Xəbər bülleteni №12



Yüklə 0,53 Mb.
səhifə5/5
tarix08.10.2017
ölçüsü0,53 Mb.
#4033
1   2   3   4   5

nazir 3

nazir 4

nazir 5

nazir 6

Səlim Müslümov ABŞ Dövlət Departamentinin hesabatını tənqid edib

30.10.2015

selim muslumovƏmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov rəsmi dövlət qəzeti “Azərbaycan”ın 30 oktyabr sayında “Əsassız və qərəzli yanaşmalar” adlı məqalə ilə çıxış edib. Transparency.az-ın məlumatına görə, nazir ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatına toxunaraq yazır: “Hesabatda Azərbaycanda əmək hüquqları və digər bir sıra sosial hüquqların təmini ilə bağlı əsassız fikirlərin də yer alması ölkəmizdə bu sahədə aparılan fəal siyasətə və onun müsbət nəticələrinə məhəl qoyulmaması səbəbindən qeyri-obyektiv və qərəzli yanaşmalardan başqa bir şey deyil. Ölkəmiz əmək və sosial hüquqlar sahəsində mötəbər beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi önəm verir, bu əməkdaşlıq şəraitində və mühüm beynəlxalq sənədlərin prinsipləri əsasında əmək və sosial müdafiə sahəsində hüquqlar sistemini mütərəqqi dünya təcrübəsinə əsasən daim təkmilləşdirir. Azərbaycanın ratifikasiya etdiyi, Avropa məkanında insanların əmək və sosial hüquqlarının inkişafına yönələn Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müddəalarının icrası istiqamətində də ölkəmizdə konkret addımlar atılır.

Hesabatda ölkəmizdə məşğulluq və peşə sahəsində ayrı-seçkiliyin olması barədə yer alan yanaşma həqiqətdən uzaq olmaqla Azərbaycanda hər bir cəmiyyət üzvünün əmək potensialından dolğun və bərabər əsaslarla istifadəsinə yönələn dövlət məşğulluq siyasətinin qeyri-obyektiv qiymətləndirilməsidir. Prezident İlham Əliyevin ölkənin sürətli sosial-iqtisadi inkişafını təmin edən islahatlar kursu iqtisadi şaxələndirməyə və qeyri-neft sektorunun genişlənərək ümumi daxili məhsulda 70 faizə çatmasına, regionların inkişafı nəticəsində son 12 ildə ölkədə 1,4 milyona yaxın, habelə cari ilin 9 ayında 87 min yeni iş yerinin açılmasına, Avropa İttifaqında 9,6 faiz səviyyəsində özünü göstərən işsizliyin Azərbaycanda 5 faizə enməsinə imkan verib.

Müvafiq dövlət proqramlarının uğurlu icrası gənclərin də təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərə şərait yaradıb və bu tədbirlərin nəticəsi olaraq son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizliyin səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb. Halbuki dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş dövlətlərindən ibarət G20 qrupu ölkələrində 15-24 yaşda gənclər arasında işsizlik səviyyəsinin orta göstəricisi 20% (o cümlədən İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31% və s.) təşkil edir”.

Nazir qeyd edir ki, ölkədə əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyin hər hansı təzahürlərinə yol verilmir, gender bərabərliyi gözlənir: “Rəsmi statistik məlumatlara əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi fəal əhalidə qadınların xüsusi çəkisi 48,9% (2365 min nəfər), kişilərin xüsusi çəkisi 51,1% (2475,7 min nəfər), qadınların məşğul əhalinin sayında xüsusi çəkisi 48,4% (2226,8 min nəfər), kişilərinki isə 51,6% (2376,1 min nəfər) təşkil edib. Qadınlar kişilərə nisbətən daha çox təhsil (72,2%), səhiyyə və sosial xidmətlər (79,4%) sahələrində əmək fəaliyyəti göstəriblər.

Cari ilin əvvəlinə olan məlumata əsasən isə dövlət qulluğunun ali — 3-cü təsnifatlar üzrə inzibati vəzifələrini tutan qadınların sayı 325 nəfər (30%) təşkil edir ki, onların əsas hissəsi (yekuna görə 58,8%) 35-54 yaşlarda olanlardır”.

Dövlətin əlilliyi olan şəxslərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir yazır ki, ABŞ Dövlət Departamentinin hesabatının “Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri” fəslində bu sahə ilə bağlı münasibətdə də ədalətsiz yanaşma özünü göstərir: “Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyin təzahürləri mövcud deyil və bu, əlilliyi olan şəxslərə münasibətdə də qətiyyən yolverilməzdir. Əksinə, bu gün Azərbaycan əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların səmərəli reabilitasiya sistemi ilə əhatə olunması, cəmiyyətə inteqrasiyası, onların azad və hərtərəfli inkişafı yönündə fəal və məqsədyönlü siyasət aparan bir ölkədir.

Əlilliyi olan şəxslərə aylıq sosial müavinətlər, qanunvericilikdə nəzərdə tutulan qədər sığorta stajlarına malik olduqları halda aylıq əmək pensiyaları ödənilir. Hazırda ölkədə 53,5 mindən çox şəxs Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunur, onların böyük bir hissəsi müharibə əlilləri və onlara bərabər tutulanlar, əmək pensiyası almaq hüququ olmayan və yalnız aylıq sosial müavinət alan birinci qrup əlillərdir. Təkcə ötən il prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə prezident təqaüdünün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Ümumiyyətlə, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə yüksəlib. Sosial sahəyə xüsusi diqqət və qayğının daha bir nəticəsi kimi, təkcə 2014-cü ildə dövlət büdcəsindən sosial yönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib.

Azərbaycanda artıq neçə illərdir ki, müvafiq kateqoriyalara aid olan əlil şəxslər dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin edilirlər. İndiyədək bu kateqoriyadan olan 4,6 mindən çox şəxsə mənzillər verilib və yaxın bir neçə ildə daha 5 mindən çox belə şəxsə mənzil verilməsi üçün müvafiq işlər aparılır. Bu vaxta qədər 5650 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan insan minik avtomobili ilə təmin edilib”.

“79”u “28”ə qaytardılar

30.10.2015



avtobus
Bakıdakı 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti ilə bağlı yeni qərar verilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-dan “BakuBus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən “20 Yanvar” metro stansiyasına kimi qısaldılmışdı (Paytaxtın bir neçə marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib): “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edib. Oktyabrın 30-dan 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə: Rəsulzadə qəsəbəsindən “28 May” metro stansiyasınadək fəaliyyət göstərir.

FİFA prezidenti dünya çempionatının Rusiyaya danışıqla verildiyini etiraf edib

30.10.2015

blatterBeynəlxalq futbol təşkilatı FİFA-nın prezidenti Yozef Blatter oktyabrın 30-u “Financial Times” qəzetinə müsahibəsində 2018-ci ilin dünya çempionatının Rusiyaya danışıq nəticəsində salındığını etiraf edib. Transparency.az-ın məlumatına görə, Blatter qeyd edib ki, 2010-cu ildə FİFA-da 2018-ci il çempionatının ev sahibliyi hüququnun Rusiyaya, 2022-ci il çempionatının isə ABŞ-a verilməsi ilə bağlı centlmen razılaşması olub, ancaq UEFA prezidenti Mişel Platini mövqeyini qəfil dəyişib deyə ABŞ 2022-ci il çempionatına sahib ola bilməyib, ev sahibliyi Qətərə verilib.

FİFA prezidenti deyib ki, Platini mövqeyini 2010-cu ildə Fransa prezidenti postunu tutan Nikola Sarkozinin təsiri ilə dəyişib: “Səsverməyə 1 həftə qalmış Platini zəng vuraraq ABŞ-a yox, Qətərə səs verəcəyini bildirdi və belə də etdi”.

Blatterin sözlərinə görə, UEFA-nın 4 səsinin ABŞ-dan Qətərə keçməsi ilə əvvəlki razılaşma pozulub, bundan narazı qalan ABŞ isə sonradan FİFA-ya hücuma keçib.

Oktyabrın 8-də FİFA-nın prezidenti Blatter, qurumun vitse-prezidenti, UEFA prezidenti Platini və FİFA-nın baş katibi Jerom Valke 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, Blatter, Platini və Valkeyə 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Arbitraj Palatasının qərarı ilə FİFA-nın sabiq vitse-prezidenti Con Moncun bu qurumda vəzifə tutmaqdan 6 il müddətinə məhrum olunub və 100 min İsveçrə frankı cərimələnib.

Transparency.az xatırladır ki, bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Mayın 27-də Sürixdə qurumun 7 məmuru korrupsiya ittihamı ilə tutulub. Onların çoxu dünya futbol çempionatlarının keçirildiyi ölkələrin seçimini külli miqdarda rüşvətlə həll etməkdə günahlandırılır.

Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas namizədlərdən biri Platinidir.

Sentyabrda İsveçrədə prokurorluq FİFA prezidentinə cinayət işi qaldırıb. Blatter 2005-ci ildə Karib hövzəsinin futbol təşkilatı ilə sərfəsiz müqavilə imzalamaqda, israfçılıqda günahkar bilinir. Ona Platiniyə 2 milyon İsveçrə frankı məbləğində sanksiyalaşdırılmamış ödəniş etmək ittihamı da irəli sürülüb.

Milyarder Moncunun isə FİFA rəsmilərinə 2022-ci ilin dünya futbol çempionatını Cənubi Koreyaya salmaq müqabilində şirnikləndirici təkliflər verdiyi bildirilir.

Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer iyul ayında futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.

Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.

2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları bu il üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.

Hakim necə təyin olunsun?

30.10.2015



femida1Bu yaxınlarda Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilib. Milli Məclisin “Məhkəmələr və hakimlər haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə aparılacaq. Əvvəlki qaydaya görə, apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsini prezident birbaşa aparırdı.

Azərbaycan Konstitusiyasına görə, ölkə prezidenti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında parlamentə təqdimatlar verir, digər məhkəmələrin hakimlərini vəzifəyə birbaşa təyin edir.

Bir çox inkişaf etmiş ölkədə hakimlərin təyinatını Məhkəmə-Hüquq Şurası tipli müstəqil özünüidarə orqanları həyata keçirir. Azərbaycanda bu baxımdan hansı islahatlara ehtiyac var?

Transparency.az-a danışan hüquqşünas Ənnağı Hacıbəyli deyib ki, hakimlərin müstəqilliyi onları kimin təyin etməsi ilə ölçülmür: “Hakimləri prezident də, parlament də təyin edə bilər. Elə ölkələr var ki, hakim təyinatını ədliyyə naziri aparır. Bütövlükdə ölkədə məhkəmə sisteminin müstəqilliyi təmin edilmirsə, hakimləri kimin təyin etməsinin önəmi yoxdur”.

Azərbaycan təcrübəsinə toxunan hüquqşünas xatırladıb ki, hakimlərinin namizədliyini prezidentə Məhkəmə-Hüquq Şurası ədliyyə naziri vasitəsilə təqdim edir: “Məsələ bundadır ki, ədliyyə naziri şuranın sədridir. Şura icra hakimiyyəti orqanı yox, hakimlərin müstəqil özünüidarə orqanı olmalıdır. Yəni məhkəmə sistemi özü özünü idarə etməlidir. Hakimlərin seçilməsi, yerləşdirilməsi, ixtisasının artırılması ilə məhz hakimlərinin özünün yaratdığı orqan məşğul olmalıdır.

Azərbaycanda təcrübə belədir ki, Ədliyyə Nazirliyi hakimləri imtahan edir, ixtisasartırma kurslarına cəlb edir, onlardan müsahibə götürür. Həmçinin onların vəzifəyə təyin olunması və azad olunması ilə bağlı təqdimat verir, hakimləri cəzalandırır. Nəticədə məhkəmə sistemi Ədliyyə Nazirliyinin timsalında icra hakimiyyətindən asılı duruma düşür, ədalət mühakiməsini müstəqil həyata keçirə bilmir”.

Qanuna görə, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var: Fikrət Məmmədov, ədliyyə naziri (sədr); Ramiz Rzayev, Ali Məhkəmənin sədri; Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi; Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi; Şahin Yusifov, Ali Məhkəmənin hakimi; Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi; Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri; Azər Cəfərov, ədliyyə nazirinin müavini; Namiq Əsgərov, baş prokurorun müavini; Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri; İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi; Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.

Müxalif REAL Hərəkatının proqramında məhkəmələrin təsisat müstəqilliyi müddəası yer alır. Qurum hesab edir ki, bütün məhkəmə instansiya məhkəmələrin hakimləri ömürlük, pensiya yaşına qədər təyin olunmalı, birinci və apellyasiya instansiyaları məhkəmələrində sədr vəzifələri ləğv edilməlidir. Proqramda hakimliyə namizədlərin imtahanlarda topladığı ballar əsasında təyin etmə növbəliliyi metodu da təklif olunur.

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradılacaq

30.10.2015

fuad elizade
Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə mediaya açıqlamasında belə deyib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin əmək nazirlərinin üçüncü konfransında mərkəzlə bağlı təsis sənədləri müzakirə olunub və dəstəklənib.

İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı İndoneziyanın paytaxtı Cakartada keçirilib. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Cinsi balansın pozulması fəsadlar doğura bilər

30.10.2015

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır, orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri hər 1000 kişiyə düşən qadınların sayı 39 nəfər azalıb. Müstəqilliyin ilk ilində hər 1000 kişiyə 1048 düşürdü.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin media ilə bölüşdüyü rəqəmlərə görə, 2014-cü ildə ölkədə 91 min 410 oğlan, 79 min 93-ü qız doğulub.

2015-ci ildə də oğlan uşaqlarının üstünlüyü davam edib: 8 ayı ərzində ölkədə 109 min uşaq doğulub. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təhlilində deyilir ki, bioloji normaya əsasən, doğulan 100 qıza 105-107 oğlan düşməlidir, amma indi 100 qıza 115-dən çox oğlan düşür. Nazirlik hesab edir ki, 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı ilk növbədə valideynlərin uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlarla) izah olunur.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da balansın pozulmasında selektiv abortların rol oynadığını düşünür. O, cinsiyyətə görə abortun qadağan edilməsinə tərəfdardır: “Əksər ailələrdə oğlana varis kimi baxılır. Ailələrin yanaşma tərzi dəyişməlidir, bu işdə isə maarifçilik böyük rol oynaya bilər”.

Transparency.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, qadınların azalması gələcəkdə ciddi sosial problemlər yarada bilər: “Bu gedişlə 10-15 ildən sonra cinsi baxımdan kəskin disbalans görəcəyik. Ona gərə də selektiv abortların qarşısı alınmalıdır”.

Ekspertin qənaətinə görə, problemi inzibati yolla deyil, maarifləndirmə üsulu ilə yoluna qoymaq: “İnsanlara qız uşaqlarının azalmasının gələcəkdə hansı problemlərə gətirəcəyi izah olunmalıdır”.

Başqa iqtisadçı Elxan Mikayılov Transparency.az-a deyib ki, qadınların sayında azalma sürətli olmasa da, məsələni geniş təhlil etmək lazımdır: “Bunun gələcəkdə qadın əməyinə əsaslanan istehsala necə təsir edəcəyi, xüsusilə kənd yerlərində fəsadlara gətirib-gətirməyəcəyi araşdırılmalıdır”.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Transparency.az-a deyib ki, 2015-2025-ci illəri əhatə edən demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət proqramının layihəsi hazırlanıb. Layihədə qız uşaqlarının doğumunu stimullaşdıran tədbirlər də nəzərdə tutulur.
Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə