198
qəhrəmanlar, hətta yaxın keçmişin ictimai-siyasi, hərbi
hadisələri də göstərilməyə başlandı. Zaman keçdikcə fa-
ciənin dini xarakteri itməyə başladı, əzabkeşlik deyil, və-
tənpərvərlik, qəhrəmanlıq, şərəf, ləyaqət, sevgi, sədaqət
kimi bəşəri hisslər əsərlərin əsas leytmotivinə çevrildi.
VI əsrin sonlarından etibarən “Böyük Dionisi” bayramla-
rında faciə trilogiyalarına sonluq kimi “satirlər dramı”
(burada xor Dionisin əshabəsi olan, keçi və ya buğa mas-
kasında çıxış edən yarıheyvan, yarıinsan satirlərdən iba-
rət olurdu və əyləncəli xarakter daşıyırdı) əlavə edildi. V
əsrdən isə komediyalar da tamaşaya qoyuldu və bununla
da antik dramaturgiya özünün klassik görkəmini aldı.
Antik dramaturgiya haqqında danışarkən, ilk növbə-
də, yalnız antik deyil, bütünlükdə dünya ədəbiyyatında
faciə janrının üç nəhəng nümayəndəsi Esxil, Sofokl və Ev-
ripid, komediya janrında isə Aristofan yaradıcılığı yada
düşür. İstər faciədə, istərsə komediyada digər müəlliflə-
rin də olmasına baxmayaraq, antik ənənə və sonrakı
dövrlərin klassik filologiya mütəxəssisləri məhz adları
çəkilən ədibləri antik dramaturgiyanın zirvəsi hesab et-
mişlər. Belə ki, onların hər birinin yaradıcılığı özünəməx-
sus bədii-sənətkarlıq keyfiyyətlərinə, obrazlar qalereya-
sına, mənəvi-əxlaqi problematikaya malikdir.
“Faciə atası” adını almış Esxil (e.ə. 525 – e.ə. 456) Afi-
na şəhər-dövlətində demokratik dəyərlərin təşəkkülü
dövründə yaşamış, e.ə. VI-V əsrlərin ayrıcında alovlanan
Yunan-İran müharibələrinin şəxsən iştirakçısı olmuşdur
ki, bu da onun yaradıcıllığında öz əksini tapmışdır. Müha-
199
ribələrdə yunan demokratiyasının Şərq
despotiyası üzərində qələbə çalmasını
öz gözləri ilə görmüş, bu qələbədə bila-
vasitə iştirak etmiş Esxil, əlbəttə ki, de-
mokratik dövlət sisteminin monarxiya
üsul-idarəsindən üstün olması fikrində
idi. “Farslar” faciəsi (e.ə. 472-ci il) məhz bu mövzudadır.
Faciə “Xahişedənlər”lə birlikdə Esxilin ilk əsərlərindən
olduğu üçün nisbətən arxaik struktura malikdir. Xor par-
tiyası kifayət qədər böyükdür, konflikt demək olar ki
yoxdur, sadəcə, iztirablar əvvəldən sona doğru yüksələn
xətlə artır. Əsərdə mif deyil, real tarixi hadisə - Salamin
yaxınlığında fars ordularının yunanlara məğlubiyyəti əks
olunmuşdur. Əzabları da məhz bu məğlubiyyət doğurur,
çünki obrazlar farslardır – Kserks və onun anası Atossa.
Hər ikisi məğlubiyyət acısının bilavasitə daşıyıcıları və
ağı söyləyənlərdir. Lakin əsərdə məğlubiyyət xəbəri gəti-
rən qasidin, eləcə də Kserksin atası Daranın ölülər dün-
yasından gəlmiş kölgəsinin dilindən tamaşaçıya qalib tə-
rəf də göstərilir. Dara farslara məsləhət görür ki, farslar
bir daha heç vaxt yunanlarla müharibə etməsinlər. Çünki
“həddən ziyadəlik çiçəkləyərək, Bəla sünbülü yetişdirir”.
Əsərin bu yerləri, əslində, Afina demokratiyasının vəsf
olunmasıdır və müəllifin şəxsi dünyagörüşünü əks etdi-
rir. Ehtimal etmək olar ki, Esxil Şərq monarxiya qurulu-
şunun əleyhinə olduğu kimi, Asiyaya qarşı hərbi yürüşə
səsləyən Afina aristoratik qrupların fikri ilə də razı deyil-
di. Məhz buna görə farslar əsərdə vəhşi, barbar, düşmən
Esxil
200
kimi yox, ağılsız, təkəbbürlü Kserksin qurbanı kimi, qə-
rəzdən uzaq cizgilərlə göstərilmişdir. Yunan xalqının
düşməni fars xalqı yox, məhz Kserksdir və burada Esxil
yaradıcılığının humanizmi aşkar şəkildə özünü göstərir.
Esxil yaradıcılığının yüksək humanist ideyalarla aşı-
lanmasının digər parlaq təzahürü dünya dramaturgiya-
sının incilərindən biri sayılan “Zəncirlənmiş Prometey”
faciəsidir. Tamaşanın səhləşdirilmə tarixi məlum olmasa
da, bədii-sənətkarlıq səviyyəsinə, ideya-məzmun keyfiy-
yətlərinə görə həyat və yaradıcılığında kamillik dövrünü
yaşayan sənətkar tərəfindən yaradıldığı aydın görünür.
Ilk əsərləri ilə müqayisədə burada xorun yox, əsas qəhrə-
man obrazının partiyası daha böyükdür, dialoqlar xüsusi
ustalıqla işlənmişdir, ən başlıcası isə faciənin gərgin dra-
matik konflikti vardır. Yeni nəsil allahların təmsilçisi
Zevslə köhnə nəsil allahların (titanların) nümayəndəsi
Prometey arasında baş verən bu konflikt müəyyən məna-
da inqilabi səciyyə daşıyır. Belə ki, titanlarla mübarizədə
Zevsin yanında duran Prometey qələbədən sonra insan-
ların məhv edilməsi planlarına görə Zevsə qarşı çıxır və
odu Olimpdən oğurlayıb insanlara gətirir. Bundan əlavə,
Prometey insanlara yazı yazmağı, hesabı, müxtəlif sənət-
karlıq növlərini, elmi bilikləri öyrədir və bütün bunlara
görə Zevsin qəzəbinə tuş gələrək, onun əmri ilə dəmirçi-
allah Hefest tərəfindən qaya parçasına zəncirlənir. Lakin
Prometey öz etdiklərindən qətiyyən təəssüflənmir,
Zevsin hədələrinə baxmayaraq, “öz əzablarını heç vaxt
qul kimi xidmətə dəyişmərəm” deyir. Bundan qəzəblə-
201
nən Zevs Prometeyi qaya ilə birlikdə yerin altına qərq
edir. Lakin əsərin inqilabi səciyyəsi yalnız Prometeyin
Zevsə qarşı çıxması ilə yekunlaşmır. Müəllif bəzi səhnə-
lərdə Zevsin necə qəddar, zalım olmasını, digər allahların
ona necə yaltaqlanmasını təsvir edir və belə mühitdə
azadlıqsevər Prometey üçün “mən bütün allahlara nifrət
edirəm” deməsi tamamilə təbii səslənsə də, dini inancla-
rın kifayət qədər güclü olduğu quldarlıq quruluşunda bu
sözlərə görə müəllifi hətta edam edə bilərdilər. Teatr ta-
maşalarının özünün də Dionis allahın şərəfinə keçirilən
dini bayramlarda göstərilməsini unutmaq lazım deyil.
Odur ki, Prometeylə bağlı trilogiyanın sonuncu faciəsi
olan “Azad edilmiş Prometey”də (trilogiyanın ilk faciəsi
“Od gətirən Prometey” adlanır) Herakl əsas qəhrəmanı
xilas edir və allahların zədələnmiş nüfuzu müəyyən mə-
nada bərpa olunur. Bununla belə, əsər zəifləri güclülərə
qarşı mübarizələrə səsləyən ruhla aşılanmışdır və təsa-
düfi deyil ki, Esxildən sonra dünya ədəbiyyatının digər
görkəmli nümayəndələri (Höte, Bayron, Şelli, Kafka)
Prometeyi məhz bu cür səciyyələndirmişlər. Cəmiyyətin
inqilabi dəyişikləri nəzəriyyəsinin yaradıcısı K. Marks da
əsəri yüksək qiymətləndirmiş, Prometey obrazını “fəlsə-
fə təqvimində ən mühüm müqəddəs və əzabkeş” adlan-
dırmışdır. Belə demək mümkünsə, Esxilin Prometeyi Ho-
merin “İlliada” və “Odisseya” eposlarındakı möhtəşəm
qəhrəmanlardan sonra antik ədəbiyyat qalereyasında
özünə layiqli yer qazanmış növbəti parlaq obrazdır.
Dostları ilə paylaş: |