45
yönəlik yönünü unutmamaqla yanaşı, həm də ən önəmli məsələlərdən biri kimi ədəbi dildə
standartlaşdırma və normalaşdırma məsələsi üzərində ayrıca durulmalıdır.
Ədəbi dil normaları sisteminin tərkibi
Bu gün Azərbaycan türkcəsi ədəbi dili bütövləşmə sorununu yaşayır. Yuxarıda
dediyimiz kimi, Azərbaycanın birliyi uğrunda mübarizənin uğurla başa çatması yolundakı ilk
işimiz ədəbi dildə bütövləşməni gerçəkləşdirməkdir. Ədəbi dildə bütövləşmə standart ədəbi
dil normalarının birgəliyi, vahidləşməsi və Bütöv Azərbaycan üzrə eyni cür işlədilməsi ilə
ortaya çıxır. Təbii ki, standart ədəbi dil normaları dedikdə, hər nəsnədən öncə, ədəbi dil
normaları sisteminin tərkibi aydınlaşdırılmalı və buraya hansı amillərin daxil olması
bilinməlidir.
Standart ədəbi dil normaları sistemində iki önəmli alan var:
I. Dilin quruluĢ göstəriciləri alanı. Burada dilin səs (fonetik), söz (leksik), deyim
(frazeoloji), qrammatik, imla – düzgün yazı (orfoqrafik) və düzgün deyiliş (orfoepik)
qaydaları işlənib hazırlanır və standartlaşdırılaraq normalaşdırılır.
Quruluş göstəriciləri alanı üzrə Azərbaycan türkcəsi çağdaş dünyanın gəlişmiş
dillərindən biridir. Ancaq burada önəmli sorunların olması da unudulmamalıdır. Özəlliklə,
xalqımızın uzun sürədən bəri öz bağımsız dövlətinin olmaması və boyunduruq altında
yaşaması istər-istəməz dilimizi də dərindən etgiləmişdir. Elə buna görədir ki, ədəbi dilimizin
leksik sisteminə – söz dağarcığına bəlli siyasətlər nədənilə bir sıra gərəksiz alınma sözlər
doldurulmuş və aşağılıq duyğusu aşılayan “dilimizdə söz yetərsizliyi” təsəvvürü
yaradılmasına çalışılmışdır. Ona görə də, ədəbi dilimizin bu cür gərəksiz alınmalardan
arıdılması qaçılmazdır və birdən-birə olmasa da, yavaş-yavaş bu iş görülməlidir (təbii ki, biz
gərəkli alınmalardan danışmırıq).
O biri yandan isə, quruluş göstəriciləri alanı üzrə standart normalar sistemi nə qədər
gəlişsə də, Azərbaycanın həm quzeyində, həm də güneyində yaranan yeni durumun ortaya
qoyduğu bütövləşmə sorunu Azərbaycan türkcəsi ədəbi dilinin standart normalar sisteminə
yenidən göz gəzdirilməsini gərəkdirir. Özəlliklə, burada düzgün deyilişi düzənləyən orfoepik
qaydalar sonraya saxlanıla bilsə də, düzgün yazını düzənləyən orfoqrafik qaydalar sonraya
saxlana bilməz və indidən araşdırılıb öyrənilməli, kəsir yönləri bəlirlənməli və bu kəsirlərin
cilalanmasına çalışılmalıdır.
II. Dilin üslubi rəngarəngliyi və xidmət alanı. Burada düşüncə yöndəmini bəlirləmə
biçimlərinə görə fərqlənən çeşidli üslublar normaya salınır və dilin işlənmə çevrəsinin
genişliyinə, toplumsal yaşamın bütün sahələri üzrə ünsiyyət vasitəsi olmasına diqqət yetirilir.