Xəbər bülleteni №15



Yüklə 455,44 Kb.
səhifə5/5
tarix17.10.2017
ölçüsü455,44 Kb.
#5262
1   2   3   4   5

Digər qadağa rusiyalı turistlərin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasıdır. Rus turizm agentləri Türkiyə turların satışını, eyni zamanda çarter aviareyslərini dayandırıb. Türkiyə Statistika Qurumunun açıqlamalarına görə, ötən il bu ölkənin turizmdən gəliri 34,3 milyard dollar olub. Gəlirlərin 3 milyard dolları və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb.

Rusiyanın Türkiyəyə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır. Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına görə 16,5 milyard dollar ödəyib.

Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticarət əlaqələri, enerji və inşaat bölməsidir. Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT institutları UNCTAD, UNİDO, FAO-nun üzvüdürlər. Onların bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticarət əlaqələrində qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyaya yol verməməklə bağlı öhdəlikləri var. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar”.

Qubad İbadoğlunun fikrincə, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ümumi daxili məhsulun 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının ucuzlaşmasından əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı iqtisadi müharibəsi şimalda iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini artıracaq: “Bütün bunlar hər iki ölkənin iqtisadiyyatı üçün yaxşı perspektiv vəd etmir. Amma mövcud şərtlər daxilində yaranacaq böhrandan Türkiyənin daha az zərərlə çıxmaq potensialı yüksəkdir. Çünki Türkiyənin açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək”.

Dekabrın havası (Rəsmi proqnoz)

30.11.2015

qarEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayına olan hava proqnozunu açıqlayıb. Məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Orta aylıq temperatur belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 7-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-3, gündüzlər 11-16, bəzi günlərdə 4-9 dərəcə isti);

Naxçıvan Muxtar Respublikasında 1-3 dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəydə 1-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayılda 3-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazda 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 2-6 dərəcə isti);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçalada 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada 4-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti).

Təhsil Nazirliyi 900 layihədən 207-ni növbəti mərhələyə buraxıb

30.11.2015



tn-bina“Elektron təhsil” respublika müsabiqəsinə təqdim olunan 900 layihədən 207-si nominant seçilib və növbəti mərhələyə buraxılıb. Həmin layihələri növbəti mərhələdə münsiflər heyəti onlayn qiymətləndirəcək. Xəbəri Edu.gov.az noyabrın 30-da yayıb.

Müsabiqədə məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.

Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və məktəblilər qatılıblar.

Müsabiqəni “Dr.Web”, “AzEduNet”, “Ultra”, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” dəstəkləyir.

Təhsil Nazirliyi bildirir ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə 5000-dən artıq layihə təqdim olunub.

Dövlət Sərhəd Xidmətində təlimlər

30.11.2015

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi rəsmi məlumat yayıb. Qeyd olunur ki, noyabrın 24-26-da Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanıb.

İlkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilmiş rayona  helikopterlərlə desant çıxarma bacarıqları yoxlanıb, desantın paraşüt tullanışları yerinə yetirilib.

“Həyəcan” komandası ilə qaldırılmış çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatıb və döyüş tapşırığının dərhal icrasına başlayıb. Müəyyən olunmuş hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar yerinə yetirilib.

Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqəndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanıb.

Yoxlama tədbirlərini baş nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev izləyiblər.



dsx 2

dsx 3

dsx 1

Rusiyada daha iki xarici QHT-yə qadağa qoyuldu

30.11.2015

rusiyaRusiya Baş Prokurorluğu ölkədə daha iki xarici qeyri-hökumət təşkilatının fəaliyyətini arzuolunmaz sayıb. Novator.az xəbər verir ki, Baş Prokurorluğun rəsmisi Marina Qridneva noyabrın 30-da belə açıqlama verib. Qridnevanın sözlərinə görə, qara siyahıya Açıq Cəmiyyət Fondu (Open Society Foundations) və Açıq Cəmiyyət İnstitutu – Dəstək Fondu (OSI Assistance Foundation) salınıb.

2015-ci ilin may ayında Rusiyada xarici və beynəlxalq təşkilatların fəaliyyətinə arzuolunmaz statusu verilməsi barədə qanun qəbul olunub. Qanuna görə, hüquq mühafizə orqanları xarici və beynəlxalq təşkilatların fəaliyyətini ölkə konstitusiyası, dövlətin müdafiə qabiliyyəti üçün təhlükəli hesab edərsə, həmin təşkilatların fəaliyyətinə məhdudiyyət qoyula bilər.

Rusiya qanunvericiliyinə görə, təşkilatın fəaliyyətinə arzuolunmaz statusu verilməsi haqda qərarı baş prokuror və onun müavinləri Xarici İşlər Nazirliyi ilə razılaşdırıb qəbul edir. Qadağa eyni qaydada ləğv olunur.

Rusiyada arzuolunmaz xarici təşkilatların siyahısında Soros Fondu, ABŞ-ın Milli Demokratiya Fondu (NED), Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Milli Demokratiya İnstitutu (NDI) kimi qurumlar yer alır.

Nardaran Ağsaqqallar Şurasının sədri müraciət yayıb

30.11.2015



natiq kerimovNardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov müraciətlə çıxış edib. Novator.az Faktxeber.com-a istinadla bildirir ki, Natiq Kərimov müraciətində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı qəsəbənin İmam Hüseyn  meydanında toplantılara son verildiyini vurğulayıb. O qeyd edib ki, Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqda qərar qəbul edib: “Sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib. Bazar ertəsi meydanın yuyulub təmizlənməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Bu addımlar gərginliyin aradan qaldırılması, məsələləri danışıq yolu ilə qaydasına salmaq istəyimizin nümayişidir. Nardaran pirinə ziyarətə gələn, amma hadisələrlə bağlı kəndi tərk edə bilməyən 200-300 zəvvar da yola salınıb. Bütün bu işlərdə Ağsaqqallar Şurasına yardımçı olan rəsmi qurumlara, hüquq mühafizə orqanlarına və sakinlərə minnətdarıq.

Hadisələrlə bağlı kəndin giriş-çıxışında polis postlarının qalmasına hər hansı ehtiyac yoxdur. Sakinlərin normal həyata qayıtmaları üçün bu postların götürülməsi lazımdır, hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır. Qanunu pozmaq istəyənlər olsa, bunun qarşını kənd əhli və Ağsaqqallar Şurası ala bilər.

Hadisələr zamanı həlak olanların meyitlərinin dəfn üçün ailələrinə verilməsi lazımdır. Bu addım gərginliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.

Bundan əlavə, hadisələr zamanı nə qədər insanın həbs edilməsi, yaralı olması haqda dəqiq məlumat yoxdur. Ailələri yaralıların yanına buraxılmalı, həbs edilənlər vəkillərlə təmin olunmalıdırlar. Baş vermiş hadisələrin araşdırılması, mahiyyətin üzə çıxarılmasında biz də maraqlıyıq. Amma istintaq obyektiv, qərəzsiz, həbs edilənlərin ailələrinin istədiyi vəkillərin iştirakı ilə aparılmalıdır.

Hər cür qarşıdurmanın, vətəndaşa qarşı zor tətbiqinin əleyhinəyik. Zoru, gücü ancaq ölkənin düşmənlərinə göstərmək olar, bir-birimizlə danışmaq üçün dil var, nitq var, dialoq var.

Hadisələrlə bağlı kəndə verilən elektrikin borc adı ilə kəsilməsi məsuliyyətsiz addımdır. Elektrikin olmaması üzündən kənddə poçt xidməti, xəstəxana, digər orqan və qurumlar normal fəaliyyət göstərə bilmirlər. Odur ki, normal həyat vasitələri bərpa olunmalıdır. Xəstəxanada elektrikin olmaması üzündən xəstələrlə bağlı gözlənilməz hadisə baş verərsə, bunun məsuliyyətini düşünmək lazımdır.

Dekabrın 2-də Ərbəin — İmam Hüseynin Kərbəlada şəhid olmasının 40-ı ilə bağlı Nardaran pirinə çoxsaylı zəvvarların gələcəyi gözlənir və bu mənada ziyarətə gələnlərə maneə olmamalıdır. Hər il olduğu kimi bu il də bu ziyarətdə xalqımıza əmin-amanlıq, rifah, səadət, ruzi-bərəkət dualarımız, arzu və istəklərimiz olacaq”.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 6 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.

Əməliyyatda “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və onun bir sıra tərəfdarları tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

Hadisədə həlak olan polislər noyabrın 27-də Bakıda dəfn edilib. Ancaq həlak olan mülki şəxslərin meyitləri hələ ki, ailələrinə verilməyib.

Əmək məzuniyyətində olan işçi necə geri çağırıla bilər? (Nazirlik izah verdi)

30.11.2015

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəssisə, idarə və təşkilatların rəhbərlərinə və digər işəgötürənlərə müraciət edib. Müraciətdə qeyd olunur ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin II və III hissələrinə əsasən, istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğu müstəsna hallarda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər: “Bu zaman işçinin əmək məzuniyyətindən geri çağırılması əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir. Yaxud da işə başladığı gündən etibarən işçiyə əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Həmçinin məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

Məcəllənin 135-ci maddəsinin II hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 144-cü maddəsinin II hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinin VI hissəsinin I cümləsinə əsasən isə işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.

Əmək məzuniyyətindən geri çağırılan işçiyə bütün hallarda işlədiyi həmin günlərə görə əməkhaqqı ödənilməli və işçidən istifadə edilməmiş məzuniyyət günlərinə görə işəgötürənin mülahizəsi ilə məzuniyyət pulu tutulur və ya tutulmur. İstifadə olunmayan məzuniyyət günlərinə görə işçidən məzuniyyət pulu tutulmadıqda ona gələcəkdə müəyyən olunmuş qaydada məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir. Bu əvəzgünlərin haqqı işəgötürən tərəfindən əmək məzuniyyəti verilərkən ödənildiyi üçün işçinin Əmək Məcəlləsinin 135-ci və 144-cü maddələrinin II hissələrində nəzərdə tutulan kompensasiyanı və ya pul əvəzini almaq hüququ yoxdur. İşçiyə əvəzgünlərin verilməsi onun məzuniyyət hüququnun tərkib hissəsi olduğu üçün Əmək Məcəlləsinin 69-cu maddəsinin VI hissəsinin I cümləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi qaydası bu halda işçiyə şamil oluna bilər.

İşçi məzuniyyətdən geri çağırılarkən ondan istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pulu tutulduğu halda işçiyə gələcəkdə müəyyən edilmiş vaxtda həmin məzuniyyət günləri verilərək məzuniyyət pulu yenidən hesablanıb ödənir. Əgər bu məzuniyyət günləri istifadə edilməzsə, ona əmək münasibətlərində olduğu dövrdə Əmək Məcəlləsinin 135-ci maddəsinin II hissəsinə əsasən, kompensasiya və ya işdən azad olunarkən 144-cü maddənin II hissəsinə əsasən, məzuniyyətin əsas hissəsinə görə pul əvəzi verilir”.

Türkiyənin ən çox mal ixrac etdiyi ölkələrin siyahısı

30.11.2015



airliner with a globe and autoloader with boxes in a containerTürkiyə Statistika İnstitutu ixrac göstəriciləri ilə bağlı yeni hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata görə, Türkiyənin ən çox mal ixrac etdiyi ölkə Almaniyadır. İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə İraq dayanır. İtaliya dördüncü, İsveçrə beşinci, Fransa altıncı, ABŞ yeddinci, İspaniya səkkizinci pillədə dayanır.

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədən Rusiyaya ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9% azalıb. Rusiya Türkiyədən ən çox mal alan ölkələr siyahısında doqquzuncudur.

Rusiyadan Türkiyəyə mal ixracı isə bu ilin 10 ayında 17,8% azalıb. Türkiyə Rusiyadan ən çox mal alan ölkələrin siyahısında Çin və Almaniyadan sonra üçüncüdür.

Prokuror müxalifət liderinin 7 qohumuna iş istəyib

30.11.2015

penah huseynNoyabrın 30-u Sabirabad Rayon Məhkəməsində müxalif Xalq Partiyasının sədri Pənah Hüseynin bir qrup qohumunun işi üzrə proses keçirilib. “Azadlıq” radiosuna danışan Pənah Hüseynin bildirdiyinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı 2014-cü ilin avqustunda xuliqanlıq hərəkətlərinin baş verdiyini, bunun şahid ifadələri ilə sübuta yetirildiyini bəyan edib, İxtiyar Sərxoşov və Sərxoş Sərxoşovun 5 il, Adil Hüseynovun 3 il, Vasif Hüseynov, Mansur Hüseynov, Qaşqay Hüseynov və Xalid Sərxoşovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qarşı tərəfdən təqsirləndirilən Rəsul Dəmirova isə prokuror 2 il 6 ay həbs cəzası verilməsini təklif edib.

Növbəti məhkəmə prosesi dekabrın 7-nə təyin olunub.

Pənah Hüseyn qeyd edib ki, il yarım əvvəl onun doğulduğu Qaraqaşlı kəndində məişət zəminində məhəlli dava düşüb, qohumları həmin hadisəyə görə xuliqanlıqda ittiham olunur. Partiya sədri qohumlarının onun siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib.

Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 1993-cü ildən sonra bir neçə dəfə həbsdə yatıb. 2005-2010-cu illərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

O, Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkidə 63 saylı Sabirabad dairəsində mübarizə aparıb. Həmin dairədən YAP üzvü Elçin Quliyev deputat seçilib.

1 manat 30 qəpik, yarım saat və…

30.11.2015

“BakuBus” MMC “28 May” metro stansiyasından paytaxt aeroportuna işləyən marşrut xəttində “Neoplan” avtobuslarını istifadəyə verib. AZƏRTAC-ın məlumatına görə, avtobusda gediş haqqı (1 manat 30 qəpik) “Bakıkart”la ödənəcək.

Almaniyanın “Man” şirkətinin istehsalı olan “Neoplan”da baqaj yeri, mini mətbəx, soyuducu, wi-fi sistemi və ayaqyolu var. Avtobus 48 nəfər tutur.

Yeni avtobuslar 24 saat fəaliyyət göstərəcək. Həm aeroportdan, həm də “28 May”dan çıxış intervalı 1 saat nəzərdə tutulub və sərnişinlər 30 dəqiqə ərzində mənzil başına çata biləcəklər. Avtobuslar dayanacaqda saxlamayacaq. Sərnişinlər yalnız “28 May” metro stansiyasında və aeroportda avtobuslara minə biləcəklər.



avtobus 1

Azərbaycan ordusunun əsgəri şəhid olub

30.11.2015

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, noyabrın 30-u qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub. Şəhid hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın provokasiyası nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq.

Başqa bir xəbərə görə, düşmənin təxribatı nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Ən bəxtəvər işçiləri olan ölkələrin adları açıqlanıb

30.11.2015



xoshbext ishciİsveçin “Universum” şirkəti ən bəxtəvər işçiləri olan ölkələrin adlarını açıqlayıb. Novator.az xəbər verir ki, ekspertlər 55 dünya bazarında 250 min nəfər arasında sorğu apararaq qlobal işçi qüvvəsinin xoşbəxtlik indeksini müəyyən edib. Araşdırma zamanı əsasən adamların hazırkı işindən məmnun qalması, əməkdaşlara hazırkı işəgötürənini məsləhət görməsi mümkünlüyü, indiki işinə loyal münasibəti kimi amillər nəzərə alınıb.

Xoşbəxt işçi qüvvəsi olan ölkələrin reytinq cədvəlinə Belçika, Norveç və Kosta-Rika başçılıq edir. İlk onluqda sonrakı yerləri Danimarka, Cənubi Afrika Respublikası, Avstriya, İsveçrə, Yunanıstan, Çexiya və Rusiya tutur.



Cədvəlin sonuncu pillələrində Mərakeş, Nigeriya və Yaponiya yer alıb.
Yüklə 455,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə