məqsəd qanunda qəbul edilən və hökumətin də izlədiyi xarici investisiyadırsa, məncə, müəyyən edilmiş şərtlər daxilində bunun eybi yoxdur. Bu, ölkənin xeyrinədir. Qanuna uyğun olduğu təqdirdə xarici investisiya pis bir şey deyil və müstəqilliklə ziddiyyəti yoxdur. Bəzi ehtiyaclar hərdən bunu zəruri edir. Əlbəttə, biz hələ bu sahədə çox nailiyyət əldə etməmişik. Bunu da bilin. Hökumət kapital cəlb etməyə çox çalışır, amma bu hələ lazımi həddə gerçəkləşməyib. Hər halda, pis bir şey deyil. Belə düşünürəm ki, bu baxımdan nigaranlığa əsas yoxdur. Biz fəxrlə daxili mömin və mütəxəssis beyinlərə önəm veririk.

Bacı və qardaşlarımızın suallarının böyük bir hissəsi qaldı, vaxt isə bitdi. Mən doğrudan yodulmuşam. Bu sualları özümlə aparıram. Lakin onların hər birinə cavab verməyim təqribən qeyri-mümkündür. Çünki belə vaxtım və imkanım yoxdur. Amma ümidvaram inşallah, qardaşlarımızın bir neçəsindən xahiş edim bunlara baxsınlar. Onlar mənim nəzarətimi bilirlər. Bəlkə də onları cavablandırıb universitetə göndərə bildilər. Çünki bu sualların imzası yoxdur. Bilmirəm ki, bunları necə yaymaq və soruşanların əlinə çatdırmaq olar. Hər halda, bu haqda da düşünərik.

Bugünkü görüşümüz yaxşı bir görüş idi. Mən yorulmasaydım, yenə də davam edərdik. Lakin razılaşın ki, bir saat qırx beş dəqiqədir ki, sizinlə danışıram. Allah qəbul etsin və bu görüşümüzdən razı qalsın! Dediklərimizi, eşitdiklərimizi və niyyətimizdə olanları Özü üçün və Öz yolunda saysın, lütf və kərəmilə qəbul etsin!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə