Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   2   3   4   5   6   7   8   9   ...   15

Belə bir ustadın o, kor xəbislər 

Qədrü qiymətini bilərmi məgər? 

Mənə üz tutaraq, dedilər belə: 

- Ey Xızr, get, ona nəsihət elə! 

Yar ol sənətkara ömrü uzunu, 

Xatadan, bəladan hifz elə onu. 

Onların səmimi ilticasına 

Biganə qalmadım, gəldim yanına! 

İndi, sözlərimi yaxşı dinlə, həm 

Xatirində saxla, bunları möhkəm. 

Hər sözüm qızıldır, gövhərdir, sən də 

Bunları gəl hifz et, can xəzinəndə. 

Qızıldan aləmə pay vermək üçün, 

Xəzinəmdən bollu pay götür bu gün. 

Qulağında yaxşı saxla, sən bunu, 

Gəl, topla başına, indi, huşunu! 

Hər sözümdür mənim min gövhər kanı, 

Kəl topla, onunla sevindir canı! 

Eyb etməz sən bu gün şabaş yığan ol, 

Bu şabaşı sabah səp yola bol-bol! 

Hər yerdə gözəllər sənə yar olar, 

Bu cür şabaşından pay alar onlar. 

Qoru hurilərin ismətini sən, 

Əyri adamlardan, yol kəsənlərdən. 

Sən, sözün qədrini bilməyəndən qaç, 

Gəlinin üzünü sevənlərə aç. 

Mühüm nəsihətim budur ki, zaman 

Sənin pusqundadır, unutma bir an. 

Fikir ver, sənə bir nəsihətim var: 

Etibarsız olur bal rəngli, ruzkar; 

Durma kölgəsində ikirənglinin - 

Olma heç fələyin felinə əmin, 

Baxma, nə rənginə, nə də iyinə 

Axşamın, səhərin gözəlliyinə. 

Kişinin bəzəyi silahdır, inan, 

Arvadın bəzəyi, ənliklə kirşan! 

Dünyanın ömrünü bilənlər kimdir? 

Onun dövrü qədim, sirri qədimdir. 

Yeddi min ildirsə yaşı Adəmin, 

Bir günlük görünsün gözündə sənin! 

Belə nəsihətlər verdikcə mənə 

Döndü rəngim sarı qızıl, rənginə. 

Narınci bir niqab örtdü üzümü, 

Yenidən toxtatdım, bir az özümü. 




Fürsəti qənimət bilib, bu zaman 

Utana-utana soruşdum ondan: 

- Ey fələk sifətli, mənə söylə bir, 

Deyirsən bu dünya min bir rənglidir. 

Dünya həm ucadır, həm də ki, alçaq 

Bu dünya nə zaman, de, məhv olacaq? 

De, nə vaxta qədər yazıq insanlar 

Ümidlə, qorxuyla yaşayacaqlar? 

Bu odlu körpüdən keçmək olarmı? 

Yoxsa ki, odlarda yanacaq hamı? 

Ağıl, huş ki, uçur: "Nur alım"-deyə 

Yol tapa bilərmi yeddi tağ göyə? 

Beş hiss, altı cəhət tilsim torundan, 

Qurtulmaq mümkünmü bizlərə, bir an? 

Qaşımız üstündə bu yüksək çətir- 

Gömgöy, əyri tağlı bu səhnə nədir? 

Bu çevrə nə zaman bir qərar tapar? 

Bu nöqtə nə cürə yerindən qopar? 

Necədir o yanı, xəttüstüvanın? 

Kimdir sakinləri, bəs, o dünyanın? 

Qəribə olmazmı xəttüstüvadan - 

Bizə tərəf olan yerdə yaşayan, 

Janlılar, sonradan bir zaman əgər, 

O biri tərəfi məskən etsələr? 

Dörd ana, doğrudan, qəribədir bu, 

Nə üçün görəsən üç inci doğdu?! 

Hər zaman sürətlə dövr edən aləm, 

Nə üçün gah bərkdir, gah boşdur, bilməm? 

Dalbadal suallar verdim mən ona 

Suallar gəlmədi əsla xoşuna. 

Dedi: - Mən görürəm səni nə qədər, 

Yoldan çıxarmışdır kor əhrimənlər. 

Arifə xas deyil heç bu suallar. 

Bunların məğzində müxalifət var. 

Belə suallardan ətalət yağır, 

İxtilaf düz yolun tikanlarıdır. 

Bu sayaq zərərli sözlərdən inan 

Büdətlər əmələ gəlir hər zaman, 

Əvvəl din barədə söhbət açıb sən, 

Sonra, can qədimdir dindən, deyirsən. 

De, nə vaxta qədər, sən yorulmadan 

Çürük fəlsəfədən dəm vuracaqsan? 

Əslinə baxanda "fəlsəfə" sözü, 

Lap "səfeh" sözünə bənzəyir, düzü. 




Ayrı bir mənası olmamış dərin 

Quranın, danılmaz bu hədislərin 

Önündə, məlum ki, anlayır hər kəs, 

Yunan fəlsəfəsi bir çöpə dəyməz. 

Vaz keç, bu hədisdən, heç bənd olma, sən! 

Bir fülus yaxşıdır min fəlsəfədən. 

Janını, gəl, dinə sən tapşır, ancaq, 

Səni şübhələrdən o qurtaracaq. 

Quran xəzinədir, şair, gərək sən - 

Hər sözü alasan bu xəzinədən. 

Qurana inandı Məhəmməd, Osman, 

Özlərini ona etdilər qurban. 

Quranı bəzədi Osmanın qanı 

Din yolunda şəhid etdi o canı. 

Şəriətdən kənar elm yoxdur, bil, 

Varsa qara xaldır, heç bilik deyil. 

Qara xalı üzə çıxarma, hərdən, 

Gizlət ağ xal kimi iman əhlindən. 

Sən uçmaq istəsən Turi-Sinayə 

Heç zaman meyl etmə Puri-Sinayə. 

Gecikmə bir an da, qəlbini, həmən 

Bağla kəlamına Məhəmmədin sən. 

Gəl ey Puri-Əli, üz tut allaha, 

Gəl Əbu Əlidən az danış daha. 

Gözün doğru yolu seçirkən, hələ 

Nə üçün yolundan sapırsan belə? 

Dini ayağının altından hər kim 

Çəkərsə, tez onu siz dara çəkin! 

Kəbəyə üz çevir, boş şeydən əl çək! 

Altı üzlü olma, sən, nərd zəri tək, 

Köhnə xərabatda hər yeniyetmə 

Min zarafat etsə, dalınca getmə! 

Hər boşboğazlığa inanma barı. 

Mövhumdur onların danışıqları. 

Bir məna kəsb elə, məzmunsuz qalma, 

Hübab günbəzi tək içi boş olma! 

İkiüzlü olma, başsız, bədənsiz 

Dəf kimi, içiboş, üzü tər-təmiz 

Şirin busə kimi bir an xoş gələn, 

Bəhrəsiz işlərlə məşğul olma sən. 

Gəl dinə arxalan, unutma dini, 

Böyük sanma yunan Üqlidisini 

Dərs olmasın ucuz sözləri sənə, 

Aldanma mənasız şəkillərinə. 




Sən bülbülə tapşır çox dil tökməyi, 

Hörümçəyə tapşır şəkil çəkməyi. 

Görmürsən, həndəsə bilən hörümçək 

Daima haramla dolansın gərək. 

Soruş dindarların etiqadını, 

Qədim insanların əhvalatını. 

Şəriət başçısı gedən yolla get! 

Yoldan çıxanlara, daim nifrət et! 

Böyüklər pul kəsər, lakin nə çıxar, 

Saxsıdan qayırsa pulu uşaqlar. 

Sən din gəmisinə minsən üzərsən. 

Yeddi cəzirəni tamam gəzərsən. 

Torpaq aləmindən, gəl vaz keç bu gün, 

Qoy, torpaq başına torpaq tökülsün... 

Dünyanı əzəli, sayan varsa, bil, 

O, belə, hikmətdən xəbərdar deyil 

Piləqurdu kimi bu din bağında, 

Açılmaz qanadın əgər, olsa da. 

Çünki, ipəkqurdu qanadı ilə 

Göylərə yüksələn olmamış, hələ... 

Sənin tamah oxun al qana batmış, 

Nəmrud tək səni də dünya aldatmış. 

Bu solğun üzlüyə qapılma, bir an, - 

Bu qoca kaftarın, tez qaç yanından 

Sus, elə ki, gördün qışdır zamana, 

Bülbül tək, arı tək çəkil bir yana. 

Bülbül, bal arısı gəzsə də əgər, 

Dağlarda qış vaxtı nə tapa bilər? 

Sinəni mətbəx et, öz oduna yan! 

Öz cigər qanını özün iç dolan! 

Öz cigər ahınla canını odla! 

Yandır şəhvətini sən, həmin odla. 

Sən belə bir işıq yandırsan, əgər, 

Günəş işığından xəcalət çəkər. 

Qızınmaq istəsə günəş, bir zaman 

Gələr pay almağa sənin odundan. 

Çalış, dörd qapını möhkəmcə bağla, 

Başda üç mərkəzi yaxşı nizamla, 

Hələlik, başqa cür heç mümkün deyil, 

Toxum səp sədaqət yerinə hər il. 

Gəlib tez keçər, bil, hər zülmün qışı, 

Üzünə nur səpər məqsəd günəşi, 

Ta, bahar fəslinə gedib çatarsan, 

Ömür gülüstanın gülər o zaman... 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə