Xəbər bülleteni №12


Xankəndi seçiciləri 13, leriklilər 108, laçınlılar 102 məntəqədə səs verəcək



Yüklə 0,53 Mb.
səhifə2/5
tarix08.10.2017
ölçüsü0,53 Mb.
#4033
1   2   3   4   5

Xankəndi seçiciləri 13, leriklilər 108, laçınlılar 102 məntəqədə səs verəcək


23.10.2015

sechki - 20151 noyabr parlament seçkisi 125 dairənin 5386 məntəqəsində keçiriləcək. Seçki Məcəlləsinə görə, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.

Transparency.az/cnews qeyd edir ki, ən az məntəqəsi olan seçki dairəsi 122 saylı Xankəndi dairəsidir. 4880 seçicisi olan bu dairə üzrə 13 məntəqə yaradılıb.

Məntəqələri çox olan dairələrə gəlincə, 78 saylı Lerik dairəsində seçicilər 108 məntəqədə səs verəcəklər. 121 saylı Laçın seçki dairəsi 102 məntəqə ilə ikinci sırada gəlir.

72 saylı Yardımlı-Masallı və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairələrinin hər birində 82 məntəqə var.

Məntəqələri çox olan digər dairələr bunlardır:

53 saylı Quba-Qusar — 76 məntəqə

101 saylı Göygöl-Daşkəsən — 74 məntəqə

52 saylı Quba — 72 məntəqə

84 saylı Füzuli — 71 məntəqə

120 saylı Cəbrayıl-Qubadlı — 71 məntəqə

54 saylı Şabran-Siyəzən — 70 məntəqə.

Dairələr, məntəqələr, seçicilər

Prezident: “Kim söz başa düşmür, öz cəzasını alacaq”

26.10.2015



prezident - sumqayitPrezident İlham Əliyev oktyabrın 25-də Sumqayıta səfər edib. O, Kimya Sənaye Parkının ərazisində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimlərinə qatılıb.

AZƏRTAC-ın məlumatına görə, etilen-polietilen zavodunun kollektivi ilə görüşündə İlham Əliyev deyib ki, kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir: “Ölkə iqtisadiyyatı ilk növbədə sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir.

Eyni zamanda bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.

Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.

Burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu istiqamətdəki siyasəti birmənalıdır. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur.

Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik.

Əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq. Bu gün burada təməl daşını qoyduğum “SOCAR Polymer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Əminəm ki, bu gözəl nümunə digər qurumlar tərəfindən də bir nümunə kimi qəbul olunacaq. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür”.

İllik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində vergi yoxlamaları dayandırılıb

26.10.2015

vnVergilər Nazirliyində kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən vergilər naziri Fazil Məmmədov deyib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilib, proqnoza 100,5 faiz əməl olunub: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil edib ki, bu da proqnozun 100,8 faiz icra edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir”.

Analitik-informasiya şöbəsinin yaydığı rəsmi məlumata görə, nazir vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri ilk növbədə lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, ilk növbədə yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və  hüquq pozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır.

Fazil Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.

Nazir deyib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə olunmuş nəticələrə baxmayaraq hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan Fazil Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulayıb. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

26.10.2015

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib. Oktyabrın 25-də Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə, Hərbi Hava Qüvvələrinin aviabazalarında, Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində səhər saatlarından başlayan “Açıq qapı” günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanaları, yeməkxanalarına baş çəkib, müxtəlif təlim nöqtələrində döyüş texnikası, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxıb və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.

Ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinə də hərbi hissələrdə keçirilən «Açıq qapı» gününü izləməyə şərait yaradılıb.

aq2

aq4

aq6

aq10

aq16

aq27

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,65 faiz artıb

26.10.2015

dsmf-foto-6Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı bu ilin əvvəli ilə müqayisədə 17,65 faiz artıb. Transparency.az-a verilən məlumata görə, sentyabrda əlavə olaraq 327 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb, fərdi uçot sistemində onların sayı 26 500 nəfərə yüksəlib.

114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 439 nəfər) üzrə müşahidə olunur. İkinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 903 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 578 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (957), Hindistan (924), Çin Xalq Respublikası (843), Böyük Britaniya (539), Pakistan İslam Respublikası (525), Ukrayna (389), Banqladeş Xalq Respublikası (367), Özbəkistan (266), Almaniya Federativ Respublikası (236), Filippin Respublikası (230), ABŞ (224), Türkmənistan Respublikası (209), Qazaxıstan Respublikası (199), Koreya (189), İtaliya Respublikası (185) qərarlaşıb.

Dövlət fondu sosial sığorta hesabatı sayıb

26.10.2015

Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,38 faiz artıb. Fonddan Transparency.az-a verilən məlumata görə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 136 min 356 nəfərə çatıb.

Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,18 faizi (1 856 005 nəfər) kişi, 40,82 faizi (1 280 351 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25 faizini (783 806 nəfər) əhatə edir.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,26 faizi (666 819 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,58 faizi (645 639 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,18 faizi (664 266 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,98 faizini (375 826 nəfər) 60 yaşdan yuxarı olan şəxslərdir.

Sabiq komediya aktyoru prezident seçildi

26.10.2015

morales

Oktyabrın 25-i Mərkəzi Amerika dövləti Qvatemalada prezident seçkisinin ikinci turu keçirilib. Seçkidə 46 yaşlı sabiq komediya aktyoru Cimmi Morales qalib gəlib.

Novator.az xəbər verir ki, Ali Seçki Tribunalı Moralesin 69% səs topladığını bəyan edib. Moralesin rəqibi, sabiq birinci ledi Sandra Torres səslərin 31%-ni yığıb.

4 uşaq atası olan Morales Qvatemalanın 50-ci prezidentidir. O, ölkəni silkələyən korrupsiya qalmaqalı fonunda dövlət başçısı seçilib. Sentyabrda Qvatemala prezidenti Otto Peres Molina istefa verib və həbs edilib. Baş Prokurorluğun irəli sürdüyü ittihamlara görə, Molina yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, gömrük rüsumlarının azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib.

Müsavat seçkini dayandırmaq tələbi qoyub

26.10.2015

Müsavat Partiyası 1 noyabr parlament seçkisini dayandırmaq tələbi irəli sürüb. Oktyabrın 25-də partiya paytaxtın Yasamal rayonunda, İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib. Musavat.com xəbər verir ki, partiyanın başqanı, 33 saylı Xətai dairəsindən deputatlığa namizəd Arif Hacılı çıxışında qeyd edib ki, Müsavatın seçkidən imtinası aktualdır, bu məsələ oktyabrın 28-də son dəfə müzakirə olunacaq.

Partiyanın sabiq başqanı, 15 saylı Yasamal dairəsindən deputatlığa namizəd İsa Qəmbər son günlər ölkədə baş verən hadisələrə toxunaraq hakimiyyəti ittiham edib: “Milli təhlükəsizlik nazirinin hansı oyunlardan çıxdığı rəsmi şəkildə etiraf olunur. İlham Əliyev bilirdi ki, Milli Təhlükəsizlik Nazirliyi özünün bilavasitə funksiyaları ilə məşğul olmaq əvəzinə xalqa qarşı fəaliyyət göstərir, demokratik düşərgəyə qarşı fəaliyyət göstərir. Amma elə danışır ki, guya indi bilir bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib. İlham Əliyev indi bilib ki, bu nazirik Azərbaycanda iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmış. İndi məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyi deyil, milli təhlükə nazirliyi, Azərbaycan dövlətinə təhlükə nazirliyidir. Söhbət təkcə bu nazirlikdən getmir, bütün nazirliklər bu gündədir”.

Mitinqin qətnaməsində deyilir: “Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait yoxdur. Seçki qanunvericiliyi belə seçkilərin keçirilməsinə imkan vermir. Seçki komissiyaları tam olaraq hakimiyyətin nəzarəti altındadır. Bərabərhüquqlu təbliğat imkanları mövcud deyil, xüsusilə pulsuz efir vaxtının verilməməsi bu imkanları tamamilə aradan qaldırıb. Yüzədək siyasi məhbusun olması, seçki kampaniyası dövründə də repressiyaların davam etməsi, söz və ifadə azadlığına qarşı davamlı basqılar, saxtakarlıqların və qanun pozuntularının vüsət alması vəziyyəti bir qədər də ağırlaşdırır”.

Müsavat Partiyası bu tələbləri qoyub: “Siyasi məhbuslar azad edilsin! Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılsın! Seçki qanunvericiliyində əsaslı dəyişikliklər edilsin, ilk növbədə seçki komissiyalarının müstəqilliyi təmin edilsin! Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi, xüsusilə ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtı ayrılsın! Seçki kampaniyası dövründə Müsavat Partiyasından olan və digər namizədlərin imzatoplama, eyni zamanda təbliğat kampaniyasına qeyri-qanuni müdaxilə edən yerli hakimiyyət və icra orqanlarının nümayəndələri barədə ciddi tədbir görülsün! Bütün bu və digər zəruri tədbirlərin görülməsi üçün parlament seçkisi dayandırılaraq dörd ay sonraya təyin edilsin!”

Parlament seçkisi noyabrın 1-də 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.

Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.



mitinq 1

mitinq

Hökumət rəsmisi kölgə iqtisadiyyatı barədə sualları cavablandırıb

26.10.2015

rauf selimovDövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov ANS TV-nin “Hesabat” verilişinin qonağı olub. O, kölgə iqtisadiyyatı barədə sualları da cavablandırıb.

- Kölgə iqtisadiyyatı deyiləndə konkret nə nəzərdə tutulur?

- Belə bir anlayış var — gizli iqtisadiyyat və yaxud kölgə iqtisadiyyatı. Lakin gizli iqtisadiyyatla yanaşı bərabər müşahidə olunmayan digər üç element də var: qeyri-qanuni fəaliyyət, ev təsərrüfatlarının öz şəxsi istehlakı üçün istehsal etdiyi mallar və qeyri-formal fəaliyyət.

- Bu gün Azərbaycanda kölgə iqtisadiyyatı neçə faiz təşkil edir?

- Kölgə iqtisadiyyatı və bundan öncə də sadaladığım üç komponent daxil olmaqla müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payı 2013-cü ilin statistik məlumatına görə, 9,1 faizdir. Hazırda biz 2014-cü ilin statistikası üzərində iş aparırıq, müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payı təxminən 9 faiz səviyyəsində gözlənir.

- Bəzən bu rəqəm 25-30 faiz göstərilir. Bu informasiyalar nə dərəcədə etibarlıdır?

- Müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payını hətta 50-60 faiz həddində qiymətləndirənlər var. Lakin təhlil zamanı ilk növbədə ümumi daxili məhsulun tərkibinə baxmalıyıq. Hazırda ümumi daxili məhsulun tərkibində neft sektoru 31-32 faizdir. Neft sektorunda gizli iqtisadiyyat yoxdur. Azərbaycan mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulub və bu sahədə Dövlət Neft Fondu BMT-nin mükafatını alıb. Burda üçtərəfli koalisiya var. Bütün neft şirkətləri hesabatlar verir və bu sahədə şəffaflıq tam şəkildə təmin edilib. Hamı qəbul edir ki, bizim neft sektorunda kölgə iqtisadiyyatı, gizlədilmiş, uçotdan yayındırılmış məhsul yoxdur.

İqtisadiyyatın digər sahələrinə nəzər yetirdikdə görərik ki, uçotdan bilərəkdən gizlədilən hissə — ticarət sahəsində 29, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 31, tikintidə isə 12 faiz təşkil edir. Amma biz informasiya, rabitə, elektrik enerjisinin istehsalı və su təchizatı sahəsində gizli iqtisadiyyat müşahidə etmirik. Bir sıra sahələrdə uçotdan yayınan məhsul və xidmətlər ümumiyyətlə yoxdur.

- Son illərdə ümumiyyətlə hansı tendensiya müşahidə olunur? Kölgə iqtisadiyyatı artır, yoxsa azalır?

- 2003-cü ildə kölgə iqtisadiyyatının ümumi daxili məhsulda payı 20,7 faiz idi. İndi isə 9,1 faizdir. 10 il bundan öncə mənfəət vergisi 27 faiz idisə, indi 20 faizdir. Fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi 35 faiz idisə, indi 25 faizdir. Bu amillər sahibkarın kölgədən çıxıb daha şəffaf, rəsmi qaydada fəaliyyət göstərməsinə zəmin yaradır.

- Azərbaycanda kölgə iqtisadiyyatı hansı həddə yol veriləndir və o yol verilən həddə çatmaq üçün dövlət hansı işləri görməlidir? Yəni vəziyyətimiz indi təhlükəli həddə deyil ki?

- Xeyr. Cənab prezidentin bu yaxınlarda verdiyi göstəriş və sərəncamdan bilirsiniz ki, sahibkarlar iki il ərzində yoxlamalardan tam azad olunublar. Bu o deməkdir ki, onların uçotdan nəyisə gizlətməsinə artıq heç bir səbəb yoxdur.

Sabiq baş nazir Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yenidən təşkilini istəyir

26.10.2015



penah huseyn 1Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri, “Azadlıq-2015” blokunun 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi Pənah Hüseyn seçki platformasında korrupsiya ilə mübarizə, sosial-iqtisadi problemlər və idarəetmə islahatları məsələlərinə də yer verib. Transparency.az-ın məlumatına görə, sabiq baş nazir qeyd edir ki, siyasi və iqtisadi hakimiyyətlər ayrılmalı və onların arasında sağlam, yalnız qanunlarla tənzimlənən rəqabət mühiti bərqərar edilməlidir: “Adı ciddi korrupsiya iddialarında hallandırılan məmurlar vəzifədən uzaqlaşdırılmalı, barələrində təhqiqat başlanmalı və təhqiqat başa çatana qədər onların ali dövlət hakimiyyəti orqanlarında rəhbər vəzifələr tutmalarına yol verilməməlidir”.

Partiya lideri informasiya haqqında qanunun liberallaşdırılmasını və diffamasiya haqqında qanunun qəbulunu vacib sayır, QHT-lərin qeydiyyatının sadələşdirilməsini və onların sərbəst fəaliyyət imkanlarının təmin edilməsini istəyir.

Pənah Hüseynin digər təklifi yeni konstitusiyanın qəbulu, prezident respublikasından parlament respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılmasıdır. O, hakimiyyətin bölünməsi prinsipinə nail olmaq məqsədi ilə Nazirlər Kabinetinin və Milli Məclisin səlahiyyətləri genişləndirilməsi təklifi irəli sürür.

Namizədin seçki platformasında bu təkliflər də var:

- Hakimiyyət orqanlarında rəhbər vəzifələrə seçilmə, vəzifə müddəti, təkrar seçilmə və s. kimi məhdudiyyət proseduralarının konstitusiyada təsbit edilməsi;

- Təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin edilməsi məqsədi ilə müvafiq hakimiyyət strukturlarının Milli Məclisə hesabatlılığı qaydasının təsbit edilməsi. Silahlı Qüvvələrdə peşəkar xidmət hərbi qulluqçularının sayının artırılması hesabına həqiqi hərbi xidmət müddətinin azaldılması. Bütün ali təhsil pillələri üzrə hərbi xidmətə möhlət hüququnun tətbiq edilməsi;

- Qanunvericilikdə iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qaydasının təsbit olunması;

- Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının siyasi müxalifətin və vətəndaş cəmiyyətinin iştirakı ilə yenidən təşkil edilməsi. Mətbuatın və vətəndaş cəmiyyəti sektorunun təmsilçiliyi əsasında müstəqil antimonopoliya komissiyasının yaradılması və şəffaf şəkildə fəaliyyəti;

- Yüksək vəzifəli məmurların və onların yaxın qohumlarının əmlaklarının, kapitalının və gəlirlərinin bəyan edilməsi qaydasının tətbiqi;

- Dövlət büdcəsindən maliyyələşən iş və xidmətlərin məcburi monitorinqi;

- İqtisadi-maliyyə amnistiyası elan edilməsi. Leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına təminat verilməsi;

- İqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülməsi, o cümlədən, orta və xırda biznes üzrə ombudsman institutunun yaradılması;

- Xırda və orta biznesdən alınan vergilərin, o cümlədən gömrük vergilərinin ağlabatan həddə qədər azaldılması. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması;

- Maaş və sosial ödənişlərin minimum hədləri və ya baza hissələrinin  orta inkişaf etmiş Avropa ölkələri səviyyəsinə qədər artırılması;

- Kredit böhranının həlli üzrə dövlət proqramının hazırlanması və həyat keçirilməsi;

- Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsinin təmin edilməsi;

- Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil sistemi ləğv edilməsi. Ödənişli təhsil sistemi saxlandığı müddətdə təhsil haqlarının artırılmasına yol verilməməsi…

Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 1993-cü ildən bəri iki dəfə uzun müddətə həbsdə yatıb. 2005-2010-cu illərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

Parlament seçkisi noyabrın 1-də 125 seçki dairəsinin 5386 məntəqəsində keçiriləcək.

Dövlət Neft Fondunun 9 aylıq gəlir-çıxarı bəlli olub

26.10.2015

neft fonduDövlət Neft Fondu 9 aylıq gəlir-çıxarını açıqlayıb. Transparency.az-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Neft Fondunun gəlirləri 5 milyard 543,4 milyon manat, xərcləri isə 6 milyard 397,1 milyon manat olub.

Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 5 milyard 492,2 milyon manat göstərilir. Mənfəət neftinin və qazın satışından 5 milyard 479,5 milyon manat, akrhesabı ödənişlərdən 2,2 milyon manat, bonus ödənişlərindən 2,1 milyon manat, tranzitdən 8,4 milyon manat əldə edilib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 milyon manatdır.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən fond 7 milyard 828,3 milyon manat büdcədənkənar gəlir götürüb.

Hesabat dövrü ərzində dövlət büdcəsinə 5 milyard 650 milyon manat transfert edilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 1 milyard 749,7 milyon azdır.

2015-ci il oktyabrın 1-nə fondun aktivləri bu ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub.

Dövlət Məşğulluq Xidməti üç rübdə görülən işlərlə bağlı hesabat iclası keçirib

26.10.2015



dmx
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 9 ayda görülən işlərlə bağlı hesabat iclası keçirib. Transparency.az-ın məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən Dövlət Məşğulluq Xidmətinin əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, bu ilin 9 ayı ərzində ümumilikdə 22470 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub: “Məşğulluq orqanlarında qeydiyyata alınan və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz şəxslərdən 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında ödənişli ictimai işlərə cəlb edilib. Xidmətin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Qeyd olunan dövrdə 2878 nəfərə işsiz statusu verilib, 3142 nəfərə isə işsizlik müavinəti təyin edilib”.

Hesabata əsasən, 9 ayda peşə və ixtisası olmadığından münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 2776 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub, əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 72857 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib.

Bu ilin ötən dövründə keçirilən 54 əmək yarmarkasında 4119 nəfər işsiz və işaxtaran vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib, onlardan 3641 nəfəri (88,4%) göndərişlər üzrə münasib iş yerləri ilə təmin olunublar. Bu tədbirlərdə 440 nəfər peşə hazırlığı kurslarına, 229 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə