Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   2   3   4   5   6   7   8   9   ...   15

Dedim: - Çox şuluqluq oldu oralar. 

Nə bir parça çörək, nə güzaran var... 

Füsunkar olsa da təbiəti çox, 

Lakin ağır keçir vəziəti çox. 

Onun ətrafında olsa da çaylar, 

Odlu sinəsində yanar dağlar var. 

Gərdişindən onun o gözəl yerlər 

Jəhənnəmə dönmüş, indi, sərbəsər. 

Şəhərin üstündə vurarkən vulkan, 

Uymaz yaşıllığa ağıllı insan. 

Orada qəhətlik məni didirdi, 

İqbalım İraqa çəkib gətirdi. 

Nə xoş ki, İraqa eylədim səfər, 

Mənə behişt kimi gəlir bu yerlər, 

İndi, bir özün de, şad olmazmı, bəs 

Kənandan çıxaraq Misrə çatan kəs? 

Sən şaha bildir ki, bu qərib axşam, 

Onun dərgahına gəlib çıxmışam. 

Məni qəbul etsin, minnət et şaha. 

Doğru bir yol göstər sən barigaha! 

Möcüzlər yaradan barigahda sən, 

Mənim kimisini görməyəcəksən. 

Tərifdən yüksəkdə dursa da dərbar, 

Mənim tərifimə ehtiyacı var. 

Əgər üzük qaşı qiymətlidir, bil, 

Onun muma işi düşməmiş deyil. 

Üzük qaşındakı tərsə yazılar 

Bir mum üzərində düzgün oxunar. 

Dedi: - Natamamsan bil ki, hələ, sən 

Qayıt, o məqama layiq deyilsən! 

Mənəm, mənəm deyib, öymə özünü! 

Həmişə müxtəsər söylə sözünü. 

Jahildir özünü tərif edənlər. 

Çox "bilirəm" demə, bilsən də əgər. 

Boş söz insanların abrını tökər. 

Yalan şerlər də bağrını sökər. 

Uzunçuluq, igid adamların da, 

Bir dəfə dadına çatmamış darda. 

Məntiqsiz, dəlilsiz yalan danışmaq, 

Nadan adamların işidir, ancaq. 

Kimin şəcərəsi Adəmdən gəlir, 

Ona "mənəm, mənəm" layiq deyildir. 

Rənglərə baxaraq, özünü öysən, 

Xəcalət çəkərsən Tavus kimi, sən. 




Görsə öz əksini, Tuti aynada 

Özünü tanıya bilməz dünyada. 

Lakin, öz-özünü görməyən zaman, 

Daha da həvəslə danışar, inan. 

Tərif xoşlasa da, əgər, bizim şah, 

O, söz sərrafıdır, yaxşı ol agah. 

Fəzilət xələti saralıb, solmaz, 

Hər yeniyetməyə o, qismət olmaz. 

Çoxu şərbət içər ədalətindən, 

Heyif ki, qədrini bilməz hər yetən. 

Dəryanın yanında bir damla nədir? 

Sən sıfır, şah zəngin bir xəzinədir. 

Gəlib, xəzinəni bağlı gördükdə 

Yatmış əjdahanı oyatma bir də. 

Bir az təvazölə danış sözünü, 

Heç döyüb döşünə, öymə özünü! 

Az danış, hörmətlə durasan gərək, 

Müəllim önündə duran şagird tək. 

Hər kim acıdildir, yaxşı bil bunu, 

Şahın qapısına qoymazlar onu. 

Dil gülünc etməsin, deyə, insanı 

İnsan ağzı olmuş dilin zindanı. 

Bəzən, dil sıyrılmış qılınca bənzər, 

Ayıq ol, başını bədəndən üzər. 

Çəksən qılıncını din yolunda çək, 

Onu çox bəzəmə, ağac qılınc tək! 

Jan cəhənnəminə qapıçıdır dil, 

Dilsizlik behiştin açarıdır, bil. 

Balıq dilsizliklə tapdı gücünü 

Tutdu göy üzündə Balıq bürcünü. 

İlan iki dilli olduğu üçün 

Jənnətdən qovuldu nifrətlə bir gün. 

Janını saxlamaq istəsən, əgər 

Dilini özündə saxla bir təhər. 

Qayıt, geri qayıt buradan, hökmən, 

Get, öz doğulduğun yerdə yaşa sən! 

Məktəbdə elm oxu, fənn öyrən, dərs al, 

Hər nə oxumusan, bir-bir yada sal. 

Əcəmi olduğun yetər, indidən, 

Get, otur, bir az da ərəbcə öyrən. 

Get, oxu, İraqa gəlmək istəsən, 

Haçan püxtələşdin, onda gələrsən. 

Dedim ki, mən uzaq yerdən gəlmişəm. 

Əliboş qayıdım geri dönərkən? 




Buradan nə alım sovqatdır, deyə 

Qəhətlik içində qalmış ölkəyə. 

Xacədən nə aldın? - deyə qonşular 

Sorsalar, cavabım mənim nə olar? 

Mən böyük xacənin yanından, əbəs 

Əliboş qayıtsam heç yaxşı düşməz. 

Dedi ki "Al, durma, qayıt vətənə 

Apar bu üzüyü, töhfədir sənə." 

Bu üzüyün qaşı, adi qaş deyil, 

Böyük qiyməti var, bunu yaxşı bil! 

Üzüyü verirəm, lakin sən gərək 

Onu qoruyasan göz bəbəyi tək. 

Bu üzüyün qaşı bahadır, düzü, 

Jamın gövhəridir, Jəmşidin gözü 

Dünyada, nə qədər yanındadır bu, 

Sənə heç bir şeyin yoxdur qorxusu. 

Burada yazılmış müqəddəs adlar, 

Həm də mayasında şəfa sehri var. 

Bu möhür zidd olmuş nəhs əhrimənə, 

Jəmşiddən yadigar qalmışdır mənə. 

Şirvanda qəhətlik güclənsə, əgər, 

O bəladan səni, bu xilas edər. 

Belə bir dövlətə nail olarkən, 

Çalış bu dövləti vermə əlindən! 

Bu üzüklə Jəmşid "comərdəm" deyə 

Padişahlıq etdi yeddi ölkəyə. 

Hakim olmasan da, ömrün uzunu 

Barı, şərəfləndir ölkəndə bunu, 

Əlində hər zaman olar bir meyar 

Şərbəti, zəhəri sənə tanıdar. 

Yəqin çox olacaq gəlib istəyən, 

Sən də acığına onların, qəsdən - 

Üzüyün üstünə bu sözləri yaz: 

"Kimsəyə satılmaz və bağışlanmaz!" 

Qorxuram əlinə üzük keçəndə, 

Bilməyəsən onun qədrini sən də! 

Deyib, üzüyünü verəndə mənə, 

Önündə üzük tək əyildim yenə. 

Janına dualar etməklə, həmən 

Təşəkkür söylədim, yüz yol ürəkdən. 

Onun qulluğundan, öpərək yeri, 

Sədi-əkbər kimi qayıtdım geri, 

Gördüm ki, taleyim sevindi haqdan. 

Sevinclə, fərəhlə döndüm İraqdan. 




Keçdim Kuhistanın sərhədlərini, 

Yenə də Şərvanın gördüm şərini. 

Gördüm ki, əyanlar tapdıqca fürsət, 

Mənim üzüyümdən açırlar söhbət. 

Danışır üzükdən, görən, görməyən, 

Əfsunlu, tilsimli möcüzlərindən. 

Nəhayət, şöhrəti çatdı hər yana, 

Yetişdi bu xəbər böyük xaqana. 

O, qasid göndərib, dərhal, yanıma. 

Qara-qorxu saldı mənim canıma. 

Gəlib, hüzuruma, dil tökdü bubbu 

Dedi ki, xaqanın öz hökmüdür bu - 

"Get, ona söylə ki, tapşırdı şahım 

Sənə bəs deyilmi, razı qalmağım? 

Bu özü bir töhfə deyilmi, məgər. 

Şahanə üzüyü xaqana göndər! 

O üzük hər canın mayəsidir, bil! 

Göndər, dustaqlığa, heç, layiq deyil! 

Barmaqların ona yaraşır məgər? 

Sənə, qurşun üzük kifayət edər. 

Jəmşid üzüyünü etmə oyuncaq, 

O sənin başına bəladır, ancaq." 

Dedim: - Ədalətli sayırlar şahı, 

Lakin az deyilmiş zülmü, günahı. 

Ədalət axtaran olarmış şahlar, 

Zülmkar olarsa bir şah az yaşar. 

Ədlin mühəndisi qurmasaydı, bəs 

Qərar tutardımı, bu mavi günbəz? 

Ədalət suyundan içməsə torpaq, 

Qoyarmı qızıl gül qızıldan papaq?! 

Ədalət olmasa, hər qış çıxandan 

Sonra bahar gəlməz, batar bağ-bostan. 

Yerlə göy hərəsi, bax, bir yandadır - 

Onlar ədalətlə bir mizandadır. 

Çəməndə güllərin can damarından, 

Ədlin nəştəriylə dikan alır qan. 

Dedi: - Gəl, üzüyü, onda, sat mənə! 

Əvəzində şəhər bəxş edim sənə. 

Dedim ki, dünyada nə qədər varam, 

Mənə hədiyyədir, bunu satmaram. 

Dünyanın kimyası verilsə mənə, 

Bunu bir kimsəyə satmaram yenə, 

Taxıb barmağıma gəzəndə hərdən 

Sanki aya qədər ucalıram mən. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə