Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə8/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   4   5   6   7   8   9   10   11   ...   148

________________Milli Kitabxana________________

GÜNƏŞƏ XİTAB VƏ

QIZILI MƏZƏMMƏT

...Uşağa xoş gəlir qırmızı, sarı

Kişi cummaz lələ, qızıla sarı.

Qızıl gül fənaya getməzdi, inan,

Gülü olmasaydı ləldən, qızıldan.

Pislik zatındadır qızılın əslən,

Gülləri ölümə odur sövq edən.

Qızılın miqdarı artarsa əgər.

Dolar sahibinin qəlbinə kədər.

Kim yığsa qızılı kiseyə, bişəkk,

Boğazı ilməyə keçər kisətək.

Kimin qızıldadır gücü, yəqin bil,

Kölədir, qızılın sahibi deyil!

Bir möhnət odudur cana simü-zər,

Düz olar, qızıla deyilsə "azər"*.

Zərdüştün adının əvvəlidir zər,

Zərə səcdə edir atəşpərəstlər*.

Zər nədir? Sönmüş bir atəşdir, ancaq,

Ona demək olar: bir ölü torpaq.

Bəlkə onu yanmış torpaq sanırsan,

Qızıl od parçası olmuşdur, inan!

Ürək çeşməsinin bağlanmış gözü,

Belə sönmüş-odla açılmaz, düzü.

Qəlbini qızıla bağlasan az-maz,

Bu qapı üzünə heç vaxt açılmaz.

Tamah dəmirindən geyinsən paltar,

Qızıl paltarına miqnatis olar*.

Bu dəmir paltarı çıxarsan əgər,

Dərhal qızıl maqnit səndən əl çəkər.

Qızıl həm oğrudur, həm də gülbədən,

Biryolluq üz döndər ikiüzlüdən.

O büt gorünsə də müqəddəs pəri,

Sındırmaq lazımdır elə bütləri.

Xaqani istəməz olsun tamahkar,

Qızıla, ya bütə olsun pərəstar.

Çoxdan öyrənmişəm büt qırmağı mən,




________________Milli Kitabxana________________

Qaçmışam atəşə baş əyənlərdən*.

Altıbaşlı dünya arzular insan,

Qızıl yeddibaşlı ilandır, ilan*.

Kimin gözlərində qızıl tutub yer,

O, aynaya baxıb, özün görməyir.

* * *

Sən, ey gövhərlərə gözəl rəng verən,



Hər şeyə bir surət, bir ahəng verən.

Dünyada hər kəsə əziz, mehriban,

Hamıya bir baxan, bir qiymət qoyan!

Günəş! Sən hər şeyə nüruz edirsən,

Çox böyük, çox uca olsan da, bəzən,

Enirsən üstünə qara torpağın,

Ayağı altına hər bir alçağın.

Ey, kimsədən işıq əsirgəməyən,

Nə üçün kəsirsən nurunu məndən?

Dostdan əsirgədin mehribanlığı,

Ancaq düşmən edər bu yamanlığı.

Şirvan nur çeşmənə qərq olub tamam,

Bəs niyə mən belə qaranlıqdayam?

Dərdimi açmağa bir həmnəfəs yox,

Xoş söhbət etməyə yaxın bir kəs yox,

Möhnətlə sinəsi dağlı qalmışam,

Qüssədə ayağı bağlı qalmışam.

Pars odu püskürür dodaqlarımdan,

Edib hind xəncəri qəlbimi şan-şan*.

Qapı halqasıtək asılıyam mən,

Sızlaram hər yetən namərd əlindən.

Gərəksiz daş kimi başsız, ayaqsız,

Qaranlıq güşədə qalmışam yalqız.

Başıma bir çəkic zərbəsi dəydi,

"Əlif" qamətimi "mim" kimi əydi*.

Ey Günəş bu qoca dünyada təksən,

Xalqın qapısında həmişəliksən.

Mən qapı halqası olmuşam deyə,




________________Milli Kitabxana________________

Ahım halqa-halqa yüksəlir göyə.

Elə ki, bu ahlar sinəmdən axır,

Mənim boğazımı yandırıb yaxır.

Yüksəlir göylərə, o, zəncir təkin,

Keçir ayağına Bənatin-nəşin*.

Çoxdur pəncərəsi Günə baxanlar,

Hər halda, mənim də bir pəncərəm var.

Möhtəşəm bayrağın yüksələn zaman,

Min düyün açırsan, nə olar, bir an.

Mənim də gözümün pəncərəsindən,

Baxasan bir anlıq ürəyimə sən...

Kim ki, dal qapıdan alır ruzunu,

Yenə pay verirsən ona nurunu.

Elə adamlara üzük verirsən,

Ki, onu torpağa atırlar həmən.

Bir süfrə ki, onda çoxlu qızıl var,

O süfrəni yerə kim tutub çrrpar?

Balıqtək yüz qızıl pulu olanlar,

Bilirlər onların min dəryası var.

Dövlət nə qüdrətin, nə hünərindir,

Mənsəb də, sərvət də nakəslərindir.

Kim ki, alçaqlara edir yaltaqlıq,

Yetir muradına, eləyir şahlıq.

İnsafdan əsər də qalmamış, gör bir,

Zamanın ələyi nə zülm ələyir?!

İndi bu dünyada qalmamış nişan,

İgidlik, kişilik və adamlıqdan.

Fələyin dövranı dəyişmiş, artıq,

Günəşin özü də edir paxıllıq.

Yox, tamam yanıldım, hələlik, bəsdir,

Bunlar gəlib keçən ani həvəsdir.

* * *

...Ey göylərin gözü və pasibanı!



-

Ey yer çörəkçisi və ərməğanı!

Ey yeddi çəmənə yaşıllıq verən,

Ey altı gəlini al bəzəndirən*,




________________Milli Kitabxana________________

Ey heç qapanmayan, hər vaxt açıq göz,

Ey yaman odlu dil, - demədən bir söz;

Sənin qüdrətinlə bağlarda müdam,

Boy atır həm iydə, həm püstə, badam.

Sən göy günbəzinə yağdıranda nur,

Ayın da kisəsi narıncla dolur.

Bir sənin sayəndə bu göylər ancaq,

Bağlayır belinə qızıldan qurşaq.

Qızıl nəştərinlə sən qan alırsan,

Gecənin qapqara zülmət qolundan

Qızıl şəfəqinlə dünyalar yanır,

Aləm al-qırmızı rəngə boyanır.

Sənin işığının sayəsində qan,

Gövhər olur daşda qaldığı zaman.

De, hansı baş tacı məni unudur?

Xaqani özü də sənin qulundur.

Qəbul et yolunda başından keçən,

Bir qulun başını töhfə kimi sən!

Ey, bütün gözlərə daim nur verən,

Həqiqət aləmi, həqiqət görən.

Səni olduğun tək bilməsəm əgər,

Bağışla, kor kimi olur qəriblər.

Ey, gövhər sorrafı, özün vaqifkən,

Niyə bir də məndən sirr öyrənirsən?

Avam bir kişiyəm, savadım da kəm,

Nə yerə, nə də ki, göyə bələdəm.

Nə yaxşı biliyim, fərasətim var,

Belə bir adamdan nə ummaq olar?

Özüm də xəcalət çəkirəm bu an,

Üzümü tər basır utandığımdan.

Sənə təzim edib, mən baş əyərək,

Dururam qarşında qolu bağlıtək.

Səhər üzr istəyir, bax, əvəzimdən,

Mənim günahımdan gərək keçəsən.

Hər zaman gülərdir üzü səhərin,

Çünki aynasıdır doğru kəslərin.

Aparsın üzrümü səhər nəsimi,

Qubardan təmizlə tozlu qəlbimi.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə