73
göstərən insanlar öz faydasını güdür və ilk növbədə özünü
qoruyur. Bir çox subyektiv əxlaqi motivlərin daha dərin əsasları
və səbəbləri öyrənilməli, buradan çıxış yolu axtarılmalıdır.
Həmin çıxış yolu insanların bəzi hüquqlarının dövlətə
ötürülməsidir ki, qalanlar qorunub saxlanılsın. Dövlət ehtiyac
və zorakılığın məhsuludur.
İnsan ruhunun başlıca vəzifəsi affektlər üzərində
ucalmaq, onlara ağıl vasitəsilə qalib gəlməkdir. Buna ruh
azadlığı deyirlər. Dərkedən ağlın affektlər üzərində hökmranlığı
ağlın inkişaf dərəcəsindən asılıdır. Ağıl vasitəsilə dünyanı,
onun vəhdətini, substansiyası və atributlarını dərk etmək olur.
Ağıl inkişaf etdikcə praktik mövqeyə çevrilir, sevgi səviyyəsinə
ucalır. Bu, intellektual sevgidir, insanı təbiətlə birləşdirən,
dünyanın qarşılıqlı əlaqələri ilə bir götürülən sevgi.
Əxlaqi
kamillik
seyretmənin
ali
mərhələsinin
nəticəsidir. Burada subyekt obyektlə tam eyniyyət təşkil edir.
Bununla belə, bunun əksinə olaraq insanda praktiki zəka
olduqca fəaldır. Praktiki ağıl vasitəsilə insan özünü təbiəti
istifadə etmək üçün yaradılmış bir obyekt olduğunu düşünür.
Əxlaq insana, onun təbiətlə bütövlülüyünü qaytarır, yəni həm
affektlərə qalib gəlməyə köməklik edir, həm də ruhun
avtarkiyasını (daxili sabitliyini) təmin edir. Əxlaqın daha bir
vəzifəsi ondan ibarətdir ki, insana özgələşmənin qarşısını
almağa köməklik göstərsin. Əxlaq eqoist olan insanda daxili
intizamı təmin edir. Eyni zamanda intellektual sevgi vasitəsilə
insan öz-özü üzərində yüksələrək təbii bütövlüyə qovuşa bilir.
İnsan o zaman azad olur ki, o, həmin vəhdəti
bütövlülüyü əbədiyyət baxımından dərk edə bilir. Savad, bilik
insanı azadlığa daha sürətlə aparır. Həmin azadlıq əslində dərk
edilmiş zərurətdir.
74
3.4. Tomas Hobbsun əxlaq haqqında ideyaları
Yeni dövr fəlsəfəsinin daha bir görkəmli filosofu Tomas
Hobbs (1588-1679) özünün əxlaq haqqında ideyalarını bir neçə
əsərində əsaslandırmışdır: “Leviafan və yaxud kilsə və
vətəndaş dövlətinin materiyası, forması və hakimiyyəti” (1651),
“Azadlıq və zərurət haqqında” (1654), “Fəlsəfənin əsasları”
trilogiyası (1642-1658). Hobbs öz əsərlərində hakimiyyətə və
faydaya istiqamətlənmiş eqoist fərdi təsvir edir. Siyasət və
dinlə yanaşı əxlaq da sosial mahiyyət daşıyır, insanlar arasında
şərti razılaşma əsasında formalaşıb tətbiq olunur. Hobbsun
antropologiya, etika və siyasət haqqında ideyaları maarifçilik
ideyalarına əsaslı şəkildə təsir göstərmişdir.
Hobbs hesab edirdi ki, insan üçün davranış qanunları
təbiət qanunları qədər zəruri və ciddidir. Onun dövründə varlıq
haqqında təlimdə materiyanın iki varlıq forması nəzərdə
tutulurdu: elementlər və onların münasibətləri. Varlığın
bütövlüyü burada yaranan münasibətlər sistemi ilə təmin
olunur. Hobbs ardıcıl olaraq mexaniki materializm ideyalarını
hüquq, siyasət və əxlaq haqqında təllimlərdə tətbiq etmişdi.
Hobbs dövləti “süni insan”, “siyasi cisim” adlandırır.
Hakimiyyət dedikdə Hobbs azad və düşünülmüş bir razılaşmanı
nəzərdə tuturdu: bu zaman fərdlərdən onların hüquqları
(minimal dərəcədə) dövlətə, sosial orqanizmə ötürülür.
Hobbs öz etikasında əsas diqqəti insan xasiyyətinə,
burada hökm sürən zorakılıq və hökmranlıq meyllərinə verir,
fərdlərarası təbii vəziyyətləri hamının hamıya qarşı mübarizəsi
kimi qiymətləndirir. Onun qəti qənaəti budur ki, din, siyasət,
əxlaq fərdlər arasında yaranan münasibətlər zəminində
qiymətləndirilməlidir. Cəmiyyət insanlardan və onların
arasında formalaşan münasibətlərdən ibarətdir. İnsanın
özünüqorumaq instinkti üzərində qurulan münasibətlərdən irəli
gələrək, onun bütün antropoloji keyfiyyətlərini, bütün sosial
75
aləmi xarakterizə etmək olar. Fayda anlayışı da özünüqorumaq
meylindən irəli gəlir.
Cəmiyyəti tənzimləyən qüvvə - müqavilədir. Burada
düşüncənin, idrakın rolu olduqca böyükdür. Əgər insanın təbii
vəziyyətində ağıl onun köməyinə gəlib çıxmayıbsa, onda onun
ömrü qısa və iyrənc olur. Ağıl üzərində sivilizasiya qurulur, o,
təbiətin təzyiqindən azad olur. Hobbsun fikrincə, əxlaqın da
mənbəyi – eqoizmin davamı olan zorakılığdır. Əxlaqi dəyərlər
fərdlərin qarşılıqlı əlaqələrin xüsusi növüdür. İnsanın özü də
ictimai münasibətlərin məcmusudur. Hobbs yazırdı ki, insanın
dəyəri ondan zorla qoparda biləcəyimiz bir şeydir, yəni onda
bizim ehtiyacımız olduğu qədər və ona verilən qiymət qədərdir.
Hobbs göstərir ki, insanların bir-birinə olan hörməti və yaxud
yabançı münasibəti dəyər sayılır; ənənəvi etikada irəli sürülən
son, ali məqsəd və ali fəzilət əslində yoxdur.
Hobbs göstərir ki, əxlaqi keyfiyyətlər hakimiyyətə can
atmadan irəli gələn münasibətlər üzərində qurulur. Əxlaqi
sərvət hörmətə layiq olan hər bir şeydir. Hörmət hakimiyyətin
sosial ifadəsidir: kiməsə tabe olmaq ona hörmət göstərmək
deməkdir. Ləyaqət insana dövlət tərəfindən verilən qiymətdir.
Sevgi, qorxu da hakimiyyəti tanımaqla bağlıdır. Bunu
qənaətcilik, ədalətlilik haqqında da demək olar. Bütün əxlaq
faydalılığı bildirən real qaydalar sistemidir. Əxlaq əslində həm
də sosial həyatın tənzimlənmiş formasıdır, çünki onlar dəyişkən
olan faydalılıq münasibətlərini bildirir.
Hobbs öz əxlaq nəzəriyyəsində həm də real insanda
müxtəlif meyllərin və qüvvələrin nicbətini araşdırmağa
çalışmışdır. İnsan şəxsiyyətinin əsasını onun emosionallığı
təşkil edir. İnsan ehtiraslar hesabına özünü ucaldır. Var-dövlət,
biliklər, hörmət – bütün bunlar yalnız hakimiyyət növüdür.
Bunların naminə kimsə hərəkət etməyə can atırsa, hər şeyə
qadir ola bilər. Hobbsun əxlaq haqqında ideyaları Mandevil,
Bentam, Helvetsi, Lametrinin yaradıcılığına təsir etmişdir.
Dostları ilə paylaş: |