Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   2   3   4   5   6   7   8   9   ...   15

Mənim boğazımı yandırıb yaxır. 

Yüksəlir göylərə, o, zəncir təkin, 

Keçir ayağına Bənati-nəşin. 

Çoxdur pəncərəsi, günəbaxanlar - 

Hər halda mənim də bir pəncərəm var. 

Möhtəşəm bayrağın yüksələn zaman 

Min dügün açırsan, nə olar, bir an 

Mənim də gözümün pəncərəsindən, 

Baxasan bir anlıq ürəyimə sən... 

Kim ki, dal qapıdan alır ruzunu, 

Yenə pay verirsən ona nurunu. 

Elə adamlara üzük verirsən, 

Ki, onu torpağa atırlar həmən. 

Bir süfrə ki, onda çoxlu qızıl var, 

O süfrəni yerə kim tutub çırpar? 

Balıq tək yüz qızıl pulu olanlar, 

Bilirlər onların min dəryası var. 

Dövlət nə qüdrətin, nə hünərindir 

Mənsəb də, sərvət də nakəslərindir. 

Kim ki, alçaqlara edir yaltaqlıq 

Yetir muradına, o edir şahlıq. 

İnsafdan əsər də qalmamış gör, bir 

Zəmanın ələyi nə zülm ələyir. 

İndi, bu dünyada qalmamış nişan 

İgidlik, kişilik və adamlıqdan. 

Fələyin dövranı dəyişmiş, artıq 

Günəşin özü də edir paxıllıq. 

Yox, tamam yanıldım, hələlik, bəsdir, 

Bunlar gəlib keçən ani həvəsdir. 

 

 



* * * 

 

Ey, göylərin gözü və keşikçisi! 



Ey, yer çörəkçisi, göy çörəkçisi! 

Ey, Yeddi çəmənə yaşıllıq verən, 

Ey, altı gəlini al bəzəndirən, 

Ey, heç qapanmayan, hər, vaxt açıq göz, 

Ey, yanan odlu dil, demədən bir söz; 

Sənin qüdrətinlə bağlarda müdam. 

Boy atır həm igdə, həm püstə, badam. 

Sən göy günbəzinə yağdıranda nur, 

Ayın da kisəsi narıncla dolur. 

Bir sənin sayəndə bu göylər, ancaq, 




Bağlayır belinə qızıldan qurşaq. 

Qızıl nəştərinlə sən qan alırsan 

Gecənin qapqara zülmət qolundan. 

Qızıl şəfəqinlə dünyalar yanır - 

Aləm al qırmızı rəngə boyanır. 

Sənin işığının sayəsində, qan, 

Göhər olur daşda qaldığı zaman. 

De, hansı baş taci səni unudur, 

Xaqani özü də sənin qulundur. 

Qəbul et yolunda başından keçən 

Bir qulun başını, töhfə kimi sən! 

Ey, daim, gözlərə işıq, nur verən, 

Həqiqət aləmi, həqiqət görən, 

Səni olduğun tək, bilməsəm əgər, 

Bağışla, kor kimi olur qəriblər. 

Ey gövhər sərrafı, özün vaqifkən 

Niyə bir də məndən sirr öyrənirsən? 

Avam bir kişiyəm, həm savadı kəm, 

Nə yerə, nə göyə bələd deyiləm. 

Nə yaxşı elmim var, nə biliyim var, 

Belə bir adamdan nə ummaq olar? 

Özüm də xəcalət çəkirəm bu an, 

Üzümü tər basır utandığımdan. 

Sənə təzim edib, mən baş əyərək, 

Dururam qarşında qolu bağlı tək. 

Səhər üzr istəyir əvəzimdə, sən - 

Mənim günahımdan gərək keçəsən. 

Hər zaman gülərdir üzü səhərin, 

Çünki aynasıdır doğru kəslərin. 

Aparsın üzrümü səhər nəsimi, 

Qübardan təmizlə, tozlu qəlbimi. 

Xaqani məclisi sənin nurundan 

Zövq alır göylərdə yandığın zaman. 

Bildin hər sirrini, hər adətini, 

İşıqda göstərdin ibadətini. 

Quru, yaş olursa onun odunu, 

Yəqin ki, sən özün edirsən bunu. 

Səndəndir, əlində gül-çiçək olsa, 

Səndəndir, ovucu qızılla dolsa. 

Səninlə həmsöhbət olduğu zaman, 

Yunu ipək kimi yumşalır, inan! 

Dünyanın buz kimi sərdabəsinə, 

Jəlalın hərarət bəxş edir yenə. 

Unutmayıb, onun süzüldükcə sən 




Hərdəm qapısından, pəncərəsindən. 

Hörürsən qırmızı qızıldan cuna, 

Otağı bəzənir, girir min dona. 

Doldurub evini bəzəklə, pulla, 

Onun ətəyini xalis qızılla, 

Silirsən, qaldırıb yerdən başını - 

Həm alın tozunu, həm göz yaşını. 

Fəqət, sən örtüyə bürünən günü 

Çıxır Xaqaninin göylərə ünü. 

Hər ağır xəstənin dərmanı sənsən, 

Şərvan məhbəsində bir dustağam mən. 

İkimiz də dərddən saralmışıq biz - 

Od-alov içində yanır qəlbimiz: 

Hey giley etmişik biz əllərindən, 

Vəfasız dünyanın əməllərindən. 

Bədənim dərd üçün həm kor quyudur, 

Həm dəmir dağıdır, qürurla durur. 

Sirləri quyu tək örtəsən gərək, 

İfşa etməyəsən onları dağ tək. 

Əcəm xasiyyətli adamdan bir az 

Gizli sirr eşitsən faydasız olmaz. 

 

 



SƏFƏR TƏFSİLATI 

 

Dövrün əmrinin fərmaniylə mən, 



Nəhayət, qurtardım Şərvan bəndindən. 

Səfərdə səhralar çıxdı önümə, 

Yorğun bədənimi sürüdüm, yenə. 

Uzaşdım Şərvanın qəhətliyindən 

Vəbal çayını da keçib getdim mən. 

Şərvan məhbəsindən uzağa getdim, 

Bir məqsəd dalınca İraqa getdim, 

Qaldı Qara dəniz mənim arxamda 

Səfidrud çayını keçdim bir anda.. 

Gördüm Kuhistana çatıb, nəhayət, 

Səkkiz gözəl bağ tək yeddi vilayət. 

Torpağı İsayə tutiya verər, 

Daşları Musayə kimiya verər. 

Orada hər ilin dörd baharı var, 

İki bayram görür gündə o diyar. 

Nəzəri cəlb edir qamışlıqları, 

Qərənfil bağları, meyvə bağları. 

Onun hər tərəfi bir gülüstandır. 




Gözəl ətir verən bağdır, bostandır. 

İki top qoymuşdur Xuzistana o, 

Üç zərbə vurmuşdur Hindistana o. 

Torpağı çəməndir onun bahar, qış, 

Çayların belində körpü çatlamış... 

Tağlı körpüləri yeddi gözlüdür, 

Gülləri saplaqda səkkiz üzlüdür. 

Qaçaqdan, quldurdan asudə, lakin 

Xəzinədarları büsbütün xain. 

Təəssüf, belə bir cənnət kimi yer 

Jəhənnəm əhlinin əllərindədir! 

Kəsər vəhşi kimi yolları onlar, 

Gündüz yatıb, gecə ova çıxırlar. 

Onların həyatda məqsədləri yox, 

İnsanlığa azca hörmətləri yox. 

Yolun kənarına çıxıb, səhərlər, 

Guya, qonaqları qəbul edirlər. 

Lakin, o hiyləgər tülkülər, hər an 

Pusquda duraraq, güdürlər karvan. 

Əvvəl, yol göstərib, karvana onlar, 

Sonra da yolunu kəsib, soyurlar. 

Üzdə gülsələr də, dişləri qanlı, 

Zöhhak ağızlıdır, əjdaha canlı 

İsti qumda bişmiş yumurta kimi, 

Duyğusuz qəlbləri duya bilirmi? 

Əhli san heyvandır, insan deyil, yox! 

Tufanlı dəniz tək qəzəblidir çox. 

Onlar nə dindirər, nə də ki, dinər 

Nə fəryad eşidər, nə aman bilər. 

Orda oğrularla dostdur darğalar, 

Hərənin min dili, min peşəsi var. 

Yaman naəhl olur o yerin əhli - 

Həm oddur, həm sudur onların dili. 

Bəla rəngi vurur boyaqçılar da, 

Odur ki, qaradır adamlar orda. 

Samirilər kimi danışan zaman, 

Od, alov püskürür ağızlarından. 

Çörəkçisi dəxi yaman xəsisdir, 

Mələk sifətlidir, lakin iblisdir. 

Gecə adam yeyər orada aşpaz 

Gündüz İsa ilə eyləyər niyaz. 

Qəssabı da gündə neçə can alar, 

Boyaqçılıq üçün qızıl qan alar. 

Dərziləri üzdə gülürsə əgər, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə