Xaraba gilanin türk-islam məDƏNİYYƏTİ abiDƏLƏRİ



Yüklə 47,74 Kb.

tarix08.07.2018
ölçüsü47,74 Kb.


BƏHLUL İBRAHİMLİ 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

ibrahimlib@mail.ru 

 

XARABA GİLANIN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİ 



    

İslam dininin  yayıldığı ölkələr  içərisində  Azərbaycanın  xüsusi  yeri  və çəkisi  vardır.  Tarixi 

Azərbaycan  torpaqları  XII  əsrdə  islam  mədəniyyətinin  çiçəkləndiyi  arealın  mərkəzində  yerləşirdi. 

Bu dövrdə  iqtisadiyyatın, sənətkarlığın  və ticarətin  inkişafı  ilə  yanaşı  memarlıq da özünün  yüksək 

inkişaf səviyyəsinə çatmışdı. Müstəqil feodal dövlətlərinin paytaxtı olan Şamaxı, Bərdə, Təbriz və 

Naxçıvan eyni zamanda memarlıq məktəblərinin yarandığı mərkəzə çevrilmişdi (1, с. 34.).  

XII  əsrdə Azərbaycan  Atabəyləri dövlətinin paytaxtı olan Naxçıvan  İslam  memarlığının öz 

lokal  xüsusiyyətləri  ilə  birlikdə  inkişaf  etdiyi  ərazilərdən  biri  idi  (2,  с.  193-194).  Naxçıvan 

memarlıq məktəbinin əsası Əcəmi ibn Əbubəkr ən-Naxçıvani tərəfindən qoyulmuşdu (2, s.193). Bu 

memarlıq  məktəbi  bişmiş  kərpicdən  olan  tikililəri  ilə  tanınırdı.  Kürədə  bişərkən  sarı,  qırmızı, 

çəhrayı,  yaşılımtıl  və  başqa  rəng  çalarları  alan  bu  kərpiclərin  standart  ölçüləri  20X20X5  sm  olub 

olduqca keyfiyyətli bişirilirdi. Bu kərpiclərlə  həm divarlar, həm türbələrin üzlükləri, həm də çatma 

tağlar işlənirdi. Eyni zamanda üzlüklərin hazırlanmasında, fasad yazılarının salınmasında dekorativ 

bişmiş  kərpiclərdən  istifadə  olunurdu.  Əcəmi  Naxçıvani  təkcə  Naxçıvan  memarlıq  məktəbinin 

banisi deyil, eyni zamanda Azərbaycanda qülləli türbələrin inkişaf yolunu müəyyən edən bir memar 

idi  (1,с.  35).  Bu  məktəbin  nümayəndələri  vətəndən  çox-çox  uzaqlarda    məşhur  idilər.  Bərdə 

şəhərindəki türbə, Marağa şəhərindəki tikililərin  əksəriyyəti Naxçıvan memarlıq məktəbinə aiddir.  

Naxçıvan  memarlıq  məktəbinin  ən  yaxşı  nailiyyətləri  Yusif    Küseyir  oğlunun  (1162-ci  il) 

türbəsi, Möminə Xatun türbəsi (1186) və Xaraba Gilan şəhər yerindəki 1 saylı türbədir.   

Xaraba Gilandakı 1 saylı türbə, şəhərin şimal tərəfində, dağın zirvəsinə yaxın və səlcuqilərin sülalə 

qəbristanlığının  əsas  girişinin  sol  tərəfində  yerləşir  (Şəkil  1).  Abidə  iki  hissədən  ibarətdir:  yerüstü 

türbədən  və  yeraltı  sərdabədən.  Türbənin  sərdabəsi  xaricdən  dördbucaqlı,  daxildən  xaçvari 

formadadır. Abidənin türbə hissəsi  standart ölçülü  bişmiş kərpiclərdən, sərdabə hissəsi  isə  daşdan 

işlənmişdir. Türbənin divarları  iki  yerdə 80 sm hündürlüyündə salamat qalmışdır. Bişmiş kərpiclə 

işlənmiş divarının eni 1,5 m olub, 12 sm qalınlığında üzlük çəkilmişdir.  Səkkiz üzlü türbənin hər 

üzü  fərqli  naxışlarla  bəzədilmişdir  ki,  bunların  da  mərkəzində  səkkiz  bucaqlı,  altıbucaqlı,  dörd 

bucaqlı fiqurlar durur. Ornamentlər içərisində iki tip kompozisiyanı ayırmaq olur. Birincidə naxışlar 

təkrarlanır. İkincidə isə dörd blok elə qoyulmuşdur ki, onların dördünə birlikdə baxdıqda naxışların 

vahid kompozisiyasını görmək  mümkündür (Şəkil 2).   Ümumi kompozisiyada  naxışlar arasındakı 

boşluqların da xüsusi ornamentlərlə  bəzədildiyini  qeyd etmək  lazımdır. Bu ornamentlər  içərisində 

svastikanı  xüsusilə qeyd etmək  lazımdır.  Bu ornamentlər  mis alətlərlə  işlənmişdir ki. Onlardan bir 



neçəsi qazıntı zamanı əldə olunmuşdur (3, с. 41). Yuzif  Küseyir oğlu türbəsinin naxışları da eynən 

bu cürdür (4, с. 232),  ancaq ölçülərinə görə bir-birindən fərqlənirlər. 1 saylı türbənin salamat qalan 

üzünün  aşağı  hissəsi  iki  paralel  kərpic  düzümü  və  onların  arasındakı  sahə  isə  bir  cərgə  güncləri 

xaricə  tərəf  qoyularaq  düzülmüş  kərpiclərlə  bəzədilmişdir.  Üzdən  künclərə  keçid  Mömünə  Xatun 

türbəsində olduğu kimidir, lakin bir fərq vardır ki, Mömünə Xatun türbəsindən fərqli olaraq burada 

künclərdə yarım kolonnalar vardır.  

Məsələ  ondadır  ki,  türbənin  salamat  qalmış  hissələri  qədim  bərpa  dövrünə  aiddir.  Çox 

güman  ki,  XIII  əsrin  əvvəllərində  ya  gürcülərin,  ya  da  monqolların  birinci  hücumu  zamanı 

dağıdılmış türbə yenidən bərpa olunmuş, lakin qısa müddətdən sonra təkrar dağıdılmışdır.  

Türbənin giriş qapısı şərq tərəfdən olmuş, bərpadan sonra nə  səbəbdənsə  bu qapı tutulmuş, 

cənubdan  yeni  qapı  açılmışdır.  Yeni  qapı  yerinin  açılması    türbənin  üst  hissəsinin  tamamilə 

dağıdılmış    olduğunu  göstərir.  Mömünə  Xatun,  Yusif  Küseyir  oğlu  və  Xaraba  Gilandakı  1  saylı 

türbələrin qapıları oxşar üsulla işlənmişdir (Şəkil 3). 

Qulləli  türbələrin  digər  türbələrdən  fərqi  ondan  ibarətdir  ki,  bu  türbələrin  içərisinin 

funksional təyinatı tox idi. Bu türbələrin içərisi sadə olub bayır tərəfi olduqca zəngin  və  mürəkkəb 

kompozisiyalı naxışlarla bəzədilirdi.  

Türbənin  sərdabə  hissəsi  yarımqazma  şəklində,  yerli  plitə  daşlarla  işlənmişdir.  Xaricdən  tərəfləri 

11,5-11,7 m olan kvadrat tikilinin içərisində xaça oxşar planda işlənmişdir. Bu kvadrat tikilinin özü 

də  dördbucaqlı  bir  tikilinin  içərisindədir  (Şəkil  1).  Dördbucaqlı  tikili  türbənin  kürsülüyüdür. 

Kürsülüyün ölçüləri cənub tərəfdə 18,3 m, şimal tərəfdə 17,3 m, şərq və qərb tərəflərdə isə 17,5 m-

dir. 

Sərdabə  içəridən, olçüləri 20x20x5 sm olan  bişmiş kərpiclərlə  işlənmişdir. Hörgüdə  bişmiş 



kərpiclər  çarpaz  düzülmüşdür.  Sərdabənin  tavanı  elə  qurulmuşdur  ki,  çatma  tağlar  mərkəzdə  tağ-

təvanla  tamamlanır.  Tağ-təvana  birləşən  daş  hörgülər  arasındakı  künclər  əhəngkövrə  və  qamışla 

işlənmişdir ki, bu da zəlzələyə qarşı tikilinin möhkəmliyini artırmışdır. Qeyd edək ki, qapı, pəncərə 

və  təvanların  çatma  tağla  örtülməsi  də  memarlıqda  işlənən  antiseysmik  tədbirlərdən  biri  hesab 

olunur.  

Sərdabənin  girişi  şərq  tərəfdəndir  və  çatma  tağla  tamamlanır.  Çatma  tağa  qədər  3  m 

uzunluğunda, 1,3-1,4 m enində, hündürlüyü 1,05 m (5 cərgə daş) olan dar dəhliz – dromos  vardır. 

Təəssüf  ki,  dəhlizin  örtüyü  saxlanmamışdır,  lakin  bəzi  yerlərdə  tağ  örtüyün  qalıqalarını  izləmək 

mümkündür.  

Türbənin  ətrafı  təmizlənərkən  cənub  giriş  yolunun  sağ  və  sol  tərəfində  plitəli  müsəlman  qəbirləri 

aşkar  olundu  ki,  bunlardan  birinin  üstü  pilləli  şəkildə  qurulmuşdu  və  baş  daşında  cəlcuq  zənciri 

formasında həndəsi naxışlar və ərəb əlifbası ilə yazı var idi. 




Yuxarıda  qeyd  etdiyimiz  kimi  Xaraba  Gilanda  aşkar  edilmiş  bu  türbə  özünün  memarlıq 

həllinə, həndəsi naxışların kompozisiyasına, dekorativ bəzək detallarına, giriş yollarının oxşarlığına 

və  ən  kiçik  detallarına  görə  naxçıvandakı  Yusif  Küseyir  oğlu  və  Mömünə  Xatun  türbələrinin  tam 

oxşarıdır  və  Naxçıvan  memarlıq  məktəbinin  ən  yaxşı  nailiyyətlərindən  biridir  (Şəkil  2).  Bütün 

bunlar Xaraba Gilan türbəsinin də  dahi  memar Əcəmi Əbubəkr oğlu tərəfindən XII  əsrin 70-80-ci 

illərində inşa olunduğunu göstərir (5, с. 90). Beləliklə, Əcəmi yaradıcılığında Yusif Küseyir oğlu və 

Mömünə  Xatun türbələrinin  inşası arasındakı 25  illik  fasilənin (4, s.  239)olmadığı  da  məlum olur. 

Əcəmi Əbubəkr oğlu Xaraba Gilanda bir neçə türbə inşa etmişdir. Bu türbələrdən ikisinin qalıqları 

səlcuqluların sülalə qəbristanlığı yerləşən dağın cənub qərb tərəfindədir. 

Artıq  məlumdur  ki,  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvandan  başqa  Azərbaycanın  bir  neçə 

şəhərində  qülləli  türbələrin  tikintisində  (4,  s.  239)  iştirak  etmişdir.  Bunlardan  Urmiya  şəhərindəki 

Üç günbəz türbəsini (1184-1185-ci illər), Marağadakı Kabud günbəzi türbəsini (1196-1197-ci illər) 

göstərmək olar.  

Xaraba  Gilan  şəhər  yerində,  səlcuqluların  sülalə  qəbristanlığında  yuxarıda  bəhs  etdiyimiz  səkkiz 

üzlü  türbə  ilə  yanaşı  daha  bir  türbə  aşkar  edilmişdir.  1979-cu  ildə  dəfinə  axtaranlar  tərəfindən 

dağıdılmış  bu  türbədə  1980-ci  ildə  Xaraba  Gilan  arxeoloji  ekspedisiyası  arxeoloji  tədqiqat  işləri 

aparmış, unikal materiallar və mühüm nəticələr əldə etmişdir.  

Bu türbə  kubşəkilli türbələr tipinə  aiddir. Türbənin korpusu bütünlüklə  daşla,  yalnız portalı 

və  içərisi  bişmiş  kərpiclə  (20x20x5  sm)  işlənmişdir.  Mərkəzində  böyük  çatma  tağ  olan  türbənin 

portalı şərq tərəfdə yerləşir. Çatma tağın kənarı dördə üç hissəsi görünən  sütunla haşiyələnmişdir. 

Sütun  şahmat  formasında  şaquli  düzülmüş  üç  cərgə  dekorativ  kərpiclə  bəzədilmişdir.  Çatma  tağın 

hər  iki  tərəfində  portalın  stalaktit  formasında  çatma  tağlarla  tamamlanan  pannoları  yerləşir. 

Nisbətən  dərində  yerləşmiş  pannoların  dekorativ  kərpiclərlə  relyefik  işlənmiş  həndəsi  naxışları 

vardır. Naxışların  əsasını simmetrik  yerləşmiş  həndəsi  fiqurlar təşkil edir ki, onların da  içərisində 

romb  və  beşbucaqlılar  daha  çox  nəzərə  çarpır.  Analoji  ornamentlərə  Marağadakı  Kabud  günbəzi 

türbəsində  (1196-1197-ci  illər)  (6,  s.  94-95),  Termez  hokmdarlarının  sarayında  (XII  əsr)  və 

Buxaradakı XIV əsrə aid Bayan qulu xan türbəsində (7, s. 224, 385) rast gəlinir. Türbənin salamat 

qalmış hissələrinə əsasən belə bir nəticəyə gəlmək olur ki, portalın yuxarısında kufi xətlə kaşıdan və 

dekorativ bişmiş kərpiclərlə  yazılar olmuşdur. Təəssüf ki, dəfinə axtaranlar tərəfindən aparılan bu 

yazılar tədqiq olunmamışdır. 

Türbənin  içərisi qülləli türbələrdən  fərqli olaraq funksional  əhəmiyyət daşımış  –  ziyarətgah 

olmuşdur. Başqa sözlə desək, bu türbənin orijinal xüsusiyyəti onun təkcə memorial xarakter deyil, 

eyni zamanda kult (sitayiş) xarakteri daşımasıdır. Türbənin öz dövründə məşhur ziyarətgah olmasını 

portalın  qarşısında  yerə  döşənmiş  daşların  üstündəki  izlər  və  türbənin  içərisinin  zəngin  tərtib 

olunması  da  təsdiq  edir.  Türbənin  içəridən  qərb  divarı,  şimal  və  cənub  divarlarının  bu  divara 



birləşən  hissələri  stalaktitlərlə  tamamlanmış,  divarlarda  və  tağ-təvanda  altıbucaqlı,  üstü  yazılı  kaşı 

lövhələr  yerləşdirilmişdir.  Altıbucaqlı  kaşılardan  birinin  üzərində  “Bəkr”,  digərinin  üzərində 

memarlıqda tez-tez rast  gəlinən  “Şeş Əli” (altı Əli)  yazısı  vardır.  Bu xüsusi qrup təşkil edən üstü 

yazılı medalyonların qalınlığı 2,0-2,5 sm-dir. Yazılı medalyonlar estetik cəhətdən gözəl görünsələr 

də  onların  əsas  qüsuru  yazıların  kaşı  üzərində  möhkəm  oturmamasıdır.  Bəzi  hallarda  yazıların 

mətnini  və  ya  sözün  mənasını  hərflərin  kaşıların  üzərində  saxlanmış  yerinə  görə  müəyyən  etmək 

olur.  Maraqlıdır  ki,  mavi  şir  digər  rənglərdən  daha  davamlıdır.  Belə  ki,  eyni  medalyon  üzərinə 

vurulmuş iki rəngli şirdən mavi saxlanmış digəri qopub tökülmüşdü. Ona görə hərflər saxlanmasa 

da yazını hərflərin mavi şir fonunda qalmış yerlərinə görə asanlıqla oxumaq olur (8, s. 341)  

Türbənin  aşağı  hissəsi  yarımqazma  şəklində,  qaya  daşları  üzərində  işlənmiş  sərdabədən 

ibarətdir.  Sərdabənin  maraqlı  quruluşa  malik  girişi  şərq  tərəfdəndir  və  sərdabənin  divarından  2  m 

aralıda  yerləşir.  Giriş  qədim  qəbirlərin  dromosu  şəklində  işlənmişdir.  Sərdabənin  çatma  tağlı 

qapısından başlayan dromos hər iki tərəfə 10 sm genişləndirilmişdir. Dromosun üstü qalınlığı 10-15 

sm  olan  plitə  daşlarla  örtülmüş,  qapısı  18  sm  qalınlığında  bir  ədəd  sal  daşla  qapanmışdır.  Yeri 

gəlmişkən qeyd edək ki, belə quruluşa malik sərdabələr çoxdəfnli sərdabələrdir və analoji dəfn adəti 

XX  əsrin  ortalarına  qədər  davam  etmişdir.  Sərdabənin  dromosunun  –  giriş  yolunun  portalın 

qarşısındakı  tikilinin  işərisində,  daş  döşəmənin  altında  yerləşdiyini  xüsusilə  qeyd  etmək  lazımdır. 

Maraqlıdır ki, giriş  yolunun qapısı olan  yerdə döşəmənin daşları  fərqli düzülmüş, onların düzülüş 

formasına görə sərdabənin qapısının  harada olduğunu  müəyyən etmək  mümkün olmuşdur. Xüsusi 

tərtib  olunmuş  giriş  yolları  Qarabağlar  türbələrində,  Marağa,  Urmiya  şəhərlərindəki  türbələrdə  və 

Xaraba Gilanda aşkar edilmiş bütün türbələrdə vardır.  

Sərdabənin  içərisi  də  çox  keyfiyyətli  və  incə  işlənmiş  memarlıq  əsəridir.  Sərdabənin 

kamerası xaricdən dördbucaqlı, içəridən səkkizbucaqlıdır. Hündürlüyü 1,86 m-dir. Sərdabənin qərb 

divarında taxça, onun da ortasında şam və ya çıraq  qoymaq üçün çuxur vardır.  

Qeyd  etdiyimiz  kimi  sərdabə  qayalıq  üzərində  işləndiyi  üçün  zirvəyə  tərəf  olan  yerlərin 

daşları  çıxarılmamış  və  taxt  kimi  buraxılaraq  üzərinə  tabutlar  qoyulmuşdur  (9,  s.  394). 

Səkkizbucaqlı  sərdabənin  ortasında  səkkizüzlü  dayaq  sütunu  vardır.  Nazik  plitə  daşlarla  və  əhəng 

məhlulu ilə işlənmiş dayaq sütununun hər üzü yuxarıya qalxdıqca genişlənir və təvanda sərdabənin 

üzləri  ilə  birləşir  və  bir  ahəngdarlıq  yaradır.  Maraqlıdır  ki,  sütunun  üzləri  ilə  sərdabənin  tərəfləri 

təvanda üfüqi vəziyyətdə birləşirlər. Analoji üfüqi təvan Yusif Küseyir oğlunun türbəsində (1162-ci 

il)  də  vardır.  Belə  üfüqi  təvanlara  Xaraba  Gilanın  kiçik  həcmli  türbələrində  də  rast  gəlinmişdir. 

Ortasında  dayaq  sütunu  olan  tağ-təvanlı  sərdabə  Marağadakı  Göy  günbəz  türbəsində  (Qunbade-

Surx)  (1148  il)  və  Möminə  Xatun  türbəsində  (1186-1187  illər)  vardır.  Belə  quruluşlu  tikililərin 

yayılma arealı və quruluşu L.S. Bretanitski tərəfindən təhlil olunmuşdur (10, s. 300-302). 




Türbənin sərdabəsinin təvanının şimal-qərb küncünə  yaxın kvadrat formalı deşik vardır. Bu 

deşik sərdabə ilə türbəni birləşdirir. Hər dəfə ölü sərdabədə dəfn olunduqdan sonra gecələr bu deşik 

açılır, gündüzlər bağlanırdı. Bu proses ölü tam quruyana qədər davam edirdi. Ümumiyyətlə qədim 

qəbirlərdə  ölünün  yanına  qoyulan  qablarda  deşiklərin  sərdabələrdəki  deşiklərlə  əlaqəsinin  olub-

olmaması bir qədər mübahisəlidir. Bunlar arasında genetik əlaqənin olduğunu ehtimal etməyə əsas 

verən  son  tunc  dövrü  kurqanları  ilə  orta  əsr  sərdabələrinin  quruluşunun  tam  oxşar  olması,  hər  iki 

qəbir  abidəsinin  şərqə  -  günçıxana  istiqamətləndirilməsi,  onlarda  tam  eyni  quruluşlu  dromosun 

olmasıdır.  

Kubşəkilli  sərdabənin  divarlarının  aşağı  hissəsi  iri  həcmli  dağ  daşları  ilə  işlənmişdir. 

Xüsusilə qeyd etmək lazımdır ki, sərdabənin interyerində heç bir bəzək və naxış yoxdur.  

Xaraba Gilanda aşkar edilmiş kubşəkilli türbə, ümumilikdə Naxçıvan memarlıq məktəbinin 

ənənələri əsasında inşa olunmuşdur. 

Yusif  küseyir  oğlunun  türbəsi,  Möminə  xatun  türbəsi  və  Xaraba  Gilanda  aşkar  edilmiş 

Əcəmi memarlıq məktəbinə aid türbələr XII əsrdə Naxçıvanda baş vermiş ümumi mədəni yüksəlişin 

bariz nümunələridir. 

 

ƏDƏBİYYAT 

1. Саламзаде А.В., Мамедзаде К.М. Памятники на Араксе. Баку, 1979 

2.  Буниятов  З.М.  Государство  атабеков  Азербайджана  (1136-1225  годы).  Баку,  1978,              

с. 193-194 

3. Ибрагимов Б.И. Исследование городища Хараба-Гилан. АЭИА (1977). Баку, 1980, с. 41 

4. Архитектура Азербайджана. Эпоха Низами. Сборник статей. Баку-Москва, 1947, с. 232 

5.  Б.И.Ибрагимов.  Нововыявленный  мавзолей  XII  в.  В  Хараба-Гилане.  Доклады  АН 

Азербайджанской ССР. Археология, Том XL, 1984, с. 90 (87-92) 

6. Бретаницкий Л.С., Саламзаде А.В. История архитектуры Азербайджана. Москва, 1963, с. 

94-95 

7. Ремпель Л.И. Архитектурный орнамент Узбекистана. Ташкент, 1961, с. 224, 385 



8. Antik və orta əsr Azərbaycan şəhərləri:  Arxeoloji irsi, tarixi, memarlığı. Beynəlxalq Konfransın 

materialları. Bakı, 2012, s. 341(340-353) 

9.  Ortaq  taleli  şəhərlər.Şəmkir.Arxeoloji  irsi  və  memarlığı.  Birinci  respublika  elmi-praktik 

konfransın materialları. Bakı, 2008, s.394 (392-400) 

10. Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. И его место в  

архитектуре Предного Востока. Москва, 1966, с. 300-302 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə