Xalq qəzeti”. 2014. 28 may. N 111. S azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri



Yüklə 41,03 Kb.
Pdf görüntüsü
tarix20.03.2018
ölçüsü41,03 Kb.
#32678


Xalq qəzeti”.-2014.-28 may.-N 111.-S.8. 

Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri 

1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hökmranlıq edən və ölkəni xalqlar həbsxanasına 

çevirən  Romanovlar  sülaləsinin  devrilməsi  ilə  çarizmin  milli  zülm  siyasətindən  cana  doymuş 

Azərbaycan  xalqının  da  milli-azadlıq  mübarizəsi  görünməmiş  şəkildə  genişlənməyə  başladı. 

Oktyabr çevrilişi ilə hakimiyyətə gələn bolşeviklərin siyasi təbliğat kimi ortaya atdığı “xalqların öz 

müqəddəratını  təyin  etmək”  prinsipi  Rusiya  imperiyasının  pəncəsində  əzilən  xalqların  istiqlal 

mübarizəsinə güclü təkan verdi. 

 

1917-ci  ilin  sonlarından  başlayaraq  Cənubi  Qafqazda  milli-azadlıq  hərəkatının  genişləndiyi  bir 



şəraitdə geniş xalq kütlələri Müsavat partiyası ətrafında sıx birləşərək Azərbaycana muxtariyyət verilməsi 

tələbini  qətiyyətlə  irəli  sürürdülər.  Bu  məram  uğrunda  mübarizə  aparan  Müsavat  partiyası  kənar  

qüvvələrin  başlıca  düşməninə  çevrilmişdi.  Azərbaycanın  muxtariyyəti  fikrini  özləri  üçün  təhlükə  hesab 

edən bolşevik-erməni alyansı Bakıda müsəlmanlara qarşı 1918-ci ilin mart qırğınını həyata keçirdilər. 

 Milli  istiqlal  mübarizəmiz  tarixində  ən  böyük  sınaq  olan  1918-ci  ilin  mart  hadisələri  faciə  ilə 

nəticələnsə  də,  bu  qırğın  Azərbaycan  xalqının  əzmini  qıra  bilmədi.  Bolşevik-daşnak  birliyi  öz  istəyinə 

nail  olmadı.  Faciəli  mart  hadisələri  Azərbaycanda  milli  siyasi  dairələrin  rus  inqilabına  olan  ümidlərini 

puça  çıxartdı.  Bu  hadisələrə  qədər  muxtariyyət  uğrunda  olan  mübarizə,  tam  müstəqillik  savaşı  ilə  əvəz 

edildi. 

Bolşeviklərin  hakimiyyətə  gəlməsi  ilə  Rusiyanı  cənginə  alan  vətəndaş  müharibəsi  və  anarxiya 

imperiyanın dağılmasını sürətləndirdi. Oktyabr çevrilişindən sonra faktiki olaraq Rusiyadan uzaq düşmüş 

Cənubi Qafqazda Zaqafqaziya Komissarlığı, sonradan Zaqafqaziya Seymi təşəkkül tapsa da, məcburiyyət 

qarşısında yaranan bu federal qurumun dağılması ilə Azərbaycan öz milli istiqlalına qovuşdu. 

1918-ci  il  may  ayının  26-da  Zaqafqaziya  Seyminin  sonuncu  iclası  keçirildi  və  burada  Gürcüstanın 

federasiyadan  çıxmaq  haqqında  bəyanatı  dinlənildikdən  sonra  Zaqafqaziya  Seymi  özünü  buraxmaq 

haqqında  qərar  qəbul  etdi.  Elə  həmin  gün  Gürcü  Milli  Şurası  tərəfindən  Gürcüstanın  müstəqilliyi  elan 

edildi. 

Seymin  buraxılması  ilə  yaranmış  böhranlı  siyasi  vəziyyətlə  əlaqədar  Azərbaycan  nümayəndələri 

mayın  27-də  toplaşaraq  vətənin  idarə  olunması  vəzifəsini  öz  üzərinə  götürdülər  və  Azərbaycanın 

Müvəqqəti  Milli  Şurasını  elan  etdilər.  Şura  mayın  28-də  keçirdiyi  ilk  iclasında  geniş  müzakirələrdən 

sonra  24  səslə  (iki  nəfər  -  S.M.Qəniyev  və  C.Axundov  bitərəf  qalmışdı)  Azərbaycanın  istiqlaliyyətinin 

elan olunması haqqında qərar qəbul etdi və altı bənddən ibarət “İstiqlal Bəyannaməsi”ni elan etdi. 

Bu tarixi aktda deyilirdi:  “Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə 

ayrılması  ilə  Zaqafqaziyanın  rus  orduları  tərəfindən  tərkinə  mövcub  bir  vəziyyəti  siyasiyyə  hasil  oldu. 

Kəndi qəvayi-məxsusələrinə  tərk  olunan  Zaqafqaziya millətləri  müqəddəratlarının  idarəsini bizzat  kəndi 

əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi 

üzərinə  gürcü  milləti  Zaqafqaziya  Qoşma  Xalq  Cümhuriyyəti  cüzindən  çıxıb  da  müstəqil  Gürcü  Xalq 

Cümhuriyyəti təsisini səlah gördü. 

Rusiya  ilə  Osmanlı  imperatorluğu  arasında  zühur  edən  müharibənin  təsviyyəsi  üzündən  hasil  olan 

vəziyyəti-hazıreyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənubi-Şərqi Zaqafqaziyadan 

ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət 

təşkilatı qurmaq lüzumunu təlqin ediyor. 

Buna  binaən  arai-ümumiyyə  ilə  intixab  olunan  Azərbaycan  Şurayi-Milliyeyi-İslamiyyəsi  bütün 

cəmaətə elan ediyor ki: 

1.  Bu  gündən  etibarən  Azərbaycan  xəlqi  hakimiyyət  həqqinə  malik  olduğu  kibi  Cənubi-Şərqi 

Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir. 

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xalq cümhuriyyəti olaraq təqərrür ediyor. 

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə 

münasibəti-həsənə təsisinə əzm edər. 

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovində 

yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər. 

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları 

üçün geniş meydan buraxır. 

6.  Məclisi-Müəssisan  toplanıncaya  qədər  Azərbaycan  idarəsinin  başında  arai-ümumiyyə  ilə  intixab 

olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur". 



 Bundan  sonra  Milli  Şura  Azərbaycan  hökumətinin  yaradılmasını  Fətəli  Xan  Xoyskiyə  tapşırdı.  Bir 

saatlıq fasilədən sonra F.X.Xoyskinin hökümətin yaradılması haqqında məruzəsini dinləmək üçün Milli 

Şuranın  iclası  öz  işini  davam  etdirdi.  İlk  Azərbaycan  müvəqqəti  hökumətini  F.X.Xoyski  aşağıdakı 

tərkibdə təqdim etdi: 

Nazirlər  Şurasının  sədri  və  daxili  işlər  naziri  -    Fətəli  Xan  Xoyski,  hərbi  nazir  -  Xosrovpaşa  bəy 

Sultanov,  xalq  maarifi  və  maliyyə  naziri  -  Nəsib  bəy  Yusifbəyli,  xarici  işlər  naziri  -  Məmməd  Həsən 

Hacınski, poçt-teleqraf və yollar naziri - Xudadat bəy Məlikaslanov, əkinçilik və əmək naziri - Əkbər ağa 

Şeyxülislamov,  ədliyyə  naziri  -  Xəlil  bəy  Xasməmmədov,  ticarət  və  sənaye  naziri  -  Məmməd  Yusif 

Cəfərov, dövlət nəzarəti naziri - Cəmo bəy Hacınski. 

 Bununla da Milli Şura Azərbaycan xalqı qarşısında çox şərəfli və tarixi bir missiyanı yerinə yetirmiş 

oldu.  Müsəlman  mənşəli  bütün  dövlətlər,  əsasən,  dini  təməl  üzərində  qurulduğu  halda,  Azərbaycan 

Cümhuriyyəti dünyəvi əsaslarla qurulan ilk türk dövləti idi. Azərbaycan milli dövlətinin yaradılması bir 

sıra mühüm səbəblərə görə millətin taleyində tarixi hadisə idi. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 may 

1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi - Millisi, sözün siyasi mənası ilə, bir Azərbaycan 

millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir 

kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur.” 

May  ayının  30-da  Azərbaycan  Respublikasının  yaranması  barədə  Nazirlər  Şurasının  sədri 

F.X.Xoyskinin  imzaladığı  məlumat  radioteleqrafla  bütün  ölkələrin  xarici  işlər  nazirliklərinə  göndərildi. 

Cənubi  Qafqaz  hökumətinin  başladığı  Batum  danışıqlarını  yeni  elan  edilmiş  milli  respublikalar  davam 

etdirdi  və  hər  dövlətin  nümayəndələri  ilə  ayrılıqda  “Sülh  və  Dostluq”  haqqında  müqavilələr  imzalandı.  

Danışıqların  nəticəsi  kimi  iyun  ayının  4-də  “Osmanlı  imperatorluğu  hökuməti  ilə  Azərbaycan 

Cümhuriyyəti  arasında  dostluq  müqaviləsi”ni  Türkiyə  tərəfindən  ədliyyə  naziri  Xəlil  Menteşə,  Qafqaz 

cəbhəsinin  baş  komandanı  Ferik  Mehmet  Vehib  paşa,  Azərbaycan  tərəfindən  xarici  işlər  naziri 

M.H.Hacınski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu Azərbaycan Cümhuriyyətinin xarici 

dövlətlərlə  imzaladığı  ilk  müqavilə  idi.  Onun  preambulasında  göstərilirdi:  “Bir  tərəfdən  Osmanlı 

imperiyası hökuməti, digər tərəfdən isə öz müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti 

öz  ölkələri  arasında  siyasi,  hüquqi,  iqtisadi  və  intellektual  zəmində  mehriban  dostluq  münasibətləri 

bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlirlər.” 

11  maddədən  ibarət  olan  müqavilənin    dördüncü  maddəsində  göstərilirdi  ki,  dinclik  və  asayişi 

möhkəmləndirmək,  ölkənin  təhlükəsizliyini  təmin  etmək  üçün  əgər  ehtiyac  olarsa,  Osmanlı  hökuməti 

Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür. 

Bu  dövrdə  Bakı  Sovet  Rusiyasının  əlində  idi.  1918-ci  ilin  mart  qırğınını  törətməklə  Bakıda 

hakimiyyəti  ələ  keçirən  bolşevik-daşnak  quldur  birləşməsi  Azərbaycanın  digər  qəzalarında  da  türk-

müsəlman əhalisinə qarşı bu qırğın əməllərini davam etdirməkdə idilər. Bununla paralel olaraq, Qarabağ, 

Naxçıvan  və  Zəngəzur  bölgələrində  də  erməni  qaniçən  dəstələrinin  müsəlmanlara  qarşı  törətdikləri 

qırğınlar, vəhşiliklər davam etməkdə idi. 

 Çıxılmaz vəziyyətdə qalan müsəlman əhalisi erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklərin 

qarşısını  almaqda  nicat  yolunu  Osmanlı  dövlətinə  kömək  üçün  müraciət  etməkdə  görürdü.  Çünki 

Zaqafqaziya  hökuməti  bu  qırğınların  qarşısını  almaqda  acizlik  göstərirdi,  daha  dəqiq  desək,  bunda 

maraqlı  deyildi.  Seymdəki  azərbaycanlı  nümayəndələr  də  hələ  Seymin  dağılmasından  xeyli  əvvəl 

Azərbaycanda tüğyan edən anarxiyanın qarşısını almaq məqsədilə Osmanlı dövlətinə hərbi yardım üçün 

müraciət  etmək  qərarına  gəlmişdilər.  Mövcud  şərtlər  daxilində  ondan  başqa  hər  hansı  bir  dövlətin 

Azərbaycana  yardım  göstərməsi  real  deyildi.  Türklərin  himayəsi  olmadan  Azərbaycandakı  anarxiyanın 

qarşısını almaq, xüsusilə də Bakını Sovet Rusiyasının qoruduğu Şaumyan rejimindən xilas etmək qeyri-

mümkün idi. 

Batumda  olan  Azərbaycan  nümayəndələri  4  iyun  müqaviləsinin  dördüncü  bəndinə  istinad  edərək 

Osmanlı hökumətindən yardım istəməyi qərara aldılar. Bu məqsədlə Milli Şuranın sədri M.Ə.Rəsulzadə 

və  xarici  işlər  naziri  M.H.Hacınski  Azərbaycana  ordu  göndərilməsini  xahiş  etdilər.  Bu  müraciəti  qəbul 

edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Türkiyənin Qafqaz siyasətinə 

qısqanclıqla  yanaşan  Almaniyanın  etirazına  səbəb  olmasın.  Ona  görə  Osmanlı  hökuməti  qərara  aldı  ki, 

türk ordusu və Azərbaycan könüllülərindən ibarət “islam ordusu” yaradılsın. 

Ənvər Paşanın fikrincə, belə olduqda Almaniyanın müqavimətini aradan götürmək olardı. Beynəlxalq 

şəraitin son dərəcə mürəkkəb və özünün vəziyyətinin də çətin durumda olmasına baxmayaraq, Osmanlı 

dövləti  Azərbaycan  Cümhuriyyətinə  hərbi  yardımı  əsirgəmədi.  Mürsəl  paşanın  başçılıq  etdiyi  Osmanlı 

ordusu iyun ayının əvvəllərində Gəncəyə daxil oldu. İyunun 17-də F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci 

hökumət kabinəsi yaradıldıqdan sonra iyun ayının 23-də Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi 

və “islam ordusu”nun Bakı uğrunda ölüm-dirim savaşı başlandı. Məhz bu ordunun üç ay davam edən ağır 



döyüşləri nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa 

edildi. 


Düzdür,  Azərbaycan  xalqının  uzun  illərdən  bəri  apardığı  milli  azadlıq  hərəkatının  yekunu  kimi 

yaranan Azərbaycan Cümhuriyyəti çox yaşamadı. Cəmi 23 ay yaşayan cümhuriyyət Rusiya təcavüzünün 

qurbanı  oldu  və  1920-ci  ilin  aprelin  27-də  XI  Qırmızı  Ordu  tərəfindən  işğal  edilən  Azərbaycan 

sovetləşdirildi.  Amma  23  ay  yaşayan  Azərbaycan  Xalq  Cümhuriyyəti  xalqımızın  tarixində  və  taleyində 

silinməz izlər buraxdı və mümkün olandan da çox iş görə bildi. 

Əvvəla, XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçiliyin bərpası Azərbaycan xalqının tarixində çox 

böyük  və  təqdirəlayiq  hadisə  idi.  Yaranmış  tarixi  fürsətdən  istifadə  edib  ölkənin  müstəqilliyi  elan 

edilməsəydi,  Azərbaycan  ərazisi  Rusiya,  Ermənistan  və  Gürcüstan  arasında  bölüşdürüləcəkdi.  “Aprel 

çevrilişi” ilə ölkəni işğal edən Sovet Rusiyası Azərbaycanın müstəqilliyi faktını silib ata bilmədi və bu, 

1991-ci ildə yenidən bərpa edilən Azərbaycan Respublikasının gələcək özülü oldu. 

İkincisi,  cümhuriyyət  Azərbaycan  hüdudlarından  kənarda, Tiflisdə  elan  edilmişdi  və  bu  zaman  Bakı 

Sovet Rusiyasının qoruduğu Şaumyan rejiminin, ölkənin cənub bölgəsi ağqvardiyaçıların nəzarətində idi. 

Azərbaycanın  qəzalarında  isə  bolşevik-erməni  qüvvələri  türk-müsəlman  əhaliyə  qarşı  soyqırımı 

cinayətlərini  davam  etdirməkdə  idi.  Azərbaycan  Cümhuriyyəti  hökuməti  qısa  vaxt  ərzində  bu  neqativ 

elementləri zərərləşdirib ölkənin ərazi bütövlüyünü bərpa edə bildi. 

Bundan başqa, Azərbaycan Cümhuriyyəti hökuməti: ölkənin dövlət rəmzlərini təsis edərək qəbul etdi; 

40 minlik milli ordu yarada bildi; Azərbaycan dili dövlət dili elan olundu; Azərbaycan parlamentini təsis 

etdi; Hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi həyata keçirildi; 

milli  valyuta  olan  Bakı  bonu  tədavülə  buraxıldı;  ölkənin  müstəqilliyi  Paris  sülh  konfransında  dünya 

dövlətlərinə tanıdıldı; Xəzər dənizində hərbi donanma yaradıldı; 100 tələbə oxumaq üçün xarici ölkələrə 

göndərildi; Bakı Dövlət Universiteti təsis edildi; Mülki və hərbi məktəblər açıldı; mətbuatda senzura ləğv 

olundu;  Bakı-Batum  neft  kəməri  bərpa  edilərək  istifadəyə  verildi;  Bakı-Culfa  dəmir  yolu  inşa  edilərək 

istifadəyə verildi; xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı və s. 

Tarix üçün çox qısa olan 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyətinin gördüyü bütün bu 

işlər  xalqımızın  ruhunda  milli  dövlətçilik  məfkurəsinin  formalaşmasında  və  inkişafında  silinməz  izlər 

buraxdı. Sonralar İ.Stalinin “bu 23 aylıq fəaliyyətinizdə xalqa nə verdiniz” sualına M.Ə.Rəsulzadə haqlı 

olaraq  aşağıdakı  cavabı  vermişdi:  “Biz  bu  23  ayda  xalqa  çox  şey  verə  bilməsək  də  ən  azından  milli 

istiqlalın nə olduğunu bu xalqa dadızdıra bildik”. 

 Məhz bu milli istiqlalı sonrakı dövrdə kommunist rejimi xalqımızın düşüncəsindən silə bilmədi. 70 il 

ərzində  sovetlərin  həyata  keçirdiyi  sərt,  amansız  tədbirlər,  qeyri-insani,  ağlasığmaz  cinayətlər  də 

xalqımızın istiqlal əzmini qıra bilmədi. Zor gücünə yaradılmış sovet imperiyasını qorxu, xof ilə qoruyub 

saxlamaq mümkün olmadı. 1991-ci ildə SSRİ dağıldı və Azərbaycan xalqı öz milli dövlətçiliyini yenidən 

bərpa etdi. 

 

Vasif QAFAROV, 



tarix üzrə fəlsəfə doktoru 

Yüklə 41,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə