BƏHLUL İBRAHİMLİ
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
ibrahimlib@mail.ru
XARABA GİLANIN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİ
İslam dininin yayıldığı ölkələr içərisində Azərbaycanın xüsusi yeri və çəkisi vardır. Tarixi
Azərbaycan torpaqları XII əsrdə islam mədəniyyətinin çiçəkləndiyi arealın mərkəzində yerləşirdi.
Bu dövrdə iqtisadiyyatın, sənətkarlığın və ticarətin inkişafı ilə yanaşı memarlıq da özünün yüksək
inkişaf səviyyəsinə çatmışdı. Müstəqil feodal dövlətlərinin paytaxtı olan Şamaxı, Bərdə, Təbriz və
Naxçıvan eyni zamanda memarlıq məktəblərinin yarandığı mərkəzə çevrilmişdi (1, с. 34.).
XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olan Naxçıvan İslam memarlığının öz
lokal xüsusiyyətləri ilə birlikdə inkişaf etdiyi ərazilərdən biri idi (2, с. 193-194). Naxçıvan
memarlıq məktəbinin əsası Əcəmi ibn Əbubəkr ən-Naxçıvani tərəfindən qoyulmuşdu (2, s.193). Bu
memarlıq məktəbi bişmiş kərpicdən olan tikililəri ilə tanınırdı. Kürədə bişərkən sarı, qırmızı,
çəhrayı, yaşılımtıl və başqa rəng çalarları alan bu kərpiclərin standart ölçüləri 20X20X5 sm olub
olduqca keyfiyyətli bişirilirdi. Bu kərpiclərlə həm divarlar, həm türbələrin üzlükləri, həm də çatma
tağlar işlənirdi. Eyni zamanda üzlüklərin hazırlanmasında, fasad yazılarının salınmasında dekorativ
bişmiş kərpiclərdən istifadə olunurdu. Əcəmi Naxçıvani təkcə Naxçıvan memarlıq məktəbinin
banisi deyil, eyni zamanda Azərbaycanda qülləli türbələrin inkişaf yolunu müəyyən edən bir memar
idi (1,с. 35). Bu məktəbin nümayəndələri vətəndən çox-çox uzaqlarda məşhur idilər. Bərdə
şəhərindəki türbə, Marağa şəhərindəki tikililərin əksəriyyəti Naxçıvan memarlıq məktəbinə aiddir.
Naxçıvan memarlıq məktəbinin ən yaxşı nailiyyətləri Yusif Küseyir oğlunun (1162-ci il)
türbəsi, Möminə Xatun türbəsi (1186) və Xaraba Gilan şəhər yerindəki 1 saylı türbədir.
Xaraba Gilandakı 1 saylı türbə, şəhərin şimal tərəfində, dağın zirvəsinə yaxın və səlcuqilərin sülalə
qəbristanlığının əsas girişinin sol tərəfində yerləşir (Şəkil 1). Abidə iki hissədən ibarətdir: yerüstü
türbədən və yeraltı sərdabədən. Türbənin sərdabəsi xaricdən dördbucaqlı, daxildən xaçvari
formadadır. Abidənin türbə hissəsi standart ölçülü bişmiş kərpiclərdən, sərdabə hissəsi isə daşdan
işlənmişdir. Türbənin divarları iki yerdə 80 sm hündürlüyündə salamat qalmışdır. Bişmiş kərpiclə
işlənmiş divarının eni 1,5 m olub, 12 sm qalınlığında üzlük çəkilmişdir. Səkkiz üzlü türbənin hər
üzü fərqli naxışlarla bəzədilmişdir ki, bunların da mərkəzində səkkiz bucaqlı, altıbucaqlı, dörd
bucaqlı fiqurlar durur. Ornamentlər içərisində iki tip kompozisiyanı ayırmaq olur. Birincidə naxışlar
təkrarlanır. İkincidə isə dörd blok elə qoyulmuşdur ki, onların dördünə birlikdə baxdıqda naxışların
vahid kompozisiyasını görmək mümkündür (Şəkil 2). Ümumi kompozisiyada naxışlar arasındakı
boşluqların da xüsusi ornamentlərlə bəzədildiyini qeyd etmək lazımdır. Bu ornamentlər içərisində
svastikanı xüsusilə qeyd etmək lazımdır. Bu ornamentlər mis alətlərlə işlənmişdir ki. Onlardan bir
neçəsi qazıntı zamanı əldə olunmuşdur (3, с. 41). Yuzif Küseyir oğlu türbəsinin naxışları da eynən
bu cürdür (4, с. 232), ancaq ölçülərinə görə bir-birindən fərqlənirlər. 1 saylı türbənin salamat qalan
üzünün aşağı hissəsi iki paralel kərpic düzümü və onların arasındakı sahə isə bir cərgə güncləri
xaricə tərəf qoyularaq düzülmüş kərpiclərlə bəzədilmişdir. Üzdən künclərə keçid Mömünə Xatun
türbəsində olduğu kimidir, lakin bir fərq vardır ki, Mömünə Xatun türbəsindən fərqli olaraq burada
künclərdə yarım kolonnalar vardır.
Məsələ ondadır ki, türbənin salamat qalmış hissələri qədim bərpa dövrünə aiddir. Çox
güman ki, XIII əsrin əvvəllərində ya gürcülərin, ya da monqolların birinci hücumu zamanı
dağıdılmış türbə yenidən bərpa olunmuş, lakin qısa müddətdən sonra təkrar dağıdılmışdır.
Türbənin giriş qapısı şərq tərəfdən olmuş, bərpadan sonra nə səbəbdənsə bu qapı tutulmuş,
cənubdan yeni qapı açılmışdır. Yeni qapı yerinin açılması türbənin üst hissəsinin tamamilə
dağıdılmış olduğunu göstərir. Mömünə Xatun, Yusif Küseyir oğlu və Xaraba Gilandakı 1 saylı
türbələrin qapıları oxşar üsulla işlənmişdir (Şəkil 3).
Qulləli türbələrin digər türbələrdən fərqi ondan ibarətdir ki, bu türbələrin içərisinin
funksional təyinatı tox idi. Bu türbələrin içərisi sadə olub bayır tərəfi olduqca zəngin və mürəkkəb
kompozisiyalı naxışlarla bəzədilirdi.
Türbənin sərdabə hissəsi yarımqazma şəklində, yerli plitə daşlarla işlənmişdir. Xaricdən tərəfləri
11,5-11,7 m olan kvadrat tikilinin içərisində xaça oxşar planda işlənmişdir. Bu kvadrat tikilinin özü
də dördbucaqlı bir tikilinin içərisindədir (Şəkil 1). Dördbucaqlı tikili türbənin kürsülüyüdür.
Kürsülüyün ölçüləri cənub tərəfdə 18,3 m, şimal tərəfdə 17,3 m, şərq və qərb tərəflərdə isə 17,5 m-
dir.
Sərdabə içəridən, olçüləri 20x20x5 sm olan bişmiş kərpiclərlə işlənmişdir. Hörgüdə bişmiş
kərpiclər çarpaz düzülmüşdür. Sərdabənin tavanı elə qurulmuşdur ki, çatma tağlar mərkəzdə tağ-
təvanla tamamlanır. Tağ-təvana birləşən daş hörgülər arasındakı künclər əhəngkövrə və qamışla
işlənmişdir ki, bu da zəlzələyə qarşı tikilinin möhkəmliyini artırmışdır. Qeyd edək ki, qapı, pəncərə
və təvanların çatma tağla örtülməsi də memarlıqda işlənən antiseysmik tədbirlərdən biri hesab
olunur.
Sərdabənin girişi şərq tərəfdəndir və çatma tağla tamamlanır. Çatma tağa qədər 3 m
uzunluğunda, 1,3-1,4 m enində, hündürlüyü 1,05 m (5 cərgə daş) olan dar dəhliz – dromos vardır.
Təəssüf ki, dəhlizin örtüyü saxlanmamışdır, lakin bəzi yerlərdə tağ örtüyün qalıqalarını izləmək
mümkündür.
Türbənin ətrafı təmizlənərkən cənub giriş yolunun sağ və sol tərəfində plitəli müsəlman qəbirləri
aşkar olundu ki, bunlardan birinin üstü pilləli şəkildə qurulmuşdu və baş daşında cəlcuq zənciri
formasında həndəsi naxışlar və ərəb əlifbası ilə yazı var idi.
Yuxarıda qeyd etdiyimiz kimi Xaraba Gilanda aşkar edilmiş bu türbə özünün memarlıq
həllinə, həndəsi naxışların kompozisiyasına, dekorativ bəzək detallarına, giriş yollarının oxşarlığına
və ən kiçik detallarına görə naxçıvandakı Yusif Küseyir oğlu və Mömünə Xatun türbələrinin tam
oxşarıdır və Naxçıvan memarlıq məktəbinin ən yaxşı nailiyyətlərindən biridir (Şəkil 2). Bütün
bunlar Xaraba Gilan türbəsinin də dahi memar Əcəmi Əbubəkr oğlu tərəfindən XII əsrin 70-80-ci
illərində inşa olunduğunu göstərir (5, с. 90). Beləliklə, Əcəmi yaradıcılığında Yusif Küseyir oğlu və
Mömünə Xatun türbələrinin inşası arasındakı 25 illik fasilənin (4, s. 239)olmadığı da məlum olur.
Əcəmi Əbubəkr oğlu Xaraba Gilanda bir neçə türbə inşa etmişdir. Bu türbələrdən ikisinin qalıqları
səlcuqluların sülalə qəbristanlığı yerləşən dağın cənub qərb tərəfindədir.
Artıq məlumdur ki, Əcəmi Əbubəkr oğlu Naxçıvandan başqa Azərbaycanın bir neçə
şəhərində qülləli türbələrin tikintisində (4, s. 239) iştirak etmişdir. Bunlardan Urmiya şəhərindəki
Üç günbəz türbəsini (1184-1185-ci illər), Marağadakı Kabud günbəzi türbəsini (1196-1197-ci illər)
göstərmək olar.
Xaraba Gilan şəhər yerində, səlcuqluların sülalə qəbristanlığında yuxarıda bəhs etdiyimiz səkkiz
üzlü türbə ilə yanaşı daha bir türbə aşkar edilmişdir. 1979-cu ildə dəfinə axtaranlar tərəfindən
dağıdılmış bu türbədə 1980-ci ildə Xaraba Gilan arxeoloji ekspedisiyası arxeoloji tədqiqat işləri
aparmış, unikal materiallar və mühüm nəticələr əldə etmişdir.
Bu türbə kubşəkilli türbələr tipinə aiddir. Türbənin korpusu bütünlüklə daşla, yalnız portalı
və içərisi bişmiş kərpiclə (20x20x5 sm) işlənmişdir. Mərkəzində böyük çatma tağ olan türbənin
portalı şərq tərəfdə yerləşir. Çatma tağın kənarı dördə üç hissəsi görünən sütunla haşiyələnmişdir.
Sütun şahmat formasında şaquli düzülmüş üç cərgə dekorativ kərpiclə bəzədilmişdir. Çatma tağın
hər iki tərəfində portalın stalaktit formasında çatma tağlarla tamamlanan pannoları yerləşir.
Nisbətən dərində yerləşmiş pannoların dekorativ kərpiclərlə relyefik işlənmiş həndəsi naxışları
vardır. Naxışların əsasını simmetrik yerləşmiş həndəsi fiqurlar təşkil edir ki, onların da içərisində
romb və beşbucaqlılar daha çox nəzərə çarpır. Analoji ornamentlərə Marağadakı Kabud günbəzi
türbəsində (1196-1197-ci illər) (6, s. 94-95), Termez hokmdarlarının sarayında (XII əsr) və
Buxaradakı XIV əsrə aid Bayan qulu xan türbəsində (7, s. 224, 385) rast gəlinir. Türbənin salamat
qalmış hissələrinə əsasən belə bir nəticəyə gəlmək olur ki, portalın yuxarısında kufi xətlə kaşıdan və
dekorativ bişmiş kərpiclərlə yazılar olmuşdur. Təəssüf ki, dəfinə axtaranlar tərəfindən aparılan bu
yazılar tədqiq olunmamışdır.
Türbənin içərisi qülləli türbələrdən fərqli olaraq funksional əhəmiyyət daşımış – ziyarətgah
olmuşdur. Başqa sözlə desək, bu türbənin orijinal xüsusiyyəti onun təkcə memorial xarakter deyil,
eyni zamanda kult (sitayiş) xarakteri daşımasıdır. Türbənin öz dövründə məşhur ziyarətgah olmasını
portalın qarşısında yerə döşənmiş daşların üstündəki izlər və türbənin içərisinin zəngin tərtib
olunması da təsdiq edir. Türbənin içəridən qərb divarı, şimal və cənub divarlarının bu divara
birləşən hissələri stalaktitlərlə tamamlanmış, divarlarda və tağ-təvanda altıbucaqlı, üstü yazılı kaşı
lövhələr yerləşdirilmişdir. Altıbucaqlı kaşılardan birinin üzərində “Bəkr”, digərinin üzərində
memarlıqda tez-tez rast gəlinən “Şeş Əli” (altı Əli) yazısı vardır. Bu xüsusi qrup təşkil edən üstü
yazılı medalyonların qalınlığı 2,0-2,5 sm-dir. Yazılı medalyonlar estetik cəhətdən gözəl görünsələr
də onların əsas qüsuru yazıların kaşı üzərində möhkəm oturmamasıdır. Bəzi hallarda yazıların
mətnini və ya sözün mənasını hərflərin kaşıların üzərində saxlanmış yerinə görə müəyyən etmək
olur. Maraqlıdır ki, mavi şir digər rənglərdən daha davamlıdır. Belə ki, eyni medalyon üzərinə
vurulmuş iki rəngli şirdən mavi saxlanmış digəri qopub tökülmüşdü. Ona görə hərflər saxlanmasa
da yazını hərflərin mavi şir fonunda qalmış yerlərinə görə asanlıqla oxumaq olur (8, s. 341)
Türbənin aşağı hissəsi yarımqazma şəklində, qaya daşları üzərində işlənmiş sərdabədən
ibarətdir. Sərdabənin maraqlı quruluşa malik girişi şərq tərəfdəndir və sərdabənin divarından 2 m
aralıda yerləşir. Giriş qədim qəbirlərin dromosu şəklində işlənmişdir. Sərdabənin çatma tağlı
qapısından başlayan dromos hər iki tərəfə 10 sm genişləndirilmişdir. Dromosun üstü qalınlığı 10-15
sm olan plitə daşlarla örtülmüş, qapısı 18 sm qalınlığında bir ədəd sal daşla qapanmışdır. Yeri
gəlmişkən qeyd edək ki, belə quruluşa malik sərdabələr çoxdəfnli sərdabələrdir və analoji dəfn adəti
XX əsrin ortalarına qədər davam etmişdir. Sərdabənin dromosunun – giriş yolunun portalın
qarşısındakı tikilinin işərisində, daş döşəmənin altında yerləşdiyini xüsusilə qeyd etmək lazımdır.
Maraqlıdır ki, giriş yolunun qapısı olan yerdə döşəmənin daşları fərqli düzülmüş, onların düzülüş
formasına görə sərdabənin qapısının harada olduğunu müəyyən etmək mümkün olmuşdur. Xüsusi
tərtib olunmuş giriş yolları Qarabağlar türbələrində, Marağa, Urmiya şəhərlərindəki türbələrdə və
Xaraba Gilanda aşkar edilmiş bütün türbələrdə vardır.
Sərdabənin içərisi də çox keyfiyyətli və incə işlənmiş memarlıq əsəridir. Sərdabənin
kamerası xaricdən dördbucaqlı, içəridən səkkizbucaqlıdır. Hündürlüyü 1,86 m-dir. Sərdabənin qərb
divarında taxça, onun da ortasında şam və ya çıraq qoymaq üçün çuxur vardır.
Qeyd etdiyimiz kimi sərdabə qayalıq üzərində işləndiyi üçün zirvəyə tərəf olan yerlərin
daşları çıxarılmamış və taxt kimi buraxılaraq üzərinə tabutlar qoyulmuşdur (9, s. 394).
Səkkizbucaqlı sərdabənin ortasında səkkizüzlü dayaq sütunu vardır. Nazik plitə daşlarla və əhəng
məhlulu ilə işlənmiş dayaq sütununun hər üzü yuxarıya qalxdıqca genişlənir və təvanda sərdabənin
üzləri ilə birləşir və bir ahəngdarlıq yaradır. Maraqlıdır ki, sütunun üzləri ilə sərdabənin tərəfləri
təvanda üfüqi vəziyyətdə birləşirlər. Analoji üfüqi təvan Yusif Küseyir oğlunun türbəsində (1162-ci
il) də vardır. Belə üfüqi təvanlara Xaraba Gilanın kiçik həcmli türbələrində də rast gəlinmişdir.
Ortasında dayaq sütunu olan tağ-təvanlı sərdabə Marağadakı Göy günbəz türbəsində (Qunbade-
Surx) (1148 il) və Möminə Xatun türbəsində (1186-1187 illər) vardır. Belə quruluşlu tikililərin
yayılma arealı və quruluşu L.S. Bretanitski tərəfindən təhlil olunmuşdur (10, s. 300-302).
Türbənin sərdabəsinin təvanının şimal-qərb küncünə yaxın kvadrat formalı deşik vardır. Bu
deşik sərdabə ilə türbəni birləşdirir. Hər dəfə ölü sərdabədə dəfn olunduqdan sonra gecələr bu deşik
açılır, gündüzlər bağlanırdı. Bu proses ölü tam quruyana qədər davam edirdi. Ümumiyyətlə qədim
qəbirlərdə ölünün yanına qoyulan qablarda deşiklərin sərdabələrdəki deşiklərlə əlaqəsinin olub-
olmaması bir qədər mübahisəlidir. Bunlar arasında genetik əlaqənin olduğunu ehtimal etməyə əsas
verən son tunc dövrü kurqanları ilə orta əsr sərdabələrinin quruluşunun tam oxşar olması, hər iki
qəbir abidəsinin şərqə - günçıxana istiqamətləndirilməsi, onlarda tam eyni quruluşlu dromosun
olmasıdır.
Kubşəkilli sərdabənin divarlarının aşağı hissəsi iri həcmli dağ daşları ilə işlənmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, sərdabənin interyerində heç bir bəzək və naxış yoxdur.
Xaraba Gilanda aşkar edilmiş kubşəkilli türbə, ümumilikdə Naxçıvan memarlıq məktəbinin
ənənələri əsasında inşa olunmuşdur.
Yusif küseyir oğlunun türbəsi, Möminə xatun türbəsi və Xaraba Gilanda aşkar edilmiş
Əcəmi memarlıq məktəbinə aid türbələr XII əsrdə Naxçıvanda baş vermiş ümumi mədəni yüksəlişin
bariz nümunələridir.
ƏDƏBİYYAT
1. Саламзаде А.В., Мамедзаде К.М. Памятники на Араксе. Баку, 1979
2. Буниятов З.М. Государство атабеков Азербайджана (1136-1225 годы). Баку, 1978,
с. 193-194
3. Ибрагимов Б.И. Исследование городища Хараба-Гилан. АЭИА (1977). Баку, 1980, с. 41
4. Архитектура Азербайджана. Эпоха Низами. Сборник статей. Баку-Москва, 1947, с. 232
5. Б.И.Ибрагимов. Нововыявленный мавзолей XII в. В Хараба-Гилане. Доклады АН
Азербайджанской ССР. Археология, Том XL, 1984, с. 90 (87-92)
6. Бретаницкий Л.С., Саламзаде А.В. История архитектуры Азербайджана. Москва, 1963, с.
94-95
7. Ремпель Л.И. Архитектурный орнамент Узбекистана. Ташкент, 1961, с. 224, 385
8. Antik və orta əsr Azərbaycan şəhərləri: Arxeoloji irsi, tarixi, memarlığı. Beynəlxalq Konfransın
materialları. Bakı, 2012, s. 341(340-353)
9. Ortaq taleli şəhərlər.Şəmkir.Arxeoloji irsi və memarlığı. Birinci respublika elmi-praktik
konfransın materialları. Bakı, 2008, s.394 (392-400)
10. Бретаницкий Л.С. Зодчество Азербайджана XII-XV вв. И его место в
архитектуре Предного Востока. Москва, 1966, с. 300-302
Dostları ilə paylaş: |