349
Dəfn adəti din ilə bağlıdır. Strabon yazır ki, "albanlar yalnız valideynlərinin
deyil, başqa [adamların] da qocalığına hədsiz hörmət bəsləyirlər. Nə ölənlər haqqında
fikirləşmək, nə də onları xatırlamaq lazım bilinmir. Lakin (onlar) ölənlərlə birlikdə
var-dövləti də basdırırlar. Buna görə də albanlar kasıb dolanırlar, atadanqalma heç
nələri olmur". Sonralar aparılan və albanların dəfn adətlərini bütün rəngarəngliyi ilə
aşkara çıxaran arxeoloji qazıntılar Strabonun bu təsvirini tamamlayır. Nisbətən kiçik
ərazidə başlıca olaraq həm torpaq qəbirlər, həm də üfüqi vəziyyətdə qoyulan
küplərdən ibarət qəbirlər vardı. O dövrün digər qəbir növləri katakomba qəbirləri,
taxta qəbirlər, təknə və çiy kərpic qəbirlərdir. Əksər hallarda mərhumu geyimdə,
bəzək şeyləri ilə birlikdə dəfn edirdilər. Qazıntılar zamanı kauri çanaqları, üstündə
dairəcik şəkilləri və sxematik göz təsviri olan cürbəcür muncuqlar, paltarın altından
taxılan bir sıra bəzək şeyləri tapılmışdır. Belə bəzək şeyləri qonşu Gürcüstanın,
Ermənistanın və Dağıstanın antik dövr təbəqələrində də çoxlu miqdarda aşkar
edilmişdir. Bu həmaillərin köməyi ilə uşaqlardan və böyüklərdən azar-bezar, dərd-
bəla guya uzaqlaşdırılır, həmçinin onları sehr-cadudan hifz edirdilər. Bədnəzərdən
qorunmaq üçün gözmuncuğu və ya həmaillər taxmaq ənənəsi Azərbaycanda və onun
hüdudlarından uzaqlarda indi də vardır. Qəbirə mərhumla birlikdə əmək alətləri və
bəzən silah qoyurdular. Ayrı-ayrı qəbirlərdə qırxılıqlar aşkar edilmişdir. Demək olar
ki, həmişə qəbirə heyvan və quş əti ilə, həmçinin meyvə, süd və məstedici içki ilə
dolu gil qablar qoyulurdu. Yaşlılar basdırılanda ənənəvi dəfn adətləri gözlənilirdi;
uşaqlar basdırılanda ənənə pozulurdu. Təsəvvürlərə görə, mərhum axirətdə həyatını
davam etdirir, işıqlı dünyadakı həyatını xatırladan bir həyat sürürdü. Ehtimal ki, buna
görə mərhumun paltara, ərzağa ehtiyacı vardı, axirətdə ona sikkələr də lazım ola bilərdi.
Güman etmək olar ki, dəfn məqamında küplərdə açılan kiçik deşiklər mərhumun ruhunun
qəbirdən sərbəst çıxmasına imkan yaratmaq üçün imiş.
Qəbirdə ölünün başının hansı tərəfə qoyulması dini xüsusiyyətlər məsələsinin
həllində müəyyən əhəmiyyət kəsb edir. Məlumdur ki, torpaq qəbirlər mədəniyyətinin
daşıyıcıları qadınları sol, kişiləri sağ böyürləri üstdə dəfn edirdilər, qadınların başlarını
qərbə, ayaqlarını şərqə tərəf, kişilərin başlarını cənub-şərqə, ayaqlarını şimal-qərbə
tərəf qoyurdular, həm də bütün hallarda ölünün üzünü günəşin ən gur işıq saldığı səmtə
çevirirdilər. Ölünün əsasən baş tərəfində çoxlu gil qablar olması mərasimin
mürəkkəbliyini göstərir. Yarıbayarı doldurulmuş quyuda çox vaxt tonqal qalayır, qurbanlıq
heyvanın şaqqalanmış ətini və kəsilmiş başını oraya atırdılar. Beləliklə, bəzi əlamətlər
sübut edir ki, torpaq qəbirlər mədəniyyətinin daşıyıcıları günəşə ibadət edir, oda
tapınırdılar. Başqa bir böyük mədəniyyətin nümayəndələri ölüləri iri gil küplərdə dəfn
edir, mərhumu küpə sağ və ya sol böyrü üstə, bükülü vəziyyətdə qoyurdular. Bəzən
belə izah edirlər ki, skeletin bükülü halda qoyulması mərhuma ana bətnindəki vəziyyəti
vermək arzusundan irəli gəlmişdir. Əgər küp qəbirlərdə ayaqları uzadılmış skeletlərə
rast gəlinməsəydi, bu yozum inandırıcı olardı. Görünür, ənənə ölənin şəxsi
350
əşyalarından faydalanmağı yasaq edirdi: qəbirdə mərhumun geyimi əynində qalırdı. İri
dəfn küpünün ətrafında çox vaxt qida və içki ilə dolu kiçik keramik qablar düzülürdü.
İnanırdılar ki, ruh kip bağlanmış küpün içindən çıxa bilməz. Buna görə də böyrü üstə
qoyulmuş dəfn küpünün yuxarı tərəfində kiçik deşik açır və onu keramika qəlpəsi ilə
qapayırdılar. Kömür və kül qalıqlarından göründüyü kimi, tonqal adətən dəfn
küplərinin ağzına yaxın yerdə qalanırdı. Çiy kərpic qəbirlər məhəlli səciyyəli din
haqqında müəyyən məlumat verir. Meyiti torpaqdan seçmək üçün çox vaxt qəbirin yerinə
ağ əhəng çəkilir, habelə çiy kərpic və ya taxta döşənirdi. Mərhumun geyimi əynində
qalırdı; qabların sayı lap azaldılmışdı; qablar demək olar həmişə mərhumun ayaq
tərəfinə qoyulurdu. Bunlar əksər hallarda səhəng və cam idi. Biz hər dəfə qədim
əhalinin səcdəgahlarından danışanda səmtin müəyyən edilməsində sistemsizliklə üz-
üzə gəlirik, lakin bəzən sabitlik də görmək olur. Məsələn, Mingəçevir və Torpaqqala
qəbirlərinin istiqaməti qədim alban ibadətgahının yeri haqqında fərziyyə söyləməyə
imkan vermişdir. Çiy kərpic türbələrin istiqaməti qərbdən şərqədir (başı şərqə tərəfdir).
Bu, sübut edir ki, səmt Şərqə götürülürmüş. Güman etmək olar ki, həmin sabit səmt
gündoğan tərəfdir.
Dinin parlaq əlamətlərindən biri ornamentdir. Torpaq qəbirlərdən tapılmış
keramik əşyalar üçün çökək, qismən də qabarıq ornament səciyyəvidir, bu ornament
paralel üfüqi və ya şaquli çökək xətlərdən, bir sıra kərtiklərdən, qabarıq düymələrdən
və ya ayabənzər təsvirlərdən ibarətdir. Demək olar bütün hallarda qabın yuxarı hissəsi
paralel xətlərlə, həmçinin sağa və ya sola meylli kərtiklərlə haşiyələnir, üçdən on birə
qədər çökək xətlərə toxunan paralel qanovcuqlar halqa əmələ gətirir. Torpaq qəbirdən
tapılmış qabın gövdəsində düz və dalğavari xətdən əlavə, çökək çevrələrdən və
onların ətrafında, yaxud içərisində yerləşdirilən çökək nöqtələrdən ibarət ornament
vurulmuşdur. Nöqtələrin sayı əsasən ya yeddi, ya da doqquzdur. Nöqtələrdən ibarət
batıq ornamenti olan dairəciklər üç-üç yerləşdirilir və on birə qədər kompozisiya ünsürü
əmələ gətirir; ornament bir çox hallarda əhalinin dünyagörüşünü kifayət qədər dəqiq
əks etdirir. Məsələn, qablarda ay ayininin mövcudluğunu təsdiqləyən ayabənzər
qabarıq təsvirə rast gəlinir. Qabların qulpunda və ağzında çəkilmiş xətlər aydın sübut edir
ki, "üç" və "yeddi" ədədləri kimi, "on bir" ədədinin də xüsusi dini mənası varmış.
Ornamentin tədqiqi göstərir ki, torpaq qəbirlərdən çıxarılmış qablarda qırmızı boyalı
rəsmlər yoxdur. Torpaq qəbirlər mədəniyyətinə Kürdən şimaldakı ərazilərdə (buraya
küp qəbirləri mədəniyyətinin nüfuz etməsinə qədər) yayılmış ornament elementləri
xasdır. Küp qəbirlər mədəniyyəti üçün həm çökək və qabarıq ornament, həm də qabın
üst yarısını tutan qırmızı boyalı rəsmlər səciyyəvidir. Hər rəsm bir neçə paralel xətdən,
rənglənmiş və rənglənməmiş üçbucaqlardan, sınıq, dalğavarı xətlərdən ibarət olan ayrı-
ayrı ünsürlərə parçalanır. Məsələn, gil ağızlı və iki qulplu (cizgilər bir qulpda doqquz,
o biri qulpda yeddidir) qabın üzərində üç cərgə qırmızı boyalı ornament vardır:
əvvəlcə bir cərgə çəpəki cizgilər, sonra üçbucaq mötərizələr düzülmüşdür - bunlar