Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
  1   2   3   4   5   6   7   8   9   ...   15


XAQANİ  ŞİRVANİ 

Töhfətül-Iraqeyn 

 

(İKİ İRAQIN TÖHFƏSİ) 

 

 

BAŞLANĞIC 



 

Bu qara torpaqla mavi asiman, 

Qoymuşdur dünyada bizləri heyran. 

Bu fələk, bu torpaq nə qədər ki var, 

Ömür kisəmizi boşaldacaqlar. 

Qəribə deyilmi, səma dövr edir, 

Lakin sabit durur məhvərində yer. 

Bu iki sehribaz hər axşam-səhər, 

Gah qara, gah da ağ dona bürünər. 

Sarsılır varlığın, indi, təməli, 

Açır qapıları bir heçlik əli. 

Dörd hambal belindən atır yükünü, 

Nə ili görək biz, nə ayı, günü. 

Göy atı tərk edir göyün tağını, 

Həm tökür nalını, həm dırnağını. 

Pələng dərisi tək göy xal-xal olur, 

Bir boşluq içində hər şey udulur. 

Vaxtdır, öz dövründən qalsın fələklər, 

Rəqs etsin yerdəki xətlər, büküklər. 

Haman bu qozbelin, vaxtdır ki, birdən 

Boz dovşan, ağ siçan düşsün belindən. 

Dişilər qalsınlar bala doğmaqdan, 

Qarınlar duvağa dönsünlər bir an. 

Ala gözlərinə yenə dünyanın, 

İt dirsəyi kimi bir yara çıxsın. 

Çünki insanlarda, qalmamış, əlbət, 

Nə dostluq, nə vəfa, nə də ünsiyyət. 

Dünyada qalmamış etibar, bəli, 

Gözə görünməyir bir insaf əhli. 

Qanun-qayda itib, bax, bir dəfəlik, 

Nə bir dinclik qalmış, nə asudəlik. 

İndi, din göyündə dəccallar çoxdur, 

Heyif ki, xilaskar bir Mehdi yoxdur. 

Bu dünyanın əli piyaləmizə, 

Süzüb hər zəhərdən içirdi bizə. 



Göy, sitəm şərbəti hazırlayaraq, 

Onu ariflərə içirdi ancaq. 

Axmaqlar gözündə dünya, heç zaman, 

Seçilməz bir uşaq oyuncağından. 

Qəza taxtasında bu əqlikəmlər 

Əlifba öyrənir hər axşam-səhər. 

Bu Xaqani isə, bir sirri qanıb, 

Torpağın üstündə möhkəm dayanıb, 

Üz tutub hörmətlə deyir bir kərə, 

Onu ehtiramla dinləyənlərə. 

 

 

GÜNƏŞƏ XİTAB 



 

Oruc ağızlara ey möhür vuran, 

Ey verən bahara gözəllik və can. 

Hər səma cisminin sənsən məhrəmi, 

Ey dünya mülkünə atəş zəmzəmi. 

Aya işıq verən sonsuz fələkdə, 

Sayəndə dincəlir hər kələbək də, 

Qorxundan bu mavi səmada səhər, 

Gizlənmiş minlərlə rəna gözəllər. 

Kainat içində açaraq qanad, 

Narinc tək daima gəzirsən azad. 

Bağlıdır hüsnünə hər iki cahan, 

Sənsən zəncilərin tükünü buran. 

Gecələr qaranlıq, gündüzlərsə nur, 

Sənin lütfün ilə bərqərar olur. 

Sən qızıl səpirsən öz xəzinən dən, 

Dünyaya sən müftə isti verirsən. 

Olursan, gah, həyat artıran kovsər, 

Gah, şölən bıçaq tək ömürü kəsər. 

Sən hər bir qapıya bir baş vurursan, 

Hər çör-çöp səninlə olur kamran. 

Bu qövsi-qüzəhi rəngləyən sənsən, 

Bir saman çöpü də rəng alır səndən. 

Səninlə bəzənir dünya camalı, 

Sayəndə dəyişir aləmin halı. 

Edirsən soltana, yoxsula, hörmət, 

Göylərdən artıqdır səndə səxavət. 

Aya sən verirsən, müftə nur donu 

Alırsan yenə də geriyə onu. 

Ya vermə xələti möhtaclara sən, 

Ya da verdiyini alma əlindən. 



Hər bir tac səninlə edər iftixar, 

Otlar da sayəndə boy atıb qalxar. 

Neçin yar olursan axmaqlara sən, 

Neçin pay verirsən alçaqlara sən? 

Torpaqdan sən etdin hər şeyi zahir, 

Yaratdın hər yerdə qızıl, cəvahir. 

Bəs neçin çoxları kədərə batdı? 

İqbalı onları torpağa atdı? 

 

 

GÜNƏŞƏ XİTAB EDƏRKƏN 



QIZILI MƏZƏMMƏT 

 

Uşağa xoş gələr qırmızı, sarı, 

Kişi cummaz lələ, qızıla sarı. 

Qızıl gül fənaya getməzdi, inan, 

Gülü olmasaydı ləldən, qızıldan. 

Pislik zatındadı qızılın, əslən, 

Gülləri ölümə odur sövq edən. 

Qızılın sikkəsi iki oldumu, 

Dərddir sahibinə ömrü uzunu. 

Hər kim qızılını atır kisəyə, 

Kisə tək boğazı, keçir ilməyə. 

Kimin qızıldadır gücü, yəqin bil 

O, quldur, qızılın sahibi deyil! 

Bir möhnət odudur cana simü zər, 

Düz olar qızıla deyilsə "azər" 

Zərdüştün adının əvvəlidir zər, 

Zərə arxalanır atəşpərəstlər. 

Zər nədir? Sönmüş bir atəşdir, ancaq, 

Ona demək olar, bir ölü torpaq. 

Bəlkə, onu yanlış torpaq sanırsan, 

Qızıl od, parçası olmuşdur, inan. 

Ürək çeşməsinin bağlanmış gözü, 

Belə sönmüş odla açılmaz, düzü. 

Qəlbini qızıla bağlasan bir az, 

Bu qapı, üzünə sənin açılmaz. 

Tamah dəmirindən geyinsən paltar, 

Qızıl, paltarına miqnatis olar. 

Bu dəmir paltarı çıxarsan, əgər, 

Dərhal, qızıl maqnit səndən əl çəkər. 

Qızıl həm oğrudur, həm də gülbədən 

Bir yolluq üz döndər ikiüzlüdən. 

O büt görünsə də müqəddəs pəri, 




Sındırmaq gərəkdir elə bütləri. 

Xaqaniyə birdir tamahkar olmaq, 

Qızıla, ya cansız bütə tapınmaq. 

O, büt sındırmağı öyrənib çoxdan. 

Atəşpərəstliyin qaçmış odundan. 

Altıbaşlı dünya arzılar insan, 

O sa yeddibaşlı ilandır, inan. 

Qızıl, kimin tutub gözlərində yer. 

O, daha aynaya baxa bilməyir. 

 

 



* * * 

 

Sən, ey gövhərlərə gözəl rəng verən, 



Hər şeyə bir surət, bir ahəng verən. 

Dünyada hər kəsə əziz, mehriban, 

Hamıya bir baxan, bir nəzər salan 

Günəş! Sən hər şeyə nüfuz edirsən, 

Çox böyük, çox uca olsan da, bəzən. 

Enirsən üstünə qara torpağın, 

Ayağı altına hər bir alçağın. 

Ey, kimsədən işıq əsirgəməyən, 

Nə üçün kəsirsən nurunu məndən? 

Dostdan əsirgədin mehribanlığı, 

Ancaq düşmən edər bu yamanlığı. 

Şirvan, şəfəqinə qərq olub tamam 

Bəs, niyə mən belə qaranlıqdayam? 

Dərdimi açmağa bir həmnəfəs yox, 

Xoş söhbət etməyə yaxın bir kəs yox, 

Möhnətlə sinəsi dağlı qalmışam, 

Qüssədə ayağı bağlı qalmışam. 

Pars odu püskürür dodaqlarımdan, 

Edib hind xəncəri qəlbimi şan-şan. 

Qapı halqası tək asılıyam mən, 

Sızlaram hər yetən namərd əlindən. 

Gərəksiz daş kimi başsız, ayaqsız, 

Qaranlıq guşədə qalmışam yalqız. 

Başıma bir çəkic zərbəsi dəydi, 

"Əlif" qamətimi "mim" kimi əydi. 

Ey günəş, bu qoca dünyada təksən, 

Xalqın qapısında həmişəliksən. 

Mən qapı halqası olmuşam deyə, 

Ahım halqa-halqa yüksəlir göyə. 

Elə ki, bu ahlar sinəmdən axır 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə